Məhkəmə qərarları › İş №1(101)-769/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-769/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-769/2025 15.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs, tərcüməçi X2 iştirakları ilə, xx xxxx 1991-ci ildə Kəlbəcər rayonunun Sınıq Kilsə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Sınıq Kilsə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında kirayə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Türkiyə Respublikasından ölkəyə süni saç gətirib satacağına, satışdan yaxşı qazanc əldə edərək ona da xeyir verəcəyinə dair yalandan vəd verib inandırmaqla aldadaraq 2021-ci ilin iyul ayının ortalarından Bakı şəhəri, Nərimanov rayonu ərazisində hissə-hissə olmaqla sonuncu dəfə isə 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1950 nömrəli binanın qarşısında 10.000 manat pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə külli miqdarda 362.000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda cəmi 362.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2019-cu ildən “HBC” X10 Türk vətəndaşından təhvil almış, işləri yaxşı getməklə yanaşı məşhur şəxslər onun müştəriləri olmuşdur. Pandemiya dövründə işləməyə icazə verilmədiyindən qazancı azalmış, borc yükü çoxalmışdır. O qazancının azalmasından narahat olub yanına gedib gələn müştərisi Zərərçəkmiş şəxs zəng etmiş ondan faiz ödənilməklə pul istəmişdir. Anar onun təklifi ilə razılaşmış qeyd olunan şərtlər daxilində onun bank kartına 500 (beş yüz) manat məbləğində pul yollamışdır. O bu pulu gördüyü işlə əlaqədar dövriyyəyə buraxmış, protez saç satışına görə müştəridən 1100 (bir min yüz) manat məbləğində pul almış, həmin pulunun 800 (səkkiz yüz) manatını Anarın bank kartına göndərmişdir. Bu hadisədən bir neçə gün sonra onun təklifi əsasında Anarla yenidən görüşmüş, sonuncu ona gördüyü işlə bağlı suallar verib qazancı ilə maraqlanmışdır. O, Anara gördüyü işin olduqca gəlirli olduğunu bildirib hal-hazırda ona 15000 (on beş min) manat məbləğində pul verdiyi təqdirdə 5000 (beş min) manat məbləğində qazanc verə biləcəyini, onunla da bu məqsədlə görüşdüyünü bildirmişdir. Anar onunla razılaşmış ona qeyd olunan məbləği vermiş, o da öz növbəsində həmin pulu 5000 (beş min) manat məbləğində qazancla geri qaytarmışdır. Bu minvalla Anarla arasında borc-iş döngüsü yaranmış və sonda onun Anara 50 min manata yaxın borcu qalmışdır. Anarla etdiyi haqq-hesabları dəftərində qeyd etmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, Anarla onun arasında qalan məbləğ 50 min manata yaxındır, bu məbləğin 362230 (üç yüz altmış iki min iki yüz otuz) manat məbləğində olması mümkün deyildir. Eyni zamanda bildirmişdir ki, ikinci dəfə Anardan 5000 (beş min) manat almaqla 2750 (iki min yeddi yüz əlli) manat qaytarmağı səbəbindən müştəri sifarişini tamamlaya bilməmiş, elə buna görə də başqa bir şəxsdən 7250 (yeddi min iki yüz əlli) manat məbləğində pul alıb Anarın borcunu bağlamışdır. Yəni gəliri olmayaolmaya Anara artıq pul vermişdir. Lakin bunun nəticəsində bu dəfə artıq başqa bir şəxsə borclanmış, lakin, müştəri sifarişinlərini tamamlaya bilmədiyini Anara söyləməmişdir. Vurğulamışdır ki, Anardan aldığı pulları deyilən vaxtlarda qaytarmadıqda o da başqalarına borclanmış və borclar üst-üstə yığılmışdır. Pulları Anardan alıb başqalarına, digər şəxslərdən alıb Anara qaytarmaq məcburiyyətində qalmış, sifarişləri tamamlaya bilməməyi səbəbindən pul da qazana bilməyib Anara 50 min manata yaxın, təxminən 48000 (qırx səkkiz min) manat məbləğində borcu yaranmışdır. Məcburiyyət qarşısında qaldığı üçün Anarı aldadaraq ondan pul almış, başqa şəxslərə də borcu olduğu üçün evini satmaq məcburiyyətində qalmışdır. Borcunun daha da çox olmaması üçün Türkiyəyə qaçıb getmişdir. Yaranmış borca görə Anarı aldatmaq qərarına gəlmiş Fəriddən Anara malların onda olduğunu bildirməsini xahiş etmişdir. Borcların sayı çoxalmasın deyə türk dostu Okandan da Anarla əlaqə saxlamasını və pulların yolda olduğunu bildirməsini xahiş etmişdir. Okan da onunla razılaşaraq saxta bank məktubu hazırlayıb Whatsapp tətbiqi vasitəsilə Anara göndərmişdir. Dekabr ayına qədər verilən pulların məbləğini dəftərində qeyd etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2019-cu ildən «HDC» X10 Türk vətəndaşından almış, Zərərçəkmiş şəxs da müştərisi olmuş, birinci dəfə Anara zəng edərək ondan 2 saatlıq 500 manat borca pul istəmiş, qaytaranda 300 manat xeyir verəcəyini demişdir. Anar da ona 500 manat pul vermiş, 2 saatdan sonra Anara 800 manat pul qatyarmışdır.Ondan sonra isə müxtəlif vaxtlarda Anardan müxtəlif miqdarda borca pul alıb işləməyə başlamış, yəni Anardan borca pul almış xeyri ilə qaytarmışdır. Dəqiq tarixləri xatırlamasa da, Anardan nə qədər pul almağını və ona nə qədər pul qaytarmağını qeyd etmişdir. Belə ki, ondan yuxarıda qeyd etdiyi məbləğdən başqa 3.000 manat alıb, xeyirlə birlikdə 5.400 manat, 20.000 manat alıb, xeyirlə 30.000 manat, 9.000 manat alıb xeyirlə 13.200 manat, 7.000 manat alıb, 10.750 manat, 4.600 manat alıb, 5.500 manat qaytarmışam, 7.000 ABŞ dolları alıb, 16.250 manat, 10.000 ABŞ dolları alıb, 24.000 manat, 11.000 manat alıb qaytara bilməmiş, 9.000 dollar alıb qaytara bilməmiş, 23.000 manat alıb, 29.200 manat, 4.200 ABŞ dolları alıb, 9.230 manat, 80.000 manat alıb, 20.000 manat xeyrini qaytarmış, 80.000 manat ana pul qalıb, 20.000 ABŞ dolları alıb qaytara bilməmiş, 5.500 manat alıb, 7.900 manat qaytarmış, 1.000 manat alıb 1.200 manat qaytarmış, 24.000 manat alıb 32.500 manat qaytarmış, 11.000 manat alıb, 15.500 manat qaytarmış, 1.500 manat alıb, 2.000 manat qaytarmış, 45.000 manat alıb, 17.100 manat xeyri üstünə gələrək 62.100 manatı qaytara bilməmiş, 8.000 manat alıb, 10.000 manat qaytarmış, 20.000 manat alıb, 30.000 manat qaytarmış, 5.500 manat alıb, 7.700 manat qaytarmış, 7.000 manat alıb, xeyri ilə 10.000 manatı qaytara bilməmiş, 45.000 manat alıb, 46.700 manat qaytarmış, 3.000 manat alıb, 4.000 manat qatyarmış, 20.000 manat alıb, 30.000 manat qaytarmış, 5.000 ABŞ dolları alıb, 1.750 manat qaytarmış, 10.000 manat alıb, 15.500 manat qaytarmış, 10.000 manat alıb, 5.500 qacancı qatyarıb, 10.000 manat ana pulu qaytara bilməmiş, 12.000 manat alıb, 15.700 manat qaytarmış, 16.500 manat alıb, 23.500 manat qatyarmış, 3.800 ABŞ dolları alıb, 1.700 manat qazancı vermiş, 3.800 ABŞ dolları ana pulu qaytara bilməmiş, 30.000 manat alıb, 41.000 manatqaytarmış 13.280 ABŞ dolları alıb, qaytara bilməmtş, 6.400 manat alıb, 2.400 manat qazancı vermiş, 6.400 manat ana pul qalıb, 10.000 ABŞ dolları alıb, 22.000 manat qaytarmış, 4.000 manat alıb, 5.500 manat qaytarmış, 5.700 manat alıb, 1.800 manat qatyarmış, 34.000 manat alıb, 45.500 manat qaytarmış, 12.000 manat alıb, 16.000 manat qaytarmış, 6.000 ABŞ dolları alıb, qazanc ilə birlikdə 13.700 manatı qaytara bilməmiş, 7.000 manat alıb, 9.500 manat qatyarmışdır. O, həmçinin götərmişdir ki, Anarın ondan əl çəkmədiyni görüb, vaxtı uzatmaq məqsədilə Türkiyədə yaşayan dostu Okandan xahiş etmişdir ki, 22.472 ABŞ dollarının göndərilməsinə dair «Qarantiya Bank»ın saxta dekontunu hazırlayıb göndərsin. O da, həmin saxta dekontu hazırlayıb ona göndərmiş, o da dekontu Anara göndərmişdir. Onun Fəridlə iş birliyi olmamış, Fərid «DEMO Saç» Protez Mərkəzinin sahibi olmuş, Anarın pullarını qaytara bilmədiyini görüb onu aldatmaq üçün Fəriddən xahiş etmişdir ki, Anara desin ki, onun verdiyi pulları Okana göndərib. Əslində isə Fəridin onun işləri ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, qısa müddət ərzində Təqsirləndirilən şəxs müştərisi olmuş, belə ki, onun müştəri bazasını gördükdən sonra Ağanın ona təklifini dəyərləndirmək istəmiş, bu səbəbdən Ağanın təklifi ilə 2021-ci ildə Təqsirləndirilən şəxsla birgə Türkiyədən gələn süni saçların satışı ilə məşğul olmağa başlamış, Ağaya 2021-ci ilin yay ayında 15000 (on beş min) manat məbləğində pul vermiş, Ağa, həmin pulu 5000 (beş min) manat məbləğində xeyirlə qaytarmışdır. Qeyd edir ki, bundan sonra 11 sentyabr 2021-ci il tarixdə ona 41200 (qırx bir min iki yüz) dollar məbləğində pulu və 14 sentyabr 2021-ci il tarixdə 20.000 (iyirmi min) dollar məbləğində pulu 4 aylıq dövriyyə ilə Ağaya vermiş, Ağa ilə aralarındakı razılaşmaya görə o, həmin pulları ilin sonu qaytararacağına dair söz vermişdir. Bundan başqa o, Ağaya, 17 sentyabr 2021-ci il tarixdə 58000 (əlli səkkiz min) manat məbləğində pul vermişdir. Ağaya pulunu qaytarması üçün zəng etdikdə Nərimanovdakı restoranlardan birinə dəvət edilmiş, ona dəftərində hər şeyi qeyd edib-etməməsini soruşduqda, Ağa təsdiq cavabı vermiş, bundan sonra Ağaya ona ayın 24-də 10000 (on min) manat məbləğində pul verməli olduğunu və nəyə görə verməməsini bildirmişdir. Ağa ona pul verməli olduğunu unutduğunu və həmin pulu ona verəcəyini bildirmiş, yarım saatdan sonra Ağa, 10000 (on min) manat məbləğində pulu ona vermişdir. Bundan başqa Ağa Gülnarə adlı xanımın adından ondan 35000 (otuz beş min) manat məbləğində pul almış və ayın 27-si həmin pulu da qaytarmışdır. Ağaya hissəhissə pullar vermiş, ona davamlı olaraq pul verməyinin səbəbi Ağaya qarşı inamının formalaşması olmuşdur. Ağa da sırf bu inamdan istifadə etmiş və bu inam formalaşandan sonra aralarında problemlər yaranmağa başlamışdır. Ağadan pulları kimə verdiyini soruşduqda Ağa malların Bakıdakı anbarda olduğunu, anbardarın isə Fərid Hacızadə adlı şəxs olduğunu bildirmişdir. O X6 ilə telefon əlaqəsi saxlamış, nəticədə onlar noyabrın 15-də Yasamal rayonu ərazisində yerləşən Musabəyov parkının yanında görüşmüşlər. Həmin vaxt Ağaya: “Sən mən pulu kimə vermişəm?” deyə soruşduqda Ağa cavabında pulu Fəridə verdiyini, Fərid də pulu Okan adlı türk vətəndaşına verdiyini bildirmişdir. Onun yanında Okana zəng vurmuşlar və onunla danışmışlar, Okan ona malı 26 noyabrda verəcəyini bildirmiş, o isə artıq mal deyil, pulunu istədiyini söyləmişdir, çünki anlamışdır ki, ortada mal yoxdur, onu aldadırlar. Noyabrın 26-da Okan Whatsapp tətbiqi vasitəsilə ona Türkiyə Respublikasında fəaliyyət göstərən “Qaranti bank”ın qəbzini yollamış və pulun onun hesabına göndərildiyini bildirmişdir. Amma o banka gedərək onun adına pul gəlmədiyini ona göndərilmiş bank sənədinin saxta olduğunu öyrənmişdir. Bundan sonra Ağaya zəng edərək onunla “Koroğlu” metro-stansiyasında görüşmüş, Ağa onu yenə aldadaraq pulun növbəti gün veriləcəyini bildirmişdir. Lakin için bu məqamında Ağa xaricə qaçmış, o isə məcbur qalıb hüquq mühafizə orqanına müraciət etmiş, istintaqa Okanın və Fəridin səs yazılarını təqdim etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Ağa 4 aylıq dövriyyədə 61200 (altmış bir min iki yüz) dollara 150000 (yüz əlli min) manat əlavə qazanc vəd etmiş, həmin qazancın 75000 (yetmiş beş min) manat məbləğində olan hissəsini o, qalanını isə Ağanın götürməli imiş. Amma sonradan anlamışdır ki, Ağa belə təklifi sırf onu aldatmaq, bu yolla külli miqdarda əmlakını ələ keçirmək məqsədilə yalandan söyləmişdir. Bildirir ki, Ağa bu məbləğin hələ minimum gəlir olduğunu söyləmişdir. Ağa ancaq söz olaraq ona gəlir əldə edəcəyini vəd etmiş, X12 tamamilə yalandan Türkiyədəki firmasının Azərbaycandakı rəsmi dilleri olan şirkətin anbardarı kimi ona təqdim etmiş, halbuki, Fərid Ağanın işçisi olmamışdır. Okan saxta qəbzi ona Türkiyə nömrəsi ilə göndərmiş, dostları ona Ağanın qaçacağını bildirmiş, lakin o Ağaya inanmamış və sonda Ağa 27 noyabr 2021-ci il tarixdə ölkədən qaçıb getmişdir. Ağa ona zəng edərək Türkiyədən layihə götürdüyünü və ona hər ay 10000 (on min) dollar məbləğində pul göndərəcəyini bildirmişdir. Fərid Ağanın ondan 2500 (iki min beş yüz) manat pul aldığını bildirmiş, Ağa pulları qaytarmamasına səbəb kimi şəxsi borclarının olduğunu göstərmişdir. Belə ki, vurğulayır ki, Ağa ondan yalan vədlə pul alıb başqa şəxslərə olan borcunu bağlamış, başqa şəxslərdən də yalan vədlərlə pul alıb ona vermişdir. Bu yalanlar sayəsində yaranmış pul sirkulyasiyası sonda onun 362230 manat məbləğində pulunun talan edilməsi ilə nəticələnmişdir. Bir daha bəyan edir ki, o Ağaya ümumilikdə 362230 (üç yüz altmış iki min iki yüz otuz) manat məbləğində pul vermişdir. O, geniş miqyaslı mebel işi ilə məşğul olmuş, 2007-ci ildən 2021-ci ilə qədər pərakəndə formada ticarətlə məşğul olmuş və vergi ödəyicisi olmuşdur. Ağa ona iş təklif edən zamanlar özü restoran biznesi ilə məşğul olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə iş görmüşdür. O, süni saç satışı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs 2019-cu ilin sonunda tanımışdır. 2021-ci ilədək Ağa ondan məhsul alaraq satmış, sadəcə sonradan hissə-hissə borcu yığılmışdır, lakin, onun həmin borclarla bağlı şikayəti olmamışdır. Təqsirləndirilən şəxsla arasında olan ticarət münasibətlərində Ağanın tədricən 18-20 min manat civarında borcu yaranmışdır. Süni saç satışı sahəsi ölkədə yeni olduğu üçün Təqsirləndirilən şəxs malı satdıqdan sonra pulu ödəməsinə icazə vermişdir. Təqsirləndirilən şəxs xarici ölkədən mal sifariş etməsinə şahidlik etməmiş, Ağa ilk dönəmlərdə yaxşı işləmiş, sonradan üstünə borclar yığmağa başlamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Mamedov Şahidə Vaqif qızı ifadəsində göstərmişdir ki, oğlu Ağanın iş yerində olarkən onun borcları qeyd etdiyi dəftərini görmüş, bundan başqa Ağa Anar adlı şəxslə işlə bağlı pul alış-verişi etdiyini və borcları yarandığını bildirmiş, o da oğlunun borclarını qaytarması üçün qohumlarından borc götürmüşdür. Qeyd edir ki, Ağa 50000 əlli min manat məbləğində borcu olduğunu bildirmiş, o da 40000 (qırx min) manat məbləğində pulu həmkəndlisi Qərənfildən almış, 7000 (yeddi min) manat məbləğində pulu isə başqa bir qohumundan borc almışdır. Həmçinin, borcları qaytarmaq üçün evini satmış, Anarla əlaqə saxlaya bilmədiyi üçün 23000 (iyirmi üç min) manat pulu Tahirə adlı şəxsə vermişdir. Tahir həmin puldan 15000 (on beş min) manat məbləğində pulu Anara verəcəyini, qalanını Ağanın ona olan borcundan siləcəyini və Ağa barəsində yazdığı şikayət ərizəsini geri götürüləcəyini bildirmişdir. Ağanın Türkiyəyə getmə səbəbi orada işləyərək pul qazanmaq və borclarını qaytarmaq olmuş, Ağa Türkiyəyə gedəndən sonra Anar ona zəng edərək oğlunun 300000 (üç yüz min) manat məbləğində borcu olduğunu bildirmişdir. Lakin Ağa həmin pulların şişirdilmiş rəqəmlə ifadə olunduğunu bildirmişdir. Tahir Ağa ilə Anarın ortaq dostu olmuşdur. Ağa borcları sentyabr-oktyabr aylarında götürmüşdür. Evini isə mart ayından sonra satmışdır. Qərənfildən 40000 (qırx min) manat məbləğində pulu alan zaman Ağanın Anara borcları yaranmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ildə Günay xanımın vasitəsilə Ağanı tanımış, o, Ağanın saç işi ilə məşğul olduğunu bildirmiş, o ilk dəfə Ağaya pul verdikdən sonra həmin pulu qaytarmışdır. İkinci dəfə 56000 (əlli altı min) manat məbləğində pul vermiş, o isə həmin pulu qaytara bilməyib 140000 (yüz qırx min) manat pul alaraq 190000 (yüz doxsan min) manat məbləğində pul qaytaracağını bildirmişdir. Dostu Elnur və Tural adlı şəxslə birgə Ağanın yanına gedərək pullarının harada olduğunu soruşduqda, o, pulları Fərid adlı şəxsə verdiyini bildirmiş, Fəridi tanımadığı üçün Ağa ilə birgə avtomobillə Yasamal rayonu ərazisinə gedib orada Fəridlə tanış olmuşdur. Bir neçə gün keçdikdən sonra axşam saatlarında Ağa ona zəng edərək 30000 otuz min manat məbləğində pul verməyini, müştərisi olduğunu və 5000 (beş min) manat məbləğində qazanclarının olacağını demişdir. Bununla əlaqədar o, Ağa ilə 28 May metro-stansiyası ərazisində görüşüb deyilən məbləği vermiş, həmin vaxt görüşə müştəri də gəlmişdir. O zərərçəkmiş Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Anar Ağadan şikayət etdikdən sonra onunla tanış olmuş və Ağanın Anardan da külli miqdarda pul aldığını öyrənmişdir. Ağa hazırda ona 30000 (otuz min) manat məbləğində borcu olduğunu, həmin puldan 23000 (iyirmi üç min) manat pulun qaytarıldığını, 7000 (yeddi min) manat məbləğində pulun isə bu günədək ödənilmədiyini bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, hazırda Fərid Hacızadənin ona 110000 (yüz on min) manat məbləğində verəcək pulu vardır. O, Anarı Ağa tutulan gününün axşamı tanımışdır. Həmçinin bildirir ki, Ağanın deməsinə görə sonuncu xaricdən saç gətizdirərək satacaq və ona da əlavə qazanc verəcəkdi. O, pulları Ağaya hissə-hissə vermiş, Fəridi Ağanın vasitəsilə tanımış, Ağa da alınan pulları Fəridə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:43 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 mərkəzi zəng sisteminə Zərərçəkmiş şəxs adlı şəxs Təqsirləndirilən şəxs onunla iş quracağı adı ilə ümumilikdə 341.590 manat pulunu alaraq onu aldatması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yerinə ünvan 2 ünvanda yerləşən Nərimanov istirahət parkının qarşısında baxış keçirilmişdir. Qeyd olunan yer parkın Təbriz küçəsi tərəfdən orta girişinə yaxın yerdə yolun kənarıdır. Parkın kənarında enli səkidə səyyar kofe satışı məntəqəsinin yanında ağaclar və yolun kənarında park edilən avtomobillər vardır. Orada həmçinin kofe satışını reklam etmək üçün yerə qoyulmuş reklam tablosu vardır. Avtomobilə park olunan yerdə səkinin arasında yerə dəmir tumbalar bərkidilmişdir. Həmin yerlə üzbəüz “Baku Electronics” adlı mağaza yerləşir. Vətəndaş Zərərçəkmiş şəxs birgə protez saç ticarəti etmək üçün sərmayə qoymaq adı ilə Ağa adlı şəxsə sonuncu dəfə həmin yerdə pul verdiyini, sonradan Ağanın onu aldadaraq pullarını ələ keçirdiyini bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin DVD diskin içərisində 12 ədəd səs yazısı vardır. Baxış zamanı müəyyən edildi ki, Xbildirir ki, Anar mən danışdım indi çıxıram burdan, pull məsələsi həll oldu prosta deyir sabah saat 11-12-də deyir o qədər pulu evdə saxlamıram, deyir bankdan gedib çəkib verərəm, hardasa 14-15 min pul götürəcik sabah. Okan adlı şəxs bildirir ki, Allahın izni ilə narahat olmayın 1-2 güne ödemenizi göndeririz, sağolun. Daha sonra isə bildirir ki, Ağabeyim merhaba biliyorum haftanın 1 ve ya 2-ci günü size ödeme vermeliydik ama, vu ürünleri kıymetinden ucuza verdik Çin şirketinden götürdüyümüz için fiyatını uygun vermişiz. Ona görə biz de Çinden ödeme almalıyız size göndermeliyiz, narahat olmayın 1-2 güne ödemenizi göndeririz bir problem yaşamazsınız. X- Ağabəy salam bugün dəfələrlə əlaqə saxlamışıq ana firmaynan bizə deyildi ki, bu gün pul çatacaq orda Okan bəy varıydı saat 7-ni keçənnən sonra zəng edib soruşdu ki, bəs Okan bəy bugünə söz vermişdilər pul çatmalıdı, Okan bəy dedi ki, özüm məşğul olacam, narahat olmayın pulunuz çatacaq sizin. X- qardaş Allahın izniylə 11-də sənə zəng vuracam, bu protez yeri var oradan biz mal ayırmışıq, sənə saxlamışam səbrli ol görək 11-də mənə nə deyir. X- mayasınnan 49.500 manat qalır satışdan da minimum 91.000 xeyir tutdum, onu qərarlaşdır mənə xəbər eliyərsən. dən şirkətdən Azərbaycannan bizik, İrandan da var, İsraildən də var. Ən çox bizdən mal alırlar. X- qaqa bizim malımız özümüzdədi, bu əldə olan optavoydu götürməydi. Onları mən bazara çıxarmadım. Bunda 49.504 sadəcə bunun optavoyunnan tuturuq. Bunu götürüb 240 $-dan o biri yerlərdə verə bilərik 1 ay içində və ya müştərilərə də sata bilərik. Müştəriyə satanda 49.500 belə xeyrimiz var həm də 11.000 belə xeyrimiz var minimum. O da hardasa 140.000 manat xeyir tuturuq. Bu da sənin sayəndə oldu çox sağol, mən belə pis çıxmasın sən nə deyirsənsə məndə təsdiqləyib, arxanca iş görən deyiləm, sadəcə belə bir fürsətimiz var alındıra bilsən partdayış, yenə də sən nə desən odu əzizim. Okan bildirir ki, kart geldi, şimdi talimat veriyorum bundan sonra hemen ödemeyi çıkartıcaklar kartınıza keçen gibi ben size haber vericem narahat olmayın. Yenə Okan bildirir ki, Anar bey ben acele ediyorum sizin işiniz hemen görülsün diye, bankalar 1 saate açılıyor çocuğu gönderiyorum ödemeyi yapsın, şeklini de göndericem size merak etmeyin bugün çözecez işinizi inşAllah sağolun. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi qara rəngli birinci vəqəsinə Summary Calendar sözləri yazılmış qeydiyyat dəftərinə baxış keçirmiş, həmin dəftər uzun müddət işlənilməsi 2019-cu ilin təqviminə uyğun gəlməsi içərisində müxtəlif yazılar qeyd olunması, müxtəlif şəxslərin telefon nömrələri qeyd edilməklə, müxtəlif şəxslərə verilən və həmin şəxslərdən alınan pulların qeydiyyatı müşahidə edilir. Həmin dəftərdə xx.xx.2021 tarixdə qeyd edilmiş 7000+3750-10.750m, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 rəqəmləri qeyd edilməklə həmin rəqəmlərin qarşısında müxtəlif məbləğdə pullar qeyd edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs, tarixin qarşısında olan rəqəmlərin Zərərçəkmiş şəxs və Tahir adlı şəxsdən aldığı, işarəsindən sonra həmin şəxslərə verdiyi işarəsindən sonra isə tam verdiyi məbləğ əks olunmuşdur. Həmin dəftərdə, digər vərəqlərdə də eyni şəxslərin adları qeyd edilməklə həmin şəxslərdən götürülən, verilən və ümumilikdə verilən məbləğlər qeyd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 aprel 2024-cü il tarixdən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-513/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmaqla 17 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(103)-412/2024 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-513/2024 nömrəli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə və götürmə protokolları, 02 ədəd DVD disklərə baxış protokolu sübut növü kimi qiymətləndirilmiş və 02 ədəd DVD disk sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı “borc münasibətləri” kimi adlandıraraq, özünü təqsirli bilməməsinə dair ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirməyərək, özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolu və digər sənədlərlə tam təkzib olunur. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərəkən, yaranmış borca görə Anarı aldatmaq qərarına gəlməsi, bu səbəbdən Fəriddən Anara malların onda olduğunu bildirməsini xahiş etməsi, borcların sayı çoxalmasın deyə türk dostu Okandan Anarla əlaqə saxlamasını və pulların yolda olduğunu bildirməsini xahiş etməsi, Okanın da onunla razılaşaraq saxta bank məktubu hazırlayıb Whatsapp tətbiqi vasitəsilə Anara göndərməsi barədə səsləndirdiyi fikirlər, məhz Təqsirləndirilən şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və həqiqi məlumatların gizlədilməsi, əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən hərəkətlərin törədilməsi faktını sübuta yetirir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu və 61.1-ci maddələrində göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməli ilə bağlı epizodu, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın ödənilməməsini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza yuxarı həddə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 09 gün müddət müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu gündən, yəni 15 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri qüvvədə olduğundan və ona hazırki hökmlə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir Eyni zamanda hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Onun cəzasının əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni 15 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut qismində çıxış edən 2 (iki) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Zərərçəkmiş şəxs cinayət mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia irəli sürmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah olunmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Müdafiəçi1 göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 09 gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə cəzadan çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə X5 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia qaldırmaq hüququ izah olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar