Məhkəmə qərarları › İş №1(101)-745/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-745/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-745/2022 10.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - “Yusifbəyli və partnoyrları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 6 iyun 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır: belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 21,217 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,167 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan 2 ədəd konvalyut kəsiyində F/M 40 yazılan qəhvəyi rəngli sintetik narkotik vasitə metadon dərman həbini alıb əldə edərək, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin NMB-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 noyabr 2021-ci il tarixdə saat 18:30-da ünvan 1 ünvanının qarşısında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi 25 ünvanında yerləşən ünvan 4 Suraxanı RPİ-nə gətirilərək Polis İdarəsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd mavi rəngli cins şalvarın sol yan cibindən 7 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 3,733 qram, 2,430 qram, 3,220 qram, 4,600 qram, 3,100 qram, 2,650 qram və 1,484 qram olmaqla, ümumi təmiz çəkisi 21,217 qram olan qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 1,167 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd konvalyut kəsiyində F/M 40 yazılan qəhvəyi rəngli tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan (həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram) sintetik narkotik vasitə metadon dərman həbləri və əynində olan tünd mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd 7x4 sm ölçüdə səthində narkotik vasitə heroinin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, 10 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 11 ünvanındakı evinin ikinci mərtəbəsində olmuş, körpə nəvəsi onun qucağında olmaqla sonuncunu oynadırmış, evdə arvadı və gəlini olmuş, həmin vaxt yaşadığı evə heç bir icazə almadan özlərini Suraxanı RPİ-nin əməkdaşları kimi təqdim edən şəxslər daxil olmuş, ona narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək evində axtarış aparmışlar, evdə hər yeri axtarsalar da qanunsuz heç nə aşkar etməmişlər, polis əməkdaşlarından biri evin gəlini və oğlunun yaşadığı hissəsindəki mətbəxdə soyuducuda çəkilmiş ət parçasını göstərərək narkotik vasitə tapdığını demiş, gəlini isə buna etiraz edərək həmin kütlənin çəkilmiş ət olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onu Suraxanı RPİ-yə aparmış, orada polis əməkdaşlarının təzyiqi ilə və hədə-qorxu altında üzərində narkotik vasitə və psixotrop maddə aşkar edilməsini etiraf etmiş, belə ki, polis əməkdaşları ona üzərindən narkotik vasitə aşkar edilməsin etiraf etmədiyi halda arvadını və ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəklərini demiş, o da arvadının ağır şəkər xəstəsi olmasını, arvadının polis idarəsinə gətiriləcəyi halda ölə biləcəyini nəzərə alaraq polis əməkdaşlarını təklifi ilə razılaşaraq videoçəkiliş zamanı polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş bükümləri təqdim edərək bükümlərdə narkotik vasitələr və psixotrop maddələr olduğunu etiraf etmiş və təqdim edilmiş bütün sənədləri imzalamışdır. Həqiqətdə isə onun nə üzərində, nə də ki yaşadığı evində narkotik vasitə və psixotrop maddələr olmamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, ancaq hərdən düşəndə narkotik vasitələrdən istifadə etmişdir. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki,10 noyabr 2021-ci il tarixdə saat 18:30-da Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünü təqdim etmiş və onu şübhəli şəxs qismində polis idarəsinə dəvət etmişlər. Suraxanı RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, sonra isə video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində saxlamaqla daşıdığı özünə məxsus içərisində heroin kimi tanıdığı narkotik maddə olan 6 (ədəd) ədəd şəffaf sellofanda olan və 2 ədəd ağ kağızda olan bükümləri, 2 ədəd dərman həbini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bükümü açmış və 7 ədəd içərisində heroin və 1 ədəd bükümdə metamfetamin kimi tanıdığı narkotik maddəni aşkar etmişlər. Ondan aşkar edilmiş narkotik maddələr polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri həmin gün səhər saatlarında İran vətəndaşından onlayn formada 100 manat pul ödəməklə alıb əldə etmişdir. Aldığı narkotik maddəni kiməsə satmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada təsir və ya təzyiq olmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon polis idarəsinin əməliyyat müvəkkili Şahid1 oglu iladə verərək göstərmişdir ki, 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis kiçik serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, həmin gün səhər saat 18:30-da ünvan 6 ünvanının qarşısında xarici əlamətlərindən X1 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini təklif etmişlər, həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə Polis İdarəsinə gəlmiş, Suraxanı RPİdə xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparmaqla şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd mavi rəngli cins şalvarın sol yan cibindən 6 ədəd şəffaf sellofan bükümünü, 2 ədəd ağ kağız bükümünü və 2 ədəd dərman həbini, əynindəki tünd mavi rəngli cins şalvarın sağ yan cibindən isə 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir, təqdim etdiyi həmin bükümlərin içərisində nə olması və nə vaxt kimdən və hansı üsulla əldə etməsi, üzərində hansı səbəbdən elektron tərəzi gəzdirməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik maddələr, iki ədəd dərmanın narkotik tərkibli dərman olmasını, həmin narkotik maddələrin hamısını İran vətəndaşından onlayn qaydada 100 manat ödəniş etməklə öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını, üzərindəki tərəzini isə aldığı narkotik maddələrin çəkisini ölçmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 8 ədəd büküm, 02 ədəd dərman həbi və 1 ədəd elektron tərəzi götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon polis idarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 Habil oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 10 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, 10 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan tünd mavi rəngli cins şalvarın sol yan cibindən 8 ədəd büküm və 02 ədəd dərman həbi, əynindəki tünd mavi rəngli cins şalvarın sağ van cibindən isə 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 31-32) İşdə olan 10 noyabr 2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilmiş, mənzilə baxış zamanı həmin evdən saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya büküm aşkar edilməmiş və götürülməmişdir, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 39) İşdə olan 12 noyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan tünd mavi rəngli cins şalvarın sol yan cibindən 7 ədəd bükümü, 2 ədəd dərman həbini və əynindəki tünd mavi rəngli şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzini çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi həmin bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi, üzərində niyə elejtron tərəzi gəzdirməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik maddələr olduğunu, 2 ədəd dərman həbinin narkotik tərkibli dərman olduğunu, həmin narkotik maddələri İİR-nın vətəndaşından onlayn qaydada 100 manat ödəməklə öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını, bir ədəd elektron tərəzinin isə narkotik maddələri çəkisini ölçmək üçün üzərində saxladığını bildirməsi, həmin bükümlərin, dərman həblərinin və elektron tərəzinin qablaşdınlaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 69). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 6/4993 saylı 11 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 45” dairəvi möhür əksi, “ Şübhəli şəxs Təqsirləndirilən şəxsimza..” yazı və imzalar olan zərfdə 7 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,733 qram, 2,430 qram, 3,220 qram, 4,600 qram, 3,100 qram, 2,650 qram və 1,484 qram olmaqla, ümumi təmiz çəkisi 21,217 qram olan qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,167 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 ədəd konvalyut kəsiyində F/M 40 yazılan qəhvəyi rəngli dairəvi formalı həblər sintetik narkotik vasitə metadon olub, 2 ədəd həbin tərkibində metadonun təsiredici maddənin ümumi miqdarı 0,08 qramdır (həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır). Həmin zərfdə 1 ədəd 7x4 sm ölçüdə olan qara rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”ın siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 41-47). İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə 5376 saylı 30 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 112-113). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 2873 saylı 04 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 109-111). İşdə olan 09 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış cəmi 21,217 qram narkotik vasitə heroin, 1,167 qram psixotrop maddə metamfetamin, 2 ədəd narkotik tərkibli metadon dərmanı və 1 ədəd elektron tərəzi iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 21,077 qram narkotik vasitə heroin, 1,117 qram psixotrop maddə metamfetamin, 1 ədəd narkotik tərkibli metadon dərmanı və 1 ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur (1-ci cild iş vərəqi 119-126). İşdə olan DİN-in BƏSİİ-dən alınmış 25 noyabr 2021-ci il tarixli tələbnaməndən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 97-98). İşdə olan şübhəli şəxsin tutulması haqqında 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 11). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır. (1-ci cild iş vərəqi 65-67). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr) və (2-ci siyahı psixotrop maddələr) » əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, psixotrop maddə metametaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; X2 qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitə heroin 21,217 qram olduğundan külli miqdar, psixotrop maddə metamfetamin 1,167 qram olduğundan şəxsi istehlak miqdarından artıq təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, ibtidai istintaq zamanı verdiyi ifadəsi isə işin faktiki hallarına daha uyğun gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 -ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 10 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həbs müddətinin başlanğıcının 10 noyabr 2021-ci il tarixdən hesablanmasını, cəza təyin edilərkən həmin müddətin nəzərə alınmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə 5376 saylı 30 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs nakomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs götürülmüş Bakı şəhəri Suraxanı RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza təqdqiqatlarından sonra qalıq qalan 21,077 qram narkotik vasitə heroin, 1,117 qram psixotrop maddə metamfetamin və 1 ədəd nakrotik tərkibli metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir; 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, məhkəmə məsrəfi - iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs götürülmüş Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza təqdqiqatlarından sonra qalıq qalan 21,077 qram narkotik vasitə heroin, 1,117 qram psixotrop maddə metamfetamin və 1 ədəd nakrotik tərkibli metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar