Məhkəmə qərarları › İş №1(101)-754/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-754/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-754/2021 31.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi oğunun iştirakları ilə, 16 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, istintaqa “Abbas” adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin oktyabr ayının sonlarında “Abbas”ın ona satış məqsədi ilə verəcəyi külli miqdarda narkotik vasitənin istintaqla müəyyən edilməmiş şəxsə satacağı halda 500 manat qazanc əldə edəcəyini razılaşdırdıqdan sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “beş mərtəbə” adlanan yerdən 106,608 qram heroini və bir ədəd elektron tərəzini götürməklə üzərində saxlayıb daşıyarkən 02 noyabr 2020-ci il tarixdə saat 19:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin inzibati binasına aparılmış, orada üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara və göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd 6x11 sm ölçüdə səthində heroinin izləri olan elektron tərəzi və bir ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 106,608 qram olan qəhvəyi rəngli küstar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, əvvəllər 6-7 ay müddətində narkotik vasitə olan heroindən istifadə etmiş, lakin tutulmamışdan qabaq 1 aya yaxın müddət ərzində narkotik vasitədən istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün o və anası evdə olmuşlar. Birdən qapı döyülmüş və qapını açdıqda tanımadığı 7-8 nəfər evə daxil olmuşdur. Bu şəxslərdən 3-ü polis, digərləri isə mülki şəxslər olmuş, həmin şəxslər evdə axtarış aparmağa başlamış, anasını və onu ayrı otaqlara keçirmişlər. Daha sonra əlini qandallamışlar və onu təhqir edərək vurmuşlar. İçəriyə daxil olan şəxslərdən birinin əlində sellofan olmuş və həmin şəxs digərlərinə sellofanı göstərib narkotik vasitə tapdığını bildirmişdir. Daha sonra onu 10 saylı Polis bölməsinə aparmışlar. Orada ona narkotik vasitənin ona aid olduğunu qəbul etməsini, əks halda valideynini də məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Bölmədə o, 1 saat müddətində ifadəsində nə deyəcəyi barədə təlimatlandırılmış və ona buraxılacağını bildirmişlər. Ona ifadəsində İran İslam Respublikası vətəndaşı olan “Abbas” adlı şəxsdən narkotik vasitəni götürməsi və narkotik vasitəni başqa şəxsə çatdırmaq qarşılığında 500 manat pul alacağını deməsi bildirilmiş, o da deyilən kimi ifadə vermişdir. Əslində həmin narkotik vasitə onun üzərindən aşkar olunmamış və ona məxsus deyildir. İbtidai istintaq zamanı ifadəsini təzyiq altında vermişdir və həmin ifadəsi həqiqəti əks etdirmir. Daha sonra ona deyilmişdir ki, qardaşı polis işçilərinə onu azad etmək üçün evdə 4000 manat miqdarında pul olduğunu bildirmiş, polis işçiləri həmin pulun yerini ondan öyrənib gecə saat 12 radələrində təkrar evinə getmişlər. Anasının dediklərinə əsasən polis işçiləri ondan xəbər gətirdiklərini bildirmiş, bu zaman biri evdə anası ilə danışıb onu məşğul edib, digəri isə otağa girib anasına məxsus olan 4050 manat müalicə pulunu, 22 qram ağırlığında olan qızıl boyunbağını və 3 ədəd işlənmiş mobil telefonu götürmüş və otaqdan çıxanda yenə narkotik vasitə tapdığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, “Abbas” adlı xarici ölkə vətəndaşını əvvəllər tanımış və ondan şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. “Abbas” müəyyən yerlərə 2-3 qram narkotik vasitə qoymuş və o, gedib narkotik vasitəni götürmüş və istifadə etmişdir. Onun evindən tapılmış narkotik vasitə və elektron tərəzi ona məxsus deyildir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadələrində göstərmişdir ki, o, bir müddət narkotik vasitələrdən istifadə etmiş, həmin narkotik vasitələri o, şəhərin müxtəlif yerlərindən tanımadığı şəxslərdən almış, təxminən 7 gün əvvəl “whatsapp” sosial şəbəkəsində "Abbas" adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və həmin gün də “Abbas” adlı şəxs ona Yasamal rayonu, “beş mərtəbə” deyilən yaşayış sahəsinin yaxınlığında narkotik vasitə olan heroinin olduğunu, həmin narkotik vasitəni götürüb özündə saxlamasını və 2 gündən sonra onunla bir nəfər şəxsin əlaqə saxlayacağını və götürmüş olduğu narkotik vasitə olan heroini həmin şəxsə verəcəyini, görəcəyi işin müqabilində ona həmin şəxsin mükafat kimi 500 manat pul verəcəyini bildirmişdir. O, da “Abbas” adlı şəxsin göstərdiyi yerə getmiş və həmin yerdə narkotik vasitə ilə birlikdə bir ədəd tərəzi görmüşdür. O, həmin narkotik vasitə olan heroini və tərəzini götürərək əynində olan gödəkçənin sağ yan cibinə qoyaraq yaşadığı Lökbatan qəsəbəsinə gəlmişdir. O, həmin narkotik vasitədən təxminən 1-2 qram öz şəxsi istifadəsi üçün istifadə etmişdir. Ona Abbas adlı şəxs bildirmişdir ki, mobil telefon vasitəsi ilə hər an zəng edə bilər, buna görə də o, həmin narkotik vasitə olan heroini və tərəzini üzərində gəzdirirmişdir. 02 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi ev 15 ünvanının qarşısında piyada hərəkət edən zaman sonradan polis əməkdaşı olduğunu bildiyi şəxslər onu saxlayıb Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsinin inzibati binasına aparmışlar. Burada üzərinə vəkilin iştirakı ilə videçəkilişlə şəxsi axtarış keçirilmişdir. Üzərindən 1 büküm heroin, 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 noyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Azərbaycan Respublikası Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onlar tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 02 noyabr 2020-ci il tarixdə, saat 19:00 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, ev 15 ünvanın qarşısında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin inzibati binasına gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan vəkil dəvət edilərək vəkilin iştirakı ilə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 noyabr 2020-ci il tarixli qərara əsasən Qaradağ RPİ-nin 10-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində qara və göy rənglərdə olan idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd elektron tərəzi və 1 ədəd şəffaf sellofan bağlamada açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik maddə heroinə bənzər kütləni, idman şalvarının sol yan cibindən özünə məxsus 1 ədəd AA******* seriyalı şəxsiyyət vəsiqəsini və 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan idman şalvarının sol yan cibindən 11 (on bir) manat aşkar edilmişdir. Həmin 1 (bir) ədəd sellofan büküm ilə birlikdə 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon bu barədə Asifə izah verildikdən sonra götürülmüş və 11 (on bir) manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni “whatsapp”dan tanış olduğu İran İslam Respublikası vətəndaşı “Abbas” adlı şəxsdən Bakı şəhəri, Yasamal rayonu, “beş mərtəbə” deyilən yaşayış sahəsinin yaxınlığından əldə etdiyini, sonradan “Abbas" adlı şəxsin tapşırığı ilə narkotik vasitə olan heroini başqa şəxsə verəcəyini və görəcəyi işin qarşılığında isə həmin şəxsin ona 500 (beş yüz) manat məbləğində pul verəcəyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara şahid cavab olaraq Şahid1 bildirdi ki, Asifə qarşı heç bir fiziki, psixi zorakılıq hərəkətləri tətbiq edilməmişdir. Onlar Asifin evinə basqın etməmişlər. Yer uyğun olmadığından onlar Asifin üzərinə baxışı idarədə aparmış, Asifi evində deyil, binanın qarşısında saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Asifə qarşı heç bir fiziki, psixi zorakılıq hərəkətləri tətbiq edilməmişdir. O, Asifin anasının 4050 manat pulunu, qızıl sepini götürməmişdir. Asifi yaşadığı binanın qarşısında saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Asif ailə qurduqdan sonra həyat yoldaşı ilə münasibətləri pozulduğundan boşanmışdır. Onların həmin nigahdan bir azyaşlı qız övladı vardır. Asifin yaşadıqları məhəllədə hamı ilə münasibətləri yaxşı olmuşdur. Asif yaşadıqları mənzilə heç vaxt narkotik vasitə gətirməmişdir. Onun oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməmişdir. Asif tutulan gün o, xəstə olmuş və ona sistemlər köçürülmüşdür. Həmin gün gecə saat 02:30-da 10-a yaxın polis əməkdaşı onun evinə hücum edərək Asifin qoluna qandal vurub evlərini darmadağın edərək axtarış aparmağa başlamışlar. Amma evlərindən və Asifin üzərindən narkotik vasitə aşkar edilməmişdir. Məhkəmədə verilən əlavə suallara şahid cavab olaraq Şahid3 bildirdi ki, polis əməkdaşları onların evlərinə qanunsuz olaraq daxil olmuşlar. Onlar həmin narkotik vasitəni özləri ilə gətirmişlər. Polis əməkdaşları ona qarşı da çox kobud hərəkətlər etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 02.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara və göy rənglərdə olan idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd elektron tərəzi və 1 ədəd şəffaf sellofan bağlamada açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik maddə heroinə bənzər kütlə, idman şalvarının sol yan cibindən özünə məxsus 1 ədəd AA******* seriyalı şəxsiyyət vəsiqəsi və 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərində qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan idman şalvarının sol yan cibindən 11 (on bir) manat aşkar edilmişdir. Həmin sellofan bağlamada olan 1 (bir) büküm elektron tərəzidə çəkilmiş, heroinə bənzər həmin kütlənin 110,61 qram olması müəyyən edilmişdir. Həmin büküm 1 (bir) ədəd elektron tərəzi ilə birlikdə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüşdür (iş vərəqi 31-33). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskə baxış keçirilməsi barədə 01.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara və göy rənglərdə olan idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd elektron tərəzi və 1 ədəd şəffaf sellofan bağlamada açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik maddə heroinə bənzər kütlə, idman şalvarının sol yan cibindən özünə məxsus 1 ədəd AA******* seriyalı şəxsiyyət vəsiqəsi və 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərində qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan idman şalvarının sol yan cibindən 11 (on bir) manat aşkar edilmişdir. Həmin büküm 1 (bir) ədəd elektron tərəzi ilə birlikdə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 11 (on bir) manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni “whatsapp”dan tanış olduğu İran İslam Respublikası vətəndaşı “Abbas” adlı şəxsdən Bakı şəhəri, Yasamal rayonu, “beş mərtəbə” deyilən yaşayış sahəsinin yaxınlığından əldə etdiyini, sonradan “Abbas” adlı şəxsin tapşırığı ilə narkotik vasitə olan heroini başqa şəxsə verəcəyini və görəcəyi işin qarşılığında isə həmin çəxsin ona 500 (beş yüz) manat məbləğində pul verəcəyini bildirmişdir (iş vərəqi 93). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03.11.2020-ci il tarixli, 6/2371 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN “Zərflər üçün № 7” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd sellofan bağlamada təmiz çəkisi 106,608 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd ölçüsü 6x11 sm olan elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthindəki iz mikrohissəcikləri çəkiyə gəlmədiyindən təmiz çəkisini, habelə tədqiqatın aparılması üçün yetərsiz olduğundan sellofan bağlamada olan heroinlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik ) manat təşkil edir (iş vərəqi 40-43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 21.12.2020-ci il tarixli, 3504 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 94-95). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 28.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyəti olan hər hansı əşya aşkar olunmamışdır (iş vərəqi 79-82). İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 02.11.2020-ci il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqi 72-74). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 98-99). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xətəxanası” X7 11.01.2021-ci il tarixli, 417 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır (iş vərəqi 100). İşdə olan 19.01.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 106,608 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd 6x11 sm ölçüsündə olan elektron tərəzi maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 106,558 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-yə təhvil verilmişdir. Həmin cinayət işindən İran vətəndaşı “Abbas” adlı şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqi 103- 111, 133). İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05.02.2014-cü il təvəllüdlü X3 adında uşağı vardır (iş vərəqi 97). İşdə olan Qaradağ Rayonu Mənzil Kommunal Təsarrüfat Birliyinin 30.06.2021-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Qəmbərov X4 qəsəbəsi, A.Şəbiyev küçəsi, ev 15, mənzil 13 ünvanında qeydiyyatsız kirayənişin kimi yaşayır, barəsində 152 saylı MKİS-ə qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır (iş vərəqi 97). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və tərəzi aşkar olunmaması, polis işçilərinin onun evindən anasına məxsus olan 4050 manat pulunu, qızıl boyunbağını götürmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək, həmçinin onun ifşa olunmasında iştirak etmiş polis əməkdaşlarının məsuliyyətə cəlb olunmaq məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayətin halları barədə daha düzgün ifadələr vermişdir, o, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 noyabr 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 22, 70-71). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 02 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan 106,558 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan 106,558 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar