Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-754/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən), Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinə 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)–754/2022 saylı cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ittiham aktı 12 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən təsdiq edilərək eyni tarixli məktubla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə ibtidai istintaq orqanı tərəfindən tərtib edilən ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs oğlu 08 avqust 2002-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin Xüsusi Dövlət Mühafizə Xidmətində (hazırkı adı ilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində) 2-ci şöbənin əməkdaşı işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid3 vasitəsilə tanış olduğu Şahid1 sonuncunun rəhbərlik etdiyi “Zəngəzur” şirkəti ilə Dövlət Miqrasiya Xidməti arasında dəyəri 595000 manat olan Şəki şəhəri S.Mumtaz küçəsində Şəki regional Miqrasiya İdarəsinin inzibati binasının tikilməsinə dair 07 yanvar 2013-cü il tarixli, eləcə də dəyəri ******* manat 99 qəpik olan Ağsu rayonunda 06 mart 2014-cü il tarixli Ağsu regional Miqrasiya İdarəsinin inzibati binasının tikintisindən Dövlət Miqrasiya Xidmətinin borclu qaldığını bildirdiyi 600000 manat pulun alınmasında köməklik göstərilməsi barədə 2019-cu ilin noyabr ayında özünə müraciətindən sonra müxtəlif dövlət qurumlarında işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə guya 600000 manat pul vəsaitini Dövlət Miqrasiya Xidmətindən almaq imkanına malik olmasını Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsində yerləşən “Shah palace” restoranında görüşləri zamanı Şahid1 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 50000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2020-ci ilin yanvar ayında Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsində yerləşən “Shah palace” restoranında 30000 manat, 2020-ci ilin yanvar ayında qeyd edilən yerdə 20000 manat olmaqla, cəmi 50000 manat pul vəsaitini Şahid1 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 50.000 (əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.3-cü və digər maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə sonuncunun cinayət məsuliyyətindən azad edilməsi və yaxud əməlinin tövsifinin yüngülləşdirilməsində köməklik edilməsi ilə bağlı 2021-ci ilin avqust ayında tanışı Şahid6 vasitəsilə özünə müraciət etmiş Şahid4 Tofiq Əliyevin cinayət məsuliyyətindən azad edilməsi və yaxud əməlinin tövsifinin yüngülləşdirilməsi imkanına malik olmasını Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsində yerləşən “Urfa” restoranında görüşləri zamanı Şahid4 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Tofiq Əliyevin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 50000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid4 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, həmin adla 2021-ci ilin avqust ayında həmin restoranda 50000 manat pul vəsaitini Şahid4 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 50000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Tofiq Əliyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Şahid4 təhrik etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu ona istinad edilən cinayət əməllərini kapitan rütbəsində hərbi qulluqçu - Azərbaycan Respublikası Prezidentinin Xüsusi Dövlət Mühafizə Xidmətinin 2-ci şöbəsinin əməkdaşı olarkən törətmişdir. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Dövlət Mühafizə Xidmətinin 14 dekabr 2021-ci il tarixli 21/929m saylı məktubundan çıxarışdan da müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu 08 avqust 2002-ci il tarixdə qeyd olunan quruma həqiqi hərbi xidmətə qəbul edilmiş, 20 oktyabr 2021-ci il tarixdə isə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 68-ci maddəsinin tələbinə əsasən müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə hərbi məhkəmələr baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən işin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasında müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 68-ci, 75-ci, 174-cü, 299-cu və 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı:
1. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)–754/2022 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin.
2. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.