Məhkəmə qərarları › İş №1(101)-753/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-753/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-753/2020 30.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri il nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 2 gün nəzərə alınmaqla, üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın 1 il 11 ay 2 günü çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olan, xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində axtarış elan olunmuş, xx xxxx 2020-ci il tarixdə tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində ünvan 3, mənzil 143 ünvanında keçmiş arvadı Şahid1 ilə barışmaq istəməsi səbəbindən aralarında yaranmış mübahisədə Şahid1 boynun sağ yan səthinin, sol bazunun qançırı kimi dərəcələri təyin edilməyən xəsarətlər yetirməsinə görə mübahisəyə müdaxilə etmiş keçmiş qaynı Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi naməlum bıçaqla qəsdən bir dəfə qarın və iki dəfə kürək nahiyəsinə vurub, sonuncuya döş qəfəsinin döş boşluğuna keçməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid və döş qəfəsinin sağ yarısının döş boşluğuna keçən və sağ tərəfli hematoroksla ağırlaşan deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ilin aprel ayında xalası qızı Şahid1 ilə ailə həyatı qurmuş, rəsmi nikahları olmamış, el adəti ilə evlənmişlər. Həmin nikahdan bir aşyaşlı övladı vardır. 2019-cu ilin iyul ayında Ellada ilə sözləri düz gəlmədiyinə görə, sonuncu ondan ayrılıb anasının yaşadığı evə köçmüşdür. Lakin aşyaşlı övladı olması səbəbindən o, Elladaya tez-tez zəng edib onunla barışmasını və yenidən birgə yaşamalarını tələb etmiş, arvadı isə razılaşmamışdır. 2019-cu ilin dekabr ayında əvvəlcə dayısı Elşad, bir həftə sonra isə babası Zülfüqar dünyasını dəyişmişdir. Həm dayısı, həm də babası ünvan 3 mənzil 143 ünvanında yaşadıqları üçün xx xxxxxx 2020-ci il tarixdə həmin ünvanda yas mərasimi təşkil olunmuşdur. O da, digər cavanlar kimi gələn qonaqlara çay süzüb yemək verməklə xidmət etmişdir. Saat 11 radələrində Elladanın qızı İncini də götürüb evə getdiyini görmüş, işini yarımçıq qoyub onların arxasınca getmişdir. Bu zaman onun məqsədi Ellada ilə üzbəüz danışıb onu razı salmaqla yaşadığı evə geri gətirtmək və onunla barışmaq olmuşdur. Ellada mənzilə daxil olanda o, qapının yanında çöl tərəfdə dayanmış, həyat yoldaşı evə girdikdən bir neçə dəqiqə sonra evdən çıxmış və onlar evin qarşısında rastlaşmışlar. Ellada ona məhəl qoymadan düşmək istədikdə, o, Elladanın qolundan tutub onun düşməsinə icazə verməmiş və bir dəqiqə dayanıb onunla söhbət etməsini istəmişdir. Ellada ona qulaq asmadan evə daxil olmaq istəmişdir. O, arvadının qolundan tutub saxlayanda Ellada qışqıraraq bacısı Turanəni çağırmış, daha sonra Ellada evin içərisinə girdiyi üçün onun qolundan tutmuşdur. Həmin vaxt mənzilə keçmiş qaynı Zərərçəkmiş şəxs daxil olmuşdur. Mais evə daxil olan kimi onun üzərinə gəlib «sənə deməmişəm ki, ailəmdən uzaq dur» sözünü demiş, o isə, Maisin yaxasından tutub onu başı ilə vurmaq istəmiş, amma vurmamışdır. Mais də onun yaxasından tutmuş, bir-biri ilə dartışmağa başlamışlar. Maisdən onun ailə işlərinə qarışmamasını tələb etsə də, sonuncu, ona əhəmiyyət vermədiyi üçün həmişə üstündə gəzdirdiyi bıçağı belindən çıxarıb Maisin qarnı tərəfdən sinəsinin sağ tərəfinə bir dəfə, sonra onu qucaqlayan kimi edib belinin sol tərəfindən iki dəfə vurmuşdur. Həmin vaxt Ellada onları aralamağa çalışarkən yıxılmış, o, Maisi bıçaqla vuran kimi bıçağı geri çəkib cibinə atmışdır. Mais yenidən onun üstünə cummuş və onlar tutaşmışlar. Həmin vaxt mənzilə Tural adlı qohumu daxil olmuş və onları aralamış, daha sonra onu itələyərək çölə çıxarmışdır. Bundan sonra o, həyətə düşmüş və mərasim zalının yanında üzünü yumuşdur. Həmin vaxt Ellada və Mais də həyətə düşmüş, bu zaman Maisin anası Təranə onun üstünə hücum çəkmişdir. Mais araya girəndə yerə yıxılmış, o, Maisi təpiklə vurmuş, daha sonra üstünə hücum çəkən Təranənin də arxa hissəsindən asta zərbə ilə bıçaqla vurmuşdur. Tural ona acıqlandığı üçün oranı tərk etmiş, gedəndə Maisin Tural və Ellada tərəfindən xəstəxanaya aparıldığını görmüşdür. Həmin vaxt ətrafda xalaları Gülşən və Aybəniz olmuşlar. O, həyətdən çıxmamış azadlığın məhdudlaşdırılması cəzasına görə ayağına bağlanılmış brosleti qırmış və bıçağı da yaxınlıqda olan zibil qabına atıb Bakı şəhərinə getmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs onun Maisi öldürmək niyyəti olmadığını, hadisədən sonra bıçağı və ayağına bağlanmış brosleti Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən zibilxanalardan birinə atdığını, hadisədən qabaq həmin bıçağı həmişə üstündə gəzdirdiyini, bıçaq qatlanan formada, qara rəngli, tiyəsinin uzunluğu 5-6 sm, dəstək hissəsi isə dəmirdən olan bıçaq olduğunu, mübahisə zamanı onun özünün heç bir bədən xəsarət almadığını, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, bacısı Şahid1 2015-ci ildə xalası oğlu Təqsirləndirilən şəxs ilə ailə qurmuş, amma rəsmi nikaha daxil olmamışlar. Bacısı ilə Çingiz yola getmədiklərinə görə 2019-cu ilin iyun ayında ayrılmışlar və həmin vaxtdan Ellada uşağı ilə onlarla birlikdə yaşamışdır. 2019-cu ilin dekabr ayında dayısı Elşad, bir həftə sonra babası Zülfüqar rəhmətə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə dayısı və babasının ölümü ilə əlaqədar ünvan 3 mənzil 143 ünvanında yas mərasimi təşkil edilmiş, yasa gələn şəxslər binanın həyətində olan mərasim evində qarşılanmışlar. Təxminən saat 11 radələrində balaca bacısı Turanə blokdan çıxıb anasını çağırmış, o da, Turanəyə yaxınlaşaraq nə baş verməsi ilə maraqlanmışdır. Turanə ona Çingizin evdə bacısı Elladanı döydüyünü bildirmişdir. O, dərhal mənzilə qalxmış və evə daxil olanda Ellada ilə Çingizin qonaq otağında ayaqüstə duraraq əsəbi vəziyyətdə mübahisə etdiklərini, bacısı Elladanın ağladığını, Çingizin isə onun qolundan tutduğunu, Elladanın gödəkçəsinin qol hissəsinin cırıldığını görmüş, Çingizə ailəsindən uzaq olmasını demişdir. Çingiz ona ailə işlərinə qarışmamasını deyib, yumruqla üz nahiyəsinə bir zərbə vurmuşdur. Bu zaman o da, Çingizin yaxasından tutmuş və dartışa-dartışa dəhlizə, evin giriş qapısının önünə keçmişlər. Koridorda dartışan zaman Çingiz sağ əlini belinə aparmış və oradan bıçaq çıxardıb onun sinəsinin sağ tərəfinə bir dəfə, sonra özünə dartıb kürəyinin sol tərəfinə 2 dəfə vurmuşdur. Çingiz onu vurduqdan sonra aralanmış, bu zaman Tural mənzilə daxil olub Çingizi itələyərək çölə çıxarmışdır. Tural dalaşdıqları üçün ona da irad bildirmiş, lakin Çingizin onu bıçaqla vurmasından hələ məlumatı olmamışdır. O, köynəyinin və gödəkçəsinin qanlı olduğunu görmüş, Tural və Ellada ilə birlikdə həyətə düşmüşlər. Həyətdə blokun qarşısında anası ilə Çingizin mübahisə etdiklərini görmüş, onlara çatanda huşunu itirib yerə yıxılmışdır. Həmin vaxt Çingiz yenidən onun çənə nahiyəsinə təpiklə zərbə vurmuş, sonra isə Tural onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, 2019-cu ilin iyul ayında ailədaxili narazılıqlar səbəbindən Təqsirləndirilən şəxs ayrılmış və anasının yaşadığı ünvana getmişdir. Ayrıldıqdan sonra Çingiz tez-tez ona zəng edib barışmasını və yenidən birgə yaşamasını təkilf etmiş, lakin o, razı olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri 4-cü mikrorayonda dayısı və babasının yas mərasimi təşkil olunmuşdur. Saat 11 radələrində qızına soyuq olduğu üçün uşağı da götürüb mənzilə qalxmışdır. İncini bacısı Turanənin yanında qoymuş, qayıdanda blokda Çingizlə qarşılamışdır. O, Çingizə məhəl qoymadan düşmək istəmiş, amma Çingiz ona düşməyə və ya evə qalxmağa imkan verməyərək, qarşısını kəsmişdir. Evin qapısının ağzında Çingizə çəkilməsini dedikdə, sonuncu, onun yaxasından tutub kürəyini divara vurmuşdur. Daha sonra hər iki əli ilə boğazından tutmuş, o, Çingizi itələmiş və bu zaman Çingiz qolları ilə onun boğazını sıxmışdır. Qışqıraraq bacısı Turanəni çağırmış, bacısı da Çingizdən getməsini tələb etmiş, lakin Çingiz ona da məhəl qoymamışdır. Çingizin əlindən çıxıb mübahisə zamanı cırılmış gödəkçəsini tikmək üçün mənzilə daxil olmuş, həmin vaxt Turanə həyətə qaçmışdır. Çingiz onun qolundan tutmuş, bu zaman Mais evə daxil olub Çingizə “ailəmdən uzaq ol” demişdir. Bunu dedikdən sonra Çingiz qardaşı Maisi başı ilə vurmuş və Mais də Çingizin yaxasından tutmuşdur. Bu formada onlar bir-birləri ilə dartışa-dartışa dəhlizə keçmiş, bu zaman Tural da içəri girmişdir. Tural onları aralayıb Çingizi itələyərək evdən çölə çıxarmışdır. Bundan sonra Tural Maisi danlamağa başlamış, bu zaman Maisin sinəsindən qan gəldiyini görüb Çingizin Maisi bıçaqla vurduğunu başa düşmüşlər. Bundan sonra o, Tural və Mais aşağı düşüb, Turalın maşınına tərəf getmişlər. Bu zaman həyətdə anası Təranə Çingizin üstünə gedərək “mənim uşaqlarımdan nə istəyirsən” demiş, həmin vaxt Çingiz Təranənin kürək nahiyəsinə də bıçaqla xəsarət yetirmişdir. Mais də Çingizi uzaqlaşdırmaq istəyəndə yerə yıxılmış, həmin vaxt Çingiz təpiklə Maisi vurmuşdur. Daha sonra onlar Maisə su verib Turalla birlikdə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında dindirilən şahidlər Qanuni nümayəndə və Şahid3 Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən onun da Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 166-168). Məhkəmə iclasında dindirilən Şahid5 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun xalası oğlu, Ellada isə xalası qızıdır. Ellada qohumu Təqsirləndirilən şəxsla evli olmuşlar, sonradan ayrılmışlar. 2019-cu ilin dekabr ayında atası Elşad, bir həftə sonra babası Zülfüqar rəhmətə getmişdir. 2020-ci il fevralın 2-də atası Elşadın qırx mərasimi təşkil olunmuş, həmin mərasimdə eyni zamanda babasının yası verilmiş və mərasim babasının və onun qeydiyyatda olduğu ünvan 2 mən 143 ünvanında həyətdəki xeyir-şər yerində təşkil olunmuşdur. Həmin vaxt o, yaşadığı ünvanda səs eşidib mənzilə qalxdıqda Çingizlə Maisin bir-biri ilə dartışdığını, Elladanın onların yanında olduğunu görmüşdür. O, onları aralayıb «ayıbdır, yas mərasimidir, siz burada dalaşırsınız» sözünü demiş, Çingizi itələyərək evdən çölə çıxarmışdır. Həmin vaxt Çingizin Maisi bıçaqladığını bilməmişdir. Çingiz aşağıya düşdükdən sonra Maisin sinəsindən qan gəldiyini görmüş və Çingiz Maisi bıçaqla vurduğunu başa düşmüşdür. Bundan sonra o, Ellada və Mais aşağı mərtəbəyə düşmüş, həyətdə olarkən Mais huşunu itirdiyi üçün onu maşına mindirərək Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına aparmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokola əsasən, cinayət hadisəsi ünvan 3 ünvanında, binanın 9-cu blokunda, 5-ci mərtəbə, mənzil 143-də baş vermişdir. İstintaq hərəkəti zaman müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 5-13). Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 153 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sağ yarısının döş boşluğuna keçən və sağ tərəfi hematoroksla ağırlaşan deşilmiş-kəsilmiş yarası. Döş qəfəsinin döş boşluğuna keçməyən 2 ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, müddəti zərərçəkənin xəstəxanaya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla, xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə döş qəfəsinin sağ yarısının döş boşluğuna keçən və sağ tərəfli hematoroksla ağırlaşan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Döş qəfəsinin döş boşluğuna keçməyən 2 ədəd deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozilmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 51-53). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxx 2020-ci il tarixli 741 saylı rəyindən görünür ki, cinayət işi materillarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: 1.Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman xroniki psixi xəstəlikdən, kəmağıllıqdan, psixi fəaliyyətin müvəqqəti pozulmasından və.s psixi xəstəlikdən əziyyət çəkməmişdir. 2.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. 3.X3 cinayət hadisəsi törədilən zaman öz hərəkətlərini ölçüb-biçmək dərk edib onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. 4.Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. 5.Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman onda psixikanın pozulması baş verməmişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisənin faktiki xarakterini tam dərk etmək və ya həmin hadisə zamanı öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur. 6.Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər (cild 1, iş vərəqi 185-187). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə onun barəsində axtarış elan edilmişdir. O, xx xxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində tutulmuşdur (cild 1, iş vərəqi 64, 67, 83). Cinayət işinə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli tələbnamədən, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(060)-438/2019 nömrəli hökmünün surətindən, həmçinin Sumqayıt şəhər Probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 2922 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini tərətməkdə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 2 gün nəzərə alınmaqla üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hazırda onun qeyd olunan hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 11 ay 2 günü çəkilməmiş qalmışdır (cild 1, iş vərəqi 74-81). Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin iddia tələbi və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini tərətməkdə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hazırda onun qeyd olunan hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 11 ay 2 günü çəkilməmiş qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin olunacaq cəzaya Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ 3-cü Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, maddi sübutların və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 2 (iki) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü üzrə müəyyən edilmiş 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, maddi sübutların və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar