Məhkəmə qərarları › İş №1(101)-768/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-768/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-768/2023 14.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 26 sentyabr 1988-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 27 avqust 2020-ci ildə cəzasını tam çəkib qurtarmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı naməlum «Seyid» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum vaxtda və şəraitdə külli miqdarda narkotik vasitə olan 1,810 (1kq 810 qram) qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edərək, daşımış və üzərində saxlamışdır. Bundan sonra 19 oktyabr 2022-ci il tarixdə, saat təqribən 23:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Əliayağı” adlanan yerin yaxınlığında polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onun üzərindən külli miqdarda narkotik vasitə olan 1,810 qram külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3-4 ildir ki, narkotik vasitənin marixuana növündən istifadə edir, lakin tez-tez istifadə etmir. O, “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran vətəndaşı “Seyid” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs narkotik vasitəni satdığını bildirmişdir. O da narkotik vasitə olan marixuananı almaq istədiyini bildirmişdir. 50 qram üçün çatdırılma olmadığını, 100 qram marixuana çatdıra biləcəyini demişdir. O, razılaşmamışdır. “Seyid” adlı şəxs onunla əlaqə saxlayacağını demişdir. Biraz keçdikdən sonra həmin şəxs ona zəng etmiş və 50 qram marixuana göndərəcəyini demişdir. Həmin şəxs marixuananı kuryer vasitəsilə göndərmişdir. Sonra 22:00 radələrində “Whatsapp” sosial şəbəkəsindən ona marixuanın olduğu yerin konum və şəklini göndərmişdir. O da həmin yerdən marixuananı götürməyə getmiş, lakin marixuananı götürmək istəyərkən polis əməkdaşları onu saxlamışdır. O, 19 oktyabr 2022-ci ildə saat 23:00 radələrində Büzovna qəsəbəsi «Əliayağı» ziyarətkah yanına çatmışdır. O, narkotik vasitəyə heç əlini vurmadan ora yaxınlaşan zaman polis əməkdaşları onu saxlamışdır. Ona elan olunmuş ittiham üzrə, yəni 1 kq.810 qram narkotik vasitə heroin olmamışdır. O, narkotik vasitəni satmamış, üzərində daşımamış, həmin yerdə narkotik vasitəni götürməyə gedərkən polis əməkdaşları onu saxlamışlar. Onu polis əməkdaşları döyməmişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaq zamanı 1 dəfə ifadə vermiş, ona heç bir təzyiq göstərilməmişdir. İfadəni özü imza etmişdir. O, heroin yox, maixuananı İran vətəndaşından almış, amma marixuananın İrandan gəlib-gəlmədiyini bilmir. O, 2020-ci ildə cəzasını çəkib qurtarmışdır. O, ***-***-**-** nömrəsindən istifadə edir. “Seyid” adlı şəxsin əlaqə nömrəsi yadında deyil, amma telefonunda qeyd olunmuşdur. O, narkotik vasitəni əvvəllər İrandan almırmış. “Seyid” adlı şəxs İran Respublikasına məxsus nömrə ilə zəng edirmiş. Onun üzərinə sadəcə Polis İdarəsində axtarış keçirilmişdir. Elan olunmuş cinayət işinin 36-37-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 38-ci vərəqəsində olan izahatında, 57-59 və 71-73-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Bundan sonra “Seyid” ona iş təklif etmiş və demişdir ki, “arada bir iki bağlamalar olur onları mən deyən yerə aparıb çatdırarsan qarşılığında sənə pul verərəm”. O, “Seyid” adlı şəxslə razılşmış, bundan sonra ona öz mobil nömrəsini vermiş və onlar “Seyid”lə votsap ani mesajlaşma proqramı vasitəsilə danışmağa başlamışlar. Həmin vaxt “Seyid” ona “demişdir ki, həmin bağlamalarda narkotik vasitə olacaq, o, onunla razılaşmışdır. Onların danışıqlarına əsasən narkotik vasitə olan bağlamaların qoyulduğu yeri “Seyid” ona konumu atacaq və o, gedib həmin bağlamanı götürüb onun dediyi ərazidə qoyacaq və həmin yerin fotoşəkili ilə konumu “Seyid”in istifadəsində olan mobil telefona atacaq və ya “Seyid”in dediyi şəxsə verəcək. Daha sonra narkotik vasitəni daşımağının müqabilində ona pul verəcəkdir. O, “Seyid”lə razılaşmış və xx.xx.2022-ci il tarixdə ona məxsus telefona “Seyid” konum atmışdır. Həmin vaxt o, həmin konumda göstərilən Buzovna qəsəbəsi “Əli ayağı” deyilən yerə getmişdir. Saat 02:40 dəqiqədə, o, həmin konumda göstərilən yerdəki narkotik vasitə olan bağlamanı hasarın kənarından götürdüm və özüm ilə gətirdiyim göy rəngli üzərində «Forte Fision» yazısı olan polietilen torbaya qoydum və hərəkət etməyə başladım. Həmin vaxt mülki geyimdəki şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını təqdim edib onu Xəzər RPİ-yə dəvət etmişlər. O, polislərə müqavimət göstərmədən onlarla birlikdə Xəzər RPİ-yə gəlmişdir. Orada xidməti otaqların birinndə müdafıiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axraış aparılmışdır. Şəxsi axtarış aparılmadan qabaq ona üzərində qanunla qadağan edilmiş əşya və ya narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. O, əlində olan göy rəngli üzərində "Forte Fision" yazısı olan polietilen torbanı və cibində olan 2 ədəd telefonu təqdim edib, torbanın içərsində narkotik vasitə olmasını və "Seyid" adlı şəxsin göstərişi ilə Buzovna qəsəbəsində, “Əli ayağı” adlanan yerdən götürdüyünü bildirmişdir. Həmin narkotik vasitəni "Seyid" adlı şəxsin deyəcəyi şəxslərə satmağı üçün onun dediyi yerdən götürərək apardığını bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, elan olumuş izahatı və ifadələri təsdiq etmir. İzahatı və ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Xəzər RPİ-nə Təqsirləndirilən şəxs nakotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, satışı və gəzdirilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Yeri və vaxtı müəyyənləşdirdikdən sonra xx.xx.2022-ci il tarixdə saat təqribən 03:00-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Əliayağı” məscidin yaxınlığında Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb ona özlərini təqdim etmişlər. Cavidin əlində göy rəngli torba var imiş. Onlar Təqsirləndirilən şəxs Xəzər RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təhqiqatçı və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrə və göy rəngli torbaya baxılmışdır. Təqsirləndirilən şəxs səmimi etiraf edərək bildirmişdir ki, həmin torbada olan əşya heroindir, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Seyid” adlı şəxsin göstərişi ilə narkotik vasitəni götürdüyünü və şəxsin dediyi yerə aparacağını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, narkotik vasitələrin çəkisi yadında deyil. Əməliyyat qrupuna o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman şəxsə yaxınlaşmışlar. Onlar Cavidi izləmirmiş, Təqsirləndirilən şəxs olduğu yer barədə məlumat almışlar. Əlindəki göy torbadakı maddə narkotik vasitəyə bənzəyirmiş. Şəxsin evinə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 eyni məzmunlu ifadə verərək şahid X4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 19 oktyabr 2022-ci il tarixli raportundan görünür ki, Cavid adlı şəxsin Buzovna qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 19 oktyabr 2022-ci il tarixli raportundan görünür ki, Buzovna qəsəbəsində şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatda göstərilən Cavid adlı şəxs –ünvan 1-də yaşayan Təqsirləndirilən şəxsdur. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimovun 19 oktyabr 2022-ci il tarixli, Ə 257- 055-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 19 oktyabr 2022-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs arkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında qərarından görünür ki, Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 oktyabr 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki göy rəngli üzərində “forte Fsion” yazısı olan polietilen torbanın içərisindəki şəffaf sellofana bükülmüş, 01 bükümdə, içərisində qəhvəyi rəngdə maddə olan bağlama təqdim edərək, təqdim etdiyi maddənin, narkotik vasitənin heroin olduğunu və təqdim etdiyi maddəni xx.xx.2022-ci ildə saat 02:40-da internet vasitəsilə tanış olduğu “Seyid” adlı şəxsin əvvəlcədən qoyduğu yerdən götürərək onun deyəcəyi şəxslərə verməsi məqsədilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Əli ayağı deyilən yerin yaxınlığından götürdüyünü bildirmişdir. Daha sonra, o, əynində olan cins şalvarın sol cibindən 2 ədəd qara rəngli “Samsung” və “İphone-5” markalı mobil telefonları təqdim etmişdir. Təqdim edilmiş büküm və digər predmetlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 42-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 6/6050 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №43-li dairəvi möhür əksi”, «şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamada, bir ədəd bükümdə təmiz çəkisi 1810 qram (1kq 810qr) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına daxildirlər. Cinayət işinin 60-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 oktyabr 2022-ci il tarixli mobil telefonlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş içərisində ***- ***-**-** və ***-***-**-** mobil nömrələri olan “Samsung” və “İphone-5” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı “İphone-5” markalı mobil telefonda Seid adı ilə qeyd edilmiş İran İslam Respublikasına məxsus +98***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs arasında əlaqə olması öz təsdiqini tapmışdır. Cinayət işinin 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 dekabr 2022-ci il tarixli «Şəxsin üzərində axtarış aparılmasına dair video çəkilişi özündə əks etdirən elektron daşıyıcıya baxşı keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlində olan göy rəngli üzərində Forte-Fsion yazısı olan polietilen torbanı təqdim edib onun içərisində 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edib içərisində heroin narkotik vasitəsi olduğunu bildirir. Bükümün içərisinə baxdıqda qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin bükümün içərisindəki maddənin heroin narkotik vasitəsi olduğunu bildirən Təqsirləndirilən şəxs, həmin heroini sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Seyid” adlı şəxsin göstərişi ilə götürdüyünü, onun deyəcəyi yerə aparacağını qeyd edir. Baxış zamanı Təqsirləndirilən şəxs qanunla əldə edilməsi, saxlanması və gəzdirilməsi qadağan olunmuş başqa əşya aşkar edilmir. Aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan büküm zərfə qoyularaq qablaşdırılır. Cinayət işinin 107-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş 09 yanvar 2023-cü il tarixli, ***-*******43 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 123-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı Elvin Cəfərovun 10 yanvar 2023-cü il tarixli cinayət işindən ayrıca cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə “Seyid” adlı şəxs barəsində ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında "xxxx" MMC-dən 12 aprel 2023-cü il tarixli, BKC/LGL-2204/23 saylı məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən CD diskə baxış zamanı, iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı yekun məhkəmə çıxışı zamanı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə verilmiş ittihamdan imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, dövlət ittihamçısının çıxışını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, onda 1 kq.810 qram narkotik vasitə heroin olmadığını, həmin yerdə narkotik vasitəni götürməyə gedərkən polis əməkdaşlarının onu saxladığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli, Azərbaycan Respublikası «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cı il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 116-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 27 avqust 2020-ci ildə cəzasını tam çəkib qurtarmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və cinayətlərin residivini yaratmır. Cinayət işinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 02 dekabr 2022ci il tarixli, 11632 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 daxil olmuş 03 dekabr 2022-ci il tarixli, 1/2317 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 29 dekabr 2022-ci il tarixli 7902 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 19 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 25-ci vərəqəsində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 81-83-cü vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 4(003)-485/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 1809,8 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 1809,8 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar