Məhkəmə qərarları › İş №1(101)-763/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-763/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-763/2020 21.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət məhkəmə kollegiyası məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X4 iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq alkoqol sərxoşluq vəziyyətində etibarnamə olmadan Şahid2 məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Subaru Forester” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış sahəsində yerləşən “Ballı” market istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfi ilə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 60-70 km/saat sürətlə hərəkət edərkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsəsən qarşıda piyada keçidinin olmasını nəzərə alaraq sürətini azaltmalı, keçidə yaxınlaşarkən piyada keçidi ilə piyadaların yolu keçməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobili piyada keçidinə daxil etmədən dayandırmalı, piyadalara yol verməli, piyada keçidi ilə yolu keçən piyadaların onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bu qaydalara əməl etməmiş, sərxoş vəziyyətdə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin yerdə yerləşən piyada keçidinin üzərində hərəkət edən piyadalar 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 ehtiyyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs1 dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alması, digər piyada Zərərçəkmiş şəxs2 isə sonuncunun ölümü ilə bilavasitə səbəbli əlaqəli olan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq hadisə yerində ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi var və həmin sürücülük vəsiqəsi ilə hərdən bacısının əri Şahid1 məxsus “Subaru Forester” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili Yengeniy onun yanında olduğu hallarda idarə etmişdir; xx xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində bacısının əri Yevgeniyin Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən iş yerinə getmiş, Yevgeniylə birlikdə sonuncunun iş yerində oturub yemək yemiş və yemək yedikləri zaman ikisi də spirtli içki qəbul etmişlər, həmin günü saat 23:00 radələrində birlikdə Yevgeniyin iş yerindən çıxmış və Yevgeniyə məxsus olan “Subaru Forester” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili Yevgeniy yanında olduğu halda idarə etməyə başlamış, Bakı şəhəri, Keşlə qəsəbəsindən çıxıb Bakı şəhərində yerləşən 8-ci kilometr adlanan bazarının yaxınlığındakı körpüyə qalxıb Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkət etmiş və Yeni Günəşli qəsəbəsində yerləşən “Şirin heykəli” adlanan yeri keçərək “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısı ilə Yeni Günəşli qəsəbəsinə doğru 60-70 km/saat sürətlə hərəkətlərini davam etdirmiş, həmin vaxt qarşısına çıxan dairəyə daxil olmadan “Ballı” marketə tərəf hərəkətini davam etdirmiş, “Ballı” marketə çatmağa təxminən 200-300 metr məsafə qalmış qəflətən avtomobilin ön tərəfinə nəsə dəydiyini hiss etmiş, dərhal idarə etdiyi avtomobili saxlamış və Yengeniy ilə birlikdə avtomobildən düşüb ətrafa baxdıqda idarə etdiyi avtomobilin ön hissəsi ilə piyada keçidi ilə hərəkət edən bir nəfər qadını və bir nəfər kişini vurduğunu görmüş, özünü itirmiş və şok vəziyyətində olduğuna görə ətrafda olan tanımadığı şəxslərdən dərhal təcili tibbi yardıma və polisə zəng edib baş vermiş hadisə barədə məlumat vermələrini xahiş etmiş, özü isə idarə etdiyi avtomobillə vurduğu qadına və kişiyə yaxınlaşmış, həmin vaxt Yevgeniy də yanında olmuşdur; bir neçə dəqiqə sonra polis əməkdaşları və təcili tibbi yardım maşını hadisə yerinə gəlmiş, polis əməkdaşlarına yaxınlaşıb piyada qadını və kişini avtomobillə vuran şəxs olduğunu bildirmiş və özünü təqdim edərək sənədlərini polis əməkdaşlarına təhvil vermiş, təcili tibbi yardımın həkimləri xəsarət almış piyadaları avtomobilə yerləşdirib aparmışlar, bundan sonra Yengeniy ilə birlikdə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə getmişlər. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, 2012-ci ildən ünvan 2 mənzil 61 ünvanda mərhum yeznəsi Zərərçəkmiş şəxs2, bacısı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşamışdır; xx xxxx 2020-ci il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə idarə etdiyi “Subaru Forester” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış sahəsində yerləşən “Ballı” marketin yaxınlığında hərəkət edərkən yeznəsi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ehtiyyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən hadisə yerində ölmüş, bacısı Zərərçəkmiş şəxs1 isə xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir; Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 22:40 radələrində mərhum əri Nəriman onu xadimə kimi işlədiyi, dəqiq adını bilmədiyi Suraxanı rayon İcra Hakimiyyətinə tabe olan mənzil təsərrüfat idarəsinə gələrək onu işdən götürmüş, birlikdə piyada olaraq təxminən 300 metr hərəkət etmiş, yaşadıqları evə çatmaq üçün pilləkənlərdən aşağı düşmək məqsədi ilə yaxınlıqdakı çörək sexinin yanındakı piyada keçidi ilə hərəkət etmək üçün piyada keçidinə daxil olmuşlar, həmin vaxt üzü pilləkənlərə baxan şəraitdə Nərimanın sağ tərəfində olmuş və onlar qol-qola yolu keçmək üçün piyada keçidinə daxil olmaqdan qabaq piyada keçidinin tam boş olmasına tam əmin olduqdan sonra piyada keçidinə daxil olmuşlar, “Azpetrol” yanacaq doldurma məntəqəsi istiqamətdə hərəkətdə olan avtomobillərin hərəkət zolağına keçmiş, oradan da “Ballı” market istiqamətində hərəkətdə olan avtomobillərin hərəkət zolağına daxil olmuş, təxminən 6-7 addım atdıqdan sonra qara rəngli avtomobil ön hissəsi ilə əvvəl Nərimanı, sonra isə onu vurmuş, zərbədən hər ikisi yerə yıxılmış, ayağa qalxıb Nərimanın yanına getmək istəsə də yenidən yerə yıxılmış, xəstəxanada olduğu zaman gözünü açmış, hadisə zamanı əri Nəriman hadisə yerində ölmüş, özü isə qapalı kəllə beyin travması ilə 3 saylı şəhər klinik xəstəxanasına müraciət etmişdir; eyni zamanda göstərmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən avtomobil təmiri sexində işləyir, “BC” kateqoriyalı sürücülük vəsiqəsi var, “Subaru Forester” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci ilin fevral ayının ortalarında alaraq arvadı Şahid2 adına sənədləşdirmiş və həmin avtomobili idarə etmiş, xx xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Keşlə qəsəbəsində iş yerində olan zaman qaynı Ruslan iş yerinə gəlmiş və onlar iş yerində oturub yemək yemiş, yemək yedikləri zaman ikisi də spirtli içki qəbul etmiş, həmin gün saat 23:00 radələrində birlikdə iş yerindən çıxmış və qaynı Ruslan “Subaru Forester” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili o, avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra idarə etməyə başlamış, Bakı şəhəri, Keşlə qəsəbəsi ərazisindən çıxıb Bakı şəhərində yerləşən 8-ci kilometr bazarının yanı ilə körpüyə qalxaraq Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkət etmişlər, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Şirin heykəli” adlanan yeri keçərək “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısı ilə Yeni Günəşli qəsəbəsinə doğru hərəkətlərini davam etdirmişlər, “Ballı” marketə çatmalarına təxminən 200-300 metr məsafə qalmış qəflətən avtomobilin ön tərəfinə nəsə dəydiyini hiss etmiş, Ruslan dərhal idarə etdiyi avtomobili saxlamış və birlikdə avtomobildən düşüb ətrafa baxmışlar, həmin vaxt Ruslan idarə etdiyi avtomobilin ön hissəsi ilə piyada keçidi ilə hərəkət edən bir nəfər qadını və bir nəfər kişini vurduğunu görmüşlər, həmin vaxt özlərini itirmiş və ətrafda olan tanımadığı şəxslərdən dərhal təcili tibbi yardıma və polisə zəng edib məlumat vermələrini xahiş etmişlər, özləri isə Ruslanın avtomobillə vurduğu qadına və kişiyə yaxınlaşmışlar, bir neçə dəqiqə sonra polis əməkdaşları, az sonra isə təcili tibbi yardım maşını hadisə yerinə gəlmiş, Ruslan polis əməkdaşlarına yaxınlaşıb həmin piyada qadını və kişini avtomobillə vuran şəxs olduğunu bildirmiş və özünü təqdim edərək sənədlərini polis əməkdaşlarına təhvil vermiş, həmin vaxt təcili tibbi yardımın həkimləri xəsarət almış piyadaları TTY avtomobilinə yerləşdirib aparmış, bundan sonra Ruslanla birlikdə polis əməkdaşları ilə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə getmişlər. Məhkəmə zamanı şahid qismində dndirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Yevgeniylə təxminən 5 ilə yaxındır ki, Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən avtomobil təmiri sexində bir yerdə işləyir, Ruslanı Yevgeniyin qaynı kimi tanımış, onunla da münasibətləri yaxşı olmuş, Ruslan hərdən onlarla birlikdə oturub yemək yeyib içmişdir; xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Yevgeniylə iş yerində olan zaman Ruslan iş yerinə gəlmiş və iş yerində yemək yeyib, spirtli içki qəbul etmək qərarına gəlmişlər, iş yerində yemək yeyib təxminən yarım saat ərzində iki ədəd 700 qramlıq araq içmişlər, sonra sağollaşıb ayıq sürücü çağıraraq, yaşadığı evə getmiş, həmin vaxt Yevgeniyə də sərxoş vəziyyətdə olduqları üçün avtomobili idarə etməməmələrini və ayıq sürücü xidmətindən istifadə etmələrini tapşırmış, evə getdikdən bir qədər sonra Yevgeniy onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmiş, Yevgeniydən sürücünün kim olduğunu soruşduqda Yevgeniy “Subaru Forester” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili qaynı Ruslanın idarə etdiyini və yol-nəqliyyat hadisəsi törədənin də Ruslan olduğunu, bir qadın və bir kişi olmaqla iki nəfəri həmin avtomobillə vurub xəsarət yetirdiyini bildirmişdir; o, sərxoş vəziyyətdə olduğu üçün avtomobili idarə edə bilmədiyinə görə hadisə yerinə getməmiş, səhərisi gün ona Ruslanın idarə etdiyi “Subaru Forester” markalı **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğu bir nəfər kişinin hadisə yerində ölməsi, digər piyada qadının isə 3 saylı şəhər klinik xəstəxanasına müalicə olunması üçün aparılması məlum olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, “Subaru Forester” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci ilin fevral ayının ortalarında əri Şahid1 onun adına sənədləşdirmiş və həmin avtomobili bəzən idarə etmiş, həmin avtomobili birgə nikah dövründə aldıqlarına görə özü, həmçinin əri Şahid1 həmin avtomobili idarə etmişlər, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında əri Şahid1 və qardaşı Təqsirləndirilən şəxs Yevgeniyin işlədiyi avtoservisdə olmuş, həmin günü saat 24:00 radələrində əri Şahid1 mobil telefonla zəng edərək harada olmasını soruşmuş, əri Şahid1 ona qardaşı Ruslanın onlara məxsus avtomobillə adam vurduğunu bildirmiş, səhəri gün isə ona qardaşı Ruslanın idarə etdiyi “Subaru Forester” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğu bir nəfər kişinin hadisə yerində ölməsi, digər piyada qadının isə 3 saylı şəhər klinik xəstəxanasına müalicə olunması üçün aparılması məlum olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxx 2020-ci il tarixli 1/621 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (1-ci cild iş vərəqi 20). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə xx xxxxx 2020-ci il tarixli 308 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyinin ağır dərəcəli əzilməsi, alın sümüyünün xətti sınığı, subaraxnoidal qansızma, sağ tərəfli hemiparez, sağ tərəfli oturaq və qasıq sümüklərinin qapalı sınığı yerdəyişmə ilə, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözün bayır bucağı nahiyəsinin əzilmiş yarası; qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxx 2020-ci il tarixdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (1-ci cild iş vərəqə 157-158). İşdə olan məhkəmə-yol nəqliyyat hadisələri üzrə xx xxxx 2020-ci il tarixli 08/26 nömrəli ekspert rəyindən görünür ki, “Subaru Forester” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1 iş vərəqə 69-72). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə xx xxxx 2020-ci il tarixli 31 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 oğunun meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthihdə aşağıdakı xəsarətlər aşkar olundu: solda qabırğaların çoxsaylı sınıqları, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli sınıqları, sol ağciyərin cırılması, sağ baldır nahiyyəsinin əzilmiş-cırılmış yarası, bədənin çoxsaylı sıyrıqları və qançırları; qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan olan avtomobilin qabarıq hissələrinin piyadanı vurması nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs2 ölümünə skelet sümüklərinin çoxsaylı sınıqları, sol ağciyərin cırılması nəticəsində inkişaf etmiş zədə şoku, qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 10-14 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs2 oğunun meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir (1-ci cild iş vərəqi 153-155). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə xx xxxxx 2020-ci il tarixli 308 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyinin ağır dərəcəli əzilməsi, alm sümüyünün xətti sınığı, subaraxnoidal qansızma, sağ tərəfli hemiparez, sağ tərəfli oturaq və qasıq sümüklərinin qapalı sınığı yerdəyişmə ilə, alm nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözün bayır bucağı nahiyəsinin əzilmiş yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxx 2020-ci il tarixdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (1-ci cild iş vərəqə 157-158). İşdə olan Suraxanı RPİ-nin DYPŞ-dən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət X8 Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AF 306125 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüquqlarından mərhum edilənlər siyahısında yoxdur (1-ci cild iş vərəqi 108). İşdə olan tutma haqqında x xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə tutulmuşdur(1-ci cild iş vərəqi 45). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxsnun tutulduğu x xxxx 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 108-109). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki¸ Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 111-112). İşdə olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, ona qarşı şikayəti və tələbi yoxdur (1-ct cild iş vərəqi 186). İşdə olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 №-li xx xxxxxx 2013-cü il tarixli qərarının 21-ci maddəsinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz; törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır; Həmin Qərarın 23-cü maddəsinə əsasən məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-in) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (CİM-in 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərəçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı x xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrin müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxxx 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən cəzanı məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin edilmiş sürücülük hüququndan məhrum etmə növündə əlavə cəza icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - «Subaru Forester» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid2, 1 ədəd ayaqqabı tayının və 1 ədəd papağın sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası üzrə tədqiqatının dəyəri -100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı x xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququdan məhrum etmə cəzası icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilsin. İş üzrə maddi sübutlar - «Subaru Forester» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid2, 1 ədəd ayaqqabı tayının və 1 ədəd papağın sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar