Məhkəmə qərarları › İş №1(101)-756/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-756/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-756/2021 03.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və nümayəndə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə xx xxxx 1984-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri Nəsimi rayonu, Y.Nəsibbəyli küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olduğu barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 əvvəllər Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işləmiş və işdən çıxmış oğlu Şahid2 həmin xidmətə işə bərpa olunmasına köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunu həmin xidmətdə rəis köməkçisi vəzifəsinə təyin etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs2 aldadaraq vahid niyyətlə əhatə olunanan qəsdlə 2019-cu ilin oktyabr ayının sonlarında ünvan 1 ünvanda yerləşən «Ay işığı» restoranının qarşısında 100.000 (yüz min) manat, bundan təxminən bir həftə sonra ünvan 2 ünvanda yerləşən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında 20.000 (iyirmi min) manat və 2019-cu ilin noyabr ayının ortalarında isə ünvan 3 ünvanda yerləşən «xxxx» ASC-nin baş ofisinin inzibati binasının qarşısında 20.000 (iyirmi min) manat olmaqla ümumilikdə ona məxsus 140.000 (yüz qırx min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında gizir rütbəsində işləmiş və işdən çıxmış Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 həmin alayda işinə bərpa olunmasına köməklik göstərməsi ilə bağlı ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunu həmin işə bərpa etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs1 aldadaraq 3 mart 2020-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Lider» Televiziyasının inzibati binasının qarşısında ona məxsus 13.000 (on üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər iki dəfə məhkum olunmuş və 2018-ci ilin iyun ayında azadlığa çıxmışdır. 2019-cu ilin yay ayında Bakı şəhərində Şahid2 ilə tanış olmuşdur. Sonuncu ilə söhbət zamanı onun DTX-nin keçmiş əməkdaşı olduğunu, lakin ailəsində olan problemlərə görə öz ərizəsi ilə işdən çıxdığını öyrənmişdir. Bundan sonra onun Rəşad ilə münasibətləri yaxınlaşmış və bir neçə dəfə Bakının müxtəlif istirahət mərkəzlərində görüşmüşlər. Söhbətlərin birində Rəşad ona DTX-nə yenidən bərpa olunmaq istədiyini deyib, ondan tanış adamının olub-olmadığını soruşmuşdur. Sonuncuya tanış adam tapıb, işini düzəldəcəyini bildirmişdir. Bundan sonra Rəşadı aldatmaq fikrinə düşmüşdür. Həmin vaxt onun başqa şəxslərə borcları olduğuna görə Rəşaddan pul alıb borclarını bağlamaq və sonradan Rəşadın pulunu qaytarıb, işin alınmadığını demək qərarına gəlmişdir. Rəşad ilə növbəti görüş zamanı onu DTX-nə zabit rütbəsində işə bərpa elətdirəcəyini bildirmişdir. Rəşad ondan işi kimin vasitəsi ilə görəcəyini soruşduqda o, işi yüksək vəzifəli şəxslərin vasitəsi ilə həll edəcəyini bildirmişdir. Bir müddət sonra Bakı şəhərində Rəşad və onun atası Tərixanla görüşmüşdür. Görüş zamanı Tərixana oğlunu DTX rəhbərinin köməkçisi kimi zabit rütbəsində işə bərpa etdirəcəyini və bunun üçün 140.000 manat pul lazım olduğunu bildirmişdir. Tərixan məbləğin çox olduğunu bildirsə də, sonradan onun dediyi ilə razılaşmışdır. 2019-cu ilin oktyabr ayının sonlarında Tərixan və Rəşad ilə Nizami rayonu ərazisində «Ay işığı» şadlıq sarayının qarşısında sonuncuya məxsus qara rəngli avtomobildə görüşmüşlər. Görüş zamanı Tərixan oğlu Rəşadın işinin həll edilməsi üçün ona ilkin olaraq 100.000 manat pul vermişdir. Təxminən bir həftə sonra Tərixan və Rəşad ilə Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında görüşmüşlər. Yenə Rəşadın avtomobilində olan görüşdə Tərixan ona əlavə olaraq 20.000 manat pul vermişdir. O, Tərixandan pulu sayıb götürmüşdür. Sonuncu təxminən bir həftə sonra pulun qalanını da düzəldib gətirəcəyini bildirmişdir. O, etiraz etməmiş və Tərixanla razılaşmışdır. Bir həftə sonra Tərixan və Rəşad ilə Yasamal rayonu İnşaatçılar prospektində yerləşən «xxxx»ın mərkəzi ofisinin qarşısında görüşmüşlər. Görüş zamanı Tərixan ona pulun qalan 20.000 manatını da vermişdir. Pulu aldıqdan sonra Tərixan və Rəşada narahat olmamalarını, pulu aparıb danışdığı vəzifəli şəxsə tam şəkildə verəcəyini və bərpa prosesinin təxminən 6 ay çəkəcəyini, sonra Rəşadın DTX-nə zabit rütbəsində bərpa olunacağını bildirmişdir. Sonuncularla sağollaşdıqdan sonra aldığı pullarla borclarını ödəmiş, bir hissəsini isə şəxsi işlərinə sərf etmişdir. Bu müddət ərzində həm Tərixan, həm də Rəşad onunla mütəmadi olaraq əlaqə saxlayıb, məsələnin nə yerdə olduğunu soruşmuşlar. Hər dəfə yalan vədlər verib, deyilən vaxtda Rəşadı işə düzəldəciyini bildirmişdir. 2020-ci ilin mart ayının sonlarında artıq Tərixanla Rəşad narazılıq edib işin yubandığını demiş, o isə koronovirus pandemiyasına görə işin ləngidiyini, lakin narahat olmamalarını bildirmişdir. 2020-ci ilin may ayının sonlarında işin alınmadığını görüb, Tərixan onunla münasibətləri pozmuş və pullarını geri istəmişdir. Bacardığı qədər Tərixanı sakitləşdirməyə çalışsa da, sonuncu polisə müraciət etmişdir. Digər Zərərçəkmiş şəxs1 qardaşı polis əməkdaşı Nəbinin vasitəsi ilə tanımışdır. Nəbi 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən «50 qəpik» restoranında mühafizə polisində işləmişdir. Sonuncu söhbət zamanı qardaşının əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işlədiyini, işdən çıxdığını və hazırda işə bərpa olunmaq istədiyini bildirmişdir. Nəbiyə qardaşının işə düzəlməsinə köməklik göstərəcəyinə söz vermişdir. Bir iki gün sonra Nəbinin yanına gedərkən təsadüfən qardaşı Məqsəd də orada olmuşdur. Söhbət zamanı o, işi həll edəcəyini, Penitensiar Xidmətində işləyən müəyyən şəxslərə hörmət etməli olduğunu bildirdib, bunun müqabilində 13.000 manat pul istəmişdir. Məqsəd və qardaşı Nəbi onunla razılaşmışdır. 3 mart 2020-ci il tarixdə Nəbi və Məqsədlə Yasamal rayonu ərazisində yerləşən «Lider» Televiziyasının qarşısında görüşmüşlər. Görüş zamanı Nəbinin qardaşı Məqsəd ona 13.000 manat pul və özünə məxsus sənədlərin surətlərini təqdim etmişdir. Məqsəddən pulu aldıqdan sonra iki ay ərzində işlə bağlı əmrinin veriləcəyini bildirmişdir. Həmin müddət ərzində o, maddi vəziyyətinin düzələcəyini güman edib, işin alınmadığını deyib Məqsədin pulunu qaytaracağını fikirləşmişdir. İki ay ərzində Nəbi və Məqsəd onunla əlaqə saxlayıb işlə maraqlanmışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda işinin həll olunacağını bildirmişdir. 2020-ci ilin iyul ayının sonlarında Nəbi və Məqsədlə görüşüb onlara narahat olmamalarını, avtomobilini satıb pulu qaytaracağını bildirmişdir. Lakin Nəbi və qardaşı Məqsədin onda gördükləri «BMV» markalı avtomobil dostu Elmara məxsus olmuşdur. Zərərçəkmiş şəxs1 aldığı 13.000 manatı şəxsi məqsədləri üçün xərcləmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, oğlu Şahid2 əvvəllər DTX-də işləmiş, lakin ailə problemləri ucbatından 2017-ci ildə öz ərizəsi ilə işdən çıxmışdır. 2019-cu ilin avqust- sentyabr aylarında oğlu Rəşad ona yenidən DTX-nə bərpa olunmaq istədiyini, bu məqsədlə keçmiş iş yoldaşı Hüseynin vasitəsi ilə Elçin adlı şəxslə tanış olduğunu bildirmişdir. Rəşad ona Elçinin yüksək vəzifəli tanışlarının olduğunu bildirmişdir. O, münasib bir zamanda Elçinlə görüşüb söhbət etmək lazım olduğunu demişdir. Bu söhbətdən təxminən bir həftə sonra oğlu ilə birlikdə Bakı şəhərində restoranların birində Elçinlə görüşmüşdür. Söhbət zamanı Elçin yüksək vəzifəli yaxın qohumlarının olduğunu, ölkədə istənilən şəxsin vəzifəyə təyin olunmasını həll edə biləcəyini demişdir. Bundan sonra Elçin ona hətta Rəşadı yüksək məbləğ müqabilində DTX rəisinin köməkçisi vəzifəsinə təyin etdirə biləcəyini bildirmişdir. Rəşad buna etiraz etməyərək həmin işə düzəlmək istədiyini bildirmişdir. Bundan sonra Elçindən hansı məbləğ müqabilində bu işi həll edə biləcəyini soruşmuş, sonuncu işin həlli üçün müəyyən şəxslərə 140.000 manat pul verməli olduğunu bildirmişdir. Məbləğ çox olduğundan bir az tərəddüd etmiş, Elçinə bu barədə fikirləşəcəyini və yenidən görüşəcəklərini bildirmişdir. Rəşadla bir daha bu barədə söhbət edərkən oğlunun bu işi çox istədiyini başa düşüb, ona narahat olmamasını, borc xərc edib Elçinə həmin məbləği verəcəyini bildirmişdir. 2019-cu ilin oktyabr ayının sonlarında oğlu Rəşadla birlikdə Nizami rayonu ərazisində yerləşən «Ay işığı» restoranında oğlu Rəşadın avtomobilində Elçinlə görüşümüş və deyilən puldan 100.000 manatı sonuncuya vermişdir. Elçin onların yanında pulu sayaraq narahat olmamalarını, pulu aparıb işi görən şəxsə verəcəyini, Rəşadın işə qəbulu üçün məsələləri başladacağını, lakin pul tam verildikdən sonra işin həll olunacağını bildirmişdir. Təxminən bir həftə sonra oğlu ilə birlikdə Elçinlə DGK-nin qarşısında avtomobildə görüşmüşdür. O, Elçinə aralarında danışılan puldan 20.000 manat da vermişdir. Elçin pulu sayıb cibinə qoymuş və onları arxayın salıb çıxıb getmişdir. Sonuncu dəfə təxminən 2019-cu ilin noyabr ayının ortalarında Yasamal rayonu ərazisində yerləşən «xxxx»ın inzibati binasının qarşısında oğlu Rəşadın iştirakı ilə Elçinlə görüşmüşlər. Görüş zamanı o, pulun qalan 20.000 manatını da Elçinə vermişdir. Sonuncu pulu aldıqdan sonra sabahdan məsələlərin tam şəkildə başlayacağını, təxminən 6 ay sonra yəni 2020-ci ilin mart-aprel aylarında oğlu Rəşadın əmrinin olacağını bildirərək çıxıb getmişdir. Həmin müddət ərzində bir neçə dəfə Elçinlə danışıb görüşmüşdür. Elçin ona işin həlli istiqamətində heç bir problemin olmadığını bildirmişdir. 2020-ci ilin aprel ayının sonlarında Elçinə 140.000 manat pulu aldığı vaxtdan 6 aydan çox vaxt keçdiyini, lakin heç bir nəticə olmadığını bildirmişdir. Elçin isə karantin rejimi ilə əlaqədar məsələnin gecikdiyini demişdir. Elçinə narazılıq edib pulunu geri tələb etmiş, sonuncu narahat olmamasını bildirərək yaxın müddətdə pulu verdiyi adamdan alıb geri qaytaracağına söz vermişdir. Lakin aradan xeyli vaxt keçsə də, pulunu qaytarmamışdır. Bundan sonra məcbur qalıb Elçinin onu aldatması barədə polisə müraciət etmişdir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı Nəbinin vasitəsi ilə tanımışdır. Əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar xidmətin mühafizə alayında gizir rütbəsində qarovul rəisi vəzifəsində işləmişdir. 2018-ci ilin iyun ayında öz ərizəsi ilə işdən çıxşmışdır. Lakin aradan bir müddət keçdikdən sonra başqa yerdə iş tapa bilmədiyinə görə yenidən əvvəlki işinə bərpa olunmaq istəmişdir. Bu barədə tanışlarına və ailə üzvlərinə demişdir. X6 adlı bir tanışının olduğunu, sonuncunun vasitəsi ilə onu işə bərpa etdirə biləcəyini bildirmişdir. Bir neçə gün sonra qardaşı Nəbi ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «50 qəpik» restoranında Elçinlə görüşmüşdür. Görüş zamanı sonuncu özünü nüfuzlu şəxs kimi təqdim etmiş, yüksək instansiyalarda həmçinin Ədliyyə Nazirliyində işləyən tanışlarının olduğunu, bu məsələni çox rahat yolla həll edə biləcəyini bildirmişdir. Elçindən bunun üçün nə qədər pul lazım olduğunu soruşduqda, sonuncu işin 13.000 manata başa gələcəyini bildirmişdir. Elçinə bu barədə fikirləşib məlumat verəcəklərini bildirmişdir. Evə gəldikdən sonra qardaşı Nəbi ilə məsləhətləşib, Elçinə dediyi pulu vermək qərarına gəlmişlər. Bir neçə gün sonra 3 mart 2020-ci il tarixdə Elçin ilə Yasamal rayonu ərazisində yerləşən «Lider» televiziyasının inzibati binasının qarşısında görüşüb, ona sənədlərinin surətlərini və 13.000 manat pul vermişdir. Elçin pulu saydıqdan sonra narahat olmamasını, təxminən iki ay müddətinə məsələni həll edəcəyini və əmrinin veriləcəyini vəd etmişdir. Lakin aradan uzun müddət keçsə də, Elçin verdiyi vədə əməl etməmişdir. O və qardaşı Nəbi dəfələrlə Elçinlə əlaqə saxlayıb görüşmüş və məsələnin nə yerdə olduğunu soruşmuşlar. Elçin hər dəfə onları müxtəlif bəhanələrlə aldadıb, narahat olmamalarını, yaxın vaxtlarda işə bərpa olunacağını bildirmişdir. Sonra işin düzəlmədiyini görüb Elçindən pulunu geri istəmişlər. Sonuncu ondan aldığı pulu bir neçə məsul şəxsə verdiyini, geri qaytara bilmədiyini bildirmiş və onu bir daha əmin edib, məsələnin həll olunacağını demişdir. Sonuncu dəfə Elçin ilə 2020-ci ilin iyul ayının sonlarında «Lider» televiziyasının yaxınlığında görüşmüşdür. Elçin həmin yerə «BMV» markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Söhbət zamanı Elçin məsələnin həll olunmadığını, pul verdiyi adamların onu aldatdığını bildirib, lazım gələrsə sürüdüyü avtomobili satıb pulu geri qaytaracağını bildirmişdir. Sonradan avtomobilin Elçinə məxsus olmadığını bilmişdir. 2020-ci ilin avqust ayından Elçin onların zənglərinə cavab verməmiş, bir müddət sonra ümumiyyətlə nömrəsinə zəng çatmamışdır. Sonradan Elçinin əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunduğunu öyrənmiş və polisə şikayət etmək qərarına gəlmişdir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nəsimi rayon Mühafizə İdarəsində polis baş serjantı rütbəsində polis nəfəri vəzifəsində xidmət edir. Xidmət yeri Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən «50 qəpik» restoranıdır. Orada işləyərkən Elçinlə tanış olmuş və aralarında yoldaşlıq münasibəti yaranmışdır. Elçin qızılı rəngdə «BMV» markalı avtomobillə tez-tez həmin restorana gəlmişdir. Söhbət zamanı Elçindən harada işlədiyini soruşduqda sonuncu, konkret vəzifə və idarə adı çəkməsə də, özünü yüksək dövlət instansiyasında işləyən şəxs kimi qələmə vermişdir. O, hər dəfə Elçinin iş yeri barədə maraqlansa da, ona bu barədə heç nə deməmişdir. 2020-ci ilin fevral ayında Elçinlə söhbət zamanı sonuncu ondan dövlət orqanlarında işləmək istəyən tanışlarının olub-olmadığını soruşmuşdur. O, qardaşı Məqsədin əvvəllər Penitensiar xidmətdə işlədiyini, sonradan işdən çıxdığını və hal-hazırda yenidən işə bərpa olunmaq istədiyini bildirmişdir. Elçin ona Penitensiar Xidmətdə çalışan dostlarının olduğunu bildirmişdir. O, qardaşının işinin necə həll olunacağını soruşduqda Elçin bir az xərcinin çıxacağını deyib getmişdir. Bir neçə gün sonra Elçin yenidən onun işlədiyi yerə gəlmişdir. Bu zaman təsadüfən qardaşı Məqsəd də onun yanında olmuşdur. Söhbət zamanı Elçin, qardaşının işə bərpası ilə maraqlandığını və 13.000 manat müqabilində işə eyni rütbə və vəzifədə bərpa etdirə biləcəyini demişdir. Həmin gün axşam evdə qardaşı Məqsəd ilə bu barədə danışmış və qardaşı işə bərpa üçün pulu vermək istədiyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra 3 mart 2020-ci il tarixdə, saat təxminən 15 radələrində qardaşı Məqsəd ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən «Lider» televiziyasının inzibati binasının qarşısında Elçinlə görüşmüşlər. Söhbət zamanı Elçin bir daha onları əmin edib narahat olmamalarını, təxminən 2 ay ərzində qardaşı Məqsədin işə bərpa olunacağına vəd vermişdir. Bundan sonra qardaşı Məqsəd onun yanında 13.000 manat pulu və özünə məxsus sənədlərin surətlərini Elçinə vermişdir. Sonuncu pulu aldıqdan sonra, dərhal aparıb Penitensiar xidmətdə işləyən tanışına verəcəyini demişdir. Bundan sonra onlar tez-tez Elçinlə əlaqə saxlayıb məsələnin nə yerdə olduğunu soruşmuşlar. Elçin hər dəfə onları əmin edib narahat olmamalarını bildirmişdir. İki ay başa çatdıqdan sonra Elçinlə görüşmüş, sonuncu ölkədəki karantin rejimi ilə əlaqədar məsələnin yubandığını bildirib, bir az da gözləmələrini xahiş etmişdir. O və qardaşı Məqsəd yenə də Elçinlə razılaşmışdır. Lakin sonradan Elçin müxtəlif bəhanələrlə onları aldatdığını başa düşmüşlər. Sonuncu dəfə Elçin ilə 2020-ci ilin iyul ayının sonlarında görüşmüşdür. Elçin qardaşının işi üçün pulu verdiyi adamların onu aldatdığını, lakin, o söz verdiyi üçün sürdüyü avtomobili satıb onların pulunu geri qaytaracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2014-cü ildən ləğv olunmuş Milli Təhülkəsizlik Nazirliyində işləmiş, 2017-ci ildə öz ərizəsi ilə işdən çıxıb özəl sahə üzrə fəaliyyət göstərmək istəmişdir. İş qura bilmədiyindən, bir müddət sonra yenidən işə bərpa olunmaq istəmişdir. Təqsirləndirilən şəxs ilə 2019-cu ilin yay aylarında keçmiş iş yoldaşı Hüseynlə restoranlardan birində olarkən tanış olmuşdur. Söhbət zamanı Elçin yüksək vəzifələrdə işləyən şəxslərin adını çəkib, onlarla əlaqələrinin olduğunu demişdir. Onlar bir-birlərinə mobil telefon nömrələrini vermiş, sonradan bir neçə dəfə görüşüb söhbət etmişlər. Elçin yüksək vəzifəli şəxslərin adını çəkərək ona işə düzəlməkdə köməklik edə biləcəyini bildirmişdir. Elçinə əvvəlki işinə bərpa olunmaq istədiyini demiş, sonuncu tanışlarının vasitəsi ilə onu DTX-da istənilən vəzifəyə təyin etdirə biləcəyini əminliklə vurğulamışdır. Bundan sonra o, evdə atası Tərixanla bu barədə danışmışdır. Atası onun istəyini başa düşmüş və işə düzəldən şəxsin kim olduğu barədə soruşmuşdur. Bir neçə gün sonra o, Elçinlə atasını görüşdürmüşdür. 2019-cu ilin sentyabr ayında görüş zamanı Elçin atasına onu DTX-nin rəsinin köməkçisi vəzifəsinə təyin etdirə biləcəyini bildirmişdir. Atası bu məsələnin necə həll olunacağını soruşmuş, X2 işləyən yüksək vəzifəli tanışının olduğunu və birbaşa həmin şəxsin vasitəsi ilə bu işi həll edəcəyini və bunun üçün 140.000 pul lazım olduğunu demişdir. Elçinin təklif etdiyi vəzifə onlarda maraq oyatmış, bu səbəbdən bir az düşünmək istəmişlər. Evdə atası ilə müzakirə edib, pulu vermək qərarına gəlmişlər. 2019-cu ilin oktyabr ayının sonlarında o, atası ilə birlikdə Nizami rayonunda «Ay işığı» restoranının qarşısında «Kia» markalı avtomobildə Elçinlə görüşmüşlər. Görüş zamanı atası Tərixan onun yanında Elçinə 100.000 manat pulu sayaraq vermişdir. Elçin pulu aldıqdan sonra işi başladacağını və məsələni tez bir zamanda həll edəcəyini vəd etmiş və pulun qalanını da tez bir zamanda verməli olduğunu bildirmişdir. Həmin görüşdən təxminən 5 gün sonra onlar yenidən Elçinlə DGK-nin inzibati binasının qarşısında görüşmüşlər. Görüş zamanı atası avtomobilin içərisində 20.000 manat pulu sayaraq Elçinə vermişdir. Sonuncu pulu sayıb götürmüş, demək olar ki, işin yekunlaşdığını, qalan 20.000 manatı da verdikdən sonra məsələnin həll olunacağını bildirmişdir. Təxminən bir həftə sonra 2019-cu ilin noyabr ayının ortalarında yenidən Elçinlə «İnşaatçılar» prospektində yerləşən «xxxx»ın inzibati binasının qarşısında görüşmüşlər. Görüş zamanı atası qalan 20.000 manatı da sayıb Elçinə vermişdir. Sonuncu pulu aldıqdan sonra aparıb Prezident Aparatında işləyən yaxın tanışına verəcəyini, onun vasitəsi ilə məsələni həll edəcəyini və təxminən 6 ay ərzində işin baş tutacağını vəd etmişdir. Atası və o, Elçindən işi kimin vasitəsi ilə həll edəcəyini soruşsalar da, sonuncu konkret ad çəkməmişdir. 140.000 manat pulu tam verdikdən sonra onlar tez-tez Elçinlə əlaqə saxlayıb, görüşüb söhbət etmişlər. Elçin hər dəfə onlara narahat olmamalarını, işin öz axarında getdiyini bildirmişdir. 2020-ci ilin aprel ayında vaxt tamam olmuş və Elçinlə danışıb məsələnin niyə həll olunmadadığını soruşmuşlar. Sonuncu karantin rejiminə görə məsələnin yubandığını bildirmişdir. Növbəti görüş zamanı Elçin onları aldatdığını etiraf edib, pulu qaytarmaq üçün vaxt istəmişdir. Atası Tərixan da Elçinlə görüşüb verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Elçin hər dəfə müxtəlif bəhanə gətirdiyindən, atası polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, DTX-nin Xüsusi Təyinatlı Baş İdarəsində şöbə rəisi vəzifəsində xidmət edir. Şahid2 əvvəllər onunla eyni orqanda işləmiş, sonradan öz ərizəsi ilə işdən çıxmışdır. Rəşad işdən çıxandan sonra da onların münasibəti davam etmişdir. 2019-cu ilin yay aylarında Rəşadla çay evlərindən birində olarkən tanışı Təqsirləndirilən şəxs onun yanına gəlmişdir. Elçinin harada işlədiyi, nə işlə məşğul olduğu barədə onun məlumatı olmamışdır. Elçin söhbət zamanı həmişə özünü nüfuzlu, yüksək instansiyalarda işləyən şəxslərlə yaxın münasibətlərinin olan şəxs kimi təqdim etmişdir. Çay evində olarkən Elçinlə Rəşadın söhbətlərinin yaxşı alındığını hiss etmişdir. Bir müddət sonra Rəşadla telefonda danışarkən ondan Elçinlə əlaqəsinin olub-olmadığını soruşmuşdur. Rəşad ona Elçinlə hərdənbir danışdığını bildirmişdir. Rəşada Elçini yaxşı tanımadığını, onun sözlərinə etibar etmədiyini, vədlərinə inanmamasını demiş, Rəşad ona narahat olmamasını, Elçinlə heç bir iş görmədiyini bildirmişdir. 2020-ci ilin may ayında Rəşad və atası Tərixan ona zəng edib, görüşmək istədiklərini bildirmişdir. Görüş zamanı Tərixan Rəşadı DTX-nin rəisinin köməkçisi vəzifəsinə işə düzəltmək üçün Elçinə 140.000 manat pul verdiyini bildirmişdir. Rəşada Elçin barədə xəbərdarlıq etdiyini xatırlatmışdır. Rəşad isə həmin vaxt Elçinlə aralarında bu barədə söhbət olmadığını demişdir. Bundan sonra o, həmin gün Elçinlə görüşüb bu barədə soruşmuş, Elçin ona həqiqətən də Rəşadı DTX rəisinin köməkçisi vəzifəsinə düzəltmək üçün 140.000 manat pul aldığını etiraf etmişdir. Elçinə aldığı pulu təcili qaytarmasını bildirmişdir. İşin 1-ci cildinin 12-ci vərəqindəki 2 iyun 2020-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Şahid2 140.000 manat aldığını təsdiq edərək, 15 iyun 2020-ci il tarixə kimi qaytaracağını göstərmişdir. Məhkəmə-psixiatrik ekspertizasının 20 oktyabr 2020-ci il tarixli 2096 saylı rəyindən görünmüşdür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 158-ci vərəqindəki maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, «Azercell» Telekomdan alınmış və baxış keçirilmiş bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 54-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 202-204-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 1 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirimiş, CM-də dəyişikliklər tətbiq olunmaqla əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuş və cəzası 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilmiş, Xəzər rayon məhkəməsinin 28 iyun 2018-ci il tarixli qərarı ilə şərti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün vaxtından əvvəl azad edilmiş, 23 avqust 2019-cu il tarixdə cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İşin 1-ci cildinin 160-161-ci vərəqlərindəki «dəymiş ziyanın ödənilməsi haqqında» protokol və qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş ziyandan 5.000 (beş min) manat ödənilmişdir. İşdəki Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə mülki iddia ərizəsindən görünür ki, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyana görə 140.000 (yüz qırx min) manat, mənəvi zərərə görə 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə 160.030 (yüz altmış min otuz) manat pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşdəki Zərərçəkmiş şəxs1 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun xeyrinə 13.000 (on üç min) manat pul tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, CM-nin 65.2-ci madəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətini başlanğıcı şübhəli şəxs kimi tutulduğu 11 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə mülki iddiaları müzakirə edərək hesab edir ki, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə mülki iddiası qismən, Zərərçəkmiş şəxs1 mülki iddiası isə tam təmin edilərək, Təqsirləndirilən şəxs 135.030 (yüz otuz beş min otuz) manat Zərərçəkmiş şəxs2 xeyrinə, 13.000 (on üç min) manat isə Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən etmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə mülki iddiası qismən, Zərərçəkmiş şəxs1 mülki iddiası isə tam təmin edilsin, Təqsirləndirilən şəxs 135.030 (yüz otuz beş min otuz) manat Zərərçəkmiş şəxs2 xeyrinə, 13.000 (on üç min) manat isə Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. Maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar