Məhkəmə qərarları › İş №1(101)-731/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-731/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-731/2023 23.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X5 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanının qarşısına gəlib əvvəllər istifadə etməsi üçün sonuncuya verdiyi özünə məxsus notbukun ondan xəbərsiz satılmasının səbəbini soruşub söhbət edərək Zərərçəkmiş şəxs ilə birlikdə piyada xx.xx.2022-ci il tarixdə, saat 00:01-də ünvan 3 ünvanın qarşısına gəlib Zərərçəkmiş şəxs notbuku və ya notbukun dəyərini qaytarmasını tələb etməsinə qarşılıq olaraq sonuncunun heç bir əsaslı səbəb olmadan onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qisas almaq niyyətilə üzərində olan istintaqla müəyyən edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sonuncuya sol bazunun yuxarı 1/3-nin, sol qoltuq çuxuru nahiyəsinin qanaxma ilə müşayiət olunan kəsilmiş yaraları kimi sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid və döş qəfəsinin sol yarısının boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yarası və sol bazu arteriyasının və orta sinirin zədələnməsi ilə müşayət olunan bazunun kəsilmiş yarası kimi həyat üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə 5-6 ay müddətində Nərimanov rayonu ərazisində yerləşən “Unibank”da fəhləlik etdiyini, həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs tanıdığını, sonuncunun da orada onunla birlikdə fəhləlik etmişdir. O, vaxtdan etibarən aralarında münasibət yaranmış, Teymurun xahişi ilə o, istifadə etdiyi notbuku 2019-cu ildə istifadə etməsi üçün ona vermişdir, lakin sonradan Teymur həmin notbuku satdığından onun notbukunu qaytarmamış, bu səbəbdən aralarında 2019-cu ildən indiyə kimi davam edən münaqişə olmuşdur. Bu barədə dövlət orqanlarına müraciət etmiş, lakin Teymur yenə də ona müxtəlif bəhanələr gətirərək notbukunu verməkdən imtina etmişdir, bununla bağlı Teymurla aralarında 5-6 dəfə sözlə mübahisə olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil telefonla Teymura zəng edərək onunla görüşmək istədiyini bildirmiş, Teymur ona evə gecə saat 3-də gələcəyini demiş, hər dəfə telefonla danışan zaman Teymur onu Bakıda olmadığını bildirərək aldatmışdır. Həmin gün o, işdən çıxaraq Teymurun yaşadığı Nəsimi rayonu, N.Məlikov küçəsi 9 ünvanına gəlmiş, bu zaman onun üzərində sarı tiyəsi olan mətbəx bıcağı olmuşdur. Üzərində bıçaq gəzdirməsinə səbəb yaşadığı mənzilin yaxınlığında sahibsiz küçə itlərinin olması, özünü müdafiə etmək üçün və işlədiyi evlərdə fəhləlik etdiyi vaxt bıçaq lazım olduğundan daim üzərində olmuşdur. Teymurla aralarında yoldaşlıq münasibəti olduğundan onların evlərini tanımış, həmçinin Teymurun qardaşı Ceyhun adlı şəxslə də münasibəti olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 23 radələrində Nəsimi rayonu, N.Məlikov küçəsi 9 ünvanında yerləşən Teymurun evinin qabağında dayanmış, ora gəlməkdə məqsədi Teymurla söhbət edib ondan verdiyi notbuku və ya həmin notbukun əvəzində ona verməli olduğu pulun hansı tarixdə verəcəyini dəqiqləşdirmək olmuşdur. Bir qədər gözlədikdən sonra Teymurun evə gəldiyini görüb, ona yaxınlaşmış, sonuncuyla söhbət edib aralarındakı məsələni aydınlaşdırmaq üçün onunla birlikdə Nəsimi rayonu, C.Səlimov küçəsi 7 ünvanında, 8 noyabr metrostansiyasının çıxışına tərəf getmiş, söhbət edən zaman Teymurun yenidən onu aldatdığını və nəlayiq ifadələr işlətdiyini görüb onunla mübahisə etməyə başlamışdır. Bu vaxt Teymur onunla kobud danışaraq ünvanına nəlayiq ifadələr işlətmiş, həmin an o, belində olan mətbəx bıçağını sağ əlində tutaraq onun döş qəfəsinə bir dəfə, sol qol nahiyəsinə isə bir dəfə vurmaqla xəsarət yetirmişdir. Həmin vaxt Teymurdan qan gəldiyini görmüş, Teymur aldığı xəsarətdən yerə yıxılmış, onun Teymuru vurmağı anidən baş vermişdir. Həmin vaxt onların arasında əvvəlcədən uca səsli mübahisə və dava-dalaş olmadığından heç kim oraya yaxınlaşmamış və gecə vaxtı olduğundan ətrafda digər şəxslər olmamışdır. Teymuru vurduqdan sonra sonuncu yerə yıxılmış, o bir qədər şok vəziyyətində qalmış, bundan sonra qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra nömrəsini xatırlamadığı taksiyə əyləşib Böyükşor parkına getmiş, orada hadisə zamanı istifadə etdiyi mətbəx bıçağını gölün hal-hazırda xatırlamadığı hissəsinə atmış, bundan sonra yaşadığı evə gedərək heç kimə məlumat vermədiyini bildirmişdir. Bundan əlavə o, məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə neçə zərbə vurduğunu xatırlamır. Daha sonra özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəməyədək istintaq dövründə verdiyi ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, 2019-cu ildə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Unibank”a məxsus yeni tikilməkdə olan binada fəhlə kimi işlədiyini, orada fəhlə işləyən vaxt Təqsirləndirilən şəxs ilə tanışlıqlarının yaranmış, aralarında dostluq münasibəti olmuş, Kamranla təxmini olaraq 4 ay bir yerdə işləmiş, işdən çıxdıqdan sonra da onunla dostluq münasibətlərinin davam etmişdir. 2020-ci ildə o, yeni işə qəbul olunmaq üçün ona notbuk lazım olmuş, bu barədə Kamrana bildirdikdə sonuncu ona özünə məxsus notbuku ona verə biləcəyini, lakin həmin notbukun xarab olduğunu və təmirə ehtiyacı olduğunu bildirmişdir. O, da Kamrandan həmin notbuku təxmini olaraq 1 ay müddətində işlərini tamamladıqdan sonra ona qaytaracağını bildirmiş, Kamran ona özünə məxsus olan modelini xatırlamadığı notbuku vermiş, bundan sonra o notbuku təmir etdirmək üçün ustaya göstərmiş, usta ona həmin notbukun təmir qiymətinin baha olacağını bildirdikdə o həmin notbuku 43 manata 28 May metrostansiyasının yaxınlığında, hal-hazırda dəqiq xatırlamadığı, notbuku təmir etdirmək istədiyi ustaya satmışdır. Həmin pulu isə maddi ehtiyaclarına xərcləmiş, bundan sonra Kamran notbukun pulunun 500 manat olmasını və həmin pulu ondan istəməyə başlamış, bununla bağlı aralarında bir neçə dəfə mübahisələrinin olmuş, hətta o, Nəsimi RPİ-nin 20-ci PB-də Kamranın onun barəsində etdiyi şikayət ərizəsi ilə bağlı izahat verərək həmin notbuku 43 manata satdığını bildirmişdir. O, hər dəfə Kamrana notbukun pulunu ona qaytaracağını bildirmiş, lakin maddi ehtiyacı olduğundan həmin pulu ona qaytara bilməmişdir. Sonuncu dəfə təxmini olaraq bu ilin may ayında 50 manat pulu Kamrana məxsus olan bank kartına atmış, bundan sonra bir müddət Kamranla əlaqələri kəsilmişdir. Təxminən bir ay bundan qabaqkı tarixdən başlayaraq Kamran onun mobil telefonuna yenidən zənglər etməyə və ondan notbukun pulunu istəməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 00-01 radələrində işdən çıxıb evə gələrkən yaşadığı ünvan 4 ünvanına çatdıqda Kamran ona yaxınlaşaraq onunla işi olduğunu bildirdikdən sonra birlikdə C.Səlimov küçəsi istiqamətinə getmiş, orada yerləşən avtobus dayanacağında Kamranla əyləşib söhbət etmiş, Kamran ondan niyə ona pulunu vermədiyini soruşduqda sabah ona pul gələcəyini və onun kartına 100 manat ata biləcəyini bildirmişdir. Kamran ona yenidən inanmadığını bildirdikdən sonra onlar söhbətlərinə davam edərək avtobus dayancağından çıxıb 8 noyabr metrostansiyasının çıxışı istiqamətində hərəkət etməyə başlamış, bu zaman aralarında olan söhbət kobud ifadələrlə davam etmiş, aralarında sözlə mübahisə başlanmış, Kamran onu vurmamağı üçün ona hər hansı bir səbəb göstərməyini bildirmişdir. Bu zaman Teymur ona kobud şəkildə ona heçnə edə bilməyəcəyini bildirirərək onu nalayiq ifadələrlə təhqir etmiş, sonra Kamran belindən bıcağı çıxarıb üstünə gəlməyə başlamışdır. O, bundan sonra özünü itirmiş və Kamran əlindəki bıcaqla ona sol qolundan dəqiq bilmədiyi sayda zərbə endirməyə başlamışdır. O, aldığı zərbələrdən yerə yıxılmış və huşunu itirmişdir. Bundan sonra o, özünə gəldikdə orada olan tanımadığı şəxslərin ətrafına yığışdığını görmüş, həmin şəxslərin köməyi ilə o, X10 vasitəsi ilə onu Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına apardıqlarını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin İŞ-nə ərizə təqdim edərək bildirmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığından sonuncunun barəsində heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, hazırki cinayət işi məhkəmənin hakimi Azər Tağıyevin icraatına xx.xx.2023-cü il tarixdə verilmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 80-82-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 192-195-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 199-200-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 218-219-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Cinayət işinin 120-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin maddi sübutların ekspertizasının 634/2022-MTBŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təqdim olunmuş sənədə əsasən T.N.Teymurzadənin qan qrupu: 0(1), ekspertizaya təqdim olunmuş 01 ədəd plastmas çubuğa sarınmış pambığa hopdurulmuş ləkədə, Zərərçəkmiş şəxs məxsus pulover, mayka üzərində insan qanı aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni 0(1) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 125-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli,1315 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs torako-abdominal yaralanma ilə əlaqədar sol diafraqma gümbəzinin zədələnməsi, soldan Vİİİ qabırğanın sınığı, posthemorragik şok İİ-İİİ dərəcə, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası; sol qoltuq çuxurunun deşilmiş-kəsilmiş yarası; sol bazunun və saidin sol bazu arteriyasının, orta sinirinin və dəriəzələ sinirinin zədələnmələri ilə müşayiət olunan çoxsaylı kəsilmiş yaraları aşkar edildi. 2.3.4 qeyd olunan xəsarətlər iti əşyanın deşici-kəsici və kəsici təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə, döş qəfəsinin sol yarısının boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yarası və sol bazu arteriyasının və orta sinirinin zədələnməsi ilə müşayiət olunan bazunun kəsilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazunun yuxarı 1/3-nin, sol qoltuq çuxuru nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin kəsilmiş yaraları qanaxma ilə müşayiət olunduqlarından sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 128-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin maddi sübutların ekspertizasının 513- 2022/MTKŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus puloverin ön səthinin sol yarısında 01 (bir) ədəd, arxa səthinin sol yarısında 01 (bir) ədəd və sol qolunun ön səthində 03 (üç) ədəd (cəmi 05 (beş) ədəd); maykanın ön səthinin sol yarısında 01 (bir) ədəd və arxa səthinin sol yarısında 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tiplu deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. 2. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus puloverin və maykanın ön səthinin sol yarısında olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan döş qəfəsinin sol yarısının deşilmiş-kəsilmiş yarası ilə, puloverdə və maykada olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan sol qoltuq çuxurunun deşilmiş-kəsilmiş yarası ilə və pulpverin sol qolunun üzərində olan deşilmiş-kəsilmiş zədələr onun bədənində olan sol bazunun və saidin çoxsaylı kəsilmiş yaraları ilə yerləşməsinə görə, nisbi olaraq uyğun gəlirlər. Cinayət işinin 163-171-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus ağ rəngli pulover və ağ rəngli mayka və hadisə yerindən götürələrək qablaşdırılmış 01 ədəd plastmass çubuğa sarınmış və üzərinə qan nümunələri hopdurulmuş pambıq iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin 136-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 2951 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psizi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 96-97-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış və xx.xx.2021ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 106-119-cu vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 162-ci vərəqəsində olan Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin İŞnə təqdim etdiyi ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığından barəsində heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Cinayət işinin 249-250-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs təyin edilmiş məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəməyədək istintaq dövründə verdiyi ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus ağ rəngli pulover və ağ rəngli mayka və hadisə yerindən götürələrək qablaşdırılmış 01 ədəd plastmass çubuğa sarınmış və üzərinə qan nümunələri hopdurulmuş pambıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal“ Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş zərərçəkmiş şəxs X2 məxsus ağ rəngli pulover və ağ rəngli mayka və hadisə yerindən götürələrək qablaşdırılmış 01 ədəd plastmass çubuğa sarınmış və üzərinə qan nümunələri hopdurulmuş pambıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 82 saata görə 492 (dörd yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar