Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-745/2024 27.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Fides” vəkil Bürosunun vəkili X7 və “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay (faktiki evli), məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda inzibati binada qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində 28 iyul 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilmişdir ona görə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımışdır. İttihama görə o, 27 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 5,650 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 mart 2023-cü il tarixdə saat 16:00 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində yerləşən “Əli” adlı mərasim evinin qarşısında Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 17:20 dəqiqədə Polis bölməsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 5,650 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 28 mart 2023-cü il tarixdə günorta saat 3-ə qalmış o evdən çıxmışdır. Sahə müvəkkili Şahid2 ona yaxınlaşmış və 7-ci Polis Bölməsinin rəisinin onu görmək və profilaktik söhbət etmək istədiyini bildirmişdir. O, Şahid2 onun barəsində şikayət olub-olmadığını soruşduqda, sonuncu ona rəisinin onunla sadəcə profilaktik söhbət etmək istədiyini söyləmişdir. O, ailə üzvlərinə xəbər etmək üçün sahə müvəkkilindən icazə almışdır. Belə ki, polis əməkdaşının razılığı ilə evinə gedərək ailəsinə bu barədə məlumat vermiş, daha sonra polis əməkdaşının avtomobilinə əyləşərək polis bölməsinə getmişdir. O, rəislə görüşmək istədiyini bildirmiş və təxminən 15 dəqiqədən sonra rəisin otağına qalxmışdır. Rəis onun ərazisində yaşadığını və barəsində hər hansı şikayət olmadığını bildirərək “yuxarıdan” bölməyə gəlməyi ilə bağlı tapşırıq olduğunu ona söyləmişdir. Daha sonra ona aşağıda gözləməsini bildirmişlər. Bundan sonra onu növbətçi hissəyə aparmışlar. Orada ona içmək üçün çay və su vermişlər. Saat təxminən 21 radələrində kostyumlu bir nəfər və mülki geyimdə 10-15 nəfər hündürboylu şəxslər gəlmişlər. Həmin şəxslər içəri girən kimi onu təpik və yumruqla vurmuşlar. Həmin şəxslər ona 01 kiloqram narkotik vasitə və silahla bağlı sənədlərə qol çəkməyini və həbsə gedəcəyini bildirmişlər. O, həmin şəxslərə 3 uşağının olduğunu, barəsində cinayət əməlinin törətməsi ilə bağlı hər hansı məlumatın daxil olmadığını bildirmişdir. Həmin şəxslər ona əvvəllər bir dəfə tutulduğunu söyləmişlər və ona hörmət edərək işini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini bildirmişlər. Əks halda onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparacaqlarını, külli miqdarda narkotik vasitə ilə yüklənərək 2 nəfər hal şahidin üzünə duracaqlarını və işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə rəsmiləşəcəyini bildirmişlər. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Eyni zamanda qeyd etmək istəyir ki, o guya ibtidai istintaq zamanı vəkildən imtina etmişdir. Lakin özü latın əlifbası ilə yaza bilmir, ancaq oxuya bilir. Belə ki, vəkil videoçəkiliş keçiriləndən sonra gəlmişdir. Polis əməkdaşları onun cibindəkiləri boşaltmış, cibinə balaca bir büküm qoymuşlar, daha sonra isə əməliyyat müvəkkili və Şahid2 gəlmişdir. Analiz verəndə vərəqə baxaraq qanında narkotik maddə olmadığını görmüş, lakin ona müvafiq rəyi polislərin dedikləri şəkildə yazacaqlarını bildirmişlər. Onun cibində narkotik maddə olmuş olsaydı, polis əməkdaşı onu saxlayanda və ailəsinə məlumat vermək üçün yaşadığı evə qalxanda onu evdə qoyardı, özü ilə polis bölməsinə aparmazdı. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, əvvəllər narkotik vasitənin istifadəsi ilə bağlı məhkumluğu olmuşdur. Polis əməkdaşları ilə hər hansı ədavəti və düşmənçiliyi yoxdur. Düşünür ki, əvvəllər məhkum olunduğu üçün onu narkotik maddə ilə yükləmişlər. O, polislər tərəfindən saat 14:45 radələrində “Mərasim evi”nin yaxınlığında saxlanılmışdır. Şahid2 ona bildirmişdir ki, idarə rəisi Tuncay müəllim onu polis bölməsinə dəvət edir. O, ailə üzvlərinə xəbər vermək üçün evə gedən zaman evdə böyük qızı 19 yaşlı Xavər Həsənova, həyat yoldaşı Rəna Həsənova və qardaşının həyat yoldaşı Vüsalə Həsənova olmuşdur. Polis idarəsində ona gəlməyinin yuxarıdan tapşırıldığı bildirilmişdir. O, saxlanılan vaxt üzərinə baxış və axtarış keçirilməmişdir. Videoçəkiliş saat təxminən 10-nun yarısı-10-na qalmış keçirilmişdir. Belə ki, o, 6-7 saat bölmədə qalmışdır. Üzərinə baxış 2-ci mərtəbədə yerləşən otaqların birində keçirilmişdir. Ancaq həmin otağın kimə məxsus olduğunu bilmir. O, otağa daxil olarkən orada vəkili görmüş, daha sonra isə vəkili çıxarmışlar. O, polislərə maddi imkanın olmadığı üçün vəkillə təmin edilmək istədiyini bildirmişdir. O, şəxsi axtarış və götürmə istintaq hərəkətində vəkilin iştirakından imtina etməmişdir. Onun eyni zamanda vəkili ilə görüşmək imkanı da olmamışdır. O, 26-28 mart 2023-cü il tarixlərində “Papanin” adlanan ərazidə olmamışdır. Polis bölməsinə aparılarkən üzərində mobil telefon olmamışdır. İstifadəsində olan nömrə ***-***-**-** saylıdır. Ona polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlər olmuşdur. Onu Binəqədi RPİ-nin 7-ci PB-də döymüşlər. Onu bölməyə aparan polis əməkdaşı Şahid2 tərəfindən ona fiziki və psixi təsir və təzyiq olmamışdır. Ona Şahid2 yaxınlaşmış, Şahid1 isə orada olmamışdır. Şahid2 onun sualına cavab olaraq portaldan onun şəklini göstərərək onun əsasında ona yaxınlaşdığını bildirmişdir. O, polis əməkdaşları tərəfindən döyüldükdən sonra üstündən kifayət qədər vaxt keçdiyi üçün barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, 28 mart 2023-cü il tarixdə rəhbərliyin göstərişi ilə “Ramil” adlı şəxsin bölməyə gətirilməsi bildirilmişdir. O, evinin yaxınlığında Ramilin siqaret çəkdiyini görmüş və ona yaxınlaşmışdır. O, Ramilə onunla Binəqədi RPİ-nin 7-ci PB-nə gəlməsini bildirmişdir. Ramil üzərində mobil telefonu olmadığı üçün bölməyə getməsi ilə bağlı ailə üzvlərinə məlumat vermək istədiyini bildirmişdir. O, Ramili gözləmiş və Ramil evinə getmişdir. Təxminən 3-5 dəqiqədən sonra Ramil qayıdaraq onun avtomobilinə minmiş və o Ramili Binəqədi RPİ-nin 7-ci PB-nə gətirmişdir. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs bölmədə növbətçi hissəyə təhvil vermişlər. Daha sonra onu və əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətində iştirak etmək üçün dəvət etmişlər. Bu zaman sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı narkotik vasitə ilə bağlı nə dediyini hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs o tək yaxınlaşmışdır. Təqsirləndirilən şəxs bölməyə getməsi ilə bağlı ailə üzvlərinə məlumat vermək üçün evə tək getmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətinin saat neçədə keçirildiyini dəqiq xatırlamır. Ancaq onu deyə bilər ki, videoçəkiliş Ramil, saxlanılan vaxtdan 5-6 saat keçdikdən sonra keçirilmişdir. Videoçəkilişdə Şahid1 də iştirak etmişdir. Şahid1 videoçəkiliş keçirildikdən sonra ifadə verib-vermədiyini xatırlamır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, DİO-da 2009-cu ildən, hazırda tutduğu vəzifədə isə 2023-cü il tarixdən xidmət edir. Onun vəzifə səlahiyyətlərinə ictimai qaydanın və ictimai asayişin qorunmasını təmin etmək, ərazi üzrə xidmət aparmaq və sair daxildir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı bölməyə məlumat daxil olduğundan 27 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 28 mart 2023-cü il tarixdə saat təxminən 16 radələrində bölmənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi E.Babayev küçəsinə yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanda yerləşən “Əli” adlı mərasim evinin qarşısında piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Elgün Abdurəhmanov onu şübhəli şəxs qismində tutduqdan sonra özünün ərizəsi əsasında müdafiəçisinin iştirakı olmadan video çəkiliş aparılmaqla onların iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin şəffaf polietilen büküm açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 27 mart 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlı ərazidə 150 (bir yüz əli) manat müqabilində adını bilmədiyi şəxsdən əldə etdiyini etiraf etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə elektron tərəzidə ölçüldükdən sonra zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat tədbirləri keçirilsə də, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Əməliyyat məlumatına əsasən onun narkotik vasitələri şəxsi istifadə etmək üçün əldə etməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 153-155) Məhkəmədə ifadəsi elan edildikdən sonra Şahid2 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, hadisənin üstündən uzun müddət keçdiyi üçün dəqiq xatırlamır. Şahid1 əməliyyat tədbirində iştirak edib-etmədiyini dəqiq xatırlamır. Əgər Şahid1 qeyd olunan əməliyyat tədbirində iştirak etmişdirsə də belə, ehtimal edir ki, Ağa onu maşında gözləmişdir. Çünki Təqsirləndirilən şəxs o, tək yaxınlaşmışdır. Təqsirləndirilən şəxs yaxınlaşdığı vaxt saatın neçə olduğunu xatırlamır. Təqsirləndirilən şəxs xidmət etdiyi ərazinin sakini kimi tanıyır. Hadisə baş verən gün o həmin vəzifəyə təxminən 3 gün olardı ki, təyin olunmuşdur. O, Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş və onu bölməyə dəvət etmişdir. Ona əməliyyat məlumatı daxil olmur. O, kömək məqsədi ilə orada olmuşdur. Həyət evi olduğu üçün evdə kimin olduğunu o, görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, o Xutor qəsəbəsində 2 il əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs həmin ərazidə yaşadığı üçün digər insanlar kimi tanımışdır. Lakin Təqsirləndirilən şəxs o saxlamamışdır. Həmin vaxt o digər işlə bağlı başqa yerə getmişdir. Ona zəng edərək bölməyə yaxınlaşmağını istəmişlər. O, bölməyə çatanda videoçəkilişdə iştirak etməli olduğu ona bildirilmişdir. O, otağa daxil olanda Təqsirləndirilən şəxs görmüşdür. Təhqiqatçının iştirakı ilə videoçəkiliş olmuşdur. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, 02 (iki) il 04 (dörd) aydır ki, polis orqanlarında xidmət edir, əməliyyat müvəkkili vəzifəsində işləyir. O,X14 Hərbi Məktəbinin məzunu olmuşdur. İbtidai istintaq zamanı şəxsən ifadə verməmişdir. Lakin sənədlərə imza etmişdir. Videoçəkilişdə iştirak etdiyi üçün məhkəməyə şahid qismində çağırılmışdır. O, istintaq zamanı ifadəni oxumamışdır. Şahid2 tanıyır, sahə inspektorudur. Hazırki cinayət işində Təqsirləndirilən şəxsla onu birləşdirən heç nə yoxdur. O Təqsirləndirilən şəxsla bağlı keçirilən hər hansı əməliyyat tədbirində iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, DİO-da 2017-ci ildən, hazırda tutduğu vəzifədə isə 2021-ci il tarixdən xidmət edir. Onun vəzifə səlahiyyətlərinə cinayətkarlığa qarşı mübarizə aparmaq, cinayət törətmiş şəxslərin tutulmasını və istintaq şöbəsinə aparılmasını təmin etmək və sair daxildir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı bölməyə məlumat daxil olduğundan 27 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 28 mart 2023-cü il tarixdə saat təxminən 16 radələrində bölmənin sahə inspektoru Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi E.Babayev küçəsinə yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanda yerləşən “Əli” adlı mərasim evinin qarşısında piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Elgün Abdurəhmanov onu şübhəli şəxs qismində tutduqdan sonra özünün ərizəsi əsasında müdafiəçisinin iştirakı olmadan video çəkiliş aparılmaqla onların iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin şəffaf polietilen büküm açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 27 mart 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlı ərazidə 150 (bir yüz əli) manat müqabilində adını bilmədiyi şəxsdən əldə etdiyini etiraf etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə elektron tərəzidə ölçüldükdən sonra zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat tədbirləri keçirilsə də, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Əməliyyat məlumatına əsasən onun narkotik vasitələri şəxsi istifadə etmək üçün əldə etməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 150-152) Məhkəmədə ifadəsi elan edildikdən sonra Şahid1 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, həmin ifadə ona məxsus deyil, lakin ifadənin altındakı imzalar ona məxsusdur. Videoçəkiliş keçirildikdən sonra onlara imza etmək üçün sənədlər təqdim edilir. 08 (səkkiz) ay bundan qabaq o gənc leytenant olduğu üçün təcrübəsiz olmuşdur. Buna görə də ona məxsus olmayan ifadələrə qol çəkmişdir. Ona təqdim olunan sənədləri oxumamış, sadəcə imzalamışdır. O, ibtidai istintaq zamanı heç kəsə şifahi və ya yazılı şəkildə ifadə verməmişdir. Təqsirləndirilən şəxsla bağlı ilk dəfə məhkəmədə ifadə verir. Təhqiqatçının rəhbərliyi ilə videoçəkiliş başlanılmış və Ramilə üzərində daşınması qadağan edilən predmetlərdən nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs cibindən sellofan çıxardıb təqdim etmişdir. O, videoçəkiliş zamanı otaqda olsa da, fikri başqa yerdə olmuşdur. Ona görə də danışılanlara qulaq asmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman Binəqədi rayonu ərazisində olub-olmadığını xatırlamır. Ancaq onu deyə bilər ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PB-də görmüşdür. İstifadəsində olan mobil nömrə ***-***-**-** saylıdır.O, Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmişdir. Həmin vaxt ərazi olaraq hansı tərəfdə olduğunu hazırda xatırlamır. Çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən nə aşkar olunduğu yadında deyil. O, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində yaşayır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş hazırki işin ibtidai istintaqını aparmış Binəqədi RPİ-nin İŞnin müstəntiqi, polis mayoru X5 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o Binəqədi RPİ-də bir ay yarım xidmət etmişdir. Şahid1 dediyi kimi onun ifadəsinin alınmaması mümkün deyil. Tədbirdə iştirakı barədə məlumat verə bilmir, lakin ifadəsi istintaqda almışdır. Şahid1 ifadəsini vermiş və daha sonra imza çəkmişdir. Şahid1 şəxsən onun yanında olmuşdur. O, Şahid1 Təqsirləndirilən şəxsla qərəzinin olub-olmadığını bilmir. O, Təqsirləndirilən şəxs qətimkan tədbiri ilə bağlı təqdimat verməmişdir. Həmin təqdimatı müstəntiq Hüseyn Novruzov vermişdir. O, əvvəlcədən ifadənin layihəsini hazırlayır. O, əməliyyat müvəkkilinin bütün anket məlumatlarını əldə edə bilməz. Şahid1 məhkəmədə qərəzli ifadə verməsinin səbəbini bilmir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxsla eyni evdə yaşayır. Əmisi yuxudan durub məhəlləyə düşmüşdür. Günorta saat 14-15 radələrində Ramil evə gələrək su içmiş, bölmədən çağırıldığını, onlara narahat olmamalarını və gedib-qayıdacağını bildirmişdir. Əmisinin narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmamışdır. Əmisi əvvəllər məhkumluq həyatı yaşamış, lakin bunun səbəbini bilmir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxsla birgə nikahdan 3 uşaqları var və uşaqlar da onlarla birgə yaşayır. Ramil fəhlə işləyir. Ramil saat 12-13 radələrində evdən çıxmış, təxminən saat 14-15 radələrində evə qayıtmışdır. O, evə gələrək ondan su istəmiş, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisinin onu çağırdığını və qapının qarşısında onu gözləyən polis əməkdaşı ilə birgə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin gedəcəyini bildirmişdir. Ramil ona polis bölməsinə hansı səbəbə görə çağırıldığını bilmədiyini söyləmişdir. Ramil həmin gün qayıtmamışdır. Hadisə mart ayının 28-də baş vermişdir. Ramilin narkotik vasitələrdən istifadə etdiyini görməmişdir. Ramilin əvvəllər məhkumluq həyatı olmuşdur. O, getmiş və 03 (üç) gündən sonra evə qayıtmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən yazılmış 27 mart 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi bildirilmişdir. (Cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli “əməliyyat qrupunun təşkil edilməsi” barədə protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və həmin bölmənin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 7) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən yazılmış 28 mart 2023cü il tarixli raportdan görünür ki, 28 mart 2023-cü il tarixdə, saat 16:00-da Həsənov X4 rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yerləşən Əli mərasim evinin qarşısında saxlanılmış və Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 16:50-də Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elgün Abdurrəhmanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 20, 22-23) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroini təqdim etmiş və təqdim etdiyi həmin narkotik vasitə heroini şəxsi istifadə etmək məqsədi ilə 27 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlı ərazidə adını bilmədiyi şəxsdən 150 (bir yüz əlli) manat müqabilində əldə etməsini bildirmişdir. (Cild 1, iş vərəqə 37-39) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 29 mart 2023-cü tarixli 6/1771 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir bükümdə təmiz çəkisi 5,650 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. QEYD: Heroinin təmiz çəkisi 5,650 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 5,550 qram. (Cild 1, iş vərəqə 46-50) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 58) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərradan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə, yəni 28 iyul 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 87-92) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə-ambulator psixiatrik ekspertizasının 05 aprel 2023-cü il tarixli 881 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində Anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri müəyyən edilmir. O, öz hərəkətlərinin mahiyyətini dərk etmək və baş verənləri adekvat qavrayıb, təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Hirslilik, qıcığa qarşı həssaslıq, emosional oyanıqlıq, konfliktə meyllilik, inadkarlıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fıziloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı şüur və davranışlarına təsir göstərə biləcək psixi- emosional halda olmamışdır. (Cild 1, iş vərəqə 131-134) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 27 aprel 2023-cü il tarixli 2462 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 129-130) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 24 sentyabr 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 02 mart 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinə edilmiş xx.xx.2017-ci il tarixli dəyişikliyə əsasən hökmdən Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi xaric edilmiş və Təqsirləndirilən şəxs cəzası 05 ilə endirilmişdir. 22 aprel 2020-ci il tarixdə isə Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən qəbul edilmiş qərar əsasında Təqsirləndirilən şəxs 01 il 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (Cild i, iş vərəqə 93-94,95-116) “Qətimkan tədbirinin seçilməsi” barədə 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına lüzum olmadığından bununla bağlı prokuror qarşısında vəsatət qaldırılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 204-205) Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassızdır, onun həmin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. İbtidai istintaq orqanın sübutların qiymətləndirilməsi barədə müvafiq qərarına əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilkin verdiyi izahatı, şahidlərin ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi, şəxsi axtarış və götürmə protokolu sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə sübut növü kimi qəbul edilmişdir. Məhkəmə, qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bütün ifadələrini yoxlayaraq, ifadələrini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələr mötəbərdir, iş materialları ilə tamamlanır. İlkin təhqiqatın və bütövlükdə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti olmasına dair polis orqanına əməliyyat məlumatı daxil olmuş, Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərarda ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirlərin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmış, həmin tarixli “əməliyyat qrupunun təşkil edilməsi barədə” protokol ilə də Bakı Şəhər BPİ-nin Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və həmin bölmənin sahə inspektoru polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və əməliyyat müvəkkili Şahid1 28 mart 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona Şahid2 yaxınlaşdığını və Şahid1 orada olmadığını bildirmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş sahə inspektoru Şahid2 da ifadəsində Təqsirləndirilən şəxs tək yaxınlaşdığını bildirmişdir. Bundan başqa əməliyyat müvəkkili Şahid1 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun tərəfindən saxlanılmadığını, əməliyyat tədbirində ümumiyyətlə iştirak etmədiyini, həmin vaxt onun başqa bir işlə bağlı başqa yerdə olduğunu, ona zəng edərək bölməyə yaxınlaşmasını istədiklərini, bölməyə çatanda videoçəkilişdə iştirak etməli olduğunu, otağa daxil olanda ilk dəfə Təqsirləndirilən şəxs gördüyünü bildirmişdir. Daha sonra Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki iş üzrə ibtidai istintaq zamanı şəxsən ifadə verməmiş, lakin sənədlərə imza etmiş, müstəntiq tərəfindən yazılmış ifadəni oxumamışdır. Hazırki cinayət işində Təqsirləndirilən şəxsla onu birləşdirən heç nəyin olmadığını, Təqsirləndirilən şəxsla bağlı keçirilən hər hansı əməliyyat tədbirində iştirak etmədiyini, ibtidai istintaq zamanı heç kəsə şifahi və ya yazılı şəkildə ifadə vermədiyini, Təqsirləndirilən şəxs ilə bağlı ilk dəfə məhkəmədə ifadə verdiyini, Təqsirləndirilən şəxs ilk dəfə Binəqədi RPİ-nin 7-ci PBdə gördüyünü, çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən nə aşkar olunduğu yadında olmadığını bidirmişdir. Eyni zamanda iş üzrə digər şahid polis əməkdaşı Şahid2 məhkəmədə ona verilən suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində ümumiyyətlə əməliyyat məlumatı daxil olmamışdır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar əməliyyat müvəkili Şahid1 tərəfindən qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, sonuncu tərəfindən Təqsirləndirilən şəxs tutulması ilə bağlı bölmə rəisinə raportla müraciət edilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş əməliyyat tədbirində əməliyyat müvəkkili Şahid1 ümumiyyətlə iştirak etməmişdir. Bu da nəticə etibarı ilə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı, həmin məlumat əsasında əməliyyat müvəkili Şahid1 tərəfindən qəbul edilmiş 27 mart 2023cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, həmin tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokol və Təqsirləndirilən şəxs tutulması ilə bağlı raport formal xarakter daşımaqla işin faktiki hallarına uyğun deyil. Polis əməkdaşlarının ifadələri, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gətirilməsi barədə raportlar və digər ilkin sənədləşmələr də şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti barədə hər hansı məqamın ümumiyyətlə mövcud olmadığını mübahisəsiz edir. Hazırki halda iş üzrə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittihamedici sübutlarla bağlı məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prinsiplərin və ya şərtlərin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğv edilməsinə və ya toplanmış materialların sübutedici qüvvəsinin olmamasına gəlməyə səbəb olur. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət işi üzrə Şahid1 yuxarıda sözügedən ifadəsinin məzmunundan da göründüyü kimi, sonuncu Təqsirləndirilən şəxs saxlanılması zamanı orada iştirak etməyib, təqsirləndirilən şəxsi ilk dəfə polis bölməsində görmüşdür. Təsadüfi deyil ki, hazırki cinayət işi üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında dindirilərkən yuxarıda qeyd edilən məzmunda ifadə vermələri hazırki halda onu deməyə əsas verir ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən şahidlərin ifadəsi alınmamış, yalnız müstəntiq tərəfindən yazılan ifadələrə şahidlər oxumadan qol çəkmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmiş Şahid1 və Şahid2 şahid qismində dindirmə protokollarındakı ifadələri ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz, sonuncuların bu ifadələri hazır şəkildə yazılaraq onlara imzalatdırılmışdır, şahidlərinin həqiqi iradəsini və həqiqəti əks etdirməyərək formal xarakter daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan başqa nəzərə almaq lazımdır ki, istintaq orqanı öz müvafiq sübutların qiymətləndirilməsi haqqında 28 iyul 2023-cü il tarixli qərarında təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokol və s istintaq hərəkətlərini sübut növü kimi qəbul etmişdir. Həmin sübutların mötəbərliliyinin şübhəli olması ilə bağlı hallar təqsirləndirilən şəxsin tutulması anı ilə də tam sübut edilir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs, iş üzrə şahid sahə müvəkkili Şahid2, əlavə şahidlər Rəna Həsənova və Ləman Aslanovanın bir-biri ilə uzlaşan ifadələri ilə təsdiq olunur ki, sahə müvəkkili Şahid2 təqsirləndirilən şəxsə yaxınlaşaraq 7-ci Polis Bölməsinin rəisinin onu görmək və profilaktik söhbət etmək istədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs sahə müvəkkili Şahid2 ailə üzvlərinə xəbər etmək üçün icazə almış və onun razılığı ilə yaşadığı evə gedərək ailəsinə bu barədə məlumat vermiş, onlarla polisə dəvət olunması barədə söhbət aparmış, geri qayıdaraq polis əməkdaşının avtomaşınına əyləşərək polis bölməsinə getmişlər. Təqsirləndirilən şəxsin polisin nəzarətinə keçənədək hadisələrin baş verməsi ardıcıllığı şəxsin öz üzərində narkotik vasitə saxlayaraq polis əməkdaşı ilə polis bölməsinə yollanması ehtimalını sıfıra endirir, ağlabatan və məntiqli görünmür. Hadisənin qeyd olunan şəraitdə inkişafı (tutulma şəraiti) sonradan tərtib olunmuş rəsmiləşmə sənədlərini də şübhəli hala gətirir və təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olması faktı ilə bağlı sübutları heçə endirir. Şərh olunanlar təsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini, həmçinin, şəxsi axtarış və götürmə aparılması barədə protokolu sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola, təsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrə istinad edilməklə təqdim etdiyi digər bütün sübutları şübhə altına alır. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, iki nəfər polis əməkdaşının ifadələrini və şəxsi axtarış və götürmə aparılması barədə protokolu təqsirləndirilən şəxsə elan edilmiş itiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Yuxarıda göstərilənlər baxımından məhkəmə hesab edir ki, cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmiş Şahid2 və Şahid1 09 iyul və 10 iyul 2023-cü il tarixli şahid qismində dindirmə protokollarındakı ifadələri ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz, sonuncuların bu ifadələri hazır şəkildə yazılaraq onlara imzalatdırılmışdır, şahidlərin həqiqi iradəsini və həqiqəti əks etdirməyərək formal xarakter daşıyır. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərində satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroin gəzdirməsinə dair ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici izahatı və sonrakı mərhələdə verdiyi etirafedici ifadəsi təqsirləndirilən şəxsin həqiqi iradəsini əks etdirmir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini bildirmiş, qeyd olunan hal məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadələrinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla (əməliyyat-axtarış tədbirinin formal keçirilməsi, müdafiə hüququnun pozulması və şəxsi axtarış və götürmə haqqında protokolun prosessual pozuntularla keçirilərək formal xarakter daşıması) müqayisəli surətdə qiymət verməklə onun məhkəmə istintaqında verdiyi ifadəsini inandırıcı və işin faktiki hallarına uyğun hesab edir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 16:00 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi E.Babayev küçəsində yerləşən “Əli” adlı mərasim evinin qarşısında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə aparılmış, həmin Polis Bölməsinin təhqiqatçısı tərəfindən 16:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, saat 17:20 dəqiqədə isə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə faktiki olaraq onun tutulduğu vaxtdan 1 saat 20 dəqiqə sonra aparılmışdır. Təqsirləndirilən şəxs tutulmasından sonra üzərinə 1 saat 20 dəqiqə sonra şəxsi axtarış keçirilməsinin ağlabatan izahı olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 1 saat 20 dəqiqə vaxtın keçməsi narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılmasından dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Məhkəmə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı bir sıra xüsusatları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci polis bölməsində tutulan zaman ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş, Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı Elgün Abdurəhmanov tərəfindən 11 saylı Vəkil Bürosunun vəkillərinin növbətçilik siyahısı iş materiallarına əlavə edilərək müdafiəçi dəvət edilməsi barədə qərar qəbul edilib həmin Vəkil Bürosuna göndərilmişdir. Həmin Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs təqdim olunması barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs də təhqiqatçıya ərizə ilə müraciət edərək hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. 28 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması barədə həmin gün saat 16:50-də tərtib olunmuş protokolla o və müdafiəçisi Vahid Məmmədov elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçinin həmin protokolda, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası vardır. Lakin cəmi 30 dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi ifadəsində və ərizəsində göstərmişdir ki, “... öz razılığım ilə müdafiəçinin iştirakı olmadan üzərimə baxış keçirildi”. Halbuki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində otağa girəndə vəkili gördüyünü, daha sonra vəkili çıxardıqlarını, polislərə maddi imkanın olmadığı üçün vəkillə təmin edilmək istədiyini, şəxsi axtarış və götürmə istintaq hərəkətində vəkilin iştirakından imtina etmədiyini, vəkili ilə görüşmək imkanı olmadığını və vəkilin videoçəkiliş keçiriləndən sonra gəldiyini bildirmişdir. Bu xüsusat da öz-özlüyündə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkildən imtina etməsi hissədə verdiyi həmin izahatın həqiqəti əks etdirməməsinə, Təqsirləndirilən şəxs həmin ifadəsini təsir altında imza etməsi barədə dəlillərinin əsaslı olmasına dəlalət edir. “Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs məhkəmə kimyəvi ekspertizasının 29 mart 2023-cü il tarixli 6/1771 saylı rəyi ilə tanış etmişdir. Protokol şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Göründüyü kimi şübhəli şəxs Təqsirləndirilən şəxs tutulan zaman müdafiəçi ilə təmin edilməsini tələb etmiş, şəxsi axtarış keçirilən zaman isə qeyri müəyyən səbəbdən müdafiəçidən imtina etmiş, lakin şəxsi axtarış istintaq hərəkətindən sonrakı zəruri sənədlərdə vəkilin iştirakı göstərilməklə, Təqsirləndirilən şəxs yenidən həmin müdafiəçi ilə təmin edilmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkildən imtina etməsi ilə bağlı ərizənin sonuncu tərəfindən yazılmasına, həmin ərizənin doğruluğuna və mötəbərliyinə əsaslı şübhələr yaradır. Bütövlükdə müşahidə olunan bu mənzərədən şübhəli şəxsə artıq buna qədər real olaraq vəkilin təqdim edilməsi, vəkilin iştirakı ilə hüquq və vəzifələrinin izah olunması, şübhəli şəxsin tutulması haqqında qərarın elan edilməsi, şübhəli şəxs qismində tutulma haqqında protokolun tərtibi prosesində vəkilin iştirak etməsi, nəhayət bütün bunlardan sonra şübhəli şəxsin rəsmi ərizə ilə müraciət edib vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etməsi ağlabatan və real hesab oluna bilməz. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən şübhəli şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməli olan, şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək vəzifəsini daşıyan təhqiqatçının hərəkətləri müdafiə hüququnun kobud şəkildə pozulması ilə nəticələnən vəziyyət yaratmışdır. Məhkəmə istintaqı zamanı araşdırılmış cinayət işində olan materiallar və məhkəmə istintaqının gedişində əldə edilmiş sübutların tədqiqi onu deməyə əsas verir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqları, xüsusilə də, müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm müdafiə hüququ pozulmaqla və qanunuzidd hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmişdir. Bununla da, faktiki olaraq cinayət işi materiallarında mövcud olan sübutlar təqsirləndirilən şəxsin lehinə və əleyhinə olan sübutlar qismində iki kateqoriyaya ayrılmışdır. Cinayət işi materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın əsasını onun əleyhinə olan sübutlar olaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti və onun nəticəsində tərtib edilmiş protokol, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan 28 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.2 və 125.2.3-cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübutlardır. Sözügedən maddələrin tələblərinə əsasən, zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə ilkin olaraq qeyd edir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsinin tələblərinə əsasən, şübhəli şəxs statusuna düşməklə, həmin vəziyyətdə şübhəli şəxsin bütün mümkün hüquq və vəzifələrinə malik olur. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmin Məcəllənin 92.10.1-ci maddəsinə əsasən, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq müdafiəçiyə qadağan olunmuşdur. Həmin Məcəllənin 92.11.1-ci maddəsinə əsasən, müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq; şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; vəkil sirrini qorumaq və vəkil andına riayət etmək vəzifələrini yerinə yetirməlidir. Göründüyü kimi şübhəli (təqsirləndirilən) şəxsin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi müdafiəçinin vəzifəsi kimi təsbit edilmişdir. Amma hazırkı cinayət işi üzrə bütün halların obyektiv tədqiqindən sonra yaranan mənzərə bundan ibarətdir ki, sanki müdafiəçi 28 mart 2023-cü il tarixdə, saat 16:50-də Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, daha sonra videoçəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.11.1-ci maddəsinə əsasən bütün mümkün vasitələrdən istifadə etməklə müdafiəni həyata keçirmək vəzifəsi olmasına baxmayaraq), bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən hüquqlarının dövlət hesabına təyin olunmuş müdafiəçi Vahid Məmmədov tərəfindən müdafiə edilməsinə etirazının olmamasına dair yazılı ərizə verməsi, eyni zamanda, bütün prosessual hərəkətlərə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Eyni zamanda, məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı israrla bildirmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkətində vəkilin iştirakından imtina etməmiş və vəkili ilə görüşmək imkanı olmamışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Müdafiə hüququ ilə bağlı yuxarıda qeyd edilən halların məcmusuna əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan həyata keçirilmişdir. Belə ki, şübhəli şəxs tutulduqdan dərhal sonra şəxsi axtarışa məruz qalarkən tutulma prosessual məcburiyyət tədbirinin təsiri altında olmuşdur. İbtidai araşdırma orqanının bu halda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.3.9cu maddəsində nəzərdə tutulmuş vəzifəsini yerinə yetirməməsi və dövlət hesabına təyin olunmuş müdafiəçinin Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 92.11.1-ci maddələrinin tələblərini yerinə yetirməməsi, həmin Məcəllənin 19 və 92–ci maddələrinin kobud pozuntusu hesab olunur və məhkəmə kollegiyası hesab edir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinin tələbləri pozulmaqla əldə edilmiş sübutdur və həmin sübutlar - 28 mart 2023cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə kimyəvi ekspertizasının rəyi (rəyin narkotik vasitənin Təqsirləndirilən şəxs aidiyyatı ilə bağlı hissəsi) mümkünsüzdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 232.4-cü maddəsinə əsasən şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir. İzahatdan görünür ki, 28 mart 2023-cü il tarixdə şübhəli şəxsin izahatı alınarkən ona şübhənin mahiyyəti elan edilməmiş, habelə ifadə verməkdən imtina etmək hüququ izah edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şübhəli şəxsin 28 mart 2023-cü il tarixli ilkin izahatı da sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, sözügedən istintaq hərəkətləri qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından və 28 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-kimyəvi ekspertizasının rəyi (rəyin narkotik vasitənin Təqsirləndirilən şəxs aidiyyatı ilə bağlı hissəsi) mümkünsüz sübut hesab edildiyindən, şübhəli və təqsirləndirilən şəxsin əleyhinə olan 29 mart 2023-cü il tarixli şübhəli və 30 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi barədə protokolların da mötəbərliyini şübhə altına almış olur. Bununla da, məhkəmə yekun nəticəyə gələrkən ibtidai istintaqın yekunu olaraq əldə edilmiş həmin sübutlara mötəbər sübutlar qismində istinad edə bilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İbtidai istintaq orqanının sübut kimi istinad etdiyi şəxsi axtarış və götürmə aparılması barədə 28 mart 2023-cü il tarixli protokol və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd diskə baxış keçirilməsi barədə protokolla bağlı məhkəmə qeyd edir ki, bu kateqoriyalı cinayət əməllərinin törədilməsini təsdiq edən dəlillər məcmusunun daha çox məlumat yüklü kimi qiymətləndirilməli olan həmin sübutlarla bağlı ciddi pozuntulara yol verilmişdir. Belə ki, sübut kimi istinad edilən tərtib olunmuş yazılı protokol əslində aparılmış videoçəkilişin sonradan yazılı mətnə çevrilməsindən ibarət olub yalnız çəkilişdəkiləri olduğu kimi əks etdirməli olduğu halda fərqli xarakter daşıyır. Yazılı protokola əsasən saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar olunmuş, şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, habelə həmin Məcəllənin 20, 26, 90-cı maddələri izah edilmişdir. Protokola əsasən şəxsi axtarış saat 17:20 dəqiqədə, yəni şəxsin rəsmi tutulmasından 30 dəqiqə, faktiki tutulmasından isə 1 saat 20 dəqiqə sonra başlanmış və saat 17:45-də bitmişdir. Amma qeyd olunan yazılı protokolun mənbəyi olan videoçəkiliş fərqli məzmundadır və yazılı protokolla ziddiyyət təşkil edir. Elə videoçəkiliş və şəxsi axtarış prosesi bu təhrif olunmuş vəziyyətdə ittiham aktına daxil edilərək ona sübut kimi istinad edilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş həmin videoçəkilişə əsasən şəxsi axtarış və götürmə hərəkəti çəkilişə əsasən cəmi 8 dəqiqə 26 saniyə davam etmişdir. 8 dəqiqə 26 saniyənin isə 2 dəqiqə 10 saniyəsi təhqiqatçı tərəfindən narkotik vasitənin üstünün yazılmasına və zərfin yapışqanlanmasına sərf edilmişdir. Videoçəkilişi kimin aparması ümumiyyətlə nə yazılı protokoldan, nə də çəkilişin özündən məlum deyil. Videoçəkilişə əsasən təhqiqatçı sağında və qarşısında iki nəfər şəxsin dayandığı Təqsirləndirilən şəxs heç bir hüquq və vəzifə izah etmir. Bundan başqa, şəxsi axtarış və götürmə aparılması barədə yazılı protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Papanin adlanan yerdən 150 manat müqabilində almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Amma videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansı tarixdə almasını bildirməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cinayət işi materiallarında mövcud olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 28 mart 2023-cü il tarixli istintaq hərəkətinin gedişatını özündə əks etdirən disk və onun əsasında tərtib edilən həmin tarixli protokol sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə-kimyəvi ekspertizasının 29 mart 2023-cü il tarixli 6/1771 rəyi isə özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. İttiham aktında sübut kimi istinad olunan narkoloji yoxlamanın 27 aprel 2023-cü il tarixli 2462 saylı rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. Məhkəmə, cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq ibtidai istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi aşkar şəkildə cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Cinayət-Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CinayətProsessual Məcəllənin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham edərkən prosessual təminatları kobud surətdə pozaraq əsassız nəticəyə gəlmiş, şahidlərin kifayət qədər uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilərdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ,İİ və İİİ hissələrinə görə, hər kəsin təqsirsizlik prezumrsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı toplanmış və məhkəmə icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 5.550 qram təşkil edən narkotik vasitə olan heroin materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 5,550 qram təşkil edən narkotik vasitə heroinin kimə məxsus olması hissəsində araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-745/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-745/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver