Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-727/2023 23.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu Binəqədi şossesi adlanan yerdən istintaqa məlum olmayan mənbədən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda 2,248 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 05 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Binəqədi rayon Polis İdarəsinin 6-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3da yerləşən 6-ci Polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən qara rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 2,248 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, il yarımdır ki, narkotik vasitə olan heroindən istifadə edir. Hadisə günü o, səhər saat 8-də Quba rayonundan evə gəlmiş, saat 9-un yarısı 8 maşında 16 nəfər gəlib onu evdən götürmüşdür. Onu ayaqyalın evdən çıxarmışlar, sahə müvəkkili Nicat evdə onun cibinə narkotik atmış, daha sonra onu bölməyə gətirmişlər. Ona fiziki təzyiq olunmuş və məcbur etmişlər ki, narkotik vasitəni boynuna götürsün. Onu elə şeylə hədələmişlər ki, məcbur qalıb, narkotik vasitəni boynuna götürmüşdür. Onda narkotik vasitə olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, narkotiki saytdan tanıdığı adamdan 0,4 qramını 20 manata almış, günə 1 çet çəkmiş, heç kimə narkotik vasitə verməmişdir. 6-cı Polis bölməsinin işçiləri onu söyməklə təhqir etmiş, vurmüşlər. Polis əməkdaşları onu döydükdən sonra bədənində zədə izləri qalmamış, istintaq təcridxanasına daxil olanda polislərin onu döyməsini orada heç kimə bildirməmiş, istintaq təcridxanasına daxil olanda onda zədələr aşkar edilməmişdir. Həmçinin bununla bağlı prokurorluq orqanlarına da şikayət etməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3-4 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 05 sentyabr 2022ci il tarixdə səhər saatlarında Binəqədi rayonu Binəqədi şossesində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə hesab edilən heroin alıb üzərində saxlamışdır ki, istifadə etsin. Həmin tarixdə saat təxminən 13:00 radələrində yaşadığı evin qarşısında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə videoçəkiliş altında baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş heroin adlanan narkotik vasitəni zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzalarla təsdiq etmişdir (cild 1, iş vərəqi 66-68). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, o, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsində işləyərkən ona Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz olaraq əldə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı əsasında o və digər əməkdaş Şahid2 əməliyyataxtarış tədbirləri həyata keçirmişlər. Onlar 05 sentyabr 2022-ci il tarixdə Biləcəri qəsəbəsi, Məmiş Abbasov küçəsinə gedib Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamış və polis bölməsinə gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, vəkil dəvət olunmuş və videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs sol yan cibindən bir büküm narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün Binəqəsi şossesi ərazisindən, tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, onun tərəfindən və onun yanında hər hansı şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxs evində hər hansı axtarışın aparılması barədə tədbirlər görülməsi yadında deyildir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 həm həmin ifadəsində, həmçinin ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunaraq tədqiq edilmiş ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 99-101). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş təhqiqatçı - polis əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərindən nə aşkarlanıbsa o da sənədləşdirmə işlərini aparmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs evində axtarış aparılıb-aparılmamasını xatırlamır. Cinayət işinin materiallarında olan, təqsirləndirilən şəxsin evində keçirilmiş baxışla bağlı videoyazını özündə əks etdirən diskdə olan görüntülər məhkəmə iclas zalında quraşdırılmış kompyuter vasitəsilə nümayiş etdirildikdən sonra Şahid3 bildirdi ki, videoyazıda olan şəxs onun özüdür, görüntülər təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi ilə bağlıdır, təqsirləndirilən şəxsin evinə baxış keçirilməsində ondan başqa əməliyyat müvəkkili və sahə rəisi iştirak etmişdir. Təqsirləndirilən şəxsin evinə daxil olmağa icazənin olması ilə bağlı onda hər hansı qərar olmamışdır. Tədbirin nəticəsinə dair protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi ilə bağlı videoçəkiliş təkrar bir dəfə də aparılmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən əldə edilmiş məlumatda xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi bildirilir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 6-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxx 1984cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00 radələrində yaşadığı ünvanın qarşısında saxlanılaraq 6-cı Polis şöbəsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxararaq narkotik vasitə hesab olunan heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqi 28-31). İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Binəqədi rayonu Polis İdarəsinin 6-cı Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 42-43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4803 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün № 175” möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş, bir ədəd zərfin içərisində, bir ədəd bükümdə təmiz çəkisi 2,248 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 44-48). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 6-ci Polis bölməsinin təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən şübhəli şəxs qismində tutulmuş X2 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan müvafiq hüquqları izah edildikdən sonra, X1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olubolmaması soruşulmuş, olduğu halda qarşısındakı masanın üzərinə qoyması təklif edilmişdir. Bu təklifdən sonra X3 əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxararaq onun narkotik vasitə hesab olunan heroin olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində saxlamışdır ki, istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat təxminən 13:00 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abbasov küçəsi 17 saylı evin qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq DİN “zərflər üçün № 175” möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 102-103). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7892 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 108-109). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3488 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, adaptiv və situativ olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (cild 1, iş vərəqi 110-113). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis şöbəsinin, əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli, 062-2326-1222 saylı cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olub-olmaması, eləcə də ondan aşkar olunmuş narkotik vasitənin mənbəsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 107). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 94). İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,248 qram narkotik vasitə heroin və habelə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,198 qram narkotik vasitə heroin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 104-105, 106). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşı tərəfindən cibinə narkotik qoyulması, polis bölməsinin işçiləri tərəfindən söyülməklə təhqir edilməsi, döyülməsi, nəticədə onun məcbur olub narkotiki öz üzərinə götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı o tutulmuş, onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxararaq narkotik vasitə hesab olunan heroin olduğunu, 05 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində saxladığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş maddələri tanımadığı şəxsdən pul müqabilində əldə etdiyini etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun şəxsi işini və tibbi kitabçasını əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda onun bədəni üzərində həbs olunmamışdan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatların olmadığı müəyyən edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yayınmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 07 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 17, 76-81). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,198 qram narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə cinayət işinin materiallarına əlavə edilmiş videodiskə baxış keçirilərkən müəyyən edildi ki, 05 sentyabr 2022-ci il tarixdə, həmin vaxt Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin təhqiqatçısı, hazırda Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müstəntiqi vəzifəsində işləyən Şahid3 heç bir prosessual əsas olmadan həmin bölmənin bir neçə polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına qanunsuz daxil olaraq orada axtarış istintaq hərəkəti keçirmişdir. Təhqiqatçı həmin istintaq hərəkətinin videoyazısını iş materiallarına əlavə etsə də, axtarışın nəticələrinə dair protokolu həmin materiallara əlavə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 qeyd edilən axtarış hərəkətinin qanunsuz keçirildiyini etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına qanunsuz daxil olaraq orada axtarış istintaq hərəkəti keçirməsi faktına dair materiallar müvafiq araşdırmanın aparılması və qərar qəbul edilməsi məqsədilə həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,198 qram narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-727/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-727/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver