Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-734/2022 31.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) - atası X5, zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) nümayəndəsi X9, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Rza oğlunun iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 29 iyul 2021-ci il tarixdə saat 09 radələrində şifahi razılıq əsasında, amma etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2nə məxsus olan, atası X10 lizinq müqaviləsi əsasında istifadəyə verilmiş “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Alatava küçəsi ilə Yeni Yasamal qəsəbəsi “Vital” Tibb mərkəzi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli, eləcə də bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək avtomobili nəzərdə tutulduğundan artıq sürətlə, yəni 70 km/saat sürətlə idarə etdiyindən yolun Alatava küçəsi 7, bina 62 ünvanının qarşısından keçən enişli hissəsində dayanıqlı hərəkəti təmin edə bilməyib idarəetməni itirərək hərəkət trayektoriyasından əks istiqamətə çıxaraq yolun ehtiyat hissəsində avtomobilin sol ön hissəsi ilə sol kənarda torpaq örtüklü yolda düzünə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs1 vurmuş, nəticədə zərərçəkmiş şəxsə açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, hər iki alın payında hemorragik kontuziya, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, dalağın zədələnməsi (splenektomiya) daxili qanaxma, ənsə, alın və sağ gicgah nahiyyələrində əzilmiş yaralar kimi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin xəsarətlər ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sonradan 31 iyul 2021-ci il tarixdə Masallı rayonu “Bioloji təbabət” klinikasında ölümünə səbəb olmuş, həmçinin ehtiyatsızlıqdan zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs2nə məxsus “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 625 manat məbləğində maddi ziyan vuraraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, üçüncü qrup əlil olmaqla 2-ci Qarabağ müharibəsi qazisidir. Müharibədə sol ayağının 1/3 hissəsini itirmiş və protez ayaqla təmin olunmuşdur. Müharibədə iştirakına görə Ali Baş Komandan tərəfindən “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Əlil olması səbəbinidən heç yerdə işləmir, uzun müddət müalicəsi ilə məşğul olmuşdur. Hal-hazırda da müalicəsini davam etdirir. 29 iyul 2021-ci il tarixdə saat 08:45 radələrində evdən çıxaraq atasına məxsus “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək qardaşı X3 işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Şirin Su” fabrikinə aparmışdır. Təxminən 15 dəqiqə sonra qardaşı Əlini iş yerinə çatdırmış, özü isə yenidən evə qayıtmaq üçün geri dönmüşdür. Saat 09 radələrində Yasamal rayonu ərazisində yerləşən “Vital” klinikası istiqamətində hərəkətdə olarkən kəsilmiş ayağı yara hissədən bərk qaşınmış və dözməyib əyilərək bir əli ilə şikəst ayağını qaşımağa başlamışdır. Həmin anda avtomobillə əks hərəkət zolağına çıxmış, qarşıda öz hərəkət zolağı ilə hərəkətdə olan “Azsamand” markalı avtomobillə üz-üzə gəldiyini görmüş və toqquşmamaq üçün avtomobili sola doğru hərəkət etdirmişdir. Bu zaman “Azsamand” markalı avtomobilin sürücüsü də baş verəcək yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün idarə etdiyi avtomobili əks istiqamətə çəkmişdir. O, həmin anda avtomobilinin ön alın şüşəsinə nəyinsə zərblə dəydiyini görmüşdür. O, nə baş verdiyini aydınlaşdırmaq üçün dərhal avtomobili kənara çəkib saxlamış və avtomobildən düşdükdə bir nəfər şəxsin yerdə uzandığını görmüşdür. Bütün bu hadisə bir göz qırpımında – bəlkə də 1-2 saaniyə ərzində baş vermişdir. O, həmin şəxsin vəziyyəti ilə maraqlanmaq üçün dərhal ona yaxınlaşmış və onun özündə olmadığını görmüşdür. Bu zaman Post-Patrul Xidmətinin əməkdaşları da hadisə yerinə yaxınlaşmışlar. Köməkçi yolda dönmə əməliyyatını gözləyən “Kia Optima” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona həmin piyadanı onun vurduğunu və zərbənin təsirindən piyadanın onun idarə etdiyi avtomobilin ön buferinə dəydiyini bildirmişdir. O, ətrafda toplaşan tanımadığı insanlardan təcilli tibbi yardım çağırmalarını xahiş etmişdir. O, həmçinin piyadanı xəstəxanaya daha tez çatdırmaq üçün onu öz avtomobili ilə aparmasını təkid etsə də ətrafdakı insanlar təcili tibbi yardım avtomobilinin yaxınlaşdığını deyərək buna icazə verməmişlər. Hadisə baş verdikdən ən uzağı təxminən 5-6 dəqiqə sonra təcili tibbi yardım avtomobili oraya çatmışdır. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları hadisənin necə baş verməsi barədə ondan şifahi izahat almışlar. O, həmin polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobillə piyadanın yerləşdirildiyi Sabunçudakı 3 saylı Kliniki xəstəxanaya getmişdir. Xəstəxanada olarkən adı Zərərçəkmiş şəxs1 olan həmin piyadanın vəziyyətinin orta ağır olduğu bildirilmişdir. O, Zərərçəkmiş şəxs1 müayinə edən həkimlərlə görüşərək onun vəziyyəti ilə daha yaxşı maraqlanmalarını, müalicə olunub sağalması üçün əllərindən gələni etmələrini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 əmisi Rauf adlı şəxs xəstəxanaya gəlmiş və Zərərçəkmiş şəxs1 ailə üzvlərinin də xəstəxanaya gələcəklərini deyərək xoşagəlməz hadisə baş verməməsi üçün ondan xəstəxanadan uzaqlaşmasını xahiş etmişdir. Xəstəxanaya onun ailə üzvləri və yaxın qohumları da gəlmişlər. X23 mütəmadi olaraq Rauf adlı şəxslə telefon əlaqəsi saxlayaraq xəstənin vəziyyətinin necə olması ilə maraqlanmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 “X24”a yerləşdirildiyini öyrənmişdir. Həkimlər onun vəziyyətinin ağır olduğunu və beyin ölümünün gerçəkləşdiyini bildirmişlər. Zərərçəkmiş şəxs1 31 iyul 2021-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində vəfat etmiş və həmin qəsəbədə dəfn olunmuşdur. Bununla bağlı o və ailə üzvləri dəfələrlə yas mərasimində iştirak etməyə cəhd göstərmişlər, amma Zərərçəkmiş şəxs1 əmisi Rauf onlardan nəsə xoşagəlməz hadisənin baş verməməsi üçün yas məclisində iştirak etməmələrini xahiş etmiş, faktiki olaraq qadağan etmişdir. Baş vermiş hadisə zamanı idarə etdiyi Zərərçəkmiş şəxs2nə məxsus olan “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 625 manat maddi ziyan onun tərəfindən tam şəkildə ödənilmişdir. Həmin avtomobili lizinq yolu ilə almışlar və Zərərçəkmiş şəxs2 `Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən atası X1 üçün etibarnamə verilmişdir. Avtomobil idarə etmək üçün onun sürücülük vəsiqəsi olmamışdır. Avtomobilin texniki cəhətdən heç bir nasazlığı olmamış, hadisə zamanı avtomobili həqiqətən 60-70 km/saat sürətlə idarə etmişdir. Həmin gün heç bir spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Mərhumun ailəsinə dəfələrlə maddi yardım etmək üçün valideynləri, qohumları cəhdlər göstərmişlər. Hətta kənar ağsaqqalları da bu işə qoşub barışıq əldə etmək üçün addımlar atmışlar. Amma qarşı tərəf buna imkan verməmişdir. Hal-hazırda da barışıq və maddi köməklik göstərmək üçün həmin cəhdlərini davam etdirirlər. Əməlindən çox peşmandır. Səhvini səmimi etiraf edir. Qəzanın törənməsinə səbəb olan halı da məhkəməyə səmimi şəkildə etiraf edir. Mərhumun ailə üzvlərindən, bütün yaxınlarından onu bağışlamalarını istəyir. Məhkəmədən ona cəza təyin edərkən bu qəzanı ehtiyatsızlıqdan törətməsinin, əməlindən səmimi peşman olmasının, bir ayağını 2-ci Qarabağ müharibəsində itirməklə əlil olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qismində dindirilmiş X11 göstərdi ki, mərhum oğlu Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanda tək yaşamışdır. 29 iyul 2021-ci il tarixdə saat 14 radələrində Əlirzanın dostu Adil ona zəng edərək oğlunun avtomobillə vurulduğunu və hazırda Bakı şəhəri 3 saylı Klininik xəstəxanada olduğunu bildirmişdir. O, dərhal ailə üzvləri ilə birlikdə həmin xəstəxanaya getmişdir. Xəstəxanada həkimlər oğlu Əlirzanı əməliyyat etdiklərini, lakin onun komada olduğunu bildirmişlər. O, daha yaxşı həkimlərin müayinə etməsi üçün oğlunu 29 iyul 2021-ci il tarixdə saat 20 radələrində “X24”a aparmışdır. 30 iyul 2021-ci il tarixdə həmin hospitalda həkimlər oğlunun vəziyyətinin yaxşı olmadığını və beyin ölümünün reallaşdığını bildirmişlər. Buna görə o, təkidlə saat 19 radələrində oğlu Əlirzanı yaşadığı Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən evinə aparmışdır. Beyin ölümü gerçəkləşsə də ürək dayanmadığı üçün oğlu süni tənəffüs aparatına qoşulu vəziyyətdə olmuşdur. Həmin gecə oğlu suni tənəffüs aparatı ilə Masallı rayonundakı evlərində qalmışdır. 31 iyul 2021-ci il tarixdə saat 11 radələrində ailə üzvlərinin təkidi ilə Əlirzanı Masallı rayonundakı “X16”na aparmışlar. Lakin həmin xəstəxanada olarkən oğlunun səhhəti daha da pisləşmişdir. Buna görə o, oğlunun yaşadığı evdə vəfat etməsi üçün onu evə aparmışdır. Oğlu vəfat etdikdən sonra onu Ərkivan qəsəbə qəbiristanlığında dəfn etmişlər. Amma cinayət işi başlandığından oğlu qəbirdən çıxarılıb tibbi ekspertiza keçirilmişdir. Bu onun daha da ağır sarsıntı keçirməsinə səbəb olmuşdur. Yeganə oğlunun ölümünə səbəb olmuş Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılaraq həbsə məhkum edilməsini, mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, ünvan 3 ünvanda yaşayır. 29 iyul 2021-ci il tarixdə saat 08:00-da işə getmək üçün evdən çıxmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan etibarnamə əsasında idarə etdiyi **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşdür. O, Dadaş Bünyadzadə küçəsində əsas yola çıxmaq üçün köməkçi yolda dayanıb digər avtomobillərin hərəkətini gözləyərkən sağ tərəfdən “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Vital” klinikası istiqamətində sürətlə hərəkətdə olduğunu görmüşdür. Həmin istiqamətdə yol maili olduğu üçün “Chevrolet Cruze” markalı avtomobil sürətlə gəldiyindən əks istiqamətli yola çıxaraq qarşıdan gələn avtomobillərin hərəkətinə maneçilik törətmişdir. Bu zaman sol tərəfdən “M+1” market istiqamətində hərəkətdə olan “Azsamand” markalı avtomobil qarşıdan onunla əks istiqamətdə eyni hərəkət zolağında hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobillə toqquşmamaq üçün avtomobili sol hərəkət zolağına, yəni əks yola keçirərək hadisənin qarşısını almağa çalışmışdır. Həmin vaxt “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü avtomobili sol tərəfə çəkərək torpaq örtüklü yola doğru hərəkət etdirmiş və torpaq örtüklü yolda “Vital” klinikası istiqamətində piyada hərəkətdə olan bir şəxsi zərblə vurmuşdur. Həmin şəxs avtomobilin zərbəsinin nəticəsində təxminən 5 metr uzağa atılaraq onun avtomobilinin ön sağ qanadına dəymişdir. O, dərhal idarə etdiyi avtomobildən düşərək həmin şəxsə yaxınlaşmışdır. Ətrafda olan insanlar da köməklik etmək üçün hadisə baş verən yerə toplaşmışlar. Orada olan şəxslərdən biri dərhal təcili tibbi yardım çağırmışdır. “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü də idarə etdiyi avtomobildən düşərək xəsarət alan piyadaya köməklik etməyə çalışmışdır. Həmin zaman ərazidə xidmət aparan Post Patrul Xidməti əməkdaşları da hadisə yerinə gəlmişlər. Təxminən 5-6 dəqiqə sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gələrək xəsarət alan piyadanı xəstəxanaya aparmışdır. Hadisə yerinə gələn təhqiqatçı hadisənin necə baş verməsi ilə bağlı ondan şifahi izahat almışdır. Daha sonra xəbərlərdən öyrənmişdir ki, həmin şəxs aldığı xəsarətlərdən vəfat etmişdir. “Chvrolet Cruze” markalı avtomobilin sürücüsü avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmiş və idarəetməni itirərək əks istiqamətli hərəkət zolağına çıxaraq digər sürücülərin də hərəkətinə maneçilik törətmişdir. “Azsamand” markalı avtomobil öz hərəkət zolağı ilə hərəkətdə olsa da “Chevrolet Cruze” markalı avtomobillə toqquşmamaq üçün əks hərəkət zolağına çıxmışdır. Hadisə zamanı onun idarə etdiyi avtomobilə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, “Bioloji Təbabət” Klinikasının Masallı rayon filialının reanimasiya şöbəsinin müdiri vəzifəsində işləyir. 31 iyul 2021-ci il tarixdə saat 11:20-də Zərərçəkmiş şəxs1 təcili tibbi yardım vasitəsi ilə həmin klinikaya daxil olmuşdur. Xəstə reanimasiya şöbəsinə yerləşdirilərək müayinə olunmuş, onda beyin ölümünün gerçəkləşməsi və koma 4 vəziyyətində olması aşkar edilmişdir. 31 iyul 2021-ci il tarixdə beyin ölümünün gerçəkləşdiyi bir vəziyyətdə xəstə yaxınlarının təkidi ilə saat 13:16-da Zərərçəkmiş şəxs1 yaxın qohumları tərəfindən iltizam alınaraq evə göndərilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olumuş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2ndə hüqüqşünas işləyir. Zərərçəkmiş şəxs2 vergi orqanlarında “**********” nömrəsi ilə (VÖEN) qeydiyyatda keçmiş və hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Azadlıq prospekti, ev 144A-dır. X15 adlı şəxs 25 may 2021-ci il tarixdə daxili lizinq müqaviləsi vasitəsi ilə “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdir. O, həmin avtomobili 36 aylıq ödəniş cədvəlinə uyğun olaraq aylıq 313,16 manat pul ödəməklə əldə etmişdir. 25 may 2021-ci il tarixdən X6 aylıq olmaqla “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. 29 iyul 2021-ci il tarixdə ünvan 5 ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onu deyə bilər ki, X12 baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Zərərçəkmiş şəxs2nə məlumat vermiş və avtomobilin oğlu Təqsirləndirilən şəxs tərəfindən idarə edildiyini bildirmişdir. Bununla bağlı aidiyyəti əməkdaşlar tərəfindən avtomobilə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sürücü tərəfdən qabaq alın şüşəsi yararsız hala düşmüş, mühərrik örtüyündə və bamperində kiçik batıqlar əmələ gəlmişdir. Həmin avtomobilə 625 manat maddi ziyan dəymiş və dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam aradan qaldırılmışdır. Hazırda Zərərçəkmiş şəxs2 X6, eləcə də sonuncunun oğlu Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1, iş vərəqə 170). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 29 iyul 2021-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 5 ünvanının qarşısında baş vermişdir. Hadisə baş vermiş yol iki hərəkət istiqamətlidir və hər bir hərəkət istiqamətində bir hərəkət zolağı vardır. Yol enişlidir və yolda üfiqi nişanlama xətləri yoxdur. Hadisə baş vermiş yol quru, hamar və asfalt beton örtüklüdür. Yolda tormozlama izləri aşkar edilməmişdir (cild 1, iş vərəqə 7-9). Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 29 iyul 2021-ci il tarixli protokoldan görünür ki, “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsi yararsız vəziyyətə düşmüş, ön bamper və mühərrik örtüyündə əzilmələr olmuşdur (cild 1, iş vərəqə 10-13). İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verdiyi yeri əyani olaraq ətraflı şəkildə göstərərək ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 107-108). Mərhum Zərərçəkmiş şəxs1 meyiti məhkəmə tibbi ekspertizası keçirilmədən Masallı rayonu Ərkivan qəsəbə qəbiristanlığında dəfn olunduğundan onun ölümünün səbəbini müəyyən etmək üçün Yasamal Rayon Məhkəməsi tərəfindən 03 avqust 2021-ci il tarixli meyitin qəbirdən çıxarılması (ekshumasiya) haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqə 47). Meyitin qəbirdən çıxarılması (ekshumasiya) haqqında protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs1 dəfn olduğu qəbir Masallı rayonu Ərkivan qəsəbə qəbirostanlığında açılaraq ekspertlər tərəfindən məhkəmə tibbi ekspertizası keçirilmiş və müayinədən sonra yenidən həmin qəbiristanlığında dəfn edilmişdir (cild 1, iş vərəqə 67- 70). Mərhum Zərərçəkmiş şəxs1 meyitinin qəbirdən çıxarılması zamanı çəkilmiş videogörüntülərin əks olduğu diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, diskdə olan 01 ədəd 1 dəqiqə 43 saniyəlik video fayldakı görüntülərdə Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X18 rayon Məhkəməsinin qərarı əsasında 29.07.2021-ci il tarixdə ünvan 7 ünvanın qarşısında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş mərhum Zərərçəkmiş şəxs1 Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən qəsəbə qəbiristanlığında meyitinin qəbirdən çıxarılması istintaq hərəkətinin keçiriləcəyini elan edir. Mərhum Zərərçəkmiş şəxs1 bacısının əri X19 özü barədə anket məlumatlarını bildirməklə mərhum Zərərçəkmiş şəxs1 dəfn olunduğu qəbiri göstərir. Daha sonra üç nəfər kişi üzəri torpaq örtüklü olan qəbiri qazmağa başlayırlar. Diskdə olan 01 dəqiqə 30 saniyəlik digər videodan görünür ki, Lənkəran rayonlararsı Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin ekspertləri tərəfindən mərhum Zərərçəkmiş şəxs1 meyitinin xarici və daxili müayinəsi həyata keçirilir. Diskə əlavə edilmiş digər video fayllar və fotoşəkillərdə Zərərçəkmiş şəxs1 meyitinin qəbirdən çıxarılması zamanı qəbirin açılması prosesi, eləcə də tibbi ekspert tərəfindən aparılan meyitin müayinələri əks olunmuşdur (cild 1, iş vərəqə 92). Məhkəmə-tibbi ekspertizasının 09 avqust 2021-ci il tarixli 26 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı meyitin bədəninin yumşaq toxumalarının və daxili üzvlərinin çürüməsi, açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın payında hemorragik kontuziya, ənsə sümüyünün kəllə əsasına keçə xətti sınığı, dalağın zədələnməsi (splenektomiya), daxili qanaxma, ənsə, alın və sağ gicgah nahiyyələrində əzilmiş yaralar aşkar edilmişdir. Bu xəsarətlər ağır küt travma nəticəsində törənmişdir. 29 iyul 2021-ci il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulmasından və vurulduqdan sonra piyadanın zərblə bərk küt əşyaya(lara) dəyməsindən əmələ gəlməsi istisna edilmir və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın və qarının küt qarışıq travması ilə əlaqədar baş beyinin ağır dərəcədə əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, dalağın zədələnməsi və daxili qanaxma olmuşdur. Tibbi sənədə əsasən ölüm 31 iyul 2021-ci il tarixdə baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyiti çürümə prosesinə məruz qaldığı üçün ölümündən sonra hər hansı bir xəsarət alması mümkün deyildir (cild 1, iş vərəqə 121-129). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 8/2419 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “KiA Optima” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşsının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (cild 1, iş vərəqə 130-133). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 noyabr 2021-ci il tarixli 9/8353 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş ziyan aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 625 manat, o cümlədən dəyişilməli hissələrin - təzə hissələrin qiyməti 450 manat, təmir-bərpa işlərinin qiyməti 175 manat müəyyən olunur (cild 1, iş vərəqə 178-182) . Məhkəmə-psixatrik ekspertizasının 10 noyabr 2021-ci il tarixli 2630 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Onun ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və hazırkı psixi vəziyyətinə görə onunla istintaq hərəkətləri aparılması iqtidarındadır (cild 1, iş vərəqə 175-177). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X27 İdarəsindən daxil olmuş sorğu məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində sürücülük vəsiqəsi verilməmişdir. “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 8 ünvanda qeydiyyatda olan Zərərçəkmiş şəxs2 adına qeydiyyata alınmış, lakin həmin nəqliyyat vasitəsinin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə Baş X27 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil (cild 1, iş vərəqə 149-150). Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli 969 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 ölüm səbəbi 31 iyul 2021-ci il tarixdə “kəllə əsasının sınığı” olmuşdur (cild 1, iş vərəqə 83). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə alkoqol sərxoşluğu vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 18). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 170). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli 6177 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs “mina partlayışı yaralanması, sol ayağın travmatik qopması, aşağı ətrafın kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, sol baldırın yuxarı 1/3 səviyyəsindən amputasiyası cərrahi əməliyyatından sonrakı vəziyyət. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur (cild 1, iş vərəqə 88-91). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü tam təqsirli bilərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün cəhdlər göstərməsini, əvvəllər məhkum olunmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ müharibəsində iştirak edərək sol ayağının 1/3 hissəsini itirməsini, 3cü qrup əlil olmasını, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə həm də hesab edir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlayan, 44 gün davam edən və Azərbaycanın tam qələbəsi ilə nəticələnən Vətən müharibəsində döyüşərək Azərbaycanın müzəffər ordusunun zəfər yürüşündə, torpaqların işğaldan azad edilməsində bilavasitə iştirak edərək sol ayağının 1/3 hissəsini itirmiş, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş 3-cü qrup əlil olan təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin X6 qaytarılması nəzərə alınmalı, Zərərçəkmiş şəxs1 meyitinin qəbirdən çıxarılması zamanı çəkilmiş videogörüntülərin əks olduğu disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə o cümlədən itirilmiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. X11 mülki iddia ərizəsində maddi ziyana görə 25000 manat, mənəvi ziyana görə 30000 manat və əldən çıxmış faydaya görə 15000 manat olmaqla cəmi 70000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Zərərçəkmiş şəxs1 bakalavr və magistr təhsilinə ümumilikdə 10050 manat, dəfn mərasimə 15000 manat xərc çəkdiyi üçün ona ümumilikdə 25000 manat maddi ziyan dəymişdir. Bundan başqa, oğlu hər ay 800 manatlıq əmək haqqısından onlara 500 manat pul verəcəkdi, buna görə əldən çıxmış faydaya görə 15000 manat, mənəvi ziyana görə 30000 manat, həmçinin ödənilmiş dövlət rüsumunu tələb edir. Məhkəmə qeyd olunan mülki iddia ilə bağlı zəruri araşdırma aparıb bu qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 mülki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X4 Əlirza Mirmehti oğlunun bakalavr və magistr təhsilinə ödədiyi ümumilikdə 10050 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Mirmehti Murtuzayevin ödədiyi təhsil haqqı müqabilində onun oğlu Zərərçəkmiş şəxs1 ali təhsil müəssisəsində ödənişli əsaslarla təhsil almışdır. Məhkəmə bununla bağlı ödənilmiş təhsil haqqının məhz maddi ziyan kimi qiymətləndirilərək onun mülki iddia üzrə təqsirləndirilən şəxsdən tutulmasını əsaslı hesab etmir. Bundan başqa, əldən çıxmış faydaya görə ona 15000 manat pul ödənilməsi tələbinə dair zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Mirmehti Murtuzayevin iddia tələbi ilə bağlı qənaətə gələrkən məhkəmə mülki qanunvericiliyin zərərlə bağlı müddəalarının tələblərini nəzərə alır və qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu səbəbdən iddia tələbinin bu hissəsini də əsaslı hesab etmir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Mirmehti Murtuzayevin oğlunun dəfn mərasiminə çəkdiyi 15000 manat xərcin Təqsirləndirilən şəxs tutulmasına dair iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin dəfninə çəkilən xərc şəklində özünü göstərən maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur. Bununla belə, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Mirmehti Murtuzayevin dəfn mərasimə 15000 manat xərc çəkdiyini göstərsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Amma məhkəmə hesab edir ki, dəfn xərcləri ilə bağlı hissədə iddia tələbi qismən, yəni ağlabatan (real) məbləğdə - 5000 manat həcmində təmin edilməlidir. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə əlaqədar qeyd edir ki, iddia tələbində dəymiş mənəvi zərərin məbləği çox göstərildiyindən real qiymətləndirilmir, bu səbəbdən Mirmehti Murtuzayevin iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Qeyd olunan Qərarda göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, baş vermiş hadisə nəticəsində oğlunu itirmiş hüquqi varis X2, məyusluq, narahatlıq, əsəb gərginliyi keçirməsi təbiidir. Məhkəmə, təqsirləndirilən şəxsin əməli nəticəsində zərərçəkmiş şəxsin (mülki iddiaçının) həm də mənəvi sarsıntı keçirdiyini müəyyən edilmiş hal kimi qəbul edərək iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab edir. Buna görə də iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə 7000 (yeddi min) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş cəmi 303 (üç yüz üç) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq X7 ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 121). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində isə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Rza oğlu tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Rza oğlunun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X13 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15.11.2013-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X5 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı dəfn xərcləri ilə əlaqədar 5000 (beş min) manat, mənəvi zərərlə bağlı 7000 (yeddi min) manat - cəmi 12000 (on iki min) manat və ödənilmiş 303 manat dövlət rüsumu tutularaq X7 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutlar: - “Chevrolet Cruze” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin X6 qaytarılması nəzərə alınsın; - Zərərçəkmiş şəxs1 meyitinin qəbirdən çıxarılması zamanı çəkilmiş videogörüntülərin əks olduğu disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi Rza oğlu üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-734/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-734/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver