Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-769/2020 12.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibləri-X7 və X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərər çəkmiş şəxslərin qanuni nümayəndələri-Qanuni nümayəndə2 və Qanuni nümayəndə3, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi-Qanuni nümayəndə6 iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində şəxsiyyəti istintaqa məlum olmayan tanışı Günel adlı qız ilə Abşeron rayonu, Xırdalan şəhəri “Kristal Abşeron-2” yaşayış kompleksindən keçərkən digər tanışı olan X2 ona qarşı nalayiq ifadələr işlədərək zarafat etməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisəni davam etdirmək və söhbəti aydınlaşdırmaq məqsədi ilə Tural Ramazanovu yaşadığı ünvan 3 ünvanının qarşısına çağırmış və orada mübahisələrini davam etdirən zaman əynində olan qış gödəkçəsinin qol hissəsindən çıxardığı istintaqla müəyyən edilməsi mümkün olmayan iti deşicikəsici xassəyə malik olan bıçaqla Tural Ramazanovun qarın və bel nahiyyəsindən qəsdən beş dəfə zərbə endirməklə sonuncuya-döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə 6-cı qabırğa səviyyəsində yerləşən bir ədəd və onurğa sütununun bel şöbəsi nahiyyəsində yerləşən bir ədəd daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, döş qəfəsinin sol yarısının arxa qoltuq xətti üzrə 10-cu qabırğa səviyyəsində döş boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmatoraks törədən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən “Oliqarx” adlı çay evində olarkən tanışı Zərərçəkmiş şəxs2 futbol idman paltarı istəyərkən Zərərçəkmiş şəxs2 ona “yaxşı tula yaxşı” deyib təhqir etməsi və buna görə irad bildirməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisəni davam etdirmək məqsədi ilə “Oliqarx” adlı çay evindən çölə çıxıb həmin çay evinin arxasına keçərək heç kimin olmadığı yerdə mübahisələrini davam etdirən zamanı Təqsirləndirilən şəxs əlində olan istintaqla müəyyən edilməsi mümkün olmayan ülgücü və küpü olan yastı tiyə tipli iti deşici-kəsici xassəyə malik olan bıçaqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs2 sol qoluna və iki dəfə sol döş qəfəsinə vururaraq sonuncuya döş qəfəsinin sol yan-arxa səthinin daxilə nüfuz etməyən bir ədəd və sol bazu nahiyyəsinin orta 1/3-nin bir ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, döş qəfəsinin sol yarısının ön səthinin torakoabdominal(döş və qarın boşluöuna nüfuz edən), diafraqmanı və qara ciyəri zədələyən, daxili qanaxma törədən bir ədəd kəsilmiş-deşilmiş yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə qanuni nümayəndə və müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan kəndi Adıgözəlov küçəsi ev 32b-dəvalideynləri ilə birlikdə yaşamışdır. X3 təxminən 5 ilə yaxındır ki, tanıyır, o, Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. O, Tural Ramazanovla dostluq etmiş, Turalla münasibətləri yaxşı olmuş, aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. Adını istintaqa açıqlamaq istəmədiyi qızla xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində Abşeron rayonu, Kristal 2 yaşayış kompleksinin həyətindən keçərkən Tural Ramazanov yanında iki nəfər oğlanla yolun kənarında dayanıb söhbət etmişlər. Tural onu qızla görən kimi salamlaşıb və heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüş söymüşdür. Həmin vaxt o, Turala demişdir ki, “gözləyin qızı evlərinə kimi ötürüb gəlirəm”. Qızı evlərinə ötürdükdən sonra Tural Ramazanovun və Turalın yanında olan iki nəfər adlarını bilmədiyi şəxslərin yanına qayıtmışdır. O, Tural Ramazanovla və Turalın yanında olan şəxslərlə salamlaşıb Turala demişdir ki, “bu nə hərəkətdi sən edirsən, görmürsən ki, yanımda qız var”. Tural da demişdir ki, “olsunda qız mən yaxşı eləyib zarafat eləyirəm”. Həmin vaxt o, Turala demişdir ki, “belə hərəkət etməklə səhv edirsən”, buna baxmayaraq Tural düz olduğunu təsdiqləmiş və Turalın yanında olan iki nəfər oğlan da Turalın düz olduğunu ona bildirmişlər. O, Turalı və yanında olan iki nəfər şəxsi söhbət etmək üçün yaşadığı evin qarşısına çağırıb orada söhbət etməyi təklif etmişdir. Bundan sonra həmin şəxslər onunla birlikdə oraya getmişlər. O, bir daha Turala demişdir ki, “sən böyük səhv edib mənim ünvanıma söyüş söymüsən”, Tural düz etdiyini bildirdiyi zamanı Turalın əlindən vintaçanın yerə düşdüyünü görmüş və buna gördükdən sonra Turala demişdir ki, “gözlə evə dəyib gəlirəm”. Bundan sonra o, yaşadığı evə gedərək mətbəxdən mətbəx bıçağını götürüb sağ əli ilə tutaraq qış gödəkçəsinin qol tərəfində gizlədib küçəyə Turalla söhbət etməyə getmişdir. Evdən küçəyə çıxan kimi o, Turala tərəf gedib gödəkcənin qol hissəsindən bıçağı çıxardıb Turalın qarın nahiyyəsindən iki zərbə, bel nahiyyəsindən bir zərbə və qoltuq altından bir zərbə vurmuşdur. Sonuncu bıçağı Turala vurduqdan sonra görmüşdür ki, Tural sağ tərəfə çökmüş və o, Turalı bıçaqla vurmağı dayandırmışdır. Tural isə ona demişdir ki, “ALLAH köməyin olsun mən gedirəm sabah söhbət edərik” və yanında olan oğlanlarla birlikdə çıxıb getmişlər. O da bıçağı yaşadığı evə aparıb mətbəxdə bıçağı yuduqdan sonra masanın üzərinə qoymuş və Turalgilin arxasınca yaxınlıqda yerləşən təclili tibbi yardım məntəqəsinə getmişdir. Orada ona bildirmişlər ki, üç nəfər oğlan oraya gəlib, lakin sonradan evə qayıtmışlar. Bundan sonra o, Turalın yaşadığı evə getmiş, evlərinin qapısını döydükdə Turalın böyük qardaşı Tərlan qapını açmışdır. O, Tərlandan Turalın evdə olub olmadığını soruşmuş, Tərlan da demişdir ki, “Tural evdədir”, bundan sonra o, Turalgilin yaşadığı evə ketmişdir. Turalın divanda oturduğunu görüb evlərində olan bintlə Turalın yarasını bağlamış, bir az orada dayandıqdan sonra Tural, Tərlan və iki nəfər adını bilmədiyi oğlanlarla birlikdə yaxınlıqda yerləşən təcili tibbi yardıma getmişlər. Təcili tibbi yardım məntəqəsində bir qadın onları qarşılamış, Tural həmin qadına yıxılaraq qarının deşildiyini bildirmişdir. Orada işləyən qadın hazırda təcili tibbi yardım avtomobilinin olmadığını demiş və onlar yenidən Turalın yaşadığı evə qayıtmışlar. Yolda isə onlar aptekdən spirt və pambıq almışlar. Turalın yaşadığı evə çatdıqda Tural vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Bundan sonra o da yaşadığı evə getmiş və Turalı bıçaqladığı bıçaqı mətbəxdən götürüb Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkın yaxınlığında olan zibil qutularına atmış və bundan sonra yaşadığı evə getmişdir. Evdə olarkən o, olanları anasına danışmışdır. Bundan başqa bildirmişdir ki,Zərərçəkmiş şəxs2 tanıyır, Nurlanla əvvəllər münasibəti yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Nurlan idmanın futbil növü ilə məşğil olur. xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən “Oliqarx” adlı çay evində sağdan axırıncı olan masada oturub çay içmişdir. Həmin vaxt o, olduğu çay evinə tanışı Nurlan adlı oğlan gəlib soldan axırıncı olan masada əyləşmişdir. O, Nurlanla salamlaşıb Nurlana demişdir ki, “məndə futbola getmək istəyirəm varsa mənə də futbol üçün idman forması təşkil elə”. Nurlan ona demişdir ki, “problem yoxdur taparam”. O, Nurlana demişdir ki, “sən canın idman forması dəqiq olsun mən idmana gedəcəm”. O, Nurlana sözünü deyib “Oliqarx” adlı çay evindən çıxıb evə getmək istəyəndə Nurlan ona “yaxşı tula yaxşı”. O, Nurlana niyə ona belə söz deməsinə görə iradını bildirdikdə, Nurlan onu çay evinin pilləkənindən aşağı itələmişdir. O, Nurlana söhbət etmək üçün aşağı, yəni çay evindən kənara çıxmağı təklif etmişdir. Nurlan onun fikrini qəbul edib onunla bərabər “Oliqarx” adlı çay evindən çölə çıxmışdır. O, Nurlanla bir yerdə “Oliqarx” adlı çay evindən çıxıb çay evinin arxasına heç kimin olmadığı yerə getmişlər və o, orada Nurlana düzgün danışmaması barədə etirazını bildirmişdir. Nurlan ona demişdir ki, “yaxşı edirəm”. Bu vaxt onun Nurlanla mübahisəsı başlamış, mübahisə zamanı Nurlan sağ əli ilə ona yumruq atmış və həmin yumruq onun sifətinin sağ nahiyyəsinə dəymişdir. O da əsəbləşib əlində olan bıçaqla bir dəfə Nurlanın sol qoluna, iki dəfə sol döş qəfəsinə vurub sonra bıçağı özü ilə götürüb oradan qaçaraq uzaqlaşmış, əlində olan bıçağı yaxınlıqda olan zibilxanaya tullamış və oradan uzaqlaşaraq yaşadığı evinə getmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 7-də yaşayır. Təqsirləndirilən şəxs təxminən 12 ilə yaxındır ki, tanıyır. Zamanla dost olmuşlar, münasibətləri yaxşı olmuş, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində Miri adlı dostu ilə Abşeron rayonu, Xırdalan şəhəri, ərazisində yerləşən Kristal 2 yaşayış kompleksində oturacaqda oturub söhbət edən zaman dostu Təqsirləndirilən şəxs də Günel adlı qızla digər oturacaqda oturub söhbət etmişlər. Miri ilə o, bir az orada oturduqdan sonra dostları Rəşadın təhsil aldığı Abşeron rayonu, Xırdalan şəhəri, Nazlı Petrolun yanında yerləşən “Hədəf” adlı hazırlıq kursuna getmişlər. Təxminən 5 dəqiqə orada gözlədikdən sonra Rəşad kusrdan çıxmış və hər üçü də piyada “Kristal Abşeron 2” yaşayış kompleksinin həyətinə getmişlər. Onlar oraya çatdıqda o, görmüşdür ki, Zaman Günel adlı qızla hələdə oturacaqda əyləşib söhbət etmişlər. Bunu gördükdən sonra O, Zamana zarafat edərək demişdir ki, “səni elə bil oturacağa mismarlıyıblar” Cəfər də ona nəsə cavab vermiş, lakin dəqiq nə deməyi yadında qalmamışdır. O, Miri və Rəşad orada olan digər oturacaqda əyləşmişlər və bir az keçdikdən sonra Zaman onlara tərəf gəlib Günelin telefonunu Miriyə verib ona demişdir ki, “gəl söhbət edək”. O, və Zaman təxminən 15 metr oradan uzaqlaşmışlar və Zaman ona demişdir ki, “sən nəyə görə mənimlə qızın yanında zarafat edirsən”. O da Zamana demişdir ki, “mən qıza heçnə demirəm ki, qızla zarafat etmirəm səninlə zarafat edirəm”. Orada bir az söhbət etdikdən sonra onlar oturacaqlara tərəf qayıtmışlar. O, Miri ilə Rəşadın yanında oturmuş, Zaman isə Günelin yanına keçmişdir. Bir neçə dəqiqə sonra Zaman onlara tərəf gəlib demişdir ki, “niyə qızla məzələnib onun telefonunu vermirsiniz”. Rəşadla Zaman qıraqda öz aralarında söhbət etmişlər, bir az keçdirdən sonra onların yanına qayıtmışlar. Zaman onların yanında fikir bildirib demişdir ki, “Rəşad səhvdir”. O da demişdir ki, “Rəşad düzdür”. Zaman onunla mübahisə etməyə başlamış və demişdir ki, “mən səninlə deyiləm Miri ilə danışıram”. Bundan sonra aralarında sözlə mübahisə baş vermiş, Zaman da ona demişdir ki, “gedək kənd Xırdalanda söhbət edək”. O, və Zaman kənd Xırdalana getmişlər. Miri ilə Rəşadı oraya gəlməyə qoymamışlar, lakin Miri ilə Rəşad onların arxasınca gəlmişlər. Zaman onu öz yaşadığları evin həyətinə çağırmış və demişdir ki, “gözlə gəlirəm” Bir az sonra Zaman onun yanına gəlmiş, orada onlar yenədə öz aralarında söhbət etmişlər və aralarında sözlə mübahisələri yaranmışdır. Həmin vaxt onun gödəkcəsinin dəqiq yadında qalmayan cibində olan biz yerə düşmüş, Zaman da bizi yerdən götürüb ona qaytararaq demişdir ki, “qoy cibinə”. Bir sözlə mübahisə edən zaman o, Zamana demişdir ki, “mən səni burda vurmaq istəmirəm, çünki səninlə çörək kəsmişəm, anan bacın da evdədir”, Həmin vaxt çölə çıxmaq istəyərkən Zamanın anası ona qışqıraraq demişdir ki, “çıx çölə”. Onlar çölə çıxan vaxt Zaman həyətdə onu arxadan sol böyrək nahiyyəsindən bıçaqla vurmuş, sonrakı zərbələri hiss etməmiş və Zamanın üstünə tərəf qaçmış, taqəti olmadığından yerə sağ tərəfi üstə yıxılmış, yerdə olanda Zaman onu vurmamışdır. O, özü ayağa qalxıb çölə çıxmışdır. Həmin vaxt küçədə Miri və Rəşad dayanmışdır. O, Miri ilə Raşada demişdir ki, “Zaman məni bıçaqla vurmuşdir”. Miri ilə Raşad onun qoluna keçərək kömək edib yaxınlıqda yerləşən təcili tibbi yardım məntəqəsinə aparmışlar. Həmin vaxt orada heç kim olmamış, bir qadın onlara demişdir ki, “o, orada xadimə işləyir”. O, həmin qadına demişdir ki, “mənə köməklik edin yıxılmışam, dəmir də sol tərəfimə batıb”. Orada işləyən qadın ona demişdir ki, “o, həkim deyil heç bir köməklik göstərə bilməz”. Bundan sonra o, Miri və Raşadla bir yerdə onun yaşadığı evə getmişlər. Evin qapısı açıq olduğundan onlar evə keçmişlər. Həmin vaxt qardaşı Tərlan evdə yatmışdır. Tərlan yuxudan oyanıb ondan nə olduğunu soruşmuş, o da qardaşı Tərlana demişdir ki, “yaramı bağla sonra danışarıq”. Qardaşı Tərlan yaralarını bağladıqdan sonra onun yaşadığı evə Zaman gəlmiş və ona demişdir ki, “belə bir hadisə olmamalıydı. Mən istəmirdim ki, belə olsun”. Bundan sonra o, Miriyə pul verib demişdir ki, “get aptekdən dərman al”, Miri ilə Zaman evdən çıxıb getmişlər. Bir neçə dəqiqə keçdikdən sonra Miri dərman alıb evə gəlmiş və qardaşı Tərlan demişdir ki, “gedək təcili tibbi yardıma”. O, qardaşı, Miri və Rəşad çölə çıxmışlar, həmin vaxt Zaman da küçədə dayanmışdır. Zaman da onlarla birlikdə Xırdalan şəhərində yerləşən təcili tibbi yardım məntəqəsinə getmişlər. İçəridə bir az dayandıqdan sonra təcili tibbi yardım maşını ilə həkim gəlmişdir. O, həkimə demişdir ki, “mənə köməklik edin böyrəyimə dəmir girib”. Həkim də demişdir ki, “bu bıçaqlanmadır, bunu polis bilməlidir”. Kimsə demişdir ki, “ehtiyyac yoxdur polis lazım deyil” və onlar yaşadığı evə qayıtmışlar. Evdə qardaşı Tərlan yaralarını sarımış və o, yatmışdır. Axşam saat 24:00 radələrində anası Qanuni nümayəndə2 işdən evə gəlmiş, ondan nə baş verdiyini soruşmuş, o da anasına demişdir ki, “yıxılmışam”. Anası yaralarını yenidən sarımış və qan dayanmışdır. Həmin gün onu həkimə aparmamışlar. Səhəri gün vəziyyətinin pis olduğunu görüb anası onu X10 Mərkəzə aparmışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 23, mənzil 8-də valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, Zamanla əvvəllər münasibəti yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 nömrəli orta məktəbin 11-ci sinifdə oxuyur. O, idmanın futbol növü ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində məşq etdiyi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Keşlə” futbol klubunun stadionundan çıxaraq Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən “Oliqarx” adlı çay evinə gəlmiş və həmin çay evində girişdən soldan axırıncı masada Rəşad adlı tanışının stolunda oturmuşdur. O, orada olarkən Zaman gəlib onunla salamlaşmış və ona demişdir ki, “mənə futbol üçün idman forması təşkil elə”. O da Zamana demişdir ki, “problem yoxdur taparam”. Bundan sonra Zamanla onun söhbəti düz gətirməmiş, Zaman onu nalayiq ifadələrlə təhqir etmiş və Zaman “Oliqarx” çay evindən çölə çıxaraq çay evinin arxa tərəfinə keçmişdir. O da Zamanın bu sözündən sonra Zamana tulan dedikdə Zaman onu da çay evinin arxasına tərəf çağırmış və həmin vaxtı orada heç kəs olmamışdır. Bundan sonra Zaman ona hansı səbəbə görə tula dediyinə görə cibində olan bıçağı çıxardaraq onun sol qol nahiyyəsindən bir dəfə vurduqda o, Zamanın bıçağından yaxa qurtarmaq üçün qaçmaq istəsə də, Zaman yenə də anidən həmin bıçaqla sol qoltuqaltı tərəfinə və bir dəfə də ürəyinin sol tərəfinin altına vurmuşdur. Bundan sonra Zaman onun bədənindən qan axdığını gördükdə qaçaraq getmişdir. O da bundan sonra həmin yerdən evə getmiş, evdə valideynləri onun yaralandığını gördükdə onu Xırdalan şəhərində yerləşən təcili tibbi yardım xəstəxanasına gətirmişlər və oradan da təcili tibbi yardım avtomobili ilə X11 gətirərək orada əməliyyat etmişlər. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 24A-da valideynləri ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Hədəf” kursundan çıxanda kursun qarşısında tanışları Zərərçəkmiş şəxs1 və Şahid5 dayandığını görmüşdür. O, Tural və Mirheydərlə görüşdükdən sonra ona demişlər ki, “gedək Kristala gəzməyə”. O, Tural və Mirheydər Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal-2” yaşayış kompleksinə getmişlər. Onlar oturacaqda əyləşib söhbət edən zaman onların yaxınlığında tanışı Zaman adını bilmədiyi qızla oturub söhbət etmişlər. Onlar oturacaqda oturub söhbət edən zaman Tural Zamanla zarafat etib demişdir ki, «səni bura mismarlıyıblar» və onlar bu zarafata gülüşmüşlər. Zaman aralıdan ona demişdir ki, “nəyə gülürsən”, o da demişdir ki, “zarafat edirik”. Zaman da Turala yaxınlaşıb demişdir ki, “gör nə deyir”. Tural da demişdir ki, “düz deyir”. Bu vaxt Zaman Turalı söymüş, həmin vaxt Zamanla Tural sözlə mübahisə etmişlər. Zaman Turala demişdir ki, “gəl gedək söhbət edək”. Tural da demişdir ki, “gəl burada söhbət edək”. Söhbət vaxtı Zaman telefonu Mirheydərə vermişdir. Sonra Zamanın yanında əyləşən qız telefonun dalınca gəlmiş, o da həmin qızla zarafat etmişdir. Bu Zamanın xoşuna gəlməmiş və onunla mübahisə etməyə başlamış və ona demişdir ki, “gəl gedək söhbət edək”. Mirheydər Zamanla söhbət etmək istəməmiş və geri qayıtmış, sonra Zaman Turalı çağırıb demişdir ki, “gedək səninlə söhbət edək”. Zaman Turalı öz dalıycan yaşadıqları evə tərəf aparmış, o, və Mirheydər Zamangilin arxasınca getmişlər. Zaman onlara demişdir ki, “onun dalınca həyətə keçməyək”. Turalla Zaman həyətə girmişlər. Bir az keçəndən sonra həyətdən səs küy eşitmişlər, lakin o, Mirheydərlə həyətə keçməmişlər. Bir az sonra Tural həyətdən küçəyə çıxmış və onun bədənindən qan axdığını görmüşlər. Zaman da Turalın dalınca çıxmış, o, və Mirheydər Turalı təcili tibbi yardıma aparmışlar. Sonra da yaşadıqları evə aparmışlar. Evdə Turala ailə üzvləri köməklik etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 ilə enyi məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 7-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında işdən gəlib evdə yatmışdır. Birdən səs gəldiyini eşitmiş, yuxudan oyananda görmüşdür ki, qardaşı Tural onu səsləyir. O, ayağa qalxıb Turala tərəf getmiş və görmüşdür ki, Turalın paltarları qanın içindədir. O, Turaldan nə baş verdiyini soruşmuş, Tural isə ona cavab verməmişdir. O, Turala köməklik edib evdə olan bintlə bədənində qan axan yerləri sarımışdır. Sonra Turalı qonaq otağında yerləşən divana uzatmış, bir neçə dəqiqə sonra anası Qanuni nümayəndə2 Rəham qızı işdən gəlmişdir. Anası Şəhla qardaşının divanda uzandığını görüb Turaldan nə baş verdiyini soruşmuş, Tural da anasına demişdir ki, “dəmir yolunun yaxınlığında yıxılıb və orada olan dəmir setkalar onun bədəninə girmişdir”. Anası Turala inanmamış, bir neçə dəfə sual versə də Tural dediyindən dönməmişdir. Anası Şəhla evdə olan yodla qardaşı Turalın qan axan yerlərinə sarğı qoyub qan axmasını dayandırmışdır. Səhərisi gün o, tezdən işə getmiş, işdə olduğu vaxt anası ona zəng vuraraq demişdir ki, Turalı xəstəxanaya yerləşdirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 7-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun doğma oğludur. xx xxxxxx 2019-cu il tarixdə, axşam saat 23:30 radələrində işdən evə gələrkən görmüşdür ki, oğlu Zərərçəkmiş şəxs1 yaşadığı evin qonaq otağında divanın üzərində uzanmışdır. O, Turaldan nə baş verdiyini soruşmuş, Tural da ona demişdir ki, “Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən dəmir yolunun yaxınlığında yıxılıb və bağ setkaları onun qarın nahiyyəsinə batmışdır”, Bundan sonra o, Turala inanmayıb bədəninə baxmış və 5 yerdən bədən nahiyəsində deşiklərin olduğunu və bədənindən qan axdığını görmüşdür. O, oğlu Zərərçəkmiş şəxs1 bir neçə dəfə təkidlə soruşmuşdur ki, “nə baş verib” Tural ona yıxıldığını demiş, həmin vaxt onun böyük oğlu Şahid3 da orada olmuşdur. O,Tərlandan da nə baş verdiyini soruşmuşdur. Tərlan da qardaşının hansı şəraitdə xəsarət alması haqqında heç bir məlumatının olmadığını bildirmişdir. O, özu Turalın qan axmasını yod sarğıları ilə dayandırmış, həmin vaxt qış ayları olduğu üçün fikirləşmişdir ki,Turalı çölə çıxarsalar soyuq olar. Səhərisi gün xəstəxanaya aparmağa qərar vermişdir. Səhərisi günü, günorta saatlarında o, oğlunu Bakı şəhərində yerləşən X11 aparmış, orada Turalı reanimasiyaya yerləşdirib əməliyyat etmişlər. Oğlu Zərərçəkmiş şəxs1 əməliyyat olunduqdan sonra o, bilmişdir ki, oğlunu dostu Təqsirləndirilən şəxs bıçaqlayaraq xəsarət yetirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Zeynalabdin Tağıyev küçəsi ev 56/5-də ailəsi ilə bir yerdə yaşayır və Abşeron rayonu, Xırdalan şəhərində “Oliqarx” adlı çay evini işlədir. Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 üzdən tanıyır, həmin şəxslər onun işlətdiyi cay evinə müştəri kimi gəlib getmişlər. xx xxxxxx 2020-ci il tarixdə o, idarə etdiyi avtomobillə Bakı şəhərinə getmişdir. Həmin günü təxminən saat 21:00 radələrində o, Bakı şəhərindən qayıdaraq işlətdiyi “Oliqarx” çay evinə gəlmişdir. O, çay evinə gəldikdə orada olan tanımadığı şəxslərdən eşitmişdir ki, Nurlan və Zaman mübahisə edərək çıxıb getmişlər. Bir müddət keçdikdən sonra ərazinin polis sahə rəisi onun işlətdiyi çay evinə gələrək Zamanı axtardığını və onu görüb-görmədiyini soruşmuşdur. O da Zamanı bu yaxınlarda görmədiyini bildirmişdir. Daha sonra Sərxandan Zamanı niyə axtardığını soruşduqda, Sərxan da Zamanın Nurlan adlı şəxslə çay evində mübahisə etdikdən sonra çölə çıxaraq Nurlanı baçaqladığını və qaçdığını demişdir. Bundan sonra o, bir daha Zamanı görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 02-ci cildinin, 39-41-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizasının xx xxxx 2020-ci il tairxli, 545 saylı rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər –döş qəfəsinin sol yarısının ön səthinin trakoabdominal (döş və qarın boşluğuna nüfuz edən), diafraqmanı və qara ciyəri zədələyən, daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan-arxa səthinin daxilə nüfuz etməyən bir ədəd və sol bazu nahiyyəsinin orta 1/3-nin bir ədəd deşilmişkəsilmiş yaraları, iti deşici-kəsici əşyanın (əşyaların) və ya alətin (alətlərin) təsirindən törənmişdir, törənmə müddətləri qərarda qeyd olunan vaxta, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə-döş qəfəsinin sol yarısının ön səthinin trakoabdominal (döş və qarın boşluğuna nüfuz edən), diafraqmanı və qara ciyəri zədələyən, daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası- dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Döş qəfəsinin sol yan-arxa səthinin daxilə nüfuz etməyən bir ədəd və sol bazu nahiyyəsinin orta 1/3-nin bir ədəd deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə həm ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbən olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 02-ci cildinin, 47-50-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizasının xx xxxxx 2020-ci il tairxli, 15Ə saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər –döş qəfəsinin sol yarısının arxa qoltuq xətti üzrə 10-cu qabırğa səviyyəsində döş boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmatoraks(döş boşluğuna qanın və havanın toplanması)törədən 1(bir) ədəd, döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə 6-cı qabırğa səviyyəsində yerləşən 1(bir) ədəd və onurğa sütununun bel şöbəsində yerləşən 1(bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, iti deşici-kəsici əşyanın(əşyaların) və ya alətin (alətlərin)təsirindən törənmişdir, törənmə müddətləri qərarda qeyd olunan vaxta, yəni xx xxxxxx 2019-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə-döş qəfəsinin sol yarısının arxa qoltuq xətti üzrə 10-cu qabırğa səviyyəsində döş boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmatoraks(döş boşluğuna qanın və havanın toplanması)törədən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Döş qəfəsinin sağyan səthində orta qoltuq xətti üzrə 6-cı qabırğa səviyyəsində yerləşən bir ədəd və onurğa sütununun bel şöbəsində yerləşən bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə həm ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbən olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 02-ci cildinin, 43-46-cı vərəqlərində olan məhkəmə tibbi ekspertizasının xx xxxxx 2020-ci il tairxli, 253/20 MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu AB0 sistemi üzrə 0/İ/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus retuz və şalvarın üzərində olan ləkələrdə qan aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız H antingenti alındı. Bu qan ləkələri 0(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Cinayət işinin 02-ci cildinin, 51-53-cü vərəqlərində olan məhkəmə tibbi ekspertizasının xx xxxxx 2020-ci il tairxli, 151/20 MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus şalvarın arxa sol yuxarı səthində bir ədəd və alt şalvarın arxa sol yuxarı səthində bir ədəd (cəmi bir ədəd) dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmişkəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli kəsici-deşici alətin təsirindən törədilmişdir. Təqdim edilmiş şalvar və alt şalvar üzərindəki zədə bir alətin təsirindən yaranmışdır. Cinayət işinin 01-ci cildinin, 212-215-ci vərəqlərində olan məhkəmə-psixoloji və məhkəməpsixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 227 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqli hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intelektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamətə yönəlməsi).Ümumilikdə ünsiyyətçi olmaqla adaptivdir, emosional reaksiyalara meyillidir. Özünə qarşı hörmət tələb etmək, çılğınlıq, həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətlərinin xarakter və mənasını anlaya bilərdi. Onda başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Beləliklə, məhkəmə istintaqında yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, xx xxxx 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə təqsirləndirilən şəxs yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cinayəti törədərkən və hal-hazırda da yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs2 ilə barışıq əldə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Beləliklə, məhkəmə yetkinklik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, yetkinklik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, cinayət işinin ibtidai istintaqı zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, yetkinklik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Abşeron rayon Polis İdarəsində saxlanılan Bakı şəhəri, X5 götürülmüş Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları olan bir ədəd boz rəngli cins şalvar və bir ədəd boz rəngli retuz məhv edilməlidir İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Abşeron rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil X6 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Abşeron rayon Vəkil Bürosuna dövlət büdcəsi hesabından hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli tərbiyə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Abşeron rayon Polis İdarəsində saxlanılan Bakı şəhəri, X5 götürülmüş Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları olan bir ədəd boz rəngli cins şalvar və bir ədəd boz rəngli retuz məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından X4 vəkil işlədiyi Abşeron rayon Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev
2. Əhməd Quliyev
3. İradə Həsənzadə