Məhkəmə qərarları › İş №1(101)-729/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-729/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-729/2023 07.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1977-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 14, mənzil 10-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 11 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 may 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 279.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmiş və həmin cinayətə görə xarici ölkədə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşları X4 və X9 ilə birlikdə 26 aprel 2013-cü il tarixdə X18 Limanından təyyarə ilə Türkiyə Respublikasına getmiş, oradan şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının Atma şəhərinə gedərək, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Abu Yahya” dini ləqəbli X5 rəhbərlik etdiyi “Azəri camaatı” adlı silahlı birləşmənin tərkibinə daxil olub həmin birləşmənin digər üzvləri ilə birlikdə hərbi təlimlərdə iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının “Şeyx Süleyman” qəsəbəsi ərazisində gedən döyüşlərdə iştirak etmiş, 2013-cü ilin noyabr ayında həmin döyüşlər zamanı qəlpə yarası aldığından 2014-cü ilin yanvar ayında Türkiyə Respublikasına qayıtmışdır. Bu cinayət əməllərinə görə o, xarici dövlətdə məhkum olunmamışdır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 12.1, 279.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etməklə Azərbaycan Respublikası CM-nin 12.1, 279.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2013-cü ilin aprel ayınlda iş yoldaşı Elşad və onun tanışı Cavidlə birlikdə Gəncə hava limanından Türkiyəyə getmiş, Suriyaya keçmək imkanları olmadığından onlar iki ay Türkiyədə qalmışlar. İki aydan sonra Salman adlı şəxs onlara köməklik göstərmiş, onlar Adanaya getmiş, orada yol hazır olandan sonra 2013-ci ilin təxminən iyul ayında qaçaq yolla atla Suriyaya keçmişlər. Suriyaya keçəndən sonra o, orada “Abu Yahya” dini ləqəbli Nicat Aşurov adlı azərbaycanlının rəhbərlik etdiyi “Azəri camaatı”na daxil olmuş, idman təlimlərində, dini təlimlərdə və hərbi təlimlərdə iştirak etmişdir. Üzv olduğu qruplaşmada 30-35 nəfər şəxs olmuş, onlara “Azəri camaatı” adlandırılmış, lakin hamısı azərbaycanlı olmamışlar. Azərbaycan dilini bildiklərindən özbəklər, türklər də həmin qruplaşmaya üzv olmuşlar. Onlarda ağır texnikalar, yəni tank və ya top olmamış, yalnız avtomat “Kalaşnikov” olmuş, təlimlərdə avtomat silahların sökülüb yığılması öyrədilmişdir. O, hərbi təlimlərdə ara-sıra iştirak etmişdir. Belə ki, əvvəllər Azərbaycanda hərbi qulluq keçdiyi üçün silahların sökülüb yığılmasını bilmiş və bunu öyrənməyə əlavə ehtiyac qalmamışdır. Şeyx Süleymanda olduğu vaxtlarda silah çatışmadığından ona silah verilməmişdir. Yeni gələnlər orada təlim keçmiş, sonra camaatlara bölüşürülmış və Haritan qəsəbəsinə göndərilmişlər. “Abu Yəhya camaatı”na keçdikdən sonra 2-3 gündən onlar Haritana getmişlər. Ona ərəbcə Abu Ömər adı verilmişdir. Orada gündüz növbətçi çıxanda onlara 1 saatlığına silah verilmişdir. Həmin silah tam işlək vəziyyətdə, patronlarla dolu olmuşdur. Suriyada günorta vaxtlarında keşikçilikdən başqa fəaliyyəti olmamış, heç kimə atəş açmamış, o, heç bir aktiv döyüşdə iştirak etməmişdir. Ailələri Türkiyə sərhəddində yerləşən Atma şəhərində qaldığından o, təlimə getdiyi uşaqlarda birlikdə maşın olandan olana Şeyx Süleyman bölgəsindən 2-3 gündən bir evinə ailəsinin yanına getmiş, subaylar isə orada qalmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 2013-cü ilin noyabr ayında onun gözü zəif gördüyündən onu əməliyyatlara buraxmamışlar. Həmin ərəfədə onların camaat üzvləri mühasirəyə düşmüş, onları 7-8 nəfərlə köməyə göndərmişlər. Onlar mühasirə yerinə çatıb maşından düşərkən yanlarına mina düşmüş və o, ayağından qəlpə yarası almışdır. Bundan sonra bir müddət müalicə olunmuş və normallaşdıqdan sonra 2014-cü ilin yanvar ayında ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə keçmişdir. Suriyada təxminən 6 ay olmuşdur. 2016-cı ilin noyabr ayınadək Türkiyədə İstambulda yaşamış, sonra Düzcə şəhərinə köçmüşlər. Türkiyədə olarkən o, işləri ilə əlaqədar Qazaxıstana getmiş, Türkiyəyə geri qayıdan zaman Azərbaycan vəsiqəsi ilə Türkiyə onu qəbul etməmişdir. Türkiyəyə qayıda bilməsi üçün o, Qazağıstanda Salman adlı türk vətəndaşı ilə tanış olmuş, sonuncu pul qarşılığında ona köməklik etmiş və onun köməkliyi ilə o, özbək vəsiqəsi alaraq həmin vəsiqə ilə Türkiyəyə qayıtmışdır. Orada qonşuların şikayəti əsasında polis onları bir yerdə qaldıqları 5 nəfər türklə birlikdə 2016-cı ilin noyabr ayının 9da götürmüş, yəni tutmuşlar. Əvvəlcə onlara sadəcə şikayət olduğunu və 3 gündən sonra buraxılacaqlarını desələr də, lakin buraxmamışlar. 2017-ci ilin mart ayında onlar məhkəməyə çıxarılmış və onlara İŞİD terror qruplaşmasına üzv olmaları adı ilə 8 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin orlunmuşdur. Bundan sonra onlar apellyasiya şikayəti vermiş, ikinci dəfə də məhkəmə olmuş və 8 il 9 ay cəza təsdiqlənmişdir. Sonra onlar Yarqıtay Məhkəməsinə, yəni Ali Məhkəməyə şikayət etmiş, 2021-ci ilin oktyabr ayında onların İŞİD terror qrupunun üzvü olmalarını təsdiq edən heç bir dəlil-sübut olmadığından bəraət almışlar və 2021-ci il oktyabr ayının 7-də buraxılmışdır. Bəraət aldıqdan sonra o, xarici ölkə vətəndaşı olduğundan deport edilməkdən ötrü Kayseri İlgöç idarəsinə təhvil verilmiş, 6 ay da orada qaldıqdan sonra 2022-ci ilin aprel ayında Azərbaycana deport etmişlər. Azərbaycana gələndə isə hava limanında gecə DTX-nin əməkdaşları onu qarşılamış, onu sorğu-sual etmiş, lakin tutmamışlar. 2022-ci ilin may ayının 11-də növbəti sorğu suala gedəndə isə artıq DTX tərəfindən tutulmuşdur. Türkiyədə o, Suriyaya getdiyinə görə məhkum olunmuşdur. Belə ki, barələrində olan cinayət işində Orxan Parlaq adlı şəxs olmuşdur ki, həmin şəxsin Suriyaya gedənlərə köməklik etdiyi, onların Suriyaya keçməsi üçün yolları təmin etdiyi, Suriyadan gələn yaralıların müalicəsinə kömək etdiyi göstərilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Suriyaya getməzdən əvvəl Bakı şəhərində “Moskva” univermağında zərgər işləmişdir. Elşad da onunla bərabər zərgər işləmişdir. Onlarla birlikdə Suriyaya getmiş X9 iş yoladış olmamış, o, Elşadın tanışı olmuşdur. Suriyaya gedəndə orada daha yaxşı yaşayacağına ümid etməmiş, qazanc məqsədi ilə ora geməmişdir. Suriyaya getməkdə məqsədinin nə olduğunu başa düşməmiş, birlikdə işlədiyi uşaqların tələsinə düşmüşdür. Sözdə din yolu ilə əlaqəli getmişdir. Suriyaya gedənə qədər əhli sünnə təriqəti ilə ibadətlə məşğul olmuşdur. Ailəsinin Suriyada qalması xərclərini o özü ödəmişdir. Belə ki, Azərbaycandan gedərkən özü ilə müəyyən məbləğdə pul götürmüşdür. Orada ona cəmi 1-2 dəfə Abu Yəhya hərdən 50 dollar pul vermişdir. Abu Yəhya ləqəbli azərbaycanlı ölmüş, Elşadın öldüyünü eşitmiş, Caviddən isə heç xəbəri olmamışdır. Suriyaya getməkdə çox peşiman olmuşdur. Ailə-uşaqlarımı 6 ildən artıq bir müddət ərzində görə bilməmişdir. Onun ailəsi hazırda Dəvəçidə valideyinlərinin yanında yaşayırlar. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə ğədqiq olundu və müəyyən edildi ki, sonuncu tədqiq olunan həmin ifadəsində əsasən məhkəmədəki ifadəsinə uyğun ifadə versə də, Suriya Ərəb Respublikasına getdiyi şəxslər, bunun üçün ona kömək etmiş qeyriləri, Suriyadakı silahlı quruplaşma üzvləri barədə daha detallı ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən İslam dinin “Əhli-sünnə” məzhəbinə uyğun ibadətlə məşğul olmuş və Bakı şəhərində yerləşən “Moskva” univermağında birlikdə zərgər kimi işlədiyi X1 Ərəb Respublikasında başlanmış cihadda onların da iştiraklarını təklif etmişdir. 2013-cü ilin aprel ayının 26-da o, Elşad Cəfərov və sonuncunun tanışı X9, həyat yoldaşları və övladları ilə birlikdə Gəncə şəhər hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. İstanbul şəhərinə çatdıqda orada onları Salman adlı Türkiyə Respublikasının vətəndaşı qarşılamış, təxminən 2 ay müddətinə həmin şəhərin Kayaşehir bölgəsində qaldıqdan sonra Salman adlı şəxsin köməkliyi ilə Adana şəhərinə getmiş, orada onları “Abu Səməd” dini ləqəbli Türkiyə vətəndaşı qarşılayaraq ünvanını bilmədikləri evə yerləşdirmişdir. İki gün sonra, axşam saatlarında “Abu Səməd” dini ləqəbli şəxsin adını xatırlamadığı qardaşı onları gecə saat 2 radələrində Hatay şəhərinin Reyhanlı qəsəbəsinə, daha sonra isə Suriya ilə Türkiyə sərhədinə aparmış, həmin şəxs orada onlara sərhədi necə keçə biləcəkləri barədə məlumatlandıraraq, özünün gedə bilməyəcəyini bildirib geri qayıtmışdır. Onlar piyada olaraq sərhədi qoruyan əsgərlərin görməyəcəyi yerdən Suriya ərazisinə keçib bir neçə kilometr yol qət etmiş, orada isə onları “Azəri camaatı”ndan olan İslam adlı şəxs qarşılayaraq avtomobillə Suriya Ərəb Respublikasının Atma şəhərinə gətirmişdir. Onları və ailələrini Atma şəhərində evlərin birində yerləşdirdikdən sonra, oradakı azərbaycanlılardan olan “Muaz” dini ləqəbli Emin adlı şəxs onu, Elşad Cəfərovu və X20 şəhərindən 30-40 kilometr məsafədə olan “Şeyx Süleyman” qəsəbəsinə hərbi düşərgəyə aparmışdır. Həmin düşərgədə iki ay ərzində hərbi, dini və idman təlimlərində iştirak etmiş, təlimlərdə əsasən “Kalaşnikov” markalı avtomat silahından istifadə və sökülüb-yığılma qaydaları öyrədilmişdir. Təlimlər bitdikdən sonra, onları oradakı azərbaycanlılardan olan “Abu Yahya” dini ləqəbli X2 Haritan bölgəsinə aparmış və orada Nicat Aşurovun rəhbərlik etdiyi camaata qoşulmuşlar. Həmin camaatın tərkibində əslən Sumqayıtdan olan “Muaz” dini ləqəbli Emin, ”Xəttab”, “Abu Hamza”, əslən Şəki şəhərindən olan ”Zubeyr”, “Abu Muslim”, əslən Xaçmaz şəhərindən olan Ömər, əslən Şabran şəhərindən olan “Musab” dini ləqəbli Vüqar, əslən Sumqayıt şəhərindən olan “Abu Abdullah” dini ləqəbli İlham, əslən Bakı şəhərindən olan “Abu Xədicə” dini ləqəbli Vüqar, “Abduşşakur”, “Abu Xalid”, əslən Şabran şəhərindən olan Sənan və “Ammar” dini ləqəbli şəxslərlə birlikdə olmuşdur. Suriyanın Haritan qəsəbəsində olarkən döyüş şəraiti ilə bağlı olaraq silahlı döyüş növbətçiliyində olmuş və ona “Kalaşnikov” markalı avtomat silahı və 30 patron tutumluq sandıqça verilmişdir. Bundan başqa orada ona aylıq 50 ABŞ dolları məbləğində maaş verilmişdir. 2013-cü ilin noyabr ayında “X24”nun hücumu zamanı tərkibininda olduğu camaatın üzvləri “Şeyx Süleyman” qəsəbəsi ərazisində mühasirəyə düşmüş, onlar isə kömək məqsədilə həmin əraziyə yollanmış, döyüş postuna qalxan zaman havadan atılan bomba yanına düşmüş, həmin hadisədən də ayağından qəlpə yarası almış, “Abu Hanzala”nın camaatından olan türk milliyətindən olan tanımadığı şəxslər tərəfindən döyüş meydanından çıxarılaraq Atma şəhərində yerləşən xəstəxanaya aparılmışdır. İki gün orada müalicə aldıqdan sonra ailəsinin yanına getmişdir. Atma şəhərində xəstəxanada olarkən orada döyüşdə yaralanaraq müalicə alan əslən Xaçmaz rayonundan olan Şahid1 görmüşdür. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, 2014-cü ilin yanvar ayında o, həyat yoldaşı Səidə və övladları ilə birlikdə suriyalı bələdçilərin köməkliyi ilə qaçaq yolla Türkiyə Respublikasının Hatay şəhərinə, oradan həmin gün avtobusla İstanbul şəhərinə getmiş, İstanbulda onları Türkiyə vətəndaşı olan Salman adlı şəxs qarşılamışdır. Həmin şəhərdə Salmanın köməkliyi ilə əvvəlcə Şirinevlər qəsəbəsində, sonra isə Kayaşehir rayonunda (ilçəsində) kirayə mənzillərdə ailəsi ilə birlikdə yaşamışdır. 05 aprel 2022-ci ildə Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşı olduğu üçün Azərbaycan Respublikasına deportasiya olunmuşdur (iş vərəqə: cild İ, səh. 46-53, 74-77, cild İİ, səh. 164-167). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində məhkəməyədək icraat mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, o, Təqsirləndirilən şəxs rəsmi nikahlı arvadıdır, onunla 2008-ci ildə evlənmiş, birgə nigahlarından 3 övladları olmuş, 2009-cu ildən Təqsirləndirilən şəxsla birlikdə İslam dinin “Əhli-Sünnə” məzhəbinə uyğun ibadət etməyə başlamışdır. 2013-cü ilin mart-aprel aylarında Təqsirləndirilən şəxs ona cihad üçün Suriya Ərəb Respublikasına gedəcəklərini bildirmiş və həmin ilin aprel ayının 26-da o, əri Təqsirləndirilən şəxs və iki övladı ilə birlikdə Gəncə şəhər hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. Onlarla birlikdə Təqsirləndirilən şəxs iş yoldaşı olan X4 və sonuncunun arvadı X10, X9 və onun arvadı X8, həmçinin qeyd edilən şəxslərin hər birinin 2 övladı getmişlər. İstanbul şəhərində təxminən 2 ay müddətinə Kayaşehir bölgəsində qaldıqdan sonra onlar Adana şəhərinə getmiş, Adanadan isə Hatay şəhərinin Reyhanlı qəsəbəsinə, daha sonra isə Suriya Ərəb Respublikası ilə Türkiyə Respublikasının sərhədini gecə saatlarında qanunsuz keçərək Atma şəhərinə getmişlər. Orada ailələr evlərin birində yerləşdirilmiş və bundan sonra tanımadığı şəxs Təqsirləndirilən şəxs, Elşad Cəfərov və X20 şəhərindən 30-40 kilometr məsafədə olan “Şeyx Süleyman” qəsəbəsinə aparmış, onlar isə uşaqlarla birlikdə Atma şəhəri yaxınlığındakı mənzillərdə yaşayaraq heç bir qanunsuz silahlı birləşməyə qoşulmamışlar. Təqsirləndirilən şəxs isə orada təlimlərdə iştirak etmiş, bu məqsədlə hər gün səhər saatlarında təlimlərdə iştirak etmək üçün “Şeyx Süleyman” qəsəbəsinə getmiş, axşamlar isə evə qayıtmışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, 2013-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs din yoldaşlarına köməyə gedən zaman yanına düşən mərmidən ayağından yaralanmışdır. Orada o, Akifin yaralanması barədə məlumat almış, onun təyyarədən atılan bomba nəticəsində yaralandığını eşitmişdir. Təyyarələr orada hər yeri bombalamış, hətta dinc sakinlərə də bomba atılmışdır. Akif bir müddət Atma şəhərində olan xəstəxanada müalicə aldıqdan sonra onlar 2014-cü ilin yanvar ayında ailəlikcə Türkiyə Respublikasına qayıtmışlar. 2015-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs “Müvəqqəti yaşayış icazəsi” almaq məqsədilə Qazaxıstan Respublikasının Alma-ata şəhərinə getmiş, lakin geri qayıdarkən İstanbul “Sabiha Gökçen” hava limanında saxlanılaraq ölkəyə gəlmək icazəsinin olmaması əsas gətirilərək ölkəyə buraxılmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs başqa sənədlə, Özbəkistan Respublikasına aid pasportla Türkiyə Respublikasına qayıtmışdır. 2016-cı ilin noyabr ayının 9-da isə Təqsirləndirilən şəxs Türkiyə polis əməkdaşları tərəfindən terror qruplaşmasına üzv olmada şübhəli bilinərək saxlanılmış, 2017-ci ilin may ayının sonlarında 8 (səkkiz) il 9 (doqquz) ay müddətində azadlıqdan məhrum edilmişdir. 2016-ci ildə onlar Türkiyədə qaldıqları yerdə terror aktları çox olmuş, buna görə çox adamlar tutulmuşdur. Onlar orada balaca bir kənddə yaşamışlar. Akifgil orada saqqal saxladıqlarına və geyim tərzlərinə görə qonşular onlardan İŞİD-ə üzvlük şübhəsi ilə şikayət etmiş və Akifgil buna görə tutulmuşlar. Sonradan isə şikayət etmiş qonşqular onlardan üzr istəmiş, onları yaxşı tanımadıqlarını bildirmişlər. 2021-ci ilin oktyabr ayının 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs bəraət alaraq azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olduğu üçün 05 aprel 2022-ci ildə Azərbaycan Respublikasına deportasiya edilmiş, o isə sənədləri qaydasında qoyduqdan sonra övladları ilə birlikdə 27 may 2022-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. Ataları tutulan zaman bir oğlunun 14, bir qızının 11, bir uşağının isə 1 yaş 7 aylıq olmuşdur. 6 ildən çox bir müddətdə uşaqlar atalarını görməmişlər. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o da bəziləri kimi qaçaq yolla Suriya Ərəb Respublikasına getmiş, orada gedən döyüşlərdə iştirak etmişdir. Hansısa camaatda olmamış, bayraq altında birləşməmiş, ərəb və yerli camaatla birlikdə olmuşdur. O, orada azərbaycanlılarla olmamışdır. O, Suriyada Atma şəhərində olmuş, yaralanmış, 4 dəfə əməliyyat olunmuşdur. Xəstəxanada olarkən Təqsirləndirilən şəxs xəstəxanada olmasını dəqiq bilməmişdir. Narkozda olmuş, hətta onun yanına 4 nəfər adam gəlmiş, o, gələnlərlə salamlaşmış, ayıldıqda, yanımda heç kimin olmadığını görmüşdür. Xəstəxanada olanda onun yanına azərbaycanlı da gəlmiş, Gürcü də gəlmiş, lakin narkozda olduğu üçün gələnlərin kimliyini bilməmişdir. O, Suriyadan Türkiyəyə gəlmiş, sərhəddə tutulmuş, 26 gün orada Yabancı şöbəsində olmuşdur. O, yaşamaq üçün üç dövləti - Ukrayna, Maldova və elə Türkiyənin özünü seçmək istəmiş, müraciət etmiş, lakin hər üçündən imtina cavabı gəlmişdir. Sonra isə onu MTN-nin əməkdaşları Bakıya gətirilmiş, Azərbaycanda isə tutularaq Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə Suriyaya gedib qanunsuz birləşmələrdə döyüşlərdə iştirak etdiyinə görə məhkum olunmuşdur. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, bir müddət sonra o, Təqsirləndirilən şəxs işi ilə əlaqədar dəvət olunmuş, ona müxtəlif foto şəkillər göstərilib tanıyıb tanımadığı soruşulmuşdur. O, təqdim olunan şəkillərə baxıb onları tanımadığını bildirmiş, “ola bilsin yanıma gəlib, mənimlə hal-əhval tutub, lakin mən tanımıram” cavabını vermişdir. Xəstəxanada olarkən narkozda olmuş, ona görə də gələnlərin də kim olduğunu bilməmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, təqdim olunan şəkillərdən Təqsirləndirilən şəxs xatırlaya bilməmişdir. Müstəntiq protokola onun dediklərini yazdığını bildirdiyindən, o, eynəksiz olduğu üçün həmin protokolu oxumadan imzalamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı sonuncunun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə ğədqiq olundu və müəyyən edildi ki, sonuncu tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin may-iyun aylarında cihad məqsədilə əvvəlcə Gürcüstanın Batumi şəhərinə, oradan isə Türkiyə Respublikasına getmişdir. Türkiyə Respublikasının Kilis şəhərindən isə qanunsuz yolla Suriya Ərəb Respublikasının Hələb şəhərinə gedərək orada “X25” adlı yerli camaatdan ibarət qanunsuz silahlı qruplaşmaya qoşulmuş, 2013-cü ilin oktyabr ayının 2-si döyüş zamanı sağ qolumdan güllə yarası alaraq Atma şəhərində yerləşən xəstəxanada üç ay müalicə almışdır. 2014-cü ilin fevral ayında Azərbaycana geri qayıtmış, 2015-ci ilin oktyabr ayının 2-si keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279, 214 və 218-ci maddələri ilə məsuliyyətə cəlb olunmuş, həmin il Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən on dörd il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının Atma şəhərində xəstəxanada müalicə aldığı vaxt onu tanımadığı bir neçə nəfərlə birlikdə həmin xəstəxanaya gələn zaman görmüş, söhbət zamanı sonuncu “Abu Yahya” adlı əslən Sumqayıt şəhərindən olan azərbaycanlının rəhbərlik etdiyi qanunsuz silahlı qruplaşmaya qoşulduğunu bildirmişdir (iş vərəqə: cild İİ, səh. 34-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «fotoşəkil üzrə tanınma haqqında» 29 iyun 2022-ci il tarixli protokollardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 protokollara əlavə edilmiş fotocədvəllərə yerləşdirilmiş müxtəlif şəxslərə məxsus fotoşəkillərdən hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs tanımış və onun Suriya Ərəb Respublikasının Atma şəhərində X5 başçılıq etdiyi qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etdiklərini bildirmişdir (iş vərəqə: cild İİ, səh. 37-51). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs adına verilmiş “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçmə barədə tələbnamədən görünür ki, o, 26 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasını Türkiyə Respublikası istiqamətində tərk etmiş və 05 aprel 2022-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına geri qayıtmışdır (iş vərəqə: cild İ, səh. 16). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 may 2022-ci il tarixli, 1252 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tədqiqat mərhələsində hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətlərinin aşkar olunmadığı, həmin dövrdə onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu müəyyən edilmişdir. Buna görə ekspertlərin tədqiq olunan rəylərinə əsasən Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, sonuncu hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 156-158). Daha sonra, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 08 iyun 2022-ci il tarixli, 298/KEŞ saylı rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun boynunun sol kənar nahiyəsində dəri rəngindən çətinliklə seçilən dəri defekti və sağ budun aşağı 1/3-in kənar səthində dairəvi formalı çapıq toxumasının (tünd qəhvəyi rəngli) olduğu müəyyən edilmişdir. Qeyd olunan çapıq toxumasının müddəti 1,5 ildən artıqdır, müxtəlif vəziyyət və şəraitlərdə, o cümlədən də qəlpə təması nəticəsində yaranması istisna edilmir. Təqsirləndirilən şəxs müəyyən edilən xəsarətlər həyat üçün təhlükəli deyil, məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür (iş vərəqə: cild İİ, səh. 52-55). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etməsi və həmin cinayətə görə xarici ölkədə məhkum olunmaması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Suriya Ərəb Respublikasının 22 iyun 1949-cu il tarixli Cinayət Məcəlləsi və «Terrorla mübarizə haqqında» 28 iyun 2012-ci il tarixli Qanunun məzmunundan görünür ki, qanunsuz silahlı birləşmədə iştirak etmə Suriya qanunvericiliyində cəza təhdidi altında qadağan edilən cinayət əməlləri kimi nəzərdə tutulmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla məlum olur ki, Təqsirləndirilən şəxs 2013-cü ilin aprel ayından 2014-cü ilin yanvar ayınadək olan müddətdə Suriya Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmiş və buna görə həmin dövlətin ərazisində məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində 2016-cı ildə Türkiyə Respublikası ərazisində yaşayarkən noyabr ayının 9-da Suriyaya qanunsuz keçməsi və oradakı fəaliyyəti ilə bağlı tutulması, İŞİD (X16) terror qruplaşmasına üzv olmaları adı ilə 8 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, 2021-ci ilin oktyabr ayında onların İŞİD terror qrupunun üzvü olmalarını təsdiq edən heç bir dəlil-sübut olmadığından bəraət almaları barədə göstərdiklərini ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan Türkiyə Respublikasının Düzcə 2. Ağır Cəza Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2021/381 nömrəli qərarından görünür ki, “DAEŞ/İŞİD” terror təşkilatına üzv olmada şübhəli bilinən, saxta Özbəkistan Respublikası pasportu ilə “İlyorjon İsanov” adlı altında Türkiyə Respublikası ərazisinə qanunsuz yolla daxil olmuş Təqsirləndirilən şəxs, Türkiyə Respublikasının vətəndaşları Əli Əhməd, Mesut Suylu, Məhəmməd Abdullah və X23 Respublikası ərazisində “Terror qruplaşmasına üzv olmaqda” şübhəli bilinərək 09 noyabr 2016-cı il tarixdə saxlanılmış, hər biri məhkəmə qərarına əsasən təqsirli bilinərək 8 (səkkiz) il 9 (doqquz) ay müddətində azadlıqdan məhrum edilmiş, Türkiyə Respublikası Ali Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarına əsasən təqsirlilikləri kifayət qədər sübut olmadığından bəraət almışlar. Təqsirləndirilən şəxs Türkiyədə yaşamaq icazəsi olmadığından Kayseri şəhərindəki geri göndərmə mərkəzinə aparılmış və 6 ay sonra - 05 aprel 2022-ci il tarixdə o, Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Tədqiq olunan Türkiyə Respublikası Məhkəmə orqanlapının rəsmi sənədləri ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə təqsirlənedirilən şəxs Osmanov X13 Respublikasının səlahiyyətli orqanı tərəfindən yalnız Türkiyə Respublikasının ərazisində qeyriləri ilə bərabər terror qruplaşmasına üzv olmaqda şübhəli olaraq saxlanılmış və sonradan bəraət alsa da əvvəlcə məhkum olunmuş, o, Suriya Ərəb Respublikasının ərazisində yaranmış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etməsi ilə bağlı Türkiyə Respublikasının ərazisində saxlanılmamış, Suriya və Türkiyə Respublikaları ərazisində məhkum olunmamışdır. Tədqiq olunan məhkəmə aktında Təqsirləndirilən şəxs 26 aprel 2013-cü il tarixdə X18 Limanından təyyarə ilə Türkiyə Respublikasına getməsi, oradan şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının Atma şəhərinə gəlməsi, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Abu Yahya” dini ləqəbli X5 rəhbərlik etdiyi “Azəri camaatı” adlı silahlı birləşmənin tərkibinə daxil olub həmin birləşmənin digər üzvləri ilə birlikdə hərbi təlimlərdə iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının “Şeyx Süleyman” qəsəbəsi ərazisində gedən döyüşlərdə iştirak etməsi, 2013-cü ilin noyabr ayında həmin döyüşlər zamanı qəlpə yarası aldığından 2014-cü ilin yanvar ayında Türkiyə Respublikasına qayıtması təsbit edilməmiş, sözügedən qərara əsasən Təqsirləndirilən şəxs qarşı qeyd olunan əməllərin törədilməsi ilə bağlı hər hansı ittiham irəli sürülməmiş, barəsində ittiham və ya bəraət hökmü çıxarılmamışdır. Təqsirləndirilən şəxs 09 noyabr 2016-cı il tarixdə qeyriləri ilə bərabər Türkiyə Respublikasının ərazisində saxlanılmasının, həmçinin saxlanılma üçün əsasların baxılan cinayət faktı ilə bağlı heç bir əlaqəsi müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı, bir nəfər yetkinlik yaşına çatmayan olmaqla üç nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsinin sanksiyası daxilində, cəzanı yüngülləşdirən halları nəzərə almaqla şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 11 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs Şamil İsrayıllı baxılan iş üzrə 11 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 may 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra o, qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar və məhkəmə xərcləri yoxdur. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar, məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar