Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-741/2023 21.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X2 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1999-cu ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Gülgəzli kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 02 aprel 2022-ci il tarixdə, saat 01:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən «Yubiley» adlı kafedə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona xəsarət yetirmək istədiyini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fovqündə qoyub xuliqanlıq niyyəti ilə üzərində olan bıçaq ilə sonuncunun qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən, böyük piyliyi, öd kisəsini və qaraciyəri zədələyən, kəskin daxili qanaxmaya (qarın boşluğunda 1 litrədək qan) və nazik bağırsaq ilgəklərinin və böyük piyliyin eventerasiyasına (bağırsaq ilgəklərinin və piyliyin hissəvi olaraq yaradan bayıra çıxması) səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, atası və nənəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi nömrəsiz fərdi evdə yaşayır. Müxtəlif yerlərdə fəhlə kimi işləyir. 01 aprel 2022-ci il tarixdə, saat 23:45 radələrində dostları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən «Yubiley» adlı kafeyə getmişdir. Orada masaların birində əyləşib yemək və spirtli içki sifariş etmişlər. Həmin zaman kafedə onlardan başqa bir neçə nəfər də olmuşdur. Bir müddətdən sonra kafeyə tanımadığı şəxslər daxil olub masaların birində oturmuşlar. Saat 01:00 radələrində həmin şəxslər yüksək səslə mübahisə etməyə başlamışlar. İçkili olduğundan onların bu hərəkətləri onu əsəbləşdirmiş və o, onların yanına getmək qərarına gəlmişdir. Bu səbəbdən masadan durub mübahisə edən şəxslərə tərəf getmişdir. Bu zaman adını sonradan bildiyi Vüsal adlı şəxsin əlində pivə bokalı onun üstünə gəldiyini görmüşdür. O, Vüsalın əlindəki pivə bokalı ilə onu vuracağını fikirləşib şalvarının arxa cibində saxladığı bıçağı çıxarıb sonuncunun qarın nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Daha sonra kafedən çıxıb yaşadığı məhəllə istiqamətində qaçmış, yolda olarkən bıçağı yerə atmışdır. Bıçağı hara atdığını xatırlamır. Həmin bıçağı hadisədən 10-15 gün əvvəl sosial şəbəkə vasitəsi ilə təxminən 24 manata almışdır. Bıçağı almasına səbəb 2022-ci ilin mart ayının əvvəllərində bir mübahisə ilə bağlı dalaşanları ayıran zaman aldığı bıçaq xəsarəti ilə bağlı olmuş, həmin bıçağı özünü müdafiə məqsədi ilə üzərində saxlamışdır. Yaşadığı məhəllədə olduğu zaman polis əməkdaşları gəlib onu polis bölməsinə aparmışlar. Orada o, etdiyi əməli səmimi etiraf etmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. xx.xx.2020-ci ildən könüllü olaraq, səfərbərlik əsasında İİ Qarabağ müharibəsində iştirak etmiş, xx.xx.2021-ci ildə ordudan təxris olunmuşdur. Hərbi əməliyyatlar zamanı Fizuli rayonu, Kərimbəyli kəndində mina partlaması nəticəsində travma almış, lakin dəstə komandiri olduğundan hospitala müalicə olunmaq üçün müraciət etməmişdir. İİ Qarabağ müharibəsində iştirakı ilə bağlı təltifləri vardır. Hazırda sevdiyi xanımla ailə həyatı qurmağa hazırlaşır. Qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 02 aprel 2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən «Yubiley» adlı kafeyə gedərək orada masaların birində əyləşmişdir. Həmin zaman kafedə ondan başqa 5-6 nəfər şəxs də olmuşdur. Bu zaman yanındakı masa arxasında oturmuş tanımadığı şəxslər uca səslə mübahisə etməyə başlamışlar. O, dava ola biləcəyini ehtimal edərək masanın arxasından durub çıxışa doğru hərəkət etməyə başlamışdır. Bu zaman əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona tərəf gəlmiş və gözlənilmədən əli ilə onu qarın nahiyyəsindən vurmuşdur. O, qarın nahiyyəsindən qan gəldiyini görüb Elmarın onu bıçaqla vurduğunu başa düşmüşdür. Qısa müddətdən sonra o, qanaxmadan huşunu itirərək yerə yıxılmışdır. Ayılanda artıq xəstəxanada olduğunu görmüşdür. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, onu bağışlayır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, zərərçəkmiş şəxs X3 isə kafeyə gəlib-getdiyi vaxtdan müştəri kimi tanımışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 2016-cı ildən etibarən Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən «Yubiley» adlı kafeni icarə əsasında işlədir. Kafeni saat 09:00-da açır və gecə saat 01-02 radələrində bağlayır. 01 aprel 2022-ci il tarixdə həmişəki kimi kafeni saat 09:00 radələrində açmış və gün ərzində müxtəlif müştərilərə xidmət etmişdir. 01 aprel 2022-ci il tarixdə, saat 23:45 radələrində kafeyə adını sonradan bildiyi Elmar və bir neçə şəxs gələrək masa arxasına əyləşmişlər. Elmargil yemək və spirtli içki sifariş vermişlər. Həmin zaman Elmargildən başqa kafedə daha 4-5 nəfər şəxs də olmuşdur. Təxminən saat 01:00 radələrində Vüsal gələrək pivə sifariş verib boş masa arxasında oturmuşdur. Bir müddətdən sonra o, mətbəxdə olarkən kafenin zalından mübahisə səsi gəlmişdir. Əlində işi olduğundan o, dərhal kafenin zalına çıxa bilməmiş, işlərini qurtarıb zala çıxdıqda isə kafedə olan tanımadığı 4-5 nəfər müştərinin Vüsalın ətrafına yığışdıqlarını görmüşdür. O, Vüsala yaxınlaşdıqda Vüsalın qarın nahiyyəsinin qan içində olduğunu görmüşdür. O, Vüsaldan nə baş verdiyini soruşduqda Vüsal ona bıçaqıa vurulduğunu bildirmişdir. Dərhal 102 xidmətinə məlumat vermiş, daha sonra isə Vüsalı özü yol taksisi ilə X8 aparmışdır. X6 tərəfindən vurulduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Tural Mehdili tərəfindən tərtib edilmiş, hal şahidləri Ramin Mirzəyev və Rahib İsmayılov tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, DİN-nin 102 Xidmətinə daxil olmuş məlumatla əlaqədar olaraq saat 02:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yerləşən “Yubiley” kafesinə baxış keçirilmiş, baxış keçirilən zamanı müşahidə kamerası aşkar olunmamışdır. Ətrafa baxış keçirilən zaman qan izləri də aşkar edilməmişdir (cild 01, i/v 05-06). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli, 2/6291 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2022-ci il tarxdə, saat 03:20-də müayinə edilən Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (cild 1, i/v 09). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X10 xx.xx.2022-ci il tarixli, 1606 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən, böyük piyliyi, öd kisəsini və qaraciyəri zədələyən, kəskin daxili qanaxmaya (qarın boşluğunda 1 litrədək qan) və nazik bağırsaq ilgəklərinin və böyük piyliyin eventerasiyasına (bağırsaq ilgəklərinin və piyliyin hissəvi olaraq yaradan bayıra çıxması) səbəb olmuş deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 02 aprel 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (cild 01, i/v 102-103). - xx.xx.2022-ci il tarixli “tutma haqqında” protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(003)-340/2022 nömrəli qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 4(001)-765/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 21-22, 60-62, 70-71). - “Qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsinə dair” xx.xx.2022ci il tarixli qərardan və “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 78-79, 82-84). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2022-ci il tarixli, 2037 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək imkanındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə hərəkətlərinin özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 01, i/v 99-100). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 01, iş vər. 113). - Azərbaycan Respublikası Medalının №İ-18338 nömrəli və №İ-32485 nömrəli vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci tarixli, 250s nömrəli və xx.xx.2022-ci il tarixli 2714 nömrəli Sərəncamları ilə müvafiq olaraq “Vətən müharibəsi iştirakçısı” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur (cild 01, i/v 138). - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, əsgər Təqsirləndirilən şəxs “Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə” təltif olunmuşdur (cild 01, i/v 139). - Zərərçəkmiş şəxs Vüqar Alıyevin 14 fevral 2023-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, onu bağışlayır və tutulmasına razı deyildir, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Həmin qərarının 5-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CMnin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi, yəni xuliqanlıq niyyətilə, qəsdən sağlamlığa ağır zərər vurması özünün etirafı, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyləri və məhkəmə icraatında tədqiq edilmiş işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxlə barışmasını və ona dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamında göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azdlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları - törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, həyat tərzini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmamasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla təltif edilməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növü – azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də bu halların məcmusu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcədə də iştirakçılıqla törədilmiş cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) ay müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-741/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 04 (dörd) ay müddət bir günə iki gün hesablanmaqla 08 (səkkiz) ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4 (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-741/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-741/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver