Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-756/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - "Kredo" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 01 sentiyabr 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 18 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 22 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 12,621 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə saat 15:20-də Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 29 “D” ünvanının qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda 7,020 qram və 5,601 qram olmaqla, ümumilikdə 12,621 qram çəkidə külli miqdarda psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü onun avtomobili «Qurtuluş 93» yaşayış massivinin yanında başqa maşınla arxadan vurulmuş, o da, maşından düşərək həmin maşının sürücüsü ilə danışmış, daha sonra isə avtomobilini təmir etdirmək üçün ustanın yanına aparmışdır. Orada olarkən təxminən 6-7 nəfər tanımadığı polis əməkdaşları həmin yerə gəlmiş, onu tutmuş və maşına mindirərək idarəyə aparmışlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Polis əməkdaşları əvvəlcə ona hansısa oğurluq hadisəsində iştirak etdiyini söyləmiş, bunu araşdırdıqdan sonra onun adı çəkilən cinayət hadisəsi ilə əlaqəsi olmadığını görmüşlər. Həmin oğurluq hadisəsi Saray qəsəbəsində baş vermişdir. Fevral ayının 22-də polis əməkdaşları onu tutmuş, 2-3 saat sonra üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt vəkil də iştirak etmiş və videoçəkiliş aparılmışdır. Sonradan videoçəkilişlə bağlı protokol tərtib olunmuşdur. Polis əməkdaşları onu saxladıqdan sonra narkotik vasitəni onun cibinə qoymuşlar. Saxlanıldığı zaman üzərində hər hansı xəsarət olmamışdır. Həmin cinayəti boynuna almadığı üçün ona tok verilmişdir. Saxlanılarkən polis əməkdaşı Şahid2 də iştirak etmişdir. Onu əvvəlcə Bakı İstintaq Təcridxanasına aparmışlar, daha sonra yenidən çıxarıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirmişlər. Həmin idarədə yenə onu döyməyə davam etmişlər. İkinci dəfə də onu yenə oğurluq hadisəsinə görə gətirmişlər və oğurluq hadisəsini boynuna almasını söyləmişlər. O, bununla razılaşmamışdır. 2021-ci ildə cəzadan azad olunmuşdur. Əvvəllər narkotik vasitədən istifadə etməmişdir. İşin ibidai istintaqı zamanı ekspertizadan keçirilmişdir. Bakı İstintaq təcridxanasına aparılarkən artıq narkotik söhbəti olmuşdur. O, maşınını vuran şəxsi tanımamış və həmin şəxsin maşınının nömrəsini xatırlamır. Döyülməyi ilə bağlı prokurorluğa və Ombudsmana şikayət etmiş, oradan cinayət işnin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-ın 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etsə də, son aylar ərzində psixotrop maddə qəbul etməmişdir. 21 fevral 2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında gəzərkən yolun kənar hissəsində yerdə 2 ədəd bükümün olmasını görmüşdür. Həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olmasını bilib, qeyd olunan bükümləri götürüb şalvarının cibinə qoymuşdur. Həmin bükümləri uyğun vaxt tapan kimi istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 22 fevral 2023-cü il tarixdə saat 15 radələrində ünvan 4 ünvanın yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Polis idarəsinə gəlmişdir. Polis idarəsində müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində psixotrop maddə olduğunu bildirib, əynində olan cins şalvarının sol yan cibindən 2 ədəd şəffaf selofan bükümü, həmin şalvarın sağ yan cibindən “İphone” markalı mobil telefonu və 33 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 2 ədəd selofan büküm açılarkən içərisindəki psixotrop maddələr aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən əlavə əşya və predmet aşkar edilməmişdir. Qeyd olunan bükümlər 1 ədəd zərfə qoyulub üzəri möhürlənərək götürülmüşdür. Mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 33 manat pul isə özünə qaytarılmışdır. Şifahi sorğu zamanı həmin psixotrop maddəni yaşadığı ünvanın yaxınlığında piyada hərəkət edən zaman tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 68-70). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs protokoldakı imzaların və sonda yazılan qeydin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, istintaq vaxtı ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 22 fevral 2023-cü il tarixdə Baş İdarəyə Masazır qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 22 fevral 2023-cü il tarixdə günorta saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Masazır qəsəbəsinə getmişlər. Ərazidə müşahidə apararkən saat 15:00 radələrində İstiqlaliyyət küçəsi, 29 «D» saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs oxşar şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərindəki əşyaları təqdim etmək təklif olunduqda, Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirərək, əynindəki şalvarın cibindən 2 ədəd şəffaf selofan bükümü, “İphone” markalı telefonu və 33 manat pulu təqdim etmişdir. Həmin bükümlərin içərisində ağ rəngli, kristal şəkilli metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd selofan bükümlərdəki maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon götürülmüş, 33 manat pul isə onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tutulmamışdan bir gün öncə yaşadığı ünvanın yaxınlığından tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Verilən sualları cavablandıran Şahid1 təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni narkotik vasitələrin əldə edilib saxlanması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, oğurluq barədə onda hər hansı məlumat olmadığını və Təqsirləndirilən şəxs hansısa oğurluğa görə saxlanılmadığını, təqsirləndirilən şəxsə qarşı hər hansı təsir və ya təzyiq olunmadığını, onu piyada hərəkət endən zaman saat 15:00 radələrində saxladıqlarını, bu zaman onun yanında heç kim olmadığını, saxlanıldıqdan nə qədər keçdikdən sonra üzərinə baxış keçirildiyini xatırlamadığını iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 22 fevral 2023-cü il tarixdə keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılıb Baş idarəyə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı psixotrop maddə metamfetaminin aşkar olunması ilə bağlı keçirilmiş əməliyyat tədbirində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 22 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 15:20-də ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 2 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 32-33). Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişlə həyata keçirilmiş və DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Həmin diskdə olan videogörüntülər cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd DVD disk 17 avqust 2023-cü il tarixli qərarla ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild1, iş vərəqi 156-165). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1091 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan iki ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,020 qram, 5,601 qram olmaqla ümumi təmiz çəkisi 12,621 qram təşkil edən ağ rəngli kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild1, iş vərəqi 44-48). İbtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 12,621 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 12,521 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild1, iş vərəqi 84-86). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1668 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik eydiyyata alınması məsləhət görülür (cild1, iş vərəqi 146-147). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 22 fevral 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 119-120). Cinayət işi üzrə təqsirləndirilən şəxs cəlb edilmiş Təqsirləndirilən şəxs törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair göstərdiyi xüsusatlar üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild1, iş vərəqi 143-145). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi və onun narkotik vasitələrin satışı ilə məşğul olması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə istintaq tapşırığı verilmiş, verilmiş tapşırığa 3-13-6/2- 4307/23 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı İlə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsi, həmçinin narkotik vasitə və psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 94-95, 115). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 ay 18 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqi 103-107, 109-110). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, hadisə günü avtomobilini təmir etdirmək üçün ustanın yanına apardığını və orada olarkən təxminən 6-7 nəfər tanımadığı polis əməkdaşları tərəfindən saxlanılaraq Baş idarəyə aparıldığını, polis əməkdaşlarının ona əvvəlcə hansısa oğurluq hadisəsində iştirak etdiyini söylədiklərini, lakin həmin hal təsdiq olunmadığına görə polis əməkdaşlarının onun cibinə narkotik vasitə qoyduqlarını, saxlanıldığı zaman üzərində hər hansı xəsarət olmadığını, həmin cinayəti boynuna almadığı üçün ona tok verildyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində onu döydüklərini və oğurluq hadisəsini boynuna almasını söylədiklərini, lakin bununla razılaşmadığını, əvvəllər narkotik vasitədən istifadə etmədiyini bildirdi və öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddələrin özünə məxsus olduğunu, onları saxlanıldığı gün yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, polis işçiləri tərəfindən tutularkən və polis idarəsində olarkən hər hansı fiziki və psixoloji təzyiqlərə məruz qalmadığını bildirmişdir. Həmçinin, cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq məqsədi olmadığını, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2023cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 22 fevral 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və ona təzyiqlər göstərilməsi səbəbindən özünə aid olmayan psixotrop maddələrin özünə məxsus olduğunu etiraf etməsi ilə bağlı gətirdiyi dəlillə bağlı məhkəmə qeyd edir ki, həmin dəlillər də məhkəmə iclasında hərtərəfli yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmənin sorğusuna Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından daxil olmuş məktuba əsasən, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təcridxanaya gətirilmiş, müayinə zamanı xəsarət aşkar edilməmiş, sol saidin ön səthində çox saylı köhnə çapıq toxuma müşahidə olunmuşdur. Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 273-s-23 saylı məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, təcridxanadan daxil olmuş məlumat əsasında rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs, onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, həmçinin müvafiq məhkəmə-tibb ekspertizası keçirilmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq 16 iyun 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 273-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar sonradan təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxsin ittihamda qeyd edilən yerdə yox, polis əməkdaşları tərəfindən öz avtomaşınını təmir etdirmək üçün ustanın yanında olan zaman saxlanılması barədə gətirdiyi dəlillə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə ifadə versə də, nə o, nə də ki, müdafiəçisi tərəfindən bu halın təsdiq olunması üçün sübut təqdim edilməmiş, bu barədə vəsatət verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, döyülərək təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş psixotrop maddələrin özünə məxsus olduğunu etiraf etməsini, onun psixotrop maddələrdən istifadə etməsi hallarının olması, lakin narkomaniya xəstəliyindən əzab çəkməməsi barədə ekspertiza rəyini, aşkar olunmuş maddələrin 2 ayrı bükümlərdə olmasını, həmçinin aşkar edilmiş psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadə verməsini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış çoxsaylı sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etməsi cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 ay 18 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən törətdiyi ağır cinayət əməlinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir və bu hal Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1668 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılmaqla Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 12,521 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmiş və bununla bağlı 30 saat vaxt sərf etmişdir. Odur ki, müdafiə xərcləri kimi hesablanmış 180 (yüz səksən) manat pul vəsaiti Bakı şəhəri, «Kredo» Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 12,521 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 65 (altımış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsi müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Kredo» Vəkil bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-756/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-756/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver