Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-735/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:20 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, müdafiəçilər - “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi və X4, Azərbaycan-rus dilləri üzrə tərcüməçilər X5 və X1 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2nında kirayədə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncuya parket biznesi quracağı barədə yalan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə əhatə olunmaqla hissə-hissə olaraq 2021-ci ilin may ayından 2022-ci ilin yanvar ayına kimi olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs müvəqqəti yaşadığı evində sonuncunun ümumilikdə külli miqdarda əmlakını - 109000 (bir yüz doqquz min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs tanış usta Vüqarın vasitəsilə tanımışdır. O, bir il yarım Zərərçəkmiş şəxs evində işləmiş, hətta toyunda da iştirak etmiş, 5 manatlıq işi 3 manata etmiş, 2 mərtəbəli evi 18000 manatlıq olsa da 5000 manata təmir eləmişdir. Onların münasibətləri yaranıb deyə bir il yarım orda işləmiş, evdəki parket və mebel işini təmənnasız etmişdir. Süleymandan çox onun ailəsini görmüş, hətta anası onu oğlu kimi qəbul etmişdir. Əvvəllər balaca sexi olmuş, Süleymanla birlikdə iş görəndən sonra özünə də demişdir ki, “bizdə çətinlik oldu, işlər gecikdi, problemlər yarandı”. Sonra böyük bir fabrik götürmüş, rəsmi qaydada 24 işçisi olmuşdur. Bundan sonra xərcə düşmüşdür. Süleymana demişdir ki, “mən sənə indi ancaq 2000-3000 manat pul verə bilərəm”. Amma Süleyman razılaşmayıb ona 2000-3000 manat lazım olmadığını demişdir. Ondan sonra birinci dəfə Süleymana 4000 manat, ikinci dəfə işçisilə onun atasına 5000 manat vermişdir. Axırıncı dəfə Süleymanın evinə gedəndə ona 30000 manat pul gətirdiyini düşünmüş, ona 3000 manat verəndə Süleyman etiraz etmişdir. O, Süleymana “başqa cür alınmadı, mən sənə 3000 manatı verirəm,amma sən bunu borcdan çıxma, bilirəm sənə nə qədər ziyan vurmuşam” deyə bildirmişdir. Qalan pulu hissəvi şəkildə ödəyəcəyini desə də, amma Süleyman hissəvi şəkildə ödənməsini istəməmişdir. Süleymanın pulu ona verdiyini inkar eləmir. O, özü də belə bir hadisə baş verdiyi üçün vicdan əzabı çəkir. Onun Süleymanı aldatmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, Süleymandan 109000 manat yox, 97000 manat pul götürmüşdür. Onun 80000 manata yaxın borcu qalmışdır. O, Qarabağdakı otellərin parket işini görmək üçün tenderdə iştirak etmiş, amma udmamışdır. Süleymandan aldığı pulu istehsalata qoymuşdur. O, mebel, parket, pilləkən, qapı istehsal edir. Materialları Qəbələdən alır, bəzən isə Ukraynadan gətizdirir. Türkiyənin və İranın avadanlıqlarından istifadə edirlər. Avadanlıqlara 70000 manata yaxın pul xərcləmişdir. O, Zərərçəkmiş şəxs tenderə görə pulu o şərtlə almışdır ki, ilkin olaraq hazırlıq işləri görsün. O, aldığı pulla risk etmişdir. Süleymandan başqa digər şəxslərin də pulu ilə risk etmişdir. Hesab edir ki, heç kimin pulunu batırmamışdır, o pulları batmış hesab etmir. İndinin özündə də puldan imtina etmir və əgər Süleyman razılıq verərsə, öz işini başlayıb ayda təxminən 1000 manat olmaqla, bu məbləğ ətrafında onun pulunu qaytarmağa başlayar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Süleymanı tanışı usta Vüqarın vasitəsi ilə tanımışdır. 2021-ci ilin may ayında Vüqar ona bildirmişdir ki, qohumu Süleymana məxsus evdə taxta pol işi görmək lazımdır. Onun "xxxx" MMC şirkəti var, o, rəsmi olaraq həmin şirkətin təsisçisidir. Həmin şirkətin iş fəaliyyəti mebel istehsalatı və təmir-tikintidən ibarətdir. O, Vüqarla razılaşmış və həmin vaxt Süleyman xarici ölkədə olduğu üçün mobil telefon vasitəsi ilə danışıb görəcəyi işin hallarını ona başa salmış və razılaşmışlar ki, Süleymangilin yeni aldıqları evin ikinci mərtəbəsinin pol taxta işini görəcək. Razılıq əsasında təmir işləri başlanmış və o, hissə-hissə olmaqla təmir işləri görmüşdür. Süleymana məxsus evdə təmir işləri gördüyü zaman yalnız ikinci mərtəbənin pol taxtalarını ev sahibi özü əvvəlcədən almışdır. Lakin evdə və həyətindən gördüyü digər təmir tikinti işlərini Süleymanın ona verdiyi ümümi 100000 manat pulun qarşılıqlığında həmin tikinti materialları almışd, həm də işlər görmüşdür. Bu günki gündə də baxıb görmək olar ki, o, həmin 100000 manat pula Süleymanın evinin üç tərəfini ağlay etmiş, həyətində daşma hovuz tiktirib təmir etmiş, həyətə başdan başa tamet vurmuş, evin birinci mərtəbəsinə maya qiymətinə parket alıb döşəmişdir. Həmin təmir-tikinti işi ilə bağlı Süleymanın hissə-hissə göndərdiyi 100000 manat pulun qarışıqlığında bütün işlər görülümüş, hətta həmin işləri kənar şəxslər görmüş olardısa Süleymanın ortalama 150000 manat xərci çıxarmış. Bundan başqa 2021-ci ilin iyun ayında ona bildirmişlər ki, ucuz 22000 manata parket var, həmin parketi baha qiymətə satmaq olacaq. Onunda əlində maya pul olmadığı üçün bu təklifi Süleymana bildirmişdir ki, 22000 manat pul versin, təxmini 3 aya həmin paketi baha sataraq 30000 manat pulu Süleymana verəcək. Süleyman onunla razılaşmış və Sülemanın ona ailəsi ilə gödərdiyi 22000 manat pula həmin parketi alıb heç 3 ay olmadan sataraq 30000 manat pul əldə etmiş, bundan sonra Süleymana bildirmişdir ki, pul artıq ondadır. Həmin ərəfədə onların evində hələ də təmir getmiş və o, təklif etmişdir ki, onsuzda evdə işlər gedir istəyirsə təmirlə 30000 manatı ödəşsinlər. Bundan sonra təxminən 2021-ci ilin iyul ayında Süleyman Bakı şəhərinə gəlmiş və onlar görüşmüşlər. Həmin ərəfədə ona təklif olunmuş iş barədə Süleymana danışmışdır. Belə ki, 170000 manat pul əsasında Qarabağda «Konqo» şirkəti tərəfindən təmir işləri görüləcək və bir ildən sonra çəkilmiş xərcin əlavəsi olaraq 240000 manat pul götürəcəyini demişdir. Süleyman bildirmişdir ki, onda bu məbləğdə pul yoxdur, 70000 manat pul var. Oda Süleymana təklif etmişdir ki, parket alverindən əldə etdiyi və Süleymana məxsus 30000 manat pulu da verə biləcəyi digər 70000 manat pulun üzərinə və onun özündə olan 50000 manat pulu da üzərinə qoyaraq birgə biznes işi görsünlər. Sülemayan razılıq versə də sonradan «Konqo» şirkəti ilə iş birliyi alınmadığı üçün şirkətlə münasibətlər korlanmış və iş görməmişdir. Qərara gəlmişdir ki, əldə olan və Süleymanın göndərdiyi 70000 manat pulun üzərinə onda olan Süleymanın 30000 manat pulunu qoyub ümumi 100000 manat olmaqla şirkətində əlavə işlər görsün. Bu barədə Süleymanı da xəbərdar etmişdir ki, «pul abarodu qalxdıqca sənin pulunu tam qaytaracam». Lakin biznes fəaliyyətində yaranmış problemlərlə bağlı pul itkiləri daha da çoxalmağa başlamış və müflisləşməyə doğru getmişdr. Bunu baxmayaraq hissə-hissə olmaqla 14800 manat pulu Süleymana qaytarmış, qalan hissəsini də qaytaracağına söz vermişdir. Sonradan ona təklif etmişdir ki, hər ay 2000-3000 olmaqla Süleymana verməli olduğu puldan hissə-hissə verib pulunu qaytaracaq, lakin Süleyman onun təklifi ilə razı olmamışdır. Süleyman evinin təmir üçün hissə-hissə olmaqla ona ümumilikdə 100000 manat pul vermiş və həmin 100000 manat pula Süleymanın evinin üç tərəfini ağlay etmiş, həyətində daşma hovuz tikdirib təmir etmiş, həyətə başdan başa tamet vurmuş, evin birinci mərtəbəsinə maya qiymətinə parket alıb döşəmişdir. Süleymanın bildirdiyi kimi 140000 manat pul verməyib. Həmin pulları Süleymanın özünə məxsus pullar olmuş, pulları özü göndərmiş, ailə üzvləri və ya özü vermişdir (cild 1, iş vərəqə 82-84). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, X2 İllinois ştatında daşıma şirkətində işləyir. Əvvəl sürücü işləmiş, indi isə yükdaşıma ilə bağlı ofis işlərini görür. 7 ildir ki, Amerikada yaşayır, “Green card” ilə getmişdir. Gedəndən 6 ildən sonra Amerika vətəndaşlığını almışdır, eyni zamanda Azərbaycan vətəndaşılığı da qalır. Maksimlə 2021-ci ilin may ayında Vüqar adlı şəxs vasitəsilə tanış olmuşdur. Vüqar Maksimi yaxşı parket ustası kimi təqdim etmişdir. Maksim gəlib onların evində taxtaya baxış keçirmiş, taxtaların quru olduğunu, işə başlaya bilməsi üçün 3000 manat pul lazım olduğunu demişdir. O, evlərində çox iş olduğunu, bu işləri görə biləcəyi barədə Maksimə sual vemiş, Maksim də heç bir problem olmadığını, işləri özü birbaşa görməsə də, tanıdığı insanların olduğunu və onların bu işləri görə biləcəyini demişdir. 2021-ci ilin may ayında Maksim onların evində təmir işlərinə başlamışdır. Sonra iyun ayında ona zəng edib “əlimdə bir taxta var, 22000 manatlıq parketdir. Mən bunu baha qiymətə satacağam. Sən mənə 22000 manatı göndər, burada mənim də qazancım olacaq, 30000 manatı da sənə verəcəyəm” demişdir. O, həmin vaxt Amerikada olmuşdur. Maksim 2 aya taxtaları satacağını, onun pulunu avqust ayında qaytaracağını bildirmişdir. O da razılaşmış və 22000 manatı valideyni vasitəsilə Maksimə vermişdir. Maksim “bu işdən mənim də gəlirim olacaq, əlavə 8000 manatı da sənə verəcəyəm” demişdir. Daha sonra iyul ayında pulun ödənişinə az qalanda Maksim “daha yeni bir biznes var, Qarabağda otellər tikilir, orada mən özümə aparat, xammal alıb, parket istehsal edəcəyəm, otellərə parket verəcəyəm. Amma 170000 manat mənə pul lazımdır” deyə bildirmişdir. O da 170000 manat pulunun olmadığını, amma 100000 manat verə biləcəyini demişdir. O, Maksimə “30000 manat səndən alacağım var, 70000 manat da əlavə verərəm” demiş, Maksim də “heç bir narahatlığa səbəb yoxdur, bu, taxtadır, taxtaya nə ola bilər? Maksimum yana bilər, başqa nə ola bilər?” demişdir. O da Maksimlə razılaşmışdır. Maksim bu pulu 170000 manata çatdıracağını, ondan sonra bu işə başlayacağını və 1 il sonra ona avqust ayında 240000 manat pul verəcəyini demişdir. Maksim hər dəfə ona özünün rəsmi şirkətinin olduğunu, “Kanqo” adlı şirkətin Qarabağda azad edilmiş ərazilərdə işlər gördüyünü, oradakı adamının ona kömək edəcəyini, ona sadəcə aparat və xammal üçün pul lazım olduğunu bildirmişdir. O da razılaşmış və oktyabr-noyabr aylarında Makisimə pulu göndərməyə başlamışdır. Maksim yanvar ayında ona zəng edib “avqust ayına qədər gözləməyə ehtiyac yoxdur, gəl bir dənə də aparat alaq, bu işi mən ikiqat sürətləndirəcəm. Sənin pulunu fevral ayında verəcəyəm” demişdir. O da 30000 manat pulunun olmadığını, 10000 manat verə biləcəyini demişdir. Maksim də razılaşmış və “10000 manatı göndər, üstünü də mən özüm düzəldib, aparat alıb, işi ikiqat sürətləndirib, fevral ayında sənin pulunu verəcəyəm” demişdir. Daha sonra fevral ayında Maksimə zəng edib pulun nə yerdə qaldığını soruşmuş, Maksim də sabah, birisi gün verəcəyini demişdir. Təxminən 1-2 ay keçmiş, sonra isə Maksim gah “pul hesaba oturub, çəkə bilmirəm”, gah “yox, hesaba oturmayıb”, gah “şirkətin rəhbərinin atası rəhmətə getdi, onunla görüşə bilmədim”, axırda da “bu mənim planım idi, mən istədim işi ikiqat sürətləndirim ki, sən də pulunu alasan mən də. Onlar isə razılaşdımadı. Avqust ayında sənin pulu verəcəyəm” deyib müxtəlif bəhanələr gətirmişdir. Həmin vaxt o, Amerikada olmuş, sonra iyun ayında Bakıya gəlmişdir. O, Maksimlə görüşmüş, Maksim yazılı şəkildə ona nə qədər pul verəcəyini, bir neçə ayda hissə-hissə pulu verməyə başlayacağını qeyd etmişdir. Sonradan məlum olmuşdur ki, bütün bunlar hamısı tam yalan imiş, nə şirkət var, nə biznes var, nə avadanlıq var. Amma yenə gecikdirməyə, hər gün müxtəlif bəhanələr gətirməyə başlamışdır. O da Amerikada olduğuna görə bu işin üstünə çox düşə bilməmişdir. Maksim hələ də onu aldadıb aldığı pulunu qaytarmayıb. Ona vurulmuş ziyanın ödənilməsini, mülki iddiasının təmin olunmasını tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Süleyman Azərbaycan vətəndaşı olmaqla yanaşı həm də X7 vətəndaşıdır, şəxsi işləri ilə əlaqədar tez-tez Amerikaya gedib-gəlir. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayından tanıyır, onları parket ustası Vüqar tanış etmişdir. Oğlu Amerikada olduğu müddətdə Maksimlə mütəmadi olaraq telefonla əlaqə saxlayıb danışmışdır. Oğlu Maksimlə danışarkən ondan evlərinin digər təmir işlərini həyata keçirə biləcəyini soruşduqda Maksim tanıdığı ustaların olduğunu, həmin ustaların vasitəsilə evin bütün təmir işlərini həyata keçirə biləcəyini demişdir. 2021-ci ilin may ayından Maksim onların evində təmirə başlamışdır. Süleyman hissə-hissə bank vasitəsi ilə ya onun ya da digər oğlu Sənanın adına pul göndərmiş, o da Maksimə vermişdir. 2021-ci ilin iyun ayında Maksim Süleymana tanıdığı bir nəfər şəxsin 22000 manat dəyərində parket satdığını, həmin parketi ucuz qiymətə alıb 3 ay sonra baha qiymətə sata biləcəyini demişdir. Oğlundan bunun üçün 22000 manat pul istəmiş və 3 ay sonra parketi baha qiymətə sataraq ona 30000 manat pul qaytaracağına söz vermişdir. Süleyman Maksimin sözünə inanmış və ona Maksimə 22000 manat pul verməyini bildirmiş, o da 22000 manat pul vermişdir. 2021-ci ilin iyul ayında oğlu Bakıya gəlib Maksimlə görüşmüş və Maksim oğluna yenə bir gəlirli işinin olduğu və bunun üçün 170000 manat pul lazım olduğunu demişdir. Oğlu Maksimdən həmin işin nədən ibarət olduğunu soruşduqda Maksim tanışlarına məxsus “Konqo” şirkəti tərəfindən Qarabağda tikinti işləri həyata keçirildiyini, otellərin tikildiyini və otelin parket işini Maksimin özünün həyata keçirmək istədiyini bildirmişdir. Maksim demişdir ki, əgər oğlu ona 170000 manat pul versə bir ildən sonra oğluna həyata keçirəcəyi işdən əldə etdiyi qazancın 240000 manatını verəcək. Süleyman Maksimə 170000 manat verə bilməsə də, 100000 manat pul verə biləcəyini demişdir. Maksim əgər Süleyman 100000 manat pul versə, həmin pulla ucuz qiymətə parket alıb baha qiymətə satmaqla oğlunun pulunu 170000 manata çatdıcağını və əldə olunan 170000 manat pulla Qarabağda tikiləcək otellərdə parket işini həyata keçirdə biləcəyini demişdir. Maksim həmçinin oğlundan aldığı 22000 manat pulun müqabilində 30000 manat pul verməli olmuş, oğluna əlavə olaraq 70000 manat pul verməsini demişdir. Oğlu 70000 manat pulu hissə-hissə 2021-ci ilin sentyabr və oktyabr aylarında Maksimə vermişdir. Pulları onlara məxsus təmiri həyata keçirilən evdə ailə üzvləri vermişdir. Sonra oğlu Amerikaya geri dönmüşdür. 2022-ci ilin yanvar ayında Maksim Süleymanla əlaqə saxlayıb parket istehsalı üçün Türkiyədə satılan aparatın lazım olduğunu, həmin aparatın qiymətinin 30000 manat olduğunu demişdir. Maksim əgər Süleyman 30000 manat pul versə, işləri sürətlə həyata keçirdəcəyini və 240000 manat pulu ona vermək üçün 2022-ci ilin avqust ayını gözləməyəcəyini, daha tez yəni 2022-ci ilin fevral ayında verəcəyini bildirmişdir. Oğlu 30000 manat pulu olmadığını, lakin 10000 ABŞ dolları göndərə biləcəyini demişdir. Maksim 10000 ABŞ dollarını göndərməyini istəmiş, Süleyman da Amerikadan 10000 ABŞ dolları göndərmiş və həmin pulu oğlu Sənan bankdan götürüb Maksimə vermişdir. Süleyman ümumilikdə qazanc əldə etmək məqsədilə Maksimə 109000 manat pul vermişdir. Oğlum Süleyman 2022-ci ilin yanvar ayında Bakı şəhərinə gəlmiş və Maksimdən işlərin nə yerdə olduğunu soruşmuşdur. Maksim bildirmişdir ki, “Konqo” şirkəti ilə müqavilələr bağlayıb, Türkiyədən parket istehsal edən aparatı da alıb, Qarabağda inşa olunan otellərdə parket işlərini həyata keçirmiş, 2022-ci ilin fevral ayında başlayaraq “Konqo” şirkəti ödənişləri edəcək. 2022-ci ilin fevral ayında o, Maksimdən pulun ödənilməsi ilə bağlı soruşduqda Maksim müxtəlif bəhanələrlə vaxt uzatmağa başlamışdır. Bununla yanaşı Maksim onun evində təmir işləri həyata keçirmiş və oğlu Maksimə 109000 manat puldan əlavə təmir üçün 113450 manat pul vermişdir. 2022-ci ilin fevral ayında Maksim oğlu Süleymana “Konqo” şirkəti tərəfindən ödənişin 2022-ci ilin avqust ayına kimi olacağını demişdir. Bu səbəbdən oğlu gözləməyə başlamış, 2022-ci ilin mart ayında Süleyman yenidən Amerikaya getmişdir. Süleyman dəfələrlə zəng etsə də, Maksim yenə bəhanələr gətirib pulu ödəməmişdir. Maksim həmçinin Qəbələdə meşədən ağac kəsdiyi üçün cərimələdiyini və əlində olan taxta məhsulu müsadirə olunduğunu demişdir. Oğlu Süleyman dəfələrlə Maksimdən bağladığı müqavilələri, cərimə olunması ilə bağlı digər sənədləri göstərməsini tələb etsə də Maksim göstərməmişdir. Bundan əlavə, Maksim təmir işlərini də normal həyata keçirməmiş, gah usta, gah fəhlə göndərməmiş, təmiri bilərəkdən uzatmışdır. 2022-ci ilin may ayında Maksim dostu Hüseyn Qasımova 4000 ABŞ dolları verib oğlum Süleymana çatdırmağını bildirmişdir. 2022-ci ilin iyul ayında oğlu Bakıya gələrək Maksimlə görüşmüş və Maksim özü 14 iyul 2022-ci il tarixdə ondan aldığı, oğluna qaytardığı və qaytaracağı məzmunda vərəqdə yazı yazaraq təqdim etmişdir. Həmin yazıda Maksim 30 avqust 2022-ci il tarixədək 240000 manat pulu qaytaracağını göstərmiş, lakin yenə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. 2022-ci ilin avqust ayında Maksim evdə təmir işini yarıda saxlayıb əlində pul qalmadığını bildirmişdir. 2022-ci ilin sentyabr ayında oğlu Süeyman Amerikaya getmiş və noyabr ayında Bakıya geri dönmüşdür. Maksimlə görüşdükdə sonuncu oğlu Süleymana 3000 manat pul vermişdir. Onlar evdə aparılan təmir işləri ilə bağlı oğlu Süleymana Maksimlə bağlı iradlarını bildirmiş, sonuncunun əlavə xərcə saldığını, evdəki kafel və metlaxları əyri vurulduğunu, parketlər aralandığını və digər təmir işlərini də nöqsanla həyata keçirdiyini demişlər. Həmçinin onların evində təmir işləri yarımçıq qaldığı üçün oğlu Süleyman başqa ustaları evə gətirmiş və yarıda qalan təmir işlərini yekunlaşdırmışdır. Oğlu ilə birlikdə Maksim tərəfindən evdə həyata keçirilən təmir işlərini hesablamış və Maksimin ümumilikdə 70000 manatlıq təmir işləri həyata keçirdiyini, amma Maksimin təmir üçün ondan 113450 manat pul aldığını müəyyən etmişlər. O, qohumu Vüqarla əlaqə saxlamış və Vüqara «sənin tanış etdiyin Maksim oğluma qarşı dələduzluq edib» demişdir. Vüqar onlara Maksimin ondan da 30000 manat pul alaraq parket verəcəyini söz versə də, sözünə əməl etmədiyini demişdir. Təqsirləndirilən şəxs evlərinin təmiri üçün oğlu Süleymandan ümumilikdə 140000 manat, biznes quracağı ilə bağlı isə hissə-hissə olmaqla ümumilikdə 109000 manat pul alaraq ələ keçirmişdir. Maksim ona verilmiş puldan 4000 ABŞ dolları və 3000 AZN olmaqla ümumilikdə 9800 manat pul geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 Şahid ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 85-89). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 120-121). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs birgə iş qurmaq adı ilə pul almasına dair verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – zərərçəkmiş şəxsin (mülki iddiaçının) və şahidlərin ifadələri, işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxsin iş qurmaq adı altında ikinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə tikiləcək mehmanxanaların parket işlərini görəcəyi barədə artıq razılaşmalar əldə etməsi, bu məqsədlə istehsal sahələrinə malik olması, külli miqdarda dəyəri olan avadanlıqlarını alıb istehsalat xətti qurmasına dair mülahizələri tam əsassız və yalan olmaqla məhz zərərçəkmiş şəxsin aldadılması üsulu kimi çıxış etmişdir. Əslində hər hansı biznes fəaliyyəti mövcud olmamış, birgə biznes fəaliyyətinin qurulması istiqamətində də hər hansı xüsusat müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əmlakı ələ keçirərkən onun niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs pulunu əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, 15 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, 26 may 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəlinin 26 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 58, 64, 110). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 may 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə o cümlədən itirilmiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Zərərçəkmiş şəxs mülki iddia ərizəsində maddi ziyana görə 169200 (bir yüz altmış doqquz min iki yüz) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan mülki iddia ilə bağlı zəruri araşdırma aparıb bu qənaətə gəlir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddia tələbi qismən təmin edilməli və ona artıq ödənilmiş 9800 manat çıxılmaqla irəli sürülmüş ittihamda göstərilən məbləğin qalan hissəsi həcmində - 99200 (doxsan doqquz min iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş ev dustaqlığı qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı 99200 (doxsan doqquz min iki yüz) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-735/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-735/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver