Məhkəmə qərarları › İş №1(101)-760/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-760/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-760/2020 24.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğlunun iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində, alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi VAZ-21074 markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətinin girişində saxlayarkən avtomobilin arxa tərəfinin sürüşüb çökəyə düşməsi səsinə çölə çıxan arvadı Zərərçəkmiş şəxs2 avtomobilin qabaq sağ təkərinin arxasına daş qoymasını bildirdiyindən Zərərçəkmiş şəxs2 avtomobilin qabaq sağ təkərinin arxa hissəsinə daş qoyduqdan sonra duracaq tormoz sistemi nasaz vəziyyətdə olan avtomobili idarə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (1 saylı əlavədə 1-ci hissənin) tələblərini pozmuş, avtomobilin ötürmələr qutusunun dəstəyini neytral vəziyyətdə saxlayıb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq avtomobilin arxa hissəsinə keçib buferindən, arvadı Zərərçəkmiş şəxs2 isə avtomobilin sağ arxa hissəsindən tutduğu zaman avtomobil arxaya sürüşdüyündən arvadı Zərərçəkmiş şəxs2 avtomobillə daş divar arasında sıxılıb qalmış, qonşuların köməkliyi ilə Zərərçəkmiş şəxs2 oradan çıxarılıb Şamaxı rayon mərkəzi xəstəxanasına aparılmış, nəticədə ehtiyatsızlıqdan sonuncunun bədənin küt travması, sifətin geniş həcmli sıyrığı, sol budun orta 1/3-nin yerini dəyişən qapalı sınığı, bel nahiyəsinin sağda, ətrafların qançırlı sıxılma izi, qara ciyərin cırılıb-dağılması, bağırsaqlarda qansızmalar, onurğa sütunu boyunca sağda bel fəqərələri sahəsində qansızmalar, daxilə çoxlu qanitirmələr, hemotravmatik şok kimi aldığı xəsarətlərdən xəstəxanada ölməsinə, Zərərçəkmiş şəxs1 məxsus VAZ-2107 markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 315 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şamaxı şəhəri Ə.Əlizadə küçəsi 5 nömrəli evdə qeydiyyatda olsa da şəhərin Pidrəki küçəsində yerləşən, «Təzə məhəllə» sayılan, nömrəsi olmayan evdə ailəsi ilə birlikdə yaşayır. Mərhum Zərərçəkmiş şəxs2 onun həyat yoldaşı olmuş, onunla təxminən 17 il birlikdə yaşamış, birgə nikahlarından 3 (üç) övladları olmuşdur. Böyük qızı Nazilənin 15 yaşı, ondan kiçik qızı Rəşidənin 12 yaşı, kiçik oğlu Rüstəmin isə 8 yaşı vardır. Mərhum həyat yoldaşı ilə biri-birilərini istədiklərinə görə qoşulub qaçmış, sonra isə ailə həyatı qurmuş, sonra da həmişə münasibətləri yaxşı olmuş, uşaqlarını yaxşı tərbiyə etmiş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. O, Pidrəki küçəsi adlanan təzə məhəllədə ev tikdiyi üçün təxminən 10 il olar ki, ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Atası Novruzalı özünə məxsus VAZ-2107 markalı, ** SL *** nömrəli avtomaşını ona etibarnamə ilə vermişdir ki, taksiçilik edib çörək pulu qazanaraq ailəsini dolandırsın. O da bu səbəbdən həmin avtomaşınla taksiçilik etməklə ailəsinə çörək pulu qazanmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində idarə etdiyi VAZ-2107 markalı, ** SL *** nömrəli avtomaşınla Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yaşayan Mehman adlı qəssabın evinə getmiş, Mehmanın kəsdiyi dananı Şamaxı şəhərinə gətirmişdir. O, təxminən bir ildən çox müddət olardı ki, müəyyən günlərdə tezdən saat 05 radələrində durub Mədrəsə qəsəbəsinə gedib Mehmanın kəsdiyi dananı maşınına yükləyib Şamaxı şəhərinə gətirmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə də Mehmanla işlərini görüb sonra da öz işləri ilə məşğul olduqdan sonra saat 16 radələrində yaşadığı evinə idarə etdiyi VAZ-2107 markalı, ** SL *** nömrəli avtomaşını ilə yoxuşlu, qarlı, sürüşkən yolla saatda təxminən 10 km. sürətlə hərəkətdə olmuş, həmin vaxt avtomaşın sürüşüb yoxuşu qalxmamışdır. Həmin günün səhəri o, sübh tezdən saat 5 radələrində işləri ilə əlaqədar olaraq durub iş dalınca getməli olduğundan maşını həyətə salmağı düşünmüşdür ki, tezdən işləri asan olsun. Onun idarə etdiyi avtomaşının sürüşməsi səsinə həyat yoldaşı Eminə çölə çıxmış, o, həyat yoldaşı Eminədən avtomaşının təkərinin arxasına daş qoymasını bildirdiyindən Eminə onun oturduğu maşının qabaq sağ təkərinin arxa hissəsinə daş qoyduqdan sonra, o, mühərriki söndürmədən maşının ötürmələr qutusunun dəstəyini neytralda (xalostoyda) saxlayıb maşından yerə düşmüş, maşının arxa hissəsinə keçib maşının buferindən tutduğu vaxtı həyat yoldaşı Eminə də maşının arxa hissəsindən tutduğu zaman maşın sürüşərək onun üzərindən keçdiyinə görə başı daşa dəymiş, həmin vaxt o, tez özünə gəlib ətrafa baxanda görmüşdür ki, həyat yoldaşı Eminə maşın tərəfindən divara sıxılıb qalmışdır. Həmin vaxt qardaşının arvadı Rəqibə qışqıraraq “ay Allah gəlin maşınla divarın arasında qaldı” sözlərini demişdir. O, dərhal özündə güc taparaq maşını yerindən tərpətməyə çalışsa da buna gücü çatmamış, həmin vaxt qardaşının həyat yoldaşı Rəqibə küçənin aşağısına doğru qaçaraq kömək çağırmağa getmiş, daha sonra hadisənin şokunda olduğundan hal-hazırda xatırlamadığı şəxslər tərəfindən maşının arxa hissəsində sıxılaraq qalan həyat yoldaşı Zərərçəkmiş şəxs2 çıxarmışlar. Bundan sonra onun özünü və həyat yoldaşı Eminəni xəstəxanaya aparılmış, xəstəxanada palatada olan zaman həyat yoldaşı Eminə hətta durub qışqıraraq çölə çıxarılmasını istədiyi vaxtı orada olan qadın həkim buna icazə verməyərək onun müayinə edilməli olduğunu bildirmiş, lakin bir qədər keçdikdən sonra onlara həyat yoldaşı Eminənin dünyasını dəyişdiyini demişlər. Hadisə baş verən zaman orada onun qızı Rəşidə, qardaşının arvadı Rəqibə və xatırlamadığı qonşuları olmuşdur. O, hadisə baş verən günü, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 13:30 radələrində 100 qram miqdarında spirtli içki olan araq qəbul etmişdir. Hazırda baş vermiş qəzadan çox peşman olduğunu, bir yetkinlik yaşına çatmayan, iki azyaşlı uşaqlarının ata qayğısına çox ehtiyaclarının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. O, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş hadisədən əvvəl özünə məxsus avtomaşınının duracaq tormozu (əl tormozu) işləmədiyindən avtomaşından düşərkən duracaq tormozunun dəstəyini çəkməmiş və əvvəllər yol-nəqliyyat hadisəsi törətməmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır, himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, məhkəmədən onun barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Şamaxı rayonunun Quşçu kəndində qeydiyyatda olmağına baxmayaraq Şamaxı şəhəri 25A Məhəlləsində (Yolkalıq adlanan ərazidə) öz evində ailəsi ilə birlikdə yaşayır, «Şəffaflıq» qəzetinin və Şəffaflıq, AZ, saitinin təsisçisi və baş redaktorudur. Mərhum Zərərçəkmiş şəxs2 onun bacısı olmuş, xx xxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində o, keçirilən deputat seçkisi ilə bağlı Şamaxı rayonunun Sabir qəsəbəsindəki məntəqədə olmuşdur. Həmin vaxtı onun mobil telefonuna mərhum bacısının qayınanası Nazilə zəng edərək onun bacısı Eminəni maşın vurduğunu demişdir. O, Nazilədən bacısının hansı maşınla vurulduğunu soruşmuş, Nazilə ona Eminənin həyat yoldaşı Təqsirləndirilən şəxs avtomaşını arxaya verərkən yer qarlı olduğundan maşının sürüşüb Eminənin üstündən keçdiyini demişdir. Bundan təxminən iki dəqiqə keçməmiş bacısı Eminənin qayınanası Nazilə yenidən yadında qalmayan mobil telefon nömrəsi ilə onun ***- ***-**-** nömrəli telefonuna zəng etmiş “daha gəlmə, bacın öldü” sözlərini demişdir. O, Naziləyə “maşın vuran kimi üstündən iki dəqiqə keçməmiş necə olur ki, bacım ölür” sözlərini deyib təcili olaraq öz maşını ilə Şamaxı rayon mərkəzi xəstəxanasına getmişdir. O, rentgen otağına daxil olmuş, bacısının ölmüş vəziyyətdə olduğunu görmüş, həmin vaxtı sakitlik olduğu halda bacısının həyat yoldaşı tərəfindən olan yaxın qohumları onu görüb guya bacısının ölümünə çox kədərləniblər deyə bərk hay küy salıb ağlamağa başlamışlar. Həmin vaxtı mərhum bacısı Eminənin həyat yoldaşı Rəşad kənarda dayanmış, Rəşad həmin vaxtı onu görüb ölmüş bacısının meyitinə yaxınlaşıb qışqıraraq “Eminə, gərək həmin maşının altında mən qalaydım, sən sağ qalaydın” sözlərini demişdir. O, bacısının ölümündən bərk sarsılmış, demək olar ki, heç nə hiss etməmiş, sanki donmuş vəziyyətdə olduğundan həmin vaxtı Rəşadın sərxoş vəziyyətdə olduğunu bilməmişdir. O, sonradan xatırlamadığı Rəşadın qonşularından həmin günü Rəşadın sərxoş vəziyyətdə olduğunu, hadisənin də günorta vaxtlarında törətdiyini, Rəşadın sərxoş olmasından qorxub onun bacısının yaralı vəziyyətdə bəlkə sağalar deyə adyalın arasında evə apardıqlarını, sonra isə bacısının vəziyyəti daha da ağırlaşdığından onu məcbur olub Rəşad ayıldıqdan sonra Şamaxı rayon mərkəzi xəstəxanasına apardıqlarını ona bildirmişdir. Həmin vaxta qədər onun bacısının xəsarət alması ilə bağlı ona və yaxınlarına heç bir məlumat verilməmiş, hadisə təxminən saat 12 radələrində baş versə də o bacısı Eminənin xəstəxanaya yalnız saat 16 radələrində gətirildiyini, bacısının təxminən yarım saatdan sonra xəstəxanada öldüyünü ona xəbər vermişlər. Sonradan ona məlum olmuşdur ki, həmin vaxtı Rəşad sərxoş halda avtomaşını ilə taksiçilik etmək üçün getmək istədiyindən onun bacısı Eminə, Rəşadın bacısı X1 və Rəşadın anası Şahid2 maşının qarşısına keçsələr də Rəşad maşını hərəkətə gətirmiş, sonra Rəşadın bacısı və anası maşının qarşısından qaçmış, ancaq onun bacısı Eminə həyat yoldaşını sərxoş halda buraxmasın deyə maşının qarşısından çıxmamış, Rəşad da avtomaşınla onun bacısını vurub üstündən keçmiş, nəticədə yuxarıda göstərdiyi kimi hadisədən xeyli vaxt sonra bacısı xəstəxanaya aparılsa da artıq gec olduğundan xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Bacısı Eminə saat 12 radələrində xəsarət alsa da onu xəstəxanaya saat 16 radələrində aparmışlar. Bacısı Eminənin ölümündə bacısının həyat yoldaşı Rəşad, Rəşadın bacısı Samirə və anaları Nazilə günahkardırlar. Belə ki, onlar vaxtında hadisə barədə ona və onun yaxınlarına məlumat versəydilər onlar özləri bacısına dərhal ilkin yardımlar göstərib onun sağ qalmasına nail olardılar. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi ev 15-də ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs2 isə gəlinidir. X5 onun oğlu Rəşadın qayınatasıdır, onunla və qızı Eminə ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında pis münasibətləri olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə baş vermiş hadisə zamanı hadisə yerində olmamış, hadisə baş verən yerdən aralıda yerləşən öz yaşayış evində olmuşdur. Hadisə olan günü saat 16-17 radələrində evdə olan zaman həyat yoldaşı Əzizə İmanova ona oğlu Rəşadgilin evində bədbəxt hadisənin olduğunu demişdir. O, bu barədə eşidən kimi dərhal evdən çıxıb oğlu Rəşadgilə getmək istəyərkən bir taksi işlədən, üzdən tanıdığı, lakin adını bilmədiyi taksi sürücüsü onun qarşısını kəsərək maşına əyləşməyini bildirib, onu Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışdır. Şamaxı rayon mərkəzi xəstəxanasına çatdıqdan sonra xəstəxananın girişində gəlini Zərərçəkmiş şəxs2 maşından düşürüldüyünü görmüş, gəlini Zərərçəkmiş şəxs2 ağrıdan qışqırdığını eşitmişdir. O, oğlu Təqsirləndirilən şəxsla söhbət edərkən Rəşad ona hadisənin necə baş verməsi ilə bağlı məlumat vermişdir. Belə ki, oğlu Rəşadgilin evinə qalxan yol dik, yəni yoxuşlu olduğu üçün həmin yol ilə qalxdığı vaxt idarə etdiyi VAZ 2107 markalı avtomaşını döndərib həyətə salmaq istəyərkən idarə etdiyi avtomaşının arxa hissəsi yer qarlı olduğundan avtomaşın sürüşmüşdür. Rəşadın səsə çıxan həyat yoldaşı Eminəyə avtomaşının təkərinin arxa hissəsinə daş qoymasını dedikdən sonra Eminə avtomaşının təkərinin arxasına daş qoymuşdur. Sonra Rəşad da avtomaşından düşüb həyat yoldaşı Eminə ilə avtomaşının arxasından itələdikləri vaxtı maşının arxa hissəsi üzü aşağı sürüşərək arxaya doğru getmişdir. Həmin vaxtı oğlu Rəşadın ayağı sürüşüb yıxıldığından maşın oğlunun üzərində keçmiş, gəlini Eminəni isə divara doğru sıxmışdır. Hadisə zamanı gəlini Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən Şamaxı rayon mərkəzi xəstəxanasında dünyasını dəyişmiş, oğlu Rəşadın boyun hissəsində isə qırıq xəsarəti olmuşdur. Həmin vaxt hadisə yerində nəvələri Nazilə, Rəşidə və Rüstəm olmuş, el arasında Nazilə kimi çağırılsa da əsil adı Əzizə İmanova olan həyat yoldaşı və qızı Samirə İmanova həmin vaxt orada olmamışdır. Həmin hadisə baş verdikdən dərhal sonra gəlini Zərərçəkmiş şəxs2 xəstəxanaya aparılmış, hadisə zamanı qonşu qadınlar və mərhum Mülkişahın oğlu İlqar oraya gəlib onlara köməklik etmişlər. Oğlu Rəşadın dediyinə görə həmin günü hadisədən əvvəl Rəşad təxminən 100 qram miqdarında spirtli içki olan araq qəbul etmişdir. O, özünə məxsus olan, etibarnamə ilə idarə etmək üçün oğlu Təqsirləndirilən şəxs verdiyi VAZ-21074 markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomaşını oğlu Rəşada həmişəlik verdiyi üçün 315 manat məbləğində dəymiş ziyanla bağlı oğlundan heç bir şikayət və tələbi yoxdur. Oğlu Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını və ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə təxminən günorta saatlarından sonra Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs2 onun yaşadığı evə gələrək “gəl maşını çəkək sürüşməsin” sözlərini demişdir. Eminə ona həyat yoldaşı Rəşadın maşınını çəkməyi xahiş etmiş, həmin vaxtı onun da əlində işi olduğundan bir qədər çölə gec çıxmışdır. O, çölə çıxdığı zaman qohumu Təqsirləndirilən şəxs maşınının sürüşdüyünü, Təqsirləndirilən şəxs üst-başının qan içərisində olduğunu, Zərərçəkmiş şəxs2 isə maşın tərəfindən qonşunun divarına sıxılmış vəziyyətdə qaldığını görmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs ilk olaraq maşını yerindən tərpədərək həyat yoldaşı Zərərçəkmiş şəxs2 oradan çıxarmağa çalışsa da buna gücü çatmamışdır. O, bütün bunları görüb aşağı küçəyə doğru qaçaraq yoldan keçən taksini saxladaraq köməyə çağırmışdır. O, hadisə yerinə qayıdarkən artıq orada olan qonşuların köməyi ilə maşının divardan aralandığını və Rəşadın həyat yoldaşı Eminəni oradan götürdüklərini görmüşdür. Bundan sonra onun çağırdığı taksi ilə Rəşad və həyat yoldaşı Eminəni Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanaya çatan zaman Eminə hələ də sağ olmuş, mərhum Zərərçəkmiş şəxs2 xəstəxanada olarkən ayağa duraraq getmək istəyən zaman həkimlər onun çölə çıxmasına icazə verməmişlər. Bir qədər keçdikdən sonra Eminə xəstəxanada dünyasını dəyişmiş,hadisə baş verən zaman Təqsirləndirilən şəxs oğlu Rüstəm və qızı Rəşidə də orada olmuş, az sonra qonşular səsə çölə çıxmışlar. Həmin gün yerdə qar olmuş, o, hadisə yerinə çatdıqda maşının mühərriki işlək vəziyyətdə olmamışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs içkili olub-olmamasından onun məlumatı olmamışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi 5 nömrəli evdə ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun atası, mərhum Zərərçəkmiş şəxs2 isə anası olmuşdur. Atası Rəşadın xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində o, çöldə olan zaman atası evə gəlib idarə etdiyi avtomaşını yaşadıqları evin həyətinə salmaq istəyəndə maşının arxası bir qədər sürüşmüş, bunu görən anası Zərərçəkmiş şəxs2 atası Rəşadın yanına köməyə getmişdir. Həmin vaxtı Atası Rəşad anasına demişdir ki, avtomaşının qabaq sağ təkərinin altına daş qoysun. Anası da avtomaşının qabaq sağ təkərinin arxasına daş qoyduqdan sonra atası Rəşad avtomaşından düşmüş və anası Eminə ilə maşının arxa hissəsindən tutaraq avtomaşını yola tərəf çəkməyə çalışmış, həmin günü qar yağdığından yer sürüşkən olmuşdur. Həmin vaxt o, aralıdan durub valideynlərinə baxmış, birdən avtomaşının sürüşmüş, ilk növbədə atası Rəşad avtomaşının altında qaldığından avtomaşın atasının sinəsinin və boynunun üstündən keçmiş, sonra anası Eminənin ayağında olan qaloş ayaqqabı ayağından çıxdığı üçün anasının ayağı sürüşərək təxminən 5-6 metr aralıda olan qonşunun divarına tərəf yıxılmış, sonra avtomaşın da sürüşərək həmin divara tərəf getmiş, anası Eminəni divara tərəf sıxmış və avtomaşınla daş divar arasında sıxılı vəziyyətdə qalmışdır. Həmin vaxt hadisə yerində olan bibisi Şahid4 qışqırmağa başlamış və qonşuları köməyə çağırmış, həmin müddət ərzində atası Rəşad güc taparaq anasını çıxarmaq üçün avtomaşını çəkməyə çalışsa da buna gücü çatmamışdır. Bibisi Rəqibə küçənin aşağı hissəsində olan kişilərə maşını çəkməyə köməklik etmələrini dediyindən həmin şəxslər atası Rəşadı və avtomaşınla daş divar arasından çıxardıqları anası Eminəni birlikdə Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə baş verən zaman orada o, bacısı Nazilə, bibisi Rəqibə və xatırlamadığı qonşular olmuşdur. Bundan sonra orada olan qonşular da səs-küydən sonra küçəyə çıxmış, atası Rəşadın içkili olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Atası həmişə ailələrinə yaxşı ata olmuş, hazırda onun və digər bacı və qardaşının ata qayğısına çox ehtiyacları vardır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya birliyinin xx xxxx 2020-ci il tarixli, 84 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində C-2 fəqərə cisminin diş çıxıntısının sınığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş qəza nəticəsində, yəni vətəndaşın avtomaşınla daş hasar arasında qalaraq sıxılması nəticəsində alınması mümkündür. Təqsirləndirilən şəxs almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az-ağır zərər vurmaya aiddir.(iş vərəqə 100- 101) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya birliyinin xx xxx 2020-ci il tarixli, 05 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin bədənində-bədənin küt travması, sifətin geniş həcmli sıyrığı, sol budun orta 1/3-nin yerini dəyişən qapalı sınığı, bel nahiyyəsinin sağda, ətrafları qanşırlı sıxılma izi, qara ciyərin cırılıb-dağılması, bağırsaqlarda qansızmalar, onurğa sütunu boyunca sağda bel fəqərələri sahəsində qansızmalar, daxilə çoxlu qanitirmələr, hemotravmatik şok, ölümündən əvvəl ağır fiziki küt travmanın təsirindən törənməklə qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtomaşınla divar arasında qalması nəticəsində sıxılaraq alınmağa uyğun gəlirlər. Zərərçəkmiş şəxs2 ölümünə səbəb qarın boşluğu orqanlarının sıxılması nəticəsində qara ciyərin cırılıbdağılması, daxilə kütləvi qanitirmə, hemotravmatik şok olmuşdur. Zərərçəkmiş şəxs2 meyitində baş vermiş ilkin meyit əlamətləri sübut edir ki, ölüm xx.xx.2020-ci il tarixdə baş vermişdir. (iş vərəqə 143-149) İş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəməyol-nəqliyyat hadisəsi ekspertizasının xx xxx 2020-ci il tarixli, 8/465 nömrəli rəyindən görünür ki, VAZ-2107 markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 9cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-2107 markalı avtomobili duracaq tormoz sisteminin nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 3-cü bəndinin (1 saylı əlavədə 1-ci hissənin) tələblərinə uyğunsuzluq olmuşdur. (iş vərəqə 157-158) İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə barədə xx.xx.2020-ci il tarixli, 27 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. (iş vərəqə 17) İş materiallarında olan Şamaxı RPŞ-nin DYPB-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, BDYPİ-nin mərkəzi kompüter sisteminə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildən xx.xx.2024-cü il tarixədək «BC» kateqoriyalı, AE seriyalı, 952815 nömrəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. (iş vərəqə 184-185) Beləliklə, Məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2020-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 88) İş materiallarında olan “AZ-İİ 949771” nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur, ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X7 qeyd edilmişdir. (İş vərəqə 121). İş materiallarında olan “AZ-İİ 949754” nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid1 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur, ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X7 qeyd edilmişdir. (İş vərəqə 132). İş materiallarında olan “AZ-İİ 949755” nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur, ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X7 qeyd edilmişdir. (İş vərəqə 204). İş materiallarında olan Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər X14 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs övladları ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. (iş vərəqə 205-206) Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, hadisənin ehtiyatsızlıqdan törədilməsini, zərərçəkmiş şəxslə, təqsirləndirilən şəxsin ər və arvad olmalarını, digər Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan övladlarının olmasını, həmin uşaqların ata qayğısına çox böyük ehtiyaclarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 100 (yüz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və xx xxxxxx 2020-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X2 hesabına 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaq dövrü Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X3 təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 hesabına 120 (yüz iyirmi) manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 60 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar