Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-738/2023 18.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X7 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, üzərində məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidamətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd bükümdə, təmiz çəkisi 2,264 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən “Yaşıl bazar”ın qarşısında saxlanılmış, ünvan 2 ünvanda yerləşən Nərimanov RPİ-nin 18-ci Polis şöbəsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 2,264 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, irəli sürülmüş ittihamla razı deyil. O, nəyinki narkotik vasitələrin satışı ilə məşğul olmaq, ümumiyyətlə heç vaxt narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etməmişdir. Hadisə baş verən gün o, digər günlərdə olduğu kimi səhər saatlarında işlədiyi ünvana getmişdir. Elə həmin vaxt Babək adlı polis əməkdaşı ona yaxınlaşaraq idarə etdiyi avtomobilə əyləşməyini və birlikdə Polis bölməsinə getməyini bildirmişdir. O da Babək adlı polis əməkdaşının bu təklifi ilə razılaşaraq sonuncu ilə birlikdə Polis bölməsinin inzibati binasına getmişdir. O, Polis bölməsinin inzibati binasına daxil olduqdan sonra polis əməkdaşları əvvəlcədən masanın üzərinə qoyulmuş narkotik vasitələrin ona aid olmasını bildirmişlər və ondan həmin narkotik vasitələri boynuna almasını tələb etmişlər. Lakin o, həmin yerdə bu narkotik vasitələrin onun olmadığını bildirməklə etiraz etmişdir. Onu həmin otaqda olan adını və üzünü xatırlamadığı polis əməkdaşları döyməyə başlamışlar və o, bir çox zorakılığa, eləcə də təzyiqə məruz qalmışdır. O, Polis bölməsinin inzibati binasında polis əməkdaşları tərəfindən göstərilən təzyiqə dözməyərək qarşısına qoyulmuş narkotik vasitənin ona məxsus olduğunu təsdiqləyəcəyini demişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə olmaması, habelə polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 10 sentyabr 2022-ci tarixdə xidməti ərazisi olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 9 ünvanında xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını və davranışlarının adekvat olmamasını görmüşlər və bu səbəbdən də o, iş yoldaşı olan Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-na dəvət etmişlər və həmin Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə 1 (bir) ədəd narkotik vasitə hesab edilən heroin (kakos) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Nəsimi rayonu ərazisində “Kubinka” kimi adlanan ərazidə tanımadığı şəxsdən xx.xx.2022-ci il tarixdə aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni müəyyən vaxt ərzində hissə-hissə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 10 sentyabr 2022-ci il tarixdə iş yoldaşı Şahid2lə birlikdə xidməti ərazidə gəzən zaman Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 9 ünvanında Təqsirləndirilən şəxsn oğlunun qeyri-adekvat olan davranışlarından şübhələnərək sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra onlar Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-na dəvət etmişlər. Polis şöbəsində vəkil dəvət edilmiş və sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onların saxladıqları şəxsin üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın cibindən Təqsirləndirilən şəxs özünə məxsus narkotik vasitə hesab edilən heroin (kakos) aşkar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 9 ünvanında yerləşən “Yaşıl bazar” kimi adlanan ərazidə özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə dəvət edilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 16-17) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış və həmin vaxt onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd büküm, sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, AA seriyalı ******* nömrəli şəxsiyyəti vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş 1 (bir) ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5087 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 35-36) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №224” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə....Bayramov - imza, - iki imza. Tərtib etdi: Xəlilov Elmar - imza...” yazı əlavəsi qeyd edilmiş 1 (bir) ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi - 2,264 qram olan qəhvəyi rəngli tozşəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 48- 49) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 52-53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 60-62) görünür ki, o, bir müddətdir ki, ara dildə «kakos» adlanan, narkotik vasitə heroindən istifadə edir, həmin növ narkotik vasitəni yaxşı tanıyır. Özü mütəmadi olaraq narkotik vasitə heroindən istifadə etdiyi üçün şəxsi istifadəsi üçün heroini Bakı şəhərinin müxtəlif ərazilərindən üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxslərdən əldə etmişdir. 07 sentyabr 2022-ci il tarixdə dəqiq vaxt yadında deyil, Bakı şəhəri “Kubinka” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını, ata adını, digər anket məlumatlarını, eləcə də əlaqə nömrələrini bilmədiyi orta yaşlı şəxsin orada olduğunu görüb bədənində ağrıları olduğu üçün həmin şəxsə yaxınlaşıb 10 manat ödəməklə 1 (bir) ədəd gümüşü rəngli kağız bükümə bükülmüş halda narkotik vasitə heroin əldə edib əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoymuşdur ki, ona uyğun vaxtda istifadə etsin. 10 sentyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və ona Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər və o, sonunculara etiraz etməyib özünü təqdim edərək xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona hərəkətlərindən və danışıq tərzindən narkotik vasitə təsiri altında olmasından şübhələndiklərini bildirib 18-ci Polis şöbəsinin inzibati binasına gəlməsini xahiş etmişlər. O, əvvəlcə polis əməkdaşları ilə şöbəyə getmək istəmədiyindən etiraz etmək istəsə də, sonradan polislərlə birlikdə Polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmişlər. Eləcə də hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədilə polis əməkdaşları müdafiəçi dəvət edərək ona təqdim etmişlər və o, müdafiəçi ilə tanış olaraq onun hüquq və vəzifələrini müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, polis əməkdaşları onun üzərinə şəxsi axtarış və götürmə aparacaqlarını bildirmişlər və həmin vaxt videoçəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmişdir. Sonra Polis şöbəsinin xidməti otaqlarının birində onun üzərinə şəxsi axtarışa başlamazdan öncə polis əməkdaşları ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuşlar və əgər belə əşya vardırsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. O da polis əməkdaşlarının bu təklifi ilə razılaşıb, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda narkotik vasitə olan heroini masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Eləcə də o, əynində olan şalvarın sağ yan cibində olan özünə məxsus AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşı olmasını təsdiq edən şəxsiyyət vəsiqəsini və özünə məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunmuş büküm açıldıqda, içərisində spesifik iyə malik kütlə aşkar olunmuşdur. Polis əməkdaşları ondan həmin kütləni nə vaxt, kimdən və haradan əldə etdiyini soruşduqda, o, bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, heroini şəxsi istifadəsi üçün 07 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri “Kubinka” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını, ata adını, digər anket məlumatlarını, eləcə də əlaqə nömrələrini bilmədiyi orta yaşlı şəxsdən 10 (on) manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin o, polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitə heroini kiməsə satmaq, hədiyyə etmək və ya pay vermək məqsədi olmamış, yalnız öz bədənində ağrılar olduğundan şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları ondan aşkar olunmuş həmin 1 (bir) ədəd bükümdə olan narkotik vasitəni zərfə qoyaraq möhürləyib qablaşdırmışlar. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-986/2022 saylı qərarından (cild 1, iş vərəqə 77-81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından (cild 2, iş vərəqə 32-34) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması faktı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzinin” 7594 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 100-101) görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 3334 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizası rəyindən (cild 1, iş vərəqə 115-116) görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 117-118) görünür ki, Təqsirləndirilən şəxs 2006-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, onun üzərində ödənilməmiş məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 111) görünür ki, həmin gün Təqsirləndirilən şəxs istifadəsində olmuş və şəxsi axtarış zamanı götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 125-134) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun üzərindən aşkar edilmiş narkotik vasitənin mənbə ilə bağlı ayrıca icraata cinayət işinin ayrılması, ekspertiza tədqiqatında sonra qalıq çəkisi 2,214 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-21/2023 saylı qərarından (cild 1, iş vərəqə 159-162) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin cavab məktubundan (cild 02, iş vərəqə 51) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən Bayramov X1 rayon Polis İdarəsinin MSY-nə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş və həmin vaxt onun üzərində heç bir xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş cavab məktubundan (cild 02, iş vərəqə 53) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 03 saylı X2 Sanitar hissəsinə daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, eləcə də baxış zamanı onun bədənində yeni xəsarət izləri aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş tibbi kitabçanın surətindən (cild 02, iş vərəqə 54-55) görünür ki, Təqsirləndirilən şəxs 03 saylı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində özünü şübhəli apardığından həmin ərazidə xidmətdə olan polis əməkdaşlarının diqqətini cəlb etmiş və buna görə də həmin polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşaraq 18-ci Polis şöbəsinə dəvət etmişlər. Oradan Təqsirləndirilən şəxs üzərinə müdafiə hüququ təmin edilməklə, yəni onun hüquqlarını müdafiə etmək məqsədi ilə dəvət edilmiş və cinayət prosessual qanunvericiliyinə əsasən Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən həmin vaxt onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə, sonradan ekspertiza rəyi ilə təmiz çəkisi 2,264 qram çəkidə müəyyən edilmiş külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə narkotik vasitə heroinə aidiyyətinin olmamasını, heç vaxt həmin vasitədən istifadə etmədiyini, ittiham aktında göstərildiyi vaxt tutulmadığını, bunun əksinə olaraq Babək adlı polis əməkdaşının təklifi ilə sonuncunun avtomobilinə əyləşərək 18-ci Polis şöbəsinə getdiyini, ora çatdıqda polis əməkdaşlarının masanın üstünə narkotik vasitə qoyduqlarını və ondan həmin narkotik vasitənin özünə məxsus olmasını bildirməsini tələb edildiyini, onun buna razı olmadığını, bundan sonra polis əməkdaşlarının onu döydüklərini və bununla da fiziki təzyiqə məruz qoyduqlarını, onun da bu təzyiqə dözməyərək polislərin dediyi məzmunda ifadə verməyə razı olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tutuldugu vaxtı (tutulduğu gün ərzində saatı) və şəraiti mübahisələndirmiş, bununla bağlı müdafiə tərəfi vəsatət vermiş və məhkəmə həmin vəsatəti təmin etməklə həm Təqsirləndirilən şəxs, həm də onu saxlayan polis əməkdaşlarının həmin gün istifadələrində olmuş mobil telefon nömrələrinin anten dairəsi ilə bağlı qərar qəbul edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunmuş ittihamı bütövlükdə mübahisələndirdiyindən məhkəmə onun iddia etdiyi halları yoxlamış və onun istinad etdiyi dəlillərin həqiqiliyini araşdırmışdır. Bu araşdırma nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs aid şəxsi iş materialları və tibbi kitabça məhkəmə istintaqında əldə edilib araşdırlarkən müəyyən edilmişdir ki, o, saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçsə də, həmin vaxt onun üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin olmasını və tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncəyə və ya digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs saxlanılması zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması kimi halları məhkəmə istintaqında müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, milli mobil operatorlara məhkəmə tərəfindən göndərilmiş qərar əsasında əldə edilmiş cavabları araşdırdıqdan sonra Təqsirləndirilən şəxs mübahisələndirdiyi halları, yəni tutulma yerinin və şəraitinin müxtəlif olmasını da müəyyən emtək mümkün olmamışdır. Bu hissədə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrənin onun tutulduğu gün üzrə anten məlumatları məhkəməyə aydın olmayan səbəblərdən natamam şəkildə daxil olduğundan müdafiə tərəfinin iddia etdiyi halların həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq, həmin cavab əsasında Təqsirləndirilən şəxs saxlanılmasını həyata keçirən polis əməkdaşlarının istifadəsində olması iddia edilən mobil nömrələrin anten məlumatları da ona təsdiq edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar həqiqəti əks etdirmir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü müdafiə etmək məqsədi ilə yalan ifadə verməsi məhkəmədə heç bir şübhə doğurmur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Beləliklə, o, həbs edildikdən sonra saxlanıldığı İstintaq Təcridxanasına təhvil verilərkən onun üzərində xəsarətin aşkar edilməsi ilə bağlı qeydiyyatın aparılmaması, habelə döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməsi onun iddia etdiyi halların həqiqət olmasını müəyyən edilməsini mümkün etməmişdir. Ona görə də məhkəmə belə nətiəcəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni onun polis əməkdaşları tərəfindən döyülməsi və sair formada işgəncəyə məruz qalması halları baş verməmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşlı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini (nisbətən az olmasını) və onun yaşlı olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,214 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,214 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın və şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-738/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-738/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver