Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-766/2021 09.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşaqları olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 09 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2016-cı ilin may ayının 2-də Türkiyə Respublikasının Hatay şəhərinə, oradan isə qanunsuz yolla Suriya Ərəb Respublikası ərazisinə keçərək İdlib şəhərinə gəlmiş, orada dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində fəaliyyət göstərən “Ceyşul Hur” adlı sabit qrupun tərkibində olan şəxsiyyəti məlum olmayan X19 adlı şəxsin rəhbərlik etdiyi “Ceyşullah” adlı silahlı qrupun tərkibinə qoşulmaqla X16, X11 və digərləri ilə birlikdə 2016-cı ilin may ayının sonlarından 2019-cu ilin oktyabr ayının sonlarınadək həmin silahlı qrupun Suriyanın Hələb şəhərində yerləşən düşərgəsində Hamza adlı şəxsin rəhbərliyi altında döyüş təlimlərində qəsdən iştirak edərək, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələndikdən sonra silahlı qrupun digər üzvləri ilə birlikdə Suriyanın Hələb, Hama və İdlib şəhərlərində aparılan silahlı münaqişələrdə qəsdən iştirak etmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayının sonlarında Türkiyə Respublikasının İstanbul şəhərinə gələrək, bir müddət orada yaşadıqdan sonra 07 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı ildən dini ibadətlə məşğul olmağa başlamışdır. İslam dininin əhli sünnə məzhəbinə ibadət etmişdır. 2016-cı ildən “facebook” sosial şəbəkəsində “Şamın səsi” adlı səhifəni izləməyə başlamış, daha sonra həmin səhifənin üzvü olmuşdur. Bir müddət sonra həmin səhifədə “X25” adlı şəxslə tanış olmuş, söhbət zamanı o, həmin şəxsin Suriyada olduğunu öyrənmişdir. Ona Suriyaya dini qorumaq və kafirlərə qarşı cihadda iştirak etmək, islam dininin düşmənlərinə qarşı döyüşmək məqsədilə Suriyaya getmək fikri olduğunu bildirmişdir. “X25” onun Suriyaya gəlmək və orada döyüşlərdə iştirak etmək istədiyini bildikdə, ona Türkiyədə yaşayan bir neçə şəxsin əlaqə nömrəsini vermiş, Türkiyəyə gəlib oradan Suriyaya keçmək istəsə, həmin şəxslərin ona kömək edəcəklərini bildirmişdir. Bundan sonra 02 may 2016-cı ildə o, İstanbul şəhərinə getmiş, orada onu “CƏNNƏTDƏR” dərnəyinin işçiləri gəlib götürmüşlər. Həmin dərnəyin rəhbəri Yücel adlı şəxs olmuş, o, dərnəyin yerləşdiyi ünvanda 3 gün qaldıqdan sonra Türkiyənin Hatay şəhərinə yollanmışdır. Orada onu qaçaq yolla sərhəddən keçirəcək şəxslər qarşılamış, onlar təhlükəsizliyi üçün adlarını deməmişlər. Təxminən 2 gün orada qaldıqdan sonra Hataydan qaçaq yolla Suriyanın Xırbatılcoz əyalətinə keçmişdir. Oradan isə “Abu İbrahim” ləqəbli şəxsin köməyi ilə Suriyanın İdlib şəhərinin Yakubiyyə qəsəbəsinə getmişdir. Orada o, “Səid” ləqəbli Azər adlı şəxslə bir evdə qalmağa başlamışdır. Təxminən 1 həftə orada qaldıqdan sonra Suriyanın Hələb şəhərinin Leroman qəsəbəsinə getmiş, orada “Hamza” ləqəbli kürd əsilli şəxs 1 həftə onlara silah-sürsatla davranış qaydalarını, döyüş taktikasını və idman təlimlərini keçmişdir. O, bir həftə döyüş təlimlərində olduqdan sonra Leroman qəsəbəsində “ribata”, yəni postlara çıxmağa başlamışdır. X5 ilə tanış olmuşdur. Həzi də onun kimi Suriyaya dini qorumaq və kafirlərə qarşı cihadda iştirak etmək, islam dininin düşmənlərinə qarşı döyüşmək məqsədilə gəlmiş, Həzinin qardaşı Elçin İmanov da onunla birlikdə Suriyada olmuş, eyni məqsədlə döyüşlərdə iştirak etmiş və ribata çıxmışdır. Həzi İmanov “Cəbəl Əkrad” dağının Kıbbeyni təpəsində gedən döyüşlərdə həlak olmuşdur. Bundan sonra o, “Səid” ləqəbli Azərin yanına İdlib şəhəri Yakubiyyə qəsəbəsinə qayıtmışdır. Burada olduqları müddətdə onlar “Cəbəl Əkrad” dağının Kıbbeyni təpəsində Suriya ordusuna və rus əsgərlərinə qarşı aktiv döyüşlərdə iştirak etmişlər. Belə ki, həmin vaxt o, “Ceyşullah” qruplaşmasının üzvü kimi döyüşlərdə iştirak etmişdir. Həmin qruplaşmanın rəhbərlərindən biri “Hüseyn Kürdi” ləqəbli şəxs olmuşdur. «Ceyşullah» qruplaşmasının rəhbəri isə “Hamza” ləqəbli azərbaycanlı olmuşdur. Həmin vaxt o, “Kalaşnikov” markalı avtomatdan istifadə etmişdir. O, «Ceyşullah» qruplaşmasının tərkibində olarkən Hama, Hələb və İdlib şəhərlərində müxtəlif bölgələrdə aktiv döyüşlərdə iştirak etmiş və ribata postlara çıxmışdır. Təxminən 1 il sonra o, Həzi İmanovun vəsiyyətinə görə 2017-ci ildə onun keçmiş həyat yoldaşı X7 ilə dini nikaha girmiş, həmin nikahdan Suriyada 1 övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, 2019-cu ildə qruplaşmalar arasındakı fikir ayrılığı, mübahisələrdən və parçalanmalardan bezmiş və Türkiyəyə qayıtmaq qərarına gəlmişdir. 2019-cu ilin oktyabr ayında ailəsi ilə qaçaq yolla Türkiyənin Hatay şəhərinə keçmişdir. Bundan sonra İstanbulda Bayrampaşa adlanan yerdə kirayədə yaşamışdır. 1 həftə sonra Fatih adlanan ərazidə kirayə evə köçmüşlər və burada onlarla bağlı şikayət edilmişdir. Polis gəlib evdə onların sənədlərini yoxlamış və 3 gündən sonra onu “geri qaytarma” mərkəzinə aparmışdır. Onu 7 ay “geri qaytarma” mərkəzində saxlamışlar və bundan sonra buraxmışlar. O, məhkəmə qaydasında günahsız bilindikdən sonra Türkiyədəki Konsulluq idarəsinə müraciət etmiş və 07 sentyabr 2020-ci ildə Azərbaycana qayıtmışdır. O, Türkiyədə “geri qaytarma” mərkəzində olanda qaynı İlkin gəlib onun ailəsini Türkiyədən Azərbaycana qaytarmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bacısı Şahid2 şahid qismində verdiyi ifadəsində bildirdi ki, qardaşı 2006-2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq ticarət və Beynəlxalq iqtisadi münasibətlər fakultəsində təhsil almış, bundan sonra 2013-cü ildə Laçın rayon icra hakimiyyətində baş məsləhətçi kimi işləməyə başlamışdır. Qardaşı 2016-cı ildən əhli sünnə namazı qılmağa başlamış, həmin ilin may ayında Amil işləmək adı ilə Azərbaycandan Gürcüstana getmişdir. Bir neçə ay sonra onlarla əlaqə saxlayaraq Türkiyədə iş tapdığını və geyim fabrikində işlədiyini bildirmişdir. 2017-ci ilin fevral ayında qardaşı Amilin dini radikal qadın Gülnar İmanova ilə dini nikaha girdiyini öyrənmişlər. Bundan sonra anası X3 həmin səbəbə görə qəfil ürək tutmasından dünyasını dəyişmişdir. 2019-cu ilin oktyabr ayında o, qardaşının Türkəyədə hüquqmühafizə orqanları tərəfindən saxlanıldığını Gülnar İmanovadan öyrənmişdir. Qardaşı pasportun istifadə müddəti bitdiyinə görə orada saxlanılmışdır. Lakin sonradan o, qardaşının vəkili ilə danışdıqda bilmişdir ki, qardaşı 2016-cı ildən Suriyadakı qruplaşmaların tərkibində olmuşdur. Gülnarın qardaşı İlkin onu və uşaqlarını gedib İstanbuldan gətirmiş, Gülnar Azərbaycana gəldikdən sonra onun X16 ilə rəsmi nikahda olduğunu, həmin nikahdan 2 uşağı olduğunu öyrənmişlər. Qardaşı Amil təxminən 7 ay Türkiyədə saxlandıqdan sonra 07 sentyabr 2020-ci ildə Azərbaycana qayıtmışdır. Təqsirləndirilən şəxs Türkiyədən qayıtdıqdan sonra ona Suriyada olduğunu, qanunsuz silahlı qruplaşmaların tərkibində vuruşduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilən Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısının əridir. Lakin Amillə bacısı Gülnar İmanova arasında rəsmi nikah yoxdur. Belə ki, bacısı Gülnar İmanova 2012-ci ildə X16 ilə ailə həyatı qurmuş, Həzi İmanov əhli sünnə məzhəbinə məxsus radikal yönümlü şəxs olmuşdur. Sumqayıtda olarkən onların bir övladı dünyaya gəlmişdir. Bundan sonra 2013-cü ildə Həzi İmanov maşın almaq bəhanəsi ilə Gürcüstana, oradan isə Türkiyədən keçib Suriyaya radikal qruplaşmalarda iştirak etmək məqsədi ilə getmişdir. 2014-cü ildə bacısı Gülnar İmanova ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə qaçaq yolla X14 yanına getmişdir. Onların Suriyada bir uşaqları dünyaya gəlmişdir. X6rkən onunla telefonla əlaqə saxlamış, söhbət zamanı Həzi İmanovun orada təlimlərdə və döyüşlərdə iştirak etdiyini bilmişdir. Bir müddət sonra 2016cı ildə Həzi yaralanaraq dünyasını dəyişmişdir. Bundan sonra o, bacısına geri qayıtmağı və uşaqları da özü ilə gətirməsini demiş, lakin Gülnar onunla razılaşmamış və orada Amil adlı radikal yönümlü şəxslə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs da Suriyada təlimlərdə və silahlı münaqişələrdə iştirak etmişdir. Təxminən 2019-cu ilin oktyabr ayına qədər Suriyada qaldıqdan sonra bacısı və yoldaşı Təqsirləndirilən şəxs Türkiyəyə keçmişlər. Bundan sonra sənədləri qaydasında olmadığına görə Təqsirləndirilən şəxs Türkiyədə hüquq-mühafizə orqanları saxlamışlar. O, bacısı ilə telefonla danışdıqda Amilin saxlanıldığını demiş və gəlib onları Azərbaycana qaytarmağı xahiş etmişdir. 2019-cu ilin noyabr ayında o, İstanbul şəhərinə gedərək bacısı Gülnarı və onun uşaqlarını Azərbaycana qaytarmışdır. Bundan təxminən 8-9 ay sonra Təqsirləndirilən şəxs da Azərbaycana qayıtmışdır. Amillə bacısının nikahından 2 uşaqları dünyaya gəlmişdir. Məhkəmə iclasında dindirilən Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. 2016-cı ildə əhli sünnə namazı qılmağa başlamışdır. 2016-cı ilin may ayında o, işləmək adı ilə Azərbaycandan Gürcüstana getmiş, sonradan qohumlarından Amilin Suriyada olduğunu və orada gedən döyüşlərdə iştirak etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs 2019-cu ildə Suriyadan Türkiyəyə, 2020-ci ilin sentyabrında isə Azərbaycana qayıtmışdır. Məhkəmə iclasında şahid X4 istintaqa verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid bildirmişdir ki, 15 yaşından islam dininin sunni məzhəbinə etiqad edir. 2012-ci ildə qonşuluqda yaşayan X16 ilə ailə həyatı qurmuşdur. Həzi də onun kimi sunni mənsəbinə etiqad etmişdir. Təxminən 2013-cü ildə X18 gedən döyüşlərdə iştirak etmək, islam dininin qorumaq, islam dininin düşmənlərinə qarşı vuruşmaq və cihad məqsədilə Suriyaya getmişdir. Bir müddət sonra X24 şəhərindən onunla əlaqə saxlamış və onun da Suriyaya gəlməli olduğunu bildirmişdir. Həzi İmanovun qardaşı X12 da öz həyat yoldaşı ilə Suriyaya getmişdir. Həzi onu Suriyaya çağırdıqdan sonra 2014-cü ilin aprel ayında oğlu İbrahimi də götürüb təyyarə ilə İstanbul şəhərinə getmiş, orada onu Həzinin tapşırdığı bir nəfər Vüqar adlı şəxs qarşılamış və onu Aidə adlı qadının evinə aparmışdır. O, Aidə adlı qadının evində 1 həftə qalmış, bundan sonra Vüqar onu Hatay şəhərinə aparmışdır. O, Hatay şəhərindən Suriyaya qaçaq yolla keçmişdir. Həmin şəxslər adlarını təhlükəsizlikləri üçün heç kəsə deməmişlər. Sərhədi keçəndən sonra onu Suriyada Həzi qarşılamış və onlar İdlib şəhərinə yollanmışlar. Orada Həzinin qaldığı həyət evində məskunlaşmışlar. Həyat yoldaşı Həzi İmanov və qardaşı Elçin İmanov “Cəbəl Əkrad” dağının Kıbbeyni təpəsində ribata çıxmışlar. Onlar həmin yerdə gedən döyüşlərdə iştirak etmişlər və 2016-cı ilin iyul ayında yoldaşı Həzi orada həlak olmuşdur. Həzi İmanov ölməmişdən qabaq 3-4 gün komada qalmışdır. Həzi İmanovun istifadəsində “Kalaşnikov” avtomatı olmuşdur. Elçin İmanov isə hələ də Suriya Ərəb Respublikasındadır. Şahid Gülnar İmanovanın istintaqa verdiyi ifadəsinə görə, bundan sonra təxminən 1 il o, tək yaşamışdır. Sonra o, Suriyada gedən döyüşlərdə iştirak etmək, islam dinini qorumaq, islam dininin düşmənlərinə qarşı vuruşmaq və cihad məqsədilə Suriyaya gəlmiş Təqsirləndirilən şəxs adlı şəxsin onunla evlənmək istədiyini eşitmişdir. Əvvəl tərəddüd etsə də, sonra razılıq vermiş, onlar 2017-ci ildə evlənmişlər. Bu evliliyədək onun Həzi İmanovdan daha bir qızı olmuşdur. Onunla Təqsirləndirilən şəxs arasında dini nikah bağlanmışdır. Amillə evliliyindən daha 2 uşağı olmuşdur. Təqsirləndirilən şəxs onunla evlənən vaxt “Cəbəl Əkrad” dağının Kıbbeyni təpəsində “ribata”, yəni patrula çıxmışdır. Elə olmuşdur ki, Təqsirləndirilən şəxs 3-4 gün orada qalmış və evə qayıtmamışdır. Bundan başqa, Amil Hələb, İdlib və Hama şəhərlərində aktiv döyüşlərdə də iştirak etmişdir. Onun daxili olduğu “Ceyşul hur” camaatının tabeçiliyində olan “Ceyşullah” qruplaşmasının üzvü kimi döyüşlərdə iştirak etmişdir. Onun istifadəsində “Kalaşnikov” avtomatı olmuşdur. Amil oradakı döyüşçülər arasında “Ömər” ləqəbi ilə tanınmışdır. Təxminən 2019-cu ilin oktyabr ayınadək onlar Suriyada qalmışlar. Həmin vaxtadək artıq Amillə digər qrup üzvləri arasında fikir ayrılıqları formalaşmışdır. Buna görə də, onlar oradan ayrılıb Türkiyəyə qayıtmışlar. 2019-cu ilin oktyabr ayında qaçaq yolla Türkiyənin Hatay şəhərinə ailəsi ilə birlikdə keçmişdir. Bundan sonra İstanbula yollanıb ailəsi ilə birlikdə Bayrampaşa adlanan hissədə kirayə evdə qalmışdır. 1 həftə sonra Fatih adlanan ərazidə kirayə evə köçmüşlər və burada onlarla bağlı şikayət edilmişdir. Polis gəlib evdə onların sənədlərini yoxlamış və 3 gündən sonra Amili “geri qaytarma” mərkəzinə aparmışlar. Təqsirləndirilən şəxs 7 ay “geri qaytarma” mərkəzində saxlamışlar və bundan sonra buraxmışlar. Təqsirləndirilən şəxs məhkəmə qaydasında günahsız bilindikdən sonra Türkiyədəki Konsulluq idarəsinə müraciət etmiş və 07 sentyabr 2020-ci il tarixdə Azərbaycana qayıtmışdır. Təqsirləndirilən şəxs Türkiyədə “geri qaytarma” mərkəzində olanda onu və 3 uşağını qardaşı Şahid4 gəlib Türkiyədən Azərbaycana qaytarmışdır. Bundan sonra onun Azərbaycanda Təqsirləndirilən şəxs olan 4-cü uşağı dünyaya gəlmişdir (Cild 1, iş vərəqi 14-16, 20-21, 45-47). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş DTX V Baş idarəsi tərəfindən 09.09.2020-ci il tarixli 7-2030 nömrəli məktubla daxil olmuş ilkin materiallara əsasən, Təqsirləndirilən şəxs digərləri ilə birlikdə dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə sabit qrupun tərkibində iştirak etmişdir (Cild 1, iş vərəqi 8-26). Cinayət işində olan 08 sentyabr 2020-ci il tarixli “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 02.05.2016-cı il tarixdə Gürcüstana səfər etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar araşdırılarkən tələbnamədə onun 07.09.2020-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtması və 492 saylı aktla DTX-ə təhvil verilməsi müəyyən edilmişdir (Cild 1, iş vərəqi 23). Cinayət işinə əlavə edilmiş DTX V Baş idarəsinin 08 sentyabr 2020-ci il tarixli 5/3676 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus qayıdış şəhadətnaməsində onun 07.09.2020-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtması müəyyən edilmişdir (Cild 1, iş vərəqi 26). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 30 sentyabr 2020-ci il tarixli 1956 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edildiyi əməli törətdiyi dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ittiham edildiyi əməli törətdiyi dövrdə onda hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqi 91-92, 124-126). Cinayət işinə əlavə edilmiş baxış protokolundan görünür ki, 09 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi “Xiaomi” markalı telefonun Əməliyyat-texniki Baş idarəsi tərəfindən bərpa edilmiş və yaddaşında olan fayllarda “İMG-20200822-WA0061” adlı fotoşəkil və daha 3 iş üzrə əhəmiyyət kəsb edən foto şəkillər aşkar edilmişdir. Həmin fotoşəklin 1 ədəd türkcə yazılmış sənəd barədə olduğu müəyyən edilmişdir. Belə ki, sənədin “Mahkeme kararlarının tebliğ formu” - “idari gözetim sonlandırlma” adlı olduğu aşkarlanmış, həmin sənədin xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində olduğu müəyyən edilmişdir. Həmin sənəd həm türk, həm rusca tərtib edilməklə 22.11.2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində “sınırdışı edilmə” qərarının verildiyini özündə əks etdirir. Bundan başqa həmin sənəddə Təqsirləndirilən şəxs barəsindəki “idari gözetim” kararının 2020/2019 saylı 29.06.2020-ci il tarixli Muğla 2 Sülh Ceza hakimliği tərəfindən verilmiş qərarla sonlandırıldığı qeyd edilmişdir. Həmçinin həmin sənəddə 30 gün ərzində Təqsirləndirilən şəxs ölkə ərazisini tərk etməli olduğu bildirilmişdir. Bundan başqa telefonun bərpa olunmuş fayllarına baxış zamanı “İMG-20200822-WA0059” adlı fotoşəkil aşkar edilmişdir. Həmin fotoşəklin 1 ədəd türkcə yazılmış sənəd barədə olduğu müəyyən edilmişdir. Sənədin “Muğla valiliyi il göç idaresi muzdurluğu” tərəfindən verilən “yol izin/sevk belgesi” olduğu müəyyən edilmiş, həmin sənəd Şahid3 adına yazılmış və onun ana adı da həmin sənəddə qeyd edilmişdir. Həmin sənəddə Təqsirləndirilən şəxs 29.06.2020-ci il tarixdən 29.07.2020-ci il tarixədək Türkiyə Respublikası ərazisini tərk edə bilməsi barədə qeyd edilmişdir. Bundan başqa telefonun bərpa olunmuş fayllarına baxış zamanı “photo_blob.0_embedded_1” və “photo_blob.0_embedded_3” adlı fotoşəkillər aşkar edildi. Həmin fotolarda Təqsirləndirilən şəxs Türkiyə Respublikası ərazisində sərnişin avtobusunda səyahət etdiyi müşahidə edilir (Cild 1, iş vərəqi 21, 89, 104, 105-109). İş materiallarına əlavə edilmiş «xxxx» MMC-dən 31.10.2020-ci il tarixli 7/2493 nömrəli məktubla daxil olmuş CD diskə 02 noyabr 2020-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus +**********966 saylı mobil nömrə onun adına sənədləşdirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti də müqavilə sənədlərində yerləşdirilmişdir. Bundan sonra mobil nömrə ilə aparılmış zənglərin detallarına baxış keçirdikdə anten dairələrinin 02.05.2016-cı il tarixdə ardıcıllıqla "Səlyan şossesi, 25-ci KM", "Hacıqabul rayonu, Pirsaat qəsəbəsi", "Kürdəmir rayonu, Çohranlı kəndi", "Ucar rayonu, Mususlu kəndi", “Ağdaş rayonu, Malay kəndi”, "Yevlax səhəri", “Gəncə şəhəri " “Tovuz rayonu", “Ağstafa rayonu, Köçəsgər kəndi", "Qazax rayonu Yuxarı Salahlı kəndi”, Qırmızı_Körpü Qazax rayonu, İkinci Şıxlı kəndi göstərdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Gürcüstan və Türkiyə Respublikası vasitəsi ilə Suriya Ərəb Respublikasına gedib qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək üçün Azərbaycan Respublikasından həmin marşurut üzrə hərəkət edərək çıxması müəyyən edilmişdir (Cild 1, iş vərəqi 128-129). Cinayət işinə əlavə olunmuş əməliyyat orqanının arayışından və Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş 16 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikası ərazisində törətdiyi, həm Azərbaycan Respublikasının, həm də xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əməllərə görə qeyd olunan xarici dövlətdə məhkum olunmamışdır, DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 87). Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, 59.1.10-cu maddəsinə əsasən cinayətin digər iştirakçılarının ifşa edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq Baş idarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-766/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-766/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver