Məhkəmə qərarları › İş №1(101)-734/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-734/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-734/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2ş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,195 qram, 0,121 qram, 0,206 qram, 0,104 qram, 0,202 qram, 2,554 qram, 0,456 qram, 0,463 qram, 1,113 qram 0,082 qram, 0,079 qram, 0,089 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 5,664 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş, şalvarının arxa sol cibində “Kent” markalı siqaret qutusunun içərisində daşıyaraq üzərində saxlamış, 12 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev 16 A ünvanının qarşısında Səbail rayon Polis İdarəsinin X1 və Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli şalvarın arxa sol cibində “Kent” markalı siqaret qutusunun içərisindən 12 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar - 5,664 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, arada narkotik vasitələrdən istifadə edir. 12 sentyabr 2022-ci il tarixdə siqaret almaq üçün yaşadığı evdən çölə çıxmışdır. Bu vaxt beş-altı nəfər şəxsin onun üstünə gəldiyini görmüşdür. O, həmin şəxslərin əvvəllər onunla düşmənçilik edən adamlar olduğunu zənn edib onlara müqavimət göstərməyə başlamışdır. Elə düşünmüşdür ki, təxminən bir ay əvvəl dava etdiyi şəxs tərəfindən onun üstünə göndərilmiş adamlardır. Bu beş-altı nəfərdən dəqiq xatırlayır ki, elə yaxınlaşan kimi üç nəfərini vurmuşdur. Amma az sonra məlum olmuşdur ki, bu şəxslər polis əməkdaşlarıdır. Bu şəxslər ona fiziki təsirlər göstərərək onu Polis İdarəsinə aparmışlar. Orada onu 48 saat qonaq kimi saxlayacaqlarına və barəsində 234.1ci maddə ilə rəsmiləşdirmə aparılıb buraxılacağını vəd verib sənədlərə imza etdirmişlər. O da arada narkotik vasitə istifadə etdiyi üçün razılaşıb sənədləri imzalamışdır. Onun həmin gün üzərində narkotik vasitə olmamışdır. O, ümumiyyətlə narkotik vasitələrin satışı ilə də məşğul olmamışdır. Məhkəmədən bütün bu halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini, istifadəçi kimi məhkum olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o,ailə üzvləri ilə birlikdə 2013-cü ildən Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev 16 A ünvanında yaşayır. 2018-ci ildən narkotik vasitə istifadə edir, sonuncu dəfə 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında “kakos” adlanan narkotik vasitə heroini çəkərək qəbul etmişdir. Belə ki, 11 sentyabr 2022ci il tarixdə özü üçün istifadə etmək məqsədi ilə əvvəllər iran vətəndaşı kimi tanıdığı Tofiq adlı şəxsdən onlayn qaydada 75 manata “kakos” adlanan narkotik vasitə olan heroini almış, həmin narkotik vasitəni üzərində saxlayaraq daşımışdır ki, evinə getdikdə gizli bir yerdə tək çəkərək istifadə etsin. 12 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində o, tək Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev 16 A saylı evin qarşısında olarkən oradan keçən 4 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, onun narkotik vasitələrin qəbulunda və saxlanmasında şübhəli bildiklərini deyərək Səbail rayon Polis İdarəsinə dəvət etmişlər. O da üzərində narkotik vasitə bükümləri olduğundan və əməlinin də ifşa olunduğunu başa düşüb polis əməkdaşları ilə razılaşıb birlikdə Səbail rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində polis əməkdaşı tərəfindən onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edib təqdim etmişlər, vəkilin iştirakı ilə videoçəkiliş apararaq onun üzərinə şəxsi axtarış aparılmasına dair qərarla tanış etmişlər və hüquqlarını izah etdikdən sonra baxış keçirərkən ona üzərində olan əşyaları çıxarıb təqdim etməyi təklif edilmişdir. O da əynindəki boz rəngli şalvarın arxa sol cibindəki 01 ədəd “Kent” markalı siqaretin qutusunu çıxarıb könüllü olaraq masanın üzərinə qoymuş, sonra polis əməkdaşı tərəfindən həmin siqaret qutusunun içərisinə baxış keçirilərkən qutunun içərisində 5 ədəd siqaret dənəsi, 5 ədəd yaşıl rəngli sellofana bükülmüş, 6 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş və 1 ədəd adi ağ kağıza bükülmüş “kakos” adlanan narkotik vasitə olan heroin kütləsi olan büküm aşkar edilmişdir. Polis əməkdaşları həmin bükümdəki maddələr barədə sorğu-sual apararkən, o, həmin maddələrin ona məxsus olmasını və bir gün əvvəl Tofiq adlı İran vətəndaşından aldığını bildirmişdir. Sonra polis əməkdaşı həmin bükümləri boş zərfə qoyub möhürləmiş,üzərinə baxış keçirilməsi barədə protokol tərtib etmiş, həmin protokol ucadan oxunduqdan sonra zərf və protokol o və baxışda iştirak edən müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanmışdır. O,üstündə olan narkotik vasitə heroini özü çəkərək qəbul etmək üçün üzərində gəzdirdiyini, həmin maddəni satmaq fikrinin olmamasını və heç bir zaman satmamasını, etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını bildirmişdir (cild 1, iş vərəqə 63). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 12 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində Nicat adlı şəxsin narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə rəhbərliyə raportla məruzə edilmiş və X2 Bölməsi və Cinayət-Axtarış şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra X1 əməliyyat müvəkkili Şahid1 rəhbərliyi, əməliyyat müvəkkili Şahid2, onun və Cinayət-Axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs müəyyən edib ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 12 sentyabr 2022-ci il tarixdə,saat 18 radələrində ünvan 4 ünvanının yaxınlığına gedib orada mövqe tutaraq gözləmişlər. Müəyyən vaxtdan sonra zahiri görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsi müəyyən edib əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin şəxsə yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib vəsiqələrini təqdim edərək həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. İlk anda Nicat yayınmaq niyyətində olsa da onlar buna imkan verməmişlər. Sonra Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olunduğunu bildirərək onu Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Polis İdarəsinə getmişdir. İdarədə fakla bağlı müvafiq araşdırma və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla müvafiq qərar qəbul edilməsi təhqiqatçıya həvalə edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlamazdan öncə Təqsirləndirilən şəxs paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədlər varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın arxa sol cibindən bir ədəd üzərində "Kent” yazısı olan siqaret qutusunu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən əlavə axtarış aparılmış və başqa heç bir əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən siqaret qutusu açıldıqda içərisində 05 ədəd siqaret dənəsi, 6 ədəd siqaretin gümüşü rəngli kağız bükümü, 05 ədəd yaşıl rəngli sellofan bükümü və 01 ədəd adi kağız parçası bükümü aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddələrin “kakos” adlanan narkotik vasitə heroin olmasını, özünün qəbul etməsi üçün 11 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində telefon vasitəsilə əlaqə saxladığı İran vətəndaşı olan Tofiq adlı şəxsin göndərdiyi bank kartına 75 manat pul göndərərək onlayn yolla almasını və Tofiqin izah etdiyi yerdən gedib həmin narkotik vasitəni götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs Tofiq adlı şəxslə görüşmədiyini və onu tanımamasını, aldığı narkotik maddəni özü qəbul etmək üçün ayrı-ayrı bükümlərə bölüb üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş 12 ədəd narkotik vasitəyə oxşar maddənin bükümləri bir ədəd boş zərfə qoyulub möhürlənmiş, həmin zərf o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzaİanmışdır. Saxlanarkən Təqsirləndirilən şəxs onlara hər hansı xəsarət yetirməmiş, həmin andakı davranışını saxlanan şəxsin edə biləcəyi mümkün hərəktlər kimi qəbul etmişlər. Təqsirləndirilən şəxs qarşı isə onların tərəfindən hər hansı təsir və təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin digər əməkdaşları Şahid4, Şahid5 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadələri elan olunaraq tədqiq olunmuş Şahid1 və Şahid2 da Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 95-96, 97-98). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın arxa cibində bir ədəd üzərində “Kent” yazısı olan siqaret qutusunu çıxardıb təqdim etmişdir. Həmin qutunun içərisinə baxış zamanı 05 ədəd yaşıl rəngli sellofan büküm, 06 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm və 01 ədəd adi kağıza bükülmüş büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “kakos” adlanan narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni özü istifadə etməsi üçün onlayn yolla 75 manata İran vətəndaşı olan Tofiq adlı şəxsdən aldığını və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində daşın dibindən götürdüyünü bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-34, 61-62). Məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 6/5129 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №171” möhür əksi, “Təqsirləndirilən şəxs..” və s.sözlər, imzalar elan zərfdəki 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,195 qram, 0,121 qram, 0,206 qram, 0,104 qram, 0,202 qram, 2,554 qram, 0,456 qram, 0,463 qram, 1,113 qram 0,082 qram, 0,079 qram, 0,089 qram ümumi təmiz çəkiləri 5,664 qram qəhvəyi rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 12 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 5,544 qram təşkil etmişdir (cild 1, iş vərəqə 39-43). Diskə baxış keçirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan mesajlara baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 21:52:33-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Salam brat hecne yoxdu quragligdi seni yigacam brat”, həmin günü saat 21:53:28-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Dilxorculugdu olenler goru", xx.xx.2022-ci il tarixdə saat 21:55:24-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa iki saat dedin günortadan bele niye eliyirsenki lomka nedi bilirsen axi qaqa”, həmin günü saat 22:01:22-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Meni arxayin eliyib indide deyirsenki quraxlixdi”, həmin günü saat 22:02:05-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Ay qaqa hec olmasa teli ac yiganda”, həmin günü saat 22:03:09-də ***-***-**-** saylı nömrədən ***-***- **-** saylı nömrəyə “Ay qardawim quzu keserem eger mende nese varsa hec bir ozune hormet qoyan oglani lomkada qoymaram ana qebri kankret veziyyet yaxci deyil cunki uge burdan”, həmin günü saat 22:03:17-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “mehleden yaxci iy gelmir meni tutacaglar yada getdiyim yerde kimse cindirlig edib arxadan vuracag bawuva donerem uge naqillig edib qapiya gelirler o evd”, həmin günü saat 22:03:23-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “e men olmuram”,xx-xx-2022-ci il tarixdə saat 05:25:24-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “VELE ELEME DE ELİMDE AXİRİNCİ PATİSİNİ VERdim boğuluram mene bisEY”, həmin günü saat 05:25:28-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “TESİL ET DERMAN VER HEC OLMAYA AXSAM 20 30” , həmin günü saat 05:44:42-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “acda olmadi seninki nicat agriyam colani cekmirem die derman verde”, “acda teli ureyim gedir belede pis oluram”,həmin günü saat 05:50:59-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “neyse men sirtig deyilem hormet artig olsun” məzmunlu mesajların göndərilməsi aşkar edilmişdir(cild 1, iş vərəqə 114-121). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 sentyabr 2022-ci il tarixli, 5471 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 126-127). İbtidai istintaq orqanının 05 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 136-137). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin 06 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 11 mart 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci, 134-cü, 150.2.1-ci, 150.2.5-ci, 180.3.1-ci, 182.3.1-ci, 329.2.1ci, 332.2,1-ci, 332.2.2-ci və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 12 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 105-106). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, saxlanılarkən üzərində narkotik vasitənin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək peşman olmasını, məhkumluğunun olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 12 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 68-71). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,544 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 40,160). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,544 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına vəkil X5 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar