Məhkəmə qərarları › İş №1(101)-728/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-728/2020

02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-728/2020 02.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu vә Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Cəbrayıl oğlunun, Müdafiəçilər– Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X9 və Bakışəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küçəsi ev 5 mənzil 10-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-cı il tarixdə saat 22.00 radələrində ünvan 1 ünvanda yerləşən «Şirvan» marketin qarşısına gələrək dükanın içərisinə daxil olub orada olan tanışı Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncudan ona pul verməsini tələb edib, mənfi cavab aldığına görə əlini zorla Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin sağ yan cibinə salıb oradan 14 manat məbləğində nağd pulunu ələ keçirəndən sonra Zərərçəkmiş şəxs ondan pulu geri istədiyinə görə əlləri ilə sonuncunun yaxasından tutub itəliyərək dükandan çıxan zamanı Zərərçəkmiş şəxs onun arxası ilə gəldiyini görüb sözügedən dükanın qarşısında çənə nahiyyəsindən yumruqla vuraraq, sonra isə dizi ilə Zərərçəkmiş şəxs sifətindən vurub ona həyat və sağlamlığına təhlükəli olan zor tətbiq etməklə basqın edərək Zərərçəkmiş şəxs qapalı kəllə- beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan çənə sümüyünün sağ mental və sol bucaq nahiyələrinin sınıqları, alt dodağın əzilmiş yarası, sağ yanaq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarətlərini yetirib zərəçəkmiş Zərərçəkmiş şəxs 14 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2015-ci ildən tanıyr. Onlar qonşuluqda yaşayırlar və bir biri ilə yaxın münasibətləri var. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində o evə gedəndə avtobus dayanacağında sifətdən tanıdığı lakin adını bilmədiyi avtobus dispetçeri ilə görüşmüşdür. Həmin şəxsi o evə qayıdanda 85 saylı marşrut avtobusunun sonuncu dayanacağında tez tez görürdü. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində o 85 saylı marşrut avtobusunun sonuncu dayanacağına gedəndə orada həmin şəxsi gördü. Həmin şəxsin əynində göy rəngli kapuşonla olan gödəkçə olmuşdur. Həmin şəxs ondan siqaret istədi o da ona dedi ki, «gedək dükandan sənə siqaret alaram» Həmin şəxs onunla birlikdə evinin yolunun üstündə olan «Şirvan marketə» getdi. Marketin qarşısında o üzdən tanıdığı məhəllədə yaşayan sakinlə görüşdü və marketə daxil oldu. Marketə girəndə dispetçer işləyən, əynində göy rəngli kapuşonlu gödəkçə olan şəxs onun arxası ilə marketə daxil oldu ki, ona söz verdiyi kimi siqaret alsın. Marketə daxil olanda o orada tanışı Zərərçəkmiş şəxs gördü və Bəxtiyarla salamlaşıb Bəxtiyardan bir manat istədi. Bəxtiyar nəsə alırdı və ona dedi ki pulu yoxdur. O da həmin vaxtı gördü ki satıcı olan şəxs Bəxtiyara pul qaytarır orada təxminən 14 manat məbləğində pul var. Bəxtiyar pulu satıcıdan götürüb sayanda o pulu Bəxtiyarın əlindən alıb dedi ki «bəs bir manat istədim vermədin, dedin ki pulum yoxdur» Bəxtiyar pulunu geri istəməyə başlayanda o pulu Bəxtiyara vermədi və Bəxtiyarı əsəbləşdirməyə istədi. Həmin vaxtı Bəxtiyarla onlar tutuşdular. Dükanda tutuşanda orada onları ayırdılar və o dükandan çölə çıxdı. Həmin vaxtı o Bəxtiyardan aldığı pulu qaytarmadı. Dükandan çölə çıxanda o gördü ki, Bəxtiyar onun arxası ilə çıxıb ondan pulunu tələb edir, o da yumruqla Bəxtiyarın çənəsindən vurdu və Bəxtiyarın arxasına keçib onu döyməyə başladı. Həmin vaxtı yanında olan adını bilmədiyi dispetçer onu aralayıb kənara çəkdi. O da evinə getdi. Evə çatmamış yolda o qonşuluqda yaşayan 16-17 yaşlı Famil adlı şəxsi gördü. Familə o Bəxtiyardan aldığı 14 manatı verib xahiş etdi ki, həmin pulu Bəxtiyara çatdırsın. Famildə pulu götürüb çıxıb getdi. Səhərisi günü onu 7-ci polis bölməsinə dəvət etdilər və o polis bölməsinə gedib hadisənin necə baş verdiyini orada danışdı. O Zərərçəkmiş şəxs yumruqla çənəsindən vurmuşdur, əlində həmin vaxtı heçnə olmayıb. Bəxtiyarı o vurandan sonra Bəxtiyar əyiləndə o dizi ilə Bəxtiyarın çənəsindən bir neçə dəfə vurmuşdu. Onun yanında olan göy rəngli gödəkçədə olan şəxs sonradan adını bildiyi kimi Şahid1 tanımır, Tərlanı yalnız avtobus dayanacaqlarında tez tez görürdü. Dükanda o təsadüfən Bəxtiyarla rastlaşdı və Bəxtiyarla aralarında bu hadisə baş verdi. Həmin hadisəyə yəni Bəxtiyarın pulunun alınmasında və Bəxtiyarı döyməsində ona heç kim köməklik göstərməyib. Dükanda o Bəxtiyarla tutuşanda Tərlan onları ayırmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış keçirilməsi protokolları, ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər mötəbər sübutlarla ilə tam təsdiq olunur. Məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki tanıyır, aralarında heç bir yaxın münasibətləri olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində o yaşadığı evinin yaxınlığında yerləşən “Şirvan” marketə daxil olaraq orada ərzaq aldı. Marketdə ərzaqların pulunu satıcıya ödəyən zamanı, marketə tanışı Təqsirləndirilən şəxs bir nəfər təxminən 50 yaşlı göy kapuşon gödəkçəsində olan şəxslə birlikdə daxil olaraq onunla salamlaşıb, ondan çox sərt şəkildə “mənə pul ver” sözlərini demişdir. O Elşənin dediklərinə əhəmiyyət vermədiyinə görə Elşənə pul verməkdən imtina etdi, Elşənin yanında olan isə kənarda durub söhbətlərinə qarışmırdı.Elşənə pul verməkdən imtina edəndə Elşən əlini onun əynində olan gödəkçəsinin sağ yan cibinə salıb cibindən 14 manat məbləğində nağd pulu çıxartmışdır. O da bunu görüb Elşəndən pulu qaytarmağa tələb edərək Elşənlə dükanda tutuşdu. Elşən onun yaxasından tutub onu itələməyə başladı. Həmin vaxtı Elşənin yanında olan göy gödəkçəni geyinmiş şəxs onun arxasına keçib qollarından tutub dartmağa başladı. Bununlada həmin şəxs Elşənə şərait yaratmışdır ki, Elşən onu vursun. O da onlara müqavimət göstər bilmirdi və həmin vaxtı Elşən onun pulu ilə birlikdə dükanı tərk etmək istiyəndə o Elşənin arxası ilə dükandan çıxdı. Elşənin arxası ilə dükandan çıxanda Elşən yumruqla onun çənəsindən vurdu. Elşən onu vurandan sonra o yerə yıxıldı və Elşən onun üstünə hucum çəkib dizi ilə ağzına vurmağa başladı. Elşən ona bədən xəsarətlərini yetirdiyinə görə o huşunu itirdi. Bundan bir neçə dəqiqə keçəndən sonra o dükanın arxa tərəfindən ayıldı, Elşən isə yanında olan şəxslə birlikdə oradan çıxıb getmişdir. Həmin vaxtı dükanın sahibi elçin ondan nə baş verdiyini soruşanda o da Elçinə bildirdi ki, Elşən tərəfindən döyülmüşdür və Elşən onunu pulunu almışdır. Elçin ona dedi ki TTYS-nın həkimlərini çağırmışdır, həmin vaxtı Elşən dükana qayıdıb orada olan şəxslərə təzyiqlər etməyə başladı, Elçinə dedi ki TTYS-nın həkimlərinin çağırışını ləğv etsin. Elşənin tələbindən sonra TTYS-nın həkimlərinin çağırışını ləğv edəndən sonra Elşən yanında olan 2-3 nəfər tanımadığı şəxslərlə birlikdə onu dükandan bir qədər aralıya aparıb orada ondan xahiş etdi ki, xəstəxanaya müraciət edəndə orada desin ki, yıxılmışdır. Valideynlərinədə bu barədə heçnə deməsin, desin ki piləkəndən yıxılmışdır. O isə Elşəndən yenədə pulunu tələb edəndə Elşən ona pulu vermədi, dedi ki çayxanada xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu Mircəlal küçəsi ev 113 ünvanda yerləşən «Şirvan» marketdə 3 ildir ki, satıcı işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində o dükanda olan zamanı dükana qonşuluqda yaşayan Bəxtiyar adlı şəxs daxil olmuşdur. Bəxtiyar adlı şəxs həmin dükanda olarkən ərzaq almışdır və ona xatırlamadığı məbləğdə pulu verdi. Həmin pulu o götürüb Bəxtiyarın aldığı ərzaqların pullarını çıxıb Bəxtiyara pulun qalıq hissəsini qaytaranda. Dükana Bəxtiyarın tanışı sonradan adını bildiyi kimi Elşən daxil oldu, Elşənin yanında tanımadığı göy rəngli gödəkçədə dayanmış bir şəxs olmuşdur. Elşən Bəxtiyara yaxınlaşıb Bəxtiyardan pul istədi. Bəxtiyar Elşənə pul vermədi və Bəxtiyar həmin vaxtı ondan aldığı öz pulun qalığ hissəsinin əynində olan gödəkçəsinin sağ yan cibinə qoydu. Bəxtiyar həmin pulu cibinə qoyanda Elşən bunu görmüşdür. Elşən həmin vaxtı əlini Bəxtiyarın gödəkçəsinin sağ yan cibinə salıb oradan məbləğini bilmədiyi nağd pulu çıxardıb kənara çəkildi. Bəxtiyarda bunu görüb Elşəndən tələb etdi ki, pulunu qaytarsın. Elşəndə pulu Bəxtiyara qaytarmaqdan imtina etdi. Elşənlə Bəxtiyar bir birlərini tanıdıqlarına görə oda elə bildi ki onlar bir biri ilə zarafat edirdər. Buna görədə Elşənlə Bəxtiyara sözlə iradlarını bildirdi ki, mağazada müştəriləri narahat etməsinlər, bu zarafatları bitirsinlər. X11 hər ikisi tutuşub itələşməyə başladılar. Yanlarında dayanan göy rəngli kapüşon gödəkcədə olan şəxs kənarda durub söhbətlərə qarışmırdı. Elşənlə Bəxtiyarın zarafatları «həddi» aşdığına görə o onlara yaxınlaşıb onları ayırdı. Onları ayırandan sonra Elşən Bəxtiyarın pulunu qaytarmadan dükandan çölə çıxdı, Bəxtiyar isə onun arxası ilə çıxmışdır. Elşənin yanında olan göy rəngli kapuşon gödəkçədə olan şəxsdə onların arxası ilə çıxmışdır. O isə dükanda qaldı, dükandan çölə çıxmadı. Bir neçə dəqiqədən sonra Bəxtiyar dükana qayıtdı və Bəxtiyarın ağzından qan gəlirdi, O Bəxtiyardan nə baş verdiyini soruşanda Bəxtiyar dedi ki, Elşən tərəfindən döyülmüşdür. Bəxtiyara ilk tibbi yardım göstərdiyindən sonra o dükanın sahibi Elçin Mustafayevə zəng vurub hadisə barədə məlumat verdi. Elçin dükana gəlib Bəxtiyarın bu vəziyyətdə olduğunu görüb TTYSnın həkimlərinə zəng vurub çağırış etdi. Həmin vaxtıda Elçin Bəxtiyarın atasınada hadisə barədə məlumatı vermişdir. Təxminən 5 dəqiqədən sonra dükana Elşən qayıtdı və dükanda səs küy qaldırmağa başladı. Elşən dükana qayıdanda xəbər almışdır ki, oraya təcili tibbi yardım stansiyasının həkimləri çağırılıb, buna görədə dükanda səs küy qaldırıb tələb edirdi ki, təcili tibbi yardım stansiyasının həkimlərinin çağırışını ləğv etsinlər. Çağırış ləğv olunandan sonra Elşən yenədə Bəxtiyarla dükandan çıxdılar. Elşən Bəxtiyardan tələb edirdi ki, bu barədə şikayət etməsin və heç kimə heçnə bildirməsin. Bəxtiyarla Elşən dükandan çıxıb gedəndən sonra Bəxtiyarın atası Yusif dükana gəldi və Elçin hadisə barədə məlumat verdi. Onunda iş vaxtı bitdiyinə görə o evinə getdi. Elşənin Bəxtiyarı nə ilə vurduğu o görməmişdir. Elşənlə birlikdə dükana gələn göy rəngli gödəkçədə olan şəxsi tanımır.Həmin şəxs Elşənə Bəxtiyarın pulunu alınmasında heç bir köməklik göstərməmişdir. X8 aralarında heç bir dava dalaş baş verməmişdir, onlar sadəcə olaraq tutuşmuşdular. Eləşnin yanında olan şəxs isə onları ayırırdı. O gördü ki, həmin göy rəngli gödəkçədə olan şəxs Elşənlə Bəxtiyarı ayırır buna görədə müdaxilə etmirdi. Lakin Elşən sakitləşmədiyinə o da mübahisəyə qarışdı və onları ayırdı. Bundan sonra Elşən çölə çıxdı, Elşənin arxası ilə Bəxtiyar və Elşənin yanında olan tanımadığı şəxs. Dükanın qarşısında isə çöldə nə baş verdi o bilmir. Elşən Bəxtiyarı nə ilə vurmuşdu və ümumiyyətlə Elşənin Bəxtiyarı vurduğu anı görməmişdir. Çöldə olan zamanı Elşənin yanında olan şəxsin Elşənə Bəxtiyarı vurmağa hər hansı bir köməkliyi göstərib göstərməməsi barədə heçnə deyə bilməz. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində o 85 saylı marşrut avtobusun son dayanacağında olan zamanı gördü ki, bir nəfər cavan oğlan ona yaxışlaşıb siqaret istədi. Onun üstündə siqaret olmadığına görə o həmin şəxsə hazırda adını bildiyi kimi Təqsirləndirilən şəxs dedi ki, «gedirəm özümə siqaret almağa». Elşən ondan xahiş etdi ki, aldığı siqaretdən onada versin. O razılaşdı və Elşənlə birlikdə yaxınlığda olan «Şirvan market» adlı dükana daxil oldu. Orada o gördü ki, Elşən bir nəfər şəxsə yaxınlaşıb. Həmin şəxs sonradan adını bildiyi kimi Zərərçəkmiş şəxs Elşən yaxınlaşıb ondan bir manat istədi. Elşən Bəxtiyarla söhbət edəndə o başa düşdü ki onlar bir birini tanıyır. Buna görədə kənarda durdu. Elşən Bəxtiyardan bir manatı istəyəndə Bəxtiyar pulu Elşənə vermədi. Həmin vaxtıda Bəxtiyar satıcıdan aldığı ərzaqlara görə verdiyi pulun qalıq hissəsini qəbul edirdi. Elşən görəndə ki, satıcı Bəxtiyara pulları qaytarıb Elşənin əlindən pulları alıb kənara çəkildi həmin vaxtı Bəxtiyar Elşənin üstünə gəlib ondan tələb edirdi ki pullarını qaytarsın. Elşən isə pulları Bəxtiyara qaytarmaqdan imtina edib Bəxtiyarın yaxasından tutdu ki, Bəxtiyar onundan pulu ala bilməsin. Bəxtiyarda Elşənin yaxasından tutdu və onlar bir birini dartışmağa başladılar. O gördü ki Elşənlə Bəxtiyar tutuşublar və onları ayırmağa başladı. Həmin vaxtı o Bəxtiyarı saxlayanda Elşən dükandan qaçıb getmişdir, Bəxtiyarda Elşənin arxası ilə dükandan çıxanda dükanın qarşısında Elşən yumruqla Bəxtiyarın sifətindən vurdu. Bəxtiyar həmin zərbədən əyildiyinə görə Elşən dizi ilə Bəxtiyarın sifətindən vurmağa başladı. Bəxtiyar Elşənə heç bir müqavimət göstərə bilmirdi, o da onların dalaşdığlarını görüb onları dərhal ayırdı. Sonra isə Elşən oradan çıxıb getdi. O da oradan çıxıb getdi. O bilmirdi ki Elşən dükana daxil olub oradan hər hansı bir şəxsdən pulu alacaq. O Bəxtiyarı tanımır. Elə hesab edir ki Elşəndə Bəxtiyarı dükanda təsadüfən görmüşdür. Elşənlə birlikdə qabağcadan əl bir olub hər hansı bir cinayəti törətməyə fikri olmayıb. Elşən ona Bəxtiyardan aldığı 14 manatdan heçnə verməyib. Elşən Bəxtiyardan pulları alandan sonra Bəxtiyarı döyərək oradan qaçıb getmişdir. Həmin vaxtı Elşənin əlində heçnə görməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(001)-99/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(001)-386/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx xxxx 2020-ci il tarixinədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ambulator məhkəmə psixiatrik ekspertizasının 494 saylı xx.xx.2020-cü il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyinin əlamətləri aşkar olunmur, və o cinayəti törədən zamanı anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış bir ədəd “CD” diskdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs “Şirvan” marketdə olan zamanı dükanın içərisində Zərərçəkmiş şəxs uzərində olan gödəkçənin sağ yan cibindən pullarını çıxarıb sonuncu ilə mubahisə etməyə başlamışdır, mübahisə zamanı onlar hər ikisi tutuşdular sonra isə, Təqsirləndirilən şəxs dükandan çölə çıxmış, Zərərçəkmiş şəxs onun arxası ilə dükandan çıxan zamanı Təqsirləndirilən şəxs yumruqla onun sifətindən vurmuş, sonra isə üstünə hucum çəkib Zərərçəkmiş şəxs vurmağa davam etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 249 saylı xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində qapalı kəllə- beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan çənə sümüyünün sağ mental və sol bucaq nahiyələrinin sınıqları, alt dodağın əzilmiş yarası, sağ yanaq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan bədən xəsarətləri aşkar olunur. Həmin xəsarətlər beşbarmaqla endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, mənsubiyyəti mümkünlüyü üzrə qiymətəndirməklə daxili inamını rəhbər tutaraq həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin həmin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan "cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında" xx xxxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmış, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan müxtəlif qərarlardan və digər sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə istintaq hərəkətləri aparılmışdır. Həmçinin cinayət işinin materiallarında olan “əməlin tövsif edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməllərini törətməsi tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsinin dizpozisiyası ilə uyğun gəlir. Göstərilənlərə əsasən, məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddəyə tövsif edilməsini əsaslı sayaraq, hesab edir ki, təqsirləndirilən şəxs həmin maddəylə təqsirli bilinərək cəzalandırılmalıdır. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerindən götürülmüş, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş CD diskə baxış keçirilməsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər mötəbər sübutlarlala müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs cinayət əməlni silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etmədən həyata keçirmişdir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli yanlış olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə bu nəticəyə gəlir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin tərkibi yoxdur və onun əməli həmin Məcəllənin 181.2.5-ci maddəsindən 181.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmədə sübutların araşdırılması zamanı məlum olmuşdur ki, təqsirləndirilən şəxs cinayət əməlini həyata keçirərkən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməmişdir. Yuxarıda göstərilənlərlə sübut olunur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildilmiş quldurluq əməli kimi qiymətləndirilə bilməz və onun əməli törətdiyi cinayətə uyğun olaraq tövsif olunmalıdır. Silah və ya silah qismində istifadə edilən əşyalar " Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 saylı x xxxx 2005-ci il tarixli qərarının 25-ci bəndinin 2-ci yarımbəndində daha ətraflı izah edilmişdir. Həmin qərarda göstərilir ki, " Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə İttiham aktında təqsirləndirilən şəxsin silah və ya silah qismində istifadə edilən əşyadan istifadə etməsini təsdiq edən hər hansı bir sübuta istinad edilməmiş, iş materiallarında da belə bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 2011-ci il 17 mart tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik,təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət tövsifi dedikdə törədilən konkret əməlin cəhətləri ilə cinayət hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri arasında eyniliyi müəyyən etməklə müvafiq hüquqi sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymət başa düşülür. Tövsif törədilən əməli tam əhatə etməli, dəqiq olmalıdır. Qanunun ruhundan irəli gəlməyən genişləndirici tövsifə yol verilməməlidir. Tövsif cinayət qanunu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslərin fəaliyyətinin bütün mərhələlərində həyata keçirilən məntiqi proses olub, yekunda konkret sosial hadisəyə, yəni cəmiyyət üçün təhlükəli olan insan davranışı aktına verilən hüquqi qiymətdir. Cinayət qanununa müvafiq olaraq törədilmiş əmələ qiymət verilməsi prosesi cinayət işinin qaldırılması mərhələsi ilə başlayaraq, ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə başa çatır. Cinayət qanununda nəzərdə tutulan cinayət tərkibinin hər bir əlamətini xarakterizə edən istintaqda toplanan sübutlar ittiham etmək üçün kifayət sayıla bilər. Başqa sözlə ittiham elan edilənə qədər şəxsin törətdiyi cinayətdə təqsirli bilinməsi üçün cinayət tərkibinə aid konkret faktiki əlamətlərin müəyyən olunması tələb olunur. Buradan da görünür ki, cinayətin tövsifi işin faktiki hallarının öyrənilməsi, cinayət hüquq normasının seçilməsi, onun məzmununun izah edilməsi ilə bağlı bir prosesdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan “quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın” cinayətinin tərkibi vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5 –ci maddəsindən həmin Məcəllənin 181.1-ci maddəsinə tövsif edilməlidir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsini tələblərinə uyğun olaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsi əsasında cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residivinin olmasıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixdə tərtib etdiyi tələbnamənin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmamaqla 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasıtəyin edilmişdir Bakı şəhəri Nizami rayon məhkəməsinin 29.04. 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 10(on)ay 21(iyirmi bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və yenidən qəsdən ağır (CM-nin 181.1-ci maddəsi) cinayət törətdiyindən əməlində cinayətin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin (təhlükəli) residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4(001)-99/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 55-60). Məhkəmə, «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin əvvəli bu iş üzrə tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən həbsdə saxlanıldığından ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5 - ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu gün x xxxxxx 2020-ci il tarixdə Bakı şəhər Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 21 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hazırki çıxarılmış hökmlə hökmlərin məcmüsü üzrə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkməklə islah oluna biləcəyi qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Cinayət işi üzrə əldə olunmuş qeyd olunan hadisəni əks etdirən video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı hüquq məsləhətxanasının vəkili X5 270 (iki yüz yetmiş) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının vəkili X6 200 (iki yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə (Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 21 gün hissəsi qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı- xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Cinayət işi üzrə əldə olunmuş qeyd olunan hadisəni əks etdirən video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı hüquq məsləhətxanasının vəkili X7 X5 270 (iki yüz yetmiş) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının vəkili X6 200 (iki yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar