Məhkəmə qərarları › İş №1(101)-757/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-757/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-757/2024 09.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - "Yusifbəyli və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Abşeron rayon Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır şossesinin cənubunda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 17 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 4,092 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən küçəsi, “Həkəri” istirahət mərkəzinin yaxınlığına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 may 2023-cü il tarixdə saat 13:30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,896 qram və 2,196 qram olmaqla, ümumilikdə külli miqdarda - 4,092 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 1 (bir) ədəd 1 manatlıq əskinas aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər tanıdığı bir qızla danışıb onunla görüşmək barədə razılaşmış, özü narkotik istifadəçisi olduğuna görə görüş zamanı narkotikdən istifadə etmək istəmişdir. Bu məqsədlə 16 may 2023-cü il tarixdə saat 17 radələrində yarım qram heroin alaraq qızla birlikdə "Lake” otelə getmişdir. Oteldə olarkən həmin narkotik vasitənin bir hissəsindən istifadə etmiş, 1 çəkimlik narkotiki isə səhəri gün üçün saxlamışdır. Həmin gecə qızla birlikdə oteldə qalmışlar. 17 may 2023-cü il tarixdə saat 13 radələrində oteldən qızla birlikdə çıxmış, yolun kənarında olan mağazaya girib özünə siqaret almaq istəyərkən iki nəfər mülki geyimli şəxs onu saxlayaraq polis əməkdaşları olduqlarını bildirmiş və polis idarəsinə aparmışlar. Onu saxlayarkən polis işçiləri üzərində narkotik vasitə olub- olmamasını soruşmuş, o da, az miqdarda narkotik olduğunu demiş və yerini göstərmişdir. Polis işçiləri özləri gedib maşından narkotiki götürüb gəlmiş, başqa narkotik vasitələrin olub-olmadığını soruşduqda, olmadığını bildirmişdir. Onu polis idarəsinə apararkən maşında vurmuşlar. Yolda gedərkən xanımın da narkotik vasitədən istifadə edibetmədiyini soruşmuşlar, o, etmədiyini dedikdə, polis işçiləri xanımı yolda düşürmüşlər. Polis işçiləri ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin işçiləri olduğunu demişlər. İdarəyə çatandan sonra polis əməkdaşları ondan 20 min manat pul istəmiş, o da, tapa bilməyəciyini bildirmişdir. Daha sonra 10 min manata, sonra isə 5 min manata düşsələr də, o, həmin məbləğdə pulu olmadığını demişdir. Bundan sonra polis işçiləri yenə onu vurmağa davam etmiş və onun dişi qırılmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları tərəfindən döyülmüş və döyülməyi ilə bağlı vəkili şikayət etmişdir. Sonra prokurorluqdan nümayəndə gəlmiş və onun izahatını almışdır. Saxlanılarkən onun üzərində 0,1 qram çəkidə narkotik qalmışdır. Üstünə və maşınına baxış keçiriləndə vəkil iştirak etmişdir. Polis işçiləri onu vəkilin də yanında vurmuşlar. Ümumiyyətlə, o, tutulmamışdan təxminən 7-8 ay əvvəldən narkotiklərdən istifadə etməyə başlamışdır. Otelə gedəndə o, özü ilə istifadə etmək üçün heroin aparmışdır. Belə ki, o, hərdən düşəndən-düşənə narkotik vasitədən istifadə etmişdir. Hər gün təxminən 0,3 qram narkotik vasit qəbul etmişdir. Onun yanında olan qızın adı Rəqsanə olmuş, lakin qız narkotikdən istifadə etməmişdir. Onun saxlanılmasında iştirak edən polis əməkdaşı adının Teymur olduğunu demiş, lakin videoçəkiliş aparılan vaxtı həmin əməkdaşlardan birinin adının Tural, digərinin adının isə Tunar olduğunu bildirmişdir. Bakı İstintaq təcridxanasına qəbul olunanda onun ağzına baxmamışlar. Sonradan ekspertizaya aparılanda o, dişinin qırıldığını demiş, lakin ekspert də onun ağzına baxmamış və dişinin qırıldığını görməmişdir. Polis əməkdaşları onu əllərinin içi ilə sifət nahiyəsindən vurmuş, buna görə də onun dişi qırılmışdır. Həmçinin onun sifəti şişmiş, yanağı içəridən partlamışdır. Sifətində qançır izi olmamışdır. Videoçəkilişdən əvvəl polis işçiləri onu vurmuş, çəkiliş vaxtı üzünün şişkinliyi hiss olunmuşdur. O, müstəntiqin adını bilməmiş, onu cəmi bir dəfə görmüş, həmin vaxt da müstəntiq gecə saat 2-də onun yanına gəlmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə istintaqın ilkin mərhələsində verdiyi ifadəsi arasında ziddiyyətlər olduğuna görə həmin ifadələr elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 17 may 2023-cü il tarixdə saat 13:30-da Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən küçəsi, “Həkəri” istirahət mərkəzinin yaxınlığında idarə etdiyi “Kia Optima” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Üzərində narkotik vasitə varsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusunu, gödəkçəsinin sol yan cibində olan 1 ədəd avtomobil açarını, boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “Honor” markalı mobil telefonu, 1 ədəd şəxsiyyət vəsiqəsini və şalvarının sol yan cibində olan 7 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 1 ədəd siqaret qutusuna baxış keçirildikdə içərisində iki ədəd gümüşü rəngli kağız bükümlər və 1 manat pul olması müəyyən edilmişdir. İki ədəd bükümə baxış keçirildikdə, içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Siqaret qutusunun içərisində olan 1 manat puldan həmin maddələrin qəbul edilməsində istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd gümüşü rəngli bükümlərdə olan narkotik vasitə heroin və 1 manat pul polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda üzərindən aşkar edilmiş bir ədəd avtomobil açarı və 7 manat pul özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində olarkən tanımadığı şəxsdən 60 manat müqabilində aldığını, əvvələr də narkotik vasitədən istifadə etdiyini, həmin maddədən keç kimə vermədiyini, keç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını və həmin maddəni şəxsi istifadə məqsədi ilə üstündə gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 58-61, 69-71). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılan qeydin ona məxsus olduğunu, həmin ifadə alınanda vəkilinin yanında olduğunu, onun ifadəsinin döyə-döyə alındığını, protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, 2023-cü il may ayında Baş idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında Nail adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və Baş idarəyə gətirilmişdir. Şəxsi axtarış videoçəkilişlə və müdafiəçinin iştirakı ilə aparılmış, bu zaman Təqsirləndirilən şəxs üzərindən iki büküm heroin və narkotik istifadə etmək üçün 1 manatlıq əskinas aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid1 bildirdi ki, əməliyyat qrupuna o, rəhbərlik etmiş, qrupda ondan əlavə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da olmuşlar. Onlar təqsirləndirilən şəxsi Binəqədi rayonu ərazisində 1-ci mədən küçəsində «Həkəri» restoranının yanında saxlamışlar. Bu zaman Nail tək və idarə etdiyi maşının yanında dayanmış vəziyyətdə olmuşdur. Şəxsi axtarış zamanı onun üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkar olunmuş, maşınına da baxış keçrilmiş, lakin maşından heç nə aşkar edilməmişdir. Saxlanılarkən və Baş idarəyə gətirilib əməliyyat tədbirləri keçirilərkən ona qarşı heç bir təsir və ya təzyiq olunmamışdır. Heç kim buraxılması üçün ondan pul tələb etməmişdir. Bu barədə, həmçinin guya onlar tərəfindən döyülməsi, işgəncə verilərək dişinin çıxarılması və üzərinə narkotik vasitə qoyulması barədə təqsirləndirilən şəxsin dedikləri onlara qarşı böhtandır. Bu cür hadisələr olmamışdır. Şəxsin üzərinə müdafiəçi gələndən sonra sonuncunun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 17 may 2023-cü il tarixdə keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılıb Baş idarəyə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı iki bükümdə narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 17 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanılması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən küçəsi, “Həkəri” istirahət mərkəzinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan iki ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütlələr və üzərində narkotik vasitə olan heroinə məxsus izlər olan 1 ədəd 1 manatlıq əskinas aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 27-29). Cinayət işində olan 14 iyul 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin diskə köçürülmüş videogörüntülərdə əks olunanlarla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolda qeyd olunanlar bir-biri ilə uyğunluq təşkil edir (cild 1, iş vərəqi 141). Məhkəmə-kimyəvi ekspertizasının 18 may 2023-cü il tarixli 6/2878 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd gümüşü kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,896 qram və 2,196 qram, ümumi təmiz çəkisi 4,092 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş 1 (bir) ədəd 1 manatlıq əsginas üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqatı aparmaq mümkün deyildir. Heroin 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi çəkisi - 4,092 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 3,992 qramdır (cild 1, iş vərəqi 44-49). İbtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,092 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,992 qram çəkidə narkotik vasitə heroin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild1, iş vərəqi 99- 100). Həmçinin istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomaşına baxış keçirilməsi videogörüntülərinin əks olunduğu 2 ədəd DVD disk, həmçinin telefon danışıqlarına dair məlumatların yükləndiyi 1 ədəd SD disk sübut kimi cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 129-130, 162-164). Məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2023-cü il tarixli 4502 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 165-166). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2372 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər, cinayəti törədən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir, hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 171-172). Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarı ilə əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 17 may 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 103-105). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 120-121). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik istifadəçisi olduğunu, 16 may 2023-cü il tarixdə saat 17 radələrində yarım qram heroin aldığını və tanışı olan qızla birlikdə "Lake” otelə getdiyini, oteldə olarkən həmin narkotikin bir hissəsindən istifadə etdyini, 1 çəkimlik narkotiki isə səhəri gün üçün saxladığını, gecəni qızla birlikdə oteldə qaldığını, 17 may 2023-cü il tarixdə saat 13 radələrində oteldən qızla çıxdığını, yolun kənarında olan mağazaya girib özünə siqaret almaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını, özündə olan az miqdarda narkotiki könüllü polis işçilərinə təqdim etdiyini, polis idarəsinə aparılarkən maşında döyüldüynü, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çatandan sonra polis əməkdaşlarının ondan pul istədiklərini, onun isə pulu olmadığını dediyini, polis işçilərinin yenə onu döyməyə davam etdiklərini və nəticədə onun dişinin qırıldığını, döyülməyi ilə bağlı vəkilinin şikayət etdiyini, sonra prokurorluqdan nümayəndənin gələrək onun izahatını aldığını, saxlanılarkən onun üzərində 0,1 qram çəkidə narkotik olduğunu, Bakı İstintaq təcridxanasına qəbul olunanda onun ağzına baxmadıqlarını, sonradan ekspertizaya aparılanda dişinin qırıldığını dediyini, lakin ekspertin də onun ağzına baxmadığını və dişinin qırıldığını görmədiyini, polis əməkdaşları onu döydüyünə görə sifətinin şişdiyini və yanağının içəridən partladığını, videoçəkilişdən əvvəl polis işçilərinin onu vurduqlarını və çəkiliş vaxtı üzünün şişkinliyinin hiss olunduğunu bildirdi və öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarışın qeydə alındığı diskə baxış zamanı videogörüntülərdə Təqsirləndirilən şəxs iddia etdiyi kimi gözlə görünən hər hansı xəsarət izlərinin olması, onun dişinin qırılması ilə əlaqədar narahatlıqları müəyyən olunmur. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin özünə məxsus olduğunu, heroini 16 may 2023-cü il tarixdə Xırdalan şəhərində olarkən tanımadığı şəxsdən 60 manat müqabilində aldığını, əvvələr də narkotik vasitədən istifadə etdiyini, həmin maddədən keç kimə vermədiyini, keç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmadığını və həmin maddəni şəxsi istifadə məqsədi ilə üstündə gəzdirdiyini bildirmişdir. Həmçinin qeyd olunmalıdır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 17 may 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamda özünü qismən təqsirli bildiyini, 60 manat məbləğində 2 qram narkotik vasitə olan heroini öz istifadəsi üçün aldığını, satış məqsədi ilə alamdığını, ona qarşı şiddət və təzyiqin olmadığını, əməlindən peşman olduğunu bildirib barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsində olarkən döyülməsi, işgəncələrə məruz qalması, bunun nəticəsi olaraq ona məxsus olmayan narkotik vasitələrin özünə aid olduğunu etiraf etməsinə dair məhkəmədə gətirdiyi dəlillə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, həmin hallar həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, hələ ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müraciəti əsasında Bakı şəhəri, Nərimanov rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış, cinayət işinə əlavə edilmiş 07 avqust 2023-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 421-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarı ilə prokurorluğun həmin qərarı ləğv edilmiş və şikayət əsasında əlavə araşdırma aparılması ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılmışdır. Nərimanov rayon prokurorluğu tərəfindən yenidən araşdırma aparılaraq xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması təkrar rədd edilmişdir. Nərimanov rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə prokurorluğun xx.xx.2023-cü il tarixli qərarı da ləğv edilmiş və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi yenidən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılmışdır. Nərimanov rayon prokurorluğunun 15 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından növbəti dəfə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar təkrar müdafiəçi tərəfindən məhkəmədə mübahisələndirilmiş, lakin Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərarı ilə Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərar müdafiə tərəfindən apellyasiya qaydasında da mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsinə dair Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, həmin xüsusat üzrə hərtərəfli araşdırma aparılmış, müdafiə tərəfi bununla bağlı bütün hüquqi prosedurlardan istifadə etsə də, Təqsirləndirilən şəxs saxlanılarkən və polis idarəsində olarkən döyülməsi, işgəncələrə məruz qalması, bunun nəticəsi olaraq ona məxsus olmayan narkotik vasitələrin özünə aid olduğunu etiraf etməsinə dair xüsusatlar öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, döyülərək təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə görə, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum olunsa da, onun məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 17 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2023-cü il tarixli 4502 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,992 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmuş üzərində heroin izləri olan bir ədəd 1 manatlıq pul əskinası məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı və avtomobilə baxış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı iki ədəd DVD disk, həmçinin telefon danışıqlarına dair məlumatların yükləndiyi 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,992 qram çəkidə narkotik vasitə heroin və narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmuş üzərində heroin izləri olan bir ədəd 1 manatlıq pul əskinası məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və avtomaşına baxış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı iki ədəd DVD disk, həmçinin telefon danışıqlarına dair məlumatların yükləndiyi 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 65 (altımış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar