Məhkəmə qərarları › İş №1(101)-736/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-736/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-736/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:15-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Tərcidxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanda yerləşən "Extra” adlı kluba müştəri düşürərkən bacısı X1 əri Zərərçəkmiş şəxs orada görüb avtomobili "xxxx" ASC-nin «Əhməd Rəcəbli» filialının yaxınlığında saxlayaraq sonuncuya yaxınlaşıb ailəli olduğu dövrdə bacısını döyməsini və övladı Adil Abdullayevə maddi və mənəvi dəstək olmamasını, onunla maraqlanmamasını irad bildirərkən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qisas alıb qəsdən öldürmək məqsədilə, törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqa zidliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edərək üzərində gəzdirdiyi, soyuq silah hesab edilən ümumi uzunluğu 265 mm, tiyəsinin uzunluğu 115 mm, eni əsasında 28 mm, ortada 25 mm, ucunda 1 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, dəstəyi bozumtulgümüşü rəngli metallik korpusdan hazırlanmış və metal lövhələrlə bərkidilmiş dəstəyinin uzunluğu 150 mm, eni əsasında 35 mm, ortada 30 mm, sərbəst kənarında 27 mm və qalınlığı 17 olan qara rəngli zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını şalvarın sağ yan cibindən çıxarıb açaraq cinayətkar niyyətini həyata keçirmək üçün kənardakı şəxslərin diqqətini özünə cəlb edib vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək ətrafda olan insanlara məhəl qoymayaraq özünü ətrafdakılara qarşı qoyaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs zor tətbiq edib sonuncuya ardıcıl zərbələr vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid sol çənəaltı nahiyənin ağız boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol qoltuqaltı nahiyənin 1 (bir) ədəd, sol saidin 2 (iki) ədəd, sol 1-2-ci əl barmağının 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralan, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən 1 (bir) ədəd sağ gicgah nahiyəsinin səthi kəsilmiş yarası xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs onu özündən kənarlaşdırmaqla qaçaraq uzaqlaşdığını gördükdə öz cinayətkar əməlini başa çatdırmaq niyyətilə Əhməd Rəcəbli küçəsində əlində bıçaqla yenidən sonuncunun arxası ilə qaçıb çataraq bıçaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmaya aid 1 (bir) ədəd sağ kürəkaltı nahiyənin deşilmiş-kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən qarın nahiyəsinin 1 (bir) ədəd səthi kəsilmiş yarası, sağ dirsək oynağının sıyrığı xəsarətlərini yetirmiş, orada hadisənin şahidi olmuş istintaqa məlum olmayan şəxslər tərəfindən bıçağı əlindən alınaraq zərərsizləşdirildiyindən Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bununla da o, qanunsuz olaraq soyuq silah əldə etmiş və gəzdirmiş, gəzdirdiyi soyuq silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq, yəni ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş və qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir müddətdir taksi fəaliyyəti ilə məşğul olur, müştərini təyinat yerinə çatdırdıqdan sonra təsadüfən bacısının keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs görmüş, bir az danışdıqdan sonra mübahisə etmişlər. Mübahisə səbəbi Teymurun övladına maddi və mənəvi heç bir qayğı göstərməməsi olmuşdur. Zərərçəkmiş şəxs söhbət əsnasında onun başına kəllə ilə zərbə endirmişdir. Teymur əlini belinə doğru hərəkət etdirmiş, o, elə bilmişdir ki, bıçaq çıxaracaqdır. Amma Teymur bıçaq çıxarmayaraq ona zərbələr endirməyə başlamışdır. O da Teymurun ondan cüssəli olması səbəbindən bıçaq çıxararaq onu özündən uzaqlaşdırmaq məqsədilə bıçağı onun ayağına doğru hərəkət etdirmişdir. Sonra dava böyümüş və onlar yerə yıxılmış, nəticədə isə bıçaq Teymurun boğazına dəymişdir. Sonra ətrafdakılar gəlib onları ayırmış, o, bıçağı kənara atmış, sonra isə Teymurun qardaşı gəlib Zərərçəkmiş şəxs aparmışdır. O, bıçağın Teymurun boğazına dəyməsini bilməmiş, bu barədə ona Teymurun qardaşı məlumat vermişdir. Teymur bacısı ilə rəsmi şəkildə boşanmış, Teymurdan aliment dəfələrlə tələb etsələr də ödəməmişdir. Bu barədə müvafiq dövlət orqanlarına da rəsmi şəkildə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Onunla əvvəllər danışmaq istəmiş, lakin Teymur onunla görüşməmiş, o, onun fikrini öyrənmək üçün söhbət etmək istəmişdir. O, demişdir ki, “sənin hərəkətin kişiliyə yaraşmır”, bundan sonra Teymur onu vurmuşdur. O, Teymura qarşı söyüşdən istifadə etməmişdir. O, bıçaq çıxarana kimi Teymur ona kəllə zərbəsi vurmuşdur. Teymur ona kəllə zərbəsi endirdikdən sonra əlini belinə aparmış, düşünmüşdür ki, ona bıçaq çıxaracaqdır. Zərərçəkmiş şəxs ondan bədən cəhətdən iri olduğunu və bıçaqla ona zərər yetirəcəyini güman edib, üzərində olan bıçaqla onu özündən uzaqlaşdırmaq istəmişdir. Bıçaq həmişə onda olmuş, taksi fəaliyyəti ilə məşğul olduğundan yarana biləcək təhlükəli hallardan özünü qorumaq üçün bıçaq gəzdirmişdir. Gündüz bıçaq maşında olmuş, gecə vaxtı cibinə qoymuşdur. Teymurun əlində bıçaq görməmiş, amma əlini belinə doğru hərəkət etdirəndə bıçaq çıxaracağını düşünmüşdür. O, bıçaq çıxaranda Teymur ona zərbələr endirməyə davam etmişdir. Bıçağı ayağına vurmaq istəmiş, əlini bıçağın qarşısına atdığı üçün bıçaq əlinə dəymişdir. O, belə qənaətə gəlmişdir ki, bıçaq ayağına dəysə, Teymur ondan uzaqlaşacaq və yüngül xəsarət alacaqdır. İlk bıçaq zərbəsi Teymurun əlinə dəymiş, ikinci bıçaq zərbəsi qoluna dəymiş, digər bıçaq zərbələrini isə xatırlamır, çünki onlar yerə yıxılıb dalaşmışlar. Onlar yerə yıxılaraq dalaşdıqdan 2-3 dəqiqə sonra ətrafdakı şəxslər onları ayırmışlar. Bıçağı dava başa çatdığı üçün yerə atmış və hadisə yerindən qaçmayaraq polisə zəng etmələrini demişdir. Zərərçəkmiş şəxslə onu ətrafdakı şəxslər aralamamışdan öncə o, yerdə bıçağı Teymurun sinəsinə dirəyərək, heyif ki, “bacım uşağının atasısan” sözlərini demişdir. Yalnız bundan sonra ətrafdakı şəxslər onları ayırmışlar. Teymur ondan hər hansı istiqamətdə qaçmamış, hazırda Zərərçəkmiş şəxsla barışmışdır. O, Teymuru öldürmək istəməmiş, belə bir niyyəti olmamış, söhbət etmək məqsədilə yaxınlaşmışdır. Öldürmək niyyəti olsaydı, ümumiyyətlə Teymurla söhbət etmədən, yaxınlaşan kimi onu bıçaqla vura bilərdi. Bıçağı olduqları yerdə yerə tullamışdır. Teymurun sinəsinə dirəyərək, heyif ki, “bacım uşağının atasısan” sözlərini deyən zaman ətrafdakı şəxslər hələ onların yanına çatmamışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin iyun ayının 7-də gecə saatlarında Təqsirləndirilən şəxs ona yaxınlaşmış, bu zaman yaxınlıqda heç kim olmamış, onlar söhbət etməyə başlamışlar. Onlar keçmiş qohumluq münasibətləri barədə danışmışlar. Söhbət edərkən Əbil ona qarşı “kişi deyilsən” sözlərini işlətmiş, O da eyni sözləri Əbilə demiş və onlar dalaşmağa başlamışlar. O, Əbilin bacısı ilə rəsmi boşanmış, evli olduqları dövrdə münasibətləri normal olmuş, yoldaşını döyməmiş, təhqir etməmişdir. O, taksi fəaliyyəti ilə məşğul olur və təsadüfən Əbil onu görmüşdür. O, həmişə həmin ərazidə dayanmır, su almaq üçün orada dayanmışdır. Orada klubun olub-olmaması barədə məlumatı yoxdur. İlk olaraq kimin hücum etdiyini xatırlamır. Əlbəyaxa olan zaman yanlarında heç kim olmamış, daha sonra hər ikisi dava zamanı yerə yıxılmışlar. İkisi də yerdə olan zaman Əbil ona bıçaq zərbəsi vurmuşdur. Əbil onu vurduğu bıçağı cibindən çıxarmışdır. Hal-hazırda həmin bıçağın görüntüsünü xatırlamır. Qan itirdiyindən huşunu itirmiş və 1 gün sonra tam ayılmışdır. Əbilin hadisə yerindən qaçıb-qaçmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs onun üzərinə bıçaqla gələn zaman o, yerində dayanmışdır. Yerdə olarkən bıçaq zərbəsi onun belinə dəymişdir. Əbil bıçağı onun sinəsinə dirəyən zaman yanlarında heç kim olmamışdır. Dava zamanı onun başı Əbilin başına dəymiş, Əbil ola bilsin ki həmin zaman xəsarət almışdır. Təqsirləndirilən şəxs onu öldürmək imkanına malik olmuş, onu öldürməsi üçün kifayət qədər şəraiti olmuşdur. Onun kürəyindən vurulmuş bıçaq xəsarətləri yerdə olan zamanı yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərdi ki, O, “Ekstra” adlı gecə klubunda mühafizə rəisi işləyir. Gecə saatlarında klubdan çıxanda Təqsirləndirilən şəxs əl-üzünü yumasını görmüşdür. Sonra polis əməkdaşları gəlib Əbili aparmışlar. Hadisə baş verdiyini eşitmiş və nə baş verdiyini soruşmuşdur. Hadisənin necə baş verdiyini görməmişdir. Yaxınlıqda adamlar olmuşdur, amma o, həmin şəxsləri şəxsən tanımır. Təqsirləndirilən şəxsi tanımamış, sadəcə olaraq ona su vermişdir. Zərərçəkmiş şəxs isə uzaq qohumu kimi tanıyır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, baş vermiş hadisəni görməmişdir. “Ekstra” klubdan çıxarkən görmüşdür ki, artıq polis hadisə törətmiş şəxsi aparır. Hadisə deyilənə görə klubun çıxışında baş vermişdir. Hadisə barədə məlumatı yoxdur, hadisəni görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə onun avtomobilinin yanında olmuş və avtomobili cızılmışdır. Avtomobilin üzərində qan ləkələri olmuşdur. Hadisənin necə baş verdiyini bilmir, orada olmamışdır. Əbildə olan xəsarətlər barəsində məlumatı yoxdur. Avtomobil bilərəkdən cızılmamış, ola bilsin ki, dava-dalaş zamanı istəmədən avtomobilə dəymişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şəhriyar oğlu ifadəsində göstərdi ki, turizm sektorunda bələdçi işləyir. Hadisə baş verdikdən sonra avtomobili ilə həmin ərazidən keçdiyi zaman, Zərərçəkmiş şəxs xəsarət almasını görmüş, onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs yolda olan zaman danışmamış, huşsuz vəziyyətdə olmuşdur. Hadisə barədə heç bir məlumatı yoxdur, hadisəni görməmişdir. Zərərçəkmiş şəxsi gördükdən sonra o bir az həyəcanlandığından onun səhhəti barədə məlumatları tam xatırlamır. Xəstəxananın həyətində avtomobili saxlamış, zərərçəkmiş şəxsi həkimlər içəriyə aparmışlar. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 05 iyul 2023-cü il tarixli 758 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: sol çənəaltı nahiyənin ağız boşluğuna nüfuz edən 1 (bir) ədəd, sağ kürəkaltı nahiyənin 1 (bir) ədəd, sol qoltuqaltı nahiyənin 1 (bir) ədəd , sol saidin 2 (iki) ədəd, sol 1-2-ci əl barmağının 1 (bir) ədəd, ümumilikdə 6 (altı) ədəd deşilmiş - kəsilmiş yaraları, sağ gicgah nahiyəsinin 1 (bir) ədəd və qarın nahiyəsinin 1 (bir) ədəd səthi kəsilmiş yaraları deşici - kəsici alətin, ola bilsin ekspertizaya təqdim edilmiş bıçaq və ona oxşar bıçaqların deşici - kəsici təsirindən, sağ dirsək oynağının sıyrığı isə küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə sol çənəaltı nahiyənin ağız boşluğuna nüfuz edən 1 (bir) ədəd, sağ kürəkaltı nahiyənin 1 (bir) ədəd, sol qoltuqaltı nahiyənin (1) bir ədəd, sol saidin 2 (iki) ədəd, sol 1-2-ci əl barmağının 1 (bir) ədəd ümumilikdə 6 (altı) ədəd deşilmiş - kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ gicgah nahiyəsinin 1 (bir) ədəd və qarın nahiyəsinin 1 (bir) ədəd səthi kəsilmiş yaraları, sağ dirsək oynağının sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 01, i.v.162-165) İş materiallarında olan 01 avqust 2023-cü il tarixli T503/2023 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı sol çənəaltı nahiyənin ağız boşluğuna nüfuz edən, sağ kürəkaltı, sol qoltuqaltı nahiyələrinin, sol saidin, sol 1-2-ci əl barmağının deşilmiş-kəsilmiş yaraları, sağ gicgah nahiyəsinin və qarının səthi kəsilmiş yaraları, sağ dirsək oynağının sıyrığı xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlərdən sol çənəaltı nahiyənin ağız boşluğuna nüfuz edən, sağ kürəkaltı, sol qoltuqaltı nahiyələrinin, sol saidin, sol 1-2-ci əl barmağının deşilmiş-kəsilmiş yaraları, sağ gicgah nahiyəsinin və qarın nahiyəsinin səthi kəsilmiş yaralar deşici-kəsici alətin, (ola bilsin bıçağın) təsirindən, sağ dirsək oynağının sıyrığı bərk küt əşyanın təsirindən yaranmış, törənmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə sol çənəaltı nahiyənin ağız boşluğuna nüfuz edən, sağ kürəkaltı, sol qoltuqaltı nahiyələrinin, sol saidin, sol 1-2-ci əl barmağının deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (cild 01, i.v. 214-217) İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 700 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş sağ gicgah nahiyəsinin hematoması-qançırı, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin, sağ üst və alt göz qapaqlarının qançırları, sağ və sol dirsək oynağının, sol diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə sağ gicgah nahiyəsinin hematoması-qançırı, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, alın nahiyəsinin, sağ üst və alt göz qapaqlarının qançırları, sağ və sol dirsək oynağının, sol diz oynağının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 01, i.v.159-161) İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 361/2023-MTBŞ saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll)(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrup göstəricisi: A(ll), Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, 02 ədəd pambıq topası, Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkcə, köynək, cins şalvar, kəmər, 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus cins şalvar, kofta və 01 cüt ayaqqabı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda bu qan ləkələri A(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 01, i.v. 192-198) İş materiallarında olan 10 iyul 2023-cü il tarixli 267-2023/MTKŞ məhkəmə tibbikriminalistik və məhkəmə-kriminalsitik ekspertizasının nəticə hissəsindən görünür ki, Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, sol qolunun arxa səthində 02 (iki) ədəd (cəmi 03 (üç) ədəd) və gödəkcənin ön səthinin sağ yarısının yuxan hissəsində, boyunluğun ön səthində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və gödəkcə üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlmələri inkar edilmir. Zərərçəkmiş şəxs bədənində müəyyən olunmuş sağ kürəkaltı nahiyədə 01 (bir) ədəd və sol qoltuqaltı nahiyədə 01 (bir) ədəd deşilirmiş-kəsilmiş yaralar ona məxsus və ekspertizaya təqdim edilmiş köynək və gödəkcədə aşkar edilmiş zədələrlə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən olunmuş sol çənəaltı nahiyəsinin ağız boşluğuna nüfuz edən 01 (bir) ədəd, sağ gicgah nahiyəsinin 01 (bir) ədəd, sol l-ll əl barmağının 01 (bir) ədəd və sol saidin 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ona məxsus və ekspertizaya təqdim edilmiş geyim əşyalarında öz əksini tapmamışdır, bu da, həmin xəsarətləri aldığı zaman Zərərçəkmiş şəxs bədəninin göstərilən nahiyəsinin geyim əşyaları ilə örtülməməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş qarın nahiyəsinin 01 (bir) ədəd səthi kəsilmiş yarası ona məxsus geyim əşyalarında öz əksini tapmamışdır, bu da, həmin xəsarəti aldığı zaman onun yalnız bədənin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus gödəkcənin üzərində aşkar edilmiş səthi kəsilmiş zədələr, onun bədənində öz əksini tapmamışdır, bu da, hadisə zamanı Zərərçəkmiş şəxs yalnız gödəkcəsinin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthinin sol yarısının orta hissəsində 02 (iki) ədəd, arxa səthinin sol yarısında 03 (üç) ədəd və arxa səthinin sağ yarısında 03 (üç) ədəd (cəmi 08 (səkkiz) ədəd) materialın yalnız üst qatını zədələyən səthi kəsilmiş zədələr vardır. Bu zədələr iti kənarı olan hər hansı bir alətin (alətlərin/predmetin (predmetlərin) təsirindən törənə bilərdilər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində aşkar olunmuş zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələri İstisna olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd kəmər və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvarın arxa sol cibi üzərində küt yaranma mexanizminə malik və şalvarın arxa sol cibinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 02 (iki) ədəd cırılma zədələri vardır. Qeyd edilən zədələrin müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. (cild 01, i.v. 200-211) İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində təyin olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1855 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs söz götürməmək, kinlilik, özünə və yaxınlarına qarşı hörmət tələb etmək və sair kimi xarakterik fərdi-psixi xüsusiyyətlərə malikdir. Həmin xüsusiyyətlərin hadisə zamanı onun hərəkətlərinə mənfi təsiri ola bilərdi. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Həmçinin o, hal-hazırda etdiyi hərəkətləri dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs psixi inkişafı nəzərə alınmaqla, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa meyillilik əlamətləri müşahidə olunmadı. (cild 01, i.v. 227-231) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmamasına dair ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşımaqla məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyıraraq, məhkəmə-tibb ekspertizasının 05 iyul 2023-cü il tarixli 758 saylı, 01 avqust 2023-cü il tarixli T503/2023 saylı ekspert rəyləri, 10 iyul 2023-cü il tarixli 267-2023/MTKŞ məhkəmə tibbi- kriminalistik və məhkəmə-kriminalsitik ekspertizasının rəyi, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirməyə dair 12 avqust 2023-cü il tarixli protokol, zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə 10 avqust 2023-cü il tarixli protokol və digər mötəbər sübutlarla tam təkzib olunur. Eyni zamanda, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilməsə də, cinayət əməlinin ictimai yerdə baş verməsi, cinayətin şəxsi münasibətlər zəminində başlanılmasına baxmayaraq, sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsi Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq kimi qiymətləndirilməsini şərtləndirir. Həmçinin, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə onun avtomobilinin yanında baş vermiş və onun avtomobili cızılmışdır. Göründüyü kimi, baş vermiş cinayət əməli nəticəsində digər şəxsin əmlakına ciddi zərər vurulmasa belə, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanı pozmaqla yanaşı, əmlakın məhv edilməsi və ya zədələnməsi üçün təhdid yaratmışdır. Həmçinin, məhkəmə tərkibi Zərərçəkmiş şəxs məhkəmədə ifadə verən zaman ibtidai istintaqdakı ifadəsindən fərqli olaraq, Təqsirləndirilən şəxs onu öldürmək niyyətində olmaması barədə ifadəsinə hüquqi qiymət verərək, hesab edir ki, zərərkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə olunduğundan, zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə yönəlmişdir və həqiqəti əks etdirmir. Belə ki, Zərərçəkmiş şəxs 10 avqust 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında keçmiş arvadı Nərmin Muradovanın qardaşı Təqsirləndirilən şəxs instagram sosial şəbəkəsində şəxsi kabinetində ona mesaj yazaraq onunla görüşmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla görüşməkdən imtina etmişdir. Bundan sonra onu narahat etdiyi halda barəsində polisə şikayət edəcəyini bildirmişdir. Həmin vaxt ona cavab verməmişdir. 01 aprel 2023-cü il tarixdə instaqram sosial şəbəkəsində şəxsi kabinetinə “aaa eşidirsən məni sənə deyirəm ki, görüşüb üzbə üz söhbət eləməliyik, məni polis ilə hədələmə, belə qorxursan polis götür yanında polisnən gəl, sənə nəsə elesem çoxdan eliyərdim adamı hövsələdən çıxartma" məzmunda mesaj yazmışdır. O, isə Əbilə heç bir cavab yazmamış və ondan uzaq olmasını istəmişdir. Bundan sonra heç vaxt onu görməmiş və heç vaxt ona heç bir mesaj yazmamışdır. Əbildə bundan başqa ona mesaj yazmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olurmuşdur. “Toyota Prius” markalı ** BH *** dövlət nömrə nişanlı avtomobili kirayə götürərək idarə etmiş və taksi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmişdir. O, “Uber” taksi şirkətində qeydiyyatdan keçmiş və onların verdiyi sifariş əsasında avtomibili idarə etmişdir. Hazırda aldığı xəsarət ilə əlaqədar işləyə bilməmişdir. Avtomobilidə sahibinə geri qaytarmışdır. 07 iyun 2023-cü il tarixdə gecə saatlarında “Uber” proqramının verdiyi sifariş əsasında sərnişini Şəki dairəsi adlanan əraziyə aparmışdır. Oradan Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində sifariş çox olduğundan Əhməd Rəcəbli küçəsinə dönmüş. Əhməd Rəcəbli küçəsində yerləşən "xxxx" ASC-nin qarşısında yerləşən zibil qutularının yanında avtomobili saxlamış və su almaq üçün avtomobildən düşmüş. Həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq “ayə qaçma, məndən niyə qaçırsan, yaxşı ki tapdım səni” deyərək ona yaxınlaşmışdır. O, da ayaq saxlamış və Təqsirləndirilən şəxs ondan nə istədiyini soruşmuşdur. Onu narahat etməməsini, bacısı Nərmin ilə qanun çərçivəsində nikahılannın pozulduğunu bildirmiş və onu narahat etməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə ona “sən kişi deyilsən, ölməli adamsan, səni öldürəcəm” demişdir. O, Təqsirləndirilən şəxsla aralarında heç bir dava-dalaş söz- söhbət olmaması üçün oradan kənarlaşmaq istəmişdir. Bu vaxt Təqsirləndirilən şəxs cibindən bıçağı çıxarıb cəld üstünə hücum çəkmişdir. Bıçaqla boğaz nahiyəsinə zərbə endirmişdir. Vurduğu bıçaq zərbəsi onun boğazından dəymişdir. Onun gözü qaralmışdır, həmin vaxt Təqsirləndirilən şəxs yenidən bıçaqla ona zərbələr endirməyə davam etmişdir. Onun bıçaqla zərbələr yetirməkdə məqsədi onu öldürmək olmuşdur. Çünki, Təqsirləndirilən şəxs bıçaqla onun baş nahiyəsinə və həyat üçün vacib orqanların yerləşdiyi nahiyələrə bıçaq zərbələri endirmişdir. Təqsirləndirilən şəxs yetirdiyi bıçaq zərbələrini onun başına tərəf atmışdır. O, da həmin bıçaq zərbələrindən özünü müdafiə etmək istəmişdir. Əbilin atdığı bıçaq zərbələrindən biri başını çəkdiyindən başının sağ tərəfini kəsmişdir. Digər zərbələri isə əlini qabağına verdiyindən 2 ədəd bıçaq zərbəsi qolunun iç tərəfindən, bir bıçaq zərbəsi qoltuqaltından dəymişdir. Təqsirləndirilən şəxs onun başından yenidən zərbə endirmək istədikdə, bıçaq zərbəsi onun sol əlinin baş barmağının kənarından dəymişdir. Bu zaman o, özündə güc toplayıb Təqsirləndirilən şəxs əlindən tutmuş və kömək çağırmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan bıçağın qara rəngli bıçaq olduğunu görmüşdür. Bir qədər özündə güc toplayıb onun əlindən qaçmaq istəmişdir. Bu zaman onu itələmək istədikdə başı onun başına dəymişdir. Onun boşaldığını görmüş və əlindən qaçaraq ondan özünü müdafiə etməyə çalışmışdır. O, 4-5 addım atmışdır ki, Əbil yenidən bıçaqla zərbələr endirmişdir. Həmin bıçaq zərbələrindən biri onun kürək nahiyəsindən və biri də qarın nahiyəndən dəymişdir. Aldığı xəsarətlərdən o, taqətini itirmiş və dizi üstə yerə yıxılmışdır. Əbil onun saçından tutmuş, xatırladığına görə orada olan şəxslər Təqsirləndirilən şəxs ondan kənarlaşdırmışlar və onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar yalandır. Təqsirləndirilən şəxs onu öldürmək məqsədilə ona yaxınlaşmış və bıçaqla ona zərbələr endirmişdir. Təqsirləndirilən şəxs bıçaqla ona zərbələr endirməkdə məqsədi, onu öldürmək olmuşdur. Təqsirləndirilən şəxs özünü müdafiə etməsi ilə bağlı yalan danışmış, bıçaqla üzərinə gəlib ona xəsarət yetirmişdir. Onun üzərində bıçaq olmamışdır. Bu halda onun özünü müdafiə etməsi inandırıcı deyildir. Xatırladığına görə orada olan şəxslər Təqsirləndirilən şəxs ondan kənarlaşdırmış, lakin onların üzlərini görmədiyindən həmin şəxslərin kim olması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs bıçaq zərbələrini onun başına tərəf atmışdır. O, da həmin bıçaq zərbələrindən özünü müdafiə etmək istəmişdir. Əbilin atdığı bıçaq zərbələrindən bir başını çəkdiyindən başının sağ tərəfini kəsmiş, digər zərbələri isə əlini qabağına verdiyindən 2 ədəd bıçaq zərbəsi qolunun İç tərəfindən dəymiş, bir bıçaq zərbəsi qoltuqaltından dəymiş, Təqsirləndirilən şəxs onun başından yenidən zərbə endirmək istədikdə, bıçaq zərbəsi onun sol əlinin baş barmağının kənarından dəymişdir. Bir qədər özündə güc toplayıb onun əlindən qaçmaq istəmişdir. O, boşaldığını görmüş və qaçaraq ondan özünü müdafiə etməyə çalışmışdır. O, 4-5 addım atdıqdan sonra Əbil yenidən bıçaqla zərbələr endirmişdir. Həmin bıçaq zərbələrindən biri onun kürək nahiyəsindən və biri də qarın nahiyəndən dəymişdir. Təqsirləndirilən şəxs qeyd olunan xəsarətləri hansı şəraitdə və necə alması barədə hər hansı məlumatı yoxdur. Qeyd olunan xəsarətlər Təqsirləndirilən şəxs ondan kənarlaşdıran zaman orada olan şəxslər tərəfindən yetirilə bilərdi. Eləcə də, zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman, sonuncu ifadəsində qeyd etdikləri xüsusatları əyani olaraq göstərərək, ifadəsini təsdiq etmişdir. (cild 2, iş vərəqə 12-18) Həmçinin, 12 avqust 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu öldürmək məqsədilə xəsarətlər yetirdiyini, Əbilin əlindən qaçdığı üçün və orada olan şəxslər kənarlaşdırdığı üçün Təqsirləndirilən şəxs onu öldürə bilmədiyini qeyd etmişdir. (cild 02, iş vərəqə 39-44) Eyni zamanda, 10 iyul 2023-cü il tarixli 267-2023/MTKŞ məhkəmə tibbi- kriminalistik və məhkəmə-kriminalsitik ekspertizasının rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthinin sol yarısının orta hissəsində 02 (iki) ədəd, arxa səthinin sol yarısında 03 (üç) ədəd və arxa səthinin sağ yarısında 03 (üç) ədəd (cəmi 08 (səkkiz) ədəd) materialın yalnız üst qatını zədələyən səthi kəsilmiş zədələr vardır. Bu zədələr iti kənarı olan hər hansı bir alətin (alətlərin/predmetin (predmetlərin) təsirindən törənə bilərdilər. Qeyd edilən rəydən də göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə ümumilikdə 6 (altı) ədəd deşilmiş - kəsilmiş yaralardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilməklə yanaşı, zərərçəkmiş şəxsin gödəkcəsinin üzərində əlavə olaraq da 08 (səkkiz) ədəd) materialın yalnız üst qatını zədələyən səthi kəsilmiş zədələr aşkarlanmışdır. Bu da onu göstərir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin, öz cinayətkar niyyətini başa çatdıra bilməmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CMnin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221.3 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221.3 və 228.4-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, i.v 151-152) İş materiallarında olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 02, i.v 40) İş materiallarında olan Zərərçəkmiş şəxs 21 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələbi yoxdur. (cild 02, i.v.98) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin Məcəllənin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221.3 və 228.4-cü maddələri ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarın 9-cu bəndinin 2-ci və 3-cü abzasına əsasən, Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə görə cəza sanksiyada nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi AR CM-in 29, 120.1, 221.3 və 228.4-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən, az ağır və xüsusilə ağır cinayətlər daxil olduğundan, təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 866/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 20-21; 84-87) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli qolsuz gödəkcə, 01 ədəd qara rəngli qolsuz köynək, 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd qara rəngli kəmər, 01 cüt qara rəngli ayaqqabı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus göy rəngli cins şalvar, qara rəngli yumru boğaz mayka, bir cüt qara rəngli mokasin Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 01 ədəd ümumi təyinatlı qatlanan tipli ov bıçağı, hadisə yerində olan avtomobilin üzərindən hopturulmaqla götürülmüş qana bənzər ləkələri əks etdirən pambıq məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 07 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli qolsuz gödəkcə, 01 ədəd qara rəngli qolsuz köynək, 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd qara rəngli kəmər, 01 cüt qara rəngli ayaqqabı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus göy rəngli cins şalvar, qara rəngli yumruboğaz mayka, bir cüt qara rəngli mokasin Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 01 ədəd ümumi təyinatlı qatlanan tipli ov bıçağı, hadisə yerində olan avtomobilin üzərindən hopturulmaqla götürülmüş qana bənzər ləkələri əks etdirən pambıq məhv edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar