Məhkəmə qərarları › İş №1(101)-727/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-727/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-727/2025 15.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X2 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 2 dekabr 1963-cü ildə Cəlilabad rayonu Prişib qəsəbəsində anadan olmuş, Azəbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Biləsuvar rayonu Səmədabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu X4ki ünvansız fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 yanvar 2025-ci il tarixdə, saat 11:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu X4 yerləşən “Oba” marketin qarşısında idarə etdiyi “Ford Transit” markalı avtomobil ilə yolu keçən şəxsiyyəti məlum olmayan qadın cinsli piyadaya yol verməməklə sonuncu ilə mübahisə etməsini görən Zərərçəkmiş şəxs ona haqlı irad tutmasını qəbul etməyərək bunu cüzi səbəb kimi bəhanə gətirərək Zərərçəkmiş şəxsla mübahisə edib nalayiq sözlərlə təhqir edərək üzərində saxladığı kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə vuraraq ona sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol ağciyər, perikard (ürək kisəsi) və ürəyin sol mədəciyinin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön-bayır səthinin sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə qəsdən xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə olan ittiham üzrə təqsirli bilməyərək, özünü həmin məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Biləsuvar rayonu Səmədabad kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu X4 yerləşən ünvansız fərdi evdə yaşamış, “Subtropik” adlanan çörək zavodunda sürücü işləmiş, idarə etdiyi “Ford Tranzit” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər gün səhər saat 05:00-dan axşam saat 19:00-a qədər çörək daşımaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs hadisədən əvvəl tanımamış, onunla hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. 18 iyun 2024-cü il tarixdə, saat 21:30 radələrində idarə etdiyi “Ford Tranzit” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Sabunçu rayonu X4 yerləşən “Oba” marketin qarşısındakı yolun sağ kənarında saxlayaraq adını xatırlamadığı hansısa tanışı ilə mobil telefonla danışmışdır. Belə ki, həmin şəxsdən “Samsung” markalı mobil telefonu kreditlə almış və hər ay həmin şəxsə 10-15 manat pul ödəmişdir. Həmin şəxslə telefonla danışıq zamanı, həmin şəxs onun kreditə götürdüyü mobil telefonun aylıq ödənişini ödəmədiyini bildirmiş, o isə həmin şəxsə kredit ödənişini ödədiyini deməsinə baxmayaraq, həmin şəxs onunla mübahisə etməyə davam etmişdir. Belə ki, 2024-cü ilin iyun ayının ödənişini etməyinə baxmayaraq həmin şəxs ona ödəniş etmədiyini bildirərək mobil telefonda ona təhqiramiz sözlər demişdir. O isə əsəbiləşərək mobil telefonda həmin şəxsə eyni qaydada cavab qaytarmışdır. Həmin vaxt avtomobilin sol kənarı ilə tanımadığı qadın piyada hərəkət edərək idarə etdiyi avtomobilin qarşısına keçib yolun kənarı ilə hərəkətinə davam etmək istəmişdir. O isə əsəbi vəziyyətdə olduğundan qadının niyyətini başa düşməyərək avtomobilini qarşıya doğru hərəkət etdirib yenidən əyləcə basmaqla saxlamışdır. Həmin vaxt əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs yolun hərəkət hissəsində olan “Opel” markalı avtomobildən düşərək onu nalayiq ifadələrlə təhqir etmiş, o, dərhal avtomobili saxlayaraq yerə enmişdir. Avtomobildən düşərkən əlində olan bir tərəfi bıçaq, digər tərəfi isə alışqan olan aləti özü ilə götürmüşdür. O, Zərərçəkmiş şəxs doğru, sonuncu isə ona tərəf gəlməyə başlamışdır. Zərərçəkmiş şəxs yanında başqa bir şəxs də olmuşdur. Zərərçəkmiş şəxs ona yaxınlaşan zaman sinə nahiyəsindən yumruqla vurmuş, o, zərbənin təsirindən yerə yıxılarkən özünü qorumaq üçün Elvinin sol qarın boşluğundan bir dəfə vurmuşdur. Bundan sonra o, yerə yıxılmış, Zərərçəkmiş şəxs isə yanındakı digər şəxslə “Opel” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə zamanı orada Zərərçəkmiş şəxs tanışı və onların olduqları “Opel” markalı avtomobilin sürücüsü olmuşdur. Mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətdiyi, habelə onu yumruqla vurduğu üçün Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə zamanı o, yerə yıxıldığından sol qolu sıyrılmış, lakin ciddi xəsarət almamış və məhkəmə-tibbi ekspertizadan keçməmişdir. Buna görə də, ibtidai istintaq zamanı ilkin ifadəsində isə ciddi xəsarət almadığını bildirmişdir. Hadisə zamanı sərxoş olmamış, lakin həmin tarixdə, saat 18:00 radələrində 8 faizlik “Rio” adlı spirtli içki içmişdir. Hadisə zamanı onun üzərində bıçaq olmuş, həmin bıçaqdan alışqan kimi istifadə etdiyindən həmişə üzərində olmuş, həmin bıçaq oğlu Əmraha məxsus olmuş, onu uzun müddət istifadə etmişdir. O, tutulan zaman həmin bıçağı polis əməkdaşlarına könüllü təqdim etmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, 18 iyun 2024-cü il tarixdə, axşam saat 21-22 radələrində bir nəfər şəxslə mobil telefonla danışarkən idarə etdiyi avtomobildə olarkən tanımadığı bir nəfər qadın avtomobilin sol tərəfindən yolu keçərkən mobil telefonda danışdığı şəxsə nalayiq ifadələr işlədərək avtomobili idarə edərək hərəkətinə davam etmək istədikdə kənardan kimlərinsə ona qarşı nalayiq ifadələr işlədərək avtomobili saxlamasını tələb etdiyini eşidib həmin şəxslərin məhəllə yoldaşları olduğunu düşünərək siqaret yandırıb sonunculara tərəf getmiş, onlara “Sən kimsən ki məni söyürsən?!” dedikdən sonra sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi zərərçəkmiş şəxs onu yumruqla vurub yerə yıxmışdır. O, avtomobildən yerə endikdən sonra zərərçəkmiş şəxs ona hücum edib yumruqla vurduğundan özünümüdafiə məqsədilə bilmədən Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. O, Zərərçəkmiş şəxs əlində bıçaq olduğunu, ona yaxın gəlməməsini bildirmiş, həmin vaxt bıçağı əlində fırlatmış, lakin bıçağın zərərçəkmiş şəxsə dəyməsini hiss etməmişdir. Həmçinin havanın qaranlıq olması ilə əlaqədar bıçağın zərərçəkmiş şəxsin bədəninin konkret olaraq hansı nahiyəsinə dəyməsini bilməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxs yanındakı şəxslə onun qarşısından keçib getmiş, o da avtomobilinə əyləşib idarə edərək hadisə yerini tərk etmişdir. O, avtomobilinin sol tərəfindən yolu keçmək istəyən qadına deyil, mobil telefonla danışdığı şəxsə qarşı nalayiq ifadə işlətmişdir. Heç vaxt nə yaşadığı məhəllədə, nə də iş yerində heç kimlə hər hansı problemi olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu, istəmədən oğlu yaşındakı şəxsə ağır xəsarət yetirdiyini, hadisənin təsadüfən baş verdiyini, hadisə vaxtı ümumiyyətlə kimisə vurmaq və ya dalaşmaq niyyətinin olmadığını, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, lakin barışıq əldə edilmədiyini, 61 yaşında olmaqla kifayət qədər yaşlı olmasını və ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirərək məhkəmədən əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilərək ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 18 iyun 2024-cü il tarixdə, saat 21:20 radələrində tanışı Şahid1 ilə birlikdə Sabunçu rayonu X4n yaşadıqları Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinə getmək üçün “Bolt” proqramı vasitəsi ilə taksi sifarişi vermişlər. Təxminən 5 dəqiqədən sonra taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəldikdən sonra Möhsümlə birlikdə avtomobilə əyləşərək hərəkətə başlamışlar. Təxminən saat 21:30 radələrində Sabunçu rayonu X4 avtomobillə hərəkətdə olarkən Möhsüm su almaq məqsədilə “Oba” market adlı ərzaq mağazasının qarşısında taksi sürücüsünə avtomobili saxlamasını xahiş etmiş, sürücü avtomobili yolun sağ tərəfində saxladıqdan sonra onunla Möhsüm avtomobildən düşərək yolun sol tərəfində olan “Oba” marketə getmişlər. Mağazadan su aldıqdan sonra küçəyə çıxarkən yolun sağ tərəfində dayanmış vəziyyətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Ford Tranzit” markalı avtomobilin sürücüsünün uca səslə mobil telefonla danışdığını, tanımadığı qadının həmin avtomobilin yanı ilə piyada hərəkət edib onun qarşısına keçməklə yoluna davam etmək istədiyini, “Ford Tranzit” markalı avtomobilin sürücüsünün isə avtomobili qarşıya doğru hərəkət etdirərək qadına yol vermədiyindən sonuncunun həmin sürücüyə irad tutmasına görə sürücünün qadınla sözlü mübahisə edərək qadına qarşı nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin vaxt o, “Ford Tranzit” markalı avtomobilin sürücüsünə qadınla nəzakətli formada danışmasını bildirdikdə, həmin şəxs yəni, əvvəllər tanımadığı, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin şəxs nalayiq ifadələrlə onu təhqir edərək avtomobildən düşüb onunla söhbət edəcəyini bildirmişdir. Buna baxmayaraq o, taksi avtomobilinə yaxınlaşıb əyləşmək istəyərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən yerə enib ona doğru gəlmiş, həmin şəxsin onu vurmaq üçün gəldiyini görüb özünü qorumaq üçün aralarında dava-dalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun döş qəfəsindən vurmuş, o isə həmin şəxsin ona yenidən vurmasının qarşısını almaq üçün özündən uzaqlaşdırmaq məqsədi ilə itələmişdir. Nəticədə onlar hər ikisi yerə yıxılmış, daha sonra ayağa qalxmışlar. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə gedərək oradan uzaqlaşmış, o isə “Opel” markalı avtomobilə əyləşib həmin avtomobillə Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparılmışdır. Hadisə baş verərkən həmin vaxt ətrafda onlardan başqa heç kim olmamış, hadisə təxminən 2-3 dəqiqə ərzində davam etmişdir.

7. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, dostu Möhsümlə birlikdə taksi ilə yol gedərkən sonuncu su almaq üçün “Oba” marketə girib çıxdıqdan sonra Təqsirləndirilən şəxs kiminləsə telefonla ucadan danışdığını, habelə yoldan keçən piyada qadına məhəl qoymadan söyüşlə danışdığını görüb Təqsirləndirilən şəxs “səsinin tonunu aşağı sal, camaatın anası-bacısı var” deyərək ona irad bildirdiyindən Asim onu münaqişəyə cəlb edərək özünə tərəf çağırmışdır. O, Təqsirləndirilən şəxs ona doğru gəldiyini görüb yaxınlaşdıqda sonuncu bıçaqla ona ilk zərbəni endirmiş, o da özünü Asimin növbəti zərbəsindən qorumaq üçün onu itələyib yerə yıxmışdır. O, Asimin maşından düşərkən əlində bıçaq olduğunu görməmiş, sonuncunun əlində bıçaq olmasını yalnız ona vurulan zərbədən sonra bilmişdir. O, Asimin ünvanına nalayiq sözlər deməmişdir. Möhsüm Asimlə onun mübahisəsində iştirak etməmişdir. Bildiyinə görə hadisənin videogörüntüləri müstəntiqə sonradan təqdim edilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ona yetirilmiş ağır xəsarətlə əlaqədar xəstəxanada müalicə olunarkən və sonrakı dövrdə təqsirləndirilən şəxs tərəfindən hər hansı barışıq üçün cəhdlər edilmədiyini, bu səbəbdən ona qanunda nəzərdə tutulmuş ağır cəzanın verilməsini xahiş etdi.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Zərərçəkmiş şəxsla oxşar məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə dostluq münasibətlərindədir. 18 iyun 2024-cü il tarixdə, saat 21:20 radələrində Zərərçəkmiş şəxs məxsus olan Sabunçu rayonu X4 yerləşən evindən yaşadıqları Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinə getmək üçün “Bolt” proqramı vasitəsi ilə taksi sifarişi vermişlər. Təxminən 5 dəqiqədən sonra “Opel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili gəldikdən sonra Elvin ilə birlikdə avtomobilə əyləşərək hərəkətə başlamışlar. Təxminən saat 21:30 radələrində Sabunçu rayonu X4 avtomobillə hərəkətdə olarkən su almaq məqsədilə mağazanın qarşısında taksi sürücüsünə avtomobili saxlamasını xahiş etmiş, sürücü avtomobili yolun sağ tərəfində saxladıqdan sonra onunla Elvin avtomobildən düşərək yolun sol tərəfində olan “Oba” marketə getmişlər. Mağazadan su aldıqdan sonra küçəyə çıxarkən yolun sağ tərəfində dayanmış vəziyyətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Ford Tranzit” markalı avtomobilin sürücüsünün uca səslə mobil telefonla danışdığını, tanımadığı qadının həmin avtomobilin yanı ilə piyada hərəkət edib həmin şəxsin qarşısına keçməklə yoluna davam etmək istədiyini, “Ford Tranzit” markalı avtomobilin sürücüsünün isə avtomobili qarşıya doğru hərəkət etdirərkən qadının sürücüyə yol vermədiyi üçün irad bildirdiyindən sonuncunun qadınla sözlə mübahisə etdiyini görmüşlər. Həmin vaxt Elvin “Ford Tranzit” markalı avtomobilin sürücüsünə qadınla nəzakətli formada danışmasını bildirdikdə, həmin şəxs Elvinə nalayiq ifadələrlə cavab verib onun qarışmamasını, avtomobildən düşüb Elvinlə söhbət edəcəyini bildirmişdir. O həmin şəxsə avtomobili idarə edib çıxıb getməsini demişdir. Bundan sonra Elvinlə “Opel” markalı taksi avtomobilinə yaxınlaşıb əyləşmək istəyərkən həmin şəxs avtomobildən aşağı düşüb Elvinə doğru gəlmişdir. Elvin də həmin şəxsə doğru gedərkən onlar arasında dava-dalaş baş vermiş, bu zaman Elvin və həmin şəxs yerə yıxılmış, dərhal da ayağa qalxmışlar. Daha sonra Elvin onların avtomobilinə doğru gəlmiş, həmin şəxs isə yerdən nə isə götürmüşdür. Elvin həmin şəxsin əlindəki bıçaqla onu vurduğunu bildirdikdə o, Elvinin sol döş qəfəsindən qan gəldiyini görmüşdür. Bundan sonra həmin şəxs “Ford Tranzit” markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmış, onunla Elvin isə “Opel” markalı avtomobilə əyləşərək Sabunçu rayonu ərazisində yerləşən 3 saylı şəhər klinik xəstəxanasına getmişdir. Hadisə baş verərkən ətrafda onlardan başqa heç kim olmamış, hadisə təxminən 2-3 dəqiqə davam etmişdir.

9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, yol kənarında mağazadan su alıb çıxarkən Təqsirləndirilən şəxs tanımadığı qadına qarşı nalayiq ifadə işlətməsinə görə Elvin Asimə irad bildirdikdə sonuncu Elvinə “Gözlə, maşından düşürəm” cavabını vermiş, o (Şahid1) isə yaranmış gərginliyin aradan qaldırılması üçün Asimə “Maşını saxlama, sür get” deyib Elvini taksiyə aparıb arxa oturacaqda əyləşdirmişdir. Bundan sonra o, Asimin çıxıb getdiyini düşünsə də, Asim həmin ərazini tərk etməmiş, əksinə Elvini münaqişəyə cəlb edərək onunla qarşı-qarşıya gəlib sözlü mübahisə etməyə başlamışdır. Qısa müddət sonra Elvin onun arxasına keçib Asimin onu vurduğunu dedikdə, o əvvəlcə Asimin Elvini yumruqla vurduğunu düşünmüş, lakin sonradan Elvinin əynindəki sarı rəngli köynəkdən qan axdığını görüb şoka girmiş, həmin vaxt Asim oradan uzaqlaşmış, o isə Elvini götürüb xəstəxanaya aparmışdır. O, hadisə vaxtı Asimin əlində bıçaq görməmiş, yalnız Elvinin yaralanmasını gördükdən sonra Asimin Elvini bıçaqladığını başa düşmüşdür. Bildiyinə görə hadisənin videogörüntüləri sonradan istintaq orqanına təqdim edilmişdir.

10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma atası olmaqla bir evdə yaşamışlar. O, 18 iyun 2024-cü il tarixdə atası Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsinin birbaşa şahidi olmamışdır. Sonradan eşitdiyinə görə atası Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Savalan qəsəbəsində “Oba” marketin yanında 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində bıçaqla vuraraq həmin şəxsə xəsarət yetirmişdir. Hadisə zamanı o, işdə olmuş, hadisə baş verən yerdə olmamış, ancaq eşitdiyinə görə atası Təqsirləndirilən şəxs idarə etdiyi “Ford” markalı avtomobil ilə hərəkətdə olan zaman yolu keçən, tanımadığı qadına idarə etdiyi avtomobillə yol vermədiyi üçün həmin qadınla aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs kənardan müdaxilə etməsinə görə sonuncu ilə aralarında mübahisə və münaqişə baş vermiş, bu zaman atası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Atasının Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq ona məxsus olmuş, həmin bıçaq ona ad günündə hədiyyə edilmiş, bıçağın dəstək hissəsi alışqan olduğundan onlar bıçaqdan alışqan kimi istifadə etmiş, buna görə də hadisədən bir müddət əvvəl həmin bıçağın alışqanının qazı qurtardığına görə atası siqaret çəkmək üçün həmin alışqanlı bıçağı qaz doldurması üçün ona vermiş, o da həmin alışqana qaz doldurub atasının siqaret çəkmək üçün istifadə etməsindən ötrü evə qoymuşdur. Həmin bıçağı evdən atasının nə üçün götürməsindən heç bir məlumatı olmamışdır. Bundan sonra atası Təqsirləndirilən şəxs həmin alışqanlı bıçağı nə vaxt və nə üçün götürüb üzərində saxlamasından heç bir xəbəri və məlumatı yoxdur. Baş vermiş hadisə zamanı o, işdə olduğundan hadisə barədə sonradan, yəni evə gəldikdən sonra məlumatı olmuşdur.

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işi başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, 18 iyun 2024-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X4 Zərərçəkmiş şəxs ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs arasında baş vermiş mübahisə zamanı sonuncunun əlindəki bıçaqla Zərərçəkmiş şəxs vurması nəticəsində ona qəsdən sağlamlığa ağır zərər vurması faktına görə həmin tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X7 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

13. “Baxış keçirilməsi haqqında” 18 iyun 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə iki nəfər hal şahidinin, ekspertkriminalistin və Şahid1 iştirakı ilə hadisənin baş verdiyi bildirilən Sabunçu rayonu X4 baxış keçirilmiş, baxışda iştirak edən Şahid1 hadisənin baş verdiyi yeri göstərmiş və sözügedən hadisənin baş verdiyi yerin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı hadisənin avtomobil yolunun sağ kənarında baş verməsi, yolun asfalt örtüklü olmaqla hər iki tərəfində şəhər tipli tikililərin, fərdi yaşayış evlərinin, o cümlədən “Oba” market mağazasının olması müəyyən edilmişdir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı iz müəyyən edilməmişdir (Cild 1, i.v. 5-9;).

14. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 19 iyun 2024-cü il tarixli, 1/5766 nömrəli tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə, saat 02:10da tibbi müayinə zamanı Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunda olması müəyyən edilmişdir (Cild 1, i.v. 17;).

15. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 iyun 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə, saat 12:57-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 26-27;29-32;).

16. “Götürmə haqqında” 19 iyun 2024-cü il tarixli qərar və protokoldan görünür ki, müstəntiq X7 tərəfindən iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bıçaq cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (Cild 1, i.v. 35-36;).

17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 4(008)- 377/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmaqla 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək 18 iyun 2024-cü il tarixdə telefonla başqa şəxslə əsəbi şəkildə təhqiramiz ifadələrlə danışarkən zərərçəkmiş şəxsin ona öz iradını bildirməsi ilə aralarında mübahisə yarandığını, zərərçəkmiş şəxs onun üzərinə gələrkən onu bıçaqla qorxutmağa çalışdığını, zərərçəkmiş şəxsə bıçaqla zərbə vurmasını hiss etmədiyini, əməlindən peşman olduğunu qeyd edərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Həmin məhkəmənin 16 avqust 2024-cü il tarixli, 4(008)-484/2024 və 15 oktyabr 2024-cü il tarixli, 4(008)-632/2024 nömrəli qərarları ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 18 noyabr 2024-cü il tarixədək uzadılmışdır(Cild 1, i.v. 55-59; 79-81; 100-102;).

18. “Şəxsin zərərçəkmiş şəxs kimi tanınması barədə” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 66;).

19. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X8 tərəfindən ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1; i.v. 73;).

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X13 11 oktyabr 2024-cü il tarixli, 12479 nömrəli məktubundan görünür ki, arxiv məlumatlarına görə Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.87;).

21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 12 oktyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 94-95;).

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin Sabunçu Rayon şöbəsi tərəfindən verilmiş “Canlı şəxsin məhkəmətibbi” ekspertizasının 16 avqust 2024-cü il tarixli, 1894 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol ağciyər, perikard (ürək kisəsi) və ürəyin sol mədəciyinin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön-bayır səthinin sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən 18 iyun 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, X11 tərtib olunmuş C2235 saylı xəstəlik tarixindən görünür ki, Zərərçəkmiş şəxs xəstəxanaya 18 iyun 2024-cü il tarixdə, saat 22:00-da qohumları tərəfindən döş qəfəsində kəsilmiş-deşilmiş yaranın olmasından, ağrılardan, təngənəfəslikdən, boğulma hissinin olması şikayətləri ilə gətirilmişdir. Xəstənin deməsinə görə Maştağa qəsəbəsi, X4 tanımadığı adam tərəfindən döş qəfəsindən xəsarət almışdır(Cild 1, i.v.103-105;).

23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “Məhkəmə-ballistik” ekspertizasının 8 oktyabr 2024-cü il tarixli, 3/1511 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır (Cild 1, i.v. 106-108;).

24. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur (Cild 1, i.v. 125-126;).

25. “Üzləşdirmədə dindirmə” 25 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sonuncunun hüquqlarını məhkəmə icraatı zamanı da müdafiə etmiş müdafiəçi L.R.Rəhimovnanın iştirakı ilə keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları birbirilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı E.H.X6 ünvanına söyüş söymədiyini, sonuncunun onu bir dəfə bıçaqla vurduqdan sonra yenidən vurmaq istədiyi üçün onu itələdiyini, əgər Asim onu birinci dəfə bıçaqla vurmamışdan əvvəl onu itələsəydi Asim yerə yıxılacağından ümumiyyətlə onu vura bilməyəcəyini göstərərək Asim Ələsgərovun yalan ifadə verdiyini göstərmişdir (Cild 1, i.v. 139-142;).

26. “İfadənin yerində yoxlanılması haqqında” 25 oktyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən o, ifadələrində göstərdiklərini bir daha əyani olaraq yerində göstərərək təsdiq etməklə 18 iyun 2024-cü il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri Sabunçu rayonu X4 yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyi yeri göstərərək hadisə ilə əlaqədar bütün halları ətraflı təsvir etmişdir (Cild 1, i.v. 148-151;).

27. “Sübutların qiymətləndirilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərar və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq maddi sübut qismində tanınmaqla saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlancına verilmişdir (Cild 1, i.v.157-163; 174;).

28. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.V.Nayıbov tərəfindən 31 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 1 noyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.175-182;).

29. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

30. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi və 14-cü Polis Şöbəsindən məhkəməyə ünvanlanmış 24 dekabr 2024 və 10 yanvar 2025-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə hadisənin görüntülərini özündə əks etdirən məlumat daşıyıcısı istintaqa təqdim edilməmiş, hadisə barədə hər hansı videogörüntü qeydə alınmamışdır (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

31. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

33. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

34. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı mübahisələndirmişdir.

35. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

37. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

38. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

39. CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

40. CM-in 126.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

41. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müddəalarını da nəzərə alır.

42. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.

43. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir.

44. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir.

45. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

46. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

47. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

48. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

49. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, yüngül dərəcəli sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı əsaslı səbəb olmadan özünün əks cinsin nümayəndəsinə qarşı kobud və əxlaqa zidd davranışlarına Zərərçəkmiş şəxs haqlı irad bildirməsini bəhanə kimi istifadə edib əsassız olaraq onu təkidlə münaqişəyə cəlb edərək mübahisə zamanı üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs soltərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol ağciyər, perikard (ürək kisəsi) və ürəyin sol mədəciyinin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön-bayır səthinin sol döş boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş ağır xəsarəti yetirməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmişdir.

50. Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmiş şəxslə qarşı-qarşıya gələrkən üzərindəki bıçağı qorxutmaq üçün sonuncuya göstərərək ona yaxın durmamasını bildirməsi, lakin zərərçəkmiş şəxsin ona qarşı nalayiq ifadələr işlədərək təhqir etməsi, habelə zərərçəkmiş şəxsin guya onun üzərinə hücum edərək onu itələməsi nəticəsində özünü müdafiə etmək məqsədilə üzərində gəzdirdiyi bıçaqdan istifadə edərək zərərçəkmiş şəxsə bir dəfə zərbə vuraraq xəsarət yetirməsi, həmin əməli törətməkdə xuliqanlıq niyyətinin olmaması barədə və sair işin faktiki hallarına uyğun olmayan göstərdiklərinə məhkəmə kollegiyası tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələr onun özünü müdafiə xarakteri daşımaqla ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıyır və özünün işin faktiki halları ilə tam təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmamaqla inandırıcı hesab olunmadığından, habelə hadisənin birbaşa şahidi olmuş Şahid1 ifadəsi, eləcə də üzləşdirmə, ifadənin yerində yoxlanılması və digər iş materialları ilə öz təsdiqini tapmadığından rədd edilməlidir.

51. Həmçinin, zərərçəkmiş şəxs və Şahid1 baş vermiş hadisənin görüntülərini özündə əks etdirən məlumat daşıyıcısının ibtidai istintaq orqanında olmasına dair ifadələrində göstərdikləri xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır.

52. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

53. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

54. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

55. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olduğunu bildirməsini, 61 yaşında olmaqla həmin yaşa qədər əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini və ailədə yeganə gəlir gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

56. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

57. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

58. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə yaxın həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

59. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

60. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir.

61. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

62. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

63. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

64. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərarı ilə onun barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmış, həmin məhkəmənin 16 avqust 2024 və 15 oktyabr 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 18 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

65. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 19 iyun 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

66. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

67. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı məhv edilməlidir.

68. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

69. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.

70. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

71. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

72. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 19 iyun 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 1 (bir) ədəd kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı məhv edilsin. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar