Məhkəmə qərarları › İş №1(101)-755/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-755/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-755/2021 19.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxx 1979-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Göygöl rayonunun Çaykənd kəndində daimi pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanda faktiki yaşamış, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxx 2020ci il tarixdə barəsində ”həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işi məhkəmənin icraatına daxil olmuş, sinayət işi 15 fevral və xx xxxxxx 2021-ci il tarixlərə, məhkəmənin hazırlıq iclasına təyin edilməklə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2020-ci ilin may ayının əvvəlində istintaqa məlum olmayan “Kamran” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 33,972 qram külli miqdar təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 39,384 qram külli miqdar təşkil edən kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, saxlayaraq daşımış, qeyd edilən narkotik vasitənin 33,972 qramının 3,154 qramını və psixotrop maddənin 39,384 qramının 0,502 qramını xx xxx 2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində X5 300 manata satmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün xx xxx 2020-ci il tarixdə, saat 23:00-da Bakı şəhər, Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində saxlanılaraq Bakı şəhər, Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasının xidməti otağına gətirilərək müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmaqla videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman sonuncunun əynindəki ağ rəngli şalvarın sağ cibindən bir ədəd qara rəngli pul qabının içərisində 1 ədəd elektron tərəzi, 2 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 30,028 qram külli miqdar təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə heroin, 1 ədəd şəffaf və 1 ədəd sarı rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 38,882 qram külli miqdar təşkil edən kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Baxış üçün ittiham aktı ilə məhkəməyə təqdim olunan həmin cinayət işi xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X9 tərəfindən vət.X6 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə xx xxx 2020-ci il tarixdə başlanılmış cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ayrılaraq ibtidai istintaq aparılmış, eyni şəxs tərəfindən cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmış və xx xxxxxx 2021-ci il tarixdə iş üzrə ittiham aktı tərtib edilmişdir. Cinayət işi üzrə ittiham aktı xx xxxxxx 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror – Abşeron rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Zaur Atakişiyev tərəfindən təsdiq edilərək xx xxxxxx 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında cinayət prosesinin iştirakçıları tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməsi təklif olunsa da, müəyyən olundu ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan bir sıra kobud qanun pozuntularına yol verilmiş, o cümlədən cinayət işi üzrə ittiham aktı təqsirləndirilən şəxsə münasibətdə təsviri-əsaslandırıcı və nəticə hissələrində Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş və bu pozuntuların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Bakı şəhər, Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ondan 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 9,160 qram və 20,868 qram olan, ümumi təmiz çəkisi 30,028 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 25,763 qram və 13,119 qram olan, ümumi təmiz çəkisi 38,882 qram təşkil edən, kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür (iş materialları, xx.xx.2020-ci il tarixli, 6/907 saylı ekspert rəyi). Həm də iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının gədiyi nəticəyə görə Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Bakı şəhər, Xəzər RPİnin əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl - xx xxx 2020-ci il tarixdə, günorta saatlarında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı kustar üsulla hazırlanmış heroin narkotik vasitəsindən 3,154 qram və kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsindən 0,502 qram Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində X7 adlı şəxsə 300 manata satmışdır(iş materialları, xx.xx.2020-ci il tarixli, 6/906 saylı ekspert rəyi). Məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə sübutlar qiymətləndirilərkən, daha sonra Təqsirləndirilən şəxs qarşı yeni məzmunda ittiham irəli sürülərkən və ən nəhayət, iş üzrə ittiham aktı tərtib olunarkən cinayət işi üzrə məhkəməyədək icraat zamanı məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan pozuntularına yol verilmiş, sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarda Təqsirləndirilən şəxs özündən xx xxx 2020-ci il tarixdə 2 (iki) ədəd bükümdə aşkar olunub götürülən heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 30,028 qram, xx xxx 2020-ci il tarixdə sonuncunun satmış olduğu heroin narkotik vasitəsinin çəkisinin 3,154 qram olması miqdar olaraq ekspert rəylərinə uyğun olaraq göstərilsə də, nəticədə Təqsirləndirilən şəxs ümumi olaraq əldə edib saxladığı heroin narkotik vasitəsinin ümumi çəkisi (30,028 +3,154) 33,182 qram qeyd olunmalı olduğu halda, bu rəqəm səhv hesablamanın nəticəsi olaraq 33,972 qram (0,79 qram artıq) kimi qeyd edilmişdir. Müəyyən olunan bu səhv, olduğu kimi, Təqsirləndirilən şəxs qarşı yeni məzmunda ittiham irəli sürülərkən onun təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında xx xxxxxx 2021-ci il tarixli qərara və iş üzrə tərtib olunmuş ittiham aktının təsviri əsaslandırıcı və nəticə hissəsinə də daxil edilməklə təkrarən buraxılmışdır. Bundan başqa, cinafət işi öyrənilərkən müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli sübutları qiymətləndirmə barədə qərarına əsasən xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində X7 adlı şəxsdən 3,154 qram heroin narkotik vasitəsi və 0,502 qram metamfetamin psixotrop maddəsi aşkar edilib götürülməsi və s. fakta görə olan ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs və qeyrisi barəsində ayrıca icraatda ********* saylı cinayət işi ayrılmış, həmin qərarla X3 götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3,154 qram heroin narkotik vasitəsinin 3,004 qram hissəsi və 0,502 qram metamfetamin psixotrop maddəsinin 0,442 qram hissəsi ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir (iş materialları: cild İİ, səh.223-237). Bundan sonra Təqsirləndirilən şəxs özündən xx xxx 2020-ci il tarixdə aşkar olunub götürülən 30,028 qram heroin narkotik vasitəsi, 38,882 qram metamfetamin psixotrop maddəsi və bir ədəd elektron tərəzi sonuncunun barəsində olan ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, həmçinin həmin maddi sübutlara iş üzrə tərtib olunan ittiham aktında hüquqi qiymət verilmiş və hətta ittiham aktına əlavə olunan arayışa əlavə edilmişdir (iş materialları: cild İİİ, səh.19-37, ). Lakin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, ********* saylı cinayət işi üzrə X3 aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın məzmununa ittihamın əsası və sonuncunun özündən götürülmüş narkotik vasitənin və psixotrop maddənin tərkib hissəsi kimi daxil edilmiş 3,154 qram heroin narkotik vasitəsi və 0,502 qram metamfetamin psixotrop maddəsi Təqsirləndirilən şəxs haqqında tərtib olunan ittiham aktında və sair qərarlarda hüquqi cəhətdən qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs, cinayət işi hələ birgə icraatda istintaq olunarkən qeyd olunan narkotik vasitə və psixotrop maddənin tədqiqatı ilə bağlı aparılan xx.xx.2020-ci il tarixli, 6/906 saylı ekspert rəyi ilə tanış edilmiş olsa da, cinayət işi üzrə ibtidai istintaq qurtardıqdan sonra həmin narkotik vasitə və psixotrop maddə maddi sübut kimi tanış olması üçün Təqsirləndirilən şəxs təqdim olunmamış, 3,154 qram heroin narkotik vasitəsi və 0,502 qram metamfetamin psixotrop maddəsi ilə tanış ola bilməsi üçün Təqsirləndirilən şəxs şərait belə yaradılmamışdır. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokolda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə cinayət işinin materialları ilə yanaşı, onlara həm də iş üzrə maddi sübutlarla tanış olmaq təklif edilmiş, lakin sonuncular bundan imtina etmişdir. Qeyd olunan protokolda isə məhz hansı maddi sübutlarla tanış olmaq təklif olunduğu ümumiyyətlə qeyd olunmamışdır(iş vərəqə: cild İİİ, səh.95-96). Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə tərtib olunan ittiham aktından görünür ki, müstəntiq X3 aşkar edilərək götürülmüş 3,154 qram heroin narkotik vasitəsinin və 0,502 qram metamfetamin psixotrop maddəsinin tədqiqatı ilə bağlı aparılan xx.xx.2020ci il tarixli, 6/906 saylı ekspert rəyini sübut növü kimi qiymətləndirsə də, həmin rəy üzrə olan narkotik vasitəyə və psixotrop maddəyə baxılan iş üzrə hər hansı formada münasibət bildirməmiş, həmin maddi sübutların harada saxlanılması, qeyd olunan maddi sübutların gələcək taleyinin necə həll olunmalı olması barədə ittiham aktında heç bir qeyd aparmamışdır(iş vərəqə: cild İİİ, səh.107-125). Məhkəmə hazırlıq iclasında isə Təqsirləndirilən şəxs cinayət işinin materiallarının və həmin iş üzrə maddi sübutların ona real olaraq təqdim olunmadığını, cinayət işinin materialları və həmin iş üzrə maddi sübutlarla tanış olmadığını bildirdi. İşdə olan, Xəzər RPİ-nin İstintaq Şöbəsinin rəisi tərəfindən İdarənin rəisinə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli raportdan görünür ki, həmin raport təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış edildiyi gün Təqsirləndirilən şəxs özündən aşkar olunub götürülən 30,028 qram heroin narkotik vasitəsinin və 38,882 qram metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış hissələrinin RPİ-nin saxlancına verilməsini təmin etmək məqsədilə tərtib olunmuşdur. Göründüyü kimi, qeyd olunan raportda X3 aşkar edilərək götürülmüş 3,154 qram heroin narkotik vasitəsindən, 0,502 qram metamfetamin psixotrop maddəsindən və hətta Təqsirləndirilən şəxs barəsində olan iş üzrə maddi sübut kimi tanınmış bir ədəd elektron tərəzidən söhbət belə, getməmişdir (iş vərəqə: cild İİİ, səh.95-96). Azərbaycan Respublikası CPM-nin 223.1-ci maddəsinin tələblərinə görə şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Həmin Məcəllənin 223.3, 223.3.2 və 223.3.4-cü maddələrinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində digər məlumatlarla yanaşı, cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.3-cü maddəsinin tələblərinə görə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində digər məlumatlarla yanaşı, həm də cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar da (CPM, 289.3.1ci maddə) göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri, yəni cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və s. əks etdirilir. Azərbaycan Respublikası CPM-nin: - 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi); - 91.5.13. etirazlar etmək və vəsatətlər vermək; - 91.5.18-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək; - 91.5.19-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; - 91.5.22-ci maddəsinə əsasən ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq təqsirləndirilən şəxsin müdafiə hüquqlarıdır. Azərbaycan Respublikası CPM-nin 85.2.1-ci maddəsinə əsasən …… cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. Həmin Məcəllənin 85.3-cü maddəsinin tələblərinə görə cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Məhkəmə kollegiyası cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində yol verilmiş prosessual pozuntuları müzakirə edib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, yuxarıda müzakirə olunan prosessual hüquqi faktlar mövcuddur və yol verilmiş həmin pozuntular cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi, yəni Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan, məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan kobud prosessual pozuntular kimi qiymətləndirilməli və cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) (303.3.1.); cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması (303.3.6.) kimi və s. kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxx 2021-ci il tarixdə başa çatmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxx 2020-ci il tarixdə barəsində ”həbs” qətimkan tədbiri seçilmiş, daha sonra isə onun həbsdə saxlama müddəti xx xxxx 2021-ci il tarixədək uzadılmış və o, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmaqdadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 159-cu maddəsinin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri və onun həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqda qalacağı təqdirdə istintaqdan və ya məhkəmədə qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə və ən nəhayət, yeni cinayətlər törədə bilmə ehtimalının olması nəzərə alınmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, Azərbaycan Respublikası CPM-nin 306.2 və 306.2.1-ci maddələrinin tələbləri baxımından onun həbsdə saxlanma müddətinin xx xxxx 2021-ci il tarixdə başa çatacağı nəzərə alınmaqla hazırkı mərhələdə uzadılmamalı, onun həbsdə saxlanma müddətinin daha sonra uzadılması məsələsinə baxılması cinayət təqibi orqanının səlahiyyətlərinə aid edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X8 haqqında xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.3.1, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər, Xəzər rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin xx xxxx 2021-ci il tarixdə başa çatacağı nəzərə alınsın və həmin tarixədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X8 haqqında xüsusi qərar çıxarılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar