Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-749/2021 06.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, x xxx 1987-ci il tarixdə Cəlilabad rayonunun Porsava kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıdan məhrumetmə cəzasına məhkum edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxx 2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 4 (dörd) il 11 (on bir) gün hissəsi ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış), məhkumluğu ödənilməmiş, Cəlilabad rayonunun Porsava kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,803 qram təmiz çəkidə narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində “20 yanvar” metrostansiyasının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində “20 yanvar” metrostansiyasının qarşısında saxlanılıb qeyd olunan Baş İdarəyə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının arxa sağ cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 1 ədəd bükümdə külli miqdarda 7,803 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, “Dərnəgül” metrostansiyasının yaxınlığından keçərkən yerdən 1 ədəd bükümdə narkotik vasitə olan heroin tapmış və cibinə qoyub üzərində saxlamışdır. xx xxxxxxxx 2020ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığında olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini istəmişlər. O da həmin polis əməkdaşlarına öz anket məlumatlarını demişdir. Bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş İdarəyə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik və psixotrop maddələri əldə etmə, saxlayaraq daşıma, istifadə etmə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O da etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə baxış keçirilməyə başlanılmışdır. Bu vaxt üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, masaya yaxınlaşıb əynində olan qara rəngli şalvarının ön sol yan cibindən 1 ədəd telefonu və 1 ədəd cib dəsmalını, şalvarının ön sağ yan cibindən pul vəsaitini, şalvarının arxa sağ cibindən 1 ədəd bükümdə maddəni masanın üzərinə qoymuşdur. Daha sonra ona şalvarının ciblərini tam olaraq göstərməyi, ayaqqabılarını çıxarmağı təklif edilmişdir. O da deyilənləri etmiş, ancaq üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Ancaq üzərində şəxsiyyət vəsiqəsi yadından çıxıb qaldığından onu da polis əməkdaşları cibindən çıxarıb masanın üzərinə qoymuşlar. Bundan sonra təqdim etdiyi əşyalara və maddələrə baxış keçirilməyə başlanılmışdır. Mobil telefonuna keçirilən baxış zamanı telefonun “Xiomi Not 8” markalı olmaqla özünə məxsus olduğunu bildirmişdir. Şəxsiyyət vəsiqəsi və telefonu orada saxlanılmış, pul vəsaiti sayılaraq 160 manat olduğu bilindikdən sonra dəsmalla birlikdə özünə qaytarılmışdır. Bundan sonra təqdim etdiyi 1 ədəd bükümün içindəki maddənin narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükümə baxış zamanı içində narkotik vasitə olan heroin olduğu məlum olmuşdur. O, təqdim etdiyi narkotik vasitəni 2 gün əvvəl “Dərnəgül” metrostansiyasının yaxınlığından tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd büküm ekspertiza tədqiqatına təqdim olunması üçün iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və o, iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdir. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Baxış zamanı üzərindən aşkar olunmuş həmin narkotik vasitəni yerdən tapmışdır. Həmin narkotik vasitədən istifadə etmək istəmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Baş İdarəyə xx xxxxxxxx 2020-ci il tarixdə “Loğman” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. “Loğman” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək x xxx 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş Cəlilabad rayonu, Porsava kəndində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Yasamal rayonu ərazisində “20 yanvar” metrostansiyasının yaxınlığına gedərək orada əməliyyat mövqeyi seçmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, “20 yanvar” metrostansiyasının qarşısında Təqsirləndirilən şəxs müəyyən edərək saxlayıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demişlər. Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqləşdirdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs da səmimi olaraq üzərində narkotik vasitə olduğunu dedikdən sonra onu Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə gəlmiş, bu barədə raportla rəhbərliyə məruzə edilmiş və bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edildikdə o, masaya yaxınlaşıb ilk olaraq əynində olan şalvarının sol yan cibindən 1 ədəd telefonu və 1 ədəd cib dəsmalını, şalvarının sağ yan cibindən pul vəsaitini, şalvarının arxa sağ cibindən 1 ədəd bükümdə maddəni masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əlavə olaraq köynəyinin ön sağ yan cibindən 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 160 manat pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etmədiyindən cib dəsmalı ilə birlikdə özünə qaytarılmışdır. Ancaq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Xiomi Note 8” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra 1 ədəd sellofan bükümə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs həmin bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bükümə baxış zamanı içində tünd qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddənin olduğu məlum olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni 2 gün əvvəl “Dərnəgül” metrostaniyasının yaxınlığında gəzərkən yerdən tapdığını və açıb içinə baxdıqda narkotik vasitə heroin olduğunu bildikdən sonra istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, sonra Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Baxış keçirilməsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olsa da, həmin maddələri kiməsə satmasını müəyyənləşdirmək mümkün olmamışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 6/1998 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr.” sözlər, adlar və imzalar qeyd edilmiş 1 ədəd zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə təmiz çəkisi 7,803 qram olan tünd qəhvəyi rəngli, axıcı olan kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: Heroinin təmiz çəkisi 7,803 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 7,753 qram, cild 1, iş vərəqə 47-48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli 3546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 173-175). Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində “20 yanvar” metrostansiyasının qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının arxa sağ cibindən 1 ədəd bükümdə külli miqdarda 7,803 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 31-34). Cinayət işinin materiallarında olan xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda 7,803 qram çəkidə narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə ayrıca icraata material ayrılmışdır (cild 1, iş vərəqə 184-185). İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,803 qram təmiz çəkidə narkotik vasitə heroini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində “20 yanvar” metrostansiyasının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində “20 yanvar” metrostansiyasının qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının arxa sağ cibində satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 1 ədəd bükümdə külli miqdarda 7,803 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin, ibtidai istintaq orqanı narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməmiş, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasına dair rəyə satış məqsədini təsdiq edən sübut kimi istinad edilməsi yolverilməzdir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının arxa sağ cibində satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 1 ədəd bükümdə külli miqdarda 7,803 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrə aidiyyəti barədə məlumatı əldə etmiş və narkotik vasitənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirinə rəhbərlik edərək həyata keçirmiş polis əməkdaşı Şahid1 və digər polis əməkdaşları məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kiməsə satmasını müəyyənləşdirmək mümkün olmamış və onun yaşadığı evə baxış keçirilməmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 6/83-201900490 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən nə vaxt əldə etməsini, eləcə də, narkotik vasitə satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 134). Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin yalnız külli miqdarda 7,803 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıdan məhrumetmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxx 2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 4 (dörd) il 11 (on bir) gün hissəsi ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və x xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 107-109; 115-120; 122-133). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.4-cü maddələrinin tələblərinə görə “böyük ictimai təhlükə törətməyən” və “ağır” cinayətlər təsnifatına aiddir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə əsasən “böyük ictimai təhlükə törətməyən” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Nərimanov rayon məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 89-94). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 7,753 qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 7,753 qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-749/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-749/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver