Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-753/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı, iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ış, 15 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Əsgər» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Əsgər» adlı şəxs və qeyriləri tərəfindən «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda, yəni 1400 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda - 2010 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda, yəni 1023,449 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan şəxslərin vasitəsi ilə naməlum vaxtda Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Nargilə dairəsi» adlanan ərazinin yaxınlığında dəqiq müəyyən edilməmiş yerdə selofan torbada yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə ona məlumat verildikdən sonra özünə məxsus «Xəzər» markalı **-PG-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan əraziyə gedib, «Əsgər» adlı şəxsin tapşırığına əsasən qoyulmuş selofan torbada olan həmin narkotik vasitələri və psixotrop maddəni əldə edib avtomobilində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsinə qanunsuz daşımış, əvvəlcədən satışa hazırlamaq məqsədi ilə əldə etdiyi psixotrop maddə metamfetaminin 13,455 qramını bir ədəd selofan bükümdə qablaşdırıb üzərində, narkotik vasitələri və psixotrop maddə metamfetaminin 1000 qramını bir ədəd selofan bağlamada idarə etdiyi «Xəzər» markalı avtomobildə, psixotrop maddə metamfetaminin 9,994 qramını isə bir ədəd selofan bağlamada yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, ev 7 ünvanında yerləşən mənzilində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 15 yanvar 2023-cü il tarixdə saat 21:55-də Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, ev 7 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılaraq, 16 yanvar 2023-cıi İl tarixdə saat 00:05dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd selofan bükümdə külli miqdarda, yəni təmiz çəkisi 13,455 qram psixotrop maddə metamfetamin, həmin gün saat 01:10-dan etibarən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan «Xəzər» markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd selofan bağlamada külli miqdarda - təmiz çəkisi 1400 qram olan narkotik vasitə heroin, bir ədəd selofan bağlamada külli miqdarda - təmiz çəkisi 2010 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd selofan bağlamada külli miqdarda - təmiz çəkisi 1000 qram psixotrop maddə metamfetamin, həmin gün saat 02:50-dən etibarən yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, ev 7 ünvanında yerləşən mənzilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən mənzilin qonaq otağındakı dolabın içərisindən bir ədəd selofan bükümdə külli miqdarda, yəni təmiz çəkisi 9,994 qram olan psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 yanvar 2023-cü il tarixdə ailəvi dostu Şahid2 ona zəng edərək motosikleti xarab olduğunu bildirmiş və onun dalınca gəlib götürməsini təklif etmişdir. O da, bu məqsədlə evə gedəndə marketə girmiş, bu zaman 3-4 nəfər polis əməkdaşı onun qoluna girib qandal vuraraq aparmışlar. Tutularkən onun maşınında və üstündə narkotik vasitə olmamış, ancaq evinde 10 qram metamfetamin olmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Polis idarəsində olarkən onu döymüşlər, bu zaman övladı da yanında olmuşdur. Döyülməyi ilə bağlı heç yerə şikayət etməmiş və müayinə olunmamışdır. İdarə etdiyi maşının açarı polis işçilərində olmuşdur və onlar da narkotiki maşına qoymuşlar. Onun maşınına səhərə yaxın baxış keçirilmişdir. Saxlanıldıqdan sonra onun uşağını polislər evə aparmışlar. O, 15 yanvar 2023cü il tarixdə gecə saat 10-a qalmış tutulmuşdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən bir ildir külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddələri sərhəddən qanunsuz olaraq ona məlum olmayan öz adamları vasitəsilə Azərbaycana keçirən İran İslam Respublikasının vətəndaşı «Əsgər» adlı şəxslə tanış olmuşdur. Belə ki, özü narkotik vasitə aludəçisi olduğundan «Əsgər»in «WhatsApp»ı ilə əlaqə saxlayıb tanış olmuş və aralarında söhbətlərdən sonra onunla münasibəti yaranmışdır. Əvvəllər «Əsgər» İran İslam Respublikasına məxsus nömrələrin «WhatsApp»ı ilə onunla əlaqə saxlasa da, son zamanlar 051 ***-**-** nömrənin «WhatsApp»ı ilə onunla əlaqə saxlamışdır. O, həmin nömrəni mobil telefonunda «Fayik əmi» kimi qeyd etmişdir. «Əsgər» ilə əlaqə yaradandan sonra sifarişi əsasında sonuncu öz adamlarının narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini Bakı şəhərinin müxtəlif yerlərinə qoymuş, o da, narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamini qoyulduğu yerlərdən götürüb qəbul etmişdir. Tutulmazdan bir həftə əvvəl «Əsgər» ona Azərbaycan sərhəddindən qanunsuz keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni öz adamları vasitəsi ilə Bakı şəhərində qoyulduğu yerlərdən götürüb özündə saxlamasını, sonra onun dediyi yerlərə atmasını təklif edib bunun müqablində isə narkotik vasitə və ya psixotrop maddənin hər kiloqramına görə ona 500 manat pul verəcəyini vəd etmişdir. Onun da maddi vəziyyəti zəif olduğundan, həmçinin övladının xərçəng xəstəliyi ilə bağlı müalicələrinə pula ehtiyac olduğudan «Əsgər»in bu təklifi ilə razılaşmışdır. 15 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində «Əsgər» onunla əlaqə saxlayıb Bakı şəhərinə külli miqdarda heroin, metamfetamin və qurudulmuş marixuana qovulacağını, həmin narkotik vasitələri və psixotrop maddələri götürüb özündə saxlamasım, sonra onun tapşırığına əsasən ayrı-ayrı yerlərə qoyub bu barədə ona məlumat verməsini istəmişdir. Həmin gün saat 20:00 radələrində «Əsgər» külli miqdarda narkotik vasitə və psixotrop maddənin qoyulduğu yerin «konum»unu və fotoşəklini ona votsapda göndərmiş, həmin yer Bakı şəhəri, Xətai rayonu ərazisindəki «Nargilə dairəsi»nin yuxarısında bir ərazi olmuşdur. Bundan sonra o, idarə etdiyi «Xəzər» markalı **-PG-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə «konum» atılan əraziyə getmiş, yolda o, yaşadığı evin qapısını düzəltməli olan Şahid2 götürməli olduğundan onu işlədiyi Babək prospektindən götürüb narkotik vasitənin qoyulduğu istiqamətə getmişdir. «Nargilə darirəsi»ndən yuxarı qalxıb sağa dönmüş və köhnə yaşayış binasının yan tərəfindəki telefon qovşağının yaxınlığına çatanda Ceyhundan işi olduğunu və bir nəfərlə görüşüb geri qayıdacağını bildirmişdir. Ceyhun avtomobildən enəndən sonra o, bir qədər irəli gedib avtomobildən enib binanın yan tərəfindəki telefon qovşağının üzərində yerləşdirilmiş, içərisində külli miqdarda narkotik vasitələr və ya psixotrop maddə olan selofan torbanı götürüb geri qayıdaraq idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Həmin zaman Ceyhun onun nə əldə etdiyini bilməmişdir. Bundan sonra Ceyhunu götürüb birlikdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsinə qayıtmışdır. Yaşadığı evin yaxınlığında avtomobilini saxlayıb dükana düşərkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotikləriə Mübarizə İdarəsinin əməkdaşları onu saxlamış və narkotik vasitə, psixotrop maddələrin qonunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirmişlər. O da, artıq cinayət başında yaxlandığını görüb etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onu və yanında olan Şahid2 idarə etdiyi avtomobillə Baş Narkotikləriə Mübarizə İdarəsinə aparmış və orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sol yan cibindən bir bükümdə «Əsgər»nın tapşırığı ilə başqa yerə yerləşdirmək üçün götürdüyü metamfetaminin bir hissəsini təqdim etmişdir. Həmin metamfetamin elektron tərəzidə çəkildikdə, 14 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı o, həmçinin üzərində olan bir ədəd «Redmi Note 8» markalı mobil telefon aparatını da təqdim etmişdir. Daha sonra ona edilmiş təklifdən sonra özü könüllü olaraq idarə etdiyi avtomobildə «Əsgər»in tapşırığı ilə götürdüyü külli miqdarda narkotik vasitələr və psixotrop maddə olduğunu və həmçinin yaşadığı evdə istifadəsi üçün metamfetamin saxladığım etiraf etmişdir. Bundan sonra həmin gün Baş İdarənin həyətində saxlanılan ona məxsus «Xəzər» markalı **-PG- *** dövlət qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı polis əməkdaşları tərəfindən ona idarə etdiyi avtomobildə narkotik vasitə, psixotrop maddə və başqa qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif edilmiş, o da, özündə olan açarla avtomobilin qapılarını açıb avtomobilin yük yerindən bir ədəd selofanda olan «Əsgər»in tapşırığı ilə götürdüyü narkotik vasitələri və psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları selofan torbaya baxış keçirərkən oradan bir ədəd selofan bağlamada narkotik vasitə qurudulmuş marixuana, bir ədəd selofan bağlamada psixotrop maddə olan metamfetamin və bir ədəd selofan bağlamada narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və metamfetaminin çəkisinin bir kiloqramdan bir az artıq, heroinin çəkisinin bir kiloqram yarıma yaxın, qurudulmuş marixuananın çəkisinin isə iki kiloqramdan bir qədər çox olması müəyyən edilmişdir. Avtomobilə baxış zamanı oradan əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin gün gecə polis əməkdaşları onu ünvan 4 ünvanında yerləşən yaşadığı evə aparmış, orada o, özü mənzilin qonaq otağındakı dolabda saxladığı bir büküm metamfetamini və həmçinin narkotik vasitə və psixotrop maddələrin çəkilib ayrı-ayrı qablaşdırılması üçün istifadə etdiyi bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin metamfetamin elektron tərəzidə çəkilmiş və metamfetaminin çəkisinin 11 qram olması müəyyən olunmuşdur. Daha sonra təqdim etdiyi metamfetamin və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 90-92, 203-205). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, istintaq zamanı ona təzyiqlər olunduğunu, ifadəni təzyiqlər altında oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, işlədiyi Baş idarəyə Vasif adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onların tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb polis idarəsinə gətirilmişdir. Baş idarədə üzərinə baxış keçirilmiş, baxış zamanı Vasifin üzərindən metamfetamin aşkar olunaraq götürülmüşdür. Videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmin psixotrop maddəni bir gün əvvəl İran vətəndaşından əldə etmişdir. Bundan başqa, Vasif əlavə olaraq avtomobilində və yaşadığı ünvanda da narkotik vasitələr olduğunu bildirmişdir. Sonra avtomobilə baxış keçirilmiş, bu zaman yük yerindən 1 kq metamfetamin aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 1,4 kq heroin və 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürlmüşdür. Sonra onlar əməliyyat qrupu ilə birlikdə Vasifin Puta qəsəbəsində yaşadığı ünvana getmişlər və evə də baxış keçirmişlər. Baxış zamanı yataq otağından təxminən 10-12 qram çəkidə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təsir və təzyiq olunmamışdır. Onu saxlayarkən yanında Ceyhun adlı bir nəfər də olmuş, onları birlikdə saxlamışlar. Polis idarəsində Vasifin yanında olan şəxsin də üzərinə baxış keçirilmiş, lakin heç bir şey aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşı Əsgər adlı şəxsdən bir gün əvvəl aldığını, iranlının atdığı “konum» əsasında gedib götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, idarədə şəxsi axtarış, maşına və yaşadığı mənzilə baxış keçirilərkən ona qarşı hər hansı təsir və təzyiq olunmamışdır. Vasif saxlanılarkən yanında övladı olmamış, yalnız Ceyhun adlı tanışı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Baş idarəyə gətirilərək üzərində şəxsi axtarış, idarə etdiyi avtomaşına və yaşadığı evə baxış keçirilməsi zamanı külli miqdarda psixotrop maddə və narkotik vasitələrin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs Lökbaran qəsəbəsində yaşayan vaxtdan tanımış və onunla dostluq münasibətində olmuşdur. Təqsirləndirilən şəxs Puta qəsəbəsindəki evinin həyət darvazasının düzəldilməsini ondan xahiş etdiyindən, o, 15 yanvar 2023-cü il tarixdə saat 16:00 radələrində Babək prospektindəki avtotəmir sexində işdə olarkən Vasiflə əlaqə saxlayıb axşam görüşüb qapını düzəltməsini təklif etmişdir. Həmin gün saat 20:00 radələrində işdən çıxıb Babək prospektində Vasifin gəlməsini gözləmiş və təxminən bir saat sonra Vasif idarə etdiyi «Xəzər» markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib onu götürmüşdür. Bundan sonra o, Xətai rayonu ərazisindəki «Nargilə dairəsi»nə gedib kiminləsə görüşəcəyini, sonra geri qayıdacaqlarını bildirmişdir. O da, etiraz etməmiş və Vasif onu «Nargilə dairəs»indən yuxarı qalxıb sağa dönəndən sonra bir binanın qarşısına aparmışdır. Orada Vasif ondan avtomobildən enməsini, 10 dəqiqəlik işi olduğunu və sonra gəlib onu götürəcəyini bildirmişdir. O, avtomobildən enmiş və Vasifin qayıtmasını gözləmişdir. Təxminən 10 dəqiqə sonra Vasif geri qayıtmış və bundan sonra onlar birlikdə Puta qəsəbəsinə getmişlər. Puta qəsəbəsindəki «Oba» marketdən alış-veriş etmək üçün Vasif avtomobildən enib marketə girmək istəyərkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Vasifi saxlamışlar. Daha sonra polis əməkdaşalrı onun şəxsiyyəti barədə maraqlanmış, Vasifə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirib, onlara birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmələrini təklif etmişlər. Onlar da etiraz etməmiş və bundan sonra polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişlər. Baş İdarədə Vasif özü üzərində və idarə etdiyi avtomobildə «Əsgər» adlı İran İslam Respublikası vətəndaşının tapşırığı ilə götürdüyü külli miqdarda narkotik vasitə və psixotrop maddə olduğunu, həmçinin yaşadığı evdə də əlavə olaraq metamfetamin saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı olmadan Vasifin üzərində şəxsi axtarış apardıqdan sonra Baş İdarənin həyətində saxlanılan Vasifə məxsus «Xəzər» markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişlər. Baxış zamanı Vasif özündə olan açarla avtomobili açıb polis əməkdaşlarına avtomobilin yük yerindən bir ədəd selofan torbanı təqdim etmişdir. Polis əməkdaşları selofan torbaya baxış keçirərkən oradan bir ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd selofanda psixotrop maddə olan metamfetamin və bir ədəd selofan bağlamada narkotik vasitə heroin aşkar edərək götürmüşlər. Daha sonra Vasif yaşadığı evdə saxladığı metamletamini təqdim etmək üçün polis əməkdaşları ilə yaşadığı evə getmiş, lakin o, baxış üçün evə getməmişdir (cild 1, iş vərəqi 111-114). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 15 yanvar 2023-cü il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir (cild 1, iş vərəqi 6-7). Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 15 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 125-128). Şəxsi axtarış və götürmə aparılması haqqında 16 yanvar 2023-cü il tarixli protokolla və protokola əlavə edilmiş bir ədəd DVD-R formatlı diskə baxış keçirilməsi ilə müəyyən edilmişdir ki, həmin gün saat 00:05-dən etibarən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında müdafiəçinrin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdıır (cild 1, iş vərəqi 30-31). Avtomobilə baxış keçirilməsi və götürmə haqqında 16 yanvar 2023-cü il tarixli protokolla və protokola əlavə edilmiş baxış və götürmə hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R formatlı diskə baxış keçirilməsi ilə müəyyən edilmişdir ki, həmin gün saat 01:15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində saxlanılan «Xəzər» markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd selofan bağlamada narkotik vasitə heroin, bir ədəd selofan bağlamada narkotik vasitə qurudulmuş marixuana və bir ədəd selofan bağlamada psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 34-35). Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş baxış və götürmə hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskə baxış keçirilməsi protokolundan görünür ki, həmin gün saat 02:50-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, ev 7 ünvanında yerləşən mənzilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən mənzilin qonaq otağındakı dolabın içərisindən onun bir ədəd selofan bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 39-40). Məhkəmə-kimyəvi ekspertizasının 16 yanvar 2023-cü tarixli 6/249 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 7» dairəvi möhür əksləri olan iki ədəd zərfdə və bir ədəd polietilen paketdə: üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə... «sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 13,455 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlə və 1 ədəd elektron tərəzi...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,994 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Üzərində «Vət. Təqsirləndirilən şəxs idarə etdiyi «Xəzər» markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobildən...» sözləri, soyad və imzalar qeyd edilmiş paketin içərisində 1 (bir) ədəd selofanda təmiz çəkisi 1400 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd selofanda təmiz çəkisi 1000 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş iki ədəd zərfdə və bir ədəd paketdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub ümumi təmiz çəkisi 1023,449 qramdır. Məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2023-cü tarixli 7/45 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «vət. Təqsirləndirilən şəxs idarə etdiyi «Xəzər» markalı avtomobildən aşkar edilmiş» sözləri yazılmış polietilen torbada skoçla bağlanmış bir ədəd qara rəngli selofan bağlamada təmiz çəkisi 2010 qram (2 kq, 10 qram) bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə qurudulmuş marixuananın hissəçikləri yoxdur. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1399,9 qram, metamfetaminin qalıq çəkisi 1023,149 qram və qurudulmuş marixunanın qalıq çəkisi 2009,95 qram təşkil etmişdir (cild 1, iş vərəqi 48-58). İbtidai istintaq orqanının 21 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar olunaraq götürülməklə ekspertiza tədqiqatlarından sonra qalıq qalan bir ədəd kağız paketdə qablaşdırılmış 1399,9 qram çəkidə narkotik vasitə heroin, 1023,149 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd kağız paketdə qablaşdırılmış 2009,95 qram çəkidə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlanma yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 120-122). Məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli 2223 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardər. Ərazi narkoloji dispanserində qeydiyyata alinması məsləhət görülür (cild 1, iş vərəq 138-139). Təqsirləndirilən şəxs istifadəsində olan «Redmi Note 8» markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, mobil telefon aparatındakı «WhatsApp» ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs telefonda adı «Eli T» kimi qeyd edilən +98 9910 4369166, adı «Malik» kimi qeyd edilən +98 990 ******* nömrələrin isitafəçiləri ilə əlaqə saxlasa da, yazışmalar silinmişdir. «WhatsApp» ani mesajlaşma mübadilə sistemində adı «Fayik Emi m» kimi qeyd edilən ***- ***-**-** nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs əvvəllər apardığı yazışmaları silmiş, xx.xx.2023-cü il tarixdəki yazışmalar saxlanılmışdır. Həmin gün saat 17:48-də Cənubi Azərbaycan ləhcəsi ilə danışan «Fayik Emim» adlı istifadəçi Təqsirləndirilən şəxs «neynirsən sənə qurban saat altının yarısı hazır ol ha» məzmunlu, saat 18:11-də Təqsirləndirilən şəxs «uşağı dəlləyə gətirmişəm çıxım xəbər edirəm sənə» məzmunlu, saat 18:13-də «Fayik Emim» adlı istifadəçi Təqsirləndirilən şəxs «oldu snə qurbn onların yeri yaxcıydı?» məzumlu, saat 23:59-da Təqsirləndirilən şəxs «mən hazırıam mamagildəyəm» məzmunlu, saat 00:01-də «Fayik Emim» adlı istifadəçi Təqsirləndirilən şəxs «qurba olun səbrli olan indi yerinə qoyuruq» məzmunlu, saat 19:24-də Təqsirləndirilən şəxs «yaxşı əmi mən gedirəm evə, uşaqları parıram» məzmunlu, saat 19:43-də «Fayik Emim» adlı istifadəçi Təqsirləndirilən şəxs «sənə qurban olun yarım satdn sonra mal bizdədi ha» məzmunlu, saat 20:07-də «Fayik Emim» adlı istifadəçi Təqsirləndirilən şəxs üç mərtəbəli yaşayış binasınınyan tərəfindəki göy rngli teıefon qovağının işarələnmiş fotoşəklini və ünvanın kordinatlarmı göndərmiş, «sənə qurban tez çıx» məzmunlu yazılı mesaj göndərmiş, saat 20:07-də Təqsirləndirilən şəxs «çıxmışam əmi yoldayam gedirm» məzmunlu, saat 20:30-da «Fayik Emim» adlı istifadəçi Təqsirləndirilən şəxs «nə qədər yolun qalır» məzmunlu, saat 20:38-də Təqsirləndirilən şəxs «yoldayam əmi gedirəm sənin başuiva donum qoy xəritə vurum görüm nə qədər qalır» məzmunlu, saat 20:53-də «əmi sənə qurban olunm mən deməmiş hec vaxt ünvan atma, allah eləməsin yolda salayarlar, oturarlar yanıma, deyərlər telefonu ver mənə», saat 21:12-də «əmi sənin qadan alaam mən burdayam» məzumnlu, saat 21:13-də «götürdüm əmi məndədi» məzumnlu səsli mesajlar göndərmişdir (cild 1, iş vərəqi 74-78). İbtidai istintaq orqanının 17 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd «Redmi Note 8» markalı mobil telefon aparatında iş üzrə əhəmiyyətli məlumatlar olduğundan həmin mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 190-191). İstintaq orqanı tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, şəxsiyyəti dəqiqləşdirilməmiş İran İslam Respublikası vətəndaşı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə və psixotrop maddə keçirilməsini təşkil edərək həmin narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz yayılması ilə bağlı Təqsirləndirilən şəxsla qabaqcadan razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni naməlum vaxtda Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilən yerdən əldə edib idarə etdiyi avtomobillə Puta qəsəbəsi ərazisinə qanunsuz daşımışdır (Cild 1, iş vərəqi 158). Cinayət işinə əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildən X2 ilə rəsmi nikahdadır, onların birkə nikahdan 2009, 2010 və 2015-ci il təvəllüdlü üç uşaqları vardır (cild 1, iş vərəqi 106-107). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 160-161). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, polis işçiləri tərəfindən tutularkən onun maşınında və üzərində narkotik vasitə olmadığını, ancaq evinde 10 qram metamfetamin olduğunu, polis idarəsində olarkən onun döyüldüyünü, bu zaman övladı da yanında olduğunu, döyülməyi ilə bağlı heç yerə şikayət etmədiyini və müayinə olunmadığını, idarə etdiyi maşının açarının polis işçilərində olduğunu və onların da narkotiki maşına qoyduqlarını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, həmin maddələri «Əsgər» adı ilə tanıdığı İran vətəndaşından Bakı şəhərində qoyulduğu yerlərdən götürüb özündə saxlamağı, sonra isə ona deyiləcək yerlərə ataraq bunun müqabilində 500 manat pul veriləcəyinin ona vəd edildiyini, pula ehtiyacı olduğu üçün həmin təkliflə razılaşıb külli miqdarda narkotik və psixotrop maddələri Xətai rayonu ərazisində ona deyilən yerdən götürüb üzərində, idarə etdiyi avtomobildə və yaşadığı evdə saxladığını, polis əməkdaşları tərəfindən tutularkən və Baş idarədə olarkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra döyülməsi ilə bağlı məhkəmədə gətirdiyi dəlil də məhkəmə tərəfindən yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, onun saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından daxil olmuş tibbi kitabçadakı qeydlərə əsasən, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə təcridxanaya daxil olaraq tibbi müayinədən keçrilmiş, bu zaman o, xəsarət almadığını bildirmiş, bədən səthi üzərində köhnə çapıq toxuma aşkar olunmuş, həmçinin müayinə zamanı Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması barədə heç nə bildirməmişdir. Eyni zamanda qeyd olunan halın yoxlanılması ilə bağlı rayon prokurorluğundan daxil olmuş məlumatda Təqsirləndirilən şəxs döyülməsi və xəsarət alması ilə bağlı araşdırma aparılmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və istifadəsində olan «Redmi Note 8» markalı mobil telefon aparatına baxış keçirilmiş, mobil telefon aparatındakı «WhatsApp» ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs telefonda adı «Eli T» kimi qeyd edilən +98 9910 4369166, adı «Malik» kimi qeyd edilən +98 990 ******* nömrələrin isitafəçiləri ilə əlaqə saxlasa da, yazışmaların silindiyi müəyyən edilmiş, həmçinin «WhatsApp» ani mesajlaşma mübadilə sistemində adı «Fayik Emim» kimi qeyd edilən ***-***-**-** nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs əvvəllər apardığı yazışmaları sildiyi müəyyən olunmuşdur. Bununla belə, telefonun yaddaşında olan xx.xx.2023-cü il tarixdəki yazışmalar saxlanılmışdır. Həmin gün saat 17:48-dən Cənubi Azərbaycan ləhcəsi ilə danışan «Fayik Emim» adlı istifadəçi ilə Təqsirləndirilən şəxs arasında saat 21:13 dəqiqəyədək narkotik vasitələrin əldə edilməsi ilə bağlı çoxsaylı səsli mesajların göndərildiyi müəyyən edilmiş, sonuncu saat 21:12-də «əmi sənin qadan alam mən burdayam» məzmunlu, saat 21:13-də isə «götürdüm əmi məndədi» məzmunlu səsli mesajlar göndərildiyi müəyyən olunmuşdur. İş üzrə dindirilmiş şahidlərin ifadələri müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onun yanında tanışı, cinayətdən xəbərsiz Şahid2 başqa heç kim, o cümlədən Təqsirləndirilən şəxs məhkəmədə iddia etdiyi kimi övladı olmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün döyülməsi nəticəsində və təzyiqlər altında cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı “Əsgər” adlı şəxsin dediyi yerdən götürüb üzərində, evində və idarə etdiyi avtomaşında saxladığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin və qurudulmuş marixuana, həm də psixotrop maddə metamfetamin olmaqla 3 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bağlamalara bükülməsini və xırda bükümlərə çəkilib bölünməsi üçün elektron tərəzinin mövcudluğunu, həmçinin aşkar edilmiş narkotik və psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 15 yanvar 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli 2223 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan bir ədəd kağız paketdə qablaşdırılmış 1399,9 qram çəkidə narkotik vasitə heroin, 1023,149 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd kağız paketdə qablaşdırılmış 2009,95 qram çəkidə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, 1 ədəd «Redmi Note 8» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, həmçinin şəxsi axtarış və götürmə, avtomolbilə və evə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı 3 ədəd DVD-R formatlı disklər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş materiallarına əlavə edilmiş orderdən və hesabatdan görünür ki, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 35 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Femida» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 169 (yüz altmış doqquz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 169 (yüz altmış doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlanma yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1399,9 qram çəkidə narkotik vasitə heroin, 1023,149 qram çəkidə psixotrop maddə metamfetamin, 2009,95 qram çəkidə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Redmi Note 8» markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, avtomobilə və mənzilə baxış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 3 ədəd DVD-R formatlı disklər iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 169 (yüz altmış doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-753/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-753/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver