Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-738/2021 03.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 48, mənzil 134-də yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2018-ci il tarixdə, saat 03:09-da, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 34-cü kilometrində, X2 yaxınlığındakı «Aşkarlar» zavodu ilə üzbəüz yerləşən «Qızlar Bulağı» kafesində, alkoqol sərxoşluğu vəziyyətində özünü cəmiyyətin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, özü ilə gətirdiyi bıçağı nümayiş etdirdiyi zaman, kafedə müştəri qismində olaraq, vətəndaşlıq borcunu yerinə yetirən və onun xuliqanlıq hərəkətlərinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi həmin bıçaqla qəsdən bir dəfə sol kürək nahiyəsindən vurub, ona döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa nüfuz etməyən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə, qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq hərəkətlərini davam etdirərək, ətrafdakılara etinasızlık göstərməklə, xuliqanlıq niyyəti ilə kafedə olan digər müştəri Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan qəsdən bir dəfə həmin bıçaqla sol qarın nahiyəsindən vurub, ona qarnın sol yan divarının peritonarxası sahəyə keçməklə kəsilmiş-deşilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilimiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonunda ailəsi ilə kirayə yaşayır. O, meyvə-tərəvəz alveri ilə məşğul olur. Şahid4 onun əmisi oğludur, Şahid3 isə Pərvizin dostu kimi tanımışdır. Belə ki, o, xx xxxx 2018-ci il tarixdə yaşadığı Bərdə rayonundan Sumqayıt şəhərinə öz işləri ilə bağlı gəlmişdir. Həmin axşam əmisi oğlu Pərviz, dostu Şahid3la Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən göz xəstəxanasının yaxınlığına gəlmişdir. Onlar görüşüb, yaxınlıqda olan, adını bilmədiyi kafeyə gedib, orada yeyib-içmişlər. Onlar üçü 1,5 litr araq içmiş və çox sərxoş olmuşlar. xx xxxx 2018- ci il tarixdə, saat 02:00 radələrində, kafedən getmək istəyəndə, Pərviz, onlara Sumqayıt şəhərində yerləşən «Qızlar Bulağı» kafesinə gedib pivə içməyi təklif etmişdir. Onlar Pərvizlə razılaşmışlar. Daha sonra onlar təxminən saat 02:30 radələrində «Qızlar Bulağı» kafesində olmuşlar. Kafedə Pərviz, sonradan onun Pərvin kimi tanıdığı adamla və bir cavan qızla görüşmüşdür. Kafedə oturduqdan sonra o, şalvarının kəmərinin altında gəzdirdiyi mətbəx bıçağını çıxarıb, stolun üstünə qoymuşdur. Daha sonra onlar pivə içmişlər. Lakin, Pərvizin pivə içdiyi bakal onun əlindən yerə düşüb, sınmışdır. Pərvizin əlindən bakalın yerə düşdüyünü görən kafenin işçiləri onlara yaxınlaşıb, Pərvizə iradlarını bildirib, mübahisə etməyə başlamışlar.. Daha sonra isə onunla Pərvizi dartışdırmışlar. Elşad kafenin mühafizəçilərinə mübahisə etməməklərini bildirsə də, Elşadın sözünü eşidən olmamışdır. Ona görə də, Elşad onlardan ayrılıb, kafedən getmişdir. Onunla Pərviz isə kafedə qalmışlar. O, nadir hallarda spirtli içkilər içdiyi üçün və həmin vaxt çox araq, araqdan sonra isə pivə içdiyinə görə çox sərxoş olmuşdur. Kafenin mühafizəçiləri onlarla mübahisə edəndə o biri stoldan sonradan Pərvizin tanışları kimi tanıdığı Pərvin və Renat da onlara yaxınlaşmışdır. Həmin an o, Pərvin və Renat fiziki cəhətdən güclü olduqlarından elə bilmişdir ki, Pərvinlə Renatda oranın işçiləridir və onlarla dava etmək istəyirlər. Ona görə də, o, özü ilə gətirdiyi bıçaqla Pərvini və Renatı vurmuşdur ki, onlardan əl çəksinlər və mübahisə sakitləşsin. Sonra, o, nə etdiyini dərk edib, kafedən çıxıb, qaçmışdır. O, yolda gedərkən, bıçağı harasa atmışdır. Hadisə ilə bağlı heç bir şikayət olmadığı üçün, o, heç bir problem olmadığını görüb, Ukrayna Respublikasının Kiyev şəhərinə gedib, orada meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar barəsində axtarış elan olunduğunu və cinayət işi açıldığını bilməmişdir. Daha sonra Ukrayna hüquq mühafizə orqanları onu Azərbaycan Respublikasına təhvil vermişlər. Əməlindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. xx xxxx 2018-ci ildə, saat 02:40 radələrində, o, Sumqayıt şəhərində yerləşən «Qızlar Bulağı» kafesində olarkən tanıdığı Zərərçəkmiş şəxs1 ilə rastlaşmışdır. Pərvin kafenin həyətində tanışı Şahid1 ilə birlikdə əyləşib, pivə içirmişlər. O, onlarla görüşüb, bir stolda əyləşib, çay içmiş, 5-10 dəqiqə sonra, onların stolundan durub, başqa stolda tək oturub, çay içməyə başlamışdır. Təxminən 15-20 dəqiqə sonra, kafeyə 3-4 nəfər cavan oğlan gəlmiş, həmin şəxslərdən ikisini Elşad və Şıkı kimi tanımış, onların yanında sonradan adını bildiyi X7 olmuşdur. Sonra X19lə görüşüb, onunla da uzaqdan salamlaşdıqdan sonra birlikdə gəldikləri adamlarla ondan 1 stol arxada əyləşmişlər. Onlar hamısı çox sərxoş olmuş, səsküy salıb, ucadan danışmağa başlamışlar.Həmin stolun üstündə bir bıcaq görmüşdür. Şıkı isə pivə bakalını stolun yanında su borusuna vurub sındırmışdır. Saat 03:00 radələrində o, kafedə Elşad, Şıkı və Vüsal kafenin mühafizəçiləri ilə söz mübahisəsi etdiklərini, Pərvinlə Gülnarın isə oturduqları yerdə olmadıqlarını görmüşdür. Pərvinlə Gülnar çöldən kafeyə qayıdan zaman Pərvin, Elşad və Vüsalın kafenin mühafizəçiləri ilə söz mübahisəsi etdiklərini gördükdə, mühafizəçilərə Vüsalgilin içkili olduqlarını, onlara baş qoşmamaqlarını və onları buraxmaqlarını demişdir. Həmin vaxt Vüsalgilin oturduğları masadan yenədə söyüşlər gəlmiş, onlardan kimsə stolun üstünə çıxıb, qışqırmağa başlamışdır. Kimsə stolun üstündə olan bıçağı götürüb, oturduqları stolun yanındakı balaca hasarın yanına atmışdır. Elşadla birlikdə olan X7 hasarın yanından bıçağı götürüb, kafenin içindəki su borusunun o biri tərəfindən fırlanıb, ona tərəf gəlmiş, həmin bıçaqla onun sol böyründən bir zərbə vurmuş və kafenin çıxışına tərəf qaçıb getmişdir. O, sol böyründən qan gəldiyini görmüşdür. Həmin vaxt Pərvinlə Gülnar ona yaxınlaşmışlar. Bu vaxt Pərvinin də sol kürək nahiyəsindən qan gəldiyini görmüş və Pərvin onu bıçaqla vuran həmin oğlan, yəni sonradan adını bildiyi X7 olduğunu demişdir. Pərvinlə Gülnar onuda götürüb, birlikdə kafedən çölə çıxmışlar. Daha sonra üçüdə taksiyə oturub, Sumqayıt şəhər TTYX-na getmişlər. Xəstəxanada əməliyyat olunmuş və təxminən 20 gün xəstəxanada yatıb, müalicə alıb, evə çıxmışdır. Hadisə vaxtı orada çoxlu müştəri olmuşdur. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 istintaq vaxtı verdiyi ifadəsi ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün zərərçəkmiş şəxsin ifadəsi elan edilmiş və ifadənin sonundakı imza ona təqdim olunmuşdur. Elan olunmuş ifadəsinə əsasən zərərçəkmiş şəxs bildirmişdir ki, ifadənin sonundakı imza onundur. İstintaq dövründə ifadə verən zaman tam özündə olmamış, ona görə də nə dediyini dəqiq bilməmişdir. Hal-hazırda məhkəmədə verdiyi ifadəsi doğrudur. Cinayət işinin 1-ci cild 92-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2018-ci il tarixli şəxsin fotoşəkillə tanınması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş şəkillər arasından soldan dördüncü, sağdan isə birinci olan şəkildəki X3 göstərərək, ona məhz həmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə, saat 02:30 radələrində, o, tək Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarında, STP zavodunun yaxınlığında yerləşən «Qızlar Bulağı» kafesinə gedib, orada, birlikdə yaşadığı Şahid1 ilə görüşərək, onunla bir stolda əyləşib, pivə içmişdir. Təxminən 5-10 dəqiqədən sonra, kafeyə tanışı Zərərçəkmiş şəxs2 gəlib, onunla görüşmüş, Renatda onların stolunda əyləşmiş, onlar, Gülnarla pivə, Renat isə spirtsiz içki içə-içə, 5-10 dəqiqə söhbət etmişlər, sonra Renat onların stolundan durub, başqa stola əyləşmişdir. Təxminən 15-20 dəqiqədən sonra, kafeyə 3-4 nəfər cavan oğlan gəlmişlər, onlardan ikisini Elşad və Şikı ləqəbli şəxslər kimi tanımışlar, onlarla olan digər iki nəfər şəxsi isə tanımamışlar. Elşadla Şikı ona yaxınlaşıb, görüşmüşlər, sonra, onlarla birlikdə gələn digər iki nəfərlə keçib, təxminən 2 stol aralıda, sağ tərəfdə başqa stolda əyləşmişlər. Elşad, Şikı və onlarla birlikdə gələn digərləri çox sərxoş olmuşlar, səsküy salmağa və ucadan danışmağa başlamışlar. Elşadın belində böyük bir bıçaq olmuş, Elşad, həmin bıçağı çıxardıb, stola vurmağa və söyüş söyməyə başlamışdır. Saat 03:00 radələrində o, Gülnarla birlikdə ayaq yoluna çıxan zaman Renatın, mahnı sifariş etməyə barmenə yaxınlaşdığını görmüşdür. Bir neçə dəqiqədən sonra, onlar Gülnarla birlikdə ayaq yolundan qayıdan zaman Elşadgilin kafenin mühafizəçiləri ilə söz mübahisəsi etdiklərini görmüşlər, o, mühafizəçilərə yaxınlaşıb, onlara, Elşadgilin içkili olduqlarını, ona görə də, onlara baş qoşmamaqlarını və onları sakit buraxmaqlarını bildirmişdir. Həmin zaman Elşad əlində bıçaqla stolun üstünə çıxıb, qışqırmağa başlamış, Elşadla birlikdə olan digər oğlanlar isə onu stolun üstündən yerə düşürtmüşlər. Şikı Elşadın əlindən bıçağı götürüb, oturduqları stolun yanındakı balaca hasarın yanına atmışdır ki, heç kimi bıçaqla vurmasın, onlarla birlikdə olan qara köynəkli, adını sonradan bildiyi X8 isə əyilib, Elşadın balaca hasarın yanına atdığı bıçağı götürmüşdür. O, Elşadın bıçağını götürən X8 yaxınlaşıb, ona demişdir ki, bıçağı versin ki, gizlətsin, Elşad bıçağı tapmasın və heç kimi bıçaqla vurmasın. O, əlini X8 tərəf uzatmışdır ki, bıçağı ona versin, həmin zaman Vüsal bıçaqla onun sol böyrünə vurmuş, o, çevrilmək istəmişdir ki, bıçaq zərbəsindən qaçsın və bıçaq onun sol kürək nahiyəsinə dəymişdir. O, əlini sol kürək nahiyəsinə atıb, kürəyindən qan gəldiyini görmüş və stolun üstündən pivə bakalını götürüb, həmin bakalla onu bıçaqla vuran Vüsalı qorxutmaq istəmişdir ki, bıçağı yerə atsın. Bakal həmin oğlanın belindən sürtmüş, Vüsal yenə də bıçaqla onun üstünə gəlmiş və o, bakalı Vüsala atmış, lakin bakalın ona dəyib-dəymədiyini görməmişdir. Vüsal yenədə əlində bıçaqla onun üstünə gəlmişdir ki, onu vursun, ona görə də, o, yerdən stulu götürüb, stulu Vüsalın üzərinə qaldırmışdır ki, onu vurmasın və Vüsal qaçıb getmişdir. Onu bıçaqla vuran Vüsal çevrilib, qaçıb getmək istəyəndə, onun qabağına Renat çıxmış, Vüsal Renatıda bıçaqla qarnının sol tərəfindən vurmuş və kafenin çıxışına tərəf qaçıb, çıxıb getmişdir. Bundan sonra, onlar, Renatla və Gülnarla birlikdə kafedən bayıra çıxıb, üçüdə orada dayanan bir taksiyə oturaraq, Sumqayıt şəhər TTYX-na getmişlər. Həmin münaqişə təxminən 5-6 dəqiqə davam etmiş, münaqişənin şahidləri həmin vaxt orada olan çoxsaylı müştərilər olmuşlar. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin 1-ci cild 89-91-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2018-ci il tarixli şəxsin fotoşəkillə tanınması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş şəkillər arasından Təqsirləndirilən şəxs şəkilini göstərərək, ona bıcaqla xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, «Mersedes» markalı, **-LK-*** nömrəli avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarında, STP zavodunun yaxınlığında yerləşən «Qızlar Bulağı» kafesinin yanında dayanıb, oradan sərnişinləri aparıb-gətirir. Gülnarı, Pərvini, Renatı və Elşadı «Qızlar Bulağı» kafesinə gəlib-gedən şəxslər kimi tanıyır. xx xxxx 2018-ci il tarixdə, saat 03:00 radələrində, o, həmişəki kimi, Sumqayıt şəhərində «Qızlar Bulağı» kafesinin yanında dayanıb, müştəriləri gözləyən zaman kafedən Renatın qarnı qan içində çıxdığını, onun dalınca isə Pərvinin qan içində Gülnarla birlikdə çıxdığını görmüşdür. Gülnar ondan, Pərvinlə Renatı xəstəxanaya aparmağını xahiş etmişdir. O, onları avtomobilə mindirib, Sumqayıt şəhər TTYX-na aparmışdır. O, Baş vermiş hadisəni, Pərvin və Renatı kimin vurduğunu görməmişdir. Həmin vaxt Renat və Pərvin şok vəziyyətində onun avtomobilində oturmuşlar, Renat pis vəziyyətdə olmuş, Pərvinlə Gülnar isə ona, avtomobili tez sürüb, onları təcili xəstəxanaya çatdırmağını dediklərinə görə avtomobildə heç bir söhbət etməmişlər. Yalnız kafenin içindən çoxlu müştərilərin çölə çıxıb, qaçıb getdiklərini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsı təxminən 2-3 ildir ki, Şıkı ləqəbli Pərvizin əmisi oğlu kimi tanımışdır. Hadisədən qabaq Vüsalı bir neçə dəfə görmüşdür. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə Sumqayıtda yerləşən «Qızlar Bulağı» kafesindən tanımışdır. xx xxxx 2018-ci il tarixdə, saat 21:30 radələrində, o, qardaşı Elçinlə avtomobillə yaşadıqları məhəlləyə dönən zaman məhəllə uşağı Pərvizi görmüşdür. Pərviz onlara əl edib, avtomobili saxlatdıraraq, avtomobildən düşməyini, onunla işi olduğunu bildirmişdir. O, avtomobildən düşmüş və qardaşı çıxıb getmişdir. Pərviz ona, Sumqayıtda, dəniz kənarında yerləşən kafelərin birinə gedib, yeyib-içməyi təklif etmiş, o da, razılaşmışdır. O, Pərvizlə Sumqayıtda dəniz kənarında olan adını bilmədiyi kafeyə getmişdir. Orada Pərvizin əmisi oğlu Təqsirləndirilən şəxsla görüşüb, yeyib-içmişlər. xx xxxx 2018-ci il tarixdə, saat 02:00 radələrində, oradan durub getmək istəyəndə, Pərviz Sumqayıtdakı «Qızlar Bulağı» kafesinə pivə içməyə getməyi təklif etmiş, o da, onlarla razılaşmışdır. Onlar kafedən çıxmışlar. Həmin vaxt Vüsal bir neçə dəqiqəlik harasa gedib-qayıtmış və qayıdanda Vüsalın belində böyük bıçaq olmuşdur. Onlar təxminən saat 02:30 radələrində «Qızlar Bulağı» kafesində olmuşlar. Kafedə əvvəlcədən tanıdığı Pərvin adlı şəxsin bir qızla oturub nəsə içdiklərini görmüşdür. Kafedə oturandan sonra Vüsal özü ilə gətirdiyi bıçağı çıxarıb, stolun üstünə qoymuşdur. O, Vüsala bıçağı stolun üstündən götürməyini bildirdikdə, Vüsal isə bıçağa dəyməməyini, bıçağın stolun üstündə qalacağını bildirmişdir. Pivə sifariş edərək, içmişlər. Bundan sonra Pərvizin pivə bakalı əlindən yerə düşüb, qırılmışdır. Bundan sonra kafenin mühafizəçiləri onlara yaxınlaşıb Pərvizə iradlarını bildirərək, onunla mübahisə etməyə başlamışlar. Pərviz mühafizəçinin dediklərini eşidib, pivə bakalını bu dəfə qəsdən dəmir su borusuna vurub sındırmışdır. Bu zaman mühafizəçilər yenidən onlara yaxınlaşaraq, Pərvizin üstünə qışqırıb, dartışdırmağa başlamışlar. O, bunun pis qurtaracağını görüb, saat 03:00 radələrində oradan durub, kafedən çıxıb getmişdir. Bundan bir neçə gün sonra, o, Pərvizdən eşitmişdir ki, o, kafedən gedəndən sonra, Vüsal, Pərvini və Renatı bıçaqla vurmuşdur.Onda bıçaq olmamışdır, bıcaq əvvəldən Vüsalın belində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, məhəllədə onu Şıkı kimi çağırırlar. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Şahid3 və Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivindən yaxından tanıyır, Zərərçəkmiş şəxs1 isə təxminən bir ildir ki, Sumqayıt şəhərində olan «Qızlar Bulağı» kafesindən tanımışdır. xx xxxx 2018-ci il tarixdə, saat 21:00 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs ona zəng etmişdir. Vüsal Sumqayıta iş dalınca gəldiyini, Sumqayıt şəhəri, Novxanı bağlar massivində olduğunu və ona, həmin yerə gəlib dəniz kənarında olan kafelərin birində yeyib-içməyi təklif etmişdir. O, Vüsalla razılaşmışdır.Sonra Şahid3ı dəniz kənarında yerləşən kafelərin birində yeyib-içməyə dəvət etmişlər. Elşad onlarla razılaşmışdır. X17 yanına gedib, orada adını bilmədiyi kafedə oturub, yeyibiçmişlər. Onlar araq içmiş və çox sərxoş olmuşlar. xx xxxx 2018-ci il tarixdə, saat 02:00 radələrində, oradan getmək istəyəndə, o, Vüsalla Elşada, Sumqayıtdakı «Qızlar Bulağı» kafesinə gedib pivə içməyi təklif etmiş və onlar razılaşmışlar. Onlar kafedən çıxdıqda, Vüsal bir neçə dəqiqəlik harasa gedib-qayıtmışdır. Təxminən saat 02:30 radələrində «Qızlar Bulağı» kafesində olmuşlar. Kafeyə girəndə, o, tanıdığı Pərvinin qızla oturub nəsə içdiyini görüb, Pərvinlə görüşmüşdür. Kafedə oturandan sonar Vüsal belindən özü ilə gətirdiyi bıçağı çıxarıb, stolun üstünə qoymuşdur. Elşad Vüsala bıçağı stolun üstündən götürməyini bildirmiş, Vüsal isə bıçağa dəyməməyini, bıçağın stolun üstündə qalacağını bildirmişdir. Bundan sonra, onlar pivə içməyə başlamışlar. Həmin vaxt onun pivə bakalı əlindən düşüb, qırılmışdır. Bakalın yerə düşüb, sındığını görən kafenin mühafizəçiləri onlara yaxınlaşıb ona iradlarını bildirib, mübahisə etməyə başlamış və Vüsalla dartışmışlar. Elşad, mühafizəçilərə və onlara mübahisə etməməklərini bildirsə də, Elşadı eşidən olmamışdır. Bundan sonar Elşad kafedən çıxıb getmiş, o və Vüsal isə kafedə qalmışdır. O, çox içdiyi üçün hadisənin necə davam etdiyi dəqiq yadında qalmamışdır. Lakin, onu bilir ki, kafenin mühafizəçiləri onlarla mübahisə edən zaman Pərvin və Renat mübahisəni sakitləşdirmək istəyəndə, Vüsal, Pərvinlə Renatı tanımadığı üçün, elə bilmişdir ki, onlarda oranın işçiləridirlər və özü ilə gətirdiyi bıçaqla Pərvini və Renatı vurmuşdur. Sonra, o, çıxıb getmişdir. O, gedəndə Vüsal da qaçıb getmişdir. O, Vüsalın hara getdiyini bilməmişdir. Bundan sonra, o, Vüsalı görməmiş və Vüsala dəfələrlə zəng etsə də, nömrəsinə zəng çatmamışdır. Sonradan o bilmişdir ki, ölkədən çıxmışdır. Hadisə vaxtı kafedə çoxlu müştəri olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, xx xxxx 2018-ci il tarixdə, saat 21:00 radələrində, o, həmişəki kimi Sumqayıt şəhərində yerləşən «Qızlar Bulağı» kafesinə gəlib, orada oturmuşdur. Saat 02:30 radələrində tanıdığı Zərərçəkmiş şəxs1 da həmin kafeyə gəlmiş və onlar ikisi oturub, pivə içmişlər. Təxminən 5-10 dəqiqə sonra, kafeyə əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs2 gəlib onlarla oturub söhbət etmişdir. Daha sonra, tanıdığı Elşad və Şıkı ləqəbli şəxs və onlarla birlikdə bir ya iki nəfər tanımadığı oğlan gəlmişdir. X19 və Renatla görüşdükdən sonra, gəldikləri adamlarla başqa stolda oturmuşlar. Onlar dördüdə çox sərxoş olmuş və səs-küy salıb, ucadan danışmağa başlamışlar. Elşadın belində böyük bir bıçaq olmuş və həmin bıçağı çıxarıb, stola vurub, söyüş söyməyə başlamışdır. Saat 03:00 radələrində Pərvinlə ayaq yolundan qayıdan zaman Elşadgilin kafenin mühafizəçiləri ilə mübahisə etdiklərini görmüşlər. Pərvin mühafizəçilərə yaxınlaşıb, Elşadgilin içkili olduqlarını, onlara baş qoşmamaqlarını demişdir. Həmin zaman Şıkı stolun üstündən Elşadın bıçağını götürüb, oturduqları stolun yanındakı balaca hasarın yanına atmışdır. Bu zaman Elşadgillə birlikdə olan qara köynəkli, əvvəllər tanımadığı cavan oğlan əyilib, həmin bıçağı götürərək, əlində bıçaqla stolun üstünə çıxmışdır. Pərvin həmin qara köynəli oğlandan bıçağı almaq üçün getdikdə, həmin oğlan Pərvinə söyüş söymüşdür. Pərvin çevrilmişdir ki, yerdən stulu götürüb, həmin oğlanı stulla vursun, lakin Pərvin stulu götürə bilməmiş və həmin oğlan bıçaqla Pərvinin sol böyrünə vurmuşdur. Pərvin stolun üstündən pivə bakalını götürüb, onu bıçaqla vuran oğlana atmış, lakin, bakal həmin oğlana dəyməmişdir. Bundan sonra həmin oğlan qaçıb getmişdir. Sonradan, onlar, kafedən çıxanda heç kimin qalmadığını və Renatın bıçaqla qarnından vurulduğunu görmüşdür. Renatı kimin vurduğunu görməmişdir. O, Pərvinin və Renatın yarasından qan gəldiyini görüb, onları orada dayanan bir taksiyə otuzdurub, Sumqayıt şəhər TTYX-na gətirmişdir. Hadisə vaxtı orada çoxlu müştərilər olmuş, lakin, dava düşən kimi müştərilər qaçıb, çıxıb getmiş, yalnız kafedə işləyən şəxslər qalmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan Sumqayıt şəhər Pİ-nin məsul növbətçisi, polis baş leytenantı Elnur Cavadovun xx xxxx 2018-ci il tarixli raportundan görünür ki, xx.xx.2018-ci il tarixdə, saat 03:30-da Sumqayıt şəhər TTYX-nin tibb bacısı: - Zərərçəkmiş şəxs1 sol döş qəfəsindən daxilə dəlib keçməyən bir bıçaq yarası və Zərərçəkmiş şəxs2 qarnın ön divarının sol yarısından daxilə dəlib keçməyən bıçaq yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2018-ci il tarixli təqdim etmə barədə protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olan bir ədəd göy rəngli dama-dama qısaqol köynək, bir ədəd ağ rəngli mayka və bir ədəd boz rəngli şalvar istintaqa təqdim edilmişdir. Cinayət işinin 1-ci cild 51-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2018-ci il tarixli təqdim etmə barədə protokoldan görünür ki, xx xxxx 2018-ci il tarixdə Sumqayıt şəhəri, Bakı-Quba yolunun 34-cü kilometrində olan «Qızlar Bulağı» kafesində baş vermiş mübahisənin görüntülərini əks etdirən kafedəki videomüşahidə kamerasında olan görüntülər fləş karta köçürülərək istintaqa təqdim edilmişdir. Cinayət işinin 1-ci cild 52-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2018-ci il tarixli kamera vasitəsi ilə çəkilmiş və fləş karta yazılmış videogörüntülərə baxış keçirilməsi barədə protokoldan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı- Quba yolunun 34-cü kilometrində, X2 yaxınlığındakı «Aşkarlar» zavodu ilə üzbəüz yerləşən «Qızlar Bulağı» kafesində baş vermiş hadisənin görüntülərini əks etdirən fləş karta baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə, saat 03:09-da, Sumqayıt şəhərində yerləşən «Qızlar Bulağı» kafesində, 3 nəfər oğlanla digər bir neçə şəxs arasında mübahisə baş vermiş, həmin zaman söz mübahisəsi olmuş, həmin mübahisə sakitləşmiş, bir neçə dəqiqədən sonra stol arxasından bir nəfər əlində bıçaqla stolun üstünə çıxmış və həmin vaxt yenə də mübahisə başlamış və iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 stolun üstünə çıxan şəxsə yaxınlaşaraq, əlini uzatmış və stolun üstündə olan şəxs Zərərçəkmiş şəxs1 sol kürək nahiyəsindən bıçaqla bir zərbə vurub, dayanıb, ona baxandan sonra, əlindəki bıçaqla sağ tərəfə kafenin çıxışına doğru keçmiş, Zərərçəkmiş şəxs1 sağ əlini kürəyinə apararaq, stolun üstündən pivə bakalı götürüb, həmin bakalla onu bıçaqla vuran şəxsin kürəyinə zərbə endirmiş, sonra bakalı onun dalınca atmış, sonra isə Zərərçəkmiş şəxs1 stul götürərək, Təqsirləndirilən şəxs tərəf yönəltmiş, lakin, sonra, stulu yerə qoymuş, daha sonra, kafedə olan digər müştərilərdə kafenin çıxışına doğru getmişlər. Videogörüntüdə iş üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 54-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2018-ci il tarixli, 910 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin sol yarısının arxa səthinin boşluğa nüfuz etməyən kəsilmiş-deşilmiş yarası vardır. Qeyd olunan xəsarət deşici-kəsici alətin təsirindən yaranmışdır, onun tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni, xx.xx.2018-ci il tarixdə bıçaqla yetirilən bir zərbənin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cild 61-62-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2018-ci il tarixli, 1060 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində qarnın sol yan divarının peritonarxası sahəyə keçməklə kəsilmiş-deşilmiş yarası vardır. Qeyd olunan xəsarət deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla bir zərbə ilə vurulma nəticəsində əmələ gəlmişdir, müddəti qərarda göstərilən tarixdə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Ekspertizaya təqdim olunmuş köynəkdə və maykada hər birində 1 ədəd zədə aşkar edilmiş və bu zədələr Zərərçəkmiş şəxs2 qarnın sol yan divarındakı zədəyə uyğun gəlir. Təqdim edilmiş şalvarın üzərində zədə aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 106-107-ci vərəqələrində olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 xx xxxxxx 2018-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından görünür kİ, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cild 111-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 məktubla daxil olmuş sərhədkeçmə məlumatından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018ci il tarixdə sərhəddi keçərək Ukrayna Respublikasının Kiyev şəhərinə getmişdir. Cinayət işinin 1-ci cild 201-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli kamera vasitəsi ilə çəkilmiş və fləş karta yazılmış videogörüntülərə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə, saat 03:09-da, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun kənarında, STP zavodunun yaxınlığında yerləşən «Qızlar Bulağı» kafesində, Təqsirləndirilən şəxs, onun əmisi oğlu Şahid4 və tanışları Şahid3 oturduqları stolun yanında kafenin bir neçə nəfər işçiləri ilə onların aralarında mübahisə baş vermiş, həmin zaman söz mübahisəsi olmuş, bir neçə nəfər mübahisəni sakitləşdirmək istəmiş, lakin, Təqsirləndirilən şəxs stolun arxasından əlində bıçaqla gələrək, stolun üstünə çıxıb, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 sol kürək nahiyəsindən bıçaqla bir zərbə vurub, dayanıb, ona baxandan sonra, əlindəki bıçaqla sağ tərəfə kafenin çıxışına doğru kimisə vurmağa keçmiş, Zərərçəkmiş şəxs1 sağ əlini kürəyinə apararaq, stolun üstündən pivə bakalı götürərək, həmin bakalla Təqsirləndirilən şəxs kürəyinə zərbə endirmiş, lakin, bakal sınmayaraq, içindəki pivə yerə dağılmış, Zərərçəkmiş şəxs1 bakalı Təqsirləndirilən şəxs dalınca atmış, sonra isə Zərərçəkmiş şəxs1 stul götürərək, Təqsirləndirilən şəxs tərəf yönəltmiş, lakin, sonra, stulu yerə qoymuş, daha sonra, kafedə olan naməlum müştərilərdə kafenin çıxışına doğru getmişlər və bununla da, görüntü başa çatmışdır. Cinayət işinin 1-ci cild 247-256-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 212-213-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Cahangirov X6 Respublikası Vahidov Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 131.2-ci maddənin B bəndi, 318.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tələbnamədə Tatarıstan Respublikası Vahidov Rayon Məhkəməsinin həmin hökmünün Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tanınması barədə heç bir qeyd yoxdur. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində məhkumluğu olmayan şəxs hesab edilməlidir. Cinayət işinin 2-ci cild 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx xxxxxx 2021-ci il tarixli, 05 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin, hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs, ona istinad edilən cinayət əməlini törədərkən, onda hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Cinayət işinin 1-ci cild 227-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 3867 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 173-174-cü vərəqələrində olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində oğlu xx.xx.2008-ci il təvəllüdlü X9 və qızı xx.xx.2010-cu il təvəllüdlü X5 olmaqla ikiazyaşlı uşağı vardır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiylərini, ona qarşı heç bir şikayət və tələbləri olmadığlarını bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Bundan başqa, cinayət işinin 1-ci cild 101-103-cü vərəqələrində olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 xx xxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunması və tutulması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 1-ci cild 138-140-cı vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 4(060)-108/2019 saylı qərarından görünür ki,axtarışda olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 159-cı vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixdə Ukrayına Respublikası Beynalxalq Polis Departamentnin əməkdaşları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarına Təqsirləndirilən şəxs təhvil vermişlər., Cinayət işinin 1-ci cild 141-ci vərəqəsində olan Sumqayıt Şəhər Polis İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli,123-37794-1220 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taborunun əməkdaşları tərəfindən Ukrayna Respublikasının səlahiyyətli nümayəndələrindən qəbul edilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 193-195-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(060)-262/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasından imtina olunmuş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cild 196-199-cu vərəqələrində olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(101)-738/2021 saylı hazırlıq iclasının qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənə qədər həbsdə saxlama müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 09 (doqquz) gün müddət cəza müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olan bir ədəd göy rəngli dama-dama qısaqol köynək, bir ədəd ağ rəngli mayka və bir ədəd boz rəngli şalvar məhv edilməli və hadisənin görüntülərini əks etdirən 01 ədəd fləş kartın cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 09 (doqquz) gün müddət nəzərə alınsın və onun hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olan bir ədəd göy rəngli dama-dama qısaqol köynək, bir ədəd ağ rəngli mayka və bir ədəd boz rəngli şalvar məhv edilsin. Hadisənin görüntülərini əks etdirən 01 ədəd fləş kartın cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-738/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-738/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver