Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-755/2024 10.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair məhkəmənin baxış iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, həmin cinayət işi üzrə məhkəmə aidiyyəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir və buna görə də cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2021-ci il tarixli 2476 nömrəli “Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkili haqqında” Sərəncamına əsasən Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmişdir. Həmin Sərəncamın müddəalarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası 31 may 2021-ci il tarixli qərarı ilə özünün 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”-nda dəyişiklik etmişdir. Dəyişikliyə əsasən yeni yaradılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyası müəyyən edilmişdir. Aşağıda sadalanan ərazi vahidləri - Abşeron rayonu, Xaçmaz rayonu, Xızı rayonu, Qobustan rayonu, Quba rayonu, Qubadlı rayonu, Qusar rayonu, Siyəzən rayonu, Sumqayıt şəhəri, Şabran rayonu, Şamaxı rayonu, Şuşa rayonu və Zəngilan rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyataxtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsin 40.000 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək göndərdiyi və Sumqayıt şəhəri, Yaşma bağları ərazisində dənizin sahilində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 108 kq 900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 36 kq 103,106 qram çəkidə heroini, külli miqdarda 1 kq 505 qram çəkidə tiryəki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in İİ siyahısına daxil olan təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 200 qram olan 5000 ədəd metadon həbini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxıl olan külli miqdarda 34 kq 973,4 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmiş, cinayətkar razılaşmaya uyğun olaraq narkotik vasitə heroinin bir hissəsini Təqsirləndirilən şəxs1, bir hissəsini isə Təqsirləndirilən şəxs2 üzərində saxlamış, narkotik vasitə heroinin qalan hissəsini, eləcə də əldə etdikləri digər narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Niva” markalı, **-KX-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla Sumqayıt şəhəri, Yaşma bağlarında yerləşən “Nihad” marketin yaxınlığına daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 may 2023cü il tarixdə saat 00:15-də Sumqayıt şəhəri, Yaşma bağlarında yerləşən “Nihad” marketin yaxınlığında saxlanılaraq BNMİ-nə gətirilmişlər və orada həmin tarixdə saat 03:00-dan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşığı 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 52,762 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 isə əynində olan gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 44,944 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 20 may 2023-cü il tarixdə saat 4:15-dən BNMİ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Niva” markalı, **-KX-*** qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları və razılıqları ilə baxış keçirilən zaman avtomobildən onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 1 ədəd narıncı rəngli sintetik torbadakı 20 ədəd polietilen bağlamalarda ümumi çəkisi 25480,2 qram; 1 ədəd ağ rəngli sintetik torbadakı 20 ədəd polietilen bağlamalarda ümumi çəkisi 22899,2 qram; 1 ədəd narıncı rəngli sintetik torbadakı 20 ədəd polietilen bağlamalarda ümumi çəkisi 20040,2 qram; 1 ədəd boz rəngli sintetik torbadakı 10 ədəd polietilen bağlamalarda ümumi çəkisi 26952,2 qram və 1 ədəd ağ rəngli sintetik torbadakı 12 ədəd polietilen bağlamalarda ümumi çəkisi 13528,2 qram olmaqla, ümumilikdə 82 ədəd bağlamada külli miqdar təmiz çəkisi 108 kq 900 qram olan narkotik vasitə qurudulmuş marixuana, 19 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000,1 qram; 990,2 qram; 1000,2 qram; 1000,2 qram; 1020,2 qram; 978,2 qram; 1005,6 qram; 1990,4 qram; 1010,4 qram; 998,5 qram; 998,2 qram; 1003,4 qram; 4036,2 qram; 3000,5 qram; 3955,6 qram; 2990,1 qram; 3004,5 qram; 3015,8 qram; 3007,1 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 36 kq 5,4 qram olan heroin, 1 ədəd bağlamada ümumilikdə külli miqdarda təmiz çəkisi 1 kq 505 qram olan tiryək, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 200 qram olan 5000 ədəd metadon həbi və 17 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 13986,7 qram; 2004,4qram; 998,1 qram; 1006,6qram; 1993,1qram; 1992,1qram; 1997,0 qram; 996,7 qram; 1005,4 qram; 999,1 qram; 1009,6 qram; 1968,2 qram; 1007,8 qram; 998,0 qram; 998,0 qram; 1007,3 qram; 1005,3 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 34 kq 973,4 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İttihamdan da göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Yaşma bağlarında yerləşən “Nihad” marketin yaxınlığında olduqları zaman DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tərəfindən saxlanıldıqlarına görə onların iradələrindən asılı olmayaraq əməllərinə son verildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 5-ci bəndinin müddəalarına əsasən həmin cinayət Sumqayıt şəhəri ərazisində başa çatmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham ağır cinayət olmaqla Sumqayıt şəhərində törədildiyindən və Sumqayıt şəhəri ərazi yurisdiksiyasına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69,3, 74.1 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69,3, 74.1 və 75.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-755/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-755/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver