Məhkəmə qərarları › İş №1(101)-740/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-740/2021

19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-740/2021 19.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 52, mənzil 133 ünvanında qeydiyyatda olan, faktiki Abşeron rayonu, Xırdalan şəhəri, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 onunla birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif edərək Türkiyə və Çin Respublikalarından müxtəlif çeşidli mebel dəstlərini və sanitar avadanlıqlarını alıb Azərbaycan Respublikasına gətirib satışını təşkil edərək həmin satışdan əldə olunmuş gəlirdən Zərərçəkmiş şəxs1 da gəlir verəcəyinə dair yalandan vəd verib aldadaraq, bu adla ondan 2013-cü ilin fevral ayının əvvəllərində ünvan 3 ünvanında həmin dövrün məzənnəsinə görə 98050 manat təşkil edən 125000 ABŞ dolları, bundan başqa eyni üsulla 2013-cü ilin iyun ayının axırlarında ünvan 4 ünvanda həmin dövrün məzənnəsinə görə 39215 manat təşkil edən 50000 ABŞ dolları və 2013-cü ilin iyul ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanda həmin dövrün məzənnəsinə görə 23529 manat təşkil edən 30000 ABŞ dolları pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 160794 manat olmaqla külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 onunla birgə kommersiya fəaliyyəti ilə məşğul olmağı təklif edərək Türkiyə və Çin Respublikalarından müxtəlif çeşidli mebel dəstlərini və sanitar avadanlıqlarını alıb Azərbaycan Respublikasına gətirib satışını təşkil edərək həmin satışdan əldə olunmuş gəlirdən Zərərçəkmiş şəxs2 da gəlir verəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla 2014-cü ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif küçəsində yerləşən Zorge adına istirahət parkında Zərərçəkmiş şəxs2 dostu Səbuhi Malikovun vasitəsi ilə göndərmiş olduğu həmin dövrün məzənnəsinə görə 196100 manat təşkil edən 250000 ABŞ dolları pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 196100 manat olmaqla külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 onun doğma əmisi oğludur, Zərərçəkmiş şəxs2 Şəmistan oğlu ilə isə Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olmuşdur. O özü 2012- 2015-ci illərdə Çindən Azərbaycana müxtəlif mebel dəstlərinin gətirilməsi ilə məşğul olmuşdur. Amma həmin mebelləri gətirməsini təsdiq edən hər hansı gömrük sənədi, qaiməsi və ya hər hansı başqa sənədi yoxdur. Mebelləri satmaq üçün ayrıca bir mağazası və ya anbarı da olmamışdır. Sadəcə gətirib tanımadığı müxtəlif şəxslərə satmışdır. 2013cü ildə əmisi oğlu Zərərçəkmiş şəxs1 Çindən müxtəlif çeşidli mebel dəstləri gətirib satdığını, yaxşı qazanc əldə etdiyini deyərək gətirilən mebel dəstlərinin çeşidlərini çoxaltmaqla daha çox pul qazanmaq üçün külli miqdarda pul lazım olduğunu, əgər ona böyük məbləğdə pul tapıb verə bilərsə ona da pulun 7 faizi həcmində qazanc verəcəyini vəd etmişdir. Səbuhi də həvəslənmiş və razılıq vermişdir. Həmin adla da 2013-cü ilin fevral ayının əvvəllərindən təxminən 2014-cü ilin yanvar ayının əvvələrinədək Zərərçəkmiş şəxs1 ümumilikdə 455000 ABŞ dolları məbləğində pul almışdır. Bir az da dəqiqləşdirib deyə bilər ki, 2013-cü ilin fevral ayının əvvəlində saat 17 radələrində ünvan 6 ünvanında 125000 ABŞ dolları, 2013-cü ilin iyun ayının axırlarında saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədlidə 50000 ABŞ dolları, 2013-cü ilin iyul ayının əvvəllərində saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində 30000 ABŞ dolları və 2014-cü ilin yanvar ayının əvvəllərində saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Zorge parkının yaxınlığında 250000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 almışdır. Həm də Zərərçəkmiş şəxs1 ona verdiyi 455000 ABŞ dollarının 250000 ABŞ dolları sonuncunun dostu Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Bu qədər böyük məbləğdə pulu götürsə də işlər elə alınmışdır ki, Çindən ümumiyyətlə mebel gətirməmiş, aldığı 455000 ABŞ dollarını isə xərcləmişdir. Səbuhi və Rasimdən ümumilikdə 455000 ABŞ dolları pul götürdüyünü səmimi etiraf edir və bunu heç bir halda danmır. Həmin pulları alması barədə öz xətti ilə qəbz də yazıb bu şəxslərə vermişdir. Ötən müddətdə həmin pulu qaytarmaq üçün cəhdlər etsə də işləmədiyi üçün pulu qaytara bilməmişdir. Hal-hazırda da belə imkana malik deyil. Bu pulları qaytarmaq üçün ona kömək edə biləcək bir kimsə də yoxdur. Düşdüyü vəziyyətdən çıxış kimi ancaq onu fikirləşir ki, əgər azad edilərsə bir iş tapıb işləyərək yavaş-yavaş bu insanların pullarını qaytara bilər. Əməlindən səmimi peşmandır. Məhkəmədən bütün bu halların nəzərə alınaraq barəsində mümkün olan qədər humanist qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Uşaqlıqdan tanıdığı Əli əvvəllər daxili işlər orqanlarında işləmiş, sonradan oradan uzaqlaşmış, konkret nə işlə məşğul olduğunu bilməmişdir. Amma bir müddət sonra Əli özü ona bildirmişdir ki, kommersiya ilə məşğul olur, o cümlədən Çindən və Türkiyədən mebel, sanitar avadanlıqları idxal edir və çox yaxşı qazancı var. Əli bu biznesin çox gəlirli və risksiz olduğunu israr edərək ona da həmin işə qoşulub birgə qazanc əldə etməyi təklif etmişdir. Qoşulmaq məsələsinə gəldikdə isə Əlinin təklifi bu olmuşdur ki, o başqa heç bir problemlə məşğul olmayacaqdır, yalnız böyük məbləğdə nağd pul tapıb verməlidir və qazancını almalıdır, qalan bütün işi Əli özü görəcəkdir. Əlinin təkidli söhbətlərindən sonra inanmış və razılaşmışdır. Uzun illər dostluq etdiyi Zərərçəkmiş şəxs2 da bu barədə edmiş, ona da bu xeyirli işə qoşulmağı təklif etmiş, sonuncu da inanaraq razılaşmışdır. Bundan sonra o, əmisi oğlu Təqsirləndirilən şəxs 2013-cü ilin fevral ayının əvvəlində saat 17 radələrində ünvan 3 ünvanında 125000 ABŞ dolları, 2013-cü ilin iyun ayının axırlarında saat 18 radələrində ünvan 7 ünvanında 50000 ABŞ dolları, 2013-cü ilin iyul ayının əvvəllərində saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında 30000 ABŞ dolları və 2014-cü ilin yanvar ayının əvvəllərində saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Zorge parkının yaxınlığında 250000 ABŞ dolları pul vermişdir. Verdiyi sonuncu bu 250000 ABŞ dolları məhz Rasimə məxsus olmuşdur. Lap dəqiqliklə deyə bilər ki, Zərərçəkmiş şəxs2 2014-cü ilin yanvar ayının əvvəllərində həmin 250000 ABŞ dollarını ünvan 8 ünvanında ona vermiş və o da həmin pulu birgə qazanc məqsədi ilə Əliyə 2014-cü ilin yanvar ayının əvvəllərində saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Zorge parkının yaxınlığında Təqsirləndirilən şəxs çatdırmışdır. Pulları aldıqdan sonra xeyli vaxt keçsə də Əli heç bir qazanc verməmiş, hər dəfə müraciət etdikdə ona hər şeyin yaxşı olduğunu, işlərin getdiyini demiş, az müddətdən sonra çoxlu qazanc əldə edəcəklərini bildirmişdir. Amma zaman uzandıqca nəinki qazancın olmaması, ümumiyyətlə Əlinin Türkiyə və Çindən heç nə idxal etmədiyini, bununla da onu aldatdığını başa düşmüşdür. Dəfələrlə Əli ilə görüşüb bu barədə söhbət etməyə cəhd etsə də Əli onunla görüşlərdən və danışıqlardan yayınmağa başlamış, az-az olan ünsiyyətlərində isə ona narahat olmamasını tövsiyə edib sakitləşdirməyə çalışmışdır. Bir müddət sonra isə Əli mobil telefon nömrələrini də söndürüb ümumiyyətlə onunla danışmaqdan imtina etmişdir. Artıq Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını tam başa düşmüş, ona görə də Əlinin qardaşı Vüqara, bacısı Nərgizə müraciət etmiş, onlarla görüşüb qardaşları Əlinin onu Türkiyə və Çin Respublikalarından müxtəlif çeşidli mebel dəstləri və sanitar avadanlıqlarının gətirəcəyi adı ilə aldadıb 455000 ABŞ dollarını ələ keçirdiyini bildirmişdir. Vüqar və Nərgiz qardaşları Əlinin onu aldatdığını bildirmiş və elə böyük məbləğdə pul verdiyi üçün onu qınamış və Əlinin ümumiyyətlə heç vaxt xaricdən mebel dəstləri və ya sanitar avadanlıqları gətirilməsi ilə məşğul olmadığını bildirmişlər. Artıq Əli tərəfindən aldadıldığını tam başa düşdükdən sonra da qohumluğu nəzərə alıb xeyli müddət şikayət etməmiş, Əlinin pulu qaytarmaqla bağlı vədlərini bəlkə yerinə yetirə biləcəyinə ümid etmişdir. Rasimlə birlikdə Əlidən öz əlyazması ilə qaytarmalı olduğu pulla bağlı qəbz də almışlar. Amma bunun da heç bir əhəmiyyəti olmamışdır. Bu günədək ona vurulmuş ziyan ödənilməmişdir. Əmisi oğlunun həbs olunmasını istəməzdi, amma özü ilə bərabər dostu Rasimi də çox böyük problemə saldığı üçün çətin vəziyyətə düşmüşdür. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan bəri dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. 2013-cü ilin sonlarında Səbuhi ona bildirmişdir ki, əmisi oğlu Əli Türkiyə və Çindən Azərbaycana müxtəlif çeşidli mebel dəstləri və sanitar avadanlıqlarının gətirilməsi ilə məşğul olur, çox yaxşı qazanc əldə edir. Özünün də Əlinin işinə qoşulduğunu deyib inandırmış, bu işə qoşulub Təqsirləndirilən şəxs vasitəsilə birgə qazanc əldə etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əmisi oğlu, həm də onun uşaqlıq dostu olan Səbuhinin vasitəsi ilə etdiyi təklif ağlına batmış, yaxşı qazanc əldə etmək məqsədi ilə razılaşmışdır. Əliyə çatdırması üçün 2014-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4 ünvanında Zərərçəkmiş şəxs1 250000 ABŞ dolları pul vermişdir. Səbuhi də həmin pulu aparıb Zorge parkının yaxınlığında Əliyə vermişdir. Həmin məbləği qəbul etdiyini Təqsirləndirilən şəxs özü də sonradan ona məlumat verib təsdiqləmişdir. Amma sonradan xeyli vaxt keçsə də danışılan gözləntilər baş verməmiş, Əli Zərərçəkmiş şəxs1 vasitəsi ilə əldə etdiyi pulun qarşılığında heç bir iş görməmişdir. Bir xeyli sonra isə məlum olmuşdur ki, Əli əslində onun pulunu birgə qazanc əldə etmək adı ilə aldadıb ələ keçirmiş, Türkiyə və Çindən ümumiyyətlə mebel dəsti və ya sanitar avadanlıqlarının gətirilməsi ilə məşğul olmamışdır. Şəxsən özü Təqsirləndirilən şəxsla dəfələrlə görüşüb bu barədə söhbət etməyə cəhd etsə də Əli həmişə söhbətdən yayınmış, ona narahat olmamağı tövsiyə etmiş, sakitləşdirmişdir. Sonralar isə Əli mobil telefon nömrələrini də söndürüb ümumiyyətlə onunla danışmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid1 və əmisi qızı Şahid2lə telefonla danışıb qardaşları Təqsirləndirilən şəxs onu aldadıb Türkiyə və Çindən müxtəlif çeşidli mebel dəstləri və sanitar avadanlıqlarının gətirilməsi adı altında ondan 250000 ABŞ dolları pulunu alıb ələ keçirdiyini bildirmişdir. Vüqar və Nərgiz isə ona qardaşları Təqsirləndirilən şəxs onu aldatdığını bildirmiş, Əliyə 250000 ABŞ dollarını nahaq yerə verdiyini, Əlinin heç vaxt Türkiyə və ya Çindən mebel və ya sanitar avadanlıqlarının gətirilməsi ilə məşğul olmadığını demişlər. Ona vurulmuş zərərin ödənilməsini tələb edir. Zərəri ödəməyəcəyi təqdirdə Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş layiqli cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs1 onun doğma əmisi oğlu, Zərərçəkmiş şəxs2 isə əmisi oğlu Səbuhinin yaxın dostudur. Səbuhi və Rasimin Əli ilə aralarında 2013-cü ildən 2015-ci ilədək davam edən pul söhbətlərindən onun xəbəri olmuşdur. Bir neçə dəfə əmisi oğlu Səbuhi ona bildirmişdir ki, Əli ondan və Rasimdən birgə gəlir əldə etmək məqsədi ilə guya biznesə sərf edəcəyi adı altında külli miqdarda pullarını alıb ələ keçirmişdir. O da öz növbəsində bu məsələni qardaşı Əlidən soruşmuş, Əli də bu faktı etiraf etmiş və tez bir zamanda onların pulunu düzəldib verəcəyini vəd etmişdir. Qardaşı Əlinin şəxsi işlərinə qarışmamış, onun hansı işlərlə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Amma qardaşı Əli ümumiyyətlə Türkiyə və Çin Respublikalarından Azərbaycana mebel dəstləri və ya sanitar avadanlıqlarının gətirilməsi ilə heç vaxt məşğul olmamışdır. Məhləmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqə 79-85). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 123, 140-142, 162- 163). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hazırkı iş üzrə bu və ya digər tələblə bağlı mülki iddia verməmişlər. Ona görə də məhkəmə hesab edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş həmin zərərçəkmiş şəxslərə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlı olmaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda onlara verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulun alınması barədə Təqsirləndirilən şəxs tərəfindən yazılmış qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulun alınması barədə Təqsirləndirilən şəxs tərəfindən yazılmış qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar