Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-739/2023 20.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci ildə Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində “8 noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək cəzası 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, 19 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş), məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində istintaqa məlum olmayan Yusif adlı şəxsdən Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 8 ünvanında 250 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd üzərində “DUFRY” yazılmış qırmızı rəngli sellofan torbanın içərisində olan 3 ədəd skoçla bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 730,0 qram, 1460 qram və 2235 qram olmaqla, ümumi təmiz çəkisi 4425 qram (4 kq 425 qram) olan bitki mənşəli çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlayaraq daşımış, 17 sentyabr 2022-ci il tarixdə saat 00:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 8 ünvanının qarşısında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə dəvət olunmuş, polis şöbəsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əlində olan həmin qırmızı rəngli sellofan torbanın içərisindən 3 ədəd skoçla bağlanmış polietilen bağlamada ayrıayırlıqda təmiz çəkiləri 730,0 qram, 1460 qram və 2235 qram olmaqla, ümumi təmiz çəkisi 4425 qram (4 kq 425 qram) olan bitki mənşəli çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddət marixuanadan istifadə etmişdir. 16 sentyabr 20:30 radələrində Yusif adlı şəxsə zəng edərək 20 qram marixuana almaq istədiyini bildirmişdir. Həmin şəxs də ona 50 qramdan az miqdarda marixuana verə bilməyəcəyini, 50 qram marixuananı 250 manat qarşılığında əldə edə biləcəyini demişdir. Həmin vaxt onun üzərində 170 manat pul olmuşdur. O, borc axtarmağa başlamışdır ki, 250 manata marixuana alsın və istifadə etsin. 1-2 saat sonra Yusifə zəng edib bildirmişdir ki, 250 manat pul düzəltmişdir. Yusif də ona bank hesabı göndərmiş və demişdir ki, həmin hesaba 250 manat pul köçürsün. O, “Milliön” ödəniş terminalı vasitəsilə pulu dediyi hesaba göndərmiş və bu barədə qəbzin şəklini çəkmişdir. 250 manat pulu ödədikdən sonra Yusif ona “WhatsApp” tətbiqi vasitəsi ilə elektron tərəzidə 61 qram çəkidə olan marixuananın şəklini göndərib bildirmişdir ki, 50 qram təmiz marixuanadır, 11 qram isə sellofan bükümün çəkisidir. Sonra da Yusif ona “Ulduz” metrostansiyasının yaxınlığında olan ərazidə marixuananı götürə biləcəyini deyib ərazinin şəklini göndərmişdir. O, həmin əraziyə xx.xx.2022-ci tarixdə saat 00:30 radələrində çatmış, ərazinin yalnız bir girişi olmuşdur. Həmin girişdən daxil olaraq marixuananı axtarmağa başlamışdır. Yusif ona demişdir ki, marixuana həmin ərazidə təkərin içindədir. Bir qədər irəlilədikdən sonra təkərin içində marixuananı tapmış, lakin həmin marixuana sifariş etdiyi çəkidən artıq olduğu üçün ona əlini vurmamışdır. Sonra da daxil olduğu girişlə geri qayıtmağa başlamışdır. Həmin girişdən çıxan zaman 7-8 nəfər polis əməkdaşı onu qandallayıb zorla maşına mindirərək Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirmişlər. Şöbədə ondan harada yaşadığı soruşulduqda o, Nərimanov rayonu, “Çapayev” adlanan ərazidə yaşadığını bildirmişdir. Sonra həmin polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmiş, ancaq onu maşında saxlamışlar. Daha sonra yaşadığı evə baxış keçirilmiş, lakin heç nə tapılmamışdır. Bundan sonra onu yenidən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirib narkotik vasitənin ona məxsus olduğunu bildirməsi üçün ona təzyiq göstərmişlər. Onun gözünə vurulan zərbələr nəticəsində gözünün altına qan yığılmışdır. Saxlanıldığı təcridxanada uzun müddətdir ki, müalicə alır. Əgər narkotik vasitəni boynuna almasa, qardaşını da həbs edəcəklərini bildirmişlər. Onu daha sonra Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin zirzəmisinə gətirmişlər, orada vəkil də olmuşdur. Saxlanıldıqdan sonra ilk dəfə vəkili orada görmüşdür. Həmin otaqda polis əməkdaşlarının istədiyi kimi danışmadığı üçün videoçəkiliş 3 dəfə təkrarlanmışdır. Şəxsi axtarışda üzərindən aşkar olunan mobil telefon polis əməkdaşına məxsus olmuşdur. Şəxsi axtarış zamanı demişdir ki, 250 manat qarşılığında 50 qram narkotik vasitə almaq üçün həmin əraziyə getmiş, lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Şəxsi axtarış zamanı üzərində 112 manat pul və “Prima” markalı siqaret olmuşdur. Şəxsiyyət vəsiqəsini isə polis əməkdaşları yaşadığı evdən götürmüşlər. Mütəmadi olaraq marixuanadan istifadə etmiş, bəzən isə heroin və metafetamindən də istifadə etmişdir. Əvvəllər də marixuananı Yusifdən almışdır. Yusifi 2018-ci ildə cəzaçəkmə müəssisəsində olan zaman məhkum yoldaşı vasitəsilə tanımışdır. Yusifi tanıdığı vaxtdan eyni nömrədən istifadə etmişdir. Yusifdən marixuana alanda onun fərqli-fərqli bank hesablarına pul göndərmişdir. Gündəlik olaraq marixuanadan nə qədər istifadə etdiyini bilmir, marixuananı tək çəkmişdir. Onu 8 nəfər polis əməkdaşı saxlamışdır. Onun saxlanıldığı yer Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin yaxınlığında qaranlıq ərazi olmuşdur. Saxlanıldıqdan 12-13 saat sonra vəkil gəlmiş və həmin vəkili ilk dəfə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin zirzəmisində görmüşdür. Saxlanılan zaman polis əməkdaşları mobil telefonunu götürmüş, bu vaxt Yusifdən mesaj gələn zaman onu mobil telefonunun şifrəsini yazmağa və Yusifə səsli mesaj göndərməyinə məcbur etmişlər. Qəbzi göndərdikdən sonra Yusif elektron tərəzidə marixuananın şəklini göndərmişdir. Müalicə müəssisəsində olarkən döyülməyi ilə bağlı prokurorluq əməkdaşları müdafiəçisi olmadan izahatını almışdır. Şahid1 və digər polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təsir göstərilmişdir. Həmin şəxslər baş, bədən və ayaq nahiyələrinə zərbələr vurmuşlar. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Saxlanılan zaman mobil telefonunu saçları tökülmüş polis əməkdaşı təhvil almış və avtomobillə polis şöbəsinə aparılarkən Yusifə “WhatsApp” tətbiqi vasitəsilə səsli mesaj göndərməyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təxminən 5 aya yaxın narkotik maddə marixuana qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə bədənində ağrılar olduğu üçün əvvəllər tanımadığı, hər hansı anket məlumatını bilmədiyi, yalnız adının Yusif olmasını bildiyi şəxsə “onlayn” yolla 250 manat pul göndərməklə narkotik maddə marixuana sifariş vermişdir. xx.xx.2022-ci tarixdə saat 00:30 radələrində Yusif adlı şəxsin yönləndirməsinə əsasən Nərimanov rayonu, Araz küçəsi 8 saylı ünvana gedərək həmin narkotik maddə olan qırmızı rəngli sellofanı götürmüşdür. Həmin vaxt ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra həmin polis əməkdaşları ondan şübhələndikləri üçün polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə getmişdir. Polis şöbəsinə getdikdən sonra onu şöbənin xidməti otaqlarının birinə aparmışlar. Həmin otaqda polis əməkdaşları və vəkil olmuşdur. Daha sonra polis əməkdaşları üzərində hər hansı əşya varsa təqdim etməyini xahiş etmişlər. O da əynində olan göy rəngli cins şalvarının sol cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, göy rəngli “Prima" siqaret qutusunu, 1 ədəd bənövşəyi rəngli alışqanı, həmin şalvarın sağ cibindən 112 manat pulu, qara rəngli “Samsung” markalı mobil telefonu və əlində olan qırmızı rəngli üzərinə “DUFRY” yazılmış sellofanın içərisində 1 ədəd mavi rəngdə, 1 ədəd qara rəngdə və 1 ədəd bənövşəyi rəngdə iri bağlamaları təqdim edərək həmin bağlamaların içərisində narkotik maddə olan marixuana olmasını və həmin narkotik maddənin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi 3 ədəd iri bağlamada narkotik maddə olan marixuananı götürərək qablaşdırmış və bu barədə protokol tərtib etmişlər. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin zərf möhürlənmiş və imzaları ilə təsdiq edilmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Əldə etdiyi narkotik vasitələri özünün istifadəsi üçün əldə etmişdir. Tutulana qədər ***- ***-**-** saylı nömrədən istifadə etmişdir (cild 1, iş vərəqə 51-52 və 71-72). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində sahə inspektoru vəzifəsində işləyir. Onun təhkim olunduğu inzibati ərazidə 17 sentyabr 2022-ci il tarixdə saat 1:00 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə xidmətdə olan zaman ünvan 5 ünvanda yerləşən zavodun qarşısında bir nəfər şəxsin özünü şübhəli apararaq əlində iri sellofan bağlama ilə getdiyini görmüşlər. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq sonuncuya xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək həmin şəxsin şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman onun davranışı və qeyri-adi hərəkətləri şübhələrini daha da artırmışdır. Buna görə də həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz edib onlara müqavimət göstərərək əl-qol atıb qaçmağa cəhd edərkən yaranmış zərurətlə əlaqədar həmin şəxsə fiziki güc tətbiq edib polis şöbəsinə aparmışlar. Sonra həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısına təhvil vermişlər ki, barəsində araşdırma aparılması həyata keçirilsin. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1988-ci ildə Qubadlı rayonunda anadan olmuş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün təhqiqatçı Seymur Poladov vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əlində olan qırmızı rəngli üzərində “Dufry” yazılmış sellofanın içərisindən 1 ədəd mavi rəngdə, 1 ədəd qara rəngdə və 1 ədəd bənövşəyi rəngdə iri bağlamaları təqdim etmişdir. Bağlamaların içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin qırmızı rəngli üzərində “Dufry” yazılmış sellofanın içərisində 1 ədəd mavi rəngdə, 1 ədəd qara rəngdə və 1 ədəd bənövşəyi rəngdə iri bağlamalarının içərisində marixuana olduğunu və həmin bağlamaların özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin 3 ədəd iri bağlamada olan narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində “onlayn” ödəmə yolu ilə anket məlumatlarını bilmədiyi “Yusif’ adlı şəxs kimi tanıdığı şəxsdən 250 manat məbləğində şəxsi istifadəsi üçün sifariş verdiyini və xx.xx.2022-ci il tarixi saat 00:30 radələrində “işarələnmiş” yer olan ünvan 5 ünvandan götürdüyünü bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılan ərazidə çoxlu sayıda zavod olmuş, gecə saatlarında həmin zavodlarda yalnız mühafizəçilər olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan ərazidə işıqlandırma olmamış və zavodların arasında dar cığırlar vasitəsilə hərəkət edilmişdir. Təqsirləndirilən şəxs 7-8 nəfərlə deyil, Şahid1la birlikdə saxlamış və qaçmağa cəhd göstərdiyi üçün ona fiziki güc tətbiq etmişlər. Təqsirləndirilən şəxsla süpürləşən zaman sonuncu ola bilsin ki, xəsarət almış, çünki həmin vaxt o da xəsarət almışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onun mobil telefonunu götürüb təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs mobil telefonunu cibindən çıxarmasının qarşısını almaq üçün onun əlini cibində saxlayıb polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs cibindən qanunsuz əşyaları atacağını ehtimal edərək ona fiziki güc tətbiq edib əlini cibində saxlamasını təmin etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi yadında olmamışdır. Şəxsi axtarış zamanı mobil telefonu Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Hesab edir ki, şəxsi axtarış zamanı aşkar edilmiş əhəmiyyət kəsb edən əşyalar istintaqa təhvil verilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” haqqında 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əlində olan “DUFERY” yazısı olan sellofan paketin içərisindən 1 ədəd mavi, 1 ədəd qara və 1 ədəd bənövşəyi rəngli iri bağlamalarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-29). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi” barədə 18 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki “DUFERY” yazısı olan sellofan paketin içərisindən 3 ədəd skoçla bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 730,0 qram, 1460 qram və 2235 qram olmaqla, ümumi təmiz çəkisi 4425 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqə 53-54). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 18 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı mobil telefonun “WhatsApp” proqramında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Yusif ağa” adlı ilə qeyd edilmiş istifadəçinin arasında narkotik vasitəni əldə edilməsi və ünvana qoyulması barədə səs yazılarının olması, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməsi məqsədi ilə 250 manat pulun ödənilməsi barədə qəbzin surətinin “Yusif ağa” adlı istifadəçiyə göndərilməsi aşkar edilmişdir (cild 1, iş vərəqə 55-59). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2022-ci il tarixli 7/1050 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri yazılmış boz rəngli sintetik torbada 3 ədəd skoçla bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 730,0 qram, 1460 qram və 2235 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümümi təmiz çəkisi 4425 qram, tədqiqata sərf edildi 0,3 qram, qalıq 4424,7 qram, cild 1, iş vərəqə 37-38). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 31 oktyabr 2022-ci il tarixli 6469 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olmuş, lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 150-151). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 7 noyabr 2022-ci il tarixli 2947 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 152-153). Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4424,7 qram olan narkotik vasitə marixuana və 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 159-169). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Elmi-Təcrübi və Tədris Birliyinin 6 iyun 2022-ci il tarixli 1174/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmiş, onun adına tərtib olunmuş məhkumun tibbi kartasında qeyd olunan xəsarətlər - sağ göz ətrafının və sağ bazunun qançırları, sağ biləyin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, törənmə müddəti şəxsin İstintaq Təcridxanasına daxil olmazdan 5-7 gün əvvələ uyğun gələ bilməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs adına tərtib olunmuş məhkumun-tibbi kartasında qeyd olunan xəsarətlərin konkret olaraq hansı şəraitdə əmələ gələ bilməsi istintaq və təhqiqat yolu ilə həll edilə bilər (cild 2). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 5 noyabr 2022-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, cinayət işinin başlanmasının rədd edilməsinin səbəbi kimi 6 iyun 2022-ci il tarixli 1174/2022-MTBŞ nömrəli məhkəmə tibbi ekspertizasının rəyi göstərilmişdir (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməməsini, onun adına tərtib olunmuş məhkumun tibbi kartasında qeyd olunan xəsarətlər - sağ göz ətrafının və sağ bazunun qançırları, sağ biləyin sıyrığı kimi xəsarətlərin törənmə müddətinin şəxsin İstintaq Təcridxanasına daxil olmazdan 5-7 gün əvvələ uyğun gələ bilməsinin istisna edilməməsini nəzərə alaraq “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun 5 noyabr 2022-ci il tarixli qərarını əsaslı hesab edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının 1 (bir) ay 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində “8 noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək cəzası 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş və 19 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 117-128 və cild 2). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 16). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 80-84). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin təhlükəli residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4424,7 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4424,7 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına təhvil verilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-739/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-739/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver