Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-742/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, A.İmanquliyeva küçəsi, ev 3, mənzil 14-də qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Gənclər şəhərciyi 46 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşından külli miqdarda 1 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 3080,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və 24 iyul 2024-cü il tarixdə, saat 22:50-də ünvan 2 ünvanın yaxınlığında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılıb ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı külli miqdarda əlində olan qara rəngli sellofan torbada təmiz çəkisi 3080,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 iyul 2024-cü il tarixdə günorta saatlarında adını bilmədiyi və İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamış, 300 manat dəyərində marixuana istəmiş, sonra yaşadığı ünvanın yaxınlığında yerləşən marketdəki aparatdan həmin şəxsin “M10” hesabına 300 manat pul göndərmişdir. Bundan sonra iranlı marixuananı hara qoyacağını barədə məlumatları “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərmiş, həmin günü saat 22 radələrində göstərilən yerə, yəni Xətai rayonu, E.Şükürlü küçəsi 15 ünvanına yaxınlaşaraq orada olan daş parçasının arxasındakı qara rəngli sellfoan torbada olan marixuananı götürmüşdür. Həmin yerdən uzaqlaşmaq istədikdə polis əməkdaşları onu saxlayaraq 35-ci PŞ-nə aparmış, orada hüquq və vəzifələri izah olunaraq dövlət hesabına müdafiəçi dəvət olunmuş və üzərinə baxış keçirilmişdir, bu zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibində olan “Xiaomi Redmi” markalı mobil telefonunu və iranlının dediyi yerdən götürdüyü qara rəngli sellofan torbadakı narkotik vasitə olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı telefonun özünə məxsus olmasını və həmin narkotik vasitəni isə 300 manata aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi qara rəngli sellofan torbadakı narkotik vasitə olan qurdulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, bir-iki ay olar ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İranlıya 300 manat pul göndərmiş, 300 manata külli miqdarda narkotik vasitə olacağından xəbəri olmamışdır. 15 ildir ki, Bakı şəhərində yaşayır. 2010-2017-ci illərdə 6 saylı cəzaçəkmə müəssisəsində işləmişdir. Onu 35-ci polis şöbəsinin yaxınlığında saxlamışlar. Saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir göstərilməmiş, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. İranlı ilə 20 qram narkotik vasitə ilə bağlı razılığa gəlmişdir. Hadisə vaxtı istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin nömrə şirkət nömrəsi olmuşdur. 050,055 və ***-******* saylı nömrələr isə onun adınadır. Həmin bu nömrələr işlək vəziyyətdə olmuşdur. Bu nömrələr ilə kiməsə narkotik vasitə ilə bağlı “sms”lər yazmamışdır. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə saat 22:50-də ünvan 6 ünvanın yaxınlığında saxlamış, sonra onu Xətai RPİ-nin 35-ci PŞ-nə gətirmişlər. Şöbənin xidməti otaqlarından birində, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sellofan torbada bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Şahid1 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəsinin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. O və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunl ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 24 iyul 2024-cü il tarixli və “diskə baxış keçirilməsi haqqında” 26 iyul 2024-cü il tarixli protokollardan görünür ki, təhqiqatçı Ramil İbrahimov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən göy rəngli “Xiaomi Redmi” markalı mobil telefonu və üzərində saxlayıb gəzdirdiyi qara rəngli iri torbada olan içərisində yaşıl rəngli spesifik qoxuya malik narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi “Xiaomi Redmi” markalı mobil telefonun özünə məxsus olmasını, təqdim etdiyi narkotik vasitəni 24 iyul 2024-cü il tarixdə günorta saatlarında adını bilmədiyi iran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin “M10” hesabına 300 manat pul göndərərək İranlının marixuanam qoyduğu yeri “WhatsApp” vasitəsilə göndərdiyini, həmin günü saat 22 radələrində deyilən yerdən, yəni Xətai rayonu, E.Şükürlü küçəsi 15 ünvanında daş parçasının arxasındakı qara torbada olan marixuananı götürdüyünü və oradan ayrılmaq istədikdə polis əməkdaşlarının onu saxlayaraq bölməyə gətirdiyini bildirir. Bundan sonra təhqiqatçı Ramil İbrahimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qara torbadakı narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilir və çəkisinin 3,195 kiloqram olması müəyyən edilir. Sonra həmin narkotik vasitə olan marixuana qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənir. Eyni zamanda iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs görüntüdən göründüyü kimi üzərindən aşkar edilmiş qara torbadakı kütlənin narkotik vasitə olan marixuana olmasını, özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini səmimi olaraq etiraf etməsi videogörüntüdə öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 32-33 və 52). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2024-cü il tarixli, 3-16-16/2- 7/1209 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN zərflər üçün №154” möhür əksi, 1) Şahid2 /imza/: 2) Şahid1 /imza/; 3) Təqsirləndirilən şəxs /imza/; 4) Əsədov Sənan /imza/” yazılar olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 3080,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın təmiz çəkisi 3080,0 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq qaldı 3079,80 qram cild 1, iş vərəqi 41-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 16 sentyabr 2024-cü il tarixli, 6283 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 135-136). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X7 27 iyul 2024-cü il tarixli 815 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər iki bazu oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, qançırı və hərəkət məhdudluğu, sol saidin sıyrıqları və sol budun qançırı müəyyən edilmiş, xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 132-134). Cinayət işinin materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış 1784-C-24 nömrəli material üzrə Təqsirləndirilən şəxs 35-ci polis şöbəsinin əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 118-120). Cinayət işinin materiallarında olan 18 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 3080,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3079,80 qram hissəsi saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmişdir (cild 1, iş vərəqi 137-147). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 124-125). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 75-77). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 iyul 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 3079,80 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 3079,80 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-742/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-742/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver