Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-75/2023 13.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı4, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir (Cinayət-Prosessual Məcəlləsinin 299.4.2 və 299.4.3-cü maddələri). Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olubolmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il tarixli 14 sentyabr tarixli qərarı) Məhkəmənin hazırlıq iclasında Müdafiəçi2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək ibtidai araşdırma zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Müdafiəçi vəsatətdə göstərmişdir ki, 1 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin baş idarəyə aparılmış, orada ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs özünün Bakı şəhəri 18 saylı Vəkil Bürosundan Müdafiəçi2 adlı vəkilinin olduğunu, onun dəvət edilməsini tələb etmiş, lakin DİN-nin BMCMİ-nin əməkdaşları, o cümlədən işin təhqiqatını aparan təhqiqatçı Təqsirləndirilən şəxs həmin tələbinə əməl etməmişlər. Əvəzində başqa vəkil dəvət olunaraq, Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilinin iştirakı olmadan, həqiqəti əks etdirməyən prosessual sənədlər digər vəkilə imzalatdırılmışdır. Müdafiəçi daha sonra vəsatətində qeyd etmişdir ki, sonradan Təqsirləndirilən şəxslə görüşərkən sonuncu ona bildirmişdir ki, DİN-nin BMCMİ-nin əməkdaşlarının onu (Təqsirləndirilən şəxs) 1 iyun 2021-ci il tarixdə saxlayıb əynindəki şalvarının cibinə psixotrop maddə və narkotik vasitələr qoyaraq sənədləşdirmələrinə səbəb onun (Təqsirləndirilən şəxs) barəsində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olmuşdur. Belə ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsində istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs DİN-nin BMCMİ-nin əməliyyatçısı Şahid6 haqqında ittiham xarakterli ifadələr vermiş, bu səbəbdən 6 (altı) ay həbsdə qaldıqdan sonra istintaq orqanı onu həbsdən azad etmişdir. Təqsirləndirilən şəxs hesab edir və hadisələrin inkişafı göstərir ki, Təqsirləndirilən şəxs ikinci dəfə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yaxalanması DİN-nin BMCMİ-nin əməkdaşı Şahid6 barəsində təqsirləndirici ifadə verdiyinə görə ondan qisas almaq məqsədi ilə, Şahid6 planı əsasında, saxta sübutlar yaratmaqla edilmişdir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin DİN-nin BMCMİ-də qərəzsiz və obyektiv aparılması qeyri-mümkün olmuşdur. Vəsatətdə həmçinin ibtidai araşdırma orqanı tərəfindən çoxsaylı qanun pozuntularına yol verilməsi, istintaqın təqsirləndirilən şəxsin cinayət prosesinin iştirakçılarına etiraz etmə və müdafiə hüququnun pozuntusu ilə aparılması da qeyd edilmişdir. Vəsatətdə daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikasının CPM-in 215.3.2-ci maddəsinin tələblərinə əsasən cinayətin törədilməsində ... ədliyyə, polis, təhlükəsizlik, miqrasiya, fövqəladə hallar, vergi və gömrük orqanları əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə istintaq prokurorluq tərəfindən aparılır. Həmin Məcəllənin 215.7-ci maddəsinin tələbinə əsasən cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam obyektiv aparılması üçün işin aidiyyəti olan istintaq orqanından digər istintaq orqanına verilməsinə aşağıdakı müstəsna hallarda Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı əsasında yol verilir: 215.7.1. cinayət işinin istintaqı aid olan orqan tərəfindən cinayətin qeydiyyatdan gizlədilməsi müəyyən edildikdə (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən zəruri tədbirlər görülməmişdirsə, o cümlədən göstərilən hallar aradan qaldırılmamışdırsa və təqsirli şəxslər məsuliyyətə cəlb olunmamışdırsa); 215.7.5. dövlətin və cəmiyyətin mənafeyinə qəsd edən cinayətin xarakteri, işin xüsusiyyətləri və ibtidai araşdırmanın maraqları tələb etdikdə. Həmin Məcəllənin 215.9-cu maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq başlanmış cinayət işi üzrə istintaq aparan orqanın səlahiyyətinə aid olmayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin əlamətləri sonradan aşkar edildikdə, toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı ilə istintaqın davam etdirilməsi həmin orqana həvalə edilə bilər. Müdafiəçi ibtidai araşdırmanı aparmış orqana etiraz etmələri, AR CPM-in 215.3.2 və 215.7-ci maddələrinə əsasən DİN-nin BMCMİ-də istintaqın qərəzsiz və obyektiv aparılmasının mümkünsüzlüyü əsası ilə cinayət işinin istintaqının aparılmasının prokurorluq orqanına həvalə edilməsi üçün həmin orqanın dəyişdirilməsi barədə özü, Təqsirləndirilən şəxs və sonuncunun valideyni X3 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna çoxsaylı müraciətlər etmələrini qeyd edərək bildirmişdir ki, onların vəsatətlərinə baxılıb müvafiq qərar qəbul edilməsi əvəzinə həmin vəsatətlər qanunsuz və əsassız olaraq baxılması üçün hərəkətlərindən şikayət verilmiş DİN-in BMCMİ-nə göndərilmişdir. Müdafiəçi vəsatətinə müvafiq müraciətlərin və həmin müraciətlərə Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq idarəsi tərəfindən verilmiş cavabların surətlərini də əlavə etmişdir. Göstərilənlərə əsasən, müdafiəçi xahiş etdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilsin, həmçinin kobud qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılsın və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Müdafiəçi2 vəsatətini müdafiə edərək cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək həbsdən azad edilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətin rədd edilməsini və işin təkrarən məhkəmə baxışına təyin edilərək baxılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, müdafiəçinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə dair hissədə vəsatəti əsaslı olduğundan təmin edilməli, digər hissələrdə isə, yəni həbs qətimkan tədbirinin ləğv edilməsi və qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmasına dair hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1 və 303.3.3-cü maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntularıdur və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Müdafiəçi2 məhkəməyə təqdim etdiyi yazılı vəsatətlərə əlavə etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokuroruna “İstintaqın davam etdirilməsi üçün cinayət işinin başqa istintaq orqanına verilməsi barədə” xx.xx.2021-ci il tarixli vəsatət (2 (iki) vərəq), Təqsirləndirilən şəxs anası X3 tərəfindən Azərbaycan Respublikası Baş Prokuroruna “İstintaqın davam etdirilməsi üçün cinayət işinin başqa istintaq orqanına verilməsi barədə” xx.xx.2021-ci il tarixli vəsatət (2 (iki) vərəq), X3 tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru, Binəqədi rayon prokuroru, Binəqədi RPİ-nə “İstintaqın davam etdirilməsi üçün cinayət işinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilməsi barədə” xx.xx.2021-ci il tarixli vəsatət (2 (iki) vərəq), X3 tərəfindən Azərbaycan Respublikası Prezidenti, Milli Məclisin sədri, Dövlət Təhlükəsizliyi Xidməti, İnsan Hüquqları üzrə Müvəkkilinə “İstintaqın qeyri-obyektiv aparılması və DİN-nin BMCMİ-dən cinayət işinin götürülərək prokurorluq orqanına verilməsi barədə” xx.xx.2021-ci il tarixli vəsatət (2 (iki) vərəq), Müdafiəçi2 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisi Natiq Abdullayevə və müstəntiq Toğrul Arazlıya ünvanlanmış “Müstəntiqə etiraz edilməsi barədə” xx.xx.2021-ci il tarixli vəsatətlər (4 (dörd) vərəq), Müdafiəçi2 tərəfindən Azərbaycan Respublikası Baş Prokuroruna “İstintaqın davam etdirilməsi üçün aidiyyəti prokurorluq orqanına verilməsi barədə qərar qəbul edilməsi haqqında” xx.xx.2021 və xx.xx.2021-ci il tarixli vəsatətlər (4 (dörd) vərəq) verilmişdir. Eyni zamanda Müdafiəçi2 məhkəməyə təqdim etdiyi vəsatətlərə əlavə etdiyi və bildirdiyinə görə Baş Prokurorluğun müvafiq idarəsinə müraciət etməklə əldə etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Natiq Abdullayevin adından tərtib edilməklə xx.xx.2021-ci il tarixli 05/10502-21, ESD:46684 nömrəli Təqsirləndirilən şəxs ilkin müraciəti, xx.xx.2021-ci il tarixli 05/10502-21, ESD:54366 nömrəli Təqsirləndirilən şəxs müraciəti, xx.xx.2021-ci il tarixli 05/10502-21, ESD:70896 nömrəli Təqsirləndirilən şəxs müraciəti, xx.xx.2021-ci il tarixli 05/9995-21, ESD:43649, 44238 nömrəli X2 müraciətləri, xx.xx.2021-ci il tarixli 05/9995-21, ESD:52639 nömrəli X2 müraciətləri cinayət işinə əlavə edilməklə müvafiq qaydada baxılaraq nəticəsi barədə müraciət müəlliflərinə cavab verilməsi üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən hazırlıq iclasından əvvəl iş materialları ilə tanış olarkən qeyd olunan müraciətlərin və onlara baxılmasının nəticələri barədə sənədlərin cinayət işinə əlavə edilmədiyi və müvafiq vəsatətlərə, o cümlədən müstəntiqə etiraz edilməsi, ibtidai araşdırmanın prokurorluq orqanlarına və ya başqa orqana həvalə edilməsi barədə vəsatətlərə müvafiq qaydada baxılaraq hüquqi qiymət verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-in 52-ci maddəsinin tələbinə görə sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır. Hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 303.3.3-cü maddəsinə əsasən, ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraatda etiraz edilmiş və ya özü-özünə etiraz edilmiş şəxs tərəfindən ibtidai istintaqın aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntularıdur və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 107.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan öz səlahiyyətləri daxilində cinayət prosesinin gedişində etirazları və özü-özünə etirazları həll etməyə, müvafiq şəxsin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə isə öz təşəbbüsü ilə onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır. Həmin Məcəllənin 113.1 və 113.4-cü maddələrinə əsasən müstəntiqə və ya təhqiqatçıya etiraz bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. Müstəntiqə və ya təhqiqatçıya etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilir. Göründüyü kimi, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs, onun müdafiəçisi və habelə təqsirləndirilən şəxsin anası tərəfindən müstəntiqə və ibtidai istintaq orqanına verilmiş etiraz, ibtidai istintaq orqanının dəyişdirilməsi barədə vəsatətlər nəinki qanunamüvafiq qaydada baxılmış, hətta cinayət işi materiallarına əlavə edilməmişdir. Qeyd edilən hallar isə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iş materiallarında Azərbaycan Respublikasının CPM-in normalarının digər mühüm pozulması hallarına da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının CPM-in cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunmasına dair 48-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki:
1. sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun;
2. şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki:
1. haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana bilsin;
2. hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin;
3. məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə bu Məcəllənin 298.2, 301.4, 391.1, 419.3, 426.2 və 427.1-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılmağa başlansın. Hazırlıq iclasından əvvəl iş materialları ilə tanışlıq zamanı isə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı - müstəntiq Ramil Məmmədov tərəfindən 22 dekabr 2020-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatət verildikdən sonra 29 yanvar 2021-ci il tarixədək, yəni bir ay yeddi gün müddətində, həmçinin müstəntiq Ramil Məmmədov tərəfindən 24 fevral 2021-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatət verildikdən sonra 01 aprel 2021-ci il tarixədək, yəni bir ay yeddi gün müddətində, eyni zamanda müstəntiq Toğrul Arazlı tərəfindən 11 iyun 2021-ci il tarixdə Müdafiəçi2 videogörüntülərin və təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələri ilə aparılmış danışıqlara dair məlumatların götürülməsi barədə vəsatəti rədd edildikdən sonra 12 iyul 2021-ci il tarixədək, yəni bir ay bir gün müddətində, habelə müstəntiq Toğrul Arazlı tərəfindən 16 iyul 2021-ci il tarixdə müvafiq əməliyyat tapşırığı verildikdən sonra 18 avqust 2021-ci il tarixədək, yəni bir ay iki gün müddətində, bundan başqa müstəntiq Toğrul Arazlı tərəfindən 18 avqust 2021-ci il tarixdə Şahid6 şahid qismində dindirildikdən sonra 17 sentyabr 2021-ci il tarixədək, yəni bir aya yaxın müddətdə, bundan əlavə müstəntiq Toğrul Arazlı tərəfindən 24 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatət verildikdən sonra 01 noyabr 2021-ci il tarixədək, yəni bir ay altı gün müddətində olmaqla, ümumilikdə 6 aydan artıq müddətdə hər hansı istintaq və ya prosessual hərəkət həyata keçirilməməklə cinayət işi tam hərəkətsiz vəziyyətdə qalmışdır. Bundan başqa, “Soyuq silahların məhkəmə-kriminalistik ekspertizasının keçirilməsinə dair” 2 iyun 2021-ci il tarixli qərarın icra olunması üçün həmin qərar və müvafiq bıçaq yalnız 18 oktyabr 2021-ci il tarixdə, yəni 4 (dörd) aydan artıq müddət keçdikdən sonra ekspertə təqdim edilmişdir ki, bu da cinayət təqibinin tezliyinin təmin olunmasının pozulmasına şərait yaratmışdır. Qeyd edilənlər cinayət təqibinin tezliyinin təmin olunmamasına və bütövlükdə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Bundan başqa, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 4 iyun 2021-ci il tarixli ******* nömrəli order, şəxsiyyət vəsiqəsinin və xidməti vəsiqəsinin surətləri həmin tarixdə istintaq orqanına təqdim edilməsinə, 11 iyun 2021-ci il tarixdə müdafiəçinin vəsatətinin rədd edilməsinə, 28 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına baxılmasında Müdafiəçi2 iştirak etməsinə baxmayaraq, həmin vəkilin Təqsirləndirilən şəxs təqdim edilməsinə dair protokol yalnız 1 noyabr 2021-ci il tarixdə tərtib edilmişdir. (İ cild, iş vərəq, səh.100-108, İİ cild, iş vərəq, səh.109-113, 121-123) Bundan əlavə, “Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında” 27 aprel 2021ci il tarixli qərarla Təqsirləndirilən şəxs xəstə olduğundan yaşadığı evdən çıxa bilmədiyindən sağalanadək Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış və yalnız 18 iyun 2021-ci il tarixdə icraat təzələnmişdir. (İİ cild, iş vərəq, səh.65-67) Halbuki, Azərbaycan Respublikasının CPM-in 53.1.4 və 53.3.4-cü maddələrinə əsasən yalnız stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi olduqda təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar cinayət təqibi üzrə icraat dayandırıla bilər. Bundan başqa, Bakı şəhəri, Binəqədi rayon prokurorunun müavini, Ramin Nağdəliyev tərəfindən iş üzrə birinci epizodla bağlı istintaq orqanı olmuş Binəqədi RPİ-nin İŞ-nə verilmiş yazılı göstərişdə qeyd edilən xüsusatlar həmin orqan tərəfindən icra edilməmiş, cinayət işləri birləşdirildikdən sonra isə həmin xüsusatların bir qismi (Təqsirləndirilən şəxs həyat yoldaşı iş üzrə dindirilməli, sonuncuya məxsus bank kartına haradan, kimdən və hansı məbləğdə pulların köçürülüb-köçürülməməsi yoxlanılmalı, həmin məlumatların alınması üçün vəsatət və təqdimatla məhkəməyə müraciət olunmalı) icra edilməmiş qalmışdır. (İ cild, i.v. səh.247-248) Halbuki, Azərbaycan Respublikasının CPM-in 85.5-ci maddəsinə əsasən ibtidai istintaq apararkən müstəntiq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişi, yaxud qərarı ilə razılaşmadıqda öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməyə haqlıdır. Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və aşağı prokurorun yazılı göstərişlərini ləğv edir və ya onun dəlilləri ilə razılaşmayaraq ibtidai istintaqın aparılmasını digər müstəntiqə tapşırır. Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır. Bundan başqa, iş materiallarında olan “İbtidai istintaq müddətinin uzadılması barədə” vəsatət, təqdimat və qərardan görünür ki, istintaq müddətinin uzadılması üçün əsaslardan biri Binəqədi rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə göndərilmiş məktubun cavabının alınmaması olmuşdur. Lakin belə bir məktub iş materiallarında müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 3-cü bəndinə görə isə məhkəməyədək icraatın etiraz edilməli və ya özüözünə etiraz etməli olan şəxs tərəfindən aparılması kobud pozuntusu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti Bakı Ağır Cinayətlər məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsinin maddi və prosessual əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, müdafiəçinin vəsatəti qismən təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, digər hissələrdə isə, yəni həbs qətimkan tədbirinin ləğv edilməsi və qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmasına dair hissələrdə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.3 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Müdafiəçinin vəsatəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 12 may 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.