Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-730/2024 08.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Zamanov Afiyyəddin Akif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Həmin cinayət işi 09 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı Fərahim Əsədli tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə başlanmışdır. Cinayət işindəki sətərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə başlanmışdır. Cinayət işinin başlanılması üçün səbəb xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda, təmiz çəkisi 95,0 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması, əsas isə həmin tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərindən həmin narkotik vasitənin aşkar edilməsi ilə bağlı Abşeron RPİ-nin Təhqiqat şöbəsində toplanmış ilkin təhqiqat materialı olmuşdur. Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən şübhəli şəxs qismində tutulmuş, 11 may 2023-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ittiham elan edilmiş və barəsində Abşeron Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 23 avqust 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı 24 avqust 2023-cü il tarixdə təsdiq edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir Məhkəmənin hazırlıq iclasında Müdafiəçi2 bildirmişdir ki, təqsirləndirilən şəxs latın qrafikasında yazıb-oxuya bilmir. Məhkəməyə qədər ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin qohumları Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili A.Bağırovla müqavilə bağlamışlar. Lakin ibtidai istintaqın sonunda vəkil A.Bağırovun iştirakı təmin olunmamışdır. Müdafiəçi A.Bağırovla eyni Büroda işlədiyindən vəkil A.Bağırovla təqsirləndirilən şəxs arasında bağlanmış müqavilənin ləğv olunmaması ilə bağlı arayış almışdır. Təqsirləndirilən şəxsdən soruşanda müdafiəçidən imtina etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından RPİ-nin MSY-sinə etap olunanda oxuya bilmədiyi sənədlərə imza etdiyini bildirmişdir. Lakin həmin günü müdafiəçisindən nə imtina etmiş, nə də ki, müdafiəçisi ilə görüşməmişdir. Müdafiəçi A.Bağırov da təqsirləndirilən şəxsin ondan imtinasında iştirak etmədiyini bildirir. Amma iş materiallarında da görünür ki, ibtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış olma dövlət hesabına təyin olunmuş vəkillə keçirilmişdir. Cinayət işi materiallarında təqsirləndirilən şəxsin müqavilə üzrə müdafiəçisindən imtinası olsa da, təqsirləndirilən şəxs müqavilə üzrə müdafiəçisindən imtina etməmişdir. Təqsirləndirilən şəxs vəkildən imtinasına dair ərizə iş materiallarına daxil olsa da, bu vəkilin iştirakı ilə tərtib edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq, təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Eyni zamanda cinayət işi materialları ilə tanış olma qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Cinayət işi materiallarında təqsirləndirilən şəxsin iş materialları ilə tanış olması barədə imzası olsa da sonuncunun latın qrafikasında yazıb-oxuya bilmir. Odur ki, cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən verilmiş yazılı müdafiə edərək cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı müdafiəçi tərəfindən verilmiş yazılı müdafiə edərək təqsirləndirilən şəxsin özünün seçdiyi vəkil tərəfindən müdafiə olunmaq hüququ pozulduğundan Cinayət-Prosessual Məcəllənin 303.3.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və müstəntiqin barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, müdafiəçi tərəfindən verilmiş yazılı vəsatət əsaslı olduğundan təmin olunmalı, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət işinin materialları öyrənilərkən və işə hazırlıq iclasında baxılarkən ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulub-pozulmaması barədə məsələlər (maddə 299.3.2) araşdırılmış və cinayət işinin ibtidai istintaqı zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntuya yol verildiyi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması müəyyən olunmuşdur. Qeyd olunan pozuntu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş pozuntudur və onun cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün birbaşa əsaslardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırki cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı yol verilən nöqsanları qeyd edərək bildirir ki, həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin üzərində israrla dayandığı, heç bir halda məhdudiyyətin müəyyən edilmədiyi ən təməl hüquqlardan biri cinayət təqibi zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi, yəni onun müdafiə hüququnun pozulmamasıdır. Həm milli qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından müdafiə hüququ mütləq hüquq kimi bir bütöv mexanizmi xatırlatsa da, adətən bu hüquq özünü iki formada ehtiva edir. Birinci halda, şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında, daha dəqiq desək ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti haqqında ətraflı məlumatlandırılmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və şəraitə malik olmaq imkanı kimi, ikinci halda isə şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi halda belə müdafiədən pulsuz istifadə etmək hüququ kimi. Hər iki halda qeyd edilən tələblərə əməl edilməsi cinayət təqibi zamanı vacib hüquqi əhəmiyyət kəsb etdiyindən, bunlardan hər hansı birinin pozulması dolayısı ilə şəxsin təməl hüququ olan müdafiə hüququnun pozulmasını ehtiva edir ki, bu da hazırkı halda Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində öz əksini tapan təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qəbul edilir. Məhkəmə qeyd edilənlərə aydınlıq gətirərək bildirir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən cinayət təqibi zamanı məhz təqsirləndirilən şəxsin qeyd edilən təməl hüququ, yəni müdafiə hüququ pozulmuşdur. Məhkəmə həmin kobud pozuntulara yol verilməsi hallarını şərh edərək qeyd edir ki, cinayət işinin materiallarında olan “vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında” protokolda və “təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətindən imtina etməsi haqqında protokolda” müdafiəçi X3 adının qarşısında olan imza digər şəxs tərəfindən icra edilmişdir. Belə ki, məhkəmə hazırlıq iclasında müdafiəçi X6 dindirilmiş və ondan ekspertiza tədqiqatı üçün imza nümunələri götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/3 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 185-ci vərəqində olan 21 avqust 2023-cü il tarixli vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokolda “Müdafiəçi: X6” qrafasındaki imza, 187-ci vərəqində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin müdafiəçinin xidmətindən imtina etməsi haqqında protokolda “Müdafiəçi: X6” qrafasındaki imza – X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Qeyd olunan işin hallarını və qanunvericiliyin sadalanan normalarını nəzərdən keçirməklə, məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması faktını hazırkı vəziyyətdə mübahisəsiz hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq mərhələsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti xx.xx.2023-cü il tarixdən hesablanmaqla 6 ay uzadılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X5 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3.1-ci, 303.3.2-ci, 303.4-cü, 306.2, 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 09 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 6 (altı) ay müddətinə uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X5 barəsində xüsusi qərar çıxarılsın. Bu qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin). Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-730/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-730/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver