Məhkəmə qərarları › İş №1(101)-728/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-728/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-728/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Femida” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşamış, 30 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, 30 oktyabr 2021-ci il tarixdə, saat 12:25 radələrində Qaradağ rayonu, ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) aparılmış, üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 4,350 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş və elə həmin gün Təqsirləndirilən şəxs yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 66 ünvana baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı otağın sol tərəfində olan çarpayının baş tərəfində döşəyin altından tərkiblərinə və komponentlərinə görə eynilik təşkil edən, içərisində küstar üsulla hazırlanmış təmiz çəkisi 204,650 qram tşkil edən heroin narkotik vasitə aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, İİ Qarabağ müharibəsinin iştirakçısı olmuş, aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibəyə qədər heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, müharibə zamanı isə qorxmamaq, yatmamaq və yorğun olmamaq üçün narkotikdən istifadə etməyə başlamışdır. Müharibə zamanı narkotik vasitələri erməni postlarından taparaq əldə etmişdir. Müharibədən qayıtdıqdan sonra da narkotik vasitə heroindən istifadə etməyə davam etmişdir. Özü qaynaqçı işləmiş, ayda ***-**** manat arası pul qazanmışdır. Heroinin bir çetini, yəni bir qramın 4/1 hissəsini 10 manata almış və həmin çeti bir-iki gün ərzində istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, gecə növbəsində işlədiyindən səhərlər evə gəlib yatmışdır. Polislər tərəfindən tutulmazdan bir gün qabaq işə gedərkən narkotik vasitə qəbul etmişdir. Növbəti gün evdə yatdığı vaxt səs-küy eşidib ayılmış, həmin vaxt polislər onun yatdığı otağa daxil olmuş, onun ailə üzvləri ilə polislər arasında dava olmuş, onu əynində olan, yatdığı şortik-mayka ilə 11-ci PB-nə aparmışlar. Həmin vaxt o, narkomaniya sərxoşluğunda olmuşdur. Bölmədə qarşısına kağızlar qoyulmuş, onları imza etdikdən sonra isə evlərinə gedəcəklərini bildirmişlər. Polisdə saxlanılarkən mülki geyimli bir nəfər ona bir ədəd butulka və narkotik göstərərək “Birini seç, bunlardan biri sənə girməlidir” demişdir. O da narkotiki seçmək məcburiyyətində qalmışdır. Əslində isə hadisə günü nə onun üzərində narkotik vasitə olmuş və nə də yaşadığı ünvanda narkotik vasitə saxlamışdır. Belə ki, yatdığı otağı anası hər gün yığışdırmışdır. Belə bir şey tapacağı təqdirdə, anası təbii ki, həmin narkotiki atmalı idi. Polis bölməsində olduğu zaman əynində olan şortik-maykadan heç nə aşkar olunmamışdır. Şortik-maykada üşüdüyü üçün onların qəsəbəsində qalan polis əməkdaşlarından Rauf adlı biri onun xahişi ilə onların evlərindən onun üçün paltar gətirmiş, yalnız bundan sonra üzərindən çıxmış kimi göstərilən qramı az narkotiki kapitan rütbəli bir nəfər onun üstünə qoymuş və videoçəkiliş aparılmışdır. Videoçəkiliş altında, protokolda göstərildiyi kimi guya o özü çıxarıb narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, Bölmədə işlərini yekunlaşdırdıqdan sonra yaşadığı evə aparılmış, qramı çox olan narkotiki evdə onun yatdığı otaqda kravatın baş tərəfinə yerləşdirdikləri yatdığı kravatı özü göstərmiş və götürülən çox çəkidəki narkotik vasitəni sol tərəfdəki kravatın baş tərəfinə yerləşdirmişlər. Çəkiliş zamanı nə etməli olması ilə bağlı onu əvvəlcədən polis bölməsində təlimatlandırmışlar. Evə baxış keçirdikləri zaman ailə üzvləri ilə dava düşmüş, polislər onun anasını itələmişlər. Polis özünün yerləşdirdiyi narkotik vasitəni özləri də götürümş, videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, müharibə zamanı psixoloji travma almış, lakin qorxduğu üçün hərbi qospitalda qeydiyyata düşməmişdir. Yaddaşında problemlər olduğundan tutulduğu dəqiq tarixi xatırlamamışdır. Yaşadığı ərazi üzrə polislər onun narkotik vasitələrdən istifadə etdiyini bilmişlər. Polis bölməsində onu kimsə döyməmişdir. Qaradağ rayon Məhkəməsində sanksiyaya çıxarılarkən də narkotikin onun olub-olmadığını soruşmamışlar. İbtidai istintaq zamanı nə yazılmışsa, o, həmin sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, o, müəyyən bir müddətdir ki, narkotik vasitələrin qəbulu ilə məşğul olmuşdur. Bəzi vaxtlarda o, tanımadığı şəxslərdən narkotik vasitələri alıb istifadə etmişdir. 20 oktyabr 2021-ci il tarixdə şəxsi işləri ilə bağlı metronun «Koroğlu» stansiyası yaxınlığına getmişdir. Orada təsadüfən əvvəllər tanımadığı, adını bilmədiyi İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı olan bir kişi ona yaxınlaşıb narkotik vasitə heroin almağı ona təklif etmişdir. O da həmin vasitələrin istifadəçisi olduğu üçün razılaşmış və üzərində olan 500 manat pulu həmin iranlıya verib 210 qram heroin olan bükümü almışdır. 210 qramın dəqiqliyini, tərəziylə çəkib hazırladığını iranlının özü ona demişdir. Aldığı narkotik vasitə heroinin bir hissəsini qəbul etmiş və çox bir hissəsini isə yaşadığı evdə özünə aid olan otaqda döşəyinin altında gizlətmiş, bir qədərini isə cibində istifadə etməsi üçün gəzdirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, 30 oktyabr 2021-ci il tarixdə, saat 12:25 radələrində narkotik vasitə qəbul etmək üçün evdən çölə çıxmış və bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini ona təqdim etmişlər. Onlar Bakı şəhər Baş Polis İdarəsinin və Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları olmuşlar. Polis əməkdaşları ondan adını və soyadını soruşmuş, o da özünü təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları onu Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə aparmışlar. Polis əməkdaşları ondan üzərində qanunla daşınması qadağan olunmuş əşyaların olub-olmamasını soruşmuş, o da polis əməkdaşlarının artıq onda narkotik vasitələrin olduğunu bildiklərini başa düşərək əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən narkotik vasitə heroin olan bükümü çıxardıb masanın üstünə qoymuş və narkotik vasitə olan heroin olduğunu, həmin vasitəni 500 manata İran vətəndaşı olan bir nəfər şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə müvafiq izahat vermiş və ondan aşkar edilmiş heroin zərfə qoyularaq möhürlənmiş və onlar zərfi imzalamışlar. Bundan sonra polislər ona şifahi olaraq «500 manat dəyərində bu qədər az narkotik vasitə olan heroin almısan?» deyə soruşuqda o, heç nəyi gizlətmək istəməmiş və aldığı narkortikin bir hissəsini də evdə gizlətdiyini bildirmişdir. Bundan sonra, ondan və anasından evə baxış keçirmək üçün ərizə alınmış və evə gedib videoçəkilişlə və onun vəkililinin iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı o, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 66-da ona aid olan otağın sol tərəfindən olan çarpayının baş tərəfində döşəyin altında gizlətdiyi bir büküm heroini çıxardıb polislərə təhvil vermişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmiş, bütün iştirakçılar kimi o özü də protokolu imzalamışdır (iş vərəqə: səh. 72-74). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 30 oktyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə Qaradağ rayonu, Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də Qaradağ RPİ-nin 11-ci PB-də Bakı şəhər BPİ-nin əməkdaşları ilə birgə əməliyyat qrupu təşkil edilmişdir. O da həmin qrupun rəhbəri təyin edilmişdir. Bundan sonra Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları və Bakı şəhər BPİ-nin əməkdaşları birgə əməliyyat tədbiri keçirərək Qaradağ rayonu, ünvan 2 ünvanın yaxınlığında baxılan itş üzrə Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PBnə aparmış və polis bölməsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Eşad Zülfiqarlıya üzərində qanunla daşınması qadağan olunmuş əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan kəsiyə bükülmüş bükümü çıxardıb təqdim etmiş və həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 500 manata tanımadığı iranlıdan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş vasitə zərfə qoyularaq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, bölmədə protokol tərtib edilərkən Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə heroin olduğunu bildirmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs və sonuncunun vəkili ilə birlikdə yaşadığı evə baxış keçirilməsi üçün Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1, ev 66 ünvanına gedilmiş və orada yataq otağında Təqsirləndirilən şəxs sol tərəfdə olan çarpayının baş tərəfindən döşəyi qaldırıb altından bir ədəd skoçla bağlanmış qara sellofan torba çıxartmış, bir ədəş boş siqaret qutusunu və bir ədəd alışqanı çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində narkotik vasitə heroin olduğunu və təxminən 10 gün əvvəl həmin heroini «Koroğlu» metrostansiyası yaxınlığında tanımadığı İran vətəndaşından 500 manata aldığını bildirmişdir. Aşkar edilmiş büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları Şahid3 və Şahid2 məhkəmədə şahid kimi ifadə vermiş Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 30 oktyabr 2021-ci il tarixdə evdə yuxa bişirərkən oğlu Elşad növbədən gəldiyi üçün yatmış, evdə başqa heç kəs olmamışdır. Həmin vaxt qapı döyülmüş, qapını açdıqda heç bir order təqdim etmədən 6-7 nəfər polis əməkdaşı evə daxil olmuşlar. Elşadı soruşmuş və o, sonuncunun yatdığını demişdir. Polis əməkdaşları evə keçmiş və Elşadı əynində şortik-mayka döyməyə başlamış və az sonra Elşadı aparmışlar. Elşad gedəndə “ana, 102-yə zəng et” demişdir. O da DİN-nin 102 xidmətinə zəng edib vəziyyəti danışmış və polisin onun evinə narkotik qoyacaqlarını demişdir. Saat 14-15 radələrində yenə qapının döyüldüyünü eşitmiş, qapını açmış və bu zaman iki nəfər mülki geyimdə evə daxil olaraq Elşadın şalvarını və köynəyini istəmişlər. O, Elşadın şalvarını, köynəyini, corabını, kurtkasını, ayaqqabısını sumkaya yığıb onlara vermişdir. Həmin vaxt o, paltarların ciblərini yoxlamış, lakin paltarların cibləri boş olmuşdur. Paltarları polislərə vermiş və onlar aparmışlar. Saat təxminən 17-18 radələrində bir neçə polis yenə onlara gəlmiş, ona sənəd təqdim etmiş və evdə axtarış aparılacağını bildirmişlər. Polislər təqdim olunan sənədə onun imza etməsini istəmişlər. O da evdə narkotik olmadığına arxayın olmuşdur. Çünki Elşad gedəndən sonra sonuncunun çarpayısını və evin hər yerini axtarmış, lakin narkotik tapmamışdır. O, həmişə narkotikə qarşı mübarizə aparmışdır. Ona görə də imza etmiş, lakin axtarış zamanı özünün də iştirak edəcəyini şərt qoymuşdur. O, evdə divarda polkalar olan tərəfdə dayanmış, ora nəsə qoyacaqları təqdirdə, görə bilməsini istəmişdir. Həmin vaxt polislər onu söhbətə tutmuş, o, Elşadın döyüşdə olmasından danışmışdır. Şahid4 daha sonra ifadəsində göstərdi ki, Elşad həm aprel döyüşlərində və həm də ikinci Qarabağ müharibəsində iştirak etmişdir. Elşad döyüşdə başından kantuziya almış, çox əsəbi olmuş, hərdən əsəbləşib başını divara vururmuş, qışqırıb çarpayının altına girmişdir. Bir dəfə də yanında yoldaşlarının öldüyünü danışdıqda o, Elşadda psixoloji problemlər yarandığını hiss etmişdir. Polislər onun (Şahid4) iştirakı olmadan çəkiliş etmiş, onu övladı ilə sonra görüşdürəcəklərinə söz vermişlər. Elşad həmin vaxt çöldə gözləmişdir. Ümumiyyətlə axtarış zamanı evə ondan başqa qonşularını və qohumlarını buraxmamış, onlar çöldə gözləmişlər. O, özü də bərk qorxmuşdur. Çəkilişdən sonra onu Elşadla görüşdürmüşlər. Həmin vaxt o, Elşadın boynunun və qollarının qaraldığını görmüş, oğlunu döydüklərini hesab etmişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, müharibədən qayıtdıqdan sonra sonuncunun narkotikdən istifadə etdiyini hiss etmiş, bu barədə soruşduqda Elşad müharibədə meyidləri çıxararkən döyüşdən qorxmamaq üçün narkotikdən istifadə etdiyini etiraf etmişdir. Nə birinci dəfə, nə də ikinci dəfə polis əməkdaşları evə gələndə kimisə vəkil kimi təqdim etməmişlər. O, vəkil görməmişdir. Polislər ikinci dəfə gələndə Elşadı niyə və hara apardıqlarını ona deməmişlər. O, Elşadın paltarlarını aparan şəxsləri tanımamışdır. Sosial şəbəkələrdə polislərin şəxsləri tutduğunu, evlərinə narkotik qoyduqlarını görmüş, lakin buna inanmamışdır. Ona görə də həmin vaxt qorxub 102-yə zəng etmiş və evinə narkotik qoyacaqlarını bildirmişdir. Ümumiyyətlə narkotikdən həmişə qorxmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 oktyabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, 30 oktyabr 2021-ci il tarixdə, saat 12:25 radələrində Qaradağ rayonu, ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-yə aparılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda, təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o, bükümdə narkotik vasitə heroin maddəsinin olmasını, həmin narkotik vasitəni 10 gün əvvəl «Koroğlu» metrostansiyasının yanında 500 manata tanımadığı iranlıdan aldığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılıb DİN-nin “Zərflər üçün” 223 saylı möhürü ilə möhürlənərək götürülmüş və tədqiq olunan həmin protokol, bünüt iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır (iş vərəqə: səh. 32-33). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “baxış keçirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qaradağ rayonu, ünvan 2 evdə aparılan baxış nəticəsində sonuncunun yatdığı otaqda sol tərəfdə olan yatağın baş tərəfindən döşəyin altından 1 (bir) ədəd qara sellofan büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmiş, həmin narkotik vasitə olan heroin götürülmüşdür. Evdə axtarış aparılması və götürmə prosesi videolentə alınmaqla bir ədəd diskə yüklənmişdir (iş vərəqə: səh. 40-44). Məhkəmə baxışı zamanı tədqiq olunan, «baxış keçirilməsi haqqında» 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini və yaşadığı ünvanda baxış keçirilməsi prosesini özündə əks etdirən 2 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin xidməti otağında aparılan şəxsi axtarış və götürmə zamanı və Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilən zaman Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini təqdim etmişdir (iş vərəqə:səh. 85). Məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini və yaşadığı ünvanda baxış keçirilməsi prosesini özündə əks etdirən 2 ədəd diskdə olan videogörüntülərlə müəyyən edildi ki, disklərdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli protokollarda, həmçinin «disklərə baxış keçirilməsi haqqında» 08 noyabr 2021-ci il tarixli protokolda göstərilənlərlə üst-üstə düşməklə bir-birini tamamlayır və axtarış və götürmə prosesində prosessual pozuntulara yol verilmədiyini təsdiq edir (cinayət işinə əlavə edilmiş 2 ədəd disk). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 31 oktyabr 2021-ci il tarixli, 6/4829 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,350 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (iş vərəqə: səh. 55-59). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2021-ci il tarixli, 6/4831 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Qaradağ R. Qobustan qəsəbəsi masiv 1, ev 66-da qeydiyyata olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan paketdəki 01 bükümdə təmiz çəkisi 204,650 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroin (31 oktyabr 2021-ci il tarixli, 6/4829 saylı ekspert rəyi) və mənzildən aşkar edilmiş heroin kimyəvi komponent və tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Rəyə əsasən müəyyən edilir ki, heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxildir (iş vərəqə: səh. 48-53). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 4897 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub, lakin hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 97-98). Məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə psixiatrik ekspertizasının 17 yanvar 2022-ci il tarixli, 99 salı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır (iş vərəqə: səh. 103-105). Məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası DİN-nin Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 30 oktyabr 2021-ci il tarixli qərarı Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında araşdırılmış və bu zaman qanun pozuntusuna yol verilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: səh. 94-95). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda başqa cinayət işi ayrılmışdır (iş vərəqə: 111-116). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,230 qram və 204,550 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Qardağ RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (iş vərəqə: 111-116). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən təqribən yüz dəfədən də artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində və yaşadığı evdə daşıyıb saxlaması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitənin ona aid olmaması və ya həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə dair verdiyi inkaredici ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hadisə baş verdiyi 30 oktyabr 2021-ci il tarixdə məhkumluğu olmamışdır. Belə ki, işdə olan demoqrafik məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 05.09.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum edilmiş və 08.10.2013-cü il tarixdə cəriməni tam ödəmişdir (iş vərəqə: səh. 96). Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.2-ci maddələrinin tələböinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə baş verdiyi 30 oktyabr 2021-ci il tarixə Qaradağ rayon Məhkəməsinin 05.09.2013-cü il tarixli hökmü üzrə olan məhkumluğu bir neçə il əvvəl ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəməyə təqdim olunan sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısıdır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021ci il tarixli sərəncamına əsasən «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmətlərinə görə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmənarkoloji ekspertizasının nəticələrinə münasibət bildirib, təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyin aşkar olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ekspertlərin tövsiyəsinə uyğun olaraq yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 30 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 oktyabr 2021-ci il tarixdə hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan müvafiq olaraq 4,230 qram və 204,550 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 30 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,230 qram və 204,550 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar