Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-750/2024 10.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçilər – «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şirvan regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 17 dekabr 1993-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, S.Mümtaz küçəsi, ev 59 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 iyun 2023-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbiri dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri, Xəzər rayon prokurorluğunun 28 avqust 2023-cü il tarixli qərarına əsasən, ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə saat 07 radələrində ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət zəminində yaranmış mübahisə zamanı şüşə qab, əli və ayağı ilə Zərərçəkmiş şəxs başına, sağ bazu, sağ bud, kürək və qarın nahiyələrinə qəsdən vuraraq, ona sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin ediməyən sol bazunun, sağ kürəkaltı nahiyənin, sağ budun qançırları və həyatı üçün təhlükəli olan, daxili qanaxma ilə müşaiyət olunan dalağın və qaraciyərin cırılması ilə nəticələnmiş qarının qapalı küt travması xəsarəti yetirərək, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2023-cü il aprel ayının 27-də yaşadıqları evdə həyat yoldaşı Əfsanə ilə aralarında mübahisə yaranmışdır. Buna səbəb isə Əfsanənin qaynanası, yəni özünün anası ilə bir yerdə işləmək istəməməsi, ona başqa bir yerdə iş olduğunu və anasının yanındakı yerdən çıxıb ora işə gedəcəyini bildirməsi olmuşdur. O isə, Əfsanəyə razılıq verməmiş və əsəbləşərək ona iki şillə vurmuş və daha sonra çıxıb işə getmişdir. Əfsanə isə bundan əvvəl həyətdə olarkən yıxılmış və əməliyyata ehtiyacı olmuşdur. Onların da hamısını müstəntiq onun üstünə yazmışdır ki, guya Əfsanəyə həmin xəsarətləri o, yetirmişdir. Əslində isə o, Əfsanəyə ancaq iki şillə vurmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, istintaq zamanı da məhkəmədə dediyi kimi ifadə vermiş, lakin sonradan bilmişdir ki, müstəntiq başqa şeylər yazmışdır. Onu polis bölməsinə çağıranda özü tək getmişdir. Aprelin 27-dən qabaq da Əfsanənin ağrıları olmuş, lakin maddi imkanları olmadığı üçün onu əməliyyat etdirə bilməmişdir. Baş verən hadisələrə görə ona görə peşmandır ki, həyat yoldaşına iki şillə vurmuşdur. Həmin hadisədən əvvəl onun Əfsanə ilə münasibətləri yaxşı olmuş, onlar 8 ildir ki, evlidirlər. Bundan əvvəl onların arasında yalnız bir dəfə söz-söhbət düşmüşdür, buna səbəb isə Əfsanənin sosial şəbəkədə tanımadığı şəxsə yazışması olmuşdur. Həmin vaxt da o, Əfsanəni yenə döymüşdür. Birinci dəfə Əfsanəni döyəndə qadın polisə şikayət etməmişdir. Həmin vaxt polisə özü zəng etmişdir ki, həyat yoldaşı uşaqları götürüb anasıgilə gedir. Sonradan isə elə olmuşdur ki, onlar barışmış və polisin işə qarışmasına ehtiyac olmamışdır. Polis orqanına Əfsanənin adından olan ərizələri sonuncunun anası yazmışdır. Hadisədən sonra Əfsanə xəstəxanada olanda polis işçiləri gəlib sənədləri qadına imzalatmışlar. Həyat yoldaşı həmin vaxt onun həbs olunmağını bilməmişdir. Sonradan Əfsanə onun həbs olunduğunu bilib yaşadıqları evə qayıtmışdır. Birgə nikahdan onların iki azyaşlı uşaqları vardır. Onlar hazırda da birlikdə yaşayırlar və ayırlmamışlar, belə bir fikirləri də yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü il aprel ayının 26-da işdən evə gələndə həyətdə olan zibili arabaya yığıb aparanda yıxılmış və qapıya dəymişdir. Bundan sonra onun bədənində ağrıları yaranmışdır. O, İsmətə ağrıdığını bildirəndə, həyat yoldaşı pulu olmadığı üçün onu həkimə apara bilməyəcəyini demişdir. Səhəri gün o, İsmətə işlədiyi yerdən işdən çıxmaq istədiyini, başqa iş tapdığını və ora gedəcəyini bildirmişdir. Bunun üstündə İsmətlə onun arasında mübahisə düşmüş və İsmət ona iki şillə vuraraq çıxıb getmişdir. Bundan sonra o, öz anasına zəng vurub ağrıdığını və onlara gəlmək istədiyini demiş, anası da ona bacısıgilə gəlməyi və oradan gəlib götürəcəyini bildirmişdir. Bacısıgildə olanda anası onun ağrıdığını görmüş, bundan sonra anası onu götürüb həkimə aparmışdır. Orada onu USM-nə salmışlar, sonra isə əməliyyat eləmişlər. Əməliyyatdan çıxandan sonra onun vəziyyəti ağır olmuş və koma vəziyyətinə düşmüşdür. Polis işçiləri səhər gəlib ona sənədləri imzalatmış, o, nə baş verdiyini soruşduqqda, imzaladığı sənədlərin həkimlər və xəstəxana barədə olduğunu demişlər, o da, buna görə həmin sənədləri imzalamışdır. Xəstəxanadan çıxandan sonra isə o, bacısıgilə gəlmişdir. Bacısıgildə olanda anasına ərinin xəstəxanaya gəlmədiyini demişdir. Sonradan həyat yoldaşıgil tərəfdən qaynatası xəstəxanaya gəlmiş, lakin anası onu içəri buraxmamışdır. Bundan sonra anası ona İsmətin tutulduğunu demişdir. O, anasından həyat yoldaşının nəyə görə tutulduğunu soruşduqda, anası onu vurduğuna görə tutulduğunu bildirmişdir. O isə, anasına ərinin onu vurmadığını demiş və bunun üstündə o, öz anası ilə savaşmışdır. O, həyat yoldaşının onu döymədiyini, iki silləyə görə nə üçün ərini tutdurduğunu anasına demiş və anası ilə dalaşmışdır. Sonradan da yazılan həmin şikayətləri onun adından anası yazmışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs yıxılanda kürək və baş hissəsinin qapıya dəydiyini, zibili yığıb aparmaq istəyəndə həmin hadisənin baş verdiyini, həmin vaxt qaynının və qaynatasının evdə olduqlarını, müstəntiqə də bu cür ifadə verdiyini, xəstəxanadan çıxandan sonra həyat yoldaşı İsmətlə barışdıqlarını və hazırda da bir yerdə qaldıqlarını, sonradan ərinin haqsız yerə tutulması barədə DİN-ə ərizə yazdığını və 3 dəfə teleqram vurduğunu, xəstəxanadan çıxandan bir gün sonra qaynının onu müstənqin qəbuluna apardığını və izahat verdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxsla 2016-cı ildə ailə həyatı qurmuş, övladları vardır. Əvvəllər əri ilə münasibətləri yaxşı olmuş və hazırda da yaxşıdır. Lakin arabir ailədaxili münasibətlər zəminində mübahisələri olmuşdur. 27 aprel 2023-cü il tarixdə səhər saat 7 radələrində yaşadıqları ünvan 1 ünvanında Təqsirləndirilən şəxs iradəsinə qarşı çıxdığına görə onların arasında mübahisə yaranmış və bu zaman İsmət şüşə qabı ataraq onun başına vurmuşdur. O, buna görə ərinə cavab qaytararkən İsmət əli və ayağı ilə onun bədəninə vurmuşdur. Nəticədə o, xəsarət alsa da, həkimə müraciət etməmiş və həmin gün Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan bacısı Səidə Məmmədovanın evinə getmişdir. Orada olarkən halı pisləşmiş və bu barədə anası Məxmər Məmmədovaya xəbər vermiş, özü isə 3 saylı xəstəxanaya getmişdir. Orada məlum olmuşdur ki, İsmətin onu vurması nəticəsində qara ciyəri və dalağı cırılmış, daxili qanaxması vardır. Onun xəsarət alması barədə polisə anası Məxmər Məmmədova şikayət etmiş, özünün isə Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur. Hazırda iki azyaşlı övladı ilə birlikdə İsmətin yaşadığı evdə yaşayırlar. Ailəni maddi cəhətdən saxlayan əri İsmət olmuşdur. Hadisə zamanı evdə Təqsirləndirilən şəxsla özü olmuş, uşaqları və qaynatası Allahverldi Məmmədov başqa otaqda yatmışlar. Qaynatası onların səsinə oyanıb yanına gələrək oğlu Təqsirləndirilən şəxs danlamışdır (cild 1, iş vərəqi 82-85). Zərərçəkmiş şəxs ərinin onu döyməsi nəticəsində qara cirəyinin və dalağının cırılması barədə yazılan ifadəni təsdiq etmədiyini, həmin sözləri müstəntiqin özünün yazdığını və oxumadan imzaladığını bildirdi. Zərərçəkmiş şəxs hazırda İsmətlə birlikdə yaşadıqlarını və iki azyaşlı uşaqlarını böyütdüklərini, ərinin ona qarşı hər hansı cinayət əməli törətmədiyini və Təqsirləndirilən şəxs qarşı hər hansı iddia tələbi, şikayəti olmadığını bildirərək, bu barədə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli yazılı ərizələrini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, oğlu İsmət və gəlini Əfsanə azyaşlı övladları ilə birlikdə onun evində yaşayırlar. Oğlu fərdi əmək fəaliyyəti ilə məşğul olur, Əfsanə isə Buzovna qəsəbəsində istixanada fəhlə işləmişdir. Ailə üzvlərinin, həmçinin oğlu ilə gəlininin münasibətləri həmişə normal olmuşdur. Lakin son vaxtlar Əfsanənin iş yerini dəyişmək istəməsinə İsmət razılıq razılıq verməmiş, buna görə onların arasında mübahisə yaranmışdır. 27 aprel 2023-cü il tarixdə səhər yuxudan oyananda İsmətlə Əfsanənin yenə də mübahisə etdiklərini eşitmiş, İsməti çağırıb ona acıqlanmış və dəhlizə çıxarkən İsmətin artıq evdən çıxıb getdiyini görmüşdür. Bir qədər sonra isə Əfsanə Ramana qəsəbəsində yaşayan bacısının evinə getmişdir. Həmin gün axşam onlara Əfsanəninin dalağının və qara ciyərinin əzilməsi, daxili qanaxma ilə 3 saylı xəstəxaanya aparıldığını və əməliyyat olunduğunu eşitmişdir. Gəlini xəstəxanadan çıxandan sonra yenə onun evinə qayıtmış və İsmətlə birlikdə yaşamağa davam etmişlər. Onların arasında hazırda da mehriban münasibətləri vardır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X5 Zərərçəkmiş şəxs daxili qanaxma ilə həkimə müraciət etməsi barədə 27 aprel 2023-cü il tarixdə məlumat daxil olmuş və həmin məlumat 1 saylı kitabda 582-ci nömrə altında qeyd edilmişdir. Həmçinin həmin raporta əsasən 27 aprel 2023-cü il tarixdə Füzuli rayonu, Qayıdış 9, 189 saylı evdə qeydiyyatda olan X1 RPİ-nin 2-ci Polis şöbəsinə müraciət edərək, həmin tarixdə saat 7 radələrində Buzovna qəsəbəsi, B.Salahov küçəsi, ev 26-da yeznəsi Təqsirləndirilən şəxs yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi, nəticədə qızında daxili qanaxma baş verərək əməliyyat olunması, daxili orqanlarından dalağının çıxarılması və qara ciyərinin zədələnməsi barədə məlumat vermiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Qeyd olunan müraciətlə əlaqədar 28 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şifahi ərizə protokolu, X2 isə izahat alınarkən, hər ikisi Təqsirləndirilən şəxs yaşadığı ünvanda Zərərçəkmiş şəxs döyərək ağır xəsarətlər yetirməsi faktlarını təsdiq etmişlər (cild 1, iş vərəqi 3-9). Cinayət işində olan “Sabunçu Tibb mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs cərrahiyyə şöbəsinə xx.xx.2023-cü il tarixdə saat 20:20-də “əməliyyatdan sonrakı d/z: qarının küt travması. Dalağın cırılması. Qaraciyərin cırılması. Daxili qanaxma” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmişdir. Sözünə görə, tanıdığı adam döymüşdür (cild 1, iş vərəqi 26). Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 442 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - daxili qanaxma ilə müşaiyət olunan, dalağın və qara ciyərin cırılması ilə nəticələnən qarının qapalı küt travması, sol bazunun, sağ kürəkaltı nahiyənin, sağ budun qançırları bərk küt əşyanın (əşyalar) təsiri nəticəsində törənmişdir, törənmə müddətləri onun “Sabunçu Tibb mərkəzi” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan daxili qanaxma ilə müşaiyət olunan, dalağın və qara ciyərin cırılması ilə nəticələnən qarının qapalı küt travması həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sol bazunun, sağ kürəkaltı nahiyənin, sağ budun qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlar, qeyd olunan xəsarətlərin xarakteri və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir (cild 1, iş vərəqi 94-97). Cinayət işində olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Xəzər rayon Polis idarəsinə həmin ərizə ilə müraciət edərək 27 aprel 2023-cü il tarixdə yaşadığı evdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülərək ona xəsarətlər yetirildiyini, lakin sonradan əri ilə barışdığını, hazırda da bir yerdə yaşadıqlarını və iki azyaşlı uşaqlarını birlikdə böyütdüklərini, Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirərək, cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir (cild 1, iş vərəqi 77). Cinayət işində olan “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 8980 saylı məktubundan görünür ki, 17 dekabr 1993-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 109). Cinayət işinə əlavə olunmuş İ-6082 №-li və İ-20282 №-li vəsiqələrin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin, həmçinin şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 23 dekabr 2017-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların himayəsində xx.xx.2017-ci il təvəllüdlü Yunis və xx.xx.2018-ci il tarixli Lətifə adlı iki uşaqları vardır (cild 1, iş vərəqi 86-88). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 118). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxsə yalnız iki dəfə əli ilə şillə vurduğunu, sonuncuya qara ciyərin və dalağın zədələnməsi xəsarətlərini yetirmədiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Həmçinin məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs da istintaq zamanı ərinin onu döyməsi nəticəsində qara cirəyinin və dalağının cırılması barədə yazılan ifadəni təsdiq etmədiyini, həmin sözləri müstəntiqin özünün yazdığını və ifadəni oxumadan imzaladığını bildirərək, Təqsirləndirilən şəxs müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və onun həyat yoldaşı olan zərərçəkmiş şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında tədqiq olunmuş və biri digərini təsdiq edən sübutlarla – hadisə baş verən gün zərərçəkmiş şəxsi səhər saat 7 radələrində evdə döyməsi və sonradan həmin döyülmə nəticəsində Əfsanənin dalağının və qara ciyərinin əzilməsinin xəstəxanada aşkar edilməsi barədə Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə, Zərərçəkmiş şəxs 27 aprel 2023-cü il tarixdə səhər saat 7 radələrində əri ilə onun arasında növbəti dəfə mübahisə yaranması, bu zaman İsmətin şüşə qabı ataraq onun başına vurması, buna görə ərinə cavab qaytararkən İsmətin əli və ayağı ilə onun bədəninə vurması, nəticədə xəsarət alsa da, onun həkimə müraciət etməməsi və həmin gün Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan bacısı Səidə Məmmədovanın evinə getməsi, orada olarkən halının pisləşməsi və bu barədə anası Məxmər Məmmədovaya xəbər verməsi, özünün isə 3 saylı xəstəxanaya getməsi, orada İsmətin onu vurması nəticəsində qara ciyərinin və dalağının cırılması, daxili qanaxmasının olması barədə istintaqa verdiyi ifadəsi ilə, X5 polis orqanına daxil olmuş məlumatla, zərərçəkmiş şəxsin və onun anası Məxmər Məmmədovanın təhqiqat orqanına verdikləri ilkin izahatları ilə, dalağın və qara ciyərin cırılması ilə nəticələnən qarının qapalı küt travması, sol bazunun, sağ kürəkaltı nahiyənin, sağ budun qançırları kimi xəsarətlərin bərk küt əşyanın təsiri nəticəsində törənməsi, müddət baxımından həmin xəsarətlərin zərərçəkmiş şəxsin “Sabunçu Tibb mərkəzi” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlməsi, daxili qanaxma ilə müşaiyət olunan dalağın və qara ciyərin cırılması ilə nəticələnən qarının qapalı küt travmasının həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olması, hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakteri və lokalizasiyasına əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi barədə məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 442 saylı rəyi ilə və digər sübutlarla tam təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və onun həyat yoldaşı olan zərərçəkmiş şəxsin məhkəmədə gətirdikləri dəlilləri Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki nəfər azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin İİ Qarabağ müharibəsində iştirak etməklə “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxsin onun həyat yoldaşı olmaqla himayələrində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və sonuncunun ona qarşı iddia tələbi və şikayətinin olmamasını, təqsirləndirilən şəxsin İİ Qarabağ müharibəsində iştirakını və dövlət təltifləri ilə mükafatlandırılmasını, həmçinin iş üzrə digər halları nəzərə nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutların, məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-750/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-750/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver