Məhkəmə qərarları › İş №1(101)-750/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-750/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-750/2023 13.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladığı, şəxsiyyəti istintaqa məlum olmayan qeyrisinin ona 29 sentyabr 2022-ci il tarixdə saat 20:30 radələrində göndərdiyi koordinat üzrə 30 sentyabr 2022-ci il tarixdə saat 02:40 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisindəki “Neto” marketin yaxınlığına gələrək, orada daş hasarın dibinə qoyulmuş külli miqdarda - 4,862 qram çəkidə psixotrop maddə olan metamfetamini 30 manat pul müqabilində qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş, üzərində saxlayaraq daşımış, 30 sentyabr 2022-ci il tarixdə saat 02:45 radələrində Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidmət Bölüyü əməkdaşları tərəfindən Xocasən qəsəbəsində saxlanılaraq 40-cı Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindəki bir ədəd LD markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda - 4,862 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrin aludəçisidir. 29 sentyabr 2022-ci il tarixdə saat təxminən 20:30 radələrində Hüseyn adlı iranlı ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlamış və 30 manat ödəyib bunun müqabilində bir büküm “patı” - metamfetamin almaq barədə razılaşmışdır. Pulu terminal vasitəsilə ödəyəndən bir qədər sonra iranlı Hüseynin mobil telefona göndərdiyi koordinat üzrə metamfetaminin olduğu yeri müəyyən edib Binəqədi rayonunun Xocasən qəsəbəsinə getmişdir. O, yol uzaq olduğundan, həm də gecə vaxtı tək getməyə ehtiyat etdiyi üçün dostu Murada zəng etmiş, sonuncuya Xocasəndə bir yerə getməli olduğunu və tək getmək istəmədiyindən onunla getməsini xahiş etmişdir. Murada metamfetamin barədə heç nə deməmişdir. Muradla Sumqayıtda yaşadığı evə yaxın yerdə görüşmüş və taksiyə minib “Xocasən dairə”si adlanan yerdə düşmüşdür. O, Muradla birlikdə evlərin arası ilə qəsəbənin içərisinə doğru irəliləmiş və ona göndərilmiş şəkil vasitəsilə “Neto” marketin qarşısına gəlmişdir. Oraya çatanda Murada bir qədər gözləməyini, özünün iki dəqiqəyə qayıdacağını bildirmişdir. O, iranlının göndərdiyi şəkildəki daş hasarın diblərini axtarmağa başlayandan az sonra qəflətən Post Patrul Xidməti maşını onlara yaxınlaşmış, özlərini təqdim edib onlara bir neçə sual verdikdə o, özünü itirmişdir. Murad isə onun qorxduğunu hiss edib anidən qaçmağa başlamışdır. Polislər onları saxlamışlar və bundan sonra “patı” kimi adlanan metamfetamin götürməyə gəldiyini etiraf etmişdir. Bundan sonra polislər onunla birlikdə iranlının göndərdiyi koordinat üzrə yaxında olan bükülünü tapıb götürmüşlər və Polis Bölməsinə gəlmişlər. Bölmədə həmin büküm onun üstündən götürülmüş kimi rəsmiləşdirilmişdir. Halbuki, faktiki olaraq o, həmin bükümü gedib götürə bilməmişdi. Həm də ona qarşı irəli sürülmüş ittihamda 4,862 qram çəkidə psixotrop maddə olan metamfetamin göstərilsə də, onun ödədiyi pula görə bu artıq çəkidir. 30 manata düşən çəki isə bundan xeyli az olmalı idi. Öz əməlini başa düşür, çox peşmandır, səhvini bilir, amma çəki ilə razılaşmır. Götürməyə qalanda isə onsuz da polislər gəlməsə idilər, o həmin bükümü özü götürəcəkdi. Bu səbəblərdən digər məsələlərə elə də əhəmiyyət vermədən yalnız çəki ilə bağlı hissənin düz olmadığının nəzərə alınmasını xahiş edir. Məhkəmədən bütün bu halların, əməlindən peşman olmasının, dayısının birinci Qarabağ müharibəsində şəhid olmasının nəzərə alınmasını və ona əməlinə görə ən yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrin aludəçisidir. 29 sentyabr 2022-ci il tarixdə saat təxminən 20:30 radələrində mobil telefonu ilə tanımadığı lakin adının Hüseyn olduğunu bildiyi İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkədə əlaqə saxlamış və onun göndərdiyi koordinat üzrə narkotikin olduğu yeri müəyyən edib Binəqədi rayonu, Xocasən qəsəbəsinə getməli olduğunu bilmişdir. O, yol uzuq olduğundan həm də gecə vaxtı tək getməyə ehtiyat etmiş və əvvəllər tanıdığı dostu Murada zəng edib ona Xocasəndə 5 dəqiqəlik bir yerə gedib gəlməli olduğunu, tək getmək istəmədiyindən onunla gəlməsini xahiş etmişdir. Muradla Sumqayıtda yaşadığı evə yaxın yerdə görüşmüş və taksiyə minib Binəqədi rayonu, “Xocasən dairə”si adlanan yerdə düşmüşdür. O, Muradla birlikdə evlərin arası ilə qəsəbənin içərisinə irəliləmiş və orada ona göndərilmiş şəkil vasitəsi ilə “Neto” marketin qarşısına gəlmişdir. Orada olan zaman Murada bildirmişdir ki, bir qədər gözləsin, iki dəqiqəyə qayıdır. O, iranlının göndərdiyi şəkildəki daş hasarın dib hissəsinə əyilib orada olan bükümü götürüb siqaret qutusunun içərisində gizlətmiş və dərhal geriyə qayıdıb Murada təcili Sumqayıta qayıtmalı olduğunu bildirmişdir. Gəldiyi yolla geri qayıdan zaman Post Patrul Xidməti maşını onlara yaxınlaşmış və özlərini təqdim edib onlara bir neçə suallar verdikdə o, özünü itirmişdir. Murad isə onun qorxduğunu hiss edib anidən qaçmağa başlamışdır. Polis əməkdaşları onları saxlamışlar və Polis Bölməsinə gətirmişlər. Orada olan zaman ona hüquq və vəzifələri izah olunmuş, həmçinin vəkil dəvət edilmişdir. Daha sonra öz razılığı ilə üzərinə vəkilin iştirakı olmadan axtarış keçirilmişdir. Axtarış zamanı o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı siqaret qutusunda gizlətdiyi narkotik tərkibli maddəni çıxarıb təqdim etmişdir. Daha sonra o, polislərə həmin maddənin “patı” kimi bildiyi narkotik olduğunu və necə əldə etdiyini bildirmişdir. Həmin maddə zərfə qoyulub qablaşdırılmışdır (cild 1, iş vərəqə 73-74). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı məhkəmədə qismən, ibtidai istintaq mərhələsində isə tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 30 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində xidmətdə olduğu zaman Post Patrul Xidmət Bölüyünün əməkdaşları polis nəfərləri Ruslan Hüseynov və Mövsüm Həsənov müvafiq raportla müraciət edib Xocasən qəsəbəsində xidmət apararkən onlarda şübhə doğuran Təqsirləndirilən şəxs və Şahid3 adlı şəxsləri saxlayıb Polis Bölməsinə gətirdiklərini bildirmişlər. Polis Bölməsində tədqiqatçı müvafiq sənədləşdirmə aparmış, Təqsirləndirilən şəxs üçün dövlət hesabına vəkil dəvət olunmuş, sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunu, sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 26 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən siqaret qutusunun içərisinə baxıldıqda bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülünün içərisində metamfetamin olduğunu, həmin metamfetamini sosial şəbəkədə əlaqə saxladığı tanımadığı İran İslam Respublikasının vətəndaşına onlayn yolla 30 manat pul göndərməklə Xocasən qəsəbəsində “Neto” marketin yaxınlığında daş hasarın dibindən öz istifadəsi üçün götürdüyünü, Muradın isə onun dostu olduğunu və sadəcə ona yol yoldaşlığı etdiyini bildirmişdir. Həmin bükülü və mobil telefon zərfə qoyularaq möhürlənmişdir. Bu prosessual hərəkətin gedişində Təqsirləndirilən şəxs qarşı hər hansı təsir, təzyiq olmamış, özünü kifayət qədər səmimi aparmış və peşmançılıq ifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidmət Bölüyünün polis nəfəri X4 göstərdi ki, 30 sentyabr 2022-ci il tarixdə saat 02:45 radələrində Xocasən qəsəbəsində Mövsüm Həsənovla AP-6467 saylı avtopatrulda xidmət apardıqları zaman evlərin arası ilə küçədə iki nəfər şəxsin piyada hərəkətdə olmasını görmüşlər. Gecənin həmin vaxtında belə hallar adətən şübhə doğurduğu üçün onlara yaxınlaşıb gecə saatlarında nə üçün bu ərazidə olduqlarını soruşmuş və həmin şəxslərdən özlərini təqdim etməsini istəmişlər. Bu tipli sualları ünvanlayan andan həmin şəxslər özlərini itirmiş, daha da şübhəli davranış nümayiş etdirməyə başlamış, onlardan biri isə qaçmağa çalışmışdır. Dərhal onları saxlamış və 40-cı Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində müvafiq raport yazaraq müəyyən etmişdir ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid3dur. Bölmənin təhqiqatçısı Təqsirləndirilən şəxslə bağlı müvafiq sənədləşdirmə aparmış, dövlət hesabına vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış keçirilmiş, axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunu, sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibindən 26 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən siqaret qutusunun içərisinə baxıldıqda bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülünün içərisində metamfetamin adlanan psixotrop maddə olduğunu, həmin metamfetamini sosial şəbəkədə tanımadığı İran İslanı Respublikası vətəndaşına onlayn yolla 30 manat pul göndərməklə Xocasən qəsəbəsindəki “Neto” marketin yaxınlığında daş hasarın dibindən öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Həmin bükülü və mobil telefon zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təsir, təzyiq olmamış, özünü kifayət qədər səmimi aparmış və peşmançılıq ifadə etmişdir. Yadında qalana görə o da aydınlaşdırılmışdır ki, Şahid3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş şəxsdir və ona azadlığın məhdudlaşdırlması cəzası təyin edilmişdir, ayağında da elektron nəzarət vasitəsi vardır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir, hal-hazırda artıq məhkumdur, barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bu cəzanın icrası ilə bağlı ayağına elektron vasitə bağlanmışdır. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, hələ orta məktəbdə paralel siniflərdə təhsil aldıqlarından bir-birlərini tanımış və dostluq etmişlər. Hal-hazırda da yaxın dostdurlar. Həm də Sumqayıt şəhərində qonşudurlar. 20 sentyabr 2022-ci il tarixdə saat 23 radələrindən sonra dostu Həmid ona zəng edib xahiş etmişdir ki, Xocasən qəsəbəsinə gedib-gəlməlidir, amma tək getmək istəmir, ona görə də onun yanında birlikdə getsin. Gecə vaxtı Xocəsənə getməsinin səbəbini Həmid ona açıqlamamış, sadəcə kiçik bir işinin olduğunu, tez baş çəkib qayıdacaqlarını bildirmişdir. Dost olduğu üçün razılaşmış, zəngdən təxminən 20-23 dəqiqə sonra Sumqayıtda görüşmüş və taksi sifariş edib Xocasən dairəsi adlanan yerə getmişlər. Oraya çatandan sonra taksidən düşmüşlər və yaşayış evlərinin arası ilə qəsəbənin içərisinə doğru getmişlər. Həmidin nə məqsədlə oraya gəldiyini, nə axtardığını bilməmişdir. Təxminən saat 02:45 radələrində qəsəbənin içərisində olduqları zaman gözlənilmədən bir polis maşını onlara yaxınlaşmış, saxlamış və içərisindən düşən polis işçiləri onlardan gecənin bu saatlarında niyə küçədə olduqlarını, nə etdiklərini soruşmuşlar. Polislər onlara şəxsiyyət vəsiqələrini təqdim etmələrini istəmişdir və bu istiqamətdə Həmidi danışdırarkən o qorxuya düşmüş və qaçaraq polislərdən yayınmağa çalışmışdır. Amma polis əməkdaşları qaçıb onu yaxalamış və Həmidlə birlikdə Polis Bölməsinə aparmışlar. Orada üst-başı yoxlanılmış, amma onun üstündən qanunsuz heç nə aşkar olunmamışdır. Orada eşitmişdir ki, Həmidin üstündən siqaret qutusunun içərisində metamfetamin tapılmışdır. Amma onun bildiyinə görə Xocəsən ərazisində gəzişərkən Həmid oradan hər hansı narkotik maddə, yaxud metamfetamin götürməmişdir, şəxsən o belə bir halın şahidi olmamışdır. O, dostu Həmidin oraya məhz narkotik vasitə, metamfetamin götürməyə gəlməsi, bunun üçün qabaqcadan kimlərləsə sövdələşməsi barədə heç bir məlumata malik olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “LD” markalı siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofan bükümün içərisində “patı” adlanan metamfetamin olduğunu, həmin metamfetamini 30 sentyabr 2022-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşına onlayn yolla 30 manat pul göndərməklə həmin İran İslam Respublikasının vətəndaşı tərəfindən əvvəlcədən Xocasən qəsəbəsində “Neto” marketin yaxınlığında daş hasarın dibinə qoyulduğunu və həmin gün tanışı Muradla saat 02:40 radələrində ordan gedib götürdüyünü bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-30,50). Məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 6/5626 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №234” möhür əksi, “Təqsirləndirilən şəxs...” və sair sözlər, imzalar olan zərfdəki siqaret qutusuna yerləşdirilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,862 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 4,762 qram təşkil etmişdir (cild 1, iş vərəqə 36-40). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 noyabr 2022-ci il tarixli 6992 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var (cild 1, iş vərəqə 125-126). Ambulator məhkəmə psixiatrik ekspertizasının 21 noyabr 2022-ci il tarixli 3075 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 127-129). Cinayət işinin materiallarına əlavə edilmiş 376814 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 aprel 1993-cü il tarixdə Füzuli rayonunun Divanallar kəndi ərazisində Azərbaycan Respublikası ərazisinin bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 97). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində 4,862 qram çəkidə psixotrop maddə olan metamfetaminin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, dayısının birinci Qarabağ müharibəsində şəhid olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 24, 81-86). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,762 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 37). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,762 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar