Məhkəmə qərarları › İş №1(101)-733/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-733/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-733/2025 18.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X9 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, rusazərbaycan dilləri üzrə tərcüməçi X8, iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati bnasında açıq məhkəmə iclasında xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq metamfetamin psixotrop maddənsini külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, təqsirləndirilən şəxs X10 müəyyən edilməmiş vaxtda, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,360 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 16 may 2024-cü il tarixdə, saat 10:20-də ünvan 2 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nəsimi RPİ-nin 20-ci PŞnə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,360 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə X10 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X7 münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və X5 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X2 qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər metamfetamin və el içində “kakos” adlandırılan narkotik maddələrdən istifadə etmişdir. Əvvəllər məhkum olunmasa da, əvvəl də narkotiklə bağlı polis bölməsində, bir dəfə də İXM-nin 206-cı maddəsi ilə Binəqədi RPİ-nin MSY-də olmuşdur. Lakin sonra xəstəxanada narkomaniyadan müalicə üçün qeydiyyata durmuş və hər gün “Semaşko” adına (Burada: Kliniki-Tibbi Mərkəz) xəstəxanaya gedib orada dövlət tərəfindən verilmiş metadon suyu içmişdir. O, həm də narkoloji mərkəzdə qeydiyyatda olmuşdur. O, metadon suyu içəndən sonra narkotikə tələbatı nadir hallarda olmuş, o, metamfetamin və kakos qəbul etmişdir. Təqsirləndirilən şəxs Aleksandar Baratov ifadəsinin davamında göstərdi ki, Həmin gün, yəni saxlanıldığı gün taksiylə xəstəxanaya gəlib onu yola salmış, orada metadon suyunu içmiş, sonra 3 nömrəli avtobusu gözləmək məqsədilə saat təxminən 10:45-də Mirqasımov küçəsindəki dayanacağa gedib düz kameraların altında dayanmışdır. Avtobus gözləyirdi vaxt bir neçə mülki geyimli adamlar onu tutub maşın tərəfə aparmağa başlamış, o da müqavimət göstərərək getmək istəməmiş və onlardan onu tutulmalarının, nəyə görə aparmalarının səbəbini soruşmuş, üstünün boş olduğunu və heç nəyi olmadığını bildirmişdir. Onun suallarına cavab verilməmiş, maşına minməyi tələb olunmuşdur. Sonra onu polis bölməsinə aparmış və orada ona CM-nin 234.1-ci maddəsini qəbul etməyi təklif etmişlər. İsmayıl adlı bir əməkdaş ona həmin maddəni boynuna almağı təklif etmiş, əks təqdirdə 234.4.3 və silah gəzdirməyə görə 15 il azadlıqdan məhrum ediləcəyi barədə xəbərdar edilmişdir. O da 234.1-ci maddəni boynuna almaq qərarına gəlmişdir. Daha sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Belə ki, əvvəlcədən polislər ona bir ədəd büküm verib şalvarının cibinə qoymağı və çəkiliş vaxtı çıxarıb təqdim etməyi tapşırmışlar. Həmin vaxt o, bükümün miqdarının çox olduğunu görüb etirazını bildirmişdir. Ona narahat olmamağı demiş və 234.1-ci maddə ilə ittiham veriləcəyini bildirmişlər. Bundan sonra onun yanına vəkil gətirilmiş və çəkiliş başlanmışdır. Hətta çəkiliş vaxtı 1-2 dəfə sözlər səhv getdiyindən çəkiliş dayandırılmış, 3-cü dəfə çəkiliş alınmışdır. O, üzərindən həmin bükümü çıxararaq onun özünün olduğunu etiraf etmiş, öyrədildiyi kimi Papanində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Birinci təhqiqatçı Orxan Abbaslı olmuş, onun tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət ounlmamışdır. Amma sonra müstəntiq müvəqqəti saxlama yerinə (bundan sonra: MSY) onun yanına gələrək ona CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan etmişdir. X14 ilk dəfə Binəqədi RPİ-nin MSY-də görmüş, onun tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət olmamışdır. X15 döyülməyi ilə bağlı ona suallar verməmişdir. Təqsirləndirilən şəxs Aleksandar Baratov arayış verib göstərdi ki, Nəsimi polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmasına baxmayaraq, Nəsimi RPİ-nin MSY-də təmir işləri aparıldığından o, Binəqədi RPİ-nin MSY-nə verilmişdir. Təqsirləndirilən şəxs Aleksandar Baratov ifadəsinin davamında daha sonra göstərdi ki, Nəsimi RPİ-nin baş əməliyyat müvəkili İsmayıl adlı şəxs və onun köməkçisi Kənan adlı şəxs ona xəsarət yetirib ondan narkotiki boynuna almağı tələb etmişlər. Onun bədənində 4-5 qabırğasında, əllərində salamat barmaq qalmamışdır. Ona yetirilmiş xəsarətlər barədə prokurora məlumat verdikdən sonra onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. O, MSY-də olan zaman müayinə olunmuş və aldığı xəsarətlər qeyd edilmiş, lakin onu kimin döydüyünü soruşmamış, o özü də bu barədə heç nə deməmişdir. Döyülmə faktı ilə bağlı prokurorluğa şikayət etmədiyinə görə heç bir araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonundu Respublika Narkoloji Mərkəzində qeydiyyatda olması ilə bağlı arayışı məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs X2 qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş və tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 16 may 2024-cü il tarixdə, saat 10-20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi 1 ünvanda olan zaman iki nəfər mülki ğeyimdə şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bilidrib, ondan özünü təqdim etməyi demişlər. O da özü haqqında anket məlumatlarını şifahi dedikdən sonra polis əməkdaşları onun psixotrop maddənin təsiri altında şübhəli apardığını söyləmişlər. O da səmimi olaraq üzərində psixotrop maddə olduğunu demişdir. Onu Nəsimi RPİ-nin 20-ci PŞ-nə dəvət etmişlər, o da buna etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-nin 20-ci PŞ-nə getmişdir. Orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş və müdafiəçinin və mütəxəssis videoçəkliş edərək onun üzərinə şəxsi baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə ona üstündə, paltarının ciblərində, əşyalarda və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif etmişlər. O da könüllü olaraq əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan kəsiyinə bükülmüş bükümü, şalvarının sol yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu və 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinazları çıxararaq masanın üzərinə qoymuşdur. Ondan sonra üzərində hər hansı əşya olub-olmadığı sual edilərkən, o üzərində heç bir əşya olmadığını demişdir. Ondan sonra onun üzərinə baxış keçirilmiş və heç nə aşkar edilməmişdir. Şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoydüğu həmin 01 ədəd bükümün içərisində nə olduğunu soruşduqları zaman, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və onu xx.xx.2024-cü il tarixdə axşam saatlarında Papanin adlanan ərazidə tanımadığı şəxsdən 20 manata özü istifadə üçün aldığını bildirmişdir. Ondan sonra onun üstündə aşakr edilən 01 ədəd büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi o da daxil olmaqla iştrakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu üçün onda aşkar edilən 01 ədəd büküm zərfə qoyularaq zərfin ağzı bağlanmışdır. Sonra Nəsimi RPİ-nin 20-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və zərfin üzəri iştrakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda ona məxsus «Samsung» markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. 10 manatlıq və 5 manatlıq pul əskinazları isə onun özünə qaytarılmışdır. O, 10 il müddət olar ki, narkotik vasitə heroin və təxminən 2 il müddət olar ki, psixotrop maddə metamfetamin qəbul etdiyi üçün ondan aşkar edilən psixotrop maddəni də özü istifadə etmək üçün almış, aldıqdan sonra üstündə saxlamışdır, Lakin həmin maddədən aldıqdan sonra istifadə etməmişdir. O polis şöbəsində olarkən və ya polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Hər bir hərəkət qanun çərçivəsində aparılmışdır. İstinad edilən cinayətdən başqa hər hansı cinayət törətməmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni və ya psixtrop maddəni öz istifadəsi üçün əldə edir. Üzərində aşkar edilmiş psixotrop maddədən başqa digər yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Psixotrop maddə aldığı şəxsi tanımır,onun mobil nömrəsini və ya yaşayış yerini bilmir (iş vərəqə: 95-97) Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nəsimi RPİnin 20-ci PŞ-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, 16 may 2024-cü il tarixdə, saat 10:30-da xidmət etdiyi şöbənin əməliyyat müvəkkili X16 ilə birlikdə Nəsimi rayonunda inzibati ərazidə - X20 inzibati binası ətrafında narkeotiklərə qarşı mübarizə ilə əlaqədar daima profilaktik tədbirlər aparmışlar. Belə ki, orada “metadon proqramı”na yazılan hədsiz sayda, təxminən 400 nəfər narkotik vasitə istifadəçiləri toplaşmış, hətta narkotik vasitələrin satışı və qəbulu ilə də məşğul olmuşlar. Xidmət apar zaman X21 paralel X11 küçəsi 1 ünvanın qarşısında bir nəfər şəxsin, yəni hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs səndələyərək getdiyini görüb, onun narkotik asılılığından şübhələnib ona yaxınlaşmış və polis əməkdaşları kimi özlərini təqdim etmişlər. Onlar həmin şəxsin səhhəti ilə maraqlandıqda, o, psixotrop maddə qəbul etdiyini, psixotrop maddənin təsiri altında olduğu bildirmiş və üzərində metamfetamin kimi tanınan psixotrop maddənin olduğunu etiraf etmişdir. Saxlanılan şəxsin deməsinə görə o, şəxsi istifadəsi üçün aldığı psixotrop maddənin yarısını istifadə etmiş, digər yarısının isə üzərində saxlamışdır. Saxlanılan şəxsin üzərinə həmin yerdə baxış keçirilməmiş, məsələyə aydınlıq gətirilməsi məqsədilə həmin şəxsi polis şöbəsinə dəvət etmiş və sonuncu ilə birlikdə 20-ci PŞ-nə getmişlər. PŞ-nə gətirilən həmin şəxs rəsmi qeydiyyat kitabında qeydiyyata salmış, şəxsiyyəti aydınlaşdırılmış və onun hazırda barəsində cinayət işinə baxılan Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan X1 müəyyənləşdirilmişdir. Onun psixotrop maddə saxlaması, qəbul etməsi şübhə doğurduğundan şöbə rəhbərliyinə yazılı məruzə olunmuş və araşdırmanın aparılması Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı Orxan Abaslıya həvalə edilmişdir. X5 hüquqlarının müdafiəsi üçün vəkil və rus dilli olduğundan müvafiq tərcüməçi dəvət edilmiş və onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış video çəkilişlə aparılmış, video çəkilişi mütəxəssis kimi dəvət olunmuş Nəsimi RPİ-nin kriminalisti X17 həyata keçirmişdir. Təhqiqatçı şəxsi axtarış keçirilməzdən əvvəl X7 üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan kəsiyinə bükülmüş bükümü, şalvarının sol yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu və 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinazlarını çıxararaq masanın üzərinə qoymuşdur. Üzərinə keçirilən sonrakı şəxsi axtarışda iş üçün əhəmiyyətli ola biləcək heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona ünvanlanan suallar ətrafında üzərində aşkar edilmiş bir ədəd bükümü 15 may 2024-cü il tarixdə, axşam saatlarında «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını və həmin bükümin içərsində metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm zərfə qoyularaq qablaşdırılmış və şöbənin zərflər üçün nəzərdə tutulmuş «188» nömrəli möhürü ilə möhürlənmiş və sonra zərfin üzəri bütün iştirakçılar, o cümlədən Baratovun özü, onun vəkili və tərcüməçi tərəfindən imzalanmışdır. Baratova məxsus bir ədəd «Samsung» markalı mobil telefon da araşdırma üçün qablaşdırılaraq götürülmüş, bir ədəd 10 manatlıq və bir ədəd 5 manatlıq pul əskinazları isə onun özünə qaytarılmışdır. Şahid əməliyyat müvəkkili Şahid ifadəsində, həmçinin göstərdi ki, X10 saxlanılarkən və ya PŞ-də olarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş, ona qarşı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Aleksandar Baratovun narkotik vasitələrin və psixortop maddənin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat olmamışdır. İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili X13 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş və şahid Eyyub Ağazadənin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha etmişdir(iş vərəqə: 134-136). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X10 protokol tərtib olunan tarixdə Nəsimi RPİ-nin 20-ci PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkilləri X11 küçəsi 1 ünvanın qarşısında saxlanılaraq ünvan 7 şöbəsinə gətirilmiş, onun üzərində təyin olunan vəkilin, rus və azərbaycan dilləri üzrə tərcüməçinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmış və bu zaman onun əynindəki şalvarının cibindən bir bükümdə psixotrop maddə metamfetaminiə şübhəli maddə aşkar edilərək götürülmüşdür. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, aşkar edilmiş şübhəli maddə ilə bağlı suallar ətrafında dindirilən X10 həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və onu xx.xx.2024-cü il tarixdə, axşam saatlarında “Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 52- 54). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 17 may 2024-cü il tarixli, 3-16-16-2-6\2780 nömrəli rəyindən görünür ki, X5 üzərindən aşkar olunan bir ədəd bükümdəki şübhəli maddə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və təmiz çəkisi 2,360 qram təşkil edir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiq edilmiş 2,360 qram psxotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra 2,310 qram qalıq qalmışdır(iş vərəqə: 64-68). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən təqsirləndirilən şəxs X3 01 (bir) ədəd bükümdə aşkar olunmuş təmiz çəkisi 2,360 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİnin Növbətçi hissəsinə təhvil verilmişdir(iş vərəqə: 108-110). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3461 nömrəli rəyi ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs X6 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Tədqiq olunan rəydən görünür ki, X5 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 108-110). Cinavyət işinə məhkəmə baxışı zamanı məhkəmə sorğusuna əsasən «Respublika Narkoloji Mərkəzi» X23 verilmiş xx.xx.2025-ci il tarixli arayışla müəyyən edildi ki, təqsirləndirilən şəxs X10 xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzin metadonla əvəzedici terapiya proqramının iştirakçısıdır və o, hər gün 40 ml metadon h/x qəbul edir(iş materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 4249 nömrəli rəyindən görünür ki, X6 üzvi emosional-labil pozuntu müəyyən edilir. X6 müəyyən edilən qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olsun. X10 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X5 əməli Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Tədqiq olunan rəydən görünür ki, yoxlanılan X10 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X5 məcburi müalicəyə ehtiyacı yoxdur. X10 hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştrak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətindədir. X10 hazırkı psixi vəziyyətinə görə ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır(iş vərəqə: 150-153). Ən nəhayət, məhkəmə baxışı zamanı, həmiçinin müəyyən edildi ki, ibtidai istintaq orqanının 25 oktyabr 2024-cü il tarixli qərarına əsasən baxılan cinayət işinin materiallarından aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca material ayrılmışdır(iş vərəqə: 160-165). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahının konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, təqsirləndirilən şəxs X5 üzərindən aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 2,360 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də X5 əməli ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxs X4 məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə və ya psixotrop maddə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən psixotrop maddənin polis tərəfindən məcburi qəbul etdirilməsi, onun psixoloji və fiziki təzyiqlərə və hədələrə məruz qalması, xəsarətlər alması, döyülməsi nəticəsində psixotrop maddəni boynuna götürməsi və etirafedici ifadələr verməsi barədə verdiyi ifadələrini təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün seçilmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla X5 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə sorğusuna əsasən Bakı şəhəri, Binəqədi RPİ-nin MSY-dən daxil olmuş 21 fevral 2024-cü il tarixli, 46/2-7935/2025 saylı arayışla müəyyən edilmişdir ki, X10 Binəqədi RPİ-nin MSY-nə daxil olarkən tibbi müayinədən keçirilmiş və bədən səthində işgəncəyə məruz qalmasını təsdiq edəcək yeni bədən xəsarətləri aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, təqsirləndirilən şəxs X10 polis tərəfindən qanunsuzluqlara, o cümlədən işgəncələrə məruz qalması ilə əlaqədar heç bir orqana müraciət etməmiş, qeyd olunan xüsusatla bağlı araşdırma aparılmamışdır. Məhkəmədə təqsirləndirilən X5 əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin (BƏSİİ-nin) xx.xx.2024-cü il tarixli əməliyyat-sorğu arpayışından görünür ki, X10 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, əvvəllər məhkum olunmamışdır .(iş vərəqə: 115). Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən X7 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Aleksandar Baratovun islah olunması və həm təqsirləndirilən Aleksandar Baratov, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X4 barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3461 nömrəli rəyini əsas götürərək belə nəticəyə gəlir ki, X5 narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli və həmçinin təqsirləndirilən Aleksandar Baratov ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən şəxs X10 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 cəza çəkməsinin əvvəli onun barəsində məhkəmə hökmünün çıxarılacağı tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs X10 baxılan iş üzrə 16 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 may 2024-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Məhkəmə bu məsələ ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs X7 törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması nəzərdə tutulduğundan çəkilməli olan cəza müddəti qətiləşdirilməlidir. Bu məqsədlə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı iki gün ona təyin olunmalı olan cəza müddətinə daxil edilməklə çıxılmalı, cəza çəkməsi üçün üzərində qəti cəza saxlanılmalı və cəza çəkməsinin əvvəli onun barəsində məhkəmə hökmünün çıxarılacağı tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı və barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi nəzərə alınmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında» 18 may 2024-cü il tarixli iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma ambarında saxlanılan, X5 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,310 qram psxotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 81,0 (səksən bir) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ təqsirləndirilən şəxs X3 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X5 16 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 18 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X5 barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X5 cəza çəkməsinin əvvəli hökmün elan olunduğu 18 aprel 2025-ci il tarixdən hesablansın. X5 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma ambarında saxlanılan, X5 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,310 qram psxotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 81,0 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum X3 tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum X7 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar