Məhkəmə qərarları › İş №1(101)-740/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-740/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-740/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Femida” vəkil bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs (19 sentyar 1977-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məkum olunmuş, Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, ev 103-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddəni və narkotik vasitə heroini əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, külli miqdarda 3,534 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, özündə saxlamaqla daşımış, 15 oktyabr 2021-ci ildə saat 15:00-də Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, nömrəsiz evin qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 12-ci Polis şöbəsinə dəvət olunmuş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində satış məqsədi ilə qanunsuz əldə edib saxlayaraq daşıdığı iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,930 qram və 1,631 qram olmaqla kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 3,534 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, verilən ittihamla özünü təqsirli bilmir. O, narkotik vasitələrdən istfadə etsə də onun satışı ilə məşğul olmamışdır. 15 oktyabr 2021-ci il tarixdə saat 15:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi nömrəsiz evin qonşuluğunda qonşunun damına şifer vurarkən polis işçiləri həyətə daxil olub ona Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bolməsinə getməsini tələb etmişlər. O həmin vaxt narkotik vasitənin təsiri altında imiş. Onlara heç bir etiraz etmədən onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bolməsinə getmişdir. Orada üzərinə baxış keçirilərkən onun üzərində narkotik vasitə aşkar olunmamışdır. Ancaq onun üzərinə narkotik vasitələr qoyaraq sənədləşdirmişlər. O saxlanılarkən ev sahibi və oğlu evdə olmuşlar. Onun yaşadığı evə baxış keçirmişlər, ancaq heç nə aşkar olunmamışdır. O öz istifadəsi üçün narkotik vasitəni tanımadığı şəxslərdən alırmış. İstintaq zamanı Zaur adlı şəxsin adını təzyiq altında çəkmişdir. Yaşadığı yerdə hamı onun narkotik vasitədən istifadə etməsini bildişdir. O, anasına söz vermişdi ki, bir daha narkotik vasitədən istifafə etməyəcək, ancaq sözünü tuta bilməmişdir. O saxlanılarkən əynində cins şalvar, ayağında ev tərliyi olmuşdur. Onu narkotik vasitə ilə şərlədikləri üçün bir dəfə özünü asmış, bir dəfə də qaçmağa çalışmışdır. Məhkəmədə verdiyi ifadə ilə ibtidai araşdırma zamanı verdiyi ifadə arasında ziddiyət olduğu üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə məhkəmədə elan olunmuşdur. Həmin ifadəsndə o göstərmişdir ki, o, Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, ev 103-də qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi, nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. O, 1992-ci ildə Salyan şəhərində yerləşən 2 nömrəli orta məktəbin 9-cu sinifini, 1992- 1995-ci illərdə Salyan şəhrində yerləşən 104 nömrəli Peşə texniki məktəbini Azərbaycan dilində bitirmiş və 1997-1999-cu illərdə həqiqi hərbi xidmət etmişdir. 2004cü ildə o, Kəmalə Bədəlova ilə ailə həyatı qurmuş və onların birgə nikahdan 2005-ci ildə qızı Əminə Bədəlova, 2007-ci ildə oğlu Əfqan Bədəlov anadan olmuşdur. 2019-cu ildə narkotik vasitə heroini, 2020-ci ildən isə psixotrop maddə metamfetamini çəkmə yolu ilə qəbul etməyə başlamışdır. O, hər gün 1 qram və ya 1,5 qram narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin qəbul edir. 2020-ci ildə üzərində narkotik vasitə saxladığı üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 16 mart 2021-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2021-ci ilin aprel ayında Bakı şəhər Probasiya İdarəsinin əməkdaşları tərəfindən sol ayağına nəzarət cihaz bağlanmış və ona İdarənin əməkdaşları demişlər ki, gecə evdən çölə çıxmasın. Bundan sonra o, yenə narkotik vasitə və psixotrop maddə qəbul etməyə başlamışdır. 15 oktyabr 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Qotrof” deyilən yerdən Zaur adlı şəxsdən istifadə etmək üçün iki büküm psixotrop maddə metamfetamini 120 manata almış və həmin bükümləri əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, bu barədə heç kimə bir söz deməmişdir. 15 oktyabr 2021-ci ildə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, nömrəsiz evlərin qarşısına gələn zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin polis əməkdaşları kimi təqdim etmiş və ondan adını və soyadını soruşmuşlar. O, polis əməkdaşlarına anket məlumatlarını demiş və polis əməkdaşları ondan şübhələndikləri üçün üzərində şəxsi axtarış aparılması üçün onu 12-ci Polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 12-ci Polis şöbəsinə getmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və ona Bakı şəhəri 07 saylı Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və polis əməkdaşları tərəfindən bildirilmişdir ki, təqdim edilmiş vəkillərin siyahısıdır, hansı vəkili istəyirsə dövlət hesabına təyinatla dəvət etsinlər.. O, polis əməkdaşlarına demişdir ki, onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilsin. Bundan sonra 7 saylı Vəkil bürosunun vəkili 12-ci Polis şöbəsinə gəlmiş və ona vəkil tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən ona izah olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaq. O, üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştitakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmış, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsi başlanmış, videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o, da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri izah olunarkən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşmuşlar. O, vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü, həmin şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu və bir ədəd üzərində “Atentti” markalı nəzarər cihazını çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bükümlərdə olan psixotrop maddə metamfetamindir, 15 oktyabr 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Qotrof” deyilən yerdən Zaur adlı şəxsdən özü istifadə etmək üçün 120 manata almışdır. Həmin bükümlər polis əməkdaşları tərəfində açılmış və həmin bükümlərin içindən ağ rəngli, kristal formalı maddə aşkarlanmışdır. “Atentti” markalı nəzarət cihazı özünə qaytarılmış, iki ədəd büküm və bir ədəd “Nokia” markalı mobil telefon polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, “Zaur” adlı şəxsin anket məlumatlarını bilmir, psixotrop maddəni “Zaur” adlı şəxsdən Bakı şəhəri, Balaxanı qəsəbəsində “Qotrof” deyilən yerdə almış, o, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmur, sadəcə qəbul etmək üçün əldə edərək üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan, üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri təzyiq altinda verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsində Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 oktyabr 2021-ci ildə saat 15:00-də Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfəq küçəsində nömrəsiz evin qarşısında 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə xidmət apararkən bir nəfər kişi cinsli şəxsin özünü şübhəli apardığı üçün saxlayaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs sənədinin üzərində olmadığını bildirərək, onlardan yayınmağa çalışmışdır. Bundan sonra həmin şəxsin üzərində nəsə gizlətməsi ilə əlaqədar şübhələr yaranmış və suallara dağınıq cavab verərək nədənsə narahat olduğuna görə həmin şəxsin üzərində qanunla qadağan olunmuş maddə, əşya və predmetin əldə edilməsi, saxlanılması və daşınmasına dair şübhələr yarandığı üçün onu 12-ci Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək, onlarla birlikdə 12-ci Polis şöbəsinə gəldikdən sonra müəyyən edilmişdir ki, həmin şəxs xx xxxxxxxx 1977-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, ev 103-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxsdur. Xidməti otaqların birində 12-ci Polis şöbəsinin təhqiqatçısı polis mayoru Tahir Vəliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri 7 nömrəli Vəkil bürosundan dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirkarı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olubolmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü, əynində olan şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu və bir ədəd üzərində “Atentti” markalı nəzarət cihazını çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bükümlərdə olan psixotrop maddə metamfetamindir, 15 oktyabr 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Qotrof” deyilən yerdən Zaur adlı şəxsdən özü istifadə etmək üçün 120 manata alaraq üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Attenti” markalı nəzarət cihazının Bakı şəhər Probasiya İdarəsinin əməkdaşları tərəfindən vurulmuş qolbağı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd Nokia markalı və iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün” 159 saylı möhürlə möhürlənmişdir. Atentti markalı cihaz isə özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Balaxanı qəsəbəsində saxlamışlar. Onu saxlayarkən narkotik vasitənin təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən qaçmağa cəhd etməmişdir. Füzuli Bədəlovu qonşunun həyətində tutmamışlar. Təqsirləndirilən şəxs qarçı heç bir təzyiq göstərilməyib.Özünü səmimi aparıb, heç bir etiraz etmədən də onlarla bölməyə getmişdir. Füzüli Bədəlov barəsində hər hansı bir məlumat olmamış, onu təsadüfən küçədə narkotik vasitənin təsiri altında özünü şübhəli apardığı üçün saxlamışlar. Onun kiməsə narkotik vasitə satması haqqında heç bir məlumatları olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 1992-ci ildə Salyan şəhərində yerləşən 2 nömrəli orta məktəbin 9cu sinifini, 1992-1995-ci illərdə Salyan şəhrində yerləşən 104 nömrəli Peşə Texniki məktəbini Azərbaycan dilində bitirmişdir. Oğlu Təqsirləndirilən şəxs 1997-1999-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2004-cü ildə oğlum Təqsirləndirilən şəxs Kəmalə Bədəlova ilə ailə həyatı qurmuşdur və onların birgə nikahdan 2005-ci ildə nəvəsi Əminə Bədəlova, 2007-ci ildə nəvəsi Əfqan Bədəlov anadan olmuşdur. 2020-ci ildə ona məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edir. O, oğlu Təqsirləndirilən şəxs bildirmişdir ki, övladları böyükdür, narkotik vasitə qəbul etməsin. Oğlu Təqsirləndirilən şəxs ona söz vermişdir ki, narkotik vasitə qəbul etməyəcək, amma hiss etmişdir ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edir. 2020-ci ildə oğlu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxladığı üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində oğlu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdı. 16 mart 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın mühdudlaşdırılması cəzasına məhkum olunmuş və 2021-ci ilin aprel ayında Bakı şəhər Probasiya İdarəsinin əməkdaşları tərəfindən sol ayağına cihaz bağlanmışdır ki, gecə evdən çölə çıxmasın. Bundan sonra oğlu Təqsirləndirilən şəxs yenə narkotik vasitə və psixotrop maddə qəbul etməyə başlamışdır. O yenə oğlu Təqsirləndirilən şəxs irad tutmuşdur ki, narkotik vasitə qəbul etməsin, özünə yazığı gəlsin, uşaqları böyüyür. Oğlu Təqsirləndirilən şəxs ona söz verirmiş ki, narkotiki tərgidəcək, ancaq tərgitməmişdir. 15 oktyabr 2021-ci ildə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsindən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxladığı üçün tutulubdur. Məhkəmədə Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. 22 oktybar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 03 noyabr 2021-ci il tarixli 21-1/3-9723 nömrəli Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-176/2021 saylı 16 mart 2021-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 16 oktyabır 2021-ci il tarixə cəza müddətinin 04 ay 20 gün müddətini çəkmiş, cəzanın çəkilməmiş qalan hissəsi 01 il 07 ay 06 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 30 mart 2022-ci il tarixli 21-1/3-3549-1 saylı məktubunun məzmunundan məlum olur ki, “08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sabunçu rayon Məhkəməsinin 7(008)-919/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəza müddəti 01(bir) il azaldılmışdır. Onun 30 mart 2022-ci il tarixə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 07 ay 07 gün təşkil edir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 15 oktyabr 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Sabunçu rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 16 oktyabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 15 oktyabr 2021-ci il tarixli protokoldan məlum olur ki, 15 oktyabr 2021-ci ildə saat 15:50-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində iki ədəd şəffaf bükümdə içərisində kristal formalı ağ rəngli maddə, həmin şalvarının sol yan cibindən bir ədəd “Nokia” markalı telefon və bir ədəd üzərinə “Atentti”yazılan cihazı masanın üzərinə qoymuşdur. Üzərinə baxış zamanı başqa şey aşkar olunmamışdır. 15 oktyabr 2021-ci ildə saat 15:50-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində iki ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etməsi zamanı videoçəkiliş aparılmış və həmin videogörüntü olan bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli Protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi “Nokia” markalı telefon aparatına baxış keçirilmiş, cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin 17 noyabr 2021-ci il tarixli 074-13139 saylı məktubundan məlum olur ki, keçirilmiş axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni hansı mənbədən əldə etməsi və satışı ilə bağlı məlumat əldə edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Diskə baxış keçirilməsi haqqında 29 noyabr 2021-ci il tarixli Protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus 077 ******* telefon nömrəsinə dair məlumatlar "xxxx" MMC-dən götürülmüş və həmin məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı bir məlumat müəyyən edilməmişdir. 15 oktyabr 2021-ci il tarixli 3564 nömrəli “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsdəi ilə tibbi müayinənin keçirilməsi haqqında” aktından görünür ki, Təqsirləndirilən şəxs sidiyində OPİ (+) müsbət, AMP (+) müsbət, MET (+) müsbət, THC (+) müsbət aşkar edildi. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 oktyabr 2021-ci il tarixli 6/4602 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş .....” yazı olan zərfdə iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,930 qram və 1,631 qram, ümumi təmiz çəkisi 3,534 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi: 3,534 qr, tədqiqata istifadə edildi 0,1 qr, qalıq 3,434 qram. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 15 noyabr 2021-ci il tarixli 2679 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törətdən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs cinayəti törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2021ci il tarixli 5356 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-yarılıqda təmiz çəkisi 1,930 qram və 1,631 qram, ümumi təmiz çəkisi 3,534 qram psixotrop maddə metamfetamin və bir ədəd “Nokia” markalı C1 modelli mobil telefon aparatı maddi sübut hesab edilmiş və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmamış uşaqları vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə bu nəticəyə gəlir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat olmamışdır. Şahid qismində ifadə vermiş 12-ci Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid1 ifadələrindən məlum olur ki, onlar birlikdə xidmət apararkən bir nəfər kişi cinsli şəxsin özünü şübhəli apardığı üçün saxlayaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs sənədinin üzərində olmadığını bildirərək, onlardan yayınmağa çalışmışdır. Bundan sonra həmin şəxsin üzərində nəsə gizlətməsi ilə əlaqədar şübhələr yaranmış və suallara dağınıq cavab verərək nədənsə narahat olduğuna görə həmin şəxsin üzərində qanunla qadağan olunmuş maddə, əşya və predmetin əldə edilməsi, saxlanılması və daşınmasına dair şübhələr yarandığı üçün onu 12-ci Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək, onlarla birlikdə 12-ci Polis şöbəsinə gəldikdən sonra müəyyən edilmişdir ki, həmin şəxs xx xxxxxxxx 1977-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, ev 103-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxsdur. Xidməti otaqların birində 12-ci Polis şöbəsinin təhqiqatçısı polis mayoru Tahir Vəliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri 7 nömrəli Vəkil bürosundan dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştikarı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfidən hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümü, əynində olan şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu və bir ədəd üzərində “Atentti” markalı nəzarət cihazını çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bükümlərdə olan psixotrop maddə metamfetamindir, 15 oktyabr 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Qotrof” deyilən yerdən Zaur adlı şəxsdən özü istifadə etmək üçün 120 manata alaraq üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli Protokoldan da məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş “Nokia” markalı telefon aparatına baxış keçirilmiş, cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin 17 noyabr 2021-ci il tarixli 074-13139 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddəni hansı mənbədən əldə etməsi və satışı ilə bağlı məlumat əldə edilməmişdir. 29 noyabr 2021-ci il tarixli Protokoldan da məlum olur ki, Təqsirləndirilən şəxs məxsus 077 ******* telefon nömrəsinə dair məlumatlar "xxxx" MMC-dən götürülmüş və həmin məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı bir məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin "satış məqsədi" daşıyıb-daşımaması ilə bağlıdır. Məhkəmədə dindirilmiş şahid ifadələrindən də görünür ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar heç bir məlumat olmamışdır. Buna baxmayaraq ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs "təqsirsizlik prezumpsiyası"nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddə ilə tövsif edilmiş və nəticədə onun üzərinə "özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi" qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən "hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir". Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. "İnsan Hüquqlarının və X1 haqqında Konvensiya"nın "ədalətli məhkəmə araşdırması hüququ"ndan və "qanunsuz cəzalandırılmamaq"dan bəhs edən müddəalarına əsasən "cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir". (mad.6) "Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz". (mad.7) "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Məhkəmə həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Təqsirləndirilən şəxsin həmin narkotikdən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, göstərmək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. İbtidai istintaq orqanı qeyd edilən halları, bu qədər ziddiyəti nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 22 oktybar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda onun çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 07 ay 07 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin maddənin tələbinə uygun olaraq Təqsirləndirilən şəxs hazırda 07 ay 07 gün təşkil edən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 3 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 oktyabr 2021-ci i il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasma yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü və 132.1.6-cı maddələrinə uyğun olaraq iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,930 qram və 1,631 qram, ümumi təmiz çəkisi 3,534 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd “Nokia” markalı C1 modelli mobil telefon aparatı onun etibar etdiyi şəxsə qaytarılmalı, 15 oktyabr 2021-ci ildə saat 15:50-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videogörüntüsü olan bir ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” vəkil bürosunun vəkili X3 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (ik) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 68.1.1-1 maddəsinə əsasən 16 mart 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş 07 ay 07 gün hissəsi 03 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək o qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin . Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,930 qram və 1,631 qram, ümumi təmiz çəkisi 3,534 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd “Nokia” markalı C1 modelli mobil telefon aparatı onun etibar etdiyi şəxsə qaytarılsın, 15 oktyabr 2021-ci ildə saat 15:50-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videogörüntüsü olan bir ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” vəkil bürosunun vəkili X3 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar