Məhkəmə qərarları › İş №1(101)-735/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-735/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-735/2022 15.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X10 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1973-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü madəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi İlə qanunsuz olaraq, 07 (yeddi) ədəd şəffaf rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 38,540 qram, 0,615 qram, 0,408 qram, 0,555 qram, 0,504 qram, 0,546 qram və 437 qram olmaqla ümumi təmiz çəkisi 41,605 qram, yəni külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr halında, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, 5-ci döngədə yerləşən “OBA” marketin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 3-cü Polis Şöbəsinə dəvət olunmuş və orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən əynindəki qara rəngli, dəri, qısa qollu gödəkcənin sağ iç cibindən 01 ədəd göy rəngli sabun qabının içərisində olan 07 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi- 41,605 qram olmaqla külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər qəsdən adam öldürmə cinayəti törətdiyinə görə məhkum olmuş, 2006-cı ildə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. Hazırki iş üzrə tutulmamışdan əvvəl həyat yoldaşı Şahnaz Novruzovavə birgə nikahlarından olan 14 yaşlı qızı ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Əvvəllər narkotik vasitə marixuanadan istifadə etsə də, artıq 20 ildən artıqdır ki, heç bir narkotik vasitə və ya psixotrop maddədən istifadə etmir. Hazırki ittihamla razı deyil. İbtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini təsdiq etmir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 12:45 radələrində o, azyaşlı qızı Leylanı orta məktəbə apardığı zaman avtomobilini “Oba” marketin qarşısında saxlayaraq dükana girib qızına yemək almaq istədikdə özlərini polis əməkdaşları kimi təqdim etmiş 3 nəfər mülki geyimdə olan tanımadığı şəxs yaxınlaşaraq onu marketin qarşısında olan “Niva” markalı avtomobilə əyləşdirib səbəbini göstərməməklə onun Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Bu zaman qızı polis əməkdaşlarının bu hərəkətlərindən ağlamağa başladığına görə polis əməkdaşları onu da avtomobilə əyləşdirmişdilər. O, həmin şəxslərdən uşağı məktəbə aparıb düşürməyi xahiş etmiş, polis əməkdaşları isə onu evə aparmağı təklif etmişlər. Həmin vaxt o, qızı və adını sonradan bildiyi İntiqam adlı polis əməkdaşı ilə birlikdə avtomobilin arxa oturacağında, Anar adlı polis əməkdaşı isə qabaq oturacaqda əyləşmişlər. Avtomobili idarə edən şəxsin adını bilmir. Yaşadığı evə çatdıqdan sonra sürücü avtomobili evin qarşısında saxlamış və onlar, həyətə daxil olmuşlar. Həmin vaxt polis əməkdaşları həyətin giriş darvazasından sol tərəfdə olan təkərin içərisinə baxmışlar. Bundan sonra avtomobili idarə edən tanımadığı şəxs ondan nərdivan istəmiş, o da həyətdə olan nərdivanı ona vermişdir. Bu zaman həmin şəxs nərdivanı həyətdə olan kombi aparatına söykəyərək yuxarı qalxmış və oradan göy rəngli sabun qabı götürüb düşmüşdür. Həmin vaxt o, aşkar olunmuş sabun qabının orada olmasından xəbərsiz olduğunu və ona məxsus olmadığını bildirərək, sabun qabının içərisində olanları ona göstərilməsini polis əməkdaşlarından xahiş etmişdir. Bu zaman polis əməkdaşları ona sabun qabının içərisində olanları polis bölməsində ona göstərəcəklərini bildirmişlər. Həmin vaxt həyat yoldaşı və azyaşlı qızı da baş verənlərin şahidi olmuşlar. Bundan sonra polis əməkdaşları onu avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Polis bölməsinə gəldikdən sonra ikinci mərtəbədə yerləşən otaqlardan birində polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirərək, ondan göy sabun qabının içərisində olan narkotik vasitələrini haradan aldığını soruşduqda, o, həmin sabun qabının və içərisində olan maddələrin ona aidiyyəti olmadığını bildirmiş və sabun qabının üzərində onun əl barmaq izlərinin olub-olmamasının yoxlanmasını xahiş etmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən ağır təhqirlərə və işgəncələrə məruz qalmışdır. Həmin vaxt o, qətiyyətlə həmin sabun qabının ona aid olmadığını bildirdikdən sonra Anar adlı polis əməkdaşı ona “əgər narkotik sənin deyilsə, deməli sənin yoldaşınındır”, “gətirib yoldaşını içəri həbsə salacağıq” kimi ifadələr işlətmişdir. Həmin vaxt o, polis əməkdaşının sözlərinə əhəmiyyət verməsə də, təxminən yarımsaat sonra həyat yoldaşının polis bölməsində olduğunu görmüşdür. Bu zaman o, polis əməkdaşının dediklərindən və cəmiyyət içində biyabır olacağından qorxaraq onların dedikləri ilə razı olaraq, Anar adlı polis əməkdaşından həyat yoldaşını sərbəst buraxmağı xahiş etmiş və onlara lazım olan sənədləri imzalayacağını bildirmişdir. Daha sonra İntiqam adlı polis əməkdaşı göy rəngli sabun qabını əynində olan gödəkçənin sağ iç cibinə qoymuş və ona izah olunmuşdur ki, videoçəkiliş aparılmaqla üzərinə baxış keçiriləcəyi zaman o, həmin maddəni təqdim edib ona məxsus olduğunu etiraf etməlidir. Bundan sonra İntiqam və Anar adlı polis əməkdaşlarının təlimatı ilə aparılan çəkiliş zamanı dəvət olunmuş vəkilin iştirakı ilə o, polis əməkdaşları tərəfindən gödəkcəsinin sağ cibinə qoyulmuş göy rəngli sabun qabının içərisindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitəni 3 gün öncə Binə qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi İran İslam Respublikası vətəndaşından aldığını bildirmiş və daha sonra ona təqdim olunmuş sənədləri oxumadan imzalamışdır. xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildiyi zaman o, məhkəmə iclasında bütün baş verənləri olduğu kimi demiş və polis əməkdaşları tərəfindən işgəncələrə və təhqirlərə məruz qaldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş sənədlərdə onun polis əməkdaşları tərəfindən saat 18:00 saatlarında saxlanılaraq daha sonra polis bölməsinə aparılması göstərilsə də, bunlar həqiqətə uyğun deyil. O, Anar və İntiqam adlı polis əməkdaşları tərəfindən “Oba” marketin qarşısında saxlanıldığı zaman saat 12:45 radələri olmaqla, həmin vaxt polis əməkdaşlarından başqa bir nəfər avtomobili idarə edən adını bilmədiyi şəxs də orada olmuşdur. Hesab edir ki, narkotik vasitələrin olduğu həmin sabun qabı onun həyətinə polis əməkdaşları ilə əlbir olan şəxs tərəfindən kombinin üzərinə qoyulmuşdur. O, polis əməkdaşları tərəfindən bölməyə gətirildiyi zaman üzərində yalnız “Mi” markalı telefon, pul və siqaret olmuşdur. Son olaraq bildirir ki, o, narkotik vasitələrin istifadəçisi deyil və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmin hərəkətləri özündə əyani olaraq əks etdirməklə iş materiallarına əlavə edilmiş bir ədəd DVD diskdə olan videogörüntülər və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə dindirilərkən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Təxminən 15 il olar ki, narkotik vasitələrə aludə olmuş və arada bir öz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən pul müqabilində narkotik vasitə alıb istifadə etmişdir. Narkotik vasitələrə qurşanma səbəbi ətrafmdakı şəxslərin təsiri olmuşdur. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə səhər saat 13:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Südçülük Sovxozu adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün yeddi büküm narkotik vasitə “heroin” almışdır. Aldığı narkotik vasitəni 01 ədəd göy rəngli sabun qabının içərisinə qoyub əynindəki qara rəngli, dəri, qısa qollu, gödəkçəsinin sağ iç cibinə qoyub üzərində gəzdirmişdir. 03 gün sonra yəni, xx.xx.2021 -ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, 5-ci döngədə yerləşən “OBA” marketin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda o da polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə könüllü olaraq 3-cü polis bölməsinə gəlmişdir. Orada olan zaman polis əməkdaşları ona bildirmişlər ki, o narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün polis şöbəsinə gətirilmişdir. Bölmədə olarkən hüquqlarının müdafiəsindən ötrü bölməyə müdafiəçi dəvət etmişlər. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı polis əməkdaşları tərəfindən əvvəlcə ona təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o qara rəngli, dəri, qısa qollu gödəkçəsinin sağ iç cibindən içərisində 07 büküm narkotik vasitə olan 01 ədəd göy rəngli sabun qabını çıxarıb təqdim edərək həmin qabın içərisində narkotik vasitə olan heroin olduğunu, və həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Südçülük Sovxozu adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi 07 ədəd bükümdə narkotik vasitə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış davam etdirilən zaman üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs hazırki iş üzrə tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirində əvvəl tanımamışdır. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində daxil olmuş məlumat əsasında Xəzər rayon polis İdarəsinin 3-cü Polis Bölmsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən “Oba” marketin qarşısında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında qız övladı olduğuna görə, onlar uşağı evə aparmışlar və bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən polis bölməsinə gətirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş aparılmaqla müdafiəçi və Şahid2 iştirakı ilə Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı, Rəhman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli, dəri, qısa qollu gödəkçənin sağ iç cibindən içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, tozşəkilli maddələr olan göy rəngli sabun qabını çıxarıb təqdim edərək həmin 7 ədəd bükümün içərisində narkotik vasitə heroin (kokos) olduğunu, həmin narkotik vasitələri təxminən 3 gün bundan öncə Binə qəsəbəsi, Südçülük Sovxozunda adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Cəbiyevin təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən əyani baxış keçirildikdə 07 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə hesab olunan heroinə bənzər maddə olduğu müəyyən olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin özünə aid olub-olmamasını və özünə qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı aşkar edilmiş bükümləri 01 ədəd zərfdə qablaşdırmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs haqqında əməkdaşı olduğu idarəyə, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat qanunsuz olaraq satış məqsdədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması ilə bağlı olmuşdur. Məlumatın əməliyyat axtarış tədbiri keçirilməsindən neçə gün öncə daxil olmasını dəqiq xatırlamır. Keçirilmiş əməliyyat axtarış tədbiri onun rəhbərliyi ilə Xəzər rayon polis İdarəsinin 3-cü Polis Bölmsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hansı miqdarda narkotik vasitə olması barədə əvvəlcədən məlumatları olmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən “Oba” marketin yaxınlığında saxlanıldığını xatırlasa da, həmin vaxt Rövşənin hansı nəqliyyat vasitəsi ilə həmin əraziyə gəldiyini bilmir. Həmin vaxt Rövşənin yanında məktəbli yaşlarında olan qızının olmasını xatırlayır. Həmin vaxt onlar tərəfindən məqsədə müvafiq hesab edilmədiyindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman ətrafda başqa şəxslərin olmağını xatırlamır. Onlar polis bölməsinə gəldikləri zaman saat təxminən 18:00 olmuşdur. Təqsirləndirilən şəxs polis bölməsinə gətirdikləri zaman avtomobilin kimin tərəfindən idarə olunduğunu hazırda xatırlamır. Üzərinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşından aldığını, sonuncu ilə WhatsApp vasitəsilə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı narkotik vasitədən başqa aşkar olunmuş digər əşyaları xatırlamır. Rövşənin həyat yoldaşına tutulmağı ilə bağlı məlumatın kim tərəfindən verildiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs hazırki iş üzrə tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirində əvvəl tanımamışdır. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində daxil olmuş məlumat əsasında Xəzər rayon polis İdarəsinin 3-cü Polis Bölmsinin əməliyyat müvəkkili X1 ilə birlikdə keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən “Oba” marketin qarşısında saxlanılmışdır. Həmin vaxt yanında qız övladı olduğuna görə onlar hər ikisini avtomobilə əyləşdirərək əvvəlcə uşağı evə aparmışlar, daha sonra isə Təqsirləndirilən şəxs saat 18:00 radələrində Xəzər rayon polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirmişlər. Həmin vaxt avtomobilin kim tərəfindən idarə olunduğunu hazırda xatırlamır. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və o, həmin vaxt könüllü olaraq 07 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, tozşəkilli maddələr olan göy rəngli sabun qabını çıxarıb təqdim etmiş və həmin narkotik vasitələri bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyaları hazırda xatırlamır. Bundan sonra təhqiqatçı tərəfindən müvafiq sənədləşmə işləri aparılmış və onlar protokola imza etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasından təminən bir həftə əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə idarəyə Baş Narkotiklərlə Mübarizə İdarəsindən məktub, həmçinin Binə qəsəbəsinin sakinləri tərəfindən də bir neçə dəfə şifahi məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs konkret olaraq hansı növ narkotik vasitələrin üzərində gəzdirməsi və ya dövriyyəsi ilə məşğul olması barədə əvvəlcədən məlumatları olmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən “Oba” marketin qarşısında saxlanıldığı zaman orada Qazel markalı avtomobil olmuş, lakin həmin avtomobilin Təqsirləndirilən şəxs məxsus olması onlara sonradan məlum olmuşdur. 13 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həyat yoldaşını polis bölməsində görməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı olmaqla, Rövşənin hazırki iş üzrə tutulmamışdan əvvəl onlar birgə nikahlarından olan Leyla adlı qızları ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar. 13 oktyabr 2021-ci il saat 12:00 radələrində Rövşən övladları Leylanını məktəbə aparmaq üçün evdən çıxmışdır. Bir müddət sonra Rövşən qızları Leyla və mülki geyimdə olan polis əməkdaşları ilə “Niva” markalı avtomobillə gələrək yaşadıqları evin həyətinə daxil olmuşlar. Həmin vaxt polis əməkdaşlarından biri həyətdə olan kombi aparatının üzərindən bir ədəd sabun qabı aşkar etmişdir. Bu zaman polis əməkdaşları sabun qabının içərsində nə olduğunu onlara deməmişlər və onların polis bölməsinə getməli olduqlarını bildirmişlər. Saat 13:00 radələrində həyat yoldaşı Rövşən polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Bir müddət sonra polis əməkdaşları gəlib onu da ağ rəngli “Niva” markalı avtomobillə polis bölməsinə aparmışlar. Polis bölməsinə gətirildiyi zaman Rövşən ona 170 manat pul, avtomobilin açarını və mobil telefonunu vermək istədiyi zaman, polis əməkdaşları mobil telefonu götürərək, istintaq üçün əhəmiyyətli olduğunu bildirmişlər. Rövşən polis bölməsinə aparıldıqdan sonra o, qızı Leylanı məktəbə aparmışdır. Rövşən saxlanıldığı zaman avtomobili “Oba” marketin qarşısında qaldığı üçün o, avtomobilin açarını Ceyhuna vermişdir ki, avtomobili sürüb evə gətirsin. Rövşənlə artıq 15 il nikahda olmaqla, həmin müddət ərzində həyat yoldaşının narkotik vasitələrin istifadə etməsi və ya satmağının şahidi olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. 13 oktyabr 2021-ci il günorta vaxtları çörək almaq üçün marketə gedən zaman Rövşənın qızı Leyla ona yaxınlaşaraq atasının polis əməkdaşları tərəfindən bölməyə aparıldığını bildirmişdir. O, Rövşənin mobil nömrəsinə zəng etdikdə, Rövşənin telefonu sönülü vəziyyətdə olduğundan o, Rövşəngilin yaşadıqları evə getmiş və qapılarının bağlı olduğunu görmüşdür. Həmin vaxt o, 3-cü polis bölməsinə getmiş və polis əməkdaşlarından dayısının orada olub olmamasını soruşduqda, polis əməkdaşları ona Rövşənin orada olmasını və həyat yoldaşından izahat alacaqlarından sonra hər ikisini sərbəst buraxacaqlarını bildirmişlər. Bundan sonra dayısını yoldaşı Şahnaz Rövşənin idarə etdiyi avtomobilin açarını ona vermiş və ondan Rövşənin avtomobilini “Oba” marketin qarşısından götürüb yaşadıqları evə sürüb gətirməsini xahiş etmiş, o da təxminən saat 16:00 radələrində avtomobili onların evinə gətirmişdir. Bir neçə gün sonra polis əməkdaşları ona zəng edərək Rövşənə hansı səbəbdən zəng etdiyini soruşmuşlar. Dayısının narkotik vasitələrdən istifadəsi etməsi və ya satması ilə məşğul olması barədə məlumatı yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 13 oktyabr 2021-ci il tarixdə saat 13:00-da o, nahara gedən zaman Rövşənin yaşadığı evin qarşısından keçdikdə evin qarşısında çoxlu adamların toplaşdığını görmüşdür. Həmin vaxt o, orada olanlardan nə baş verdiyini soruşduqda, ona Rövşənin polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldığını bildirilmişdir. Bundan sonra o, öz evinə getmişdir. Bir müddət sonra o, Rövşənin yaşadığı evin qarşısına qayıtmış, lakin evdə heç kimin olmadığını görmüşdür. Həmin vaxt ona bildirmişlər ki, Rövşənin həyat yoldaşı Şahnazı da polis bölməsinə aparmışlar. O, Rövşənə məxsus “Qazel” markalı avtomobilin “Oba” marketin qarşısında dayandırıldığını görmüşdür. Daha sonra həmin avtomobilin Rövşənin qardaşı oğlu Ceyhun tərəfindən saat 16:00 radələrində Rövşəngilə aparıldığını öyrənmişdir. Rövşənin narkotik vasitələrin istifadə etməsi və ya satışı ilə məşğul olması haqqında məlumatı yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Binə qəsəbəsində “Oba” marketin yaxınlığında yerləşən meyvə mağazalarının birində satıcı işləyir. Hazırda xatırlamadığı tarixdə təxminən saat 12:00 radələrində o, 3 nəfər ağ rəngli geyimdə olan polis əməkdaşının Təqsirləndirilən şəxs ağ rəbgli “Niva” markalı avtomobilə əyləşdirərək apardıqlarının şahidi olmuşdur. Belə ki, Rövşənin polis əməkdaşları tərəfindən saxlanıldığı yerlə onun işlədiyi mağaza arasında təxminən 10-15 metr məsafə var. Həmin vaxt o, orada Təqsirləndirilən şəxs avtomobilini görməmişdir. Rövşən Cəbiyebin narkotik vasitələrdən istifadəsi etməsi və ya satması ilə məşğul olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 13 oktyabr 2021-ci il tarixdə, saat 18:40 dəqiqədə Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə tutulmuş, tutulmanın əsasları kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 13 oktyabr 2021-ci il tarixdə, saat 18:00 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, 5-ci döngədə yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə gətirilməsi göstərilmiş, Təqsirləndirilən şəxs tutulduğu vaxt azadlığının məhdudlaşdırıldığı 13 oktyabr 2021-ci il tarixi, saat 18:00 olaraq nəzərə alınmışdır (cild 01, iş vər.22). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərarla tanış edilmiş və Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri, qısa qollu, gödəkçənin sağ iç cibindən içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan göy rəngli sabun qabını çıxarıb təqdim edərək həmin 07 ədəd bükümün içərisində narkotik vasitə kakos(heroin) olduğunu, həmin narkotik vasitələri təxminən 03 gün bundan öncə Binə qəsəbəsi, Südçülük sovxozunda adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd zərfdə qablaşdırmışdır (cild 01, iş vər. 31-33). Məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 6/4555 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." yazısı və imzalar olan paketdəki 07 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 38,540 qram, 0,615 qram, 0,408 qram, 0,555 qram, 0,504 qram, 0,546 qram və 0,437 qram, ümumi təmiz çəkisi- 41,605 qram qəhvəyi rəngli tozşəkilii maddələr, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış, narkotik vasitə heroindir (cild 01, iş vər. 41-45). İşdə olan “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin içərisində 06 dəqiqə 34 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı, iştirakçıları və şəxsi axtarış keçirəcəyini elan edərək şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verir. Videogörüntünün 00:53-cü saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntünün 01:00-cı saniyəsindən etibarən əynindəki qara rəngli, dəri, qısa qollu gödəkçənin sağ iç cibindən içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olan göy rəngli sabun qabını çıxarıb təqdim edərək həmin 07 ədəd bükümün içərisində narkotik vasitə kakos(heroin) olduğunu, həmin narkotik vasitələri təxminən 3 gün bundan öncə Binə qəsəbəsi, Südçülük sovxozunda adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından aldığını bildirir. Videogörüntünün 01-ci dəqiqəsinin 15-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə təhqiqatçı tərəfindən əyani baxış keçirilir. Baxış zamanı 07 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edilir. Videogörüntünün 02:13-cü saniyəsindən etibarən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilir. Lakin iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilmir. Videogörüntünün 03:06-cı saniyəsindən etibarən müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirir. Videogörüntünün 04-cü dəqiqəsinin 20-ci saniyəsindən etibarən təhqiqatçı aşkar edilmiş bükümləri 01 ədəd zərfdə qablaşdırır. Videogörüntünün 06-cı dəqiqəsinin 33-cü saniyəsindən etibarən təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığım elan edərək videoçəkilişi dayandırmağı tələb edir (cild 01, iş vər. 60). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (cild 01, iş vər 61-62). Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(003)-414/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər 79-83). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 08 yanvar 2022-ci il tarixli tələbnamə arayışından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 95-ci maddəsi ilə təqsirli bilinmiş, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2006-cı il tarixdə Qobustan Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə 02 il 11 ay 11 gün müddəti vaxtından əvvəl şərti azad edilmişdir (cild 01, iş vər 168, 171-173). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5271 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 177-181). İşdə olan “cinayət işinin ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 07 ədə bükümdə, ümumi təmiz çəkisi 41,605 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin əldə edilməsi, saxlanılması və qanunsuz olaraq Təqsirləndirilən şəxs satılması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işinin ayrılmaqla, həmin cinayət işinin icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir (cild 01, iş vər. 224- 225). İşdə olan X2 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmamış övladı vardır (cild 01, iş vər. 261). Cinayət işinin materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 6(003)- 7/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməkdaşlarının hərəkətlərindən məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş şikayət rədd edilmişdir. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 13 oktyabr 2021-ci il tarixli protokolun və “Videogörüntüyə baxış keçirilməsi haqqında” 14 oktyabr 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə heroinin 2 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair protokolun məzmunu və həmin hərəkətləri özündə əyani olaraq əks etdirən videogörüntülər, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək, üzərində narkotik vasitələrin olmaması və heroinin polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətində olan kombi aparatının üzərindən aşkar edilərək sonradan onun üzərində olan gödəkçənin cibinə qoyulması və özünü narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı mövqeyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə heroinin 41,605 qram çəkidə olmaqla külli miqdarda olması və narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi əlamətlərini, məhkəmə iclasında da nümayiş etdirilməklə tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntülərlə, “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 oktyabr 2021-ci il tarixli protokol məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, həmin video görüntülərdən Təqsirləndirilən şəxs narkotik maddəni təqdim etməsindən sonra, ona verilən suallara cavab olaraq, təqdim etdiyi göy rəngli sabun qabının içərisində 07 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddələrin “kakos” (heroin) narkotik maddə olmasını, həmin narkotik vasitələri təxminən 3 gün öncə Binə qəsəbəsi, Südçülük sovxozunda adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikası vətəndaşından aldığını deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsinə, eləcə də polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin iddia etdiyi qanunsuz hərəkətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sadalanan mövqeyinə uyğun olaraq Daxili İşləri Nazirliyinin Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının Təqsirləndirilən şəxs məhkəmənin qərarı olmadan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində, eləcə də ona işgəncə verilməsi, qeyri-insani, ləyaqəti alçaldan digər amansız rəftara məruz qoyulmasında ifadə olunun hərəkətlərlə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, qeyd edilən məsələyə qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 6(003)-7/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə qiymət verilməklə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməkdaşlarının hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində yetkinlik yaşına çatmamış övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar,- Xəzər rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalan,- 41,395 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 13 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar,- Xəzər rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalan,- 41,395 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş 13 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar