Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-740/2024 08.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3. 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 19 gün (qəti olaraq) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu “Sahil” qəsəbəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 3,397 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, 27 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən 43-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 3,397 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, onu 27 aprel tarixində Gülüstan küçəsində saxlamışlar və saxlanılan zaman üzərində 03 mal olub. Əvvəlki məhkumluğunun oğurluq törətməsi ilə bağlı olduğunu və təxminən 3-4 ay müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini bildirən təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış keçirilən zaman ona istifadəçisi olduğuna görə, əməlinin 234.1-ci maddənin tərkibinə daxil olacağını bildirərək ona bir büküm mal vermişlər. Lakin ona 4 ay həbs qətimkan tədbiri seçilmiş, bu zaman da təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın daha ağır maddə ilə bağlı olduğunu görmüşdür. Təqsirləndirilən şəxs onun barəsində cinayət iş bağlanılarkən cinayət işinin bağlanılmaması ilə bağlı ərizə yazdığını, lakin bu ərizənin başqa birisi tərəfindən imza edildiyini bildirmişdir. Eyni zamanda şəxsi axtarış zamanı müdafiəçinin iştirak etmədiyini, müdafiəçinin iştirakı ilə bağlı ərizə yazmadığını, imza etmədiyini və müdafiəçini yalnız barəsindəki iş bağlanılarkən gördüyünü bildirmişdir. O, videoçəkiliş zamanı ona deyilməsi təkid olunanları dediyini bildirmişdir. Təqsirləndirilən şəxs cinayət işində olan vərəqlərdəki imzaların ona aid olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, İbtidai aradşırma dövrü ona qarşı polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq göstərilmişdir. Həmçinin o, hazırkı cinayət işi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində polis əməkdaşları tərəfindən saxlanıldığını bir daha təsdiq etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, əvvəllər oğurluq etdiyinə görə Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Psixotrop maddələri Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Həmçinin, psixotrop maddələri qəbul etməyə başlayanda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən adım bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs bildirmişdir ki, psixotrop maddə lazım olanda həmin ünvana gəlib ondan ala bilər. Psixotrop maddə lazım olanda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə gedərək həmin şəxsi tapıb ondan almışdır. Psixotrop maddə aldıqdan sonra bədənində ağrılar olan zaman münasib yer taparaq orada qəbul etmişdir. 27 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yaxınlığına gedib həmin şəxsi taparaq onunla görüşmüşdür. Orada həmin şəxsə 17 manat pul verib psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs 1 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin gətirib vermişdir. Psixotrop maddəni əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. 27 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində piyada hərəkət edən zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin axtarış aparılma prosessinin vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. Bu təklifdən sonra gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan “Samsung” markalı mobil telefonu və əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixottop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, həmin maddəni öz istifadəsi üçün 27 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsindən adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 17 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş, imzalarla protokolun doğruluğu təsdiq edilmişdir. O, bildirmişdir ki, üzərindən psixotrop maddə olan metamfetamin aşkarlanan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq edilməmişdir. Əldə etdiyi psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 27 aprel 2023-cü il tarixdə şübhəli şəxsin narkotik vasitənin istifadəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs Gülüstan qəsəbəsində saxlanılaraq polis idarəsinə gətirmişlər. Polis idarəsinə gətirdikdən sonra şübhəli şəxsin üzərinə təhqiqatçının otağında videoçəkilişlə şəxsi axtarış keçirilən zaman o, üzərində olan narkotik vasitəni təqdim etmişdir. Həmçinin o, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təzyiq hərəkətləri tətbiq etmədiklərini və təqsirləndirilən şəxsin bu barədə dediklərinin həqiqətə uyğun olmadığını da bildirmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Binəqədi RPİ-nin 43cü polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsi daşıyır. xx xxxxxxx 1991-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlaması, daşıması barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul olunmuş və rəhbərlik tərəfindən həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosesual hərəkətlərin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Özü və Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2 qrupun üzvü olmuşdur. Bundan sonra Şahid2lə birlikdə həmin məlumat əsasında 27 aprel 2023-cü il tarixdə saat 20:30 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi saxlamışlar. Ona özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. Həmin şəxs isə özünü şübhəli aparmağa davam edərək üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığım bildirmiş və özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsi Bakı şəhəri, Binəqədi RPİ-nin43-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gəlmişlər. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirildikdən sonra Bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə keçiriləcək şəxsi axtarışda vəkilin iştirak etməməsinə etirazının olmadığının bildirmişdir. Bundan sonra video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansısa qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan Samsung markalı mobil telefonu və əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psİxottop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, həmin maddəni öz istifadəsi üçün 27 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsindən adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 17 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, aşkar olunmuş həmin maddə zərfə qoyulub möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatları yoxdur. Təqsirləndirilən şəxs saxlanılan zaman və Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə aparılan zaman ona qarşı hər hansı bir formada zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxsin yeri müəyyən olunaraq 2023-cü ilin aprel ayında onun və Əli adlı həmkarının birgə iştirakı ilə əməliyyat tədbiri keçirilmişdir. Keçirilən əməliyyat tədbiri zamanı onlar şübhəli şəxsi Gülüstan küçəsində saxlayaraq polis bölməsinə gətirmişlər. Bölmədə şübhəli şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və bu zaman o, üzərindəki narkotik vasitəni könüllü olaraq təhvil vermişdir. Şahid əməliyyat tədbirinin günün hansı saatında keçirildiyini və şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçinin iştirak edib-etmədiyini xatırlamadığını bildirmişdir. Həmçinin o, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təzyiq hərəkətləri tətbiq etmədiklərini və təqsirləndirilən şəxsin bu barədə dediklərinin həqiqətə uyğun olmadığını da bildirmişdir. Şahid2 ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Binəqədi RPİnin 43-cü PB-ya gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynidəki qara rəngli gödəkçəsinin sol yan cibindən “Samsung” markalı mobil telefon, tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı o, təqdim etdiyi bükümün içərisində olan maddənin metamfetamin olduğunu bildirmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2023-cü il tarixli 6/2466 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 243” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,397 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,297 qram psixotrop maddə metamfetamin saxlanmasından ötrü Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən təqdim olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2024-cü il tarixli 3-16-16/2-4/285 saylı rəyindən görünür ki, ibtidai araşdırma zamanı tərtib olunmuş (cinayət işi məhkəməyə göndərilənədək) sənədlərdə Təqsirləndirilən şəxs adının qarşısında olan imza və Təqsirləndirilən şəxs adından yazılmış sözlər (ifadələr-cümlələr) Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3490 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığını, üzərinə qoyulduğunu, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertiza rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmişdir. Bundan əlavə, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıbqalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq Müvəqqəti saxlama yerindən və İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı xəsarətinin aşkar olunmadığı, sağ bazu nahiyəsində çapıq toxuma müşahidə edildiyi qeyd edilmişdir. Bundan başqa, iş materiallarında olan Binəqədi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, məhkəmə iclası zamanı müdafiəçi “şəxsi axtarış və götürmə aparılamsı” haqqında protokolda təqsirləndirilən şəxsin saxlanıldığı ünvanın Ramanazov küçəsi olaraq yazıldığını bildirmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iş materiallarında olan digər sənədlərdən və təqsirləndirilən şəxsin də, özünün ifadələrindən görünür ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sadalananlara əsasən də, məhkəmə hesab edir ki, qeyd olunan protokolda təqsirləndirilən şəxsin saxlanıldığı ünvan - küçə adı yanlış olaraq (texniki səhv), Gülüstan küçəsi əvəzinə, Ramanazov küçəsi kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı, üzərinə qoyulduğu, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təzyiqlər edildiyi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən (hökmdən) görünür ki, təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3. 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 19 gün (qəti olaraq) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il traixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən təqsirləndirilən şəxsin məhkum olunduğu cinayət əməlləri (CM-in 177.2.2, 177.2.3-cü maddələri) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə (cinayətlərin təsnifatı) az ağır cinayət hesab olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi (sadə) sayılır. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin (sadə) olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini (təqsirini) qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzasını ağırlaşdıran və yüngülləşdirən halı, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq qalmış 3,297 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq qalmış 3,297 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 230 (80+150) manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-740/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-740/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver