Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-765/2025 10.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki ünvan 2da yaşayan, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə basqın edərək quldurluq etmişdir. Belə ki, o, tamah niyyətilə və özgənin əmlakını ələ keçirmə məqsədilə 11 iyul 2024-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi ilə Füzuli küçəsinin arasında yerləşən “Mərkəzi” parkda əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın əsnasında sonuncuya bir ədəd yumruq zərbəsi vuraraq ona sağ gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyənin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirib sonuncuya məxsus 550 manat dəyərində “Tecno Camon 20 Pro” markalı mobil telefonu götürərək Zərərçəkmiş şəxs 550 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Rəvan adlı dostu və sonuncunun tanışı onu “Fantaziya” hamamın yanında olan “pab”da verilən qonaqlığa dəvət etmişlər. Onlar biraz spirtli içki qəbul etdikdən sonra olduqları məkandan çıxıb birbirilərindən ayrılmışlar. O, “Mərkəzi park”da Ənvər adlı şəxsi görmüşdür. Ənvəri hadisə nəticəsində tanımışdır. Ənvərin əlində qəlyan görmüşdür. O, Ənvərdən həmin qəlyana baxmaq istədiyini bildirdikdə sonuncu ona aqressiv şəkildə buna icazə verməyəcəyini bildirmişdir. Ənvər onunla mübahisə edən zaman tanımadığı şəxs onları aralaşdırmışdır. Həmin zaman orada olan şəxslərdən biri onun telefonunun yerə düşdüyünü bildirmiş və telefonu ona vermişdir. Evə gələn zaman mobil telefonun Ənvərin olduğunu başa düşmüşdür. Bundan sonra o, mobil telefonu Polis Bölməsinə könüllü təhvil vermişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, o, yolda gedərkən cibimdə iki mobil telefonun olduğunu hiss etməmişdir. Hadisə zamanı onun saatı da yerə düşmüşdür. Evdə olan zaman qardaşı mobil telefonun kimin olduğunu ondan soruşmuşdur. 26-cı Polis Bölməsinə getməmişdən əvvəl ondan şikayət olunduğunu bilməmişdir. Ənvər ona “Sovetski”də qaldığını dediyi üçün o, mobil telefonu 26-cı Polis Bölməsinə təhvil vermişdir. Ənvər onu vurduqdan sonra o da Ənvəri sillə ilə vurmuşdur. Ənvərdə olan qəlyanın aqibətindən məlumatı yoxdur. Polis Bölməsinə könüllü gedib təslim olmuşdur. Mobil telefonu Polis Bölməsinə təhvil verdikdən bir gün sonra onu məhkəməyə çıxartmışlar. Zərərçəkmiş şəxslə üzləşməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadələrindən görünür ki, 11 iyul 2024-cü il tarixdə bir qədər spirtli içki qəbul etmiş və bundan sonra Mirzəağa Əliyev küçəsi və Fizuli küçələrinin kəsişməsində yerləşən “Mərkəzi park”a gəzməyə getmişdir. O, hadisədən əvvəl 04 ədəd “GO” adlanan spirt qatqılı içki içdiyini bildirmişdir. Həmin vaxt qəbul etdiyi içkinin təsirindən həddindən artıq sərxoş vəziyyətdə olmuş və öz hərəkətlərinə nəzarət edə bilməmişdir. 11 iyul 2024-cü il tarixdə saat təxminən 23:00 radələrində parkda iki nəfər ondan yaşda balaca kişi cinsli şəxslərin gəzdiyini görmüşdür. Həmin şəxslərə yaxınlaşıb söhbət etməyə başlamışdır. Sonra özü də bilmədiyi səbəbdən həmin şəxslərlə aralarında mübahisə yaranmışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı o, həmin şəxslərdən birini yumruqla vurmuş və həmin şəxsin əlindəki mobil telefonunu götürmüşdür. Bundan sonra həmin şəxslərin yanından uzaqlaşıb çıxıb getmişdir. Mübahisə etdiyi şəxslərin onun arxasıyca gəlib-gəlməməsini sərxoş vəziyyətdə olduğu üçün xatırlamamış və həmin şəxslərin onu çağırıb-çağırmadıqlarını da eşitməmişdir. O, həmin şəxslərdə götürdüyü mobil telefonu özündə saxlamışdır. Mübahisə zamanı hər hansı bir xəsarət almamışdır. O, etdiyi hərəkətdən peşman olmuş və istintaqa həmin mobil telefonu könüllü olaraq təqdim etmişdir (cild 1, iş vərəqə 91-92). Təqsirləndirilən şəxs elan olunmuş ifadə ilə bağlı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq dövründə dindirmə protokollarını imzalamamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, dostu ilə 11 iyul 2024-cü il tarixdə, axşam saat 11 radələrində “Mərkəzi park”da olan zaman təqsirləndirilən şəxs onlara yaxınlaşaraq ondan alışqan istəmişdir. O, alışqanının olmadığını bildirdikdən sonra təqsirləndirilən şəxs ondan xatırlamadığı başqa nəsə də istəmişdir. Bundan sonra təqsirləndirilən şəxs yumruqla onun sifətinə zərbə vuraraq əlində olan mobil telefonu alaraq hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, mobil telefon onun əlində olmuşdur.Hadisə zamanı xəsarət aldığı üçün bir çox məqamı xatırlamır. Hadisə zamanı mobil telefonu yerə düşməmişdir. Təqsirləndirilən şəxs onun əlindən mobil telefonu aldıqdan sonra hadisə yerindən qaçmışdır. O, təqsirləndirilən şəxsin arxası ilə qaçsa da sonuncu ara məhləyə girdiyi üçün təqib etməyi dayandırmışdır. Təqsirləndirilən şəxs daşı əlində tutaraq ona yaxınlaşmamaqlarını tələb etmişdir. Onlar təqsirləndirilən şəxsin arxası ilə gedərkən sonuncu mobil telefona görə onun arxası ilə qaçdıqlarını bilmişdir. Onun mobil telefonu sonradan polis əməkdaşları tərəfindən tapılmışdır. Hal-hazırda şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, xatırlamadığı vaxtda axşam radələrində dostu Ənvərlə parkda mobil telefona baxarkən təqsirləndirilən şəxs yaxınlaşaraq onlarda alışqan olub-olmadığını soruşmuşdur. O, alışqan olmadığını bildirdikdə təqsirləndirilən şəxs Ənvərlə dalaşmağa başlamışdır. Mübahisə təqsirləndirilən şəxsin təşəbbüsü ilə başlamışdır. Təqsirləndirilən şəxs Ənvərin üz nahiyyəsinə zərbə endirmişdir. Şahid məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, təqsirləndirilən şəxs onun mobil telefonunu götürmüşdür. Mobil telefon zərərçəkmiş şəxsin əlində olmuşdur. Təqsirləndirilən şəxsin yanında iki nəfər də olmuşdur. Təqsirləndirilən şəxs mobil telefonu götürdükdən sonra onlar təqsirləndirilən şəxsin arxasınca qaçmağa başlamışlar. Təqsirləndirilən şəxsin yanında olan iki nəfər də onların arxasınca qaçmağa başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadə verərək göstərmişdir ki, şikayətlə bağlı təxminən 12 iyul 2024cü il tarixdə Polis Şöbəsinə müraciət etmişlər. 12 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxsi Polis Şöbəsində görməmişlər. Həmin tarixdə polis əməkdaşı onlara mobil telefonun tapıldığını deməsə də, təqsirləndirilən şəxsin tapıldığını bildimişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsiləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 12 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi ilə Füzuli küçələrinin arasında yerləşən “Mərkəzi” parkdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 16-20). 13 iyul 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyənin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 11 iyul 2024cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarəti şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur (cild 1, iş vərəqə 24-26). 17 iyul 2024-cü il tarixli təqdim olunmuş əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Polis Bölməsinə gətirilib izahatı alındıqdan sonra könüllü olaraq təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Tecno Camon 20 Pro” markalı mobil telefonun İMEİ kodu **********81560-dir və tam saz işlək vəziyyətdədir (cild 1, iş vərəqə 54). 28 avqust 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, eksperiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Tecno Camon 20 Pro 5G” markalı, 256 GB yaddaş tutumlu, **********81560 və **********81579 İMEİ kodlu, qara rəngli mobil telefonun istifadədə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 350,00 manat müəyyən olunur (cild 1, iş vərəqə 128-131). 04 noyabr 2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “yüngül dərəcədə ifadə olunmuş nevrasteniya, anamnezidə özünükəsmələr” diaqnozu qeyd edilmişdir.Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. X3 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 133-134). 04 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanıma və saxlanılması üçün verilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Tecno Camon 20 Pro” markalı mobil telefon maddi sübut kimi tanınmış, həmin mobil telefon məişətdə günlük istifadə edilən əşya sayıldığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131.1.2-ci maddəsinə əsasən saxlanılması üçün qanuni sahibinə verilmişdir (cild 1, iş vərəqə 140-141). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən törədilmə üsuluna görə soyğunçuluq və quldurluq cinayətlərinin bir birindən fərqləndirilmə meyarı kimi zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə nəzərə alınmaqla həll edilməsi məsələsi əsas götürülmüşdür. Həmin Qərarın beşinci bəndinin məzmunundan aydın olur ki, təqsirləndirilən şəxsin açıq talama ilə bağlı hərəkətləri, yəni soyğunçuluq əməli həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda əməl quldurluq kimi tövsif edilməlidir. Bundan başqa, quldurluq və soyğunçuluq cinayət əməlləri bir birindən bitmə anına görə fərqlənir. Belə ki, yuxarıda göstərilən Ali Məhkəmənin Plenum Qərarının 7-ci bəndinə əsasən quldurluq cinayətinin bitmə anı əmlakın götürülüb-götürülməməsindən asılı olmayaraq zərərçəkmiş şəxsin əmlakının talanması məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılsa da soyğunçuluq cinayəti təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) bitmiş hesab edilir. Göründüyü kimi quldurluq əməli iki obyektə –mülkiyyət və insan həyat və sağlamlığının qorunması ilə bağlı ictimai münasibətlərə qəsd etdiyi etdiyindən cinayətin bitmə anı basqın andan başa çatır, soyğunçuluq əməli isə hətta zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan zorakılıqla müşayiət edildiyi təqdirdə belə əmlak ələ keçirilə bilərsə bitmiş hesab olunur, talanmalı əmlak ələ keçirilə bilmədiyi təqdirdə isə təqsirləndirilən şəxsin əməli davam etdirilərək həyat və sağlamlıq üçün təhlükəli olan zorakılığa çevrildiyi və ya belə zorakılıq hədəsi ilə müşayiət edildikdə əməl quldurluq cinayət kimi tövsif edilir. Həmin Qərarın 23-cü bəndinə əsasən həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CMnin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun.Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-nin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-nin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməməsi, Zərərçəkmiş şəxslə mübahisə edən zaman tanımadığı şəxsin onları aralaşdırdığını, həmin zaman bir şəxs onun telefonunun yerə düşdüyünü bildirib telefonu ona verdiyini, evə gələn zaman mobil telefonun Ənvərin olduğunu başa düşdüyünü, bundan sonra mobil telefonu Polis Bölməsinə könüllü təhvil verdiyi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları tam təkzib olunur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 12 iyul 2024-cü il tarixli raportdan görünür ki, Qanuni nümayəndə2 12 iyul 2024-cü il tarixdə “102” Xidmətinə zəng edərək “Mərkəzi” Parkdan yuxarı dayanacağın arxa hissəsində 16 yaşlı oğlu Rafaelə və sonuncunun dostuna tanımadığı şəxsin yaxınlaşması, arada yaranmış mübahisə zamanı dostunu və onu vurması, dostunun əlindən yerə düşən “Tecno” markalı mobil telefonu yerdən götürüb qaçması barədə məlumat vermişdir (cild 1, iş vərəqə 5). Təqsirləndirilən şəxs məhkəməyə qədər ibtidai araşdırma dövründə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində 11 iyul 2024-cü il tarixdə saat təxminən 23:00 radələrində parkda qarşı tərəflə aralarında baş vermiş və 5-10 dəqiqə davam edən mübahisə zəminində həmin şəxslərdən birini yumruqla vurduğunu və əlindəki mobil telefonunu götürdüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən ona elan olunmuş əməli törətməkdə təqsirli olduğunu bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmədə Təqsirləndirilən şəxs yumruqla onun sifətinə zərbə vuraraq əlində olan mobil telefonu alaraq hadisə yerindən uzaqlaşdığını, təqsirləndirilən şəxsin arxası ilə qaçsa da sonuncunun ara məhləyə girdiyi üçün təqib etməyi dayandırdığını, Təqsirləndirilən şəxs daşı əlində tutaraq ona yaxınlaşmamaqlarını tələb etdiyini bildirmişdir. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edilən işin yuxarıda göstərilən, eləcə də hadisənin gecə saatlarında baş verməsi, təqsirləndirilən şəxs tərəfindən xəsarətin zərərçəkmiş şəxsin baş nahiyəsinə vurulması, həmin xəsarətin 13 iyul 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə sağlamlığa yüngül zərər vurmaya aid olması kimi halları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 181.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 05 iyun 2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (cild 1, iş vərəqə 113-115). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir (cild 1, iş vərəqə 145-153). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 67-68), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 101-104), həbs etmənin əvvəlinin 17 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Bundan başqa təqsirləndirilən şəxs barəsində, haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-ü il tarixədək tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “Tecno Camon 20 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 129). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 36 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi ödənilməsi məqsədilə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci, maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 29 fevral 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixədək müddət ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4(dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - 01 ədəd “Tecno Camon 20 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verildiyi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 ( əlli ) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 36 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-765/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-765/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver