Məhkəmə qərarları › İş №1(101)-760/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-760/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-760/2023 03.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, cinayət işinin materialları tərəfindən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətində uzadılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2ci maddələrinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikasının CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X6 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. İş materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 8,320 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (i.v səh.1) Halbuki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə heroinə bənzər maddə və “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. (i.v səh.26-27) Həmçinin, iş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş diskdəki videoyazıya baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə heroinə bənzər maddə və sağ yan cibindən isə “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. (i.v səh.28) Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələri tamamilə (sözbəsöz) eyni məzmunlu olmaqla həmin ifadələrdə narkotik vasitənin “göy rəngli cins şalvarın sağ yan cibindən” aşkar edilməsi qeyd edilmişdir. (i.v səh.42-45, 57-60) Eyni zamanda, iş materiallarında olan 14 avqust 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarda Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 8,320 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi və həmin qərarın təqsirləndirilən şəxs və onun müdafiəçisinə 14 avqust 2022ci il tarixdə elan olunması qeyd edilmişdir. Halbuki, həmin tarixdə təqsirləndirilən şəxs hazırki iş üzrə ümumiyyətlə tutulmamışdır. (i.v səh.46-47) Bunlardan başqa, iş materiallarında olan “Məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında” qərarda, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət, təqdimat və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qərarında, “Əməliyyat tapşırığı haqqında” məktubda, “Maddi sübut kimi tanıma haqqında” qərarda, “Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə” vəsatət və qərarda, “Həbsdə saxlama müddətinin uzadılması haqqında” təqdimatda narkotik vasitənin “qara rəngli cins şalvarın sağ yan cibindən” aşkar edilməsi qeyd edilmişdir. (i.v səh. 61-71, 72, 74, 89-91, 120-121) Bundan əlavə, iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar edilməsi ilə bağlı hissədə ifadəsi yəni, narkotik vasitənin “göy rəngli cins şalvarın sağ yan cibindən” aşkar edilməsi hissəsində dəyişiklik edilərək Təqsirləndirilən şəxs heç bir ifadəsində göstərmədiyi halda, həmin narkotik vasitənin “qara rəngli cins şalvarın sol yan cibindən” aşkar edilməsi kimi qeyd edilmişdir. Həmin qərarda iş üzrə yuxarıda qeyd edilən ziddiyyətli məqamlara aydınlıq gətirilməyərək ümumiyyətlə qiymət verilməmiş və 14 avqust 2022-ci il tarixli cəlb qərarı dəyişdirilmədən saxlanılmışdır. (i.v. səh. 96-101) Həmçinin, iş üzrə tərtib edilmiş ittiham aktında da, Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunu narkotik vasitənin aşkar edilməsi ilə bağlı hissədə (“qara rəngli cins şalvarın sol yan cibindən”) dəyişiklik edilərək ona irəli sürülmüş ittihamdan (“qara rəngli cins şalvarın sağ yan cibindən”) fərqli verilmişdir. İttiham aktında Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar edilməsi ilə bağlı hissədə ifadəsi də, yəni, narkotik vasitənin “göy rəngli cins şalvarın sağ yan cibindən” aşkar edilməsi hissəsində dəyişiklik edilərək Təqsirləndirilən şəxs heç bir ifadəsində göstərmədiyi halda, narkotik vasitənin “qara rəngli cins şalvarın sol yan cibindən” aşkar edilməsi kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilənlər, Azərbaycan Respublikasının CPM-in 124-132,138-146-cı maddələrinin tələblərinin kobud pozulması olmaqla iş materiallarında olan ittihamın əsası kimi təqdim edilən sübutları şübhəli vəziyyətə gətirir. Göründüyü kimi, istintaq orqanı tərəfindən yol verilmiş yuxarıda qeyd edilən pozuntular, habelə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunu ziddiyyətli olmaqla, həmin xüsusat ittihamın mahiyyətinə toxunmaqla bərabər təqsirləndirilən şəxsin təqsirliliyi və əməlinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Göstərilənlərə əsasən, dövlət ittihamçısı xahiş edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilsin. Həmçinin Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılsın və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılsın. Müdafiəçi dövlət ittihamçısının vəsatətinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, habelə Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılmasına dair hissələrdə təmin olunmasını bildirərək, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş materiallarında Azərbaycan Respublikasının CPM-in normalarının digər pozulması hallarına da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 52-ci maddəsinin tələbinə görə sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır. Hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Həmin Məcəllənin 134-cü maddəsinin tələbinə görə qeydiyyatdan keçirilməyən və ya vaxtında qeydiyyatdan keçirilməyən istintaq hərəkətlərinin protokollarının sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən keçirilmiş araşdırmanın nəticəsindən asılı olaraq həll edilir. İstintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Cinayət işinin materialları Azərbaycan Respublikasının CPM-in 298.5-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, cinayət işinin materiallarında olan qəbul edilmiş prosessual qərarlar və həyata keçirilmiş istintaq hərəkətləri protokolları, o cümlədən təqsirləndirilən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittihamın irəli sürülməsi, bununla əlaqədar tərtib edilmiş prosessual sənədlər, habelə təqsirləndirilən şəxsin dindirilməsi, şahidlərin dindirilməsi və sair kimi mühüm sübut əhəmiyyəti kəsb edən istintaq hərəkəti protokolları və qərarları ümumiyyətlə qeydiyyatdan keçirilməmiş və həmin hala cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi qərarında heç bir hüquqi qiymət verilməmişdir. Bu da qeyd olunan istintaq hərəkətlərinin qanuna müvafiq yerinə yetirilməsi barədə məhkəmədə hər hansı fikir yaranmasına mane olur. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CPMin sübutların əldə edilməsinə dair normaları kobud və aradan qaldırıla bilməyən formada pozulmuşdur. Qeyd edilən hallar isə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasıdır. Bunlardan başqa, iş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş, xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Cəfərov X5 RPİ-nin TŞ tərəfindən xx.xx.2022-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə məsuliyyətə cəlb edilmiş və həmin iş xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Lakin şəxsiyyəti xarakterizə edən mühüm hal olan həmin işin nəticəsinin aydınlaşdırılması iş materialları ilə müəyyən edilməmişdir. (i.v səh 77-78) Bundan əlavə, iş materiallarında olan “Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14cü PB-nin baş təhqiqatçısı Samir Allahverdiyev tərəfindən xx.xx.2022-ci il tarixli 6/5133 saylı ekspert rəyi ilə keçmişdə, yəni xx.xx.2022-ci il tarixdə tanış edilmişdir. (i.v səh.38) Habelə, Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefona baxış keçirilsə də, həmin mobil telefonun sonrakı taleyinin nə olması iş materialları ilə müəyyən edilmir. Eyni zamanda, təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəd (şəxsiyyət vəsiqəsi, pasport) işə əlavə edilməmiş və onu xarakterizə (yaşayış yeri, ailə tərkibi, xasiyyətnamə) edən sənədlər müvafiq orqanlara sorğu verilərək əldə edilib iş materiallarına əlavə edilməmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edən portaldan çıxarış cinayət işinin cild qabığına “stepler”lə tikilsə də, həmin çıxarış da təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının CPM-in 155.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Həmin Məcəllənin 289.3.4-cü maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi səciyyələndirən hallar (təhsili, məhkumluğu və sair) ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Bundan başqa, həmin Məcəllənin 292.3-cü maddəsinin tələbinə görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Lakin iş materialları ilə tanışlıq zamanı təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsinin təmin edilməsi barədə qəbz işdə müəyyən edilməmişdir. Məhkəmə həmin halı nəzərə alaraq, təqsirləndirilən şəxsə də ittiham aktının surətini göndərmişdir. 25 yanvar 2023-cü il tarixli hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun xx.xx.2023-cü il tarixli məktubu ilə ittiham aktı təqsirləndirilən şəxsə təqdim edilməsi üçün onun saxlanıldığı istintaq təcridxanasına göndərilmiş, bu barədə qəbz isə yalnız 24 yanvar 2023-cü il tarixdə ittiham aktı təqsirləndirilən şəxsə təqdim edildikdən sonra məhkəməyə imza etdirilməklə göndərilmişdir. Halbuki, məhkəmənin hazırlıq iclasının təyin edilməsi haqqında 18 yanvar 2023-cü il tarixli bildiriş və ona əlavə edilmiş sənədləri, o cümlədən ittiham aktını təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə almaqla müvafiq qəbzə imza etmişdir. Bundan başqa, Azərbaycan Respublikasının CPM-in cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunmasına dair 48-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki: - sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun; - şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki: - haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana bilsin; - hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin; - məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə bu Məcəllənin 298.2, 301.4, 391.1, 419.3, 426.2 və 427.1-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılmağa başlansın. Hazırlıq iclasından əvvəl iş materialları ilə tanışlıq zamanı isə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən 30 oktyabr 2022-ci il tarixdə Şahid2 dindirildikdən sonra 06 yanvar 2023-cü il tarixədək, yəni iki aydan artıq müddətdə hər hansı istintaq hərəkəti həyata keçirilməməklə cinayət işi hərəkətsiz vəziyyətdə qalmışdır. Bundan başqa, “Məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair” 14 sentyabr 2022-ci il tarixli qərarın icra olunması üçün təqsirləndirilən şəxs yalnız 06 yanvar 2023-cü il tarixdə ekspertə təqdim edilmişdir ki, bu da cinayət təqibinin tezliyinin təmin olunmasının pozulmasına şərait yaratmışdır. Qeyd edilənlər cinayət təqibinin tezliyinin təmin olunmamasına və bütövlükdə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti Bakı Ağır Cinayətlər məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Cinayət işinin materiallarında olan hesabatdan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunda fəaliyyət göstərən X1 üçün 90 AZN (doxsan) manat pul ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhəri 27 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş arayış hesabatdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq və məhkəmə hazırlıq iclasında cəmi 15 saat iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 90 AZN (doxsan) manat pul Bakı şəhər 27 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193, 298-300, 303.3.1, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 03 mart 2023-cü il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 üçün 90 AZN (doxsan) manat pul Bakı şəhəri 7 saylı Vəkil Bürosunun, Müdafiəçi üçün 90 AZN (doxsan) manat pul isə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar