Məhkəmə qərarları › İş №1(101)-737/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-737/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-737/2021 02.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1-da pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 11,665 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə çəkisi 11,665 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, həmin hadisədən təxminən 12-13 gün əvvəl o, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən adını bilmədiyi, lakin üzdən tanıdığı bir nəfər şəxslə rastlaşmış, həmin şəxs ona yaxınlaşaraq narkotik vasitə olan heroin olduğunu və həmin heroini satmaq istədiyini bildirmişdir. O, narkotik vasitə olan heroindən özü istifadə etmək həmin şəxsdən 8 qram narkotik vasitə olan heroini qramını 25 manata almışdır. Bundan sonra həmin şəxs şəffaf rəngli sellofan parçasına bükülmüş narkotik vasitə olan heroini ona vermişdir. O, narkotik vasitə olan heroinin bir hissəsini özü istifadə etmiş, digər hissəsini isə özündə saxlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində o, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yaşadığı evdə olan vaxt mülki geyimdə olan şəxslər onun evinə gəlmiş və onu tutub Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə aparmışlar. Polis bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə polis əməkdaşları ona üzərində hər hansı qanunla qadagan edilmiş hər hansı əşya varsa təqdim etməsini təklif etmişlər. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsunq” markalı mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi, şalvarının sağ arxa cibindən bir gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sonra üzərindən aşkar olunaraq götürülən narkotik vasitə olan heroin tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini təxminən 13 gün əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, həmin idarənin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində əməliyyat qrupu ilə birlikdə ünvan 2 ünvanın yaxınlığında olarkən Kərəm adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin həmin ünvanın yaxınlığında piyada hərəkət etdiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və vəkillərin siyahısı təqdim olunmuşdur. Sonra Təqsirləndirilən şəxs tərəflərindən onun üzərinə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nə gəlmişlər. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil X1 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cin şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan parçasına bükülümüş bükülünü onlara təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol yan cibindən bir ədəd qara rəngli Samsung markalı mobil telefon, Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi, sağ arxa cibindən bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunmuşdur. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər madddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 13 gün əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Sumqayıt şəhəri ərazisində satış məqsədi ilə əldə etdiyini, heroinin 1 qramıını 30-35 manata satdığını, üzərindən aşkar olunmuş elektron tərəzidən heroinin qramını müəyyən etmək üçün istifadə ediyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 6/2232 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) bükümdə heroinə bənzər kütlə və elektron tərəzi” yazısı olan paketdəki 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 11,665 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və bir ədəd “100g/0.01g” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tərəzinin üzərində heroin iz şəklində olduğu üçün, heroinin çəkisini və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3125 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadə versə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əmlini törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 47-49-cu vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə müdafiəçisi Mehdi Cəlalzadənin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, son zamanlar narkotik vasitələrdən asılılığını azaltmaq üçün ona pul lazım omuş, bu səbəbdən o, qərara gəlmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olsun. Təxminən 12-13 gün əvvəl o, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən adını bilmədiyi, lakin üzdən tanıdığı bir nəfər şəxslə rastlaşmışdır. Həmin şəxs ona yaxınlaşaraq narkotik vasitə olan heroin olduğunu və həmin heroini satmaq istədiyini bildirmişdir. O, narkotik vasitə olan heroindən özü istifadə etmək və satmaq məqsədi ilə həmin şəxsdən 20 qram narkotik vasitə olan heroini qramını 25 manata almışdır. Bundan sonra həmin şəxs şəffaf rəngli sellofan parçasına bükülmüş narkotik vasitə olan heroini ona vermişdir. Sonra o, həmin şəxsdən ayrılmışdır. O, narkotik vasitə olan heroinin bir hissəsini özü istifadə etmiş, digər hissəsini isə tanımadığı şəxslərə 30-35 manata satmışdır. xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində o, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yaşadığı evdən çıxıb yaxınlıqda gəzişməyə başlamışdır. Həmin vaxtı o, şəffaf rəngli sellofan parçasına bükülmüş narkotik vasitə olan heroini əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, həmin yerdə gəzişərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərinin DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları həmin vaxtı ondan adını və soyadını soruşandan sonra narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyini və ona polis bölməsində üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini, ona görə də onlarla ilə birlikdə 1-ci PB-nə getməsini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş, onlarla birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə polis əməkdaşları ona üzərində hər hansı qanunla qadagan edilmiş hər hansı əşya varsa təqdim etməsini təklif etmişlər. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsunq” markalı mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi, şalvarının sağ arxa cibindən bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sonra üzərindən aşkar olunaraq götürülən narkotik vasitə olan heroin tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini təxminən 13 gün əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını, həmin heroinin qramını 30-35 manata tanımadığı şəxslərə satdığını, üzərindən aşkar olunaraq götürülən tərəzidən satmaq istədiyi heroinin qramını müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Həmin vaxtı polis əməkdaşları tərəfindən narkotik vasitələrin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Cinayət işinin 59-60-cı vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə müdafiəçisi Mehdi Cəlalzadənin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunan məzmunlu ifadə verərək həmin cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə baxışı zamanı iş materiallarında olan bir ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil X1 təqdim olunur, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cin şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan parçasına bükülümüş bükülünü onlara təqdim edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol yan cibindən bir ədəd qara rəngli Samsung markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sağ arxa cibindən bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunur. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli madddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu deyir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşulur, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 13 gün əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Sumqayıt şəhəri ərazisində satış məqsədi ilə əldə etdiyini, heroinin 1 qramıını 30-35 manata satdığını, üzərindən aşkar olunmuş elektron tərəzidən heroinin qramını müəyyən etmək üçün istifadə ediyini deyir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkilib, qablaşdırılaraq möhürlənib və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra protokol tərtib olunur, iştirakçılara ucadan oxunur, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq edirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasnı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 11,565 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən 12 (on iki) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil X1 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 11,565 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı vəkil X1 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi adan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar