Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-764/2020 26.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Mirzəyev və partnyorları” Vəkil bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Quba rayonu Digah kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində Quba-Qusar yolunun Quba rayonu Digah kəndindən keçən 7-ci kilometrliyində yerləşən “Dostluq” kafesində həmkəndlisi Zərərçəkmiş şəxs ilə yemək yeyib bir qədər spirtli içki qəbul etdikdən sonra orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən, kafeyə gəlmiş həmkəndlisi Şahid5 ilə zarafatlaşıb "ağıllı ol" demiş, bu zaman Zərərçəkmiş şəxs həmin məsələnin özünə aidiyyəti olmadığı halda həmin sözlərə sərt münasibət göstərərək onu nalayiq ifadələrlə təhqir etmiş, bu zaman aralarında yaranmış münaqişə zəminində kafenin qarşısında Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, bundan sonra oradan uzaqlaşaraq getmək istəməsinə baxmayaraq Zərərçəkmiş şəxs onun arxasınca gedib Qusar istiqamətində yolun sağ kənarında ona çataraq qanunsuz davranışlarını davam etdirib onu yenidən münaqişəyə cəlb etmiş və nəticədə Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi, Bakı şəhərində mağazadan aldığı tiyəsinin uzunluğu təxminən 5-6 sm olan, dəmir qulplu, qara rəngli, qatlanan cib bıçağını çıxararaq Coşqun Həsənbəyovun qarın nahiyəsinə bir, sol qoltuqaltı nahiyəsinə bir və döş qəfəsinin sol tərəfinə daha bir dəfə zərbə vurmaqla, ona sol qoltuqaltında arxada və sol qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğaarası sahədə hərəsində bir yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş iki yara ilə nəticələnən sağlamlıqda qısa müddətdə pozğunluq törədən yüngül dərəcəli bədən xəsarətləri, sağ qalça çuxurunda bir yerdə qarın boşluğuna keçərək böyük piyliyin və nazik bağırsağın seroz qişasının zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuş və həmin bıçağı kənara atmaqla hadisə yerini tərk edib getmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, şəxsi evi olmadığından arvadı və iki övladı ilə birlikdə qaynatasına məxsus Bakı şəhəri Xətai rayonununda yerləşən evdə yaşayırlar. Müxtəlif yerlərdə fəhlə işləyib pul qazandığından ailəsinə 2-3 aydan bir baş çəkmiş və daimi olaraq Quba rayonu Digah kəndindəki ata evində anası ilə birlikdə yaşamışdır. Həmkəndlisi Zərərçəkmiş şəxs ilə əvvəlcədən hər hansı düşmənçilik və ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı kənddə Quba-Qusar yolunun kənarında yerləşən, Şahid2 Əmrulla oğlunun işlətdiyi kafedəki otaqların birində həmkəndlisi Şahid3 ilə birlikdə əyləşib yemək yemiş, hər biri 250 qram spirtli içki qəbul etmişdir. Daha sonra evə getmək üçün kafedən çıxmışlar və yaxınlıqdakı dayanacaqda oturub siqaret çəkməyə başlamışlar. Bu zaman həmkəndlisi Zərərçəkmiş şəxs sərxoş halda onlara yaxınlaşıb görüşmüşdür. Onun Coşqunla heç bir münasibəti olmasa da, Coşqun sərxoş vəziyyətdə olduğundun onlarla bir masada əyləşərək araq içmək istədiyini bildirmişdir. Onlar Coşqunla razılaşdıqdan sonra Coşqun yaxınlıqdakı mağazaya gedərək 0,7 litrlik araq gətirmişdir. Üçü Eynullanın kafesinə getmişlər və orada mətbəxin yanındakı otaqda əyləşmişlər. Bir-birləri ilə çox mehriban davranmışlar. Onlar yeməksiz alma-armudla spirtli içkini qəbul etdikdən sonra otaqdan zala çıxmışlar. Bu zaman o, kafenin zalında qohumu Camalın oğlu Pirnəzərlə görüşüb sonuncu ilə zarafat edərək “ağıllı ol” demişdir. Onun bu sözündən Coşqun əsəbiləşərək söz mübahisəsi edərək Peyənəzərə “ağıllı ol” deməyinə etirazını bildirmiş, “sən kimsən ona elə söz deyirsən?” demişdir. O, Coşquna öz aralarında zarafat etdiklərini bildirsə də, Coşqunu heç cür sakitləşdirə bilməmişdir. Mübahisənin gərginləşdiyini görüb kafedən bayıra çıxarkən kafenin mətbəxinə yaxın masanın üzərində olan balaca məişət bıçağını götürüb cibinə qoymuşdur. Məqsədi Coşquna gücü çatmadığı təqdirdə bıçaqdan istifadə etmək olmuşdur. Küçədə Coşqun ona qarşı nalayiq ifadələr işlətmiş və buna görə Coşqunla əlbəyaxa olmuşlar, Coşqunu yerə yıxmış, Coşquna ağıllı olmasını, düşmənçiliyinin olmamasını və sakitləşməsini bildirmişdir. Sonra orada olan insanlar onları ayırmışdır. O da sakitləşmiş, İlqarla birlikdə yaşadığı evinə doğru getməyə başlamışlar. Kafedən çıxaraq Quba-Qusar yoluna çatanda Coşqun qarşılarına çıxmış, ona yaxınlaşaraq üzünə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Elə bu vaxt tutaşmışlar, o da Coşqunun söyüşlərinə qarşılıq vermiş və Coşqunun sakitləşmədiyini görüb, əsəbiləşərək balonka kurtkasmın sağ cibində saxladığı kafedən götürdüyü bıçağı götürərək sol əli ilə Coşqunun boynundan çəkərək öncə onun qarın nahiyəsinə bir dəfə, sonra sol qoluna bir dəfə və döş nahiyəsinə bir dəfə olmaqla cəmi üç zərbə bıçaq endirmiş və yerə yıxıb, “məndən əl çək, səni vurmaq istəmirdim, özün buna şərait yaratdın” deyərək, Coşqunun üstündən ayağa durmuşdur. Bu zaman ətrafdakı insanlar onları ayırmağa çalışmış və əlindəki bıçağı bilmədiyi istiqamətdə tullayıb aralanmışdır. Coşqun isə heç nə olmamış kimi ayağa durmuş, ona yaxınlaşmış, “məni bıçaqla vurdun” demiş, o da Coşqunu qucaqlamış, artıq sakitləşmişdir və Coşqunla barışmaq istəmişdir. Coşqun isə onu təkrar itələmiş və bunun hesabını ödəyəcəksən demişdir. Daha sonra ətrafdakı şəxslər onları ayırmışdır. Oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxslə barışmışdır, ona vurulmuş ziyanı tam olaraq ödəmişdir, etdiyi cinayət əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, Rəşad və ailəsi ilə əvvəlcədən hər hansı düşmənçilik və ədavəti olmamışdır. Rəşad onun yaşadığı kənddə anası Sevil ilə birlikdə yaşamış, ailəsinin Bakı şəhərində yaşadığını eşitmişdir. Rəşadın özü ilə hər hansı münasibəti olmamış, sadəcə olaraq Rəşadla rastlaşdıqda həmkəndli olaraq salamlaşmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı kəndin mərkəzindən keçən Quba-Qusar yolunun sağ tərəfindəki dayanacağa yaxınlaşanda Rəşad və digər həmkəndlisi İlqarın söhbət etdiklərini görmüşdür. Həmin vaxt Rəşad və İlqar sərxoş olmuşlar, o, Rəşad və Coşquna yaxınlaşıb salamlaşmış və bir qədər söhbətdən sonra fikirlərindən araq içmək keçmişdir, buna görə də o, yaxınlıqdakı marketə gedərək 0,7 litrlik spirtli içki olan araq alıb gəlmiş və birlikdə yaxınlıqda yerləşən həmkəndlisi Eynullanın işlətdiyi “Dostluq” kafesinə getmişlər. Kafeyə daxil olaraq zalda mətbəxə yaxın otaqda əyləşmişlər. Həmin otaqda üçü meyvə ilə aldığı arağı qəbul etmişlər və bir qədər sərxoş olmuşlar. Həmin otaqda 10-15 dəqiqə əyləşdikdən sonra evə getmək üçün kafenin zalına çıxmışlar, zalda Rəşadın sinif yoldaşı Pirnəzərlə zaraftlaşaraq, sonuncuya “ağıllı ol” deməsinə etirazını bildirmişdir və Rəşada demişdir ki, “ona elə söz demə”. Rəşad bundan əsəbləşmiş, aralarında mübahisə yaranmış və kafenin zalından çölə çıxmışlar. Çöldə Rəşadla əlbəyaxa olmaq istədikdə araya İlqar girmiş və o, İlqara əsəbiləşmiş və sonuncunu kəllə ilə vurmaq istəmişdir. Çöldə olan şəxslər onları ayırmışdır. Həmin vaxt İlqarı nalayiq ifadələrlə söyən zaman, bu Rəşadı hiddətləndirmiş və onun üzərinə gəlməyə başlamış, aralarında söz mübahisəsi baş vermişdir. Sonra sakitləşmişlər, oradakı mübahisələri 5-10 dəqiqə davam etdmişdir. Hər biri oradan ayrılaraq evlərinə doğru getmişlər. O, İlqarla söhbətləşərək Quba-Qusar yolunun sağ tərəfində dayanmışlar, Rəşadın tərəfini saxladığı üçün İlqarla yenidən mübahisələri yaranmışdır və bir-birlərinin yaxasını tutaraq mübhisə edərkən Rəşad araya girərək onu yolun sağ tərəfindəki çuxur hissəyə doğru itələmiş, sol əli ilə onun boynundan çəkərək qarın nahiyəsinə bir dəfə, sonra sol qoluna bir dəfə və döş nahiyəsinə bir dəfə olmaqla cəmi üç bıçaq zərbəsi endirmişdir və o, xəsarət aldığını hiss edib halsızlaşaraq yerə yıxılmışdır. O, yerə yıxılandan sonra Rəşad daha onu vurmamış və Rəşadın sağ əlində təxminən 7-8 sm uzunluqda bıçaq tutduğunu görmüşdür. Rəşada “sən məni bıçaqla vurdun” demişdir. Bu zaman kənardan kimsə Rəşada bıçağı atmağı bildirmişdir. Rəşad da bıçağı əlindən tullamış və üzərindən ayağa qalxmış, o da ayağa durmuş və qarın nahiyəsindən qanın axdığını hiss etmişdir. Həmin vaxt bir daha Rəşada “sən məni qarın nahiyəmdən bıçaqla vurdun” demişdir. Rəşad isə bunu eşidib sakitləşmiş və onu qucaqlayaraq peşmançılıq hissi ilə “haranı vurdum?” demişdir. Sonra ayrılmışlar, artıq orada ikisindən başqa heç kim olmamış, İlqar özü də onlara yaxınlaşmamışdır. O, artıq Rəşadla mübahisəni davam etdirməmişdir və hadisə yerindən ayrılaraq yaşadığı evinə getmişdir. Evdə əynini soyunanda sol qoltuqaltı nahiyəsində bir, həmin nahiyənin arxa tərəfində bir və qarın nahiyəsinin sağ aşağı hissəsində bir bıçaq zərbələrindən yaranan xəsarətləri görmüşdür. Həmin vaxt qan dayanmışdır və axmamışdır. Növbəti gün, xx xxxxxx 2020-ci il tarixdə bu barədə heç kimə bildirməmiş və polisə də məlumat verməkdən qorxmuşdur. Həmin gün saat 18 radələrində halının pisləşdiyini hiss etdikdən sonra tək olaraq Qusar rayon mərkəzi xəstəxanasına müraciət etmiş və orada Rəşad tərəfindən bıçaqlandığını bildirmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Şahid5 Camələddin oğlu məhkəmədə ifadəsində göstərdi ki, əsl adı Nəzərdir, ona həm də Pirnəzər deyə müraciət edirlər. Təqsirləndirilən şəxs İskəndər oğlu qohumudur, Rəşadın anası Sevil onun atası Camaləddinin əmisi qızıdır. Münasibətləri yaxşı olmuşdur. Rəşad həbs həyatı yaşadığına görə, daim Rəşadla məsafəli davaranmışdır. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla bərabər, həm də sinif yoldaşı olmuşdur. Coşqunla da münasibəti yaxşıdır. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı kəndin ərazisindən keçən Quba-Qusar yolunun sağ tərəfində həmkəndlisi Eynullanın işlətdiyi “Dostluq” kafesinə həmkəndlisi Ceyhun və Babaşla birlikdə gedən zaman, orada zalda həmkəndliləri Asif və Rahimin stolun ətrafında oturaraq pivə içdiklərini görüb, həmin şəxslərlə birlikdə əyləşərək pivə içməyə başlamışlar. Həmin vaxt zalın mətbəx olan istiqamətdəki otaqdan Rəşad, Coşqun və həmkəndlisi İlqarın çıxdığını görmüş, hərəkətlərindən həmin şəxslərin sərxoş olmaları açıq-aydın hiss olunmuşdur. Rəşad onu görərək “Pirnəzər bir dəqiqə yanıma gələ bilərsən?” demişdir. O da stuldan qalxaraq Rəşada yaxınlaşmış, Rəşad ona “məni görəndə niyə salam vermirsən?” demiş, o da belə etmədiyini bildirəndə, Rəşad zarafaca ona “biz qohumuq, ona görə də ağıllı ol” demişdir. O da Rəşada qarşı istehza ilə “bu gün ağıllı olaram” demişdir. Ətrafda olan Coşqun onların söhbətlərini eşidib, Rəşada “sən Nəzərə elə söz niyə dedin?” deyə irad bildirmişdir. Buna görə də “ağıllı özün ol” dedikdə, Rəşadla Coşqun arasında mübahisə yaranmışdır. Rəşad da Coşquna “sən bizim qarışma, biz özümüz bilərik” demişdir. Rəşad və Coşqun bir-birlərinə yaxınlaşaraq əlbəyaxa olmaq istədikdə Ceyhun Coşqunu kafedən çölə çıxarmışdır. İlqar da ayaqyolundan zala gələrək Coşqunun arxasınca çölə çıxmışdır. Rəşad həmin vaxt ona yaxınlaşaraq, dediyi sözünə görə ondan üzr istəmiş və səhv etdiyini bildirmişdir. Bu zaman Coşqun kafenin çölündən Rəşadı çağırmışdır. Rəşad da ikiüç dəqiqədən sonra çölə çıxmış və çöldə mübahisə səsləri eşidilməyə başlanmışdır. Kafedəki şəxslər səs-küyə çölə çıxmışlar, o, Ceyhun, Asif və Babaş da çölə çıxmışlar. O, çölə çıxanda kafedən bir qədər kənarda İlqarla Coşqunun bir-birlərini tutaraq mübahisə etdiklərini görmüşdür, o da həmin şəxsləri ayırmağa başlamış və mübahisə davam etməmişdir. Coşqun ayrılaraq Quba-Qusar yolu istiqamətində getmişdir. İlqar ona kafenin qarşısında papağının düşdüyünü bildirmiş, papağını taparaq gətirməyini xahiş etmişdir. O da İlqarın papağını taparaq İlqarın yola yaxın yerdə durduğu istiqamətə getmiş, papağını verən zaman yol tərəfdən mübahisə səsləri gəlməyə başlamış, İlqar qışqıraraq “Rəşadda bıçaq var, onu götürün” demişdir. Sonra birlikdə yola tərəf getmişlər, yolun Qusar istiqamətindəki sağ kənarında, oradakı radar dirəyinin yaxınlığında Rəşadın Coşqunu yerə yıxaraq üstündə olduğunu görmüş, bir-birləri ilə dalaşmaqla Rəşad sol əli Coşqunun boynundan tutub saxlamışdır, sağ əlində isə tiyəsi açıq vəziyyətdə təxminən 5-6 sm uzunluqda, qulpu dəmir metaldan ibarət qara rəngli bıçaq tutmuşdur. Həmin vaxt Rəşad Coşqunu vurmamışdır, o, təhlükənin baş verə biləcəyindən ehtiyatlanıb, bıçağı Rəşadın əlində olarkən ayaqqabısının daban hissəsi ilə basıb saxlamış, Rəşada dalaşmamalarını, bir-birindən ayrılmalarını bildirmişdir. Rəşad “ilk olaraq Coşqunu saxlayın, mən də aralanım” demiş, bu zaman Rahim və İlqar Coşqun və Rəşadı aralamışlar. Rəşad da bıçağı yerə buraxmış və o da ayağını bıçağın üzərindən götürmüşdür. Mübahisə bitmiş, Coşqun yerdən qalxmış və Rəşada “sən məni bıçaqla vurdun” demişdir. Bunu eşidən Rəşad Coşqunu qucaqlamış və sakitləşmişlər. Onlar da hər birini kənara uzaqlaşdırmışlar. Hadisə yerinə marka və nömrəsini bilmədiyi xarici ölkə istehsallı qara rəngli minik avtomobili gəlmiş və Coşqun həmin avtomobilə minərək Qusar istiqamətində gedərək oradan uzaqlaşmışdır. Həmin vaxt qaranlıq olduğundan Coşqunun bədənində və yerdə hər hansı qan izi görməmişlər. Sonra Rəşad hadisə yerinin bir qədər kənarından Coşqunu yerə yıxdığı yerə gələrək “mənim bıçağım kimdədir?” demiş və üzərindəki alışqanın işığı ilə hadisə yerini axtarmağa başlamış və hasara yaxın ağacın dibindən yerdə qalmış bıçağı görmüş, həmin bıçağa işıq vurduğu zaman o və oradakı şəxslər də bıçağı görmüşlər. Rəşad həmin bıçağı yerdən götürüb qatlayaraq cibinə yerləşdirmişdir. Bundan sonra hadisə yerindəki şəxslər uzaqlaşamağa başlamış, o, Ceyhun və Rahim kafeyə qayıtmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6, Şahid4 Şahid5 Camələddin oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdilər. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. Həmkəndlisi Təqsirləndirilən şəxs Bakı şəhərində yaşasa da, tez-tez Digah kəndindəki ata evinə gələrək anası ilə birlikdə yaşamışdır. Rəşad kəndə qayıtdıqdan sonra onunla münasibət saxlamışdır, hərdənbir kənd içində olan kafelərdə görüşüb yemək yeyərək spirtli içki qəbul etmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı kənddə Quba-Qusar yolunun kənarında yerləşən xalası oğlu Şahid2 Əmrulla oğlunun işlətdiyi kafedəki otaqda Təqsirləndirilən şəxsla birlikdə əyləşib yemək yemiş, hər biri 250 qram araq içmişlər və evə getmək üçün kafedən çıxıb dayanacaqda duraraq siqaret çəkməyə başlamışlar. Bu zaman həmkəndlisi Zərərçəkmiş şəxs onlara yaxınlaşıb görüşmüşdür. Rəşadın Coşqunla heç bir münasibəti olmasa da, sonuncu sərxoş vəziyyətdə olduğundun onlarla bir masada əyləşərək araq içmək istədiyini bildirmişdir. Onlar Coşqunla razılaşdıqdan sonra Coşqun yaxınlıqdakı mağazaya gedərək araq alıb gəlmiş və birlikdə Eynullanın kafesində həmin arağı içmişlər. O, telefonla danışmaq üçün kafedən bayıra çıxmışdır. Bir qədər sonra Rəşadla Coşqunun kafenin qarşısında söz mübahisəsi etdiklərini görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq mübahisəni satikləşdirmək istəsə də, bir-biriləri ilə əlbəyaxa olmuşlar. Rəşad Coşqunu yerə yıxmış, o və ətrafdakılar həmin şəxsləri ayırmışlar. Evə getmək üçün kafedən bir qədər uzaqlaşdıqdan sonra Coşqunun gəldiyini görmüşdür. Coşqun yenidən Rəşadı təhqir etməyə başlamış və həmin şəxslər təkrar əlbəyaxa olmuşlar, Rəşad Coşqunu yerə yıxmış, Coşqunu vurmaq istəmədiyini bildirmişdir. Həmin vaxt o və ətrafda olan tanıdıqları Ceyhun, Rahim, Asif və Nəzər həmin şəxsləri ayırmışlar və oradan uzaqlaşmışlar. Hadisə günü qaranlıq olduğundan o, Rəşadın Coşqunu bıçaqla vurduğu anı görməmişdir. Bu barədə izahat vermək üçün polis şöbəsinə gəldikdə məlumatı olmuşdur. Şahid2 Əmrulla oğlu məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs İskəndər oğlu və Zərərçəkmiş şəxs həmkəndlisi olmuşlar. Həmin şəxslərlə heç bir düşmənçilik və ədavəti olmamışdır. Yaşdığı kənddə, Quba-Qusar yolunun sağ tərəfində qardaşı oğlu Şahid1 məxsus “Dostluq” kafesi olmuşdur. Həmin kafedə bir ildən çoxdur işləmiş və kafenin aşbazı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində kafedə mətbəxdə olaraq müştərilərə çay dəmləyən zaman Rəşad, İlqar və Coşqun özləri ilə 0,7 litrlik araq gətirərək, kafenin kabinetlərinin birində oturmuşlar. Həmin şəxslər kafeyə daxil olanda Coşqunun sərxoş olmağı sezilmişdir. Həmin şəxslər ondan yemək istəmişlər və qarşılarında olan alma və armudla arağı içməyə başlamışlar. Təxminən 30 dəqiqə sonra həmin şəxslər kabinetdən zala çıxmış, onun isə mətbəxtdə başı qarışıq olmuşdur. Görmüşdür ki, zalda Rəşad və Coşqun söz mübahisəsi etmişlər. Sonra Rəşad və Coşqun çölə çıxmış, ardınca da müştərilər çıxmış və kafenin qarşısından səs-küy gəlməyə başlamışdır. O da çölə çıxarkən görmüşdür ki, Rəşad və Coşqun əlbəyaxa olmuşlar. Birbirlərini söymüşlər və sonra Rəşadın Coşqunu yerə yıxdığını görmüşdür. Həmin vaxt orada olan şəxslərdən yadında qalan həmkəndliləri Rahim və Nəzər Rəşad və Coşqunu ayırmışlar. Bu mübahisə 5-6 dəqiqə davam etmişdir, Rəşad və Coşqun ayrılmışlar. O da kafeyə qayıtmışdır. Bundan sonra Coşqun və Rəşadın aqibətindən xəbəri olmamışdır. Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə kənddə küçədə olarkən həmkəndlilərindən eşitmişdir ki, bir gün əvvəl Coşqun və Rəşad kafedən uzaqlaşdıqdan sonra Quba-Qusar yolunun kənarında yenidən mübahisələrini davam etdiriblər və həmin vaxt Rəşad Coşqunu bıçaqlayaraq ona xəsarət yetirmişdir. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs İskəndər oğlu və Zərərçəkmiş şəxs həmkəndliləridir. Onlarla heç bir düşmənçilik və ədavəti yoxdur. Yaşdığı kənddə, Quba-Qusar yolunun sağ tərəfində ona məxsus “Dostluq” kafesi vardır. Həmin kafeni 5 ildən çoxdur ki, işlədir. Əmisi Eynulla da həmin kafedə bir ildən çoxdur ki, onunla birlikdə işləyir. Eynulla kafenin aşbazıdır. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində kafenin suyunu düzəldirkən kafenin qarşısından səs-küy gəlməyə başlamış, çölə çıxmış bu zaman Rəşad və Coşqunun qarşlıqlı dalaşdığını, bir-birlərini vurmağa çalışmalarını və Rəşadın Coşqunu yerə yıxdığını görmüşdür. Ətrafdakı həmkəndliləri İlqar, Qaqaş, Vüsal, Rahim, Pirnəzər və adlarını unutduğu şəxslər onları sakitləşdirərək ayırmışlar. O, orada çox qalmayaraq evinə getmişdir. Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə kənd caamatından eşitmişdir ki, bir gün əvvəl kafedə olduğu zaman Rəşad və Coşqun ilkin olaraq dalaşdıqdan sonra, mübahisələrini Quba-Qusar yolunda davam etdirmişlər, Rəşad Coşqunu bıçaqlamış və ona xəsarət yetirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, üzləşdirmə, baxış keçirilməsi haqında protokolları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2020-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus sol aşağı tərəfində bir ədəd bıçaqla kəsilmiş izlər olan bir ədəd qəhvəyi rəngli jilet, bıçaqla sol aşağı, sol sinə və sol qoltuqaltı nahiyəsində kəsiklər olan bir ədəd qara rəngli köynəyə baxış keçirilmiş və götürülmüşdür (cild 1, iş vərəqi 8- 14). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2020-ci il tarixli, 34 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 16). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadələrinin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən ifadəsində qeyd etdiklərini əyani surətdə göstərərək təsdiq etmişdir (cild 1, iş vərəqi 71- 77). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə bildirmişdir (cild 1, iş vərəqi 143- 145). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X3 ilə Şahid5 arasında üzlşədirmə istintaq hərəkəti keçirilmiş, Şahid5 ifadəsində göstərdiyini Təqsirləndirilən şəxs üzünə bildirərərək, Rəşadın hadisə zamanı istifadə etdiyi 5-6 sm uzunluqlu tiyəyə malik cib bıçağını qatlamaqla cibinə yerləşdirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzləşmə zamanı Şahid5 üzünə qarşı dedikləri ilə razılaşdığını, bıçağın ona məxsus olduğunu və bir neçə ay əvvəl Bakı şəhərindəki tanımadığı mağazalardan birindən 5 manata satın aldığını, həmin bıçağın tiyəsinin təxminən 5-6 sm uzunluqda olmasını, qulpunun dəmir metaldan ibarət qara rəngli qatlanan bıçaq olmasını və həmin bıçağı hadisə günü bilmədiyi yerə atdığını bildirmşdir (cild 1, iş vərəqi 146-148). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X3 ilə Şahid4 arasında üzlşədirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşmə zamanı Şahid4 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə bildirərərək, hadisə zamanı Rəşadın istifadə etdiyi 5-6 sm uzunluqlu tiyəyə malik cib bıçağını qatlamaqla cibinə yerləşdirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzləşmə zamanı Şahid4 üzünə qarşı dedikləri ilə razılaşdığını, bıçağın ona məxsus olduğunu və bir neçə ay əvvəl Bakı şəhərindəki tanımadığı mağazalardan birindən 5 manata satın aldığını, həmin bıçağın tiyəsinin təxminən 5-6 sm uzunluqda olmasını, qulpunun dəmir metaldan ibarət qara rəngli qatlanan blçaq olmasını və həmin bıçağı hadisə günü bilmədiyi yerə atdığını bildirmşdir (cild 1, iş vərəqi 149-151). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-cu il tarixli, 32 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ qalça çuxurunda bir yerdə qarın boşluğuna keçərək böyük piyliyin və nazik bağırsağın seroz qişasının zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara, sol qoltuqaltında arxada və sol qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğaarası sahədə hərəsində bir yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni bıçaqla vurulma nəticəsində əmələ gələ bilər, lakin konkret olaraq hansı növ bıçaqla vurulma nəticəsində əmələ gəlməsi haqqında həmin bıçaq ekspertizaya təqdim olunmadığından dəqiq fikir söyləmək mümkün deyildir, hər bir xəsarətin ayrı-ayrılıqda dərəcəsini təyin etmiş olsaq bu zaman döş qəfəsində solda yerləşən və daxilə nüfuz etməyən hər iki yara sağlamlıqda qısa müddətə pozğunluq törədən yüngül dərəcəli bədən xəsarətlərinə, sağ qalça çuxurunda yerləşən və qarın boşluğuna nüfuz edərək böyük piyliyin və nazik bağırsağın seroz qişasını zədələyən deşilmiş-kəsilmiş yara həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqi 78-79). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli, 37-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və jiletin ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd, köynəyin və jiletin sol-yan nahiyəsində bir ədəd, köynəyin və jiletin sol qolunun arxa-yuxarı nahiyəsində bir ədəd, köynəyin sol qolunun arxa-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Bu zədələrin konkret hansı alətin təsirindən törənməsi haqqında fikir söyləmək üçün zədə törədən alət ekspertizaya təqdim edilməlidir. Ekspertiziya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və jiletin ön hissəsinin sağ-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ qalça çuxurunda olan, köynəyin və jiletin solyan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş- kəsilmiş zədə onun bədəninin sol qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğaarası sahədə olan, köynəyin və jiletin sol qolunun arxa-yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol qoltuqaltında arxada olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus köynəyin sol qolunun arxa-yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə ona məxsus olan jiletdə və onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız köynəyin zədələnməsi izah oluna bilər (cild 1, iş vərəqi 196-198). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-cu il tarixli, 559 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Ona istinad edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. Özünə qarşı hörmət tələb etmək, emosionallıq, hövsələsizlik, çılğınlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə edilmədi. Əqli (intellektual) inkişafına görə cinayəti törədən zaman etdiyi hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəblilik əmələ gəlmişdir. Həmin halın yaranması adi alkogol sərxoşluğu fonunda situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqi 199-201). İşdə olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 174 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 135). İşdə olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş qismində tanınmışdır (cild 1, iş vərəqi 1). İşdə olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli qolsuz jaket və 01 ədəd qara rəngli uzunqol köynək maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 204-212). İşdə olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qərar Quba RPŞnə göndərilmişdir (cild 1, iş vərəqi 204-212, 214). İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır (cild 1, iş vərəqi 194). Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu hallar, habelə Təqsirləndirilən şəxs cinayəti Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri altında törətməsi Azərbaycan Respublikası CM-in 59.1.12, 59.1.13-cü və 59.1.8-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallardır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, həmin hökmlə ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.16-cı il tarixli amnistiya qərarının 2-ci bəndi tətbiq edilməklə narkomaniyadan məcburi müalicənin ləğvi barədə qərardan sonra çəkilmiş 01 il 03 ay 23 gün cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 137,157-160, 165- 170). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayətə görə cəzadan azad edildiyi vaxtdan iki ildən çöx keçdiyinə görə həmin əmələ görə məhkumluğu ödənilmişdir. Bununla yanaşı, əvvəllər ağır cinayət törətməyə görə cəzanıçəkib qurtardığı gündən altı il keçmədiyinə görə həmin cinayət üzrə məhkumluğu ödənilmədiyindən məhkəmə onun törətdiyi əməli cinayətin təhlükəli residivi kimi qiymətləndirir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barədə Cinayət Məcəlləsinin 60.1-cı maddəsinin tətbiqi üçün əsas görmür. Belə ki, həmin maddənin tətbiqinə cəzanı ağırlaşdıran halların olmadığı halında yol verilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində təhlükəli residivin olmasını və işin digər hallarını nəzərə alaraq ona təqsirli bilindiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmayan həddə təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmış, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 38, 99-101,186-187) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Quba RPŞ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli qolsuz jaket və 01 ədəd qara rəngli uzunqol köynək təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Quba RPŞ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli qolsuz jaket və 01 ədəd qara rəngli uzunqol köynək məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-764/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-764/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver