Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-737/2022 09.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittıhamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 13 yanvar 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhərində nömrəsiz fərdi evdə yaşamış, 06 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Xanlar” yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, 06 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti və narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, müəyyən olunmamış tarixdə naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, cəmi 5,847 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, cəmi 3,884 qram psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamini 800 manat müqabilində əldə etdikdən sonra 05 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Maştağa qəsəbəsi, «Xanlar» yeni yaşayış massivindəki nömrəsiz evinə daşıyaraq, həmin narkotik vasitə heroindən külli miqdarda təmiz çəkisi 4,997 qramını və psixotrop maddə metamfetamindən təmiz çəkisi 0,774 qramını satışından əldə ediləcək pulu sonradan aralarında bölüşdürmək şərti ilə Təqsirləndirilən şəxs2 vermiş, orada Təqsirləndirilən şəxs2 özündə olan elektron tərəzidən istifadə etməklə heroini 4,997 qram, 0,850 qram, metamfetamini 0,774 qram, 2,270 qram və 0,840 qram olmaqla ayrı-ayrı hissələrə bölüb xırda kağız bağlamalara bükmüş və 06 oktyabr 2021-ci il tarixdə hər birində 2,270 qram və 0,840 qram olan psixotrop maddə metamfetamini, 0,850 qram narkotik vasitə heroini satmaq üçün özünə saxlamış, bir bükümdə olan 0,774 qram psixotrop maddə metamfetamini və bir bükümdə 4,997 qram heroini isə Təqsirləndirilən şəxs1 satmaq üçün qaytarmış, həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Xanlar» yeni yaşayış massivi ərazisində həmin narkotik vasitələr və psixotrop maddələri üstlərində daşıyarkən, saat 17-də özlərini şübhəli apardıqlarından həmin ərazidə xidmət aparan Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ cibində polietilen bağlamadakı iki ədəd xırda kağız bükümlərdə təmiz çəkisi 0,774 qram psixotrop maddə metamfetamin, küli miqdarda - təmiz çəkisi 4,997 qram narkotik vasitə heroin və onların satışında, satış üçün hazırlanmalarında istifadə olunan üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ cibində isə narkotik vasitə heroinin və psixtrop maddə metamfetaminin qalan hissəsi hər birində 2,270 qram, 0,840 qram olmaqla, cəmi iki bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 3,110 qram metamfetamin və bir bükümdə təmiz çəkisi 0,850 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü özündə olan və istifadə etmək üçün aldığı narkotik vasitəni götürüb qohumu Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı evə getmişdir. Tərlanla birlikdə narkotikdən istifadə etdikdən sonra yatmışdır. Sonra evdə olan səs- küyə ayılmış, artıq polis əməkdaşlarının evdə olduğunu görmüşdür. Polis işçiləri onu yataqdan qaldırıb üzərinə baxış keçirmişlər. Sonra yatağın altından qabın içində olan narkotik vasitəni götürüb Tərlanla birlikdə polis bölməsinə gətirilmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs1 bir ilə yaxındır ki, narkotik vasitədən istifadə etdiyini, əsasən heroin qəbul etdiyini, gündəlik normasının təxminən 2-2,5 qram olduğunu, ibtidai istintaqda polislər ona necə deyiblərsə, o da, onların dedikləri kimi ifadə verdiyini, polis əməkdaşlarının ona dediklərini etməyəcəyi halda döyüləcəyini bildirdiklərini, narkotik vasitəni «Sovetski» və «Kubinka» kimi tanıdığı ərazilərdə tanımadığı şəxslərdən aldığını, həmin vaxt evdə Tərlanın iki oğlunun və ev sahibinin olduğunu, evdə olan səs-küyə görə yuxudan oyandığını, onun üzərinə evdə baxış keçirildiyini, əvvəllər Tərlana narkotik vasitə gətirmədiyini, qabın içindəki narkotik vasitənin kimə məxsus olduğunu bilmədiyini, ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məşhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 6 ay müddətdir «kakos» kimi tanıdığı narkotik vasitədən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. Təxminən 1 ay əvvəl tanımadığı şəxs təsadüfən Firuzun instaqram səhifəsinə narkotik vasitə və psixotrop maddələr satması barədə məlumat göndərmişdir. Həmin şəxs məlumatla yanaşı öz əlaqə nömrəsini də göndərmişdir. X3 Respublikasına aid nömrə olmuşdlur. Göndərilən nömrə vasitəsi ilə həmin şəxslə əlaqə saxlamış və tanışlıqları yaranmışdır. Həmin şəxsə narkotik vasitə sifariş etmişdir Bir qədər sonra tanış olduğu şəxs sifariş etdiyi narkotik vasitəni Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, «Kürdəxanı» yazılan lövhənin altına qoyduğunu bildirmişdir. O həmin ərazyə gedib narkotiki götürmüş, əvvəlcədən danışdıqları kimi 800 manatı ora qoymuşdur. Narkotik vasitə və psixotrop maddəni Kürdəxanı qəsəbəsində gizlədilmiş yerdən götürdükdən sonra icarəyə götürdüyü “Daevoo Jntra» markalı avtomobilin yük yerində gizlətmişdir. 05.10.2021-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni massivdə yaşayan qohumu Tərlangilə gəlmişdir. Maddi vəziyyətində çətinliklər olduğundan 15-20 gün əvvəl aldığı narkotik vasitənin bir qismini satması üçün Tərlana vermişdir. Həmin gün Tərlanın evində qalmış, 06.10.2021-ci ildə saat 17 radələrində Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində qohumu Tərlan ilə birlikdə piyada gedərkən 3 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Özlərini təqdim etdikdən sonra ondan və Tərlandan şəxsiyyət vəsiqələrini tələb etmişlər. Onlar şəxsiyyət vəsiqələrinin üstlərində olmamasını bildirmiş, həmin vaxt üstlərində narkotik vasitə olduğu üçün həyəcanlı olmuşlar. Polis əməkdaşları onların həyəcanlı oduqlarını görüb 14-cü Polis bölməsinə aparmışlar. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, etiraz etməmişdir. Polis əməkdaşı tərəfindən xidməti otaqlardan birində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl polis əməkdaşı ondan üzərində dövriyyəsi qanunla qadağan edilən əşya, pedmet olduğu barədə soruşmuşdur. O, əynində olan göy rəngli şalvarın sağ cibindən şəxsi istifadəsi və eləcə də satmaq üçün 15-20 gün əvvəl tanımadığı şəxsdən aldığı şəffaf selofanda içərisində narkotik vasitə olan bükümləri çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlər açılanda bildirmişdir ki, bükümlərin içərisində olan «kakos» kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni 15-20 gün əvvəl bir hissəsini satmaq, digər bir hissəsini isə istifadə etmək üçün sosial şəbəkədə tanış olduğu şəxsdən 800 manata almışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, 100 nömrəli möhürlə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və içərisində narkotik vasitə olan zərf onun və eləcə də iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitə və psixotrop maddələrə görə həmin şəxsə 800 manat versə də, həmin şəxs 800 manat dəyərində deyil, az miqdarda narkotik vasitə və psixotrop maddə göndərmişdir. Razılaşmalarına əsasən o, narkotik vasitə və psixotrop maddəni yoxlamalı, yaxşı olduğu halda həmin şəxs yenə də narkotik vasitə və psixotrop maddə göndərməli olmuşdur. Lakin sonradan özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş şəxslə dəfələrlə əlaqə saxlamağa cəhd göstərsə də, bu mümkün olmamışdır. Həmin şəxs əvvəlcə «Whotsapp»-ı silmiş, daha sonra isə telefonu söndürmüşdür. Narkotik vasitəni və psixotrop maddəni əvvəlcədən kimə satacağını planlaşdırmamışdır (cild 1, iş vərəqşi 114-118, 213-216). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün o, evdə olmuşdur. Bu vaxt polis əməkdaşları qapı-pəncərəni sındıraraq içəri girmiş və onları tutub aparmışlar. Həmin vaxt onda iki növ narkotik vasitə «kakos» və «şüşə» olmuşdur. Onların ikisinin birlikdə çəkisi təxminən 2,5 qram olmuşdur. O, narkotik vasitəni internet vasitəsi ilə almışdır. Belə ki, ona narkotik lazım olanda kart nömrəsinə pul keçirmiş, danışdığı şəxslər də narkotik vasitəni hara qoyacaqlarını ona yazmışlar. Bundan sonra o, gedib həmin yerdən narkotik vasitələri götürmüşdür. Bu zaman nə o, narkotik satan şəxsi, nə d əki, sonuncu, onu görməmişdir. O, «kakos»un qramını 18 manata , «şüşə»nin qramını isə 20 manata almışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 əmisi oğlu Firuzun narkotik vasitədən istifadə etdiyini bilmədiyini, sonuncunun ona satmaq üçün narkotiklər vermədiyini, polis işçiləri onlara gələndə uşaqları və Firuzun onun yanında olduğu, o, hər iki növ narkotikdən az miqdarda istifadə etdiyini, Firuzun üstünə baxış keçirilməsini görmədiyini, polis əməkdaşlarının onu səhər saat 10-11 radələrində saxladıqlarını, onu evdən 14-cü Polis bölməsinə apardıqlarını, bölmədə üzərinə baxış videoçəkilişlə aparıldığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məşhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1 il müddətdir ki, «kakos» kimi tanıdığı narkotik vasitədən damara vurmaq yolu ilə istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alıb istifadə edir. 05.10.2021-ci ildə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən nömrəsiz evdə olarkən qohumu Təqsirləndirilən şəxs1 gəlmişdir. Firuz onun narkotik vasitə qəbul etdiyini bildiyi üçün ona 2 bükümdə «kakos» kimi tanıdığı narkotik vasitə vermişdir. O, bunun müqabilində Firuza pul verməmiş, fikirləşmişdir ki, Firuzdan götürdüyü narkotik vasitənin bir qismini satıb, pulundan ona da verər. Narkotik vasitə heroini və metamfetamini alandan sonra bir qismini istifadə, yəni qəbul etmişdir. Qalan hissəsini isə tərəzidə ayrı-ayrı hissələrə ayırıb şalvarının sağ cibinə qoymuşdur. 06.10.2021-ci ildə saat 17 radələrində Maştağa qəsəbəsi, Xanlar yaşayış massivindədə Firuz ilə birlikdə gəzərkən 3 nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim etdikdən sonra Firuz və ondan şəxsiyyət vəsiqələrini tələb etmişlər. Şəxsiyyət vəsiqələri üstlərində olmadığından və həmin vaxt üstlərində narkotik vasitə olduğu üçün həyəcanlanmışlar. Polis əməkdaşları həyəcanlı oduqlarını başa düşdükləri üçün onları 14-cü Polis bölməsinə aparmışlar. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra video çəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmiş, o, etiraz etməmişdir. Polis əməkdaşı tərəfindən xidməti otaqlardan birində ona hüquq və vəzifəlri izah olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl polis əməkdaşı ondan üstündə döriyyəsi qanunla qadağan edilən əşya, predmet olmasını soruşmuşdur. O, əynində olan boz rəngli şalvarın sağ cibindən şəxsi istifadəsi və eləcə də satmaq üçün 05.10.2021-ci ildə qohumu Firuzdan götürdüyü şəffaf selofana bükülmüş içərisində narkotik vasitə olan bükümləri və 1 ədəd elektron tərəzini masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlər açılanda bildirmişdir ki, bükümlərin içərisində olan «kakos» kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni 06.10.2021-ci ildə bir hissəsini satmaq, digər bir hissəsini isə istifadə etmək üçün Firuzdan götürmüşdür. Həmin narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, 100 nömrəli möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və içərisində narkotik vasitə olan zərf onun və eləcə də iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş elektron tərəzi özünə məxsusdur. Elektron tərəzini üzərində gəzdirməkdə məqsədi, narkotik vasitə və ya psxatrop maddə istəyən olduğu təqdirdə, narkotiki həmin tərəzi ilə çəkib alıcıya təqdim etmək olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri qəbul etdikdən sonra onları elekton tərəzidə çəkməklə satmaq məqsədi ilə hissələrə bölmüşdür. Narkotik vasitələrə görə əvvəlcədən Firuza pul verməmişdir. Narkotik vasitə və psixotrop maddəni bir bükümünü təxminən 5-10 manata satmağı planlaşdırmışdır. Firuzla razılaşmasına görə narkotik vasitə və psixotrop maddəni satdıqdan sonra Firuza pul verməli idi. Lakin konkret olaraq Firuza hansı məbləğdə pul verəcəyi ilə bağlı əvvəlcədən danışıqları olmamışdır (cild 1, iş vərəqi 128-131, 217-220). Ziddiyyətlərlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokollarındakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu, həmin ifadədə yazılanların doğru olmadığını, latın qrafikası ilə oxuya bilmədiyinə görə, həmin ifadələri oxumadan imzaladığını, Firuzdan narkotik vasitə almadığını, özünün telefonum olmadığını, tutulmamışdan əvvəl oğlunun istifadəsində olan telefonla «sms» yazdığını, lakin ona cavab gəlmədiyini, polis əməkdaşlarının ondan götürdüyüü telefonun oğluna məxsus olduğunu, həmin telefona onun yanında baxış keçirilmədiyini, telefonda olan «sms»-ləri özünün yazdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 oktyabr 2021-ci il tarixdə bölmənin əməliyyat müvəkkili Şahid2 və sahə rəisi Ramin Orucovla birlikdə xidməti ərazidə olarkən saat 17 radələrində Maştağa qəsəbəsi, «Xanlar» yaşayış massivində iki nəfərin özlərini şübhəli apardıqlarını görmüş və yaxınlaşıb onları saxlamışlar. Həmin şəxslərə 14-cü Polis bölməsinin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduqlarına görə saxlanıldıqlarını bildirib, özlərini təqdim etməsi təklif olunmuşdur. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs2, ikinci şəxs isə Təqsirləndirilən şəxs1 kimi təqdim etmişlər. Onlara polis bölməsinə getmək təklif edilmiş, birlikdə bölməyə gəlmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə rəhbərliyə məruzə edilmiş və onların üzərində yoxlama aparılması qərara alınmışdır. Yoxlamanın aparılması bölmənin təhqiqatçısı Elsahib Vəliyevə tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotiklərin dövriyyəsində şübhəli olduqlarını elan edərək onları şübhəli şəxs qismində tutmuş və müdafiəçi ilə təmin etmişdir. Onlara hüquqları izah edilərək, üstlərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təhqiqatçı onlardan üstlərində narkotik vasitə olması ilə maraqlananda, Təqsirləndirilən şəxs2 şalvarının sağ cibindən 1 ədəd elektron tərəzini və 1 ədəd şəffaf selofan bağlamanı masanın üzərinə qoymuş, bağlama açılanda içərisində 1 ədəd qara və 1 ədəd ağ xırda bağlmalar aşkar edilmişdir. Həmin xırda bağlamalar da açılmış, qara rəngli selofanda qəhvəyi rəngli, ikinci bükümdə isə ağ rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, bağlamalarda olan maddələr «kakos» kimi tanıdığı narkotik vasitədir, onları satmaq üçün ona qohumu Təqsirləndirilən şəxs1 vermişdir. Aşkar olunmuş maddələri təhqiqatçı zərfə qablaşdırmış, zərfi möhürləmiş və iştirak edənlərə imza etdirmişdir. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Bundan sonra təhqiqatçı şəxsi axtarış protokolu tərtib etmiş və hamı tərəfindən imzalanmışdır. Həmin gün Təqsirləndirilən şəxs1 də eyni qaydada müdafiəçi ilə təmin etməklə videoçəkilişlə şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs1 şalvarının sağ cibindən 1 ədəd şəffaf selofanda kiçik bağlamanı təqdim etmişdir. Bağlama açılanda içərisində 2 ədəd qara rəngli və 1 ədəd ağ rəngli selofan kəsyində bağlamalar müəyyən olunmuşdur. 2 ədəd qara rəngli bağalmada ağ rəngli, 1 ədəd qara-ağ rəngli bağlamada isə qəhvəyi rəngli maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin maddələr «kakos» kimi tanıdığı narkotikdir. Həmin narkotik vasitələri instaqramda tanış olduğu şəxslə razılaşıb 800 manata almış, narkotik vasitələri həmin şəxsin verdiyi məlumat əsasında Kürdəxanı qəsəbəsi yazılmış lövhənin altından 10-15 gün qabaq götürmüş və bir hissəsini satış üçün Tərlana vermişdir. Məhkəmə iclasında Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 şahid qismində ifadə verərkən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq 14-cü Polis bölməsinə gətirilmələri, hər ikisinin üzərində şəxsi axtarış aparılması və narkotik vasitə heroin, psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüəsi zamanı iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 06 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokollara əsasən, həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və onların üzərində ayrı-ayrılıqda şəxsi axtarışlar zamanı Təqsirləndirilən şəxs2 şalvarının sağ cibindən polietilen bağlamadakı iki ədəd xırda kağız bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddə və bir bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 şalvarının sağ cibindən isə narkotik vasitə heroin və psixtrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 24-25, 58-59). Cinayət işinə əlavə edilmiş diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış proseslərinin videogörüntülərinə onların iştirakı ilə baxış keçirilərkən, Təqsirləndirilən şəxs1 təqdim etdiyi şəffaf selofandan kiçik bağlamada 3 ədəd qara rəngli polietilen bağlamalar aşkar olunması, həmin bağlamalar açılanda ikisində ağ rəngli, birində qəhvəyi rəngli maddələr görünməsi, Təqsirləndirilən şəxs1 həmin maddələrin «kakos» olduğunu, instaqram vasitəsi ilə tanış olduğu şəxsdən aldığını, həmin şəxsin məlumatına əsasən narkotik vasitəni Kürdəxanı qəsəbəsini göstərən lövhənin altından götürüb 800 manatı həmin yerə qoymasını, bir hissəsini satmaq üçün onunla saxlanılan Təqsirləndirilən şəxs2 verməsini bildirmişdir. Diskə baxış zamanı həmçinin, Təqsirləndirilən şəxs2 şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzi və bir ədəd şəffaf rəngli selofanda kiçik bağlama çıxardıb masanın üzərinə qoyması, «kakos» olduğunu, narkotik vasitənin ona Təqsirləndirilən şəxs1 tərəfindən həm istifadə etmək, həm də satmaq üçün verilməsini, narkotik vasitəni pulla almamasını, bir hisəsini satandan sonra pulunu Firuza verəcəyini, elektron tərəzidən narkotik vasitəni satarkən istifadə edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi şəffaf selofanda kiçik bağlamada 2 ədəd qara rəngli polietilen bağlamaların aşkar olunduğu, həmin bağlamalar açılanda birində ağ rəngli, digərində isə qəhvəyi rəngli maddələr olduğu müəyyən edilir (cild 1, iş vərəqi 97-99, 100-102). Məhkəmə kimyəvi ekspertizasının 07.10.2021-ci il tarixli 6/4427 və 6/4428 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim olunmuş «Təqsirləndirilən şəxs2....» sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,774 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddənin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 4,997 qram olan qəhvəyi rəngli maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin, elektron tərəzi üzərində narkotik vasitə heroinə məxsus mikrohissəcik izləri olması, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş» sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,270 qr və 0,840 qram ümumi təmiz çəkisi 3,110 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələrin kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,850 qram olan qəhvəyi rəngli maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş psixotrop maddə metamfetaminlər və narkotik vasitə heroinin kimyəvi komponent tərkiblərinə görə eyni olmaları, heroinin və metamfetaminin Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş siyahıya daxil olmaları müəyyən edilmişdir (cild 1, iş vərəqi 68-74, 76- 82). İbtidai istintaq orqanının 17.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş cəmi 5,847 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və cəmi 3,884 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də 1 ədəd elektron tərəzi və şəxsi axtarış prosesinin videogörüntüləri olan disklər iş üzrə maddi sübut qismində tanınmışlar. Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqata sərf olunmuş hissələri nəzərə alınmaqla qalıq 4,947 qram heroin və 0,724 qram metamfetamin, 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalıqları - 3,010 qram heroin, 0,800 qram metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış prosesinin videogörüntüləri olan 2 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 183-185). İş materiallarında olan diskə baxış protokolundan görünür ki, "xxxx" MMC-dən göndərilmiş məlumatlara baxış keçirərkən Təqsirləndirilən şəxs2 məxsus 055 247-23-32 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 ***-**-** nömrəsinə 12.09.2021-ci ildə saat 19:34:58-də «atam axşamın xeyir görüşmək istəyirdim səninlə necə edək həm qalığı ödəmək bir az da torpaq götürmək istəyirik necə edək hara gələk yaz da zəhmət olmasa atam gözləyirik», 13.09.2021-ci ildə saat 12:06:12-də «bizi nə üçün ağrıda qoyursan atam», 14.09.2021-ci ildə saat 19:52:55-də «atam qurban başına dönüm ölürəm qala bilmirəm əl tut mənə xahiş edirəm», 21.09.2021-ci İldə saat 12:15:05-də «atam telefonumu satmışam ağrıdan dayana bilmirəm mənim üçün 4-5 dənə tap da xahiş edirəm cavab ver», 21.09.2021-ci ildə 15:21:27-də «qaqaş sən məndən nəsə pis hərəkət görmüsən yəni sənə qarşı qəhbəlik eləyirəm belədə nə etmişəm əcəb eləmişəm lazımi adam layiqli cavab alıb ona görə mənə niyə odboy verirsən başa düşmürəm cavab ver də atam» mətnli SMS-lər aşkar edilmişdir. Digər GSM nömrələrinə göndərilən və qəbul edilən SMS-lərin mətnlərinin də narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı ilə bağlı olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 202-212). Məhkəmə-narkoloji ekspertizasının 24.01,2022-ci il tarixli 301 və 302 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları var, ərazi narkoloji dispanserdə qeydiyyata alınmaları məsləhət görülür (cild 1, iş vərəqi 194-195, 196-197). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11.10.2021-ci il tələbnaməsindən və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13.01.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinin tələbinə görə isə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 24.10.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarsa da, həmin cinayət əməlinə görə o, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Buna görə də, o, hazırda məhkumluğu olan şəxs hesab edilməli, lakin CM-nin 18.4.4-cü maddəsinin tələbinə görə həmin hal residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə həmin idarənin bazasında məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün dəlillər gətirərək, hadisə günü özündə olan narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını və həmin narkotiki götürüb qohumu Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı evə getdiyini, Tərlanla birlikdə narkotikdən istifadə etdikdən sonra yatdığını, saxlanılarkən onda narkotik vasitə olmadığını, Tərlana satmaq üçün narkotik vermədiyini, ibtidai istintaqda polislər ona necə deyiblərsə, o da, onların dedikləri kimi ifadə verdiyini, polis əməkdaşlarının ona dediklərini etməyəcəyi halda döyüləcəyini bildirdiklərini, kirayə yaşadıqları evdən qabın içərisindən aşkar olunmuş narkotik vasitənin ona aid olmadığını bildirdi. Həmçinin, məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs2 əmisi oğlu Firuzun narkotik vasitədən istifadə etdiyini bilmədiyini, sonuncunun ona satmaq üçün narkotiklər vermədiyini, saxlanılarkən üzərindən cəmi 2,5 qram narkotik vasitə çıxdığını, həmin narkotiki şəxsi istifadəsi üçün üzərində saxladığını bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özləri heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatlarında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin onlara məxsus olduğunu, Təqsirləndirilən şəxs2 əlavə olaraq həmin narkotikləri ona satmaq üçün əmisi oğlu Təqsirləndirilən şəxs1 verdiyini bildirmiş, sonuncu, həmin halı təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitələri və psixotrop maddələri dəfələrlə müxtəlif şəxslərə satması sonuncunun mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 ***-**-** nömrəsinə daxil olan və çıxan çoxsaylı SMS mətnləri ilə bir daha öz təsdiqini tapır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə iclasında gətirdikləri həmin dəlilləri onların məsuliyyətini yüngülləşdirmək üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur (maddə 25.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal, həmçinin hər iki təqsirləndirilən şəxsin cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxslərin ibtidai həbs müddətləri cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 06 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixlərdə adları çəkilən şəxslər Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılırlar. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 06 oktyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.lar. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının 24.01.2022-ci il tarixli 301 və 302 nömrəli rəylərini əsas tutan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onların narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, hər iki təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunmalıdır: – Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 götürülərək ekspertiza tədqiqatından sonra qalıq qalan 4,947 qram heroin və 0,724 qram metamfetamin, 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 götürülərək ekspertiza tədqiqatından sonra qalıq qalan 3,010 qram heroin, 0,800 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin videogörüntüləri olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ekspertiza tədqiqatının dəyəri 163 (yüz altmış üç) manat 64 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, ekspertiza tədqiqatlarının dəyəri hesab edilən 163 (yüz altmış üç) manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 81 (səksən bir) manat 82 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,947 qram narkotik vasitə heroin, 0,724 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,010 qram narkotik vasitə heroin, 0,800 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin videogörüntüləri olan 2 ədəd disk cinayət işişinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 163 (yüz altmış üç) manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 81 (səksən bir) manat 82 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-737/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-737/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver