Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-749/2025 10.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1997-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsində nömrəsiz fərdi evdə yaşamış, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 09 iyul 2024-cü il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində M.Hüseyn küçəsi ilə piyada hərəkət edən, baxılan iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs oradakı “Oba” marketinin yaxınlığında arxadan yaxınlaşıb qəflətən sonuncunun baş nahiyəsindən yumruqla zərbə vuraraq yerə yıxmaqla və yerə yıxdıqdan sonra sifət nahiyəsindən ardıcıl yumruq zərbələri vurub müqavimətini qırmaqla ona üst dodağın selikli qişa səthinin əzilmiş səthi yarası, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün üst qapağının və sol qalça nahiyəsinin qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əlini zərər çəkmiş Zərərçəkmiş şəxs əniyndə olan şalvarın cibinə salıb oradan 173 manat məbləğində nağd pulunu götürmüş, bununla kifayətlənməyərək, quldurluq cinayətinin törədilməsinə yönəlmiş hərəkətlərini inadla davam etdirərək zərər çəkmiş Zərərçəkmiş şəxs əlində saxladığı, içərisində 20 manat dəyərində iki ədəd sim-kart olan 200 manat dəyərində bir ədəd «Samsung Galaxy A21» markalı mobil telefon cihazını dartıb əlindən almaqla ümumilikdə 393 manat dəyərində əmlakını ələ keçirməklə quldurluq etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın quldurluq etməsi, yəni Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə irəli sürülən ittihamla özünü təqsirli bildi və məhkəməyədək icraat mərhələsində ətraflı və düzgün ifadə verdiyini bildirib məhkəmədə ifadə verməkdən imtina etdi. Odur ki, Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, həqiqətən də 09 iyul 2024-cü il tarixdə gecə, artıq səhər üzü saat 05 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisindəki “Şəhid Bulağı” adlanan yerin yaxınlığında yerləşən “Oba” adlı marketdən bayıra çıxıb siqaret çəkərkən dükanın qarşısından bir nəfər ortra yaşlı, qəsəbə sakininə bənzəməyən, səndələyərək yeridiyindən sərxoş olması uzaqdan nəzərə çarpan şəxsin keçərək küçənin qaranlıq hissəsi istiqamətində hərəkət etdiyini görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğundan həmin sərxoş vəziyyətdə olan şəxsin arxasınca getməyi və əlverişli şərait yaranan kimi qəflətən ona hücum edərək həmin şəxsi qarət etməyi qərara almışdır. Odur ki, həmin şəxsin arxasınca düşüb bir qədər gizlincə təqib etmiş, bir qədər irəliyə küçənin qaranlıq və sakit hissəsinə çatdıqda ətrafda heç kimin olmadığına əmin olaraq qəflətən sakitcə arxadan həmin şəxsə yaxınlaşaraq onun arxa boyun nahiyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Zərbənin təsirindən həmin şəxs müvazinətini itirərək üzü üstə yerə yıxılmış, sonra arxaya çevrilmək istədikdə o, həmin şəxsin müqavimətini qırmaq üçün ardıcıl olaraq bir neçə yumruq zərbəsi ilə də onun sifət nahiyəsindən vurmuş, müqavimətini qırdıqdan sonra kürəyini ona tərəf çevirməklə sinəsi üzərində oturub ciblərini axtarmağa başlamış və əynindəki şalvarın cibində olan pulları və əlinin ovcunda olan bir ədəd telefon cihazını götürüb oradan qaçaraq uzaqlaşmışdır. Təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, o, hadisə yerindən uzaqlaşdıqdan sonra qarət etdiyi həmin şəxsin üzərindən taladığı pula və telefona baxmış, pulun məbləği 173 manat, mobil telefon cihazı isə “Samsung Galaxy A21” markalı olmuşdur. Mobil telefonun üzərindəki sim kartları çıxarıb yolun kənarına tullamış, telefonun özünü və taladığı pulu isə üzərində saxlamışdır. Növbəti gün taladığı pulları özünün ehtiyaclarına xərcləmiş, telefonu isə bir neçə gündən sonra aparıb “Sabunçu Bazarı” adlanan yerin yaxınlığında fəaliyyət göstərən telefon dükanlarından birinə özününki kimi təqdim edərək 60 manata satmış və əldə etdiyi həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Təxminən iki həftə sonra isə törətdiyi həmin cinayət əməlinə görə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və sorğu-sual zamanı özü könüllü olaraq həmin cinayət hadisəsini törətdiyini etiraf etmişdir. Hadisəni tək törətmiş, bu işdə ona heç kim köməklik etməmişdir (iş vərəqə: 76-78). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələrini bir daha təsdiq edib məhkəmədəki ifadəsində göstərdi ki, əslən Sabirabad rayonundandır, lakin fərdi qaydada işləmək məqsədi ilə vaxtaşırı Bakı şəhərinə gəlib müxtəlif ünvanlarda kirayə yaşamış və işləmişdir. Sonuncu dəfə 05 iyul 2024-cü il tarixdə Bakıya gəlmiş və bir neçə gün ərzində tanışı Emil Qasımovun yaşadığı Bakı şəhərində Sabunçu qəsəbəsi ərazisindəki evdə gecələmişdir. 09 iyul 2024-cü il tarixdə işdən çıxdıqdan sonra iş yoldaşları ilə 3-cü mikrorayon ərazisində bir qədər yeyib-içmiş, 4 baqal pivə içmişdir. Sonra gecələmək üçün yenə də Emilgilin evinə getmək məqsədi ilə səhər saat 05 radələrində Sabunçu qəsəbəsində M.Hüseyn küçəsi ilə piyada hərəkət edən zaman qəflətən arxadan baş nahiyəsindən, gicgah nahiyəsindən güclü zərbə almış, arxaya çevrildikdə isə sifət və baş nahiyələrindən ardıcıl bir neçə yumruq zərbələri almış, zərbənin təsirindən müvazinətini itirərək yerə çökmüş, kürəyi üstə yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra onun vuran şəxs onun müqavimət göstərə bilmədiyini görüb, görə bilməməsi üçün arxasını ona çevirmiş, əyilərək ciblərini axtarmağa başlamış, cibində olan kağız pullarını və həmin vaxt sol əlinin ovcunda olan özünə məxsus bir ədəd «Samsung Galaxy A21 S» markalı, qara rəngli, iki-sim-kartlı mobil telefon cihazını dartıb götürərək oradan qaçaraq uzaqlaşmışdır. Onu vuran şəxsin bir başa üzünü görməmiş, qaçanda dönüb baxa bilmiş və həmin şəxsin hündürboylu, əynində qara şalvar, ağ köynək olan şəxs olduğunu görmüşdür. Hadisə yerində bir qədər sonra özünə gəlmiş və ayağa qalxaraq tanışı Emingilə getmiş, orada qana bulaşmış paltarlarını dəyişərkən 173 manat pulunun və mobil telefonunun talandığını müəyyən etmişdir. Emin düşdüyü vəziyyətin səbəblərini soruşduqda o, huşunu itirmiş, özünə gələn zaman isə əyni dəyişilmiş və bundan sonra Sabunçu RPİ-nin 12-ci PB-nə gedərək başına gəlmiş hadisə barədə məlumat vermiş, ərizə və izahat yazmış, hadisə yerini göstərmişdir. Hadisə zamanı aldığı zərbələrdən gözləri qaralmış, ətrafı, o cümlədən onu yumruqlayan tanımadığı şəxsi də iki-iki görmüş, həmçinin zərbələr ona müxtəlif tərəflərdən ardıcıl olaraq dəydiyindən ona hücum etmiş şəxslərin iki nəfər olduğunu fikirləşmiş və hadisənin iki nəfər tərəfindən törədilməsi qənaətinə gələrək şikayət ərizəsində ona basqın etmiş şəxslərin iki nəfər olduğunu qeyd etmişdir. Lakin sonradan araşdırma zamanı hadisə yerinin ətrafındakı videomüşahidə kameralarının görüntülərinə baxdıqda müəyyən etmişdir ki, arxasınca cəmi bir nəfər, həmin Təqsirləndirilən şəxs adlı şəxs gəlmiş və hadisədən sonra isə həmin şəxs hadisə yerindən tək uzaqlaşmışdır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, aparılmış araşdırma nəticəsində hadisənin baş verdiyi ərazinin ətrafındakı müşahidə kameralarında qeydə alınmış videogörüntülərə baxılmış və hadisənin hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. İstintaq zamanı həmin şəxs ona təqdim olunmuş, o, əvvəllər görmədiyi və tanımadığı həmin şəxsi hadisə zamanı gördüyü kimi bədən quruluşundan, geyimindən və sifət cizgilərindən tanımışdır. Təqdim olunarkən Təqsirləndirilən şəxs özü də ona qarşı törətdiyi cinayəti etiraf edərək ondan üzür istəmişdir. Hadisə nəticəsində ona məxsus 173 manat məbləğində nağd pul, 200 manat dəyərində mobil telefon cihazı, telefonunun üzərində olan, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 20 manat olan iki ədəd sim-kartlar talanmışdır. Hadisə nəticəsində sifətinin sağ nahiyəsində qançır və hematomalar əmələ gəlmiş, başının arxa hissəsi və sağ gözü şişmiş, burun və ağız nahiyələri şişmiş, belinin sol hissəsi qaralmışdır. Lakin həmin xəsarətləri özü evdə müalicə etmiş, heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, cinayət nəticəsində ona vurulmuş ziyan ödənilmiş, ona yeni telefon alınıb verilmiş, həmçinin talanmış pulları nəğd şəkildə ona ödənilmiş və təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi qalmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirildən Şahid cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edərək məhkəmədəki ifadəsində göstərdi ki, 2017-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində «Sabunçu Bazarı» adlanan ərazidə icarəyə dükan götürüb orada işlənmiş mobil telefonların alqı-satqısı və təmiri ilə məşğul olmuşdur. Baxılan iş üzrə Təqsirləndirilən şəxs qəsəbə sakini kimi təxminən son bir il ərzində üzdən tanımış, amma aralarında hər hansı yaxın münasibətləri olmamışdır. 09 iyul 2024-cü il tarixdə, saat 17:42 radələrində dükanda olan vaxt Mirhüseyn ora gələrək pula ehtiyacı olduğunu bildirmiş və buna görə özünə məxsus mobil telefon cihazını satmaq istədiyini ona demişdir. Mirhüseynin təqdim etdiyi mobil telefon «Samsung Galaxy A21 S» markalı işlənmiş mobil telefon olmuş, salamat vəziyyətdə olmaqla işlək olmuşdur. Mirhüseyn telefonun özünə məxsus olduğuna onu arxayın etmiş, o da Mirhüseyni məhəllə adamı kimi tanıdığından inanmış və heç bir tərəddüd etmədən həmin telefonu Mirhüseyndən almağa razılaşmışdır. Mirhüseyn həmin telefonu 100 manata satmaq istədiyini bildirmiş, lakin o, telefonu müayinə edib baha olduğunu bildirərək əvvəl razılaşmamış, amma sonra telefonun qiymətini 60 manata razılaşmışlar. O, həmin telefonu yoxlayıb 60 manat məbləğində nağd pul ödəməklə təhvil almışdır. Bundan sonra müvafiq qeyd aparmaq üçün Mirhüseynin şəxsiyyət vəsiqəsinin fotoşəklini özünün mobil telefonunun fotokamerası vasitəsi ilə çəkib yaddaşında saxlamışdır. Mirhüseynin xx.xx.2024-cü il tarixdə onun dükanına gəldiyini, saat 17:42-də telefonu sonuncudan aldığını özünün mobil telefonu vasitəsi ilə çəkdiyi fotoşəkillərdən bilmişdir. Təxminən 3-4 gündən sonra isə həmin telefonu dükanına gəlmiş, hazırda xatırında qalmayan müştərilərindən birinə 80 manata satmışdır. Şahid qismində dindirildən Şahid ifadəsinin davamında göstərdi ki, telefonu satdıqdan təxminən 15 gün sonra o, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət olunmuş, orada Mirhüseyni də görmüş, Mirhüseyn telefonu ona satdığını təsdiq etmişdir. O da bununla bağlı ifadə verib faktı təsdiq etmiş və xx.xx.2024-cü il tarixdə, saat 17:42-də çəkdiyi Mirhüseynin şəxsiyyət vəsiqəsinin fotoşəklinin surətini istintaq orqanına təqdim etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Hüseyn küçəsində baş vermiş quldurluq hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilməsi zamanı hadisəsinin baş verdiyi ərazidə mövcud olması müəyyən edilmiş obyekt və yaşayış evlərində quraşdırılan videomüşahidə kameralarından götürülmüş 03 ədəd videofayllardakı videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə həmin videomüşahidə kameraları vasitəsi ilə baş vermiş quldurluq hadisəsinin bir neçə fraqmentdə videogörüntülərinin qeydə alındığı müəyyən edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, qeydə alınmış 03 ədəd videogörüntülərə keçirilmiş baxış zamanı: - CD diskə yüklənmiş 1-ci fayldakı görüntülər «Oba» marketinin bayır tərəfində quraşdırılmış videomüşahidə kamerası tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 04:18-də qeydə alınmış, 40 saniyyəlik səssiz rəngli videogörüntüdür, həmin videogörüntüdə iş üzrə Zərərçəkmiş şəxs sağ əlində mobil telefon cihazı tutaraq «Oba» marketinin qarşısından keçdiyi görünür; - CD diskə yüklənmiş 2-ci fayldakı videogörüntülər fərdi yaşayış evinin bayır tərəfindən quraşdırılmış videomüşahidə kamerası tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 04:23-də qeydə alınmış, 03 dəqiqə 47 saniyyəlik səssiz rəngsiz videogörüntülərdir. Həmin videogörüntünün 01-ci dəqiqə 12-ci saniyyəsində iş üzrə Zərərçəkmiş şəxs və arxasınca onu asta yerişlə təqib edən iş üzrə Təqsirləndirilən şəxs küçə ilə piyada hərəkət edərək ara küçəyə keçmələri əks olunur; - CD diskə yüklənmiş 3-cü fayldakı videogörüntülər eyni fərdi yaşayış evinin bayır tərəfindən quraşdırılmış videomüşahidə kamerası tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 04:30-də qeydə alınmış, 20 saniyyəlik səssiz rəngsiz videogörüntüdür, həmin videogörüntüdə bir nəfər orta yaşlı naməlum şəxsin küçəyə çıxıb ətrafa nəzər diqqət yetirməsi, daha sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir qədər öncə piyada hərəkət etdikləri istiqamətdə getməsi əks olunmuşdur. Həmin naməlum şəxsin səs-küy eşidərək küçəyə çıxması, daha sonra səs-küyün gəldiyi istiqaməti müəyyən edərək geri qayıtması hiss olunur (iş vərəqə: 11-12, 61-62). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1745 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədən səthində üst dodağın selikli qişasının əzilmiş səthi yarası, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün üst qapağının və sol qalça nahiyəsinin qançırları müəyyən edilmişdir. Tədqiq olunan rəydən görünür ki, müəyyən olunan həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətlərin yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlərdir(iş vərəqə: 27-28). İbtidai istintaq orqanının müvafiq qərarlarına əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq hadisənin baş verdiyi vaxtda və mərhələdə təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmış məhkəmə baxışı zamanı tədqiq edilmiş 03 ədəd videofaylın yükləndiyi 01 ədəd CD formatlı disk və Şahid təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin hər iki üzünün fotoşəklləri əks olunan 01 ədəd “A-4” formatlı vərəq cinayət işi müzrə maddi sübut kimi tanınmış və cinayət işinin materialarına əlavə edilmişdir(iş vərəqə: 99-101). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etməsi və bununla da Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli məhkəmədə həmin maddə ilə tövsif olunmalı və sonuncu Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 1ci bəndndə məhkəmələrə tövsiyyə olunur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Bundan başqa, Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli həmin qərarında göstərilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmədə Təqsirləndirilən şəxs istər cinayət işinin ibtidai istintaqı zamanı və istərsə də məhkəmə baxışı mərhələsində təqsirsizliyi ilə bağlı özünün müdafiəsi üçün heç bir dəlil gətirməmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011- ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş cəza 06 ay müddətə şərti sınaq müddəti tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, eyni məhkəmənin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya haqqında qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, eyni məhkəmənin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 185.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən sonuncu hökm üzrə təyin edilmiş cəzas 06 il 06 aya endirilmiş, ən nəhayət, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs bir sıra hökmlər üzrə olan məhkumluqları ödənilsə də, onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Belə ki, məhkəmə baxışında tədqiq olunan demoqrafik məlumatlarla müəyyən edilmişdir ki, Məmmədov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan az ağır cinayəti törətməyə görə təqsirli bilinərək 06 il 06 ay müddətə qəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən təsnifatına görə böyük ictimai təhlükə törətməyən yeni cinayət törətdiyindən o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək cəza çəkmə müddətinin əvvəli 05 iyun 2023-cü il tarixdən hesablanmaqla 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ən geci 05 dekabr 2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur (iş vərəqə: 102-105). Nizami Rayon Məhkəməsinin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, həmin iş üzrə Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə əlaqədar olan məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş təqsirləndirilən şəxsə münasibətdə residivin müəyyən olunması zamanı nəzərə alınmamışdır. Məhkəmə baxılan iş üzrə cinayət hadisəsinin xx.xx.2024-cü il tarixdə törədilməsini, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzadan xx.xx.2022-ci il tarixdə azad olunmasını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə əsasən artıq ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən isə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və dekabr 2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuş Təqsirləndirilən şəxs baxılan iş üzrə yeni cinayətin törədildiyi xx.xx.2024-cü il tarixə olan məhkumluğu, qanunla müəyyən olunan bir il keçmədiyindən ödənilməmişdir. İbtidai istintaq orqanının baxılan iş üzrə tərtib etdiyi ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğunun ödənilməməsi cinayətin residivi kimi qiymətləndirilmişdir. Qeyd olunan məhkumluqla bağlı məhkəmə belə nəticəyə gəlir ki, göstərilən hökm üzrə məhkumluq ödənilməsə belə, həmin məhkumluq təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivini yaratmayacaqdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3 və 83.3.2-1-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 15.2-cü maddəsinin tələblərinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər (burada: Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi) böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü üzrə olan məhkumluğunun ödənilməməsi cinayətlərin residivi kimi qiymətləndirilməməli və cəza təyin olunarkən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs faktiki yetirilmiş maddi zərər sonuncunun qohumları tərəfindən hələ cinayət işinin məhkəməyədək icraatı mərhələsində tam ödənilmiş, cinayətin zərərli nəticələri aradan qaldırılmış, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikavyəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs müvafiq ərizəsini həm cinayət işinin ibtidai istintaqı mərhələsində və həm də məhkəməyə təqdim etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları müzakirə edib belə nəticəyə gəlir ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, lakin cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1 və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsinin sanksiyası daxilində, barəsində müəyyən olunan cəzanı yüngülləşdirən halları nəzərə almaqla şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə növündə ədalətli qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növü məsələsi müzakirə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs təyin olunan cəzanın ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi olaraq ümumi rejimli cəza çəkmə müəssisələri təyin edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 24 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablanmaqla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Göstərilənlərlə yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdən məhkəmə hökmü elan olunduğu tarixədək həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qətimkan tədbirinə dair məsələyə münasibət bildirib qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş hadisənin baş verdiyi vaxtda və mərhələdə təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmış 03 ədəd videofaylın yükləndiyi 01 ədəd CD formatlı disk və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünün 02 ədəd fotoşəkli əks olunan 01 ədəd “A-4” formatlı vərəq cinayət işinin materialarında saxlanılmalıdır. Ən nəhayət, iş üzrə hesablanmış 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - hadisənin baş verdiyi vaxtda və mərhələdə təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmış 03 ədəd videofaylın yükləndiyi 01 ədəd CD formatlı disk və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünün 02 ədəd fotoşəkli əks olunan 01 ədəd “A-4” formatlı vərəq cinayət işinin materialarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-749/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-749/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver