Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-758/2025 12.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və müdafiəçi - "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, üç azyaşlı uşağı olan, orta təhsilli, "X5 LTD" şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Fizuli şəhəri, PMK-15 qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, 17 avqust 2024-cü il tarixdə təqsiri boynuna almaqla könüllü gəlmiş və şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 17 avqust 2024cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə rəsmi nikah münasibətində olduğu bibisi qızı Zərərçəkmiş şəxs istifadəsində olan "Samsung" markalı mobil telefonda başqa şəxslə fotoşəklini görüb, sonuncunun xəyanət etdiyi bildikdən sonra qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə 16 avqust 2024-cü il tarixdə saat 23:37-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən "Rahat Market" satış məntəqəsindən aldığı zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını alıb, daha sonra idarə etdiyi "Nissan Sunny" markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilində övladları ilə birlikdə Zərərçəkmiş şəxs işlədiyi "Dünya" gözəllik salonundan götürərək, sonuncunun anası X6 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısına gəlmiş, övladlarını evə yola saldıqdan sonra 17 avqust 2024-cü il tarixdə gecə saat 01 radələrində evin qarşısında avtomobilin içində Zərərçəkmiş şəxs məxsus mobil telefonu alıb ona xəyanət etdiyi şəxslə olan fotoşəklini göstərərək həmin şəxsin kim olduğunu dəqiqləşdirmək istəyərkən, yenidən həmin şəxslə başqa bir şən halda olan videosunu görmüş və Zərərçəkmiş şəxs həmin şəxsin kim olmasını soruşduqda, sonuncu, həyəcanlı şəkildə cavab vermədən evə doğru qaçmağa çalışmış, bu zaman o, avtomobildən dərhal enib evin darvazasının qarşısında qaçmağa çalışan Zərərçəkmiş şəxs bədənindən tutaraq xüsusi əzab verməsini dərk edib müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, xüsusi amansızlıqla sonuncunun ölümünə səbəb olan sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsin sağ yarısının sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, qaraciyərin zədələnməsinə səbəb olan döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, soltərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan qarının sağ ön-yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol böyrəyin və mədəaltı vəzin zədələnməsinə səbəb olan qarının sol yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd olmaqla, cəmi 5 (beş) ədəd canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan, sağ bel nahiyəsinin nüfuz etməyən 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sağ saidin 2 (iki) ədəd, sağ budun 1 (bir) ədəd olmaqla, cəmi 6 (altı) ədəd canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olan, ümumilikdə 11 (on bir) ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı, həm də bibisi qızı olmuşdur. Hadisə xəyanətə görə baş vermişdir. 2016-ci ildə onlar ailə qurmuş, birgə nikahdan 3 övladı olmuşdur. Bu hadisədən əvvəl də bir dəfə belə hadisə baş vermişdir. Həmin vaxt qohumları vasitəsilə barışmış və yenidən bir yerdə yaşamağa davam etmişlər. Sonradan yenidən belə bir hadisə baş vermişdir. O, Xumarın telefonunda tanımadığı bir şəxslə şəkillərini görmüş və həmin şəkli Xumara göstərmiş, kim olduğunu soruşmuşdur. Lakin həyat yoldaşı ona həmin şəxsin kim olduğunu deməmişdir. Daha sonra Xumar maşından düşüb getmiş, bu zaman o, bıçaqla Xumarı vurmuşdur. Törətdiyi əməldən peşmandır. Sualları cavablandıran Təqsirləndirilən şəxs 2016-cı ildən rəsmi qaydada evli olduqlarını, hadisə baş verməmişdən təxminən 10 gün əvvəldən həyat yoldaşından şübhələnməyə başladığını, Xumara telefon işlətməyə icazə vermədiyini, lakin qızının Xumarın telefon işlətdiyini ona dediyini, hadisə gününə qədər Xumarın telefonuna baxa bilmədiyini, hadisədən bir gün əvvəl telefonuna baxdığını və oğlanla olan şəklini gördüyünü, hadisə günü həyat yoldaşını işdən götürüb evə gətirdiyini, hadisə vaxtı uşaqları yanlarında olsalar da, onun bıçaqlanmasını görmədiklərini, həmin vaxt uşaqların artıq hasarın digər tərəfində olduqlarını, bıçağı mağazadan aldığını, bıçaqla Xumarı vuranda, sonuncunun qardaşını çağırdığını, Xumarı öldürmək məqsədi ilə vurduğunu, həmin vaxt bıçaqla əlini də kəsdiyini, hadisədən sonra öz qardaşı ilə birlikdə polis şöbəsinə gedərək təslim olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin vaxt iki bakal pivə içdiyini, ayıq olsaydı yəqin ki, hadisəni törətməyəcəyini, hadisədən 10-15 gün əvvəl Xumarın telefon işlətdiyini gördüyünü və Xumara onunla ayrılacağını bildirdiyini, onların qaldıqları evin ata evi olduğunu, qardaşının da həmin evdə yaşadığını, əvvəllər Xumarın telefonunda sevgi sms-ləri gördüyünü, hadisədən 6-7 gün əvvəl Xumarla barışdıqlarını, telefonunu götürüb baxanda şəkilləri gördüyünü, böyük uşağının 8 yaşı olduğunu, bundan əvvəl də bu cür hadisənin baş verdiyini, buna görə Xumara telefon işlətməyə qoymadığını, Xumarın gözəllik salonunda işlədiyini, məhlədə işlədiyi üçün Xumarı hamının tanıdığını, hazırda uşaqların qaynanasının himayəsində olduğunu, hadisə baş verdiyi yerdə yalnız özünün və Xumarın olduğunu, Xumara üç bıçaq zərbəsi vurduğunu xatırladığını, ekspertiza rəyində isə 11 bıçaq zərbəsi göstərildiyini, hadisəni törətdiyi vaxt uşaqlarının həyətdə olduğunu və hadisəni görmədiklərini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində bildird ki, hadisənin bilavasitə şahidi olmamışdır. Mərhum Xumar onun qızı, təqsirləndirilən şəxs Bəxtiyar isə qardaşı oğludur. Bəxtiyar Xumara telefon işlətməyə icazə verməmiş, Xumar bu barədə ona bildirmişdir. Qızı məhlədə gözəllik salonunda işləmişdir. O, Bəxtiyara Xumarın işlədiyini, müştərilərin ona zəng etdiyini bildirib, telefon işlətməsinə icazə verməsini istəmişdir. Xumarı işə, uşaqlarını isə məktəbə aparıb-gətirməsi üçün Bəxtiyara maşın da almışdır. O, uşaqlıqdan yetim böyütmüş, qardaşı da rəhmətə gedəndən sonra onun uşaqlarını özü böyütmüşdür. Hadisədən iki ay əvvəl onları ayırmış, çünki Xumar Bəxtiyarın ona telefon işlətməyə icazə vermədiyini və onu öldürəcəyini bildirmişdir. Hadisə günü oğlu Taleh ona zəng edib Bəxtiyarın Xumarı öldürdüyünü demişdir. O, dərhal hadisə yerinə deyil, xəstəxanaya getmişdir. Nəvəsi ona atasının maşının bardacokundan bıçağı götürüb anasına başını kəsəcəyini bildirmişdir. Sualları cavablandıran zərərçəkmiş şəxs X9 hansı səbəbdən Xumara telefon işlətməsinə icazə verməməsini bilmədiyini, Xumardan bunun səbəbini sorşuduğunu, lakin bununla bağlı ona bir şey demədiyini, hadisənin baş verməsinə səbəb telefonda olan şəkillərin olduğunu, mobil telefonda Xumarın bir nəfər «Bolt» sürücüsü ilə şəkili olduğunu, lakin özünün Bəxtiyarla bu mövzuda söhbəti olmadığını, Xumarın eyni taksi ilə işə gedibgəldiyini, taksi sürücüsünün adının Mətləb olduğunu və bir dəfə onların qapısının ağzına gəldiyini, bu zaman onun da Mətləbə salam verdiyini, sonradan bir dəfə onun maşını ilə rayona getdiklərini və Mətləbə 150 manat yol pul verdiyini, Mətləbi rayonda heç kimə kürəkəni kimi təqdim etmədiyini, hadisə vaxtı uşaqların maşında olduğunu, hadisədən əvvəl də bir dəfə onların aralarında mübahisə olduğunu, mübahisəyə səbəb isə Bəxtiyarın qızının telefonunda sevgi mesajları görməsi olduğunu, Təqsirləndirilən şəxs çox şeyləri yalan danışdığını və buna görə ondan şikayətçi olduğunu məhkəməyə bildirdi. Bununla belə, məhkəmə çıxışları mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisi Samirə Həsənova nəvələrinin xətrinə Bəxtiyarı bağışladığını, ona qarşı şikayəti və tələbi olmadığını qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərir. Mərhum Zərərçəkmiş şəxs ilk dəfə 2024-cü ilin yay aylarında taksi sifariş verdiyi üçün Balaxanı qəsəbəsində işlətdiyi “Dünya” gözəllik salonun qarşısından götürərkən tanış olmuşdur. Həmin vaxt onunla Xumar arasında söhbət olarkən, sonuncu özünü ərindən boşanmış qadın olduğunu bildirmişdir. Xumar ona dayısı oğlu ilə ailəli olduğunu, həmin evlilikdən 3 övladı olduğunu və ərinin içki aludəçisi olduğu üçün onu tez-tez döydüyünü, bu səbəbdən boşandığını demişdir. O, bunları bildikdən sonra Xumarla rahat olaraq görüşüb münasibət quraraq anası Samirə, qardaşı Taleh, bacısı Mehribanla tanış olmuş, onlar da onun Xumarla münasibəti barədə xəbərdar olmuşlar. 2024-cü ilin iyul ayının əvvəllərində Xumarın anası Samirə ona qohumlarından kimisə götürüb qızı Mehribanın yaşadığı Məhəmmədi kəndindəki evlərinə dəvət etmiş və o da, bibisi oğlu Ramizlə oraya getmişdir. Orada çay süfrəsində Xumarın anası Samirə onlara xeyir-dua verərək xoşbəxt olmalarını bildirmişdir. Bundan sonra o, tam rahat olmaq üçün Xumarı götürüb «Bibiheybət» məscidinə getmiş və sonradan rahat formada Xumarla əlaqə saxlamışdır. Daha sonra 2024-cü ilin iyulun ortalarında Samirə ilə Xumar ona qardaşı Talehin Beyləqan rayonundan qız istədiyini və bununla bağlı onlarla birlikdə ora getməyi xahiş etmişlər. Taleh, Xumar, Mehriban və uşaqlar onun maşınında, digər qohumları isə Samirənin maşını ilə Beyləqan rayonuna getmişlər. Orada Samirə ev sahiblərinə onu qohumu kimi təqdim etmişdir. Hətta orada olarkən Xumarın övladları onu «ata» deyə çağırmışlar. Qayıtdıqdan sonra onlar onu falçı yanına apararaq səbəbsiz yerə pul istəməyə başlamışar. Buna görə də, bundan bir neçə gün keçdikdən sonra o, Xumardan uzaqlaşmışdır. Həmin vaxt Samirə ona zəng edərək Xumarın artıq ailəsi ilə barışdığını dediyi üçün o da, buna sevinərək münasibətini kəsmişdir. O, Xumarı sonuncu dəfə 2024-cü il iyulun sonlarında görmüş və sonradan onunla əlaqə saxlamamışdır. Sonuncu dəfə evdə olarkən Xumarın rəfiqəsi Ruhiyyənin «Whatsapp»da statusunda Xumarın rəhmətə getməsi ilə bağlı məlumat paylaşdığını görmüş, Ruhiyyədən nə baş verməsi barədə yazanda ona Xumarın əri tərəfindən qətlə yetirildiyini demişdir. Sonradan anası Samirənin statusunu gördüyü üçün ona başsağlığı vermiş, anası səbəbsiz yerə ona qarğış etdiyindən onlarla bir daha münasibət saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs onun bacısı olmuş, 2015-cı ildə o, dayısı oğlu Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onların evlilikdən üç azyaşlı uşaqları vardır. Xumar qonşuluqda yerləşən «Dünya» gözəllik salonunda saç və dırnaq ustası kimi işləmişdir. Hadisədən iki həftə əvvəl bacısı Xumar ailədəki problemlərinə görə onlara gəlmiş və orada qalmaq istədiyindən anası razılaşmışdır. Bəxtiyar isə qardaşı Seyidəlinin Ramana qəsəbəsindəki evində qalmışdır. Daha sonra Bəxtiyar Xumarla barışıb evinə qayıtmış və onlarla birlikdə yaşamışdır. 16 avqust 2024-cu il tarixdə axşam saat 18 radələrində o, işdən çıxıb evə getmiş, həmin vaxt evdə heç kim olmamışdır. Anası balaca bacısı Mehribangilə getmişdir. 17 avqust 2024-cü il tarixdə gecə saat 12 radələrində evdə yataq otağında yuxuda olduğu zaman uca səslə Xumarın onu səslədiyini eşitmişdir. Gözünü açanda Xumarın əynindəki paltarının qanlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Xumar ona öləcəyini deyib üzərinə yıxılmış, o isə, həyəcandan nə edəcəyini bilməyib ilkin olaraq anasına zəng edib Xumarın öldüyünü demişdir. Daha sonra köməyə qonşuları çağırmış və qonşunun avtomobili ilə Xumarı 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Həmin vaxt Bəxtiyar artıq hadisə yerini tərk etmiş və buna görə də, onu görə bilməmişdir. Səhərə yaxın Xumar göstərilən tibbi yardımlara baxmayaraq, aldığı xəsarətlərdən vəfat etmişdir. Baş vermiş hadisədən sonra Bəxtiyarın bacısını xəyanət üstündə öldürdüyünü və sonra polis şöbəsinə gedib təslim olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 mərhum Zərərçəkmiş şəxs bacısı olduğunu qeyd edərək, qardaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı Şahid4 bildirdi ki, qardaşı Bəxtiyar 2016-cı ildə bibisi qızı Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, sonradan onların üç uşağı olmuşdur. Birgə yaşadıqları müddətdə onların ailədaxili problemləri olmuşdur. Hətta 2020-ci ildə Xumarın telefonla başqası ilə danışdığını tutmuş və bu səbəbdən onunla dalaşıb evdən qovmuşdur. Həmin söhbətə evin böyükləri müdaxilə etdiyi üçün qardaşı uşaqlarının xatirinə onu bağışlamış, bundan sonra ona telefon işlətməməsini demişdir. Xumar hadisədən bir il qabaqdan qonşuluqda yerləşən «Dünya» gözəllik salonunda saç və dırnaq ustası işləmiş, iki həftə əvvəl qardaşı Xumara telefon işlətməyə icazə verməməsinə baxmayaraq, işlədiyi salonda onun əlində telefon tutmuşdur. Bundan sonra Bəxtiyar bir müddət qardaşı Seyidəlinin evində yaşamış, onlarla bir müddət qaldıqdan sonra yenidən Xumarla barışıb evinə qayıtmışdır. 17 avqust 2024-cu il tarixdə saat gecə 01 radələrində qardaşı Seyidəli ona zəng edərək Bəxtiyarın bibisigilin evinin qarşısında Xumarı bıçaqladığını və təslim olmaq üçün Sabunçu RPİ, 12-ci Polis şöbəsinə gəldiyini demişdir. Bundan sonra o, polis şöbəsinə getmiş və orada qardaşını görə bilmədiyi üçün Xumarın yerləşdirildiyi 3 saylı şəhər xəstəxanasına getmişdir. Xumara olunan tibbi yardımlara baxmayaraq, o, səhər saat 8 radələrində vəfat etmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən, baxış keçirilən hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısıdır. Həmin ev Samirə Həsənovaya məxsusdur və hadisədən öncə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs və övladları ilə orada yaşamışdır. Baxış zamanı evin darvazasının giriş qapısı üzərində qanabənzər ləkələr aşkar edilmiş və nümunələr götürülmüşdür. Evin girişində olan dəmir darvazadan daxil olarkən evin həyəti müşahidə olunur. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən hər hansı əşya və ya iz müşahidə edilməmiş, müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 42-48). İşə əlavə edilmiş 17 avqust 2024-cü il tarixli meyitə baxış keçirirlməsi haqqında protokoldan görünür ki, təşrih masası üzərinə arxası üstə əynində qara rəngli trusik olan qadın cinsli meyit qoyulmuşdur. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır, uzanmış vəziyyətdə boyunun uzunluğu 158 sm-dir. Üzdən baxdıqda 25-30 yaşlarına uyğun gəlir. Əllə toxunduqda meyit zəif istidir, dəri örtükləri solğun rəngdə olub, qana bulaşmışdır. Meyit ləkələri bədənin arxa-yan səthlərində zəif intensivlikdə yerləşib, bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 30-40 saniyəyə bərpa olunur. Yoxlanılan adi əzələ qruplarında meyit qacıması zəif inkişaf etmişdir. Başında 20-30 sm uzunluqda qara saçı var. Əllə müayinə etdikdə kəllə sümükləri tamdır. Gözləri qapalıdır, qüzehli qişa qəhvəyi rənglidir, bəbəklərin diametri 0,5 sm-dir, buynuz qişa parlaqdır, konyuktivası qansızmasızdır. Xarici qulaq keçəcəkləri sərbəstdir, qulaq seyvanı qığırdaqları tamdır. Əllə müayinə etdikdə burun və üz skeleti sümükləri tamdır. Ağzı açıqdır, dil ağız boşluğunda sərbəst yerləşmişdir. Ağzında olan dişləri karieslidir. Boynu orta uzunluqda olub, düzgün inkişaf etmişdir. Əllə müayinə etdikdə boyun fəqərələrində patoloji hərəkətlilik yoxdur. Döş qəfəsi simmetrikdir. Əllə müayinə etdikdə qabırğalarda patoloji hərəkətlilik yoxdur. Döş qəfəsinin sol yarısının arxa səthində X qabırğa səviyyəsində 1,4 sm uzunluqda 1 (bir) ədəd, döş qəfəsinin sağ yarısının bayır səthində orta qoltuqaltı xətt üzrə İİİ qabırğaarsı sahə səviyyəsində 2,4 sm uzunluqda 1 (bir) ədəd və 5,4 sm uzunluqda 1 (bir) ədəd kənarları hamar, qansızmalı, üzərində cərrahi tikişlər olan xətt şəkilli yaralar vardır. Qarının sol yarısının ön divarında 4,0 sm uzunluqda 1 (bir) ədəd, yağ yarısının ön-yan divarında 5,2 sm uzunluqda 1 (bir) ədəd uzunluqlarda üzərində cərrahi tikişlər olan yara vardır. Qarının ön divarında ağ xətt boyunca xəncərəbənzər çıxıntı ilə göbək arasında 20,0 sm uzunda cərrahi əməliyyat yeri (laporatomiya) vardır. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün inkişaf etmişdir, üzərində xəsarət yoxdur. Arxa keçəcək dəliyi örtülüdür, ətraf dərisi təmiz və zədəsizdir. Əllə müayinə etdikdə çanaq sümükləri tamdır. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllə müayinə etdikdə sümükləri tamdır. Sol saidin yuxarı 1/3-nin arxa səthində 1,2 sm uzunluqda 1 (bir) ədəd, sağ bel nahiyəsində 2,0 sm uzunluqda 1 (bir) ədəd və 4,2 sm uzunluqda 1 (bir) ədəd, sağ saidin yuxarı 1/3-nin arxa səthində 4,0 sm uzunluqda 1 (bir) ədəd və 1,2 sm uzunluqda 1 (bir) ədəd, sağ budun yuxarı 1/3-nin ön səthində 3,0 sm uzunluqda 1 (bir) ədəd uzunluqlarda eyni xarakterli yaralar vardır. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 34-37). Cinayət işində olan 17 avqust 2024-cü il tarixli götürmə aparılması haqqında qərardan, könüllü təqdim edilən paltarların götürülməsi haqqında və baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, hadisə zamanı üzərində olan 1 ədəd qara rəngli köynək və 1 ədəd boz rəngli şalvara, Zərərçəkmiş şəxs 1 ədəd qəhvəyi rəngli donuna və 1 ədəd məmədanına baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs aid olan don tünd qəhvəyi rənglidir, qolsuzdur. Donun arxa səthində solda 3 ədəd dəlib-keçən, arxa səthində ortada 1 ədəd dəlib-keçən, arxa səthində sağda 2 ədəd dəlib-keçən və ön səthində sağda 1 ədəd dəlib-keçən zədələr vardır. Məmədan qara rənglidir, ön səthində sağda 1 ədəd dəlib-keçən zədə vardır. Təqsirləndirilən şəxs aid olan köynək qara rənglidir, qısaqoldur. Köynək üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Şalvar boz rənglidir, üzərində zədə və zədə izləri aşkar edilməmişdir (cild 1, iş vərəqi 59-61). İş materiallarında olan 17 avqust 2024-cü il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, Şahid4 təqdim etdiyi hadisə zamanı qardaşı Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bıçağı digər bıçaqların içərisindən tanımışdlr. Bıçağın ümumi uzunluğu 26 sm, dəstəyi açıq qəhvəyi rəngli olmaqla taxta materialdan hazırlanmış, üzərinə metal vintlər vasitəsi ilə bərkidilmiş, dəstəyinin uzunluğu 12 sm, tiyəsi gümüşü rəngli, uzunluğu 14 sm-dir (cild 1, iş vərəqi 97-98). İşdə olan 17 avqust 2024-ci il tarixli Şahid4 təqdim etdiyi Zərərçəkmiş şəxs istifadəsində olmuş qırmızı rəngli “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən mobil telefon Zərərçəkmiş şəxs məxsus olub “Samsung” markalı yeni tipli olmaqla qırmızı rəngdədir. Mobil telefonun arxa səthinin aşağı hissədə mərkəzində “SAMSUNG” hərfləri həkk edilmişdir. Telefona baxış zamanı qeyd edilən cihazın işlək vəziyyətdə olduğu və elektrik bateriyasının bitmək üzrə olduğu müəyyən edildi. Mobil telefonun içində olan mobil nömrənin 077 *** ** ** olduğu müəyyən edilmişdir. Telefona baxış keçirilərkən "Foto” bölməsində Zərərçəkmiş şəxs hazırda istintaqa məlum olmayan şəxslə səmimi fotoları və videosu müşahidə edilmişdir. Bundan başqa telefona baxış zamanı hər hansı istintaq üçün əhəmiyyət kəsb edəcək hal müşahidə edilməmişdir. Qeyd olunan fotolar və video görüntü cinayət işi materiallarına əlavə olunmuşdur (Cild 1, iş vərəqi 85-91). Cinayət işinə əlavə olunmuş 19 avqust 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman istifadə etdiyi bıçaq digər bıçaqlar arasında ona təqdim olunmuşdur. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib göstərmişdir ki, dəstəyi açıq qəhvəyi rəngli taxta materialdan hazırlanmış, tiyəsi gümüşü rəngli olan və 3-cü yerdə yerləşən bıçaq ilə hadisə vaxtı Zərərçəkmiş şəxs xəsarət yetirmişdir (Cild 1, iş vərəqi 97- 98). Cinayət işində olan 19 avqust 2024-cü il tarixli Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus “RAHAT MARKET” satış məntəqəsində müşahidə kameralarının görüntülərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı “RAHAT MARKET” satış məntəqəsində kassanın üzərində olan videomüşahidə kamerası vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 23:37-də qeydə alınmış görüntüdə Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bıçağın satın alınmasını qeydə alan görüntülər müşahidə olunur. Həmin foto və video görüntülər, həmçinin satın almanı təsdiq edən qəbz istintaq əhəmiyyəti kəsb etdiyindən cinayət işi materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqi 120-123). Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 189 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti müayinə olunarkən bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd; - qaraciyərin zədələnməsində səbəb olan döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; - soltərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd; - nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan qarının sağ ön-yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; - sol böyrəyin və mədəaltı vəzin zədələnməsinə (sol böyrək cərrahi üsulla çıxarılmışdır) səbəb olan qarının sol yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd - cəmi 5 ədəd deşilmiş-kəsilmiş yaraları. - Sağ bel nahiyəsinin nüfuz etməyən 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sağ saidin 2 (iki) ədəd, sağ budun 1 (bir) ədəd, cəmi 6 ədəd, ümumilikdə 11 ədəd deşilmiş-kəsilmiş yaraları. Sağ diz oynağı nahiyəsinin sıyrığı. Xəsarətlər həyati olub, mərhumun X15 müraciətindən (xx.xx.2024-cü il saat 00:40) az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmişkəsilmiş yaralar küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş (və ya onə bənzər) bıçaqla yetirilə bilər; sıyrıq isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər. Dərəcəsinə görə xəsarətlərdən: Sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının sağ döş boşluğuna nüfuz edən 1 (bir) ədəd; qaraciyərin zədələnməsində səbəb olan döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, soltərəfli hemopnevmotoraksla (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd; nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan qarının sağ ön - yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; sol böyrəyin və mədəaltı vəzin zədələnməsinə (sol böyrək cərrahi üsulla çıxarılmışdır) səbəb olan qarının sol yan divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd - cəmi 5 ədəd deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Sağ bel nahiyəsinin nüfuz etməyən 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sağ saidin 2(iki) ədəd, sağ budun 1 (bir) ədəd - cəmi 6 ədəd ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Sağ diz oynağı nahiyəsinin sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qeyd olunan deşilmiş-kəsilmiş yaralarla əlaqədar daxili üzvlərin yaralanması nəticəsində baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölüm xx.xx.2024cü il tarixdə saat 07:30-da X12 baş vermişdir, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 172-180). Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 2038 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bükücü qrup əzələ, vətər və sinir dəstəsinin zədələnməsi ilə müşayiət olunan sağ əlin ovuc səthinin 1 (bir) ədəd və 1-ci barmağının 1 (bir) ədəd kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti xx.xx.2024-cü il tarixə və şəxsin göstərdiyi şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (cild 1, 181-184). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 424-MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun ön səthində 1 ədəd, arxa səthində 6 ədəd, məmədanın ön səthində 1 ədəd dəlib- keçən zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin(alətlərin) təsirindən törənmişdirlər. Zərərçəkmiş şəxs məxsus donun ön səthində 1 ədəd, arxa səthində 6 ədəd, məmədanın ön səthində 1 ədəd dəlib-keçən zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqsirləndirilən şəxs məxsus şalvar, köynək üzərində zədə və zədə izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məxsus donun və məmədan üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində olan ləkələr qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlir. Köynəyin üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Digər ləkələrin morfoloji əlamətlərinə görə demək olar ki, bu ləkələr qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla üst-üstə düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 190-195). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 573/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B -/İİİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B -/İİİ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus don, büstqalter, Təqsirləndirilən şəxs məxsus şalvar və futbolka üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə yalnız B antigeni alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə B/lll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs (əgər sonuncunun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa) məxsus ola bilər (cild 1, iş vərəqi 185-189). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2675 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak proşessləri dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, inadkarllq; özünə qarşı hörmət tələb etmək, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s.kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halında hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxsn cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (cild 1, iş vərəqi 196-200). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 6122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 201-203). “X5 LTD” şirkətinin 13 sentyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş əmrdən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “X5 LTD” şirkətinə işə qəbul olunmuş, həmin tarixdən 2 saylı avtomobil dəstəsinin 4-cü dərəcəli avtomobil sürücüsü peşəsində işləmişdir. Əmək fəaliyyəti dövründə müsbət xarakterizə olunmuşdur (Cild 1, iş vərəqi 155-157). Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamə və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ailə tərkibi: qızları xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X7 ilə birlikdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabit Orucov (6- mədən) küçəsində yerləşən evdə birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, ailəlidir, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabit Orucov (6mədən) küçəsində yerləşən evdə Fizuli rayonundan məcburi köçkün kimi qeydiyyatdadır və həbsə düşən günə kimi ailəsi ilə birgə orada yaşamışdır. Yaşadığı müddət ərzində vətəndaş Təqsirləndirilən şəxs barəsində Balaxanı qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi surətdə şikayət ərizəsi daxil olmamışdır. Mərhum Zərərçəkmiş şəxs xx.xx.1999-ci ildə Azərbaycan Respublikası Fizuli rayonu Qacar kəndində anadan olmuşdur, orta təhsilli, ailəli, Sabunçu rayonu Balaxanı qəsəbəsi Sabit Orucov (6-mədən) küçəsində yerləşən evdə vəfat edən günə kimi xx.xx.2024-cü il (əsas ölüm haqqında şəhadətnamə xx.xx.2024-cü il Azərbaycan Respublikası 4 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən) Fizuli rayonundan məcburi köçkün kimi qeydiyyatda olmuş və ailəsi ilə birgə orada yaşamışdır.Yaşadığı müddət ərzində mərhum Zərərçəkmiş şəxs barəsində Balaxanı qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi surətdə şikayət ərizəsi daxil olmamışdır (Cild 1, iş vərəqi 159-166). “Elektron prokurorluq informasiya sistemi” vasitəsilə əldə olunmuş xx.xx.2024-cü il tarixli məhkumluq haqqında məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər məhkum edilməmişlər (Cild 1, iş vərəqi 169-171). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, hadisə zamanı Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətində olduğunu, lakin ona 11 bıçaq zərbəsi vurarkən məqsədinin ona əzab və işgəncə vermək olmadığını, Xumar ona xəyanət etdiyi üçün sonuncunu qəsdən öldürmək fikrinə düşdüyünü bildirib, öz müdafiəsi üçün dəlilər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni, sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Cinayət işinin materiallarına görə, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ona xəyanət etdiyini öyrəndikdən sonra ondan qisas almaq niyyəti ilə sonuncunu öldürmək qərarına gəlmiş, bu məqsədlə marketdən bıçaq alaraq cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs anası ilə birlikdə yaşadığı ünvana getmiş, sonuncunun yaşadığı evin qarşısında ona çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən həyatdan məhrum etmişdir. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 189 nömrəli və xx.xx.2024-cü il tarixli 424-MTKŞ/2024 nömrəli rəylərinə əsasən, mərhum Zərərçəkmiş şəxs bədən səthi üzərində bıçaqla yetirilməyə xarakterik olan ümumilikdə 11 ədəd kəsici-deşici xəsarətlər müəyyən edilmişdir ki, həmin xəsarətlərin də 5-i daxilə nüfuz edən ağır zərərvurmaya aid xəsarətlər olmuşdur. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin verilmiş ittihamı qəbul etməyərək zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmək niyyətinin olmaması barədə məhkəmə iclasında gətirdiyi dəlilləri öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və məhkəmədə tədqiq olunmuş hazırkı hökmdə sadalanan çoxsaylı sübutlarla təsdiq olunduğuna görə istintaq orqanı tərəfindən verilmiş ittihamı əsaslı hesab edir. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində üç azyaşlı uşağın olmasını, Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini və həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin olunması barədə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəalarının tətbiq olunması məsələsini müzakirə edərkən həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən bunun mümkünsüz olmasını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adı çəkilən şəxs Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi və hadisə zamanı əynində olan 1 ədəd qara rəngli köynək və 1 ədəd boz rəngli şalvar, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qəhvəyi rəngli don və 1 ədəd qadın alt paltarı (məmədan), həmçinin Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bir ədəd dəstəyi açıq qəhvəyi rəngli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderlərdən və hesabatlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili X8, məhkəmə baxışı zamanı isə Bakı şəhəri, "Mirzəyev və partnyorları" Vəkil bürosunun vəkili Müdafiəçi müdafiə etmiş, vəkil Oruc Məmmədov 45 saat, vəkil Müdafiəçi isə 40 saat vaxt sərf etmişlər. Odur ki, vəkil Oruc Məmmədova ödənilməli olan 270 (iki yüz yetmiş) manat Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun, vəkil Müdafiəçi ödəniləcək 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti isə Bakı şəhəri, «Mirzəyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi və hadisə zamanı əynində olan 1 ədəd qara rəngli köynək və 1 ədəd boz rəngli şalvar, Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qəhvəyi rəngli don və 1 ədəd qadın alt paltarı (məmədan), həmçinin Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd dəstəyi açıq qəhvəyi rəngli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X3 ödənilməli olan 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, "Mirzəyev və partnyorları" Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-758/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-758/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver