Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-744/2023 09.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “A.İ.M” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,811 qram təmiz çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivinə qədər daşımış, həmin ərazidə baş vermiş oğurluq hadisəsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən 08 sentyabr 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa Şəhərciyi” yaşayış massivi ərazisində saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 2,811 qram təmiz çəkidə külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış heroin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, qazidir, metal yığıb satmaqla dolanır. Sentyabr ayının 6-sı səhər saat 11 radələrində küçədən keçərkən, həmin küçədən dəmir yığmaq istəyərkən, qonşular şikayət etmişlər. Belə ki, həmin məhəllədə bir neçə gün əvvəl oğurluq olmuşdur. Polislər gəlib onu bölməyə aparmışlar. Polislər oğurluğu onun boynuna qoymaq istəmiş, o isə boynuna götürməmişdir. Polislər ona ya oğurluğu, ya da narkotiki boynuna götürməli olduğunu demişlər. O da müharibədən sonra psixoloji problemləri olduğu üçün narkotik istifadə etmiş, müalicə olunduqdan sonra istifadə etməmişdir. Daha sonra polis əməkdaşları onu döymüşlər, o da məcbur qalıb narkotiki öz boynuna götürmüşdür. Ona bildirilmişdir ki, işi istifadəçi kimi rəsmiləşdiriləcək, lakin məhkəməyə gələndə bilmişdir ki, külli miqdardır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Fizuli, Cəbrayıl, Qubadlı, Laçın və Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, buna görə 6 medalla təltif edilmişdir. Müharibədən sonra bir neçə ay narkotik vasitə heroindən istifadə etmiş, narkotik vasitəni adlarını bilmədiyi satanlardan almışdır. Saxlanılan gün narkotik vasitədən istifadə etməmişdir. Onu döyən polislərin adı Bəxtiyar və Məhəmməd olmuş, həmin şəxslər onu bütün bədənindən əllə və dubinka ilə vurmuşlar. Bədənində göyərti izi qalmış, təcridxanaya daxil olarkən xəsarətlə bağlı qeyd aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 08 sentyabr 2022-ci il tarixində axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi”ndə Səbuhi adlı vətəndaşın evində oğurluq olmasına dair əməliyyat məlumatı daxil olmuş, o və həmkarı Şahid2 hadisə yerinə getmişlər. Hadisə baş verən ərazidə olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hərəkətləri şübhə yaratdığı üçün videoçəkiliş vasitəsilə sonuncunun üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs üzərindən narkotik maddəyə bənzər qanunsuz maddə aşkarlanmış və protokol tərtib olunaraq həmin qanunsuz maddəni materiallarla birlikdə istintaq şöbəsinə təhvil vermişlər. Aşkarlanan qanunsuz maddə 1 bükümdə olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, oğurluğa cəhd edilməsi ilə bağlı daxil olan əməliyyat məlumatında oğurluq etməyə çalışanın Təqsirləndirilən şəxs olduğu göstərilməmiş, onlar Təqsirləndirilən şəxs şübhələndikləri üçün sonuncunu polis bölməsinə dəvət etmişlər. Nə onun tərəfindən, nə də onun yanında başqa biriləri tərəfindən Təqsirləndirilən şəxs fiziki təsir olmamışdır. Narkotik vasitə onlar tərəfindən Təqsirləndirilən şəxs boynuna qoyulmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasını özü etiraf etmiş və üzərində olan narkotik vasitəni çıxardıb təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadəsi ilə Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Şahid həmçinin bildirdi ki, hadisə yerində Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, Təqsirləndirilən şəxs yaxınlaşıb burada nə etdiyini soruşduqda sonuncu əmisigilə gəldiyini bildirmiş, Təqsirləndirilən şəxs həmin məhəllədə bir evin qapısını döymüş və qapını bir kişi açmışdır. Onlar həmin kişidən Təqsirləndirilən şəxs onun qardaşı oğlu olub-olmadığını soruşmuş və kişi Təqsirləndirilən şəxs qardaşı oğlu olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində polis şöbəsinə gətirilmiş, üzərinə baxış keçirilmiş üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək həmin maddənin “kakos” olduğunu, onu xx.xx.2022-ci il tarixdə axşam saatlarında Ramana qəsəbəsi Südçülük Sovxozu yaşayış massivi ərazisindən adını bilmədiyi şəxsdən aldığını, özü təxminən bir ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Aşkar olunan maddə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 22-23). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4999 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 01 ədəd zərfdə təqdim olunmuş bir ədəd bükümdə təmiz çəkisi 2,811 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 35-39). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş medal vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidenti tərəfindən “Fizulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir (cild 1, iş vərəqi 55a). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd CD diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, CD diskdə videofaylda olan 04 dəqiqə 39 saniyə müddətli videogörüntüdə xidməti otaqda masa arxasında bir nəfər polis leytenantı rütbəli şəxsin ayaq üstə dayanması, daha sonra otağa üç nəfərin, ikisi polis, biri isə mülki geyimli şəxslərin daxil olması əks olunur, masa arxasında polis leytenantı geyimində olan şəxs çəkiliş başlayan zaman özünü təqdim edib Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı Ayxan Səfərov olmasını bildirərək otağa daxil olan şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis geyimində olan şəxslər özlərini təqdim edərək 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Adilzadə və Post-patrul Xidməti Bölüyünün polis nəfəri polis serjantı Vəlizadə olmalarını deyirlər, daha sonra mülki geyimli şəxs özünün təqdim edərək Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 01 dəqiqə 44-cü saniyəsində Təqsirləndirilən şəxs əlini əynindəki cins şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofan bükümü çıxarıb qarşısındakı masanın üzərinə qoyur. Təhqiqatçı, Təqsirləndirilən şəxs tərəfindən masanın üzərinə qoyulmuş sellofan bükümü açaraq içərisindəki tünd qəhvəyi rəngli kütləni kameraya nümayiş etdirməklə Təqsirləndirilən şəxs həmin kütlənin nə olmasını, onu haradan, neçəyə, nə məqsədlə əldə etməsini soruşur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin kütlə narkotik vasitə “kakos”dur, onu yaşadığı Ramana qəsəbəsi Südçülük Sovxozu yaşayış massivi ərazisindən tanımadağı şəxsdən 20 manata əldə edərək öz istifadəsi üçün üzərində saxlayıb daşımışdır. Daha sonra təhqiqatçı polis əməkdaşlarından xahiş edir ki, saxlanılan şəxsin üzərini bir daha yoxlasınlar, əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Bundan sonra təhqiqatçı təqdim olunan bükümün maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək götürüləcəyini və qablaşdırılacağını elan etməklə həmin bükümü ağ kağızdan hazırlanmış zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir (cild 1, iş vərəqi 73). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,811 qram narkotik vasitə heroin, habelə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,761 qram heroin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 74, 75-76). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə keçirilmiş, qeyd edilən şəxslər ibtidai istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı deməklə həmin ifadələrini təsdiq etmişlər (cild 1, iş vərəqi 82-85). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, qeyd edilən şəxslər ibtidai istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı deməklə həmin ifadələrini təsdiq etmişlər (cild 1, iş vərəqi 86-89). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6276 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 104-105). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3241 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda və törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir (cild 1, iş vərəqi 106-108). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-cı Polis bölməsinin, əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitənin əldə edildiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, həmçinin onun narkotik vasitələrin satışına, habelə digər cinayətlər törətməsinə dair məlumatlar əldə edilməmişdir (cild 1, iş vərəqi 102). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 97). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Sabunçu Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında araşdırma aparılmış, araşdırma nəticəsində təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 99-99a). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması, narkotikin polislər tərəfindən onun üzərinə qoyulması və polislər tərəfindən döyülməklə təzyiqlərə məruz qalması nəticəsində onun məcbur olub narkotik vasitəni öz üzərinə götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı o, tutulmuş və ifadələri alınmışdır. Habelə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək həmin maddənin “kakos” olduğunu, onu xx.xx.2022-ci il tarixdə axşam saatlarında Ramana qəsəbəsi Südçülük Sovxozu yaşayış massivi ərazisindən adını bilmədiyi şəxsdən aldığını, özü təxminən bir ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs ona isnad edilən cinayəti törətdiyini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Buna baxmayaraq, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı Bakı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş və həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Kitabçanın “həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri” bölməsində təqsirləndirilən şəxs xəsarət aldığını bildirsə də, onun bədəni üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə məlumat əsasında araşdırma aparılmış, araşdırma nəticəsində təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi medalların vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidenti tərəfindən “Fizulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalları medalları ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını, Vətən müharibəsində iştirak edərək dövlət təltiflərinə layiq görülməsini, cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək, onun təqsirli bilindiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə onun şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi əsaslı və ədalətlidir. Belə ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmasını onun özünü cəmiyyətdən təcrid olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, ailə üzvlərinin maddi-mənəvi durumunun ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və yuxarıda sadalanan Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, xüsusilə onun Vətən müharibəsində iştirak edərək şücaət göstərməsi və dövlət təltiflərinə layiq görülməsini, cavan olmasını Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında şərh olunan tövsiyələri nəzərə alır və Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmanı mümkün hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 10 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 13, 69-72). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,761 qram heroin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla o, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə saxlanıldığı 9 (doqquz) ay 01 (bir) gün bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 6 (altı) ay 02 (iki) gün nəzərə alınsın, həmin müddət ona təyin edilmiş 3 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,761 qram heroin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-744/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-744/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver